İSMAYIL KAZIMOV, (AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor) - BƏDİİLİK VƏ DİL LƏTAFƏTİ
(Azad Qaradərəlinin əsərlərinin 11-ci cildinə ön söz)
Çağdaş Azərbaycan nəsr dili və üslubunun inkişaf tarixində Azad Qaradərəli mərhələsi, mən deyərdim ki, bütün parametrləri ilə xüsusi yer tutur. Ona görə ki, o həm istedadlı yazıçıdır, həm də xalq dilinə yaxından bələddir. Azad söz deməyin, yeni fikir yürütməyin yöndəmini də yaxşı bilir. Bədii həqiqəti də, demək olar ki, təcrübəsində yetərincə mənimsəyib. Çiynində ədəbi mühitin və çağdaş ədəbi-bədii dilimizin yükünü çəkə bilir, bu məsuliyyəti dərindən duyur. Onun əsərlərində dil təkcə öz məntiqi təzahür vasitəsilə deyil, eyni zamanda öz biçimi, zahiri təsiri, ahəngdarlığı və musiqisilə də fikrin ifadəsinə, necə deyərlər, dayaq olmuşdur. Bəri başdan deyim ki, Azadın əsərlərində məzmun-ideya mədəniyyətilə bərabər, dil mədəniyyəti yüksək səviyyədədir. Bu yüksəklik, ucalıq xalq dilinə təmasla, ədəbi dilimizin normalarına hörmətlə və qüvvətli emosional-obrazlı düşüncə faktları ilə çulğalaşır; həmin keyfiyyətlər onun bədii dilini həm məzmunca kəsərli, həm ədəbilik əndazəsi, həm də bədiilik lətafəti ilə mühüm bir örnəyə çevirir.
Azad artıq bədii əsərlərinin on birinci cildini çapa təqdim edib. Sözügedən cild yazıçının roman və silsilə hekayələrindən ibarətdir. Müəllif bu cilddəki roman-dastana “Ucubuluq” adını vermişdir. Folklor mühitində, nağılçılar içində böyüyən Azad, hələ uşaqlıq illərində babasından “Ucubuluq” əfsanəsini eşitmişdi. Bundan savayı, xalqın yaratdığı digər məhsulları da sevə-sevə öyrənmiş, dərindən mənimsəmişdi. Pedaqoji institutda oxuyarkən isə müəllim-professorlardan Dədəm Qorqud boylarını, onların məzmununu, ideyasını, mifoloji tərəflərini, qədim dilimizi, mədəniyyətimizi, adət-ənənəmizi əxz etmişdi. Bizim qənaətimizə görə, bu əsərin ikinci dəfə nəşri ilə sanki “Kitabi-Dədə Qorqud”un 13-cü boyu da elm aləminə bəlli oldu. Bu, müəllifin “Ucubulağ”unda həmin boylardan biri kimi xarakterizə edilir. 13-cü boy fikrini rəmzi mənada işlətməklə deməliyik ki, bu roman daha bir xeyli romanların müəllifi olan görkəmli yazar Azad Qaradərəlinin orijinal düşüncəsinin məhsuludur.
Azadın “Ucubuluq” romanını bir yazımda “Fikrin, düşüncənin palitrası” adlandırmışam. Azad burada bizim möhtəşəm Dədə Qorqudumuzu, əslində dekonstruksiya etmişdir.
Yaradıcılıq anlayışı böyük bir yaradıcılıq xəttidir. Həmin xətt yazıçı dili və üslubunda daha aydın görünür, onun özünəməxsusluğu üzə çıxır.
…Azad hələ tələbə vaxtı hekalərini qələmə alarkən ədəbi dil standartlarından kənara çıxaraq babasından, nənəsindən, kəndlərində dinlədiyi hikmət sahiblərindən eşitdiyi nağıl, dastan dilində yazmağa başlamış, həmin ənənəni indi də davam etdirməkdədir: “Seçilmişlər tanrı yanında da üzü ağdılar. Onları tanrı da seçdi. Əlini çəkdi üstlərinə. Pak ailələrə atıdı. Halal süd əmdilər, halal çörək yedilər. Təhsil gördülər. Tərbiyə aldılar. Onların amalı Vətən və xalq, özgürlük, bir də haqq-ədalət oldu. Kimsənin göz yaşına səbəb olan iş tutmadılar. Kiməsə əzab vermədilər... Onlar müqəddəs yolun yolçularıdır. Belələrindən biri də Əbülfəz Elçibəy idi.” “Kod” başlıqlı yaz belə başlanır. Bütöv adı “Demokratiya ağrıları” adlanan bu əsər Rəsulzadə və Elçibəyə həsr olunmuş hekayələr kitabındandır. Bu mövzuda yazmaq dəbdə olmasa da, Azad cəsarətlə yasaq mövzularda qələm işlətməyi sevir. Elçibəyə xalqın rəğbətini yazıçı dənizdəki qabarma, çəkilmə hadisəsi ilə müqayisə edir. Bu istək bəy haqqında silsilə hekayələr yazmağı ilə tamamlanır. “Onu tanrı seçmişdi. Sonra xalq seçdi - axıracan arxasında durmayan, sağ gözü kimi istədiyi xalqı...”
Bunları ona görə göstərdim ki, Azadın şəxsiyyəti təqdimetmə ustalığı mənə koloritli görünür, yatımlı görünür. Azad bədii əsərlərinin siyasi arenasında da artıq söz işlətmir. Təbii nitq aktı xarakterikdir Azadın dilindən ötrü.
Azadın əsas xidmətlərindən biri Rəsulzadənin və Elçibəyin bədii obrazlarını yaratmasıdır. Vanda xanımın (Leyla xanımın) Rəsulzadə haqqında fikirirlərindən:”Onu ilk görəndə bu qənaətə gəldim: Günəş bu adama çox toxunmuş, çox etkiləmiş. Hamımızı etkiləyir, amma bunu daha çox. Elə bil parıldayan sifətində Günəşin nurundan nəsə qalıb. Zala girəndə hamı dönüb ona baxdı. Hətta tərs tərəfə baxanlar da döndülər! (Geniş alnı, arxaya daranmış qara, gur saçları, enli sifəti, bu sifətə yaraşan bığları və qalın qaşların altından daim gülümsəyən iri gözləri... Mən belə simada adamla ilk kəz qarşılaşırdım.)
Elçibəy haqqındakı hekayələrdə də belədir. Bəy, fərqli fikirlərilə yadda qalır: “Mənə 100 adam verin. Yüz təmiz adam... Ölkəni idarə edərəm o yüz adamla...Tapılmadı o yüz adam...Hamısı julik, maşennik çıxdı... Mən də ki, hamıya inanan, fağırın biri...”
Bu hekayədə vurğulanan “qada” demokrayiyanı boğdu – “Göydən gələn qada”.
Bəy köhnə, nimdaş pencəkdə xarici jurnalistin suallarına ana dilində cavab verir. Belə maraqlı detallar bəyi daha yaxından tanıtmaq üçün münasib formalardır. Yazıçı bəy haqqındakı yazılarında aforizm səviyyəsində fikirlər işlətmişdir: “İnsanı mağaradan müəllim və məktəb çıxartdı.”
Azad əqidəli yazıçıdır. Həyatda olduğu kimi, bədi dünyagörüşündə də əqidə onun ən kəskin silahıdır. Təsadüfi deyil ki, bu hissi bir çox qəhrəmanlarına da aşılya bilmişdir.
… Yazıçının əsərlərində fonetik-üslubi xüsusiyyətlər üçün bol mənbə mövcuddur. O istifadə etdiyi dil vahidlərinin səs tərkibinə heç vaxt biganə, laqeyd olmamışdır. Belə bir qayda var ki, obrazlı sözlə verilən informasiya sözlərin yalnız leksik mənalarının qarşılıqlı əlaqələri əsasında meydana çıxmır, bu informasiyanın yaranmasında həm fonetik xüsusiyyətlər, həm ritm-melodiya, həm də sözlərin daxili formaları iştirak edir.
Azadın nəsrinin yüksək dərəcədə bədiilik lətafətini təmin edən cəhətlərdən biri də məhz fonetikadır.
Misallara müraciət edək:
“Bu vaxt dağın başından göy gurultusuna oxşar bir səs eşidilir: - Uaaaaa! Uaaaa! Uaaaaa!”
Səs uzanır: “-Nə var əəəə?” “-Axmaq çoban! Mən Ucubuluğammmmmm!...dərə boyda ağzını açıb bir ağız: “uuuuaaaa!” “Oyyyy! Ucubuluğ əlində əsir olan canım vayyyyy!”
Fonetik intensivliklə bərabər, sözlərin intensivliyi də Azadın dilini oxunaqlı edir: uzaqdan, lap uzaqdan zəif bir işıq süzülür... Elə bil, səslər oynayır, bir-birinin ardınca düzülür, ritm yaradır. Yəni sözün daxili effekti səslə, səsin tonu ilə tənzim olunur, səslənməsinə görə eyni söz ciddi və kinayəli, yumorlu və satirik yük kəsb edə bilir. Azad təzadlar vasitəsilə dilinin emosionallaşmasına xüsusi fikir verir. Həmin xəttdə yazıçı dilinin semantik-üslubi keyfiyyətləri əsas yerlərdən birini tutur. Bədii ədəbiyyatın birinci elementi, bilavasitə predmti olan söz, dil işarələri sistemində xüsusi çəkiyə malikdir. Bədii fikrin təzahürü sözlərdən başlayır. Funksiya dairəsinin genişliyi, universal xarakteri ilə bir çox cəhətdən semasioloji qiymətə malik olan söz adlandırma, məlumatvermə, ümumiləşdirmə, danışan və dinləyənin münasibətini, duyğularını, emosiyasını ifadə etmək qüdrətinə malikdir. Bu keyfiyyətlər Azad Qaradərəli sözünün mənası və təsir gücü ilə ölçülür. Sözün mətnaltı mənaları ilə xarakterizə olunur.
Yazıçı hekayə və romanlarında sözün məntiqinə və fikrin ifadəsinə hər bir dil vahidinin ölçüyəgəlməz çəkisinə önəm verə bilmişdir. Onun obraz və personajlarının nitqində işlətdiyi sözlər və ifadələr qurduğu mətnləri üslubi şəraiti ilə birbaşa əlaqədə yaratmışdır. Bu vahidlər gerçək həyatla bilavasitə bağlıdır. Təsvir etdiyi sosial həyat, xalqın düşüncə və məişət tərzi söz vasitəsilə reallaşır. Söz vasitəsilə düşüncənin başlıca məna çalarları üzə çıxmış olur. Azad bədii sözü vasitəsilə təsvir etdiyi həyatı, insanları oxucuya əlvan boyalarla çatdırır. O, sözün, ifadənin mənasının sosial tərəfinin dərk edilməsini ümumiləşdirir və birləşdirir. Bu qabiliyyət onda diqqəti daha çox cəlbedəndir. Azadın özü də, obrazları da canlı danışıq prosesində sözü bir növ oynadırlar, onun potensial (gizli) mənalarından maksimum yararlanmağa çalışırlar. Xüsusi semantik yük daşıyan sözlər bu zaman köməyə gəlir. Söz qəhrəmanın düşüncə tərzinə uyğun mənalana bilir. Məsələn, Azadın “Kuma-Manıç çökəkliyi” romanında hər sözün, ifadənin, söyləmin daşıdığı məna fikir verin: “O, dəniz səviyyəsindən iki min üç yüz metr yüksəklikdə doğulmuşdu. Balaca, qıpıq gözləri, ət kötüyü üstə döyülüb qızardılmış dana basdırmasına bənzəyən xırda, şişkin güləşçi qulağına oxşar qulaqları onu bu elatın ən tez gözəçarpan oğlanı eləmişdi. Bu balaca gözlərə, basdırma qulaqlara uyuşmayan enli çiyinləri, elə bu enli çiyinlərə uyuşmayan gödərək, amma yorğun qol-biləyi, ayaqları onu ağırlıqqaldırana oxşadırdı. Səsi də səsdən çox gurultuydu elə bil. Nağıllarımız yadınızdadır? Birinci nərəmi eşitsən, bil ki, divlə tutaşmışam, ikinci nərəmdə... Bu tutaşma, bu xırraş-boğuş bitmədi ki, bizimçün. Nə nağıl bitib, nə nərə çəkmək...”(Bax: Azad Qaradərəli. Əsərləri. “Kuma_Manıç çökəkliyi”. II cild, 2023, s.8)
“Burdakı sözləri kim necə başa düşür” məsələsi əsas deyil, başlıca cəhət məfhumu onun özünün necə dərk etməsi, müvafiq anlayışa onun hansı münasibəti bəsləməsidir.
Yazıçının əsərlərində dialekt sözlərə aid zəngin baza var desək, yanılmarıq. Azad Qaradərəlinin bədii əsərləri söz yaradıcılığı prosesinin inkişafında xüsusi rol oynayır. O, bədii həqiqətlə həyat arasındakı münasibəti sözdən istifadə tərzi, sözün məna silsiləsindəki düzümü dəyişdirmək bacarığı nəticəsində nizamlaya bilir. Xalq dilində sözün bütün mənaları bir qəlibə sıxışdırılır. Zəngilan şivələrini tədqiq edən Sefi Behbudovun təbrincə desək, bu bölgə Azərbaycan ədəbi dilinin lüğət tərkibinə zaman-zaman yeni-yeni sözlər vermiş və bu proses indi də davam edir. Davam edir deyəndə mən Azadın çoxcildli bədii əsərlərində işlənmiş dialktizmləri nəzərdə tuturam. Ona görə ki, bu lay güman ki, öyrnilməyib. Adi danışıqda müraciət kimi bir sıra surətlərin nitqində kütləviləşmiş “ə”, “əşi”, “ədə”, “əyə”, “aaz”, “ağız” və s. vokativlərdən müəyyən şəraitdə istifadə olunur.
Göründüyü kimi, dialekt sözlərinin işləndiyi əsas sahə bədii dildir. Yazıçı öz dili ilə danışmaqla yanaşı, bədii məhsulunda obraz və personajların nitqinə, diskurslara, mükalimələrə daha geniş yer ayırır. Təbiidir ki, bu halda dialekt sözlərinin işlənmə məqamları artıb çoxalır, genişlənir, həmin durumda dialektizmlərin istifadəsi daha çox mətləbə yatır və qanunauyğun sayılır...
Azad Qaradərəli qədim torpaqlarımızdan olan Zəngilanda doğulub, boya-başa çatıb. O bu bölgənin elə dialekt və şivə sözlərini işlədir ki, onları heç bir dialektoloji araşdırma və lüğətlərdə tapmaq olmur. Bizcə, həmin sözlərin toplanıb tədqiq edilməsi müasir Azərbaycan dilinin söz fondunun genişlənməsinə kömək edə bilər.
Azadın işlətdiyi dialekt sözləri ədəbi dilimizlə dialektlər arasında qarşılıqlı bağlılığı, üslubi-estetik məqamları aşkara çıxara bilir.
Nümunələr: “Süddaş yaxşı şeydi, bir gün sizdə, bir gün bizdə”, “D o ğ r a m a c yeyirsən, verim?”, “Sürü ü r k ü ş ü r”, “Deyirəm, ə, d ı l ğ ı r , niyə ağlıyırsan?”, “Hə, bu Ucubuluğun dastanını da təzəlikcən bağlamışam”, “Amma öz çoluğuma-cocuğuma danışmışam”, “Mamılı matan”, “Day mənnən Dədə Qorqudduq gözdəməyin”, “Təkcə ənik Ağbilək ora-bura tullanır”, “Ora-bura səyriyən Ağbilək qəfil çobanın qabağında durub qeyzli hürür.”
Yazıçının əsərlərində köhnəlmiş sözlər də yetərincə işlənir. “Yoxsa mənim qopuzum kimi!” “Mərə qavat! Ağla, bozla!” “Çobanın qoyun dərisinnən qaftanını əynindən dartıb çıxarır, dəyənəyini qapıb hara isə t o l a z l a y ı r...” “Lətif qədeş, sən bu işi hardan biliürsən?..” “N ö ş onu öldürdün?”
Azad sözü oynada bilir. Baxın, ağac sözünü leksik omonim kimi işlədir: “Bu, Ağac bəyin tut ağacınnan yonduğu qopuzdu.” “A ğ b i l ə k daha bərkdən hürür, a ğ b i l ə y i n i çobana sarı uzadıb imdad diləyir sanki...”
Azad söz işlədəndə bəzən etik normaları pozur: “Qadın uşaqlığı kimi şəfqəli, mərhəmətli, verimli torpaq”, “Sürük ə burdan!” Bu hələ, nisbətən yüngül sözlərdir. Bəzən o daha ağır arqo deyimlər də işlədir ki, təbii, bu da obrazların açılmasına xidmət edir.
Azad sözü ilə obrazın yadda qalmasına səy göstərir; obrazın səciyyəsində davranışı, süjetdə yeri ilə yanaşı, məhz ona məxsus müəyyən ifadə sistemini ehtiva edir.
Bu xəttdə frazeoloji fondu xüsusi qeyd edə bilərik. Azadın əsərlərinin dilində, demək olar ki, xalqımıza və ya milli birliyimizə məxsus spesifik frazeoloji vahidlər fondu formalaşıb. Həmin frazeoloji fond Azərbaycan xalqının milli düşüncə tərzini, yaşam xüsusiyyətlərinin müəyyən cəhətlərini, tarixin süzgəçindən süzülüb keçən adət və ənənəsinin, mərasimlərinin bəzi izlərini, ictimai-siyasi və fəlsəfi görüşlərini, dünya baxışlarını, davranış qaydalarını özündə əks etdirdiyi üçün doğma səslənir. Azadın istifadə etdiyi frazeoloji vahidlər dilə və ürəyə yatımlıdır, efonik, efuizm xüsusiyyətlərinə malikdir, başqa dillərə bunları tərcümə etmək mümkün deyil.(“...hər dəfə müsbət enerji axırdı könlümə…” (II c., s.105), “Məktubu alanda təəccübdən ağzım açıla qaldı” (II c., s.105).
Azadın işlətdiyi frazeoloji vahidlər xalqımızın milli-mədəni düşüncə tərzinin təzahür və ifadə formasıdır desək, yanılmarıq.
Yazıçı işlətdiyi frazeoloji vahidin həqiqi mənasına müvafiq bir prototip situasiya meydana çıxara bilir. Bunu başqa yazıçılarda çətin görə bilərsən. Sonradan həmin situasiya bir məzmunda möhkəmlənir və bu məzmun daha sonra metaforikləşərək, məcazlaşaraq frazeoloji vahidin obrazında formalaşır.
Bu cəhətə xüsusi diqqət yetirməli olsaq, o zaman Azadın əsərlərindəki frazeoloji semantika ayrıca tədqiq edilmək üçün xam material verdiyi qənaətinə gəlmiş olacağıq. Amma onun roman və hekayələrinin dilində özünü göstərən frazeoloi vahidlərin hər birinin hansı prototip situasiyalar zamanı yarandığını, bu frazeoloji vahidlərin arxasında hansı gerçək həyat hadisələrinin dayandığını şəxsən mən izah etməkdə çətinlik çəkərdim. Misal üçün: “gözdən düşmək”, “gözə gəlmək”, “dildən salmaq”, “ürəyi yanmaq” və s. “Sənə bel bağlamaq olmaz” (II c., s.107), “Amma o, məktuba gözünün ucuyla da baxmadı” (II c., s.108), “başına kül ələmək”, “başına kül tökmək”, “bel bağlamaq”, “dağ basmaq” və s. frazeoloji vahidlərin hansı prototip situasiyada əmələ gəldiyini, qismən də olsa, təsəvvür etmək olar. Bəzilərinin isə müəyyən rituallarda, dini-mistik ayinlərdə mərasimlə əlaqədar meydana gəldiyini deə bilərik. Azadın frazeoloji vahidləri vasitəsilə onun həm öz nitqini, həm də obrazlarının nitqini daha yaxşı öyrənmək olar. Çünki, frazanın özü nitq ifadəsidir, xüsusi danışıqdır.
Azadın bir yazıçı kimi yaradıcılıq xəttində metaforik ifadələr zəngindir. Metafora sistemi, əsas etibarilə bədii üslubun materialıdır. Yəni bu sistem daha çox bədii əsərin içərisində “fəaliyyət göstərir”. Azadın metaforik ifadələri onun yaratdığı obraz və personaj nitqinin bəzəyidir. Obrazların düşncəsini metaforlarsız təsəvvür etmək qeyri-mümkündür. Metaforlar obraz və personajların nitq xarakterologiyasındakı incə məqamları fərdiəşdirir, birini digərindən ayırır. Fərdiləşdirici keyfiyyət canlı nitqə daha kəskin subyektiv qiymət verir, danışığı elastikləşdirir. Metafora dil və nitqin ən cazibədar və ifadəli koqnitiv, eləcə də praqmatik vasitələrindən biridir. Sözlərin bu prosesdə məcazi mənaları çoxşaxəli şəkil alır. Metafora yalnız parlaq obrazlı və ifadəli vasitə kimi deyil, həm də mürəkkəb, çətin anlaşılan, dərk edilən koqnitiv hadisədir. Bu hadisə də Azadın əsərlərinin dilinin naxışı, çeşnisidir. Metaforlaşma (metaforizasiya) yazıçının mövcud təsəvvürlər sistemndə dərin kateqorial dəyişiklikləri müəyyənləşdirir. Bununla yanaşı, mükəmməl bədii əsərlərdə metafora dünyanı dərketmə modellərini əhəmiyyətli dərəcədə dəyişdirir. Bu baxımdan, Azad işlətdiyi sözlərin mənalarını genişləndirə bilir, mənanın yaranmasında ikinci nominasiya (adlandırma) prosesini işə salır. Məhz yuxarlıda dediyimiz kimi, bu müqtədir yazıçının metaforalarını yeni prinsiplərlə_ koqnitiv əsaslarla öyrənməyi tövsiyə edərdik. Bədii əsərlərdə metaforanın, metaforlaşmanın koqnitiv əsaslarla tədqiqinin bazası məhz onun antroposentrik istiqamətini təşkil edir. Metaforanın, başqa sözlə, ifadə və birləşmələrin öyrənilməsinə koqnitiv yanaşmada dil, ünsiyyət və insan (bədii əsərlərdə obraz, personaj və s. ) əsas götürülür: “Mənim qanım qaranlıq gecəni işıqlandırırdı...” (II c., s.108).
Azad müqayisədən də çox istifadə edir: “Ucubuluğun zədələnmiş əli ilan kimi qıvrılıb təpəyə qayıdır. Əvəzində 3, 5, 15 əl ilan dəstəsi kimi sürünü əhatəyə alır.”
Azad toponimik vahidləri ü s l u b i məqamda işlətməyi bacarır, məqsədli olaraq adı dəyişir, bunun arxasında mətləb dayanır. Məsələn, “Aşıq bulağı - Aşağı bulaq.” “Beləcə, adamlar yavaş-yavaş bulaqdan soyudular. Hətta o dərəcədə soyudular ki, adına Aşıq bulağı dedikləri bi irmağa Aşağı bulaq deməyə başladılar.”
Yazıçı ləqəblərdən istifadə edərək surətlərin xarakter və xasiyyətinə görə fərqləndirir. Məslən, “Taytaq Lətif”, “Kor Əlqəmə”, “Atbaş Əhliman” və s.
Xalq arasında işlənən ictimai-siyası məzmunlu rus sözlərini surətlərin nitqində istifadə edir: “atkaz”, “vobşe”, “boykot”…
Belə faktlar göstərir ki, Azad sözün, adın xalqın düşüncəsindəki bütün məna çalarlarına bələddir.
Bədii mətnlərdə Azad məktublardan istifadə edir. Belə məktublardan biri: “Bir gün artıq bezdim və götürüb qıza bir nəktub yazdım. “Günəş, göydəki günəş də elə bilir ki, günəşdir. Amma anlamır ki, sənin yanında heç ay da deyil. Ay işığın günəşdən aldığı kimi, göydəki günəş də ziyasın səndən alır. Elə mən də işığı, biliyi, ağılı səndən alıram. Sənsiz mən bir heçəm. Səni ömrüm boyu sevəcəyəm”.
Azad bu yoldan istifadə edəndə mətləbdən kənara çıxır, bu da təbiidir.
Qədim morfoloji xüsusiyyətlərə də toxunaraq deməliyik ki, Dədə Qorqud ruhunun tələbi ilə yazıçı tarixi morfoloji vasitələrdən bol-bol istifadə edir: “Çoban yeməyinə ara verib itə baxır: Acmısan? Gəl s a n g a (sənə) da verim doğramacdan...”, “T a n g r ı m, bu nə qan idi mən düşdüm? M a n g a güc ver tangrım!” Burada müəllif vaxtilə dilimizdə daha işlək olmuş, indi işlənsə də, əlifbada işarəsi olmayan sağır nun (ng) səsini oxucusuna çatdırmağa cəhd edir.
Məlumdur ki, ismin yönlük halında “sənə” sözü qədimdə “sanga” biçimində işlənmiş ki, hazırda qıpçaq qrupu türk dillərində bu qalmaqdadır.
Sintaktik xüsusiyyətlərdən də bəhs edərkən deməliyik ki, mətn insanın nitq fəaliyyətinin məhsuludur və bu fəaliyyət dil sisteminin ən yüksək səviyyəsinin ifadəsi kimi izah olunur. Azadın qurmuş olduğu bədii mətlərin xarakterik cəhəti onların kommunikativ bitkinliyə və bütövlüyə, məntiqiliyə malik olmasındadır. Bunlar yeni sintaksisdir, yeni mətnlərdir. Müasir sintaksisdə aktiv prosesləri Azadın mətnləri əsasında öyrənmək mümkümdür. Azad bir yazıçı kimi dərk edir ki, “insanın nitqi sintaksisdən başlanır” (İsmayıl Kazımov “Azərbaycan dilinin yeni sintaksisi”, Bakı, “Elm və təhsil”, 2023, s.12.)
Bu gün cümlə səviyyəsində sintaktik yenilik nəticə etibarı ilə d e m o k r a t i k l ə ş m ə ilə əlaqədardır, ələxüsus da danışıq konstruksiyalarının yazılı nitqə təsir etmə imkanlarıdır. Bu baxımdan Azadın sintaksisndə dilin dadı duyulur, mətnin heterogenliyi müşahidə olunur.
Bəzən onun mətni çox vaxt mötərizənin içində verilir. Bunu alternative mətn də adlandırmaq olar. Bu haqda başqa məqalələrimdə bəhs etmişəm. Lakin bu mətni oxuculara təqdim etmək istəyirəm. “Səhər qapıdan çıxanda həyəti süpürən Səkinəni çox şən gördüm. Bəzənib-düzənmişdi. (Yanmış elə bil qızdı. Bir az kökəlməsini, bir də döşlərinin iriləşməsini nəzərə almasaq, elə həmin Səkinədi. Ölmüş gün-gündən gözəlləşir. Sinəsi enlənib. Döşləri göz çıxarır. Bir şeyə mat qalmışam: bəs bu qədər vaxtda bunların niyə uğağı olmayıb?... Tez də özüm öz ağzımım üstündən çırpdım: “Əşi, camaatın işi sənə qalıb? Sən axı özünə söz vermisən ki, o it oğlu atan kimi sıvıq olmayacaqsan, biqeyrət iş tutmayacaqsan! Nə gözünü zilləmisən camaatın arvadına? Vabşe, tezlikl bu həyətdən rədd olub getmək lazımdır... Yoxsa sənin bir tərəfin uçuqdur axı, sənə bel bağlamaq olmaz qəti.”) (II c., s.107)
(Biz onda 8-də oxuyurduq. O əhvalatdan sonra Günəş heç dərsə gəlmədi. Eşitdik ki, qızı nişanlayıblarmış. Dərs ilinin sonunda onun toyu oldu və mənim məktub əhvalatım da unuduldu.)
Bu mətnlərdə təkrarlardan istifadə bir sistem təşkil edir. “Onları əvvəl tanrı seçdi. Sonra ailələri seçdi. Sonra xalq seçdi.”
Bu və ya başqa sintaktik təkrar növləri mətnin semantik çalarlarını da gücləndirir, nitqin emosionallığını təmin edir.
Azad həmcins üzvləri işlətməyi çox sevir: “Sular çağlayır, otlar uzanır, güllər açılır, arılar, həşəratlar kefli-kefli güllərin başına dolanır.” Bunlar həm də tabesizlik əlaqəli mürəkkəb cümlələrdir. Düşünürəm ki, belə mətnlər dərsliklərə mütləq salınmalıdır.
***
Yazıçı Azad Qaradərəlinin hekayə və romanlarını dilin bütün səviyyələrində geniş təhlil etmək olar. Xüsusi üslubi istiqamətdə tədqiqatlar aparılmalıdır ki, yazıçının bədii dilində iştirak edən surətlərə aid özəlliklər, fərdi və tipik nitq üslubu üzə çıxarıla bilsin. Belə təhlil “Obraz və söz”, xüsusən də “Azad Qaradərəlinin nəsr dili” mövzusunu tam əhatə edə bilsin.
Belə zənn edirik ki, tanınmış Azərbaycan yazıçısı Azad Qaradərəlinin nəsr dilinin yığcam təhlili onun ədəbi dilimizin inkişafı sahəsində gördüyü işləri doğru-düzgün anlamaq və təcəvvür yaratmaqdan ötrü çox gərəklidi.
Noyabr, 2025.
