VAQİF OSMANLI - “GÖRMƏ SAHƏSİ”NİN CAZİBƏSİ
Tanınmış yazıçı dostlarımızdan biri günlərin bir günü mənə bir kitab bağışladı. Həqiqətən də çox dəyərli bəxşiş idi. Yaradanın cəmi 54 il ömür payı
verdiyi, özünü anlayandan həqiqi söz sənət yollarında amansız mübarizə, mücadilələrdə günlərini, aylarını, illərini əridən yazıçı Tofiq Qəhrəmanovun “Görmə sahəsi” povestlər kitabı (“Alatoran”, Bakı-2021) niyə mənim üçün dəyərli idi?
Tofiq Qəhrəmanov imzası məni düz 51 il əvvələ apardı. Kənddən gələn, hərdən yazı-pozu ilə məşğul olsa da, ancaq üzə çıxarmağa ürək eləməyən, Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) coğrafiya fakultəsinin utancaq ikinci kurs tələbəsi kimi bir-iki cızma-qaramı əlinə alıb sıxıla-sıxıla institutun “Gənc müəllim” qəzetinin redaksiyasına gəldim. Bilirdim ki, həmin gün orada ədəbiyyat həvəskarı tələbələr toplaşır, “Gənc qələmlər” dərnəyinin rəhbəri onları dinləyir, yazılar müzakirə olunur. Onda bildim ki, bir neçə əsərini oxuduğum Tofiq Qəhrəmanov dərnəyin rəhbəridir. Dərnəyin rəhbərinin ciddi görkəmi, hər cümləni, hətta hər sözü güzəştsiz, bittə-bittə müzakirə etməsi iştirakçıların əksəriyyətinin filologiya fakultəsinin tələbələri olması məni bir az “qorxutdu”, istədim “yerim tərs düşüb” bəhanəsiylə aradan çıxım. Azca sonra dərnəyin rəhbərinin aurası, gəncləri təmkinlə dinləməsi, iradlarını səmimiyyətlə bildirməsi, tələbələrə sərbəstlik verməsi məni cəsarətləndirdi. Və “Gənc qələmlər” ilk ədəbi məktəbim, Tofiq Qəhrəmanov ilk ədəbi müəllimim oldu. Bura ədəbi düşüncənin əsl demokratik mini meydanı idi.
Azad Qaradərəlinin xatirələrindən:
“Gördüyüm yazı adamlarının ən istedadlısıydı o. Təkcə yazısına görəmi? Deyil. O, bir klassik musiqi aşiqiydi – Şopeni, Bethoveni, Oqinskini, Qara Qarayevi ilk dəfə onun Yuxarı Dağlıqdakı balaca otağında dinləmişdim. Bu darısqal iş otağının yarısını kitablar, yarısını da vallar tutmuşdu. Tariximizin, ədəbiyyatımızın, dilimizin mükəmməl bilicisiydi. Və gözəl nasir idi”.
“Qan əvəzinə damarlarında ruhumuzun qidası musiqi axan”, “Koroğlu”nun uverturasına güvənən Tofiq müəllim canlı simfoniya idi.
Şirin, kövrək nostalji hisslərdən ayrılıb, “Görmə sahəsi”nin görünən və görünməyən tərəflərinin cazibəsinə düşmək istədim. Bir çox söz adamlarının bilərəkdən, ya bilməyərəkdən, könüllü, yaxud könülsüz özünü doğrultmayan ideologiyanın qurbanına çevrildiyi, qadağalar məngənəsində əzildiyi mühitdə Tofiq Qəhrəmanovun ruhu azad idi, qəhrəmanlarının dili, düşüncəsi ilə cəmiyyətə üsyan edirdi. Bu azadlıq, əlbəttə, ona verilməmişdi, o azadlığı yazıçı üsyankar modern ruhu ilə əldə etmişdi. Tofiq müəllim əsərlərində özünü yaradırdı.
Əslində, laqeyd, sevinci ilə kədəri məchul insanlar arasında azadlığını, ləyaqətini, özünü qorumaq qəhrəmanlıqdır. Professor Zakir Məmmədli cəmiyyətin düşmənlərindən birinin Tofiq Qəhrəmanovun həyatına müdaxiləsindən yazır:
“... Bu daxili düşmən bütün mümkün pisliklərə bürünərək, hər addımda yolumuzun üstündə peyda olsa da, əslində onun bir adı var: biganəlik... Onlarla aydınımızı, istedadlı yazarlarımızı, sənət və elm adamlarımızı əlimizdən alan bu amansız düşmənin qurbanlarından biri də bu gün ədəbiyyat camiyəsinin, demək olar ki, tanımadığı, fəqət istedadına və şəxsiyyətinə bələd olanların hafizəsində silinməz izlər buraxdığı Tofiq Qəhrəmanov idi. Vaxtilə Nitsşe özü haqqında yazırdı ki, çətini məni tapanacandı, tapandan sonra məni itirmək mümkünsüzdü. Nitsşeni dünya çox gec tanıdı, ancaq heç bir halda ondan uzaqlaşa bilməyəcək. Əgər Tofiq Qəhrəmanov da avropalı olsa idi, yazardım ki, eynən Tofiq müəllim kimi. Fəqət...”.
Elə bir zəmanədə yaşayırıq ki, bir çox mənəvi dəyərlər, xüsusilə ailə münasibətlərinə biganəliyin yaratdığı sağalmaz çatlar hər gün dərinləşir. Artıq babalarımızın mənəviyyat qalası kimi ucaltdığı ailə qalasının “divarlarındakı daşlar” hər gün sökülməkdədir. Tofiq müəllim uzaqgörən idi. Babaların, nənələrin “qədəm basdığın evdən bir də son mənzildə çıxacaqsan” tapşırığı indiki “bohema” aşiqlərə gülünc təsir bağışlayır. Artıq “şirinin xatirinə acını da udanlar, sevdiyi adamın dünyası ilə yaşamağı bacaran”lar çox deyil, indi belələri özlərini qəhrəman sayırlar. Həyat yoldaşını “papaq kimi başdan başa qoyan” mənəvi dəyərlərə biganə “mədəni”lərin, müstəqilliyi “nə edərəm, özüm bilərəm” kimi anlayanların cəmiyyətindəki eybəcərlikləri yazıçı düz yarım əsr əvvəl görüb həyəcan siqnalı çalırdı.
Bunları diş həkimi Nailin “xəstə”si, “adı da, sənəti də” Təranənin dəftərində yazılanlarla bugünkü gəncliyə ismarış yollayırdı:
“Ailə səadəti haqqında qəzetlərin açdığı müzakirələrin materiallarını oxuyarkən bəzən tamam sarsılıram. Dünən böyük məhəbbətdən dəm vurub evlənən gənclər “Vağzalı” səsi qulaqlarından getməmiş ayrılırlar. Bu məni – yeniyetmə bir qızı qorxuya salır, üşüdür” (“Bahara lap az qalır”).
Tofiq müəllimin Nəriman Nərimanovun oğlu Nəcəfə yazdığı məktubların birində önə çəkdiyi məqam elə özünün həyat manifestidir:
“Əziz oğlum, Nəcəf. Əgər mənə yaşamaq qismətdirsə, çalışacağam səni elə böyüdüm ki, bəşəriyyət üçün daha çox iş görəsən, amma tezliklə əbədi məzara gömülməliyəmsə, səndən xahiş edirəm, heç olmasa, adamlara atan göstərə bildiyi qədər kiçik xidmət göstərəsən.
Ümidvaram ki, öz fəaliyyətinlə bu mənada mənim işimi davam etdirərsən”.
Təəssüf ki, N.Nərimanova da, Nəcəfə də ömür vəfa etmədi...
Elə Tofiq Qəhrəmanova da...
Yazıçının dili sadə - xalq dilidir, səmimidir, axıcıdır, ona görə povestləri birnəfəsə oxunur. Obrazların şirin, duzlu-məzəli ləhcəsi, bəzən xalq və bəstəkarlar mahnılarının, şairlərin sözlərindən yerli-yerində istifadə (“Təzəcə gəlinsən ağ paltarda sən”, “Hərdən ki, tutulur Ayın qabağı”, “Yaxşı adamları qoruyaq, gəlin”) əsərə təravət gətirir. “Sovetski”nin koloriti, aurası, insanların daxili dünyası oxucunu ovsunlayır. “Yuxarı Dağlıq” sanki səninlə söhbət edən canlı obrazdır. Tofiq Qəhrəmanovu çoxumuzdan yaxşı tanıyan ədəbiyyat tarixçisi, ədəbi tənqidçi, professor, AMEA-nın müxbir üzvü Tehran Əlişanöğlunun yazdığı kimi:
“Yuxarı Dağlıq, bəzən yozulduğu kimi, Tofiq Qəhrəmanovun əsərlərində, eləcə məxsusi fərqli şivə ilə danışan qəhrəmanlarının, obrazlarının, tüm personajlarının sakin olduğu, Bakının bayır şəhərində yuxarı məhəllələrdən birinin adı olmaqla qalmır; bunlar yazıçının içəri dünyasını gerçək, doğma, doğulduğu və yaşadığı ünvana bağlayan sadəcə realistik təfərrüatlardır. Yuxarı Dağlıq küçəsi, onunla kəsişmədə 1 May, bir az aşağıda Aşağı Dağlıq küçələri, bir az yuxarıda Sovetski, Cənubi Sovet döngəsi, bir az aralıda N.Nərimanovun heykəli... - axtarsan, T.Qəhrəmanovun əsərlərində Yuxarı Dağlıq coğrafiyasının hədlərini belə tapmaq çətindir, hətta yazıçı adını çəkdiyi yerləri də müstəqimlikdən çox rəmzi detallar kimi mənalandırırdı”.
“Halal yerdən bir sürü balası” olan, yarızarafat, yarıciddi səkkiz övlad doğan ömür-gün yoldaşı Qızılxanıma “Qızıl, geroyluğun əkizə bənddi” təklifi edən, varlı-hallı, vəzifəli “gor qonşusu ilə “Çənlibel”də yeyib-içmək” təkifindən şərəflənən, “Çənlibel”də, “Koroğlunun məskəni”ndə Dəli Həsəndən hörmətli qonşusuna göstərilən diqqəti”, hörməti görüb heyrətlənən, “on beş-iyirmi girvənkə utancaqlığını “Çənlibel”də restoranın ətəyinə tullayan, “Mədrəsəli”yə öyrəşən, “Göy göl”dən sonra ən mədəni insana çevrilən, İsfəndiyarla çörək kəsəni, zamanla “arvadla davranmaq” üsullarını öyrənən, “İsfəndiyar “özünə darlıq vermə” deyib cibinə pul qoyanda qürrələnən, məmur qonşusunun “xeyirxahlıq” niyyətiylə kontorundan ona verdiyi, alıb xərclədiyi zəhmətsiz pullar “canına yatmayan, nuş olmayan, üçlüklər, beşliiklər yeddibaş əjdahaya, divə dönüb yuxusuna girən”, “yaşamağın sirlərini” İsfəndiyar kimi bilməyən, qızının qaçırılmasının səbəbini haram yeməkdə axtarıb dərd çəkən, “səhərdən axşama qədər zibilin içində eşələn ki, nə var, nə var uşaq böyüdürəm, qız ərə verəcəyəm, axırı da belə olsun?!” təəssüflü “nə haya hay, nə vaya vay” “zibilçi” Süleyman, ailənin dolanışığı naminə gecə-gündüz əlləşən ərinin mübhəm duyğularına: ”yaxşı, bəsdi. Əldən-ayaqdan düşmüsən, çəm-xəm dəmindi; dincəlməyin məsləhətdi” deyib ürəyi yanan Qızılxanım, “gücü salavata-duaya çatan, hökumətə bir gün işləməsə də təqaüd alan, ona görə də təziyələrdə, yaslarda birinci salavatı “Sovet hökumətinin mirnı politikasının səlamətliyi”nə çevirtdirən, “fədayi-din” olmasına baxmayaraq, oğullarının üçünü də soldat eləyən, arvadağasını Ərəsiyyədən gətirən, ortancıl oğlunun sevib-seçdiyi yəhudi gəlinin bir dəfə də görməyən, hökumətin cızdığı cızıqdan bir dəfə də çıxmayan, atası axund Yədulla bəy ilim-ilim itəndə, kulak qırığı kimi sürgün olunandan sonra, “zəmanə o zəmanə deyil” düşüncəsi ilə atasının vəsiyyətinə əməl eləməyib əqidəsini dəyişən “internasional ailə sahibi” molla Əhliman, “Zibilçi ilə dostluğuna söz ola bilməyən, xeyrindən başqa ziyanı dəyməyən qonşunu” – Saüleymanı “vuruşan Çənlibelə yox, yeyib-içib kefə baxılan “Çənlibel”ə aparan, “üzündən qonşuluq nuru yağdığını görəndə ürəyi yeddi qarış genişlənən”, məmur İsfəndiyar yan-yörəmizdə hər gün rastlaşdığımız insan xarakterləridir (“Qonşular”).
Tofiq müəllim onların mənəvi dünyasını elə cizgilərlə yazıçının yaradıcılığını izləyənlərə çatdırır ki, onun təxəyyülünə, təhkiyəsinə, şirin və duzlu dilinə, müşahidə qabiliyyətinə, bəsirət gözünün gur işığına heyran qalmamaq mümkün deyil.
“Amma kor tale onun əlindən nə almaq mümkündürsə almışdı. Axırda gün işığına da həsrət qoydu. Amma sınmadı, əyilmədi, fədakar həyat yoldaşının əzmkarlığı sayəsində yeni-yeni nəsr əsərləri yazdı, namizədlik dissertasiyası müdafiə etdi... (O diktə edir, xanımı makinada yazırdı)” (Azad Qaradərəli).
Tofiq Qəhrəmanovun yaradıcılığını Yuxarı Dağlıq coğrafiyasından ayrı təsəvvür etmək çətindir. Onun əsərlərində Yuxarı Dağlıq küçəsi qədim Bakının döyünən nəbzidir. Bu özünəməxsusluq faşistlərlə müharibənin veteranı, “şkaturşik-türemşik”, onu düz zakusoçnıya apardığı üçün “ayaqları başından yaxşı işləyən”, bədəni təpədən dırnağına kimi “spirt” Həsrətlə jurnalist İqbalın qədeş söhbətləri, tutsatanla Həsrətin cəsarətli dialoqları oxucunu keçən yüzilliyin Bakısına aparır:
“... - Müxbirə atəşin privet. Na privet day jirni atvat.
- Həsrət, belə ayıq başnan malalıyeceysən divarımızı?
- Yox ala, yarım litr də gillədəceyəm, sora. Vur bura, mən də diyim ura?”
Yaxud həsrətin İqbalın anasıyla söhbətindən:
“ – Xala, oğlun tapşırıb, malalıyaceyəm divaruvuzu.
– Allah işüvü avand eləsin. Amma tez qurtar ki, palçığın içində itib-batmayaq.
– Beş sukunda hər şey düzələcey, kopoyoğlu prorab qoymurdu da... İki vedrə sement götürmüşəm, diyir hara aparırsan? Didim, ala, malçat elə, gözüvü deşərəm. Ya vetran ateçestvinni vayni. Krımda desantnik olmuşam: “Sendi xo!” diyib, nimes tutmuşam. Diyir, yaxşı, Həsrət, raz nimes tutmusan, giroyluğ eləmisən. Sement apar na xarta istiyirsən”...
Tutsatanla Həsrətin söhbətindən:
“... - O çağacan qoymaram, keçərəm atakaya”...
“... - Nemec qırığının danışığına bax. İstəmiyeydi oğlum satduğun bu tutdan, göreydin necə razqramit eliyirəm tut-je na meste səni”...
“... -Çox danışma. Sən öləsən, malalıyaram səni divara faşistski znak kimi”.
Yazıçının həmin dalanda dünya var-dövlətinə, tələbə dostu Fərmanın yazmağa “həvəsi olmayan” həyat yoldaşı üçün dissertasiya yazsa, təzə “Jiquli” təklifinə, institutun kadrlar şöbəsinin müdüri, “altı direktor yola salan “kadr sərrafı”, “xoşuna gəlməyənlərin şirəsini çıxardan, əl çirki hesab etdiyi qonaqlığın, üç manat, beş manat xərcin məhəbbət artırdığını, adamları yaxınlaşdırdığını, dost elədiyini İqbala başa salmağa xeyli əziyyət çəkən” Zeynal Rəşidovun “özünə gün ağla” tövsiyəsinə ikrahla baxan, mənəvi çirkinlik hesab edən, Rəşidovun səfeh saydığı İqbalın tərtəmiz aləmi var:
“Mənim üçün dünya belə gözəldi. Çünki onun hər gecə yuxuma girən uca-uca dağları var, gündə tamaşasına durduğum mavi Xəzəri var, suyuna həsrət qaldığım buz bulaqları...”
İqbal “misraları sifətlərlə doldurmaq poeziya yox, dambadurumdur” deyəndə, plagiat Bədrəddin xatırlananda, “bu axşam təzə valları da dinliyim gərək” cümləsi qarşıma çıxanda, elə bil ki, xatirələr dənizinə düşdüm, İqbal müəllimin Tofiq Qəhrəmanovun prototipi olduğuna əmin oldum.
“Gecə lampası” povestinin sonu məni dərin düşündürdü. “Bakir müəllimin, Bədrəddinin gecə lampası yoxdu həlbət. Rəşidovun, Fərmanın da həmçinin... Qəm yemə. Həsrətin ki var gecə lampası... İndi yəqin ki, Həsrət öz “işıq dənizi”nin həmdəmi-həmsöhbətidi...
... Hər kəs axşam yatmamışdan qabaq öz gecə lampası ilə təkcə ürəyinin eşitdiyi bir pıçıltı ilə danışmalıdır: yaxın dost, məhrəm sirdaş kimi...”
“Simfonik muğm” sanki ruhumuzun qidası musuqi kimi, həm realist, həm də romantik əsərdir. Tofiq Qəhrəmanovun musiqi duyumu haqqında az-çox eşitmişdim, xüsusilə klassik bəstəkarların simfonik əsərlərinin fəlsəfəsinin dərinliklərindəki möcüzələrin heyranı olduğunu bilirdim. Yazıçının qəhrəmanının diliylə desək, poeziya Tofiq müəllim üçün “sübh mehi, nəsr günorta Günəşi, teatr və kino axşam sərinliyi, musiqi isə həyatı” idi.
Tofiq müəllim “düşündürən, sevinməyə, iztirab çəkməyə vadar və məcbur edən sənəti sevirdi – Üzeyirbəyi, Bethoveni, Qarayevi, Motsartı, Əmirovu, Haydnı... xalq mahnılarını, muğamları”...
Povesti romantik sevgi dastanı kimi təqdim etməyimə səbəb Gültərin şirin nitq “qüsur”u, yazıçının təhkiyəsidir. Bir neçə cümlənin və söz birləşməsinin yaratdığı şirin ovqatı bölüşmək yerinə düşər:
“Qızın qapqara gözləri sübh qaranlığının yaxasını yırtan dan ulduzutək nurlanırdı”.
“Qızın yarıqapalı gözlərindən gecənin qaranlığını əridən işıq süzülürdü”.
“Ona elə gəlirdi ki, dərinliyində “dirilik bulağı” qaynayan “zülmət dünyası”nın qapısı sehirli-sehirli açılıb örtülür”.
“Bəkarəti yalnız onun barmaqlarının toxunuşundan pozulmuş təravətli qız bədəni gənclik şövqü ilə oyandı, ehtizaza gəldi”.
Yaxud, “kirpikləri ilə öpüşmək” söz metaforası.
Povest “ən çox səadət haqqında düşünən” Gültərlə, “səadəti rahat nəfəs almaq” kimi düşünən Kamilin lirik duyğularının, məktublarının yaratdığı romantik hisslərin məcmusudur.
Saf duyğuları anlamaq kimi ilahi hissi kasad olanların - nə qədər diqqətcil, qayğıkeş və nəvazişli olsalar da, akademik Əhməd Cəfərlinin, Həlimə xanımın, “Natiqdən küsəndən sonra Nazimlə tanış olan, indi də Kamillə mehribanlıq eləyən Fəridənin, hətta Kamilin dosent atası Nəsir Məmmədlinin, anası Zinyət xanımın əhatəsində yaşamağın iztirab olduğunu Kamil hər addımda hiss edirdi. O, Fəridənin pianoda ifa etdiyi “Humayun”u sevirdi, “sənət “mən”i fitrətdən yoğrulan” Fəridəni yox. Ata-anası dünyasını dəyişəndən tənha qalan, “ana bətnində qüdrətdən gülablanan” Gültərin ilahi sevgisi Kamilin “ürəyinə axırdı”.
“Görmə sahəsi” povesti ilahi eşq hekayəsidir. Əvvəlcədən deyim ki, Tofiq Qəhrəmanov müraciət etdiyi mövzunu dərindən öyrənən, bilən, heç bir incəliklərini nəzərdən qaçırmayan söz sərrafı idi, yazdıqları həyat həqiqətlərindən qidalanırdı. Bu povestdə diqqətimi daha çox cəlb edən yazıçının göz müalicəsi, əməliyyatı zamanı görülən işlərin mərhələlərini, tibbi alət və cihazların funksiyasını, hətta həkimlərin iş zamanı ovqatını mükəmməl bilməsidir. Onun müşahidə qabiliyyəti, yazıçı duyumu, manerası, təhkiyəsi oxucunu sehirləyir, hadisələrin iştirakçısına çevirir.
Kimsəsiz və kasıb Tale, doğrudan da professor qızı Rənanın taleyi idi. “Boğazından keçməyən tikə üçün qazan qaynatmayan, sevgisinin redaktoru da, baş redaktoru da özü” olan Rəna “hallı, pullu olmayanları yazıq sayan” anasını da son məqamda “redaktə” etməyi bacarır, sevgini ilahi eşqə çevirən ərköyün qızına “sayalı xeyir-dua” göndərir. Professor Vəkilzadə isə qızının sevgisinin xilaskarı kimi ilahi missiya və ürək sahibidir. Tale Rənanın professor qızı olduğunu biləndə, “tikanı gülə dolaşanda” qız sevgilisinin bəhanəsini, bəlkə də cəsarətsizliyini eşq mələyi kimi – “ər tündməcaz olsa yaxşıdı” düşüncəsi, “müxbiri (Tale) mənzilə (qonşu redaksiya) çatdıranacan eşqini izhar eləyən” saf ürəyi ilə qoruyur. “Ayağı dəydiyi yerdə dənizi qurudan” Rəna ancaq cəsarətli ilə, “məhəbbət ağacı bitirir”.
Rənanın həyatverici, baməzə zarafatları əsərin təhkiyəsinə şuxluq qatır:
“Rüstəm Rəsulzadə onu (Tale) yenə də mehribanlıqla qarşılayıb, üzünü Rənaya tutdu.
– Əcəb adamsan, oğlan qəhət idi yoldan azdırmağa? Mağıl ayda dörd-beş yazı verirdi. İndi işi-peşəsi sənə nəğmə oxumaqdı.
Rəna nə halını pozdu, nə də işdən ayrıldı.
- Çox çəkəcək bunun oxumağı?
Qız əl saxladı. Talenin qıpqırmızı olmuş sifətinə ləzzətlə baxdı. Xoşlanaraq:
- Bülbül olana qədər!..
- Günüvü qarala, bala. Nə qədər ki, bülbül deyilsən, gedək mən siqaret çəkim, sən zəhərlən”.
Bir də onun əsərlərində aforizm yüklü cümlələr çox mükəmməldir. Məsələn, “xoşbəxtliyə qəbrə qədər yol var”, yaxud, “acın kefi əlacsızlıqdan kök olar”.
Sevgidə bəxti gətirməyən, “öz evində, ailəsində “tənhalıqdan və kimsəsizlikdən ürəyi sıxılan”, həyatda məramı əməliyyat etdiyi xəstələrin gözlərinin sarğısı açılanda “dünya necə işıqlıymış desinlər” arzulu, “xəstələrdən savayı heç kəs, heç nə yadına düşməyən, adi tənzif belə hər gün bakirə həvəslə sarınmalıdır” düşüncəli Nicat Talenin gözünü əməlliyyat edəndə Rənanın mərhəməti, təmənnasız sevğisi povestin kulminasiyasiya nöqtəsidir:
“... Yanında dayanmış Rənaya baxdı. Ağ duman arxasından aydınlaşan sifəti ona tanış gəldi. Şövqlə Rənanın üzündən öpdü. Qız nazlandı.
Qarşıdakı yoxuşu yanaşı qalxıb, Yuxarı Dağlıq küçəsinə çıxdılar. Birlikdə yaşayacaqları mənzilə az qalırdı...”
Talenin “dədəmdən qalan qəsr” adlandırdığı miskin həyət-baca iki sevgilinin xoşbəxt günlərinə quçaq açırdı.
Tofiq müəllimin sözünün işığında əmin oldum ki, “xörəyin dadı duzdadı, dünyanın dadı gözdə”. Ancaq o, dünyanın dadını doyunca görmədi...
“Yazıçı məlum məsələdir ki, özünü ifadə edir. Əgər söhbət istedadlı yazıçıdan gedirsə, o, özüylə bərabər, xalqını da ifadə edir. Böyük yazıçılar isə bəşəri ifadə edir” (Xalq yazıçısı Elçin).
Tofiq müəllimin duyğuları milli olduğu qədər də bəşəri idi.
Heyif ki, tale ona 54 il ömür bəxş etdi, missiyasını axıradək yerinə yetirməyə imkan vermədi...
Çoxumuzdan fərqli olaraq, Tofiq müəllimin bəsirət gözü də vardı, ürəyi də görürdü. Məhz buna görə də onun görmə sahəsi daha geniş, işıqlıydı. Bu işıq zülmətlə - amansız, qayda-qanun bilməyən zamanın işləkləri ilə əbədi döyüşdəydi, üsyandaydı. Qisasını da aldı. Ancaq ÖZündən...
Onun görmə sahəsinin mübhəmliyində durulmaq bizim vəfa borcumuzdur...
S.A (Söz ardı)
Həcmindən və janrından asılı olmayaraq, əsərdə həyat mənbəyi işıq tapanda sevinirəm. Tofiq müəllimin qəlbinin göndərdiyi işığın cazibəsi onu əbədi yaşadacaq...
Yanvar 2026
