Edebiyyat.az » Ədəbi tənqid » Tofiq Qəhrəmanovun 75 illiyinə | Tehran Əlişanoğlu - Yazıçı sözü və yazıçının özü.

Tofiq Qəhrəmanovun 75 illiyinə | Tehran Əlişanoğlu - Yazıçı sözü və yazıçının özü.

Tofiq Qəhrəmanovun 75 illiyinə | Tehran Əlişanoğlu - Yazıçı sözü və yazıçının özü.
Ədəbi tənqid
admin
Müəllif:
12:20, 02 iyul 2021
2 265
0
Tofiq Qəhrəmanovun 75 illiyinə | Tehran Əlişanoğlu - Yazıçı sözü və yazıçının özü.




 Gözəl nasir, publisist, vətəndaş ziyalı, ədəbiyyat cə¬fakeşi Tofiq Qəhrəmanov (1946-2000) ötən əsrin ikinci yarısında başıbəlalı sovet dönəmində yaşamış, çox qısa ömründə müstəqilliyin də dadını görmüşdür. Bugün Tofiq Qəhrəmanovu yad edənlər xatirə yazılarında bə¬zən böyük təəssüf və ağrı ilə yarımçıq kəsilmiş ömürdən danışırlar. Amma yazıçını yaxından tanıyanlara o da bəllidir ki, Tofiq Qəhrəmanov öz istədiyi həyatı yaşa¬mışdır həmişə; ağrıları və sevincləri, çətinlikləri və xoş anları, problemləri və mübarizə əzmi ilə birgə, güzəştsiz, tərəddüdsüz, bütöv. Zatən buna şahid də lazım deyil, bunu bizə yazıçının əsərləri danışır, aydın, dürüst, məq¬sədyönlü həyat və yaradıcılıq yolu xəbər verir. 
Tofiq Qəhrəmanov əqidəli ömür yaşamış, həyatının mənasını ədəbiyyat vasitəsilə xalqına, millətinə, in¬san¬lığa xidmətdə görmüşdür. Bugünkü miqyaslarla baxanda yaradıcılığı çox da geniş görünmür. Povest və heka¬yə¬lərini topladığı “Bahara lap az qalır” (Bakı, “Yazıçı, 1986), “Gecə lampası” (Bakı, “Yazıçı”, 1989), “Cavab” (Bakı, “Günəş” nəşriyyatı, 1999) kitabları, müdhiş 20 yanvar gecəsinin ağırlığını saatbasaat, dəqiqə-dəqiqə sə¬tirlərə köçürən “Cəlladımız zalım idi” (1997) ağı-sal¬naməsi; xeyirxahı, kitablarının naşiri İsmayıl Ömər¬oğluya həsr etdiyi “Ömrün ziyalı cavabdehliyi” (2001) monoqrafiyası; “Azərbaycan sovet nəsri ədəbi tənqiddə (1965-1985)” mövzusunda müdafiə etdiyi filoloji elmlər namizədliyi dissertasiyası (1989) və ədəbi mətbuata sə¬pəli onlarla tənqid məqaləsi. Amma yada salanda ki, bu¬günkü azad-sərbəst-müstəqillik şəraiti əvəzinə sovet dö-nəmində sərbəst-müstəqil yaradıcılığın qarşısını hər növ kəsən senzura mühiti hökmran idi, Tofiq Qəhrəmanovun yazıb-yaratdıqları heç də az görünmür; yazdıqlarının daxili gücü və enerjisi hələ nə qədər də ya¬zılma¬mış¬lar¬dan, yarımçıq qalmış, yarı(n)da qalmış əlyazmalardan da bizə xəbər verir.
Sovet rejiminin 60-cıları kəskin tənqidindən sonra 1970-1980-ci illərdə ədəbiyyata gələnlərin senzura müş¬küllərinin daha da artması bəllidir. Tofiq Qəhrəmanovun da qismətinə 70-cilərdən olmaq düşmüşdü; böyük çə¬tinliklə ilk mətbu əsəri “Bahara lap az qalır” povestindən (“Ulduz” jurnalı, 1975, № 4) sonra bir daha 70-ci illərin sonu, 80-lərin əvvəlində “Qonşular” əsəri Əkrəm Əy¬lislinin “Azərbaycan” jurnalında çap olunmuş, növbəti hər əsəri də oxucularına gedən yolda baryerlərlə üz¬ləş¬mişdi. Həm də təkcə rəsmi dövlət senzurası yox, üstəlik o dövrdə ədəbi mühitə hakim elə öz yazıçı həmkarlarının da iddia və basqıları şəraitində; hərçənd o zamanlar ic¬timai-siyasi və ədəbi senzuranın sərhədlərini ayırd et¬mək də asan deyildi, kim kimin adından danışırdı çox vaxt bilmək olmurdu. 
Axı ilk baxışda Tofiq Qəhrəmanovun əsərlərində re¬jimə müxalif nələrsə yox kimi görünür. Hələ əksinə, o zamanlar rəsmən sovet ictimaiyyəti yazıçıdan fəal həyat mövqeyi, fəal mübariz qəhrəmanlar istəyirdi ki, bu da T.Qəhrəmanovun əsərlərində var. Povestlərinə diqqət etsək: gənc həkim Nail (“Bahara lap az qalır”), gənc jurnalist İqbal (“Gecə lampası”), gənc doktor Nicat (“Görmə sahəsi”) məgər hər biri müəyyən sferada cə¬miyyətin özünə total bir mənəvi savaş açmamışlarmı?! Bəlkə elə bu idi rejimi narazı salan; dildə “fəallıq” tələb eləsə də T.Qəhrəmanovun gənc qəhrəmanlarının ictimai ətrafla barışmazlığı, məhz “fəal həyat mövqeyi” idi xo¬şuna getməyən? O “ətrafla” ki, elə rejimin özünün tə¬zahürləri, təfərrüatları, nəticəsi idi...
O ki qaldı ədəbi həmkarlarına, Tofiq Qəhrəmanov pro¬¬fessional idi, yazdıqlarında iddialı idi, kəlməsinə belə toxunmağa izn verməzdi. Yadımdadır “Azərbaycan” jurnalında, guya çapına kömək niyyətilə, o vaxt çox yuxarıdan gedən bir “kənd yazıçısı”nın (jurnalda şöbə müdirinin), redaktəsi ilə T.Qəhrəmanovun “şəhər qəh-rəmanları”nı bərbad günə qoyması hadisəsi (sözsüz ki, “kənd”, “şəhər” bölgüsünü həmişəki kimi şərti işlə¬di¬rəm); əsərini jurnaldan geri götürməklə Tofiq Qəhrə¬ma-nov baş redaktora elə bir sənət dərsi verəsi məktub yazdı ki... Öz yanğısı isə heç cür soyumaq bilmir, ədəbi mü¬hitdən aldığı növbəti zərbənin “sevincləri”ni bölüşməyə qələm-kağız axtarırdı...
Deyə bilərik ki, həmişə belə olubdur, təzə sənət özünə əngəllərlə yol açıbdır. İkiqat senzura şəraiti (ictimai-si¬yasi və ədəbi-estetik) o illərdə elə bir həddə çatmışdı ki, hələ 1960-cı illərdə oyanmış, 60-cılardan gələn ədəbi ener¬jini tutub-saxlamaq olmur, harasa ötürmək lazım gəlirdi. O vaxtlar paytaxt mətbuatı ilə yanaşı, rayon qə¬zetlərinin, sahə qəzetlərinin nəzdində, klublarda, ki¬tab¬xanalarda həvəskar yazarlar üçün olan ədəbiyyat dər¬nəkləri daha da güclənmiş, bugün çoxsaylı xatirə-ya¬zı¬larından da oxuyub-görürük ki, professional şair və ya¬zıçıların rəhbərliyi sayəsində əməlli-başlı “dərnək hə¬rəkatı” irəli gəlmişdi. Bir növ rəsmi ədəbi mühitlə ya¬naşı, indi “andeqraund” dediyimiz prosesə bənzər bir şey yaranmışdı. Yazılarını ədəbi mətbuata çıxara bilməyən, sənət yolunun düzgünlüyünə də heç şübhə etməyən Tofiq Qəhrəmanov yaradıcılıq enerjisinin bir xeylisini də “dərnək hərəkatı”na xərcləyənlərdən olmuşdur. 
Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) fi¬lologiya fakültəsini əla qiymətlərlə bitirən (1964-1969) Tofiq Qəhrəmanov bir müddət təyinat üzrə Sabirabad rayonunda kənd müəllimliyi etmişdi. Bu da sosial qu¬ruluşun “kənd-şəhər” mübadiləsində daha bir qəribə ka¬zusu idi; bugün pisləmək də olar, müəyyən üstünlük¬lərini etiraf etmək də. Bilmirəm, ilk ədəbiyyat dərnəyini Tofiq oralarda yaratmışdımı, amma yaxşı müəllimliyinə şübhə yeri yoxdur; bunu tələbələrinin xatirələrində də oxuyuruq, izlərini əsərlərində də görürük (Bəzi heka¬yələrini, “Sağlıq axşamı”ndakı qrammatika zarafatlarını yada salmaq olar). Tofiq Qəhrəmanov girişdiyi hər bir görəvə cəfakeşliklə, vətəndaş yanğısı və məsuliyyəti ilə, vicdan işi kimi yanaşırdı (“Gecə lampası”ndakı İqbalı anmaq kifayətdir). Bunu mən uzun zaman, şəxsi dost¬luğumuz boyu da müşahidə etmiş, görmüşəm. Girişdiyi hər görəv isə mütləq, birbaşa ya dolayısı ədəbiyyatla bağlı, ədəbiyyat işiydi; Tofiq Qəhrəmanovun ədəbiy¬yatdan ayrı həyatı yox idi. 
Tofiq Qəhrəmanovun yaratdığı, rəhbərlik etdiyi ilk ədəbiyyat dərnəyi, mənə məlum olan qədəri, Bakıxanov qəsəbəsində (o zamanlar Razin qəsəbəsi) Leninneft neft-qaz çıxarma idarəsinin mədəniyyət sarayındakı kitabxa¬nanın nəzdində olmuşdu (1973-1975). Sovet ölkəsində maarif işi heç də pis qurulmamışdı; fəhlə-kəndli hö¬ku¬məti sayılırdı, möhkəm təhsil sistemi ilə yanaşı, mər¬kəzdən ucqarlara qədər ölkəni tüm kitabxanalar bü¬rü¬müşdü. Tofiqin dərnəyinə kimlər gəlmirdi: ədəbiyyat həvəskarı olan hər yaşda fəhlələr, istedadlı gənclər, ali məktəb tələbələri, elmi işçilər, hər növ kitabsevərlər (bir çoxlarına sonralar da elmi-mədəni mühitdə rast gəl¬dim)... Az bir zamanda ədəbiyyat maraqları ətrafında: şeir, hekayə təhlilləri, roman müzakirələri, sənət söh¬bət¬ləri, qızğın polemika, canlı diskussiya mühiti maqnit sa¬həsi kimi könlündə ədəbiyyat sevgisi, həyat amalı olan hər kəsi bura çəkib gətirirdi. Onu da deyim ki, həmin mədəniyyət sarayının (hazırkı Şəhriyar sarayının eyni olan) möhkəm və möhtəşəm binası bir neçə il öncə nə səbəbəsə yerlə yeksan edildisə də, şəxsən mənim yad¬daşımda yeri hələ də diridir; və qismət olarsa, ayrıca yazı istəyir. Ədəbiyyat aşiqliyi hələ məktəbli ikən məni də Tofiq Qəhrəmanovun mərkəzdən uzaq bir neft qə¬səbəsində yaratdığı həmin dərnəyin işığına gətirmiş, aramızda yaranmış müəllim-tələbə ülfəti sonralar da davam edərək möhkəmlənmiş, əqidə dostluğuna çev¬rilmişdi. 
Tofiq Qəhrəmanovun “dərnək fəaliyyəti” barədə ya¬zıçı Azad Qaradərəli də, professor Zakir Məmmədəli də xatirə-yazısında söz açır; bu artıq başqa bir zamanın, 1970-ci illərin sonlarında Tofiq Qəhrəmanovun Azər¬baycan Pedaqoji İnstitutunun (hazırkı ADPU) “Gənc müəllim” qəzetində yaratdığı ədəbiyyat mühitinin söh¬bətidir (1975-1979). Həmin mühitdən çıxmış, bugün elm¬də, ədəbiyyatda, sənətdə imzası olan daha da neçə adları xatırlatmaq olar (Rahid Ulusel, Şamil Vəliyev, Arif Kərimov, Bahar Bərdəli, Fərzux Seyidbəyli, Şöhrət Qaraoğlu, Əhməd Oğuz, Avdı Qoşqar və b.-ları); və ona da əminəm ki, dinləsən, bu şəxslərin hər biri də əlavə çizgilərlə Tofiq Qəhrəmanovun ehtiraslı sənət bilicisi və ədəbiyyat cəfakeşi portretini tamamlaya, təsdiq edə bi¬lərdi. 
Kitablarımdan birini (“Azərbaycan yeni nəsri”, Bakı, Elm, 1999) belə bir epiqrafla başlayıram: “Ədəbiyyat təsəvvürlərimin təşəkkülündə əsaslı rol oynamış 60-cı illər nasirlərinə, məxsusən yazıçı Anara və bir də bu ün¬vanı, bu yolu mənə tanıtmış ilk müəllimim Tofiq Qəh¬rə¬manova ithaf edirəm”. Başqa xatirələr də eynisini deyir; Tofiq Qəhrəmanov dövrün sosrealizm ədəbiyyatından qopub əsl ədəbiyyat yoluna çıxmaqda, Anarı, Əkrəm Əylislini, İsa Hüseynovu, Sabir Əhmədlini, ümumən 60-cıları, modern şeiri, Rəsul Rzanı və şeirdə yenilikçiləri, Ramiz Rövşəni və dövrün digər (gənc) sənət müca¬diləçilərini, bütövlükdə müasir ədəbiyyat mənzərələrini tanımaqda, bilməkdə çoxumuza bələdçilik edibdir. O, ədəbiyyatın əlifbasından başladıb səni söhbətləri-təl¬qin¬ləri-tövsiyələri, dialoq və polemikaları ilə bu yolda təd¬ricən sənətin yüksəklərinə çəkib-apara bilir, öyrətdiyi, öyrədə bildiyi qədər də bu işdən həzz alırdı.
Tofiq Qəhrəmanov özü bir yenilikçi idi; nəinki dünya ədəbiyyatında gedən proseslərdən, tendensiyalardan hali idi, eyni zamanda bütünlükdə XX əsr sənətində - musi¬qidə, rəssamlıqda, teatr və kinoda modern təzahürlərdən hamıdan qabaq xəbər tutmağa çalışır, özü bildiyi qədər də həmkarları ilə, gənc dərnəkçilərlə bölüşməkdən heç qızırqalanmırdı. “Gecə lampası” povestində İqbalın pla¬giatçı gəncə vurduğu möhkəm həyat şapalağı heç boşuna olmayıb, yazıçının bioqrafisindən gəlir və sadəcə ədə¬biyyat oğrularına deyil, hər cür sənət dəllallarına qar¬şıydı. Bu sillə həyat yolunu azdırıb ədəbiyyatla qa¬rış¬dıran hələ çoxlarına çırpılacaq, bir çoxlarını da ağ¬rı¬dacaqdı...
Tofiq Qəhrəmanovun andeqraund mühit jestlərindən daha birini, razıyam ki, Yuxarı Dağlıq 87 ünvanında yerləşən dar, lakin daxilən hüdudsuz mənzilində aramaq olar. Maraqlıdır ki, bu ünvan da Bakı şəhərində artıq yoxdur, amma ədəbiyyatda var; Tofiq Qəhrəmanovun əsərlərində, bir də bu mənzilədə haçansa olmuş-oluşmuş ədəbiyyat-sənət mühitində obrazı var və yaşamaqda da davam edir. Rəsmən belə bir dərnək, təbii ki, mövcud deyildi, amma zaman-zaman Tofiq Qəhrəmanovun hə¬yat xəlbirindən süzülüb-keçmiş ədəbiyyat adamlarının bu xəlvətgahdan da gəlib-keçmələri, təkrar-təkrar, hər dəfə yenidən özü bir hərəkət yaradırdı. Fb-də “Belə” silsiləsindən bir dəfə belə bir status yazmışdım: “Belə. Tofiq qəhrəmanovun Ədəbiyyatda Kələfləri. Azad Qa¬radərəli. Rahid Ulusel. Tehran Əlişanoğlu. Etibar Kəri¬mov. Elşad Məmmədzadə... Aça bilsəniz. per¬pe-tium-mobile” (Tənqid.net jurnalı, № 12, s. 500). Əlbəttə, Kələfi xələflər açmağa cəhd etmişdi. Zatən Tofiq Qəh¬rəmanovla fikir, məslək, ürək sirdaşı olub, bu yaxın-lıqdan uzaq düşmək, qopmaq da mümkünsüz idi...
Tofiq Qəhrəmanovun dövranla müxalifliyində, barış¬mazlıq ruhunda ekzistensial səbəblər axtaranlar, güman ki, haqlıdırlar. Amma bəzi yazılanlarda görürəm boya-ları qatılaşdırıb, israrla bu məqama “ictimai-siyasi hərə¬kat” rəngi verməyə cəhdlər var; razılaşmıram. Tofiq Qəhrəmanovun müxaliflik söhbəti sosial quruluşla məh-dudlaşmayıb, ictimai-siyasi konteksdən daha dərin idi; İnsan və qeyri-insani mühit, İnsanlıq və hər növ insan¬sızlıq, İnsansevərlik və əhatəsinin İnsana tərs-mütə¬na-sibliyi mətləblərini ehtiva edirdi. Dərnəkçilər yəqin ki, Tofiqin Füzuli ölçüsü, Füzuli meyarı, Məhəmməd Füzuli aşiqliyini xatırlayırlar; bu təqribən Füzulinin dövranla müxalifliyi qəlibində bir xassə, münasibət, ekzistensiya idi... 
Əsərlərini yada salsaq, Tofiq Qəhrəmanovun tüm (İnsan) obrazları sosial mündəricəsindən, mövqeyindən, statusundan asılı olmayaraq gedişatdan narazıdırlar; həm də yazıçı bu “narazılığı” hər növ ictimai-siyasi bar¬yerlərdə qurtarmayıb, İnsani nöqtələrə, hədlərə, iç istəklərinə (ekzistensiyasına) qədər gətirir. Bir anlıq T.Qəh¬rəmanovun ictimai mənşəcə ən yaramaz qəh¬rə¬manı Qənbər Qənbərlini (“Qulbeçə”) düşünün; həyatını yelə verib sonda Allahına nəyin şikayətini edir: “Axı, mən kiməm ki?! Fəqət, ya xudaya-xudavənda, mənə də bir söylə görüm, axı, bu nə qismət, bu nə tale idi yazmışdın alnıma?! Bu qisməti, bu taleyi alnıma si¬linməz-pozulmaz yazı təki möhürləyərkən, məni bəndə adı ilə özümdən xəbərsiz, rəyimi bilmədən, soruşmadan bu işıqlı və zülmət dünyaya varid edərkən, məqsədin, məramın nə idi?!” Hər kəs də beləcə; zəmanəsindən bir başqa cür şikayətçi olub, hər kəs də öz babında, Füzuli təbirilə desək: öz “mərtəbəsi”ndə, öz həyat şövqünü yaşamaqda davam edir...
Odur ki, Tofiq Qəhrəmanovun həyat və yaradıcılığını anıb, yazıçının sovet rejimi ilə barışmazlığından da, müstəqillik yollarında ürəklə, böyük ehtirasla çarpış-malarından da hər cür danışmaq olar; amma zamanlar, sosial quruluşlar gəlib-gedir, İnsan, insanlıq mücadiləsi isə həmişə qalır. Tofiq Qəhrəmanovun dövranla müxa-lifliyinin ruhu başlıca olaraq sənət mübarizəsində, Sənət idealında ifadəsini tapırdı.     
Tofiq Qəhrəmanovun sənət idealı: ideal Sənət, sırf saf Sənət konsepsiyasında fokuslanmışdı. Bu o demək de¬yildi ki, ideal bildiyini realda da tam gerçəkləşdirə bi¬lirdi. Başa çatdırmadığı, son nöqtəsini qoymadığı, ürə¬yincə bişkin olmayan nə qədər də əsərinin əlyazmada qaldığını bilirəm; mükəmməl bildiyini isə çapa vermişdi. Adətən öz əsərlərindən çox da danışmazdı, çap olun¬muşları barədə isə hər növ, məxsusən də tənqidi fikrə son dərəcə həssasdı, sanki gözləntilərini, yazdıqlarının ef¬fektini yoxlamaq istəyirdi. O vaxtlar çox qəribə gəlirdi mənə Tofiq müəllimin sənət söhbətlərində özünü mü¬sahibləri ilə tən aparması, bərabərhüquqlu bilməsi, heç də yuxarıdan biçməməsi, hər kəlmə başı: “Mültəfit olursan?” deyə məhrəmlik axtarması. Axı necə də olsa sənətin sirlərini məhz ondan eşitmişdik, bilmişdik... 
Tofiq Qəhrəmanovun Sənət mübahisələri başqa aləm idi. Ən çox da dartışmamız “Bədii əsərdə əsas olan nədir: “nə”yi deməsi, ya “necə” deməsi?” üstündə olurdu. Təzə başlayan ədəbiyyatçı kimi də, oxucu kimi də sual bir az mənə ritorik görünürdü; “necə” deməsi sənətin özlü¬yündə təbiətidir, əlbəttə, vacib olanı “nə” deyilmidir?! Tofiq Qəhrəmanovu isə həmişə “necə” məsələsi məşğul edirdi, diqqətimizi də israrla bura yönəldirdi. Bugün Tofiq Qəhrəmanovun özünün də əsərlərini oxuyarkən, görürük: “necə” necə də vacibmiş! Yazmaq istədiyi, ya¬zacağı “nə”lər, nəsnələr həmişə Tofiqlə idi, Tofiqin içində, Tofiq Qəhrəmanov da həmin nəsnələr içində idi; yazıçı olaraq bunu Sənət müstəvisinə çıxarmağın çə¬mi¬ni-üsulunu (“necə”sini) düşünürdü... 
Tofiq Qəhrəmanovun Sənət konsepsiyasında daha bir prinsipial məqam da elə buradan doğurdu. Təhkiyə, yoxsa təsvir? O, bədii nəsrdə müəllif təhkiyəsindənsə (o buna “danışmaq” deyirdi) “göstərmə”yə üstünlük ve¬rirdi; yazıçı danışmamalıdır, göstərməlidir – deyirdi. Çün “danışanda” istər-istəməz buna ideologiya, müna¬sibət, o zaman deyildiyi kimi: “tendensiyalılıq” qarışır, əsl sənət isə tendensiyasız olmalıdır, sadəcə göstər¬mə¬lidir; qoy nəticəni oxucu özü çıxarsın. Əlbəttə, bu an-layışlarda bir şərtilik vardı. Bədii nəsr – təhkiyə sə¬nətidir, hekayəsiz, süjetsiz, nəqletməsiz keçinə bilməz; bunu Tofiq də bilirdi, sadəcə söhbət təhkiyə tex¬ni¬ka-sından gedirdi. O zamanlar modern nəsr həyatın təs¬virində ənənəvi müəllif təhkiyəsindən fərqli yeni-yeni üsullar tapmağa cəhd edirdi, güman ki, Tofiq Qəh¬rə-manov da bunun peşində idi. Əslində, Tofiq müəllimin “göstərmə” dediyi də primitiv “təsvir” anlamından uzaq olub, daha çox “təqdimetmə”: bədii obraz, detal, görüntü, hadisə-epizod, fakt-informasiya, vasitəsiz nitq, düşüncə, daxili səs və s. mahiyyəti daşıyırdı.
Əlbəttə, Sənət mükəmməlliyindən dərs almaqda To¬fiq Qəhrəmanovun M.Füzulidən müasir dünya nəs¬ri¬nə¬cən mənimsəməli zəngin arsenalı vardı; buna biz sə¬nət söhbətlərindən şahid idik. Amma mühiti yazmaqda bir¬ba¬şa yaxın sələflərindən: Anardan, Əkrəm Əylislidən, ümu¬mən 60-cılardan təkan almışdı; bunu da dolayısı öz dilindən eşidirdik. Ən çox da Anardan təkanlanmışdı. Diqqət etsək, Anar nəsrindəki başlıca iki istiqaməti To¬fiq Qəhrəmanovun əsərlərində də izləyə bilərik: 1) Qəh¬rəman və mühit münasibətləri üzərində olan əsərlər (“Bahara lap az qalır”, “Sağlıq axşamı”, “Gecə lampası”, “Simfonik muğam”, “Görmə sahəsi”, bir çox hekayə¬lə¬ri); 2) Birbaşa mühitin analizinə yönəlik satirik istiqamət (“Qonşular”, “Qulbeçə”, “Təntənə uyğunaməsi”, bir sıra hekayələri). 
Təbii ki, polemik məzmunda. 60-cılar nəsrini o qədər örnək göstərmişdi ki, Tofiq Qəhrəmanovun öz əsərlərinə də çox vaxt bu işıqda baxır, sosial mühitin təfərrüatlı analizini (nə, nədən, niyə?) görməyəndə, hardasa sınıq, dolğun olmayan realistik mənzərələr kimi gəlirdi bizə. Halbuki dedik, Tofiq Qəhrəmanov təkrarçılığı sevmirdi, sənətin gücünü yeniliyində görürdü, əsərləri də realistik deyildi. Uzun zaman (sovet dönəmi) özgələşməsindən sonra Mirzə Cəlilin milli mühitini 60-cılar ədəbiyyata qaytarmış, realistik (neo-realist) analizini də vermişdilər. Tofiq Qəhrəmanov Anar nəsrinin dayandığı yerdən baş¬layır; görsənən kəndə nə bələd amacıynan oxucunun da artıq yaxşı bildiyi bu mühitdə boğulan, sıxılan ən müx¬təlif səsləri (obrazları, qəhrəmanları, insanları) dinşəyib, öz nəsrinin gücü ilə eşitdirməyə can atırdı. Bugün “avan¬qard nəsr” deyirlər, hələ sağlığında yazdığım bir məqa¬lədə məhz realizmdən fərqləndirmək üçün Tofiq Qəhrə¬manovun nəsrini Qərb modernistik cərəyanlarından biri – ekspressionizmə qiyas etmiş, bu məxrəcdə yoz¬muş¬dum. Tofiq Qəhrəmanov nəsrinin predmeti heç də bir¬başa sosial gerçəklərin təsviri deyil (bir qayda, gerçəklər: fonda, detallarda, təfərrüatlarda gizlənir), gerçəklərin do¬ğurduğu səslərdir, reaksiyalardır, ekspressiyadır. Bu nəsr: “niyə belədir” yox, axı niyə belə olur... – sualına ca¬vab axtarışı üzərindədir. Məhz sənətin gücüdür ki, bir zamanların boğulan, boğuq səslərini bugün də, daha gur eşidirik...
Hər bir modernist yazıçı kimi Tofiq Qəhrəmanov da öz Yoknapatofasını (məşhur Uilyam Folknerin adı ilə bağlı məlum anlayış) yaratmaq arsusunda idi. Əkrəm Əylislinin Buzbulağı, Anarın şəhər mühiti kimi. Ya¬rat¬mışdır da. Yuxarı Dağlıq, bəzən yozulduğu kimi, Tofiq Qəhrəmanovun əsərlərində, eləcə məxsusi fərqli şivə ilə danışan qəhrəmanlarının, obrazlarının, tüm personaj¬ları¬nın sakin olduğu,  Bakının bayır şəhərində yuxarı məhəl¬lələrdən birinin adı olmaqla qalmır; bunlar yazıçının içəri dünyasını gerçək, doğma, doğulduğu və yaşadığı ünvana bağlayan sadəcə realistik təfərrüatlardır. Yuxarı Dağlıq küçəsi, onunla kəsişmədə 1 May, bir az aşağıda Aşağı Dağlıq küçələri, bir az yuxarıda Sovetski, Cənubi Sovet döngəsi, bir az aralıda N.Nərimanovun heykəli... – axtarsan, T.Qəhrəmanovun əsərlərində Yuxarı Dağlıq coğrafiyasının hədlərini belə tapmaq çətindir, hətta ya¬zıçı adını çəkdiyi yerləri də müstəqimlikdən çox rəmzi detallar kimi mənalandırırdı. 
Yuxarı Dağlıq – Tofiq Qəhrəmanovun mövcud real¬lıqda yaratmaq istədiyi üst-reallıqdır: Cəmiyyət, İnsan təsəvvürlərini, ideya və istəklərini, həyat və anti-həyat duyğularını bura köçürürdü. Fərqinə varsaq: “Qon¬şu¬lar”¬da həyat insanların dar “qonşuluğ”undan çıxıb, bir yandan “sovet cəmiyyəti”nin dərininə, II Dünya müha-ri¬bəsinə qədər enib-qayıtmaqla, digər tərəfdən geninə, cəmiyyətin sosial quruluşuna baş vurub yenə özünə-oturuşmaqla nə qədər də İnsan müxtəlifliklərinə açılır. “Gecə lampası”nda həyat hər gün İqballa birgə Yuxarı Dağlıqdan cəmiyyət gerçəklərinə çıxır, sosiumun da¬marlarında gəzir-gəzişir, hər dəfə daha da qalib, ro¬man¬tik gecələrinə qayıdır. “Simfonik muğam”da Yuxarı Dağ¬lıq bir az özgələşmiş, “qarışmış, bulanmış” Kamil(liy)in nəfəsini artıq yaxın buraxmaq istəmir. “Qulbeçə”də yazıçı Yuxarı Dağlığı ümumən realist-coğrafi müəyyənlikdən çıxarıb Cəmiyyət modelinə trans¬fer edir. “Kitabi-Dədəm Qorqud”un şəhər mühitinə stilizəsi və parodiyası üzərində qurulmuş əsər gerçək cəmiyyət quruluşunun anatomiyasını qapsamaqla yana¬şı; onu da əminliklə deyirəm ki, sonrakı modern və postmodern nəsrdəki dekonstruksiya və rekonstruk¬si¬ya¬ların da birincisi olur...    
Tofiq Qəhrəmanov dünyaya deyiləsi Sözü olan yazıçı idi və yazıçı sözünü, yazıçı mövqeyini İlahi missiya bilirdi. Müstəqilliyimizin sevinclərini bir vətəndaş kimi, millətsevər ziyalı kimi ürəkdolusu qarşılamış, yükünü-məsuliyyətini bir yazıçı kimi daşımağa həmişə müntəzir olmuşdur. 20 yanvar 1990-cı il hadisəsinin isti-isti iziylə “Cəlladımız zalım idi” ağı-salnaməsini qələmə almağa başlamış, gecəsini gündüzünə qataraq (1990-1995-ci il¬lər) onlarla qəzet-jurnal, KİV-məlumatı, canlı şahidlərin dilindən bir qanlı Bakı gecəsinin tünd qara boyalarda gerçək tablosunu yaratmağa nail olmuşdu. Halbuki bu zaman üçün Tofiq Qəhrəmanov fiziki olaraq artıq görmə qabiliyyətini tam itirmiş, köməkçisinin (xanımının) yar¬dımı ilə yazılarını ərsəyə gətirirdi. Bu, vətəndaş-ya¬zıçının əsl hünər işi və amansız dövrana bir daha böyük protestosu idi. 
1990-cı illərdə Tofiq Qəhrəmanov bir sıra hekayələr yazıb, müstəqilliyindən ürəyincə barına bilməyən milli insanın maddi-mənəvi çətinliklərini də qələmə aldı, “Ədəbiyyat qəzeti”ndə, hekayələrini topladığı “Cavab” kitabında çap etdirdi. Ən nəhayət, sərrast qələmlə yazıya aldığı Mirzə Cəlillə dialoqlarını – “Təntənə” uyğuna¬məsini ortaya qoydu. Tofiq Qəhrəmanov kəskin ironik-publisist yanaşma ilə XX yüzilin əvvəllərinə cavab, əsrin sonunun acı Molla Nəsrəddin gerçəklərini əsərdə yanaşı gətirirdi. Neyləmək olar, hayana can atsaq da, bir ucu Dədəm Qorquda gedib-çıxırsa, digəri Cəlil Məmməd¬quluzadə həqiqətlərinə gəlib dirənir; biz axı həm də Molla Nəsrəddinin xalqıyıq...
Tofiq Qəhrəmanov öz əsrini tərk etmək istəməyib, 2000-ci ilin 8 martında canına qəsd etdi. Bir çox yozumlar bu ölüm aktını yazıçının maddi çıxılmazlıq durumu ilə bağlayır. Amma zənnimcə, bu, həqiqətin bütünü deyildir. Mənimcə, Tofiq Qəhrəmanovun ölümü həm də əsrin bir çox modernist yazıçılarına xas xarakiri aktı ilə eyniləşdirilməlidir. Vurğulandığı kimi, Tofiq Qəhrəmanov yaradıcılıqda yenilikçiliyə, durmadan gə¬liş¬mələrə son dərəcə həssas idi; bu isə həm də yazıçının maddi-mənəvi həyatının təminatını istəyirdi. Sovet dövründə hər növ güzəranın fövqündə durmağı bacarmış Tofiq Qəhrəmanov yeni dönəmdə getdikcə ağırlaşan təvazökar həyatı ilə birgə, yaradıcılıq enerjisinin də tü¬kənişini duyur, barışa bilmirdi. Doğrudur, XX əsrə son hökmünü verən “Nekroloq” əsərini ilk olaraq o yazmışdı (sonralar ədəbiyyatımızda bu adda daha iki əsər ya¬ran¬dı), “Qürub” povestində qaçqınlıq problemini Yuxarı Dağlıq dünyasının içindən çözməyə çalışmışdı; amma təzə əsərlərinin estetik təravətinin heç də əvvəlki olma¬dığını özü də hiss edirdi. Tofiq Qəhrəmanov yarım-tən və yarım-tonla yeni əsrə girmək istəmədi; bu, yazıçının cismən və ruhən dövrana son protestosu idi... 
Tofiq Qəhrəmanov təbliğatı sevmirdi; amma usan¬maz maarifçi idi. Maarif niyyətilə biz dostları, tələbələri yazıçının əsərlərinin latın qrafikası ilə ilk dəfə olaraq nəşrinə qərar verdik. “Aydın oxunan ömür” kitabının ça¬pına görə Azərbaycan Yazıçılar Birlyinin sədri, Xalq ya¬zıçısı Anara, “Görmə sahəsi” kitabının çapında yar¬dı¬mına görə Rasim Qaracaya minnətdarlığımızı bil¬di¬ririk. 
Tofiq Qəhrəmanov əsərləri ilə, əsərlərində zatən XXI əsrdədir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)