Edebiyyat.az » Palitra » Xədicə Həmidova- Silah qınından çıxdı

Xədicə Həmidova- Silah qınından çıxdı

Xədicə Həmidova- Silah qınından çıxdı
Palitra
admin
Müəllif:
18:00, 26 may 2025
109
0
Xədicə Həmidova- Silah qınından çıxdı-Azərbaycan Silahsazlıq Sənətinin Tarixi İnkişafı

 Silah qınından çıxdı 

      İbtidai dövrlərdən etibarən silahsazlıq sənəti bəşəriyyətin ən qədim fəaliyyət sahələrindən biri olmuşdur. Metalın kəşfindən əvvəl insanlar ov və müdafiə məqsədilə silahlarını əsasən daş, sümük və ağacdan hazırlayırdılar. Lakin metalın kəşfi və işlənməsi ilə silahsazlıq daha da inkişaf etmiş, daha dayanıqlı və möhkəm silahlar istehsal olunmağa başlanmışdır. Xüsusilə dəmirin metallurgiya sahəsində inqilabi rolu, yüksək keyfiyyətli və davamlı silahların hazırlanmasını mümkün etmişdir.

Silahların tarixi tədqiqi əsasən arxeoloji qazıntılar, təsviri sənət nümunələri (miniatürlər, divar rəsmləri) və yazılı mənbələr vasitəsilə aparılmışdır. Arxeoloji qazıntılar zamanı silahların daha çox qəbirlərdə aşkar olunması mühüm bir faktordur. Bu tapıntılar qədim cəmiyyətlərdə insanların dünyagörüşü, dövrün mədəni xüsusiyyətləri və sosial təbəqələşmənin mövcud olduğunu haqqında məlumat əldə etməyə imkan yaradır. Əsasən döyüşçü və hökmdar qəbirlərində tapılan silahların daha incə işlənmiş və möhkəm materiallardan hazırlanması, bu şəxslərin cəmiyyətdəki yüksək statusunu əks etdirir. Silahların daha çox kişi qəbirlərində aşkar edilməsi, qədim cəmiyyətlərin patriarxal quruluşa malik olduğunu bir daha təsdiqləyir. Çünki, döyüş əsasən kişilərin işi sayılırdı və onların qoruyucu, savaşçı statusu cəmiyyətdə üstün mövqe qazanmalarına səbəb olurdu.

Silahlar ümumilikdə iki əsas növə bölünür – soyuq və odlu silahlar. Soyuq silahlar odlu silahlara nisbətən daha qədim tarixə malikdir. Təyinatına görə isə silahlar şərti olaraq iki qrupa ayrılır: Hücum silahları, Müdafiə silahları

Lakin bu bölgü tam dəqiq deyil, çünki bəzi hücum silahları eyni zamanda müdafiə məqsədilə də istifadə edilə bilər və əksinə. Müdafiə silahlarına qalxan, zireh, dəbilqə, ayaqlıqlar və digər qoruyucu vasitələr daxildir. Arxeoloji qazıntılar zamanı müdafiə silahlarına nisbətən daha az rast gəlinməsi, onların əsasən ağac, dəri və digər yumşaq materiallardan hazırlanması ilə izah olunur. Bu materiallar zamanla çürüdüyü üçün günümüzə qədər gəlib çatmamışdır. 

Azərbaycanın müxtəlif ərazilərində silahların yerli materiallardan hazırlanması, torpağımızın zəngin metal yataqlarına malik olması ilə izah edilir. Buna misal olaraq, Erkən Dəmir dövrünə aid Naxçıvan ərazisində tapılan və yerli xüsusiyyətlər daşıyan silahları göstərmək olar. Lakin bu silahların yalnız material baxımından deyil, həm də yerli ustalar tərəfindən hazırlanması, Azərbaycan sənətkarlarının bu sahədəki yüksək məharətini nümayiş etdirir.

Albaniya müdafiə silahları haqqında ilk yazılı məlumat bizə Strabon tərəfindən çatdırılmışdır. Onun verdiyi məlumata görə, Albaniyada qalxanlar uzun, dördbucaqlı formada olmuş, zirehlər əsasən dəridən hazırlanmış və xəz papaqlardan istifadə edilmişdir. Albaniyada zireh geyimlərinin iki növü mövcud idi. Birinci növ zirehlər ön və arxa hissəni qoruyan iki metal lövhədən ibarət olmuşdur. Bu tip zirehlərin Qədim Roma təsiri altında Albaniyada istifadə edildiyi ehtimal olunur. İkinci növ isə əsas hissəsi dəridən ibarət olub, üzəri kiçik metal lövhəciklərlə örtülmüş zirehlər idi. Strabon bu növ zirehi balıq pulcuqları ilə müqayisə etmişdir. Bu tip zirehlər yalnız döyüşçüləri deyil, atları da müdafiə etmək üçün istifadə olunurdu.

Müdafiə silahlarının günümüzə qədər yalnız bəzi hissələri qorunub saxlanmışdır. Bu tapıntılar arasında metal düymələr xüsusilə diqqət çəkir. Bu düymələrin istifadəsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, onlar zirehin müxtəlif hissələrini birləşdirmək üçün istifadə olunurdu. Digər ehtimala görə isə bu düymələr zirehli paltarın müxtəlif hissələrinə bərkidilərək, ox uclarına qarşı əlavə müdafiə rolunu oynayırdı. Bu mis, tunc və dəmir düymələr Azərbaycanın müxtəlif ərazilərində çoxlu sayda aşkar edilmişdir.

Digər mühüm müdafiə vasitələrindən biri də dəbilqə olmuşdur. Lakin dəbilqələr əsasən yuxarı təbəqə nümayəndələri üçün nəzərdə tutulduğundan, arxeoloji qazıntılar zamanı onlara nisbətən az rast gəlinmişdir. Albaniya dövrünə aid nümunələr arasında qulaqları örtən dəbilqələrə rast gəlinir. Bu tip dəbilqələr döyüşçünün başını və qulaqlarını zərbələrdən qorumaq üçün xüsusi olaraq hazırlanmışdır.

Kəsici silahlardan danışarkən, baltalara xüsusi diqqət yetirmək lazımdır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş baltaların bir qismi sırf döyüş üçün, digərləri isə məişət məqsədilə istifadə olunmuşdur. Bəzi baltalar isə həm döyüş, həm də məişət işləri üçün uyğunlaşdırılmışdır. Ağır və güclü qol tələb edən bu silahlar, yalnız fiziki cəhətdən güclü döyüşçülər üçün daha əlverişli olmuşdur. Məhz bu səbəbdən belə baltalar nisbətən az tapılmışdır. Bu döyüş baltaları əsasən yüksək rütbəli döyüşçülərə aid olduğundan, üzərləri müxtəlif bəzəklərlə işlənmişdir.

Tədqiqatlar zamanı aşkar edilən bıçaqların böyük bir hissəsi məişətdə istifadə olunmuşdur. Lakin ehtiyac yarandıqda, bu bıçaqlar döyüş zamanı da silah kimi istifadə edilirdi. Qədim ustalar misdən silah hazırlayarkən onun möhkəmliyini artırmaq üçün tərkibinə qalay əlavə edirdilər. Bu texnika silahların daha dayanıqlı və davamlı olmasını təmin edirdi.

Orta əsrlər Azərbaycan silahsazlığı üçün bir İntibah dövrü olmuşdur. Bu dövrdə əvvəlki silahqayırma texnikaları daha da inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Azərbaycanın orta əsr silahlarını digər İslam dövlətlərinin silahlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri onların üzərində ustanın adının həkk olunmamasıdır. Bunun əvəzinə, silahlara əsasən damğa vurulurdu. Bu damğalar çox vaxt dördbucaq və ya beşbucaq formalı olur, içərisində kufi və ya süls xətti ilə yazılar qeyd edilirdi. Bu xüsusiyyət bəzən silahın aid olduğu dövrü və dövləti müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin tədqiqatçılar material, damğa və texniki xüsusiyyətlərə əsaslanaraq Azərbaycan silahlarını təyin edə bilirlər.

Bu dövrdə baş verən çoxsaylı müharibələr nəticəsində Azərbaycanın milli silah nümunələri digər dövlətlər tərəfindən qənimət kimi ələ keçirilmiş və günümüzdə müxtəlif muzeylərdə, əksər hallarda adsız şəkildə nümayiş etdirilir. Bu, milli tariximiz üçün böyük bir itkidir. Azərbaycan silahları təkcə döyüş aləti deyil, eyni zamanda incəsənət nümunəsi hesab olunur. Onların üzəri nəfis kufi və süls yazıları, nəbati və həndəsi ornamentlər, eləcə də damğalarla bəzədilirdi.

     Azərbaycan silahlarını digər Şərq ölkələrinin nümunələrindən fərqləndirmək məhz onların incəliyi və işlənmə ustalığı sayəsində asan olur. Yerli ustalar silah düzəldərkən yalnız estetik gözəlliyi deyil, həm də döyüşçünün yorulmamasını nəzərə alırdılar. Erkən dövrlərdə düz tiyəli silahlar daha ağır olduğu üçün sonrakı mərhələdə durnabelli qılınclar istifadə olunmağa başlanmışdır. Tiyin əyri olması zərbənin daha tez, ölümcül və eyni zamanda daha asan olmasını təmin edirdi. Çünki döyüşçülər qılıncdan əlavə, ağır zireh və qalxan da daşıyırdılar.

Orta əsrlərdən günümüzə qədər daha çox halqavari zireh nümunələri gəlib çatmışdır. Bu zirehlər yüngül və hava keçirən olduğu üçün döyüşçülər arasında geniş yayılmış və onlara olan tələbat daha çox olmuşdur. Orta əsr silahları haqqında məlumatları əsasən miniatür təsvirlərdən və dastanlardan əldə etmək mümkündür. Folklor nümunələrində hətta bəzi silahların adları da çəkilir.

Bu dövrdə bütün silahlar əsasən poladdan, daha dəqiq desək, Dəməşq poladından hazırlanırdı. Varlı şəxslərə məxsus döyüş silahları daha möhkəm və keyfiyyətli olur, üzərləri zəngin ornamentlərlə bəzədilirdi. Azərbaycan ticarət əlaqələri sayəsində bu silahlar Avropa ölkələrinə də ixrac olunurdu. Metal üzərində ərəb yazılarının həkk edilməsi çətin olduğuna görə, Avropa hökmdarları bu yazıları sadəcə bəzək elementi kimi qəbul edirdilər. Nəticədə, bəzən Avropa döyüşçüləri fərqinə varmadan başlarında “Allah Haqqdır” kimi ifadələr yazılmış dəbilqələrlə döyüşlərə qatılmışlar. Bu yazıların incə və dəqiq işlənməsi isə Azərbaycan ustalarının yüksək sənətkarlığını sübut edən mühüm dəlillərdən biridir.

Silahların əsas bəzədilən hissələri tiyə və qəbzəyə aid idi. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı dəbilqələrin çoxu deşilmiş vəziyyətdə aşkar edilmişdir. Bu isə döyüşçülərin əsasən baş nahiyəsinə vurulan zərbələr nəticəsində həlak olduğunu göstərən bir sübut kimi qiymətləndirilə bilər.

Xəncər təkcə döyüş silahı deyil, eyni zamanda kişi geyiminin ayrılmaz atributlarından biri sayılmışdır. Hətta onu bir növ aksesuar kimi də qiymətləndirmək olar. Bəzi Azərbaycan bölgələrində qadınlar da xəncər daşıyırdılar. Xəncərin daşınma forması iki əsas növə bölünürdü. Türk üslubunda xəncər yan tərəfə yerləşdirilirdi ki, bu da onun tez və asan çıxarılmasını təmin edirdi. Fars üslubu isə praktik baxımdan daha az rahat idi.

Azərbaycan metalişləmənin ən mühüm sahələrindən biri olan silahsazlıq qədim və zəngin ənənələrə malikdir. Yerli ustalar əsrlər boyu bu sənətlə məşğul olaraq onu daim təkmilləşdirmiş və yüksək səviyyəyə çatdırmışdılar. Azərbaycan silahsazları yalnız ölkə daxilində deyil, həm də digər Şərq dövlətlərində bu sahənin inkişafına mühüm təsir göstərmiş və onun yayılmasında əhəmiyyətli rol oynamışdılar.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)