İMARƏT CƏLİLQIZI - İMTAHAN

Poeziya
İMARƏT CƏLİLQIZI - İMTAHAN
(Aytənə)
Qayğılı bir gecədir,
Səni bağrıma basıb
xeyir dilədim bayaq.
Sən çətin günlərimin
körpəlikdən həmdəmi,
Səninlə bölüşmüşəm
çox sevinci, çox qəmi.
Bir azdan həyatında
başlanacaq yeni gün.
Qoy bu səhər ürəyin
aram-aram döyünsün.
İlk sınaqdan çıxmağa
cəsarətlə giriş sən,
Özùnü heç itirmə
suallarda ilişsən.
Bil ki, səninləyəm mən
hər dəqiqə, hər saat.
Çalış, toxtaq olasan,
olma bir an narahat.
...Ürəyim kövrəlibdir,
gözlərim yaşla dolu,
Tanrı Özü göstərsin
sənə ən doğru yolu!..
28 iyul 2000-ci il.
Mövzuya uyğun linklər: