Edebiyyat.az » Teatr » Kukla teatrı daha bir mövsümü uğurla başa vurdu

Kukla teatrı daha bir mövsümü uğurla başa vurdu

Kukla teatrı daha bir mövsümü uğurla başa vurdu
Teatr
admin
Müəllif:
15:41, 14 iyul 2025
77
0
Kukla teatrı daha bir mövsümü uğurla başa vurdu

Kukla teatrı daha bir mövsümü uğurla başa vurdu


Azərbaycan Dövlət Kukla Teatrında 93-cü mövsümün bağlanışı və mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri üçün təsis olunmuş “Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirildi. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, deputatlar Jalə Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət Nazirliyi təmsilçiləri, Meksikanın ölkəmizdəki səfiri Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə mövsüm ərzində  kollektivin teatra qazandırdığı uğurlardan danışdı:

- Bildiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı üçün 2025-ci il olduqca zəngin  olub. İlk növbədə, Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etdik. Teatr heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə oldu, tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olundu. Onu da qeyd edim ki, bu festivala biz də ev sahibliyi edirik. Bu, qardaş Türkiyə ilə Azərbaycan kuklaçıları arasında olan müştərək iş birliyidir.

Daha sonra, 20-26 may 2025-ci il tarixlərində qardaş ölkə Qazaxıstanın Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında “Melisa” tamaşası ilə çıxış etdik.

Təmsilçilərimiz 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında da uğurlara imza atdılar.

Daxili qastrol proqramı çərçivəsində Göyçay, İsmayıllı, Lənkəran şəhərlərinə və işğaldan azad olan torpaqlarımıza qastrol proqramlarını reallaşdırdıq.

Beləcə, Zəngilan, Laçın, Şuşa, ardınca Füzuli və Ağdam şəhərlərində də fərqli tamaşa-konsert proqramları ilə çıxışlar etdik.

Bu mövsümdə teatrımızda Polşa və Meksika respublikalarının ölkəmizdəki səfirlikləri ilə birgə Polşa və Meksika kukla sənəti ilə bağlı maraqlı sərgilər də təşkil olundu. 

Gürcüstan və Özbəkistan kukla teatrları ilə əməkdaşlıq haqqında yeni mərhələyə qədəm qoyduq. Qürurla deyə bilərəm ki, teatr müəssisəsi kimi tamaşa planımızı bu mövsümdə də artıqlaması ilə yerinə yetirmişik.

Teatrın direktoru ilin sonunadək daha üç səhnə əsərinin hazırlanacağını və daha 2 beynəlxalq festivalda iştirak edəcəklərini də diqqətə çatdırdı.

Xalq artisti İlham Namiq Kamal: - Kukla Teatrı mənim üçün doğma bir məkandır. Bu gün bu tədbirdə Teatr Xadimləri İttifaqının sədr müavini kimi iştirak edirəm. Çox şadam ki, bu özəl gündə Kukla Teatrının bir çox aktyorlarını medallar və fəxri fərmanla təltif edəcəm. Onu da qeyd edim ki, bu teatrda “Don Kixot” adlı bir tamaşa oynanılır. Bu tamaşanı mən ifa edirəm. 70 illik yubileyim münasibətilə teatr tərəfindən mənə belə bir layihə təqdim olundu. Bu səhnə işinin musiqisi Vüqar Camalzadəyə, mətnin sözləri isə Əməkdar artist Rəhman Rəhmanova məxsusdur.    

Sonda, teatrın baş direktoru Rəşad Əhmədzadə tərəfindən millət vəkilləri və media təmsilçilərinə “Teatrın dostu” rəmzi mükafatı təqdim olundu.

Əlavə olaraq isə, teatrın dörd əməkdaşı - Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayeva Teatr Xadimləri İttifaqının təsis etdiyi “Teatr fədaisi” medalları, sənət ocağının dram artistləri Lina Məmmədova və Afət Zülfüqarova isə ittifaqın Fəxri fərmanları ilə təltif olundular.

Tədbir musiqi nömrələri ilə davam etdi. Xatirə şəkilləri çəkildi.

 

Fidan SALMANOVA

Edebiyyat.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)