Edebiyyat.az » Poeziya » Əziz Yaqubzadədən şeirlər

Əziz Yaqubzadədən şeirlər

Əziz Yaqubzadədən şeirlər
Poeziya
admin
Müəllif:
17:15, 12 mart 2022
2 195
0
Əziz Yaqubzadədən şeirlər





Gizlənpaç

 

Səndən sonra hamı bir az yarımçıq,

səndən sonra hər şey çiydi bu evdə.

Səndən sonra elə küskün böyüdüm,

xoş söz də xətrimə dəydi bu evdə.

 

Döşəməsi soyuq oldu, bu evin

səndən sonra divarları qızmadı.

Nə vaxt biri getməyindən danışsa,

bu qış gəlmiş evdə içim sızladı.

 

Bir gün hamı yoxluğunla barışdı,

bircə mən saxladım səni içimdə.

Sənin məzarına gedəndə belə

mən səni axtardım evin içində.

 

Mən səni axtardım gecə yatanda,

səhər anam məni oyadanda da.

Mən səni axtardım məktəbdən evə

"Quyruqlu beş" alıb, qayıdanda da..

 

Özüm öpdüm qanayan barmağımı,

heç kim gəlib, göz yaşımı silmədi.

Mən hətta gizlənpaç oynayanda da

səni axtarırdım, heç kim bilmədi.

 

Harada xoşbəxt ailə tablosu görsəm,

gözüm həsrətlə daldı uzaqlara.

Mən həmişə paxıllıq eləyirdim,

atasıyla oynayan uşaqlara.

 

İndi də ümidim tərdi-təzədi,

sanıram, hardansa mənə baxırsan.

Bəs indi gözümü yumsam, səninlə

gizlənpaç oynasaq, görən çıxarsan?!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yol

 

Gəlməyini biləndən

Əcəb evdarlaşmışam.

Sənə öz əllərimlə

Bugün süfrə açmışam.

 

Kaş bir bilsən bu anı

Nə qədər gözləmişəm.

Gəlsən üşümə deyə

Çayı da dəmləmişəm.

 

Mən də bu havalarda

Darıxıram bilirsən.

Hansı səmtə boylanım,

Ha tərəfdən gəlirsən?

 

Görən nə geyinmisən?

Saçını yığmısanmı?

Sənə aldığım şarfı

Boynuna taxmısanmı?

 

İndi yolda başını

Görən nəylə qatırsan?

Sən də qovuşmaq üçün

Dəqiqələri sayırsan?

 

Kitabını oxuyub

Yuxuya gedirsənmi?

Tez çatmaq üçün sən də

Dualar edirsənmi?

 

Yollaramı baxırsan,

Mənə yol gələ-gələ?

Sən gəldiyin yolların

Başına dönüm elə...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Saçlarım 

 

İndi mənim saçlarım

sığal arzusundadır.

"Hər şey yaxşı olacaq"

cümləsiylə başlayan

nağıl arzusundadır.

 

O hələ də inanır,

nağıllara, miflərə.

Onun nağıllarında

hamı elə yaxşıdır,

gərək yoxdur divlərə.

 

Bircə əl də yoxdu ki,

gəlib özün yetirə.

Onun düz milyon illik,

bitməyən həsrətini

birdəfəlik bitirə.

 

Mənim saçlarım həm də

qayğıdan yetim qalıb.

Sevgisizlik görəndə

bir-bir intihar edir

özün yastığa atıb.

 

Telini öpən yoxdur,

yoxdur kimi-kimsəsi.

O qədər tənhadır ki..

(yazıq mənim saçlarım)

toxunmağa əl gəzir.

 

İndi təklikdən özün

qucaqlayır gecələr.

Hələ də inanır ki,

bir çiyinlə qovuşsa,

hər şey.. hər şey düzələr...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sən də atam kimisən..

 

Sən də atam kimisən..

Yaman tez unudursan

gedəndə birnəfəsə

çırpdığın qapıları.

Sonra elə gəlirsən..

silirəm yaddaşımdan

səndən incikliyimi,

etdiyim davaları...

 

Sən də atam kimisən..

Biri qəlbini qırsa,

nəyisə dərd eləsən,

ya da küssən, eləsən,

içində saxlayırsan.

Elə ki, gecə olur,

pencəyini geyinib,

çıxırsan eyvanına

gizlincə ağlayırsan...

 

Sən də atam kimisən..

Sən də xoşbəxt olanda

uşaqlaşırsan bir az,

sən də gülümsəyəndə

iki yanağın batır.

Sən də acılarını

örtürsən gülüşünlə,

sənin də gülüşünün

altında kədər yatır.

 

Sən də atam kimisən..

Onun kimi səni də

adicə quru sözlə

aldatmaq olur asan.

Qorxuram, onun kimi

bir gün əcəl sənin də

qulağına pıçıldar,

...Qorxuram elə sən də

Bir gün qayıtmayasan...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)