Kənan HACI - Doktor Jivaqonun taleyini yaşayan Pasternak
Alman əsilli Nobel mükafatçısı Gunter Qrass yazır ki, yazıçı axıb gedən zamanın əleyhinə yazan adamdır. Yazıçı yazmaq üçün öz istədiyi şəkildə azadcasına
mövzu seçmir, içində olduğu mühit ona bu mövzunu diktə edir. Siyasi rejimin diktəsi ilə məcburən Nobel mükafatından imtina etmiş Boris Posternak da mənsub olduğu nəslin taleyini qələmə alıb. Bu tale abidəsi ona dünya şöhrəti qazandıran “Doktor Jivaqo” romanıdır.
Romanda Rusiya inqilabı fonunda fərdin azadlığı ön plana çıxır. Yuri Andreyeviç azad ruhlu insandır, inqilab isə insanları sistemə tabe olmağa məcbur edir. Bu ziddiyyət əsərin əsas fəlsəfi xəttidir. Yurinin faciəsi bu ziddiyyətdən doğulur. İdeoloji sistem onun ruhunu buxovlamağa çalışır, Yuranı atası atıb gedib, anası isə xəstəlikdən ölüb, onu dayısı öz himayəsinə götürüb. Hələ uşaq ikən həyatın zərbələrini görmüş yeniyetmə inqilabi fırtınaların qoynuna düşür və ruhi müvazinətini qoruyub saxlamağa çalışır. Lara onun uşaqlıq sevgisidir, o, yalnız bu məhəbbətdən güc alır. Yuri, Lara öz həyatlarını idarə etmək istəsələr də, tarix və müharibə onların taleyini dəyişir. Pasternak məhz bu ağrılı və faciəvi prosesi təsvir edir, fərdin daxili dünyasına fokuslanır.
Tarix insanı əzə bilər, insanın ruhu isə əbədidir, ölümsüzdür. Cəmiyyətin elitası ölkənin acınacaqlı vəziyyəti ilə barışa bilmir. Onların ürəkləri inqilab hissiylə qidalansa da baş verəcək faciələrdən qorxurlar. Məsələ burasındadır ki, dünyada despotik rejimlərin dinc yolla çökməsinin heç bir siyasi nəzəriyyəsi və ya tarixi təcrübəsi yoxdur.
İnqilab və sevgi... Bu iki xətt əsərdə paralel inkişaf etdirilir. İkinci kitabda Pasternakın şairliyi özünü göstərir. Jivaqonun yaradıcılıqla bağlı fikirləri son dərəcə qiymətlidir.
“Mənim çoxdankı baxışlarım belədir ki, incəsənət özündə saysız-hesabsız anlayışları və şaxələnən hadisələri ehtiva edən bir sahənin adı deyil, bunun tam əksinə olaraq, o nəsə yığcam və məhdud bir sahədir, bədii əsərə daxil olan başlanğıcları müəyyənləşdirən, onda tətbiq olunan gücü, yaxud həqiqətin adını ehtiva edən məhdud bir nəsnədir. Və mənə incəsənət heç vaxt bir əşya, formanın bir cəhəti kimi görünməyib, əksinə, onu daha çox mahiyyətində gizlənən sirli bir parça saymışam. ...Əsərlər çox şeydən söz açır: mövzulardan, vəziyyətlərdən, süjetlərdən, qəhrəmanlardan. Lakin onlar hər şeydən çox, özlərində var olan incəsənətdən danışır. “Cinayət və cəza”nın səhifələrində incəsənətin varlığı adamı Raskolnikovun cinayətindən daha çox təsirləndirib sarsıdır”.
Jivaqo sənətin mahiyyətinə varmağa can atır, onun insan həyatına nə dərəcədə təsir göstərə bilməsi haqda düşüncələrə dalır. Müəllif Yuranın dilindən yazır: “Bütün rus gerçəkləri arasında Puşkin və Çexovun sadəlövh, uşaq kimi rus qəlbini sevirəm, bəşəriyyətin hədəfləri və nicatı kimi böyük, təmtəraqlı şeylərə qarşı onlardakı utancaq qayğısızlığa valehəm”.
Jivaqo müharibədən yayınır, həkim olsa da təbabətə nifrət edir, onu kənd idilliyası və poeziya cəlb edir. O, düşmənə güllə atmağı bacarmır, mahiyyətində qəddarlıq yoxdur. Tanya ilə ailə qursa da bütün ruhuyla Laranı sevir. (Tanya körpəsiylə birgə sürgünə göndərilir. Yura heç vaxt onları görə bilmir.) Onların (Yura ilə Laranın) sevgisi tarixi hadisələrin burulğanında məhv olur. Antipov (Strelnikov) bu sevginin aynasına çırpılmış bir daşdır. Bu kifayət qədər ziddiyyətli adam Laranın həyatında epizodik rol oynayır, baxmayaraq ki, onun əridir, lakin inqilabı ailədən üstün tutur. Müəllif Yura ilə bu tipi iki dəfə qarşılaşdırır, birinci dəfə müharibə bölgəsində, ikinci dəfə isə dinc həyatda. Antipov sonda özünü güllə ilə vurub intihar edir. O, bu addımı məğlubiyyətini dərk etdikdən sonra atır. Anlayır ki, inqilab ona səadət deyil, bədbəxtlik gətirib. Dövrün “inqilabi kəmağıllığı və sərsəmliyi” onun ömrünə son qoydu. Pasternak yazır: “Heç kəsin vicdanı təmiz deyildi. Hər kəs əsaslı olaraq özünü baş verən hər şeydə günahkar, gizli cinayətkar, ifşa edilməmiş yalançı saya bilərdi. ...Adamlar xəyallara qapılır, təkcə qorxunun təsiri altında yox, həm də dağıdıcı xəstəhal məşğuliyyət kimi, könüllü surətdə, metafizik trans vəziyyətində və sərbəst buraxan kimi, qarşısını almaq mümkün olmayan özünümühakimə ehtirası ilə özlərinə böhtan atırdılar”.
Pasternak göstərmək istəyir ki, insan ruhu çətin dövrlərdə belə öz hisslərini və mənəviyyatını qorumağa çalışır. Yuri Andreyeviç ruhunu çirkablardan qorumağa çalışır və fiziki olaraq buna gücü çatmır. Yolda gedərkən ürəktutması nəticəsində dünya ilə vidalaşır. Laranın isə taleyi naməlum qalır...
Əsər 1958-ci ildə Nobel mükafatına laqiq görülüb. Amma “Doktor Jivaqo” SSRİ-də qadağan edilmişdi.
Taleyin ironiyasına baxın... Başda Xruşşov olmaqla sovet rəhbərliyi Pasternaka təzyiq göstərərək onu Nobel mükafatından imtina etməyə məcbur edib. Bu qadağalar Pasternakın ölümünü tezləşdirdi. Cəmi iki il sonra, 1960-cı ildə Pasternakın ürəyi dayandı.
“Doktor Jivaqo” romanının tam və orijinal variantı rus dilində yalnız 1988-ci ildə çap edildi.
