Edebiyyat.az » ƏLİ RZAZADƏ - Ədəbiyyat bəzən əxlaqi inkişaf vasitəsi yox, vəhşiliyi örtən pərdə olur"

ƏLİ RZAZADƏ - Ədəbiyyat bəzən əxlaqi inkişaf vasitəsi yox, vəhşiliyi örtən pərdə olur"

ƏLİ RZAZADƏ - Ədəbiyyat bəzən əxlaqi inkişaf vasitəsi yox, vəhşiliyi örtən pərdə olur"
---
admin
Müəllif:
12:50, 27 may 2026
34
0
ƏLİ RZAZADƏ - Ədəbiyyat bəzən əxlaqi inkişaf vasitəsi yox, vəhşiliyi örtən pərdə olur"



"Tarix boyu “maariflənmiş zülümkar” obrazı çox vaxt bir maskaya çevrilib. Çünki kitab oxuyan insana inanılır, mədəniyyət sahibi olan adam daha az şübhə doğurur. Beləcə ədəbiyyat bəzən əxlaqi inkişaf vasitəsi yox, vəhşiliyi örtən pərdə olur"

----- 

Bu sual ruhun dərinliklərində ağır bir zəng sədası kimi yüksəlir: insan necə ola bilər ki, bəşəriyyətin mərhəmət, gözəllik və sevgi haqqında yazdığı ən incə mətnləri, sevgi romanlarını oxusun, sonra isə masasından qalxıb bütöv bir şəhərin məhvinə əmr versin?

Bir ürək necə olur ki, Tolstoyun “Anna Karenina”sında eşqin zərif ritmini daşısın, eyni anda isə SU-57 təyyarələrinə uşaqların üzərinə ölüm yağdırmaq üçün əmr versin?

Bu dəhşətli ziddiyyət  ədəbi bir paradoks yox, sivilizasiyanın bədənində açıq qalmış yaradır.

Məşhur Amerikalı yazıçı Eduard Said “Dünya, mətn və tənqidçi” əsərində bu sualla  əlaqədar  təsirli bir hekayə danışır. O, Vyetnam müharibəsi dövründə ABŞ Müdafiə Nazirliyində işləyən bir akademikdən danışır.

O qanlı günlərdə, “azadlıq” adı altında Vyetnam kəndlərinə bombalar yağdırıldığı bir vaxtda həmin akademik nazirlikdə yüksək vəzifəli məmurun kabinetinə daxil olur. Masanın üzərində hərbi xəritələr və şifrəli rabitə cihazları arasında qəribə bir mənzərə görür: Marqaret Mitçel - “Küləklə sovrulanlar” kitabı.

Yəni, təsəvvür edin, gündüzlər tanımadığı ölkələrin bombalanmasına, günahsız uşaqların öldürülməsinə qərar verən bir adam, axşam evinə dönüb ədəbiyyatın incəliklərinə dalır, klassik romanlardan zövq alır. Eyni anda həm ədəbiyyat oxuyan, həm də bombalama əmri verən insan. Eduard bu ziddiyyəti görəndə heyrətini gizlətmir, lakin amerikalı akademik onu belə izah edir: “İnsan çoxqatlı varlıqdır; onu yalnız cəllad obrazına sığışdırmaq olmaz.”

Lakin, ədəbiyyatçıların eşitmək istəmədiyi həqiqət isə budur: tiranla mədəniyyət arasındakı münasibət çox vaxt sevgi yox, nümayiş və istifadə münasibətidir. O, ədəbiyyatı anlamaq üçün yox, özünü bəzəmək üçün oxuyur.

Elə məmurların  kabinetindəki kitablar bilik xəzinəsi deyil, özünü ideal göstərmək istəyən bir xəstəliyin güzgüsüdür. Divarlardakı sənət əsərləri isə gözəlliyə açılan pəncərə yox, onun “Mən pis adam deyiləm” obrazını təsdiqləyən dekorasiyadır.

Tarix boyu “maariflənmiş zülümkar” obrazı çox vaxt bir maskaya çevrilib. Çünki kitab oxuyan insana inanılır, mədəniyyət sahibi olan adam daha az şübhə doğurur. Beləcə ədəbiyyat bəzən əxlaqi inkişaf vasitəsi yox, vəhşiliyi örtən pərdə olur.

Yenə başqa bir sual yaranır: Bəs niyə axı ədəbiyyat, zülmkarların əxlaqını, tərbiyəsini dəyişmir?


Zənnimcə cavab belədir: ədəbiyyat avtomatik işləyən əxlaq sistemi deyil. O, insana anlama imkanı verir, amma dəyişməyə məcbur etmir. Bəli, insan mərhəmət haqqında oxuyub yenə də mərhəmətsiz qala bilər. İnsanlar çox vaxt oxumağı həqiqət axtarışı üçün yox, öz obrazlarını möhkəmləndirmək üçün istifadə edirlər. Beləliklə, ədəbiyyat xəbərdarlıq deyil, “mədəni dərinlik” dekoruna çevrilir.

Ədəbiyyat onları dəyişdirmir, çünki onlar mətni vicdanla yox, idarəetmə vasitəsi kimi oxuyurlar. Məsələn,  “Səfillər” onlarda empatiya yox, sadəcə estetik təəssürat yaradır.

Əsl oxucu isə daha çox tərbiyəvi təsirə məruz qalır, daha çox hiss edir, daha çox anlayır, daha çox bağışlamağa yaxınlaşır. Zülmkar isə eyni mətndən insan faciəsini necə idarə edə və vəhşiliklərini necə legitimləşdirə bilər nəticəsini çıxarır. 

Əslində bir az daha diqqətlə tarixə baxsaq görərik ki, ədəbiyyatla, incəsənətlə öz vəhşiliklərini ört-bastır edənlər az deyil. Bu, köhnə oyundur: Neron Roma yanarkən lira çalır, Hitler yad ölkələrə hücum çəkməklə yanaşı, təbiətin gözəlliyini əks etdirən rəsmlər çəkir, Stalin isə özünü mədəni insan kimi göstərməyə çalışır. Hamısı eyni mesajı verir: “Mən sizin düşündüyünüz qədər dəhşətli deyiləm.” Amma təəssüf ki, dünya da bu oyuna tez-tez aldanır. Əsl fərq isə budur: biri oxuyur ki, insan ola bilsin, digəri oxuyur ki, insanlığını, əsl simasını maskalasın. Başqa sözlə desək ədəbiyyat nə xilasdır, nə də zəmanət. O, sadəcə bir imkandır, ya vicdanı oyadır, ya da onu susdurur.

Həqiqi maariflənmə isə başqasının ağrısını hiss etmək, gözəlliyi anlayıb ona uyğun yaşamaqdır, kitabı əzbər bilmək deyil.

Yuxarıda qeyd etdiyimiz Eduardın nəql etdiyi hekayəsinə qayıtsaq, o masa üzərindəki hərbi xəritələr və eşq aid kitablar bizə bunu göstərir: problem kitabda  deyil, kitabla  vicdan arasındakı əlaqənin qırılmasındadır.  Kitab, insan özündə dəyişilməyə hazır olduğu zaman ona kömək edə bilər. 

Və bəlkə də ən vacib nəticə və məqam budur: mədəniyyət vicdansız olanda, ədəbiyyat sadəcə bəzək və dekordur.  Lakin vicdanla birləşəndə, o, həqiqətən insanı dəyişə bilər.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)