Edebiyyat.az » Poeziya » Vitezslav Nezval (Çexiya) (1900-1958) - Sentyabrda

Vitezslav Nezval (Çexiya) (1900-1958) - Sentyabrda

Vitezslav Nezval (Çexiya) (1900-1958) - Sentyabrda
Poeziya
admin
Müəllif:
17:23, 21 sentyabr 2023
449
0
Vitezslav Nezval (Çexiya) (1900-1958) - Sentyabrda

 


 

Payız 

yarpaq-yarpaq əriyib gedir, 

sevginin, nifrətin amanı yoxdur. 

 

Payız 

yarpaq-yarpaq əriyib gedir, 

bir də qayıtmağa gümanı yoxdur. 

 

Gözündən 

yarpaqtək nəsə sürüşür –

xiyaban kimsəsiz, park da adamsız. 

 

Gözündən 

hərdənbir damcılar düşür, 

düşür budağından yarpaq – aramsız... 

 

 

QƏLBİN QUBARLANANDA 

 

Qəlbin bir azacıq qubarlandımı – 

gəl, dayanma, gəl. 

Qəmli göz yaşları səni sardımı –

gəl, yubanma, gəl. 

 

Artıq 

o gecədən heç nə qalmadı –

nə parlaq ulduzlar, nə balıq toru. 

 

Və təptəzə bir gün doğdu əlbəəl. 

De, gələrsənmi? 

Gəl! 

 

KATAFALK 

 

Divar arxasında yenə çəkiclər 

Səslənir gecədən səhərə kimi; 

Elə bil hardasa döyəcləyirlər 

Hansısa fağırın sümüklərini. 

 

Ulduzlar asılıb budaqlarından – 

Az qala dözməyib sınacaq palıd. 

Bu gecə yarısı evin yanından 

Yenə tabut keçir, qara bir tabut. 

 

Saatlar çaşdırıb bu gecə vaxtı

Əcəl zəngi kimi haray çəkirlər;

Dilsiz qarğış kimi bu gecə vaxtı

Hardasa ulaşır, hürür köpəklər.

 

İynə batmış kimi qalxıb yataqdan 

Baxıram, ürəyim yerindən qopur:

Orada, qapqara bir katafalkda 

Onlar... vətənimi hara aparır?  

 

* * *

Minib qarğı atımı 

uzaq Afrikaya çapasıyam mən; 

Dadlı portağallar bitən o yerdə 

nə qüssə, nə kədər tapasıyam mən. 

 

Və bizi güman ki, çətin ağladar 

o qızmar ölkənin odu, istisi; 

Bizə qüvvət verər mavi nağıllar, 

əlvan kəpənəklər ovudar bizi. 

 

* * *

 

Elə mən də kəndçiyəm – 

kotan sürməsəm də, yer əkməsəm də. 

Elə mən də kəndçiyəm –

torağaylar ötüb beşiyim üstdə. 

 

O doğma torpağın hər qarışında 

atamın, babamın alın təri var; 

İşdən soyuyublar şər qarışanda, 

hamısı bir qaba əl uzadıblar. 

 

O kənddə bəlkə də 

dönüb yaşamağım çətindir, amma 

O kənddə bəlkə də

qaralır hələ ki mənim də daxmam. 

 

Düyünlü əl ağacım 

gəzir hərdən-hərdən kənd arasında; 

Qırılır əl ağacım 

fərsiz oğulların qabırğasında. 

 

Elə mən də kəndçiyəm – 

çox da ki şəhərdə qərar tutmuşam. 

Elə mən də kəndçiyəm – 

özü də heç nəyi unutmamışam. 

 

Cevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)