Edebiyyat.az » Proza » İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)

İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)

İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)
Proza
Necef Esgerzade
Müəllif:
14:45, 03 iyul 2019
2 242
0
İvan Alekseyeviç Bunin ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısıdır. Yazıçının Birinci Dünya müharibəsinə qədərki dövrdə qələmə aldığı "Anton almaları", "Şamlar", "Kənd", "Quraqlıq" və s. əsərlərində rus kəndinin dəhşətli vəziyyəti təsvir olunub. Mühacirət dövrü yaradıcılığında "Mityanın məhəbbəti" (1925), "Günvurma" (1927) və avtobioqrafik səciyyəli "Arsеnyеvin həyatı" (1933) kimi əsərləri mühüm yеr tutur. 1915-ci ildə çap olunmuş “San-Fransiskolu cənab” hekayəsi dünyada ən məşhur əsərlərdən biridir. Yazıçı Tomas Mann bu hekayəni Lev Tolstoyun “İvan İliçin ölümü” hekayəsi ilə bir səviyyədə tuturdu.

 

San-Fransiskolu cənab

Vay halına, möhkəm şəhər Babil! 
Apokalipsis

San-Fransiskolu cənabın adını nə Neapol şəhərində, nə də Kapri adasında heç kim yadda saxlamadı. Arvadı və qızıyla Köhnə Dünyaya sırf əyləncə xatirinə iki illik səyahətə çıxırdı. İstirahət etməyə, kef çəkməyə, uzun-uzadı rahat səyahət etməyə tam haqqı olduğuna əmin idi. Bu cürə əminlik üçün əsasları da vardı. Birincisi, varlıydı, ikincisi isə, əlli səkkiz yaşı olmasına baxmayaraq, həyata yenicə addımlarını atırdı. Müəyyən müddət yaşamadı, sadəcə mövcud oldu. Düzdür, onun mövcudiyyəti elə də pis deyildi, amma yenə bütün ümidini gələcəyə bağlamışdı. Yorulmadan işləyirdi. İşə götürdüyü minlərlə çinli onun yorulmadan işləməsinin nə demək olduğunu yaxşı bilirdilər! Nəhayət, çəkdiyi zəhmətin könül açan bəhrəsini gördükdən sonra, istirahət etmək qərarına gəldi. Gördüyü işləri özünə heç zaman nümunə götürmədiyi şəxslərin işləriylə müqayisə edirdi. Dövrəsində olduğu adamlar həyatdan həzz almağa Avropaya, Hindistana, Misirə səfər etməkdən başlamaq adətinə sadiq idilər. San-Fransiskolu cənab da belə etmək qərarına gəldi. Neçə illər ərzində çəkdiyi zəhmətə görə ilk növbədə özünü mükafatlandırmaq istəyirdi. Arvadı və qızına görə də sevinirdi. Yaşlı amerikalı qadınlar ehtiraslı səyyahlar olduqlarından, San-Fransiskolu cənabın arvadı digər qadınlardan xüsusi həssaslığıyla fərqlənmirdi. Qızına gəldikdə isə, həddi-buluğa çatmış, bir az da naxoş qız olduğundan, səyahətə ehtiyacı vardı. Səyahət etməyin sağlamlığa faydasından çox danışmaq olar. Axı səyahətlərdə uğurlu görüşlər olur. Bəzən masa arxasında oturursan, bəzən də milyarderin yanında durub freskalara baxırsan.

San-Fransiskolu cənab səyahət marşrutunu geniş hazırlamışdı. Dekabrda, ya da yanvarda Cənubi İtaliyanın günəş şüalarından, qədim tarixə malik abidələrindən, xalq rəqslərindən, avara müğənnilərin sevdikləri qızların eyvanı altında oxuduqları serenadalardan, həmyaşıd olduğu insanlar kimi, gənc neapollu qızların istər təmənnalı, istərsə də təmənnasız sevgisindən həzz almağa ümid edirdi. Fransanın Nitsa, Monakonun Monte-Karlo şəhərində karnavallar keçirməyi düşünürdü. Cəmiyyətin say-seçmə adamlarının axın etdiyi bu şəhərlərdə bəziləri böyük həvəslə avtomobil və yelkənli qayıqların yarışına qatılır, bəziləri ruletka oynayır, bəziləri eşqbazlıqla məşğul olur, bəziləri də, zümrüd yamacın yaşıllıqlarından səmaya qalxıb yaddaş çiçəyinin göyümtüllüyünə bürünmüş dənizin fonunda uçuşan, ağımtıl bədənləriylə torpağa toxunan göyərçinləri ovlayırdılar. San-Fransiskolu cənab martın əvvəllərində ömrünü Florensiyaya həsr etmək, katolik duasını dinləmək üçün, tanrının izniylə Romaya getmək fikrindəydi. Venesiya, Paris, öküz döyüşünün keçirildiyi Sevilya şəhəri, ingilis adalarında çimmək, Afina, Konstantinopol, Fələstin, Misir, hətta Yaponiya da onun planlarına daxil idi... Əvvəl işləri yaxşı gedirdi.

Noyabrın axırları idi. Cəbəllütariqdən başlayaraq gah buzlu dumanlara, gah da sulu qarlı-boranlı tufanlara sinə gərən gəmi durmadan üzürdü. Sərnişinlər çox idi. Məşhur “Atlantida” buxar gəmisi bütün rahatlıqlarla təmin olunmuş nəhəng mehmanxananı xatırladırdı. Şərq memarlığı üslubunda hamamları, gecə barı, özünün qəzeti vardı. Bu gəmidə həyat ahənglə axırdı. Sərnişinlər səhər tezdən, günəş şüalarının səmadakı dumandan təşvişə düşüb boz-yaşıl su səhrasının üzərində qaşqabaqla işıldadığı tutqun saatlarda bütün dəhlizləri bürüyən sirenanın çağırış səsləriylə oyanır, əyinlərinə flanel pijamalar geyinib, kofe, şokolad, kakao içirdilər. Mərmər vannaya otururdular, gimnastika edərək iştahlarını açır, yaxşı əhval-ruhiyyədə olurdular. Ayaqyoluna gedib təbii ehtiyaclarını ödəyir, sonra da masa arxasına əyləşib, birinci səhər yeməklərini yeyirdilər. Saat on birə qədər göyərtədə okeanın soyuq təravətli havasından udumlaya-udumlaya gümrah gəzintidə olmalı, iştahlarını artırmaq üçün şafflbord oyunu və ya digər oyunlar oynamalıydılar. Saat on birdə isə, gümrah görünsünlər deyə, buterbrod yeyib, bulyon içməliydilər. Bundan sonra, məmnuniyyətlə qəzet oxuyar və birinci səhər yeməyinə nisbətən daha çox qidalı olan müxtəlif çeşidli ikinci səhər yeməyini səssiz-səmirsiz gözləyərdilər. Növbəti iki saat istirahətə həsr edilirdi. Göyərtəyə qoyulmuş qamış kreslolarda səyahətçilər yun şala bürünüb uzanır, buludlu səmanın seyrinə dalır, dağların yamaclarından şırıltıyla axan çayların gah qayalara çırpılaraq köpüklənib sayrışmasına, gah da şirin-şirin mürgüləməsinə tamaşa edirdilər. Təravətlənmiş, gümrahlaşmış sərnişinlər saat beşdə ətirli çaydan içib, peçenye yeyirdilər. Saat yeddidə isə, sirena siqnalının xəbərdaredici səsi, bütün bu gəmidəki mövcudiyyətin əsas məqsədini, ən yüksək zirvəsini təşkil edirdi. Buna görə də San-Fransiskolu cənab paltarını dəyişmək üçün lüks otağına tələsirdi.

Axşamlar “Atlantida”nın mərtəbələrindən zülmətdə sayrışan saysız-hesabsız alovlu gözlər görünürdü. Xidmətçilərin çoxusu mətbəxdə, qabyuma otağında, çaxır çəlləkləri ilə dolu zirzəmilərdə işləyirdilər. Gəminin divarlarında gəzişən okean qorxuluydu, amma heç kim buna fikir vermirdi. Çünki gəmiyə rəhbərlik edən, nəhəng boy-buxuna malik, ağırçəkili, kürən saçlı, həmişə yuxulu olurmuş kimi bir görkəmi olan, geniş qızıl toxumalarla zəngin mundirində bütə bənzəyən, sirli sükutundan məhrum olmamaq üçün adamların arasında nadir hallarda görünən komandirin hakimiyyətinə möhkəm inanırdılar. Çəndə hər dəqiqə cəhənnəm zülmətiylə və dəhşətli qəzəblə sirena zingildəyirdi. Açıq-saçıq paltarlar geyinmiş xanımlarla, frak, smokinq geyinmiş kişilərlə, qədd-qamətli lakeylərlə və hörmətli inzibatçılarla dolu, bayram alovlarıyla bəzənmiş ikirəngli zalda gözəl simli orkestrin yorulmadan ifa etdiyi musiqilər sirenanın səsini boğduğundan, nahar eləyən sərnişinlərin çoxusu bu səsi eşitmirdilər. Şərab sifarişlərini qəbul edən inzibatçının boynunda zəncir vardı, lord-mer kimi gəzirdi.

Əynindəki smokinq və nişasta vurulmuş alt paltarları San-Fransiskolu cənabı cavanlaşdırırdı. Bu gəmi-imarətin qızılı-mirvari şəfəqlərində şərab içməyə əyləşmişdi. Masanın üstündə incə qədəhlər və saçaq-saçaq sünbülçiçəkləri vardı. San-Fransiskolu cənabın burma bığlı sarımtıl bənizindən monqolları xatırladan nələrsə sezilirdi. İri dişləri qızıl plomblarla, möhkəm keçəl başı isə köhnə fil sümüyü kimi parlayırdı. Arvadı zəngin idi. Yaşına uyğun geyinmirdi. Hündürboy, dolu bir qadın idi. Həlim təbiətliydi. Adamayovuşmaz, məsum, səmimi qızı vardı. Hündürboy, incə bir qız idi. Gözəl saç düzümü vardı. Bənövşə güllərinin qoxusu gəlirdi ondan. Dodaqlarının qırağında və azacıq pudralanmış kürəyinin ortasında zərif çəhrayı sızanaqlar vardı.

Nahar adətən bir saatdan çox davam edirdi. Nahardan sonra isə bal rəqslərinin keçirildiyi zal açılır, bu zaman kəsiyində kişilər, - San-Fransiskolu cənab da onların arasındaydı, - ayaqlarını üst-üstə aşırıb, bənizləri moruq kimi qızarana qədər kuba siqarları çəkir, birja xəbərlərinə əsaslanıb xalqın taleyini həll edir, çoxlu likör içirdilər. Barda xidmət edən qırmızı komzol geyinmiş zəncilər qabığı soyulmuş, zülallı sərt yumurtalara bənzəyirdilər.

Okean qara dağların divarlarında uğultuyla gəzişir, çovğun gəmidəki ağır alətlərin vasitəsiylə fit çalır, gəmi tufana da, çovğuna da sinə gərərək titrəyir, aşıb-daşan dağ çaylarını kotan kimi yarırdı. Dumanla boğulan sirena ölümcül səslə zarıldayır, qarovul durmuş növbətçilər şaxtadan donur, ağır gərginlikdən gəminin qülləsində ağıllarını itirirdilər. Cəhənnəmin qızmar və tutqun dərinliklərinə, sonuncu doqquzuncu qatına bənzəyən gəminin bətnində atəşiylə kömür yığınını yeyən qızdırıcı ocaqlar qalanır, çırtıltıyla közərən bu ocaqların kəskin tüstüsü, qurşağa qədər çılpaq fəhlələrin istidən qızarmış tərli bədənlərinə hopurdu. Bardakı varlı kişilər isə ayaqlarını qayğısız-qayğısız kresloların stul dəstəyinə aşırıb, konyak və likör süzür, ətirli tüstünün dalğalarında üzürdülər. Rəqs zalında sevinc və şadlıq parlayırdı. Sevgili cütlüklər gah vals sədaları altında fırlanır, gah da tanqo sədaları altında biri-birilərinin addımlarını yamsılayırdılar. Musiqinin isə abırsız şirin kədərlə israrla yalvardığı yalnız bircə istəyi vardı, həmişəki kimi...

Bu parlaq camaatın arasında üzü təraşlı, hündürboy, köhnə frakda, kilsə ruhanisinə bənzəyən varlı bir adam, məşhur ispan yazıçısı, dünya gözəli, hamının maraqla izlədiyi, bir-birini zərifcəsinə sevən cütlük vardı. Bu cütlük öz xoşbəxtliyini heç kimdən gizlətmirdi. O kişi yalnız sevgilisylə rəqs edirdi. Onlarda hər şey elə füsunkar, elə ecazkar alınırdı ki, bu cütlüyün Lloyd tərəfindən verilən babat pulların müqabilində sevgi oyunu oynadıqlarını yalnız gəmi komandiri bilirdi. Həmən bu Lloyd lap çoxdan gah bir gəmidə üzürdü, gah da bir başqa gəmidə.

Cəbəllütariqdə hamını günəş sevindirdi. Sanki erkən yaz gəlmişdi. “Atlantida” gəmisində hamının marağını özünə cəlb edən yeni bir sərnişin peyda oldu. Bu sərnişin asiya ölkələrindən birinin şahzadəsi idi. Özgə adla səyahət edirdi. Bəstəboy, arıq, enlisifət, badamı gözlü adam idi. Qızıl eynək taxmışdı. Azacıq xoşagəlməzliyi vardı. Topa bığları ölününkünə bənzəyirdi. Ümumilikdə isə suyuşirin, sadə və təvazökar adam idi. Aralıq dənizində tovuz quşunun quyruğuna bənzər əlvan rəngli böyük dalğalar vardı. Bu dalğalar parlaq və təmiz səmada şənliyi artırdı və dəli kimi uçan tramontana küləyi onları qarşıladı...

Günün ikinci yarısında səma solğunlaşdı, üfüqlər tutqunlaşdı: gəmi sahilə yan alırdı. İskya, Kapri adaları göründü, binokldan baxanda boz Neapol görünürdü... Xanımların və centlmenlərin çoxusu xəz yaxalıqlı yüngül kürklər geyinmişdilər. Həmişə pıçhapıçla danışan lal-dinməz işgüzar, fağır çinlilər, başdan-başa hörmə saçlı, qalın kiprikləri olan əyriayaq yeniyetmələr ehtiyatla nərdivanlara yun şallar, əl ağacları, çemodanlar, içində ayaqyolu ləvazimatları olan qutular çıxarırdılar...

San-Fransiskolu cənabın qızı dünən axşam, xoş bir təsadüf nəticəsində, göyərtədə şahzadənin yanında durmuşdu. Özünü elə göstərirdi ki, güya şahzadənin ona həlim səslə nəsə izah edərək, nəsə tələsik danışaraq işarə etdiyi uzaqlıqlara baxır. Şahzadə digər kişilərlə müqayisədə oğlan uşağına oxşayırdı. Həm köntöy adam idi, həm də qəribə. Eynəyi, yumru şlyapası, ingilis paltosu, at tükünə bənzər nadir bığları, yastı bənizinin dartılmış, azacıq bəzədilmiş əsmər dərisi vardı. San-Fransiskolu cənabın qızı həyəcandan şahzadənin dediklərindən heç nə anlamasa da onu dinləyirdi. Ürəyi şəhzadəyə qarşı duyduğu anlaşılmaz heyranlıqdan döyünürdü. Şəhzadə bütün xüsusiyyətləriylə başqalarından quru əlləri, içindən çar qanı axan təmiz dərisiylə fərqlənirdi. Hətta onun avropa üslubunda, çox sadə, səliqəli geyimi anlaşılmaz cazibədarlıqları gizlədirdi özündə.

San-Fransiskolu cənabın özü isə boz getrli çəkmələrdə, qarşısında durmuş məşhur gözələ, hündürboy, son paris dəbinə uyğun gözləri sürməli sarışın qıza baxırdı. Qız əlindəki gümüşü zəncirlə bambalaca, əldən düşmüş, tükü tökülmüş və həmsöhbət olduğu itini saxlayırdı. San-Fransiskolu cənabın qızı isə pərtlik olmasın deyə, atasına fikir verməməyə çalışırdı.

Atası səyahət zamanı kifayət qədər əliaçıq olduğundan, ona yemək-içmək verənlərin, səhərdən-axşama kimi xidmətində duranların, ən xırda arzularına kimi bütün istəklərini dərhal yerinə yetirənlərin, onun təmizliyini qoruyanların, dinclik, rahatlıq verənlərin, əşyalarını daşıyanların, onun üçün hambal çağıranların, sandıqlarını mehmanxanaya çatdıranların qayğısına inanırdı. Hər zaman və hər yerdə belə olmuşdu. Həm üzgüçülük zamanı belə olmuşdu, elə Neapolda da belə olmalıydı. Neapol böyük şəhər idi. Gəmi Neapola yaxınlaşırdı. Musiqiçilər nəfəsli alətlərinin misini parıldadaraq, göyərtəyə yığışmışdılar. Qəflətən musiqiçilərin ifa etdiyi marşın sədaları bütün sərnişinlərin qulaqlarını batırdı. Nəhəng komandir öz parad formasında mərhəmətli bütpərəst tanrı kimi ortaya çıxdı. Əlini yelləyib sərnişinləri salamladı. “Atlantida” limana daxil olduqda isə, çoxmərtəbəli, adamlarla dolu nəhəngliyiylə sahilə söykəndi. Gəminin körpüsü guruldadı. Nə qədər mehmanxana qapıçıları və onların qabağı günlüklü papaqlarda, zərli baftalarda olan xidmətçiləri, nə qədər tacirlər, avara, yekəpər oğlanlanlar əllərində rəngbərəng açıqcalar gəmiylə görüşə xidmət təklifiylə tələsirdilər! San-Fransiskolu cənab bu yekəpər səfil oğlanların üzünə gülümsədi, şəhzadənin də qala biləcəyi mehmanxanın avtomobilinə tərəf gedərək, yoluna çıxan səfillərə dodaqaltı gah ingiliscə, gah da italyanca dedi:

- Go away! Via!

Neapolda həyat öz axarıyla davam edirdi. Səhər tezdən yemək otağınının alatoranlığında səhər yeməyi, tutqun, buludlu səma və dəhlizin qapıları qarşısında bələdçilər. Sonra da açıq çəhrayı günəşin ilk gülümsəyişləri. Ən yüksək eyvandan Vezuviyə, başdan-başa parıldayan səhər şəfəqlərinə bürünmüş sevgili cütlüklərə, körfəzin gümüşü-mirvari zərif dalğalarına və üfüqdəki Kapri adasının incə simasına, aşağıda, sahildə qaçışan ikitəkərli arabaya qoşulmuş qoduqlara və gümrah musiqi sədaları altında haralarasa addımlayan əsgər dəstələrinə tamaşa etmək. Sonra avtomobilə keçmək, adamların çox olduğu küçələrlə asta-asta hərəkət etmək, hündür, çoxpəncərələri evlərin arasıyla, ölü təmizliyə qərq edilmiş xoşagəlimli, ancaq qar kimi darıxdırıcı olan işıqlandırılmış muzeylərə baş çəkmək və ya mum qoxuyan soyuq kilsələrə getmək. Bu kilsələrin hamısı eyni cürdür: dəri pərdəylə bağlanmış əzəmətli giriş yeri, içərisində isə böyük boşluq, sükut, krujevalarla bəzədilmiş yeddişamlı şamdanın dərinliklərdə qızaran işıltısı. Köhnə taxta oturacaqlarda əyləşmiş bir qarı, ayaqlar altında sürüşkən tabut lövhələr və “Xaçdan azad edilmə” ayini. Saat birdə, günortaya qədər çoxlu nüfuzlu insanların yığışdığı San-Martino dağının ətəyində ikinci səhər yeməyi. Bir dəfə məhz bu məkanda San-Fransiskolu cənabın qızının halı az qalmışdı pisləşsin. Ona elə gəlmişdi ki, şahzadə zalda əyləşib, halbuki şahzadənin Romada olduğunu qəzetdən oxumuşdu. Saat beşdə mehmanxananın yaraşıqlı zalında çay verilirdi. Zaldakı xalçalar və çırtaçırt yanan buxarılar cana istilik verirdi. Bu mehmanxanada da, gəmidə olduğu kimi, yenidən nahara hazırlaşırdılar, yenidən bütün mərtəbələrə adamların güclü axıntısının uğultusu eşidilirdi, yenidən nərdivanlar ipəklərin xışıltısıyla səslənir, sonradan bu ipəklər qadınlar güzgüdə özlərinə baxarkən fərəhlənməsiylə nəticələnirdi, yenidən yemək otağının qonaqpərvərliklə açılmış qapıları, estrada musiqiçilərin qırmızı gödəkcələri, yenidən qeyri-adi bacarıqla boşqablara qatı çəhrayı sup tökən qara xidmətçilər ofisiantların yığışdığı otağın qarşısında... Həmişəki kimi, müxtəlif çeşiddə nahar yeməkləri, mineral sular, şirniyyatlar, meyvələr, axşam saat on birdə isə mehmanxananın bütün nömrələrinə kauçuk sular verirdilər. Adamların mədələri qızsın deyə...

Dekabr elə də uğurlu olmadı. Qapı qarşısındakı xidmətçilərə hava haqda sual verəndə, günahkarcasına çiyinlərini sallayır, belə hava şəraitini heç zaman unutmayacaqları barədə burunlarının altında bir-iki ağız donquldanırdılar. Belə suallarla çox qarşılaşdıqlarından, təskinlik verir, hər yerdə dəhşətli nələrinsə yaşandığını deyib, yola verirdilər. Məsələn, Rivyerada tufan qopub, leysan var, Afinada qar var, Etnanı da qar basıb, vulkan püskürür, Palermodan turistlər şaxtadan xilas olmaq üçün qaçırlar...

Səhər günəşi aldadıcı olurdu. Günortadan başlayaraq hava bozarır, yağış yağır, soyuq olurdu. Mehmanxananın qarşısında palma ağaclarının yarpaqları parlayır, şəhər çirkli və cansıxıcı görünür, muzeylər bir-birindən fərqlənmir, yük daşıyan kök arabaçıların çiyinlərindən salladıqları rezin torbalardakı siqar kötükləri, dözülməz iy verir, atları canfəşanlıqla qamçılamalarından saxtalıq yağırdı, tramvay relslərindəki zir-zibili ətrafa dağıdan cənabların ayaqqabıları dəhşətli görünürdü. Yağışın altında, palçıqlı yollarda gəzişən qadınların ayaqları isə biabırçı dərəcədə gödək idi. Dənizdə köpüklənən çürümüş balıqların üfunət iyindən isə heç danışmağa dəyməz.

San-Fransiskolu cənab və xanımı səhərlər dalaşırdılar. Onların qızı gah solğun sifətlə, baş ağrısıyla gəzirdi, gah da özünə gəlirdi və hamıya heyran qalırdı, o zamanlar həm suyuşirin idi, həm də gözəl. Eybəcər adamla görüşməsi onda izahedilməz, anlaşılmaz şirin hisslər oyatdı. Bu eybəcər adamın bədənindən qeyri-adi qan axırdı. Özü də qızın ürəyini nələrin ovlaması, nələrin qızın ürəyində yer eləməsi elə də vacib məsələ deyil. İstər pul olsun, istər söz olsun, istərsə də şöhrət...

Hamı Sorrento şəhərində nələrinsə yerində olmadığını hiss edirdi. Kapri adasında isə həm istidir, həm limonlar çiçəkləmişdi, həm dürüst əhalisi var, həm də şərab daha təbiidir. Buna görə də San-Fransikolu cənabın ailəsi yır-yığışdanıb Kapri adasına yola düşməyə qərar verdi. Axı Tveriya sarayının xarabalıqlarında gəzişməkdən, nağıllar dünyasına aparan Mavi Mağarada olmaqdan, Milad bayramı ərəfəsində bütün günü veyil-veyil gəzərək, Məryəm Anaya mədhiyyələr oxuyan Abrusski zurnaçılarının ifasını dinləməkdən, Sorrentoda yerləşməkdən gözəl nə ola bilərdi?!

San-Fransiskolu cənabın ailəsi üçün əlamətdar olan səyahətə düşdükləri gün, günəş şəfəqləri gözə dəymirdi. Qatı duman Vezuvini cənginə alıb gizləyir, dənizin xəfif ləpələri parlayırdı. Kapri adasının isə tamamilə görünməz olması, sanki belə bir ada yer üzündə heç zaman olmamışdır kimi bir təəssürat yaradırdı. Bu adaya sarı gedən balaca gəmi isə sağa-sola yırğalandığından, San-Fransiskolu cənabın ailəsi şala bürünüb divanda uzanmışdı. Xanımı hamıdan çox əzab çəkdiyini düşünürdü. Ona elə gəlirdi ki, özünü pis hiss edir, bu gün-sabah öləcək. Neçə illər bu gəmidə xidmət edən, dənizin hirsli-hikkəli dalğalarına dözən qulluqçu qadın isə əlində ləyənçə San-Fransiskolu cənabın xanımına tərəf qaçır, yorulmaq nədir bilmədiyindən, sadəcə gülürdü.

Xanımın bənizi dəhşət solğun idi. Ağzında limon dilimi saxlayırdı. Kürəyi üstə uzanmış, geniş palto geyinmiş, günlüklü papaq qoymuş cənab isə bütün yol boyu çənəsini tərpətmirdi. Bənizi qaralmış, bığları ağarmışdı. Axmaq havayla əlaqədar son günlər başı dəhşət ağrayırdı. Gecələr çox içki içir, qumarxanalarda “canlı rəsmlərə” tamaşa edirdi. Şüşələri taqqıldadan yağış durmadan yağır, nələrisə dəlirdi. Gəmi Kastellamaredə və Sorrento adasında dayanarkən, vəziyyət bir az düzəldi. Amma burada da külək dəhşətlə vıyıldayırdı. Sahildəki uçurumlar, bağlar, ağaclar, çəhrayı və ağ mehmanxanalar, qıvrımsaç yaşıl dağlarda dolanıb, qayıqları qayalara çırpan küləklər adamı vahiməyə salırdı. “Royal” mehmanxanasının bayrağı altında durub bağıran pəltək oğlan uşağı isə səyahətçiləri tələyə salırdı. San-Fransiskolu cənab sarımsaq iyi verən, özünü italyan adlandıran bu xəsislər haqqında kədərlə və qəzəblə düşünürdü. Kasıb daxmaları, düz dənizin qarşısında, bir-birinin yanında tikilmiş kif basmış daş evlərə baxdıqdan sonra arzularında yaşatdığı İtaliyanın yalnız və yalnız bu gördüklərindən ibarət olması onda xəyal qırıqlığı yaratdı, ümidsizlik canını bürüdü...

Axşam Kapri adasındakı funikulyor meydançasına camaat axışmışdı. San-Fransiskolu cənabı böyük hörmətlə qarşılamaq bu adamların borcuydu. Bu adada ruslar da məskunlaşmışdı. Fikirləri dalğın idi, eynək taxmışdılar, saqqal buraxmışdılar, köhnə paltolar vardı əyinlərində. Çiyinlərində kətan çantalar sallanan, heç kimin xidmətinə ehtiyac duymayan, xəsislikləriylə fərqlənən yumrubaş alman gəncləri də vardı aralarında. San-Fransiskolu cənab onlara fikir vermədən kənara çəkilməklə bu adamların diqqətini özünə cəlb etdi. Cənaba və onun xanımına əl-ayağa düşən xidmətçilər tələsik kömək göstərib, yolu nişan verdilər. Yenə onları köntöy görünüşlü küçə uşaqları dövrəyə aldılar. San-Fransiskolu cənab bu uşaqların arasından heç nə olmamış kimi keçdi.

Nəzakətlə başını əyib, San-Fransiskolu cənabın ailəsini qarşılayan zərif görkəmli bəy bir anlıq San-Fransiskolu cənabı təəccübləndirdi. Dünən gecə gördüyü qarmaqarışıq bir yuxunu xatırladı. Bu bəy, elə indicə gördüyü görkəmdə onun yuxusuna girmişdi. Təəccübündən bir anlığına duruxdu. Ürəyinə səpilmiş sirli-vahiməli toxumlardan bircəciyi də qalmadı. Mehmanxananın dəhlizlərində gəzişərkən bu qəribə təsadüfi yuxusunu bəyə danışdı. San-Fransiskolu cənabın qızı birdən ürəyi kədərdən saxsınmış halda, ürkək-ürkək baxışlarla bu bəyə baxdı, bu qorxunc adada içini dəhşətli tənhalıq hissi bürüdü...

San-Fransiskolu cənabın ailəsini mehmanxananın ən təmtəraqlı nömrəsinə apardılar. Gözəl-göyçək, incə-mincə belçikalı bir qulluqçunu ailəyə təqdim etdilər. Bir dəqiqədən sonra isə otağın qapısını fransız baş-ofisiant döydü. Ailənin nahar edib-etməyəcəyini bilmək istəyirdi. Əgər nahar etmək istəsəydilər, növbəti sualını verəcəyinə şühbə yox idi. Dəniz xərçəngi, qızardılmış mal əti, qulançar, qırqovul və. s

Bu italyan gəmisi San-Fransiskolu cənabı çox o yana, bu yana yırğalamışdı. Ofisiantların işlədiyi mətbəxin pəncərəsini aramla bağladı. Pəncərədən bişirilən yeməklərin, bağdakı tər güllərin qoxusu gəlirdi. Ofisianta nahar edəcəklərini dedi. Ailəsi üçün hazırlanmış masanın mətbəxdən kənara, zalın bir küncünə qoyulmasını tapşırdı. Yerli şərab sifariş verəcəklərini dedi. Cənabın müxtəlif səs tonlarında dediyi hər sözünə ofisiant “bəli” “oldu” “baş üstə” kimi sözcüklərlə, başını yuxarı-aşağı yelləməklə münasibət bildirirdi. Axı San-Fransiskolu cənabın istəklərində haqlılığına heç bir şübhə ola bilməz və verilən əmr olduğu kimi yerinə yetirilməlidir.

Ofisiant nəzakət əlaməti olaraq başını əyib soruşdu:

- Başqa istəyiniz varmı, cənab?

Əvəzində heysizləşmiş səslə "yes" kəlməsini eşitdi, sonra əlavə etdi ki, bu gün vestibüldə tarantella var. Bütün İtaliyada məşhur, bütün turistlərin tanıdıqları rəqs cütlüyü – Karmella və Cüzeppe.

- Karmellanın şəklini açıqcalarda görmüşəm, - San-Fransiskolu cənab ifadəsiz səsiylə dedi. – Bəs bu Cüzeppe kimdir, onun əridir?

- Əmisi oğludur, cənab, - baş ofisiant cavab verdi.

Nəsə fikrə dalan San-Fransiskolu cənab heç nə demədən, başıyla işarə edib, ofisiantı yola saldı.

Sonra yubanmadan, həmişəki kimi əyləncə gecəsinə hazırlaşdı: hər yerdə işığı yandırdı, bütün güzgünü işığın parıltısına və açılmış sandıqçaların, mebellərin əksinə bürüdü. Üzünü qırxıb, yuyunmağa başladı. Dəhlizdə yaranan səs-küylərdən bezikən kimi hay-həşir salırdı. Qırmızı önlüklü ofisiantların biri olan Luidci isə əlində vedrə, bir çox pəzəvəng kişilərə xas, sifətinə hamının gülüşünə səbəb olan yazıq görkəm verərək cənabın hayına çatır, qapını sür-sümük əlləriylə döyərək, ikiüzlü qorxaqlıqla, səfehlik həddində ehtiramla soruşurdu:

- Cənab, siz çağırırdınız?

Otaqdan isə heysizləşmiş xırıltılı səs eşidilirdi.

- Hə, keç içəri...

Görəsən San-Fransiskolu cənab onun üçün bu qədər əlamətdar olan bir gecədə nələri düşünürdü? Gəminin yırğalanmağını hiss etmiş istənilən birisi kimi, yemək istəyir, şorbadan bir qaşıq ağzına almasını, bir qurtum şərab içməsini xəyalında canlandırırdı. Adəti üzrə ayaqyoluna gedir, bununla da düşüncələrdən azad edirdi özünü.

Üzünü qırxdı, yuyundu, bir neçə taxma dişini yerinə otuzdurdu, güzgünün qarşısında dayanıb özünə baxdı. Mirvari saçlarını suyla daradı. Şişman bədəninə krem çəkdi. Bal ayaqqabılarını qaydaya saldı. Qara ipək corablarını, qara şalvarını və qar kimi təmiz köynəyini geyinib, qollarındakı və yaxalığındakı parlaq düymələri təmizlədi. Amma yaxalığındakı düymə dərisini dişləyirdi. Gözləri gərginlikdən parladı. Xirtdəyini sıxan yaxalığını birtəhər düzəltdi. Yorulub əldən düşmüş vəziyyətdə güzgünün qarşısında əyləşdi.

- Bu, dəhşətdir! – o, daz başını aşağı sallayaraq mızıldandı. Nəyin dəhşət olduğunu bilmirdi, heç bilmək də istəmirdi. Badamı rəngdə qabarıq dırnaqlarına baxıb əminliklə təkrarladı:

- Bu, dəhşətdir...

Möhkəm ciyiltiylə bütpərəst məbədini xatırladan zəng səsləndi. San-Fransiskolu cənab cəld yerindən qalxıb qalstukunu çəkdi, smokinqini geyinib, köynəyinin parlaq düymələrinə əl gəzdirdi, bir daha güzgüdə özünə baxdı...

Qırmızı xalçalar sərilmiş dəhlizlə asta-asta gedərək, xidmətçilərə fikir vermədən qiraət otağını axtardı. Nahar yeməyinə gecikən beli bükük, açıq-boz ipək don geyinmiş qarı öndə sürətlə gedirdi. Cənab onu qabaqladı. Hamı yemək otağına yığılmışdı. Nahar başlamışdı. Siqar qutularıyla və Misir siqaretləriylə dolu masanın qarşısında dayandı. Açıq pəncərədən havaya baxdı.

Qiraət otağında sakit və işıqlıydı. Qəzetlərin xışıltısı eşidilirdi. Masanın arxasında oturub qəzet oxuyan bir eynəkli almanın dəli kimi gözləri vardı. Yazıçı Henri İbsenə bənzəyirdi. San-Fransiskolu cənab soyuq baxışlarıyla onu nəzərdən keçirib, küncdəki dəri kresloda əyləşdi. Qəzet oxumağa başladı. Bir neçə məqalənin başlıqlarına baxdı, heç zaman bitməyəcək balkan müharibələri haqda yazılmış məqalədən bir neçə sətir oxuyub, adəti üzrə qəzeti bükdü. Birdən sətirlər gözləri önündə şüşə kimi parladı, boynu gərginləşdi, gözləri şişdi, nəfəsi boğumtulluğa sərtəşdi... Havadan udumlamaq üçün irəli addımladı, dəhşət xırıldadadı, çeynəmə əzələləri boşaldı, alt çənəsi sallandı, ağzındakı qızıl plomblar sayrışdı. Başı çiyninə enib yırğalanmağa başladı. Köynəyinin sinəsi qutu kimi önə çıxdı. Döşəməyə sərildi. Mübarizə aparır, ayaqqabılarının dabanını xalçaya vurur, var qüvvəsiylə sürünürdü...

Əgər qiraət otağında qəzet oxuyan bu alman olmasaydı, mehmanxana heyəti bu dəhşətli hadisəni ört-basdır edərdilər və heç kim də San-Fransiskolu cənabın başına nə hadisə gəlməsindən xəbər tuzmazdı. Alman qışqır-bağır salıb, qiraət otağından çıxdı, bütün yeməkxana bu təlaşlı səsdən təşvişə düşdü. Çoxları yerməklərini yarımçıq qoyub qiraət otağına qaçır, hamının dodaqlarında suallar səslənirdi: “Nə olub elə, nə olub?” – heç kim də dəqiq bir cavab verə bilmirdi. Heç kim heç nə anlamırdı. Çoxları hələ də kiminsə ölümünə heyrətlənib, buna inanmaq istəmirlər. Mehmanxana sahibi qiraət otağına axışan qonaqları dayandırmağa, sakitləşdirməyə çalışır, onları əmin edirdi ki, elə də böyük bir hadisə baş verməyib, fikir verməyin, boş şeydir, San-Fransiskodan olan bir cənabın sadəcə kiçicik ürəkgetməsi olub... Ancaq heç kim mehmanxananın sahibinə qulaq asmırdı. Çünki lakeylərin San-Fransiskolu cənabın boğazından qalstukunu, jiletini, əzilmiş smokinqini, ayaqqabılarını dartıb çıxartdıqlarını görürdülər. San-Fransiskolu cənab həyat mücadiləsi verirdi. Ürəyi döyünürdü. Ölümün ona qalib gəlməsinə macal vermək istəmirdi. Başını yelləyir, öskürür, sərxoş kimi gözləri axırdı...

San-Fransiskolu cənabı tələsik mehmanxananın qırx üçüncü nömrəsinə aparıb, köhnə dəmir çarpayıya uzatdılar. Bu otaq balaca, ən pis otaq idi. Nəmişlik vardı otaqda. Həm də soyuq idi. Dəhlizdən bu nömrəyə onun qızı qaçıb gəldi. Saçlarını buraxmışdı. Sinəsi açıq idi. Sonra isə bər-bəzəkli arvadı gəldi, dəhşətdən ağzı açıq qalmışdı... San-Fransiskolu cənab başını tərpətmirdi...

On beş dəqiqədən sonra mehmanaxada hər şey öz axarına düşdü. Ancaq baş verən hadisə gecənin sükutunu pozmuşdu. Yemək otağından qayıdan bəziləri susub durmuş, bəziləri də narazı simalarıyla naharlarına davam edirdilər. Mehmanxana sahibi gah bir nəfərə, gah da o biri nəfərə yaxınlaşıb əlləriylə onların kürəyinə vurub təskinlik verir, günahkarcasına bir görkəm alır, onları əmin edirdi ki, baş verən hadisənin “xoşagəlməz fəsadlarını” aradan qaldırmaq üçün “çox ciddi ölçü götürəcək”. İtalyan xalq rəqslərinin keçirilməsi təxirə salındı, lazımsız işıqlar söndürüldü, qonaqların çoxusu pivəxanaya getdi, araya ölü sükut çökdü. Saat əqrəblərinin səsi aydın eşidilirdi...

San-Fransiskolu cənab ucuz dəmir çarpayının üstündə uzanmış, üstünə isə kobud yun yorğan sərilmişdi. Tavanda tutqun işıq sayrışırdı. Soyuq alnına buz qovuğu qoymuşdular. Bozumtul bənizi tədricən soyuyurdu. Qızıl plomblarla sayrışan ağzından çıxan xırıltı səsləri səngiyirdi. Xırıldayan adam San-Fransiskolu cənab deyildi. O, artıq mövcud deyildi. Kimsə başqa birisiydi. Arvadı, qızı, həkim, xidmətçilər durub ona baxırdılar. Birdən xırıltı səsləri tamamilə kəsildi. Hamının qarşısında ölmüş şəxsin bənizi solğunlaşdı, üz cizgiləri incələşib işıldadı...
Mehmanxana sahibi otağa daxil oldu. Ölüb artıq, - həkim mehmanxana sahibinə dedi. O, heç nə olmamış kimi həyəcansız-filansız çiyinlərini salladı. Yanaqlarından göz yaşları diyirlənən xanımı isə ürkək pıçıltıyla dedi ki, indi mərhumu öz otağına aparmaq lazımdır...

- Yox, madam, - mehmanxana sahibi fransızca nəzakətsiz-filansız eləcə dedi. Bu ailənin artıq bu mehmanxananın qazancına bir qəpiklik xeyri dəyməyəcəkdi. – Bu mümkün deyil, madam, - o, dedi və fikrini daha aydın izah etmək üçün əlavə etdi ki, onun istəyini yerinə yetirəcəyi halda, bütün Kapridə hamı bundan xəbər tutar və turistlər mehmanxananı tərk edərlər.

Xanım bu sözləri dinləyib, stulda əyləşdi, örpəyi ağzını sıxıb hönkür-hönkür ağladı. Birdən göz yaşları qurudu. Özünü ələ aldı. Səsini qaldırıb, fransızca tələb etdi, hələ də onların ailəsinə əvvəlki hörmətin qalmadığına inana bilmirdi. Mehmanxana sahibi xanımın tələbinə fikir verməyib dedi ki, meyid elə günü bu gün buradan çıxarılmalıdır, polislərə bu barədə məlumat verilib, sadəcə bəzi sənəd məsələlərini həll etmək lazımdır... Madam sual verdi ki, heç olmasa Kapridə bir hazır tabut tapmaq olarmı? Təəssüf ki, yox və heç kim də bu tabutu hazırlamağa zaman tapmayacaqdı… Mehmanxana sahibi dedi ki, bura uzun yeşiklərdə qazlı su gətirirlər, həmən bu yeşikdən necəsə istifadə etmək olar…

Gecə hamı mışıl-mışıl yatırdı. Qırx üçüncü nömrənin pəncərəsini açdılar, işığı söndürdülər, qapını açarla bağladılar və getdilər. Pəncərə şüşəsindən zərif banan ağacı görünürdü...

Meyid qaranlıqda tək-tənha qaldı. Göy ulduzlar səmadan bu meyidə tamaşa edirdilər. Qurbağalar kədərli səslə quruldayırdılar... Tutqun dəhlizdə, pəncərə önündə əyləşmiş iki qulluqçu nəsə toxuyurdu. Xidmətçi Luidci əlində bir yığın donla otağa daxil oldu.

- Pronto? (Hazırdı?) – o, dəhlizin sonundakı dəhşətli qapıya işarə edərək iztirabla soruşdu. Və boş əlini həmən istiqamətə göstərərək yırğaladı. - Partenza! (Göndərilmə!) – sanki qatarı yola salırmış kimi pıçıltıyla qışqırdı. Xidmətçilər isə səssiz gülüşlərində boğularaq özlərindən getdilər.

Sonra xidmətçi hoppana-hoppana qırx üç nömrəli otağa yaxınlaşdı, qapını azacıq taqqıldatdı və başını içəri salıb, ehtiramla soruşdu:

- На sonato, signore?

Sonra isə özü-özüylə danışırmış kimi kədərli-kədərli dedi:

- Yes, come in...

Səhər tezdən qırx üç nömrəli otağa içində qazlı sular olan uzun yeşik gətirdilər. Yeşik getdikcə ağırlaşırdı. Mehmanxana xidmətçisinin dizləri təzyiqdən ağrayırdı. Arabaçı yeşiyi ağ yolla aparırdı, Kapri adasının dolanbac yollarıyla. Üzüm bağlarının arasıyla, daş hasarlardan keçərək. Düz dənizə kimi apardı. Arabaçı susurdu. Buraxdığı nöqsanlara görə xəcalət çəkirdi. Dünən gecə bütün pulunu qumarda uduzmuşdu. Ancaq təskinliyi də vardı. Dünən gecə, arabanın arxasında başı yırğalanan meyid, hansısa San-Fransiskolu cənab ona gözlənilmədən xidməti müqabilində pul vermişdi...

Anlaşılmaz parlaq göyümtüllükdə üzən buxar gəmisi son fitlərini çalırdı. Xanım və qızı avtomobillə birtəhər özlərini limana yetirdilər. Solğun rəngləri vardı xanımla qızının. Axıtdıqları göz yaşları və yuxusuz gecə üzlərinə hopmuşdu. On dəqiqədən sonra gəmi yenidən fit çaldı və Kapri adasından həmişəlik apardı San-Fransiskolu cənabın ailəsini... Bununla da adada sakitlik və dinclik bərqərar edildi...

San-Fransiskolu qoca kişinin meyidi evə, qəbirə, Köhnə Dünyanın sahillərinə qayıdırdı. Çoxlu alçaltmalara məruz qalmış, çoxlu insanların diqqətsizliyi ilə üzləşmiş, bir həftə ərzində bir limandan başqa bir limana səhayət edən San-Fransiskolu cənab onu hörmət-izzətlə Köhnə Dünyaya aparan yenə bu məşhur buxar gəmisindəydi. Amma indi bu cənabı canlı insanlardan gizlədirdilər. Tabutun içində uzanmış cənab qaranlıq bir anbardaydı. Və bu gəmi yenə uzun bir səyahətə çıxırdı...

Okean qara dağların divarlarında uğultuyla gəzişir, çovğun gəmidəki ağır alətlərin vasitəsiylə fit çalır, gəmi tufana da, çovğuna da sinə gərərək titrəyir, aşıb-daşan dağ çaylarını kotan kimi yarırdı. Dumanla boğulan sirena ölümcül səslə zarıldayır, qarovul durmuş növbətçilər şaxtadan donur, ağır gərginlikdən gəminin qülləsində ağıllarını itirirdilər. Cəhənnəmin qızmar və tutqun dərinliklərinə, sonuncu doqquzuncu qatına bənzəyən gəminin bətnində atəşiylə kömür yığınını yeyən qızdırıcı ocaqlar qalanır, çırtıltıyla közərən bu ocaqların kəskin tüstüsü, qurşağa qədər çılpaq fəhlələrin istidən qızarmış tərli bədənlərinə hopurdu. Bardakı varlı kişilər isə ayaqlarını qayğısız-qayğısız kresloların stul dəstəyinə aşırıb, konyak və likör süzür, ətirli tüstünün dalğalarında üzürdülər. Rəqs zalında sevinc və şadlıq parlayırdı. Sevgili cütlüklər gah vals sədaları altında fırlanır, gah da tanqo sədaları altında biri-birilərinin addımlarını yamsılayırdılar. Bu sevgililərin arasında bir cütlük də vardı ki, öz xoşbəxtliyini heç kimdən gizlətmirdi. O kişi yalnız sevgilisylə rəqs edirdi. Onlarda hər şey elə füsunkar, elə ecazkar alınırdı ki, bu cütlüyün Lloyd tərəfindən verilən babat pulların müqabilində sevgi oyunu oynadıqlarını yalnız gəmi komandiri bilirdi. Heç kim də bilmirdi ki, bu sevgili cütlük xoşbəxt iztirablarıyla həyasız-kədərli musiqinin sədaları altında yalandan əzab çəkməkdən beziblər. Ayaqlarının altındakı dərinliklərdə, zülmət qaranlıqlı anbar qonşuluğundakı kədərə, okeana, çovğuna qalib gəlirdi...

Mənbə: ANN.Az
Ruscadan tərcümə: Ramil Rahiboğlu 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)