Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Proza
Akutaqava Rünoske (1892-1927) — 1892-ci il iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə «Rasyamon darvazası» və «Burun» hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto, „Susanoo-no-mikoto ahıl çağlarında“, „Tanrı Aqni“, „Qəribə hekayət“, „Xanım Rokunomiya“, 1924-1927-ci illərdə „Sanemonun cinayəti“, „Məktub parçası“, „Momotaro“, „At ayaqları“, „Ölümdən sonra“, „Karmen“, „Suadamları ölkəsində“, „Tanekonun kədəri“, „Yuxu“ və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı „İlğım“ və „Dişli çarxlar“ hekayələrində və „Səfehin həyatı“ povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.
Ən məşhur hekayələri: «Rasyomon darvazası» (1915), «Burun» (1916), «Cəhənnəm əzabları» (1918) və «Sıx meşədə» (1922).
1950-ci ildə Rünoskenin «Rasyomon darvazası» (1915) və «Sıx meşədə» (1922) hekayələri əsassında Akira Kurosavanın «Rasyomon» filmi ekrana çıxmışdır.
Horikava kimi işıqlı, nəcib birisini tapmaq qeyri-mümkündür, əvvəllər müşgül idisə, bundan sonra, ümumiyyətlə, çətin ki, tapılsın. Deyilənlərə görə, o, anadan olmamışdan qabaq anasının başı üstündə Müqəddəs Dayitoku (Dayitoku Myoo “Heyrətamiz güc və yenilməzlik” rəmzi kimi, Buddizm təlimini müdafiə edən beş müqəddəsdən biri hesab olunur; altı sifəti, altı əlı, altı ayağı olan bu məxluq odun ağzında dayanan ağ öküzün tərkində durub, əlində isə qılınc, üçbaşlı əsa, toppuz və çarx var, pislik və xəstəliyə müqavimət göstərib onu məhv etməyə çalışan bir təsvir yaradır — tərc.) peyda olur. Həqiqətən, o, anadan olanda adi uşaqlara oxşamırdı. Bir dəfə də olsun yadıma gəlmir ki, o, nəsə edəndə bizi heyrətləndirməsin. Lap çayın o tayındakı sarayına baxmaq kifayətdir ki, Horikavanın nə qədər əzəmətli olduğunu görəsən. Biz bunu öz sadə təfəkkürümüzlə dərk etməkdə çətinlik çəkərik. İnsanlar onun əzəmətini Çin imperatorları Şi Huanqdi və Yandi (Şi Huanqdi — Tsin sülaləsinin yaradıcısıdır, bizim eradan əvvəl 256-210-cu illərdə hakimiyyətdə olmuşdur, Yandi – Suy sülaləsinin yaradıcısıdır, hakimiyyət illəri 605-617 ci illə — tərc.) ilə müqayisə edirlər, lakin onlar tarixdə öz zalımlıqları ilə seçiliblər və Yandi həm də inanılmaz dərəcədə əxlaqsız olub. Yox, heç bu müqayisə də onu təsvir etmək üçün yetərli sayılmaz, bu, korun əli ilə fili hiss etməsinə bənzədi lap… Əlahəzrət təkcə özü barədə deyil, həm də öz şan-şöhrətini düşünərdi. O çalışırdı şan-şöhrəti onun şəxsiyyətini üstələməsin. Bununla yanaşı, bütün ətrafındakılarla birgə öz ürəyinin böyüklüyünə sevinirdi.
Əlahəzrət, hətta Nico sarayında olanda da, gecə qəddar ruhlar qarışıqlıq yaratdılar, amma heç bir pis şey baş vermədi. Hətta sadaycin (sadaycin — hökumətdə və saray əyanları içərisində yüksək rütbələrdən biridir — tərc.) Torunun ruhu (Minamoto-no Toru, 822-895-ci illər- ruhunun dolaşması ilə bağlı qədim povestlərdə xatırlanılır — tərc.) deyilənlərə görə, hər gecədən gecəyə Üçüncü Şərq küçəsindəki Kavarain sarayında gəzişirmiş. Bu saray Miçinokuda Şioqamanın (Miçinoku – Honşu adasının şimal-şərqində qədim əyalətlərdən birinin adıdır, Şioqama özünün dənizsahili görüntüləri ilə cəzbedicidir — tərc.) gözəlliklərini əks etdirən məşhur saraydır və əlahəzrət bu sarayda həmin ruha qışqırmağıyla ruh oranı tərk etdi. Bax elə ona görə də, şəhərdə hər kəs; istər yaşlı, istər cavan, istər kişi, istərsə də qadın onun haqqında elə danışırdılar ki, sanki, söhbət dirilmiş buddadan gedirdi. Bir dəfə də gavalı ağaclarının çiçəklədiyi gün, bayramlaşma mərasimindən saraya qayıdanda yolda əlahəzrətin cəng arabasına qoşulmuş öküzlər bir qocanın üstündən basıb keçir və qoca səssizcə dayanır, hətta təşəkkür də edir ki, nə yaxşı əlahəzrətin öküzləri onun üstündən keçdilər.
Ona görə də hələ uzun illər hər yerdə əlahəzrətin haqqında çox söhbətlər danışılacaq: Qonaqlara otuz ağ at hədiyyə etməsi, Naqara körpüsünün tikilməsi zamanı öz sevimli yeniyetmə oğlunu qurban verməsi (burada qədim Yaponiyada adətə görə, hər hansı bir tikilməsi nəzərdə tutulan körpü və ya binanın özülünün qoyulmasında insan qurbanının verilməsindən bəhs edilir — tərc.), bundan başqa, çinli monaxa budunda əmələ gələn çibanı necə çərtmək lazım olduğunu göstərməsi… Hamısını bir-bir yada salsaq, sayı-hesabı itirərik! Bütün bu hekayələrin içərisində ən qorxulusu əlahəzrətin evində indinin özündə də ən qiymətli əşya sayılan “cəhənnəm iztirabları” şəklinin öz şirmaları (şirma üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən arakəsmədir və tarix boyunca yapon incəsənətində rəssamlar şəkli ipək, həmçinin iki və ya çoxtaylı ipək şirma üzərinə çəkərdilər — tərc.) ilə birlikdə necə meydana gəlməsidir. Hətta dünyada heç bir qüvvə əlzahəzrəti pərişan edə bilmədiyi halda, bu hadisə onun qəlbini titrətmişdi. Ona qulluq edən bizlər isə çox çətinliklə sağ qala bildik – bu haqda heç bilmirəm nə deyim… Əlahəzrətin otuz il qulluğunda duran biri kimi onu deyə bilərəm; mən bu hadisəyə qədər ömrümdə belə dəhşətlə qarşılaşmamışdım.
Hekayəmə keçməzdən əvvəl sizə “cəhənnəm iztirabları”nı şirma üzərində təsvir edən usta-rəssam Yoşihide haqqında danışmağı lazım bildim.
Yoşihide… doğrudur, hazırda onu xatırlayan adamlar hələ də vardır. O, elə məşhur rəssam idi ki, öz dövrünün əlinə fırça götürənləri arasında ona bənzəyən biri çətin tapılardı. Həmin vaxt səhv etmirəmsə, onun əlli yaşı olardı. Əslində, bəstəboy, cılız, bir dəri, bir sümük, qaraqabaq qoca kişi idi. Saraya əlahəzrətin yanına gələndə əynində tünd-sarı rəngdə kariqinu (toy paltarı — tərc.), başında isə momieboşi (yumşaq materialdan hazırlanan, dəbilqənin altından geyinilən papaq — tərc.) var idi. Çox xoşagəlməz təsir bağışlayırdı, həmçinin, yaşına uyğun gəlməyən qırmızı dişləri ona heyvani görünüş verirdi. Deyirlər, guya, fırçanı yaladığına görə ağzı tez-tez qızarardı, həqiqətin isə nədən ibarət olduğunu kimsə bilmirdi. Zirəkiliyinə görə onu meymuna oxşadırdılar, hətta ləqəb də qoymuşdular — Saruhide (saru — yaponca meymun deməkdir — tərc.).
Saruhide demişkən, yadıma düşən bir şeyi də sizə danışım. Həmin vaxtda Yoşihidenin on beş yaşlı, görünüşünə görə atasına heç bənzəməyən qızını sarayda kameristka (keçmişdə xanımların xüsusi xidmətində olan qulluqçu — tərc.) vəzifəsinə təyin etmişdilər. Ola bilsin, bu vəzifəyə həm bu qızın erkən yaşlarında anasını itirməsi, bir qədər qayğılı gəzməsinə rəğmən, yaşına uyğun olmayan tərzdə ağıllı, diqqətli olması, həm də saray təsərrüfatına olan marağına görə onu seçmişdilər və bütün saray xanımları onu sevirdilər.
Necə oldusa, bir dəfə əlahəzrət üçün Tamba əyalətindən ələöyrədilmiş meymun hədiyyə gətirmişdilər və əlahəzrətin dəcəl oğlu onun adını Yoşihide qoymuşdu. Meymun özü-özlüyündə, onsuz da, çox məzəli idi, üstəlik də, ona bu adın qoyulması saraydakı hər kəsə gülməli gəlirdi. Gülməkləri bir yana, üstəlik, meymun küknar ağacının başına çıxsaydı və ya tataminin (yapon evlərində qalınlığı 6-8 sm olan həsir — tərc.) üstündə hoppanıb-düşsəydi hamı bir ağızdan: – Yoşihide, Yoşihide! – deyə qışqırardılar. Təbii ki, rəssamı bu cür hərəkətlər lap təngə gətirərdi.
Elə bir dəfə, Yoşihidenin haqqında bəhs etdiyimiz həmin qızı əlində məktub və gavalı ağacının budağı (adətə görə, məktub aparanda, mütləq yanında hansısa bir çiçək açmış ağacın budağı olmalıydı) qarşıdakı qapıdan çıxıb dəhliz boyunca gedəndə qarşısına həmin meymun çıxdı. Yoşihide adəti üzrə, dirəyə dırmaşmaq istəsə də mümkün olmadı, deyəsən, ayağını əzmişdi. Gənc ağa isə əlində qamçısını yelləyə-yelləyə onun arxasınca qışqırırdı:
— Əclaf oğru! Dayan hələ bir...
Elə bunu görən kimi Yoşihidenin qızı özünü itirdi, həmin anda meymun qıza doğru qaçıb, onun ətəyindən yapışdı və yazıq-yazıq zingildəməyə başladı. Qızın pna elə yazığı gəldi ki, özünü güclə ələ aldı. Tez əlindəki albalı budağını yerə atıb meymunu qucaqladı və ağanın qarşısında təzim edərək ona doğru səsləndi:
— İcazə verin deyim, axı bu heyvandır. Xahiş edirəm, onu əfv edin.
Lakin ağa qızın qarşısında qəzəbli şəkildə ayaqlarını yerə döyərək:
— Onun tərəfini saxlayırsan?! Meymun mandarinləri oğurlayıb.
— Axı bu heyvandır… – Qız bir qədər də cəsarət toplayıb qüssəli təbəssümlə əlavə etdi: Həm də onun adı Yoşihidedir, belə çıxır ki, siz mənim atama qəzəblənmisiniz, mən bu mənzərəyə sakit tamaşa edə bilmərəm.
Belə olan halda, gənc ağa da özünü ələ aldı.
— Belə de!.. Əgər atana görə xahiş edirsənsə, mən də bağışlayar və geri çəkilərəm, — həvəssiz dilləndi və əlindəki qamçını yerə ataraq gəldiyi qapıdan geri qayıtdı.
Bu olaydan sonra, Yoşihidenin qızının həmin meymunla dostluğu başladı. Qız onun boğazına gənc xanımdan hədiyyə aldığı qızıl zınqırovlu qırmızı lent bağladı, meymunsa heç onun yanından ayrılmırdı. Yoşihidenin qızı xəstələnib yataqda uzananda isə meymun qızın başının üstündən ayrılmayaraq, qəm-qüssə içində dırnaqlarını çeynəyirdi.
Çox qəribədir, həmin vaxtdan bu yana, heç kim bir dəfə də olsun, meymunu incitməmişdi. Əksinə, hamı onu əzizləməyə başlamışdı, hətta gənc ağanın özü də hərdən meymunun qabağına şabalıd, ərik qaysısı atardı.
Bir dəfə qulluqçulardan biri meymuna təpik vuranda gənc ağa bundan qəzəblənir və deyirlər ki, tezliklə əlahəzrət özü hadisədən xəbər tutaraq Yoşihidenin qızına meymunla birlikdə onun hüzuruna gəlməyi buyurur. Yeri gəlmişkən, qızın bu meymunu niyə bu qədər çox sevməsini də əlahəzrət eşitmişdi.
— Qızım, sən yaxşı qızsan.
Qız əlahəzrətdən hədiyyə olaraq akome (qadınlar üçün nəzərdə tutulmuş, yüngül üst geyimi — tərc.) aldı. Meymun akomeni əlinə alıb, özünü elə apardı ki, guya, əlahəzrətin hədiyyəsini nəzərdən keçirir. Bu, əlahəzrəti çox əyləndirdi. Əlahəzrət meymunla bağlı hadisədən sonra Yoşihidenin qızının atasına olan məhəbbətini təqdir etmiş və bu, onun xoşuna gəlmişdi. Doğrusunu desək, heç bir şayiə səbəbsiz deyil, amma bu haqda tələsmədən, gələn dəfə danışacağam. Onu da deyim ki, əlahəzrətin qarşısındakı qadın nə qədər gözəl olur-olsun hansısa rəssamın qızında gözü qalacaq adam deyildi.
Beləcə, Yoşihidenin fərasətli qızı əlahəzrətin yanından ayrılandan sonra özünü elə apardı ki, başqa saray xidmətçilərinin ona paxıllığı tutmasın. O hadisədən sonra qızı daha da çox tərifləməyə başladılar, demək olar ki, həmişə gənc xanım gəzməyə gedəndə yanında o qız olurdı.
Yaxşı, indi də bir qədər qızın atası Yoşihide haqqında danışım… Yoşihideni yenə də heç kim sevmirdi və arxasınca onu — Saruhide – deyə çağırırdılar. Bu təkcə saray üçün xarakterik deyildi. Yoşihidenin adı gələndə keşiş Yokoqava atanın da üz cizgiləri dəyişirdi, elə bil, şeytanın adını eşidirdi, hətta ona nifrət etdiyini də gizlətmirdi. Deyirlər, guya, buna səbəb Yoşihidenin rəsmlərdə keşişi cürbəcür obrazlara salması imiş, amma bu nə qədər həqiqətə uyğundur, deyə bilmərəm. Hər halda, harda onu xəbər alsan, haqqında yaxşı şeylər danışmazdılar. Yalnız rəssamın iki-üç tanışı onun haqqında pis fikirdə deyildi. Bir də onun tablolarını görüb özünü isə tanımayan adamlar danışmazdılar. Yoşihide nəinki xarici görünüşünə görə iyrənc adama oxşayırdı, həm də dözülməz xasiyyəti var idi. Bütün bunlara rəğmən, demək olmaz ki, Yoşihide ona qarşı olan münasibətə tamamilə layiq idi.
Xasiyyətinə gəldikdə isə, o, xəsis, vicdansız, tənbəl, acgöz, hər şeydən öncə, təkəbbürlü və dikbaş adam idi. Çünki o, ölkədə ən yaxşı rəssam idi və bu cəhəti təpədən-dırnağa qədər onda müşahidə olunurdu. Deyək ki, çəkdiyi rəsm əsərlərinə görə o, belə idi, amma başqa şeylərdə kiməsə güzəştə getmək, onu özündən irəliyə buraxmaq fikrində də deyildi, yeri gəlsə, adətlərin üzərindən xətt çəkməyə hazır idi.
Yoşihidenin köhnə tələbələrindən biri danışırdı ki, bir gün məşhur xanımlardan biri — Hiqaki adlı rahibənin evinə ruh girir və qadın qorxunc səslə danışmağa başlayır. Yoşihide bu hadisədən heç təsirlənməyərək sakitcə fırçasını götürüb, qadının qorxunc sifətini çəkməyə başlayır. Ola bilsin, ruhun evə soxulması həmin qadının gözlərində əks olunmuşdu...
Yoşihide hətta budda Kissetenin (sanskrit yazılarına görə, Kisseten – “Xoşbəxt əlamətlər ilahəsi” heab olunur, başında mirvaridən tacı və lələkli paltarda təsvir olunan bu qadın budda sağ əli ilə diləkləri yerinə yetirir — tərc.) simasını çox adi təsvir etmişdi, bundan başqa, budda Fudo-samanı (Fudo-sama “beş müdriklik hökmdarları”ndan biridir, günahkarları cəzalandıran, əlində qılınc, alovun ortasında oturmuş şəkildə təsvir olunur — tərc.) o qədər adi təsvir edir ki, kənardan baxanda onu buddadan daha çox qudurğan-fırıldaqçı obrazını canlandıran birisinə bənzətmək olardı və buna görə başqaları Yoşihideni təqsirləndirəndə onun cavab reaksiyası fit çalmaq olurdu. Bəs Yoşihidenin təsvirini yaratdığı həmin buddalar, tanrılar onu nəyə görə cəzalandırmalı idilər? Çox qəribədir, heç bir cavab verə bilmirəm. Bu cür cavablarla üzbəüz qalan və öz gələcək taleyindən narahat olan tələbələr də senseylə başladıqları işi (sensey- yaponca başbilən, müəllim, ustad anlamındadır — tərc.) yarımçıq qoyub ondan uzaqlaşırdılar. Vəziyyətin belə olmasından narahat olmayan Yoşihide isə özünü zəmanəsinin ən parlaq adamı hesab edirdi və özü haqqında — yer üzündə ikinci belə adam tapılmaz- düşüncəsində idi.
İncəsənətdə Yoşihidenin hansı yeri qazandığını demək çətindir, lakin düzünə qalsa, onun təsvir etdiyi rəsmlər həm rəng çalarlarına, həm də mənzərəsinə görə başqa rəssamlarınkından fərqlənirdi və buna görə sənət yoldaşları onu “şarlatan” adlandırırdılar. Onların sözlərinə görə, Kavanarinin və Kanaokanın (Kudara-no Kavanari, (782 — 853-cü illər), Kose-no Kanaoka (IX əsrin sonları) dövrünün tanınmış rəssamları — tərc.) rəsmləri haqqında danışanda o qədər heyranlıqla təsvir edirdilər ki, sanki, qapının təsvir çəkilmiş taylarından gavalı ağaclarının ətri aylı gecələrdə aləmə yayılır, eləcə də, saraydakı şirma üzərində çəkilmiş rəsmlərdən fleytada çalınan musiqinin səsi duyulurdu...
Yoşihidenin rəsmləri haqqında danışanda isə nədənsə qəribə və tükürpədici şeylər ağla gəlirdi. Misal üçün, Yoşihidenin “həyat və ölümün dövretmə”si təsvirini (budda məbədində divar naxışları ilə təsvir edilmiş rəsmdə əsas məqsəd nirvanaya- yəni budda məzhəbinə görə ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşmasına can atmağını təsvir etmək idi — tərc.) yaratdığı Ryuqayci məbədinin darvazalarından keçərkən gecə saatlarında tanrıların və mələklərin iniltisi, ağlaşma səsləri eşidilərmiş. Bundan başqa, orada çürümüş cəsədlərin üfunətli qoxusunu hiss edənlər də az deyildi. Əlahəzrətin sifarişi ilə çəkilmiş qadınların rəsmlərindən heç danışmıram… Üstündən heç üç il keçməmiş, həmin təsvirdəki qadınların bir çoxu xəstəlikdən əziyyət çəkirdilər, bəziləri də ölümlə üzləşirdilər. Deyilənlərə inansaq, belə nəticəyə gəlmək olar ki, Yoşihidenin rəsmlərində sehrqarışıq nəsə var.
Yoşihidenin xarakterinə yönəlik desək, baş verənlərin hamısı onun ürəyincə idi, çünki o, özünü təkrarolunmaz hesab etdiyi üçün rəsmləri ilə fəxr edirdi. Bir dəfə əlahəzrət zarafatyana ona: — “Sən, deyəsən, eybəcərlikləri daha çox sevirsən”, o isə yaşına yaraşmayan qırmızı dodaqlarını büzərək özündənrazı şəkildə: “Bütün bu səthi düşünən rəssamların eybəcərliyin mətndəki gözəlliyi anlamağa gücləri çatmaz!” deyir. Lap ölkədə yeganə yaxşı rəssam ol, amma heç kim sənə o icazəni verməyib ki, əlahəzrətin qarşısında bu qədər lovğalanasan… Havayı yerə bir az əvvəl haqqında danışdığım şagird ona “Tiraeycu” ləqəbini qoymamışdı. Yəqin ki, bilirsiniz, Çindən bizim ölkəyə qədim zamanlarda gəlmiş şeytanı Tiraeycu adlandırırdılar.
Heç kimi və heç nəyi saymayan Yoşihidenin insan oğluna məxsus belə bir duyğusu var idi...
Yoşihide kameristka vəzifəsində çalışan yeganə qızını çox sevirdi. Mən artıq bu qızın çox nəzakətli, yaxşı qız olduğu haqqında danışmışam və əgər desəm ki, heç məbədə ianə verməyən Yoşihide qızının geyiminə, saç düzümünə pul xərcləyirdi, bu, ağ yalan olar. Bir sözlə, onun qızına olan sevgisi yalnız onu əzizləmək idi, qızı üçün yaxşı ər seçmək, axtarmaq heç ağlına gəlməzdi. Əksinə, kimsə onun qızını gözaltı eləsəydi, həmin adamı öldürməkdən ötrü lazım olsa, başkəsən də tutmağa hazır idi. Ona görə də eşidəndə ki əlahəzrət onun qızını kameristka təyin eləyib, əlahəzrətə qaşqabaq tökməyə başladı. Əlahəzrətin, guya, gözəlliyinə aşiq olaraq qızı atasının razılığı olmasa belə sarayda saxlamaq istəməsi kimi dedi-qoduların yaranmağı elə buna görə idi. Deyilənlərin bəzisi yalan olsa da, Yoşihidenin öz qızını çox sevməsi və ona saraydan getməsi üçün icazə verilməsini dəfələrlə xahiş etməsi isə doğru idi.
Bir dəfə əlahəzrətin sifarişi ilə gənc Moncunun (Moncu — buddizmdə müdriklik ilahəsi hesab olunur — tərc.) sifət quruluşunu o qədər uğurlu təsvir etmişdi ki, əlahəzrət çox məmnun olaraq lütfkarlıqla üzünü ona tutub:
— Mükafat olaraq nə istəsən sənə verməyə hazıram, de, utanma.
— Siz nə düşünürsüz? – Yoşihide cəsarətlə cavab vermişdi. — Xahiş edirəm mənim qızımı azad edin!
Başqa sarayları deyə bilmərəm, amma Horikavanın sarayında xidmət edənlərə o qədər çox qayğı göstərilirdi ki… Axı harada bu dərəcədə axmaq təmənnada bulunan insan tapılardı? Görünür, bu söz əlahəzrətə çox toxundu, o, bir qədər də sakit dayanaraq fikrə getdi və sonra qəfildən: — Mümkün deyil – deyib ayağa qalxdı. Sonralar bu cür hallar tez-tez təkrarlanardı. Getdikcə əlahəzrətin Yoşihideyə olan münasibəti də soyumağa başladı. Atasına görə narahat olan qız tez-tez kameristkalar üçün ayrılmış otağa qapılaraq acı-acı gözünün yaşını axıdardı. Elə əlahəzrətin Yoşihidenin qızına aşiq olması barədə gəzən söz-söhbətlər də heç səngimək bilmirdi. Bəziləri hətta deyirdilər ki, şirma üzərindəki “cəhənnəm iztirabları” təsviri qızın əlahəzrətə “yox” cavablarının təsirindən yaranmışdı, lakin bu, belə deyildi.
Yadımda qalan budur ki, əlahəzrət gənc qızın taleyinə acıdığı üçün onu buraxmaq istəmirdi. O, qızın taleyini bu cür inadkar atanın ixtiyarına buraxmaqdansa, azad yaşaya biləcəyi sarayda qalmağını daha üstün tuturdu. Əlbəttə, bu, onun qıza olan mərhəmət və qayğısı idi. Əlahəzrətin şəhvət düşkünü olması barədə gəzən söhbətlər isə uydurmadan başqa bir şey deyildi.
Qızına görə gözdən düşən Yoşihide əlahəzrətin sifarişi ilə saraya dəvət olunur və ona “cəhənnəm iztirabları”nı çəkmək həvalə edilir. Əlahəzrət niyə belə qərara vermişdi, onu anlamıram.
Bunu demək lazımdır, “cəhənnəm iztirabları” təsvir edilmiş şirma o qədər qorxunc şəkildir ki, gözlərimin önündən getmək bilmir. Başqa cəhənnəmləri təsvir etmiş rəssamların əsərlərini Yoşihideninki ilə müqayisə edəndə o dəqiqə anlamaq olur ki, bu rəsm tərtibatına görə tamamilə fərqlidir. Layın bir hissəsində, kənarda xırda şəkildə on nəfər knyazın təsviri var, şəklin qalan böyük hissəsində parlaq alov o qədər şiddətli təsvir olunub ki, elə bil, nəhəng dağ boyda dərd dilə gəlib alışıb-yanır və bıçaq da artıq sümüyə dirənib. Ləkəyə bənzər, sarı və ya göy rəngdə olanlar isə yalnız cəhənnəm qullarının əynindəki paltarların təsviridir, qalan hissə isə alovun dilləri arasından ətrafa səpələnən qaynar qığılcımlardan və qara tüstünün azğın şəkildə burularaq çıxmasından ibarətdir.
Burada fırçanın gücünün insanın nəzərini çaşdırmasında bir şey də var, o da günahkarların odun içində qıvrılmasıdır, cəhənnəmə aid çəkilən adi şəkillərdə belə görüntüyə rast gəlmək çətindir. Yoşihidenin günahkar qismində təsvir etdiyi insanlar müxtəlif təbəqənin insanlarıdır; ən yüksək ali məmurdan tutmuş ən kasıb insana qədər… Yüksək mənsəb sahibləri saray mundirində, gözəl xanımlar ipək paltarda, budda kahinləri özlərinəməxsus geyimdə, gənc kənizlərin ayağında asida (taxtadan düzəlmə ayaqqabı — tərc.), yeniyetmə qızlar uzun qapalı libasda, falabaxanlar isə öz tərzlərinə uyğun şəkildə təsvir olunublar, bir sözlə, hamısını saymaqla tamamlaya bilmərik. Başı buğa və at olan bu cəhənnəm qulları, sanki, küləkdə göyə sovrulan yarpaqlar kimi alovun içində qovrulurlar. Saçları yabaya taxılmış rahibə qadın isə hörümçək kimi ayaqları və əlləri qıvrılmış halda ilişib qalıb. Bir tərəfdə başqa bir kişini — belə görsənir hansısa sərdardır – qılıncla bir tərəfindən yortub o biri tərəfindən çıxararaq yarasa kimi başıaşağı asıblar. Kimisə dəmir şallaqla qamçılayırlar, kimsə min adamın belə xilas edə bilməyəcəyi daşın altında əzilib, digərini yırtıcı quş parçalayır, başqa biri zəhərli əjdahanın dişləri arasında əziyyət çəkir və bu təsvirlər o qədərdir ki, heç bilmirəm hansını deyim. Ən dəhşətli təsvir isə haçalanmış, vəhşi heyvanın caynağını xatırladan ağacdan asılı qalmış karetin təsviridir. Bambuqdan hazırlanmış pərdənin şiddətli cəhənnəm küləyi ilə dartılması, kübar saray xanımını xatırladan, acılar içində çırpınan qadının uzun, qara saçlarının alovda yanması və başını çevirərək imdad diləməsi, karetin aşması mənzərələri insanın gözü önündə cəhənnəmin necə iztirablı yer olduğunu xatırladır. Nəzər salanda, bütün diqqət şəkildəki bu təsvirin üzərinə yönəlir. Bu, elə bir qeyri-insani təsvirdir ki, qulaqlarda dəhşətli uğultu yaradır.
Bax hər şey təsvir etdiyim qədər idi, bəlkə də, çoxunu yada sala bilmədim. Bir şey də var ki, əgər bu təsvir edilənlər həqiqətən baş verməsəydi, Yoşihide həmin cəhənnəm mənzərəsini olduğu qədər orijinal çəkə bilməzdi. “Cəhənnəm iztirabları” şəklini yaratmaq Yoşihideyə həyatı bahasına başa gəldi. Deyə bilərəm ki, Yoşihidenin təsvirindəki cəhənnəm elə birinci onun özünün düşəcəyi yer idi.
“Cəhənnəm iztirabları” şəklini sizin təsəvvürünüzdə canlandırmaq üçün, deyəsən, bir az tələskənlik etdim. İndi isə bir qədər geriyə qayıdıb, əlahəzrətin Yoşihideyə həmin şəkli yaratmaq üçün necə sifariş etdiyindən bəhs edəcəyəm.
Beş-altı ay öncə Yoşihide sarayda tamamən görsənməz oldu. İşə bu cür canla-başla girişməsi onun üçün xarakterik olmayan bir hal idi. Heç qızı ilə də maraqlanmağa vaxtı yox idi. Yoşihidenin tələbəsi danışırdı ki, elə bil, o, işə girişəndə bədənində tülkü yerləşmişdi. Gəzən söz-söhbətlərə görə Yoşihide — tanrıya bu təsviri yaradacağına dair söz veribmiş. Deyirlər ki, onun necə işlədiyini görmək üçün kənardan müşahidə etmək kifayət idi ki, ətrafında dolaşan ruhları, tülküləri görə biləsən. Doğrudur ki, o, əlinə fırça götürəndə yaratdığı əsər istisna olmaqla dünyadakı qalan hər şeyi unudurdu. Gecə-gündüz qapalı yerdə oturur, nadir hallarda gün işığına çıxırdı. “Cəhənnəm iztirabları”nı təsvir edəndə də tamamilə ona mübtəla olmuşdu. Qaranlıq otaqda — qəndil işığında rəngləri çox qəribə üsulla qarışdırırdı. Bir də tələbələrinə suykan (suykan — kariqinudan bir qədər qısa hərbi geyimdir — tərc.) və kariqinu geyindirərək hər birinin rəsmini aramla çəkirdi. Bu cür əcaibliklər onda nəinki “cəhənnəm izitrabları” təsvirini yaradanda, elə digər işlərində də müşahidə olunurdu. Məsələn, Ryuqayci məbədində “həyat və ölümün dövretməsi” rəsmini yaradanda yerdə düzülmüş ölü cəsədlərdən hansınınsa tərpənməsini vecinə almadan onların yarıçılpaq ayaq, əl və üzlərini təpədən-dırnağacan təsvir edir. Onun xasiyyətindəki bu qəribəlikləri yəqin ki, hər kəs anlaya da bilməz. Heç bunları nöqtə vergülünə qədər anlatmağa zaman yetməz, amma əsas şeyləri bilmək istəyirsinizsə, icazə verin danışım.
Bir gün mən sizə bəhs etdiyim həmin tələbə fırçanı təmizləyəndə Yoşihide ona yaxınlaşaraq:
— Bir az yatmaq istəyirəm, amma son vaxtlar nədənsə pis yuxular görürəm – dedi.
Burada təəccüblü bir şey olmadığı üçün tələbə əlindəki işi dayandırmadan qısaca cavab verdi:
— Yaxşı.
Yoşihide özünəməxsus olmayan utancaq səslə üzünü tələbəyə tutaraq:
— Səndən rica edirəm, mən yatana qədər yanımda oturasan.
Tələbə Yoşihidenin gördüyü yuxulara niyə bu şəkildə əhəmiyyət verdiyinə bir az təəccüblənsə də, onun xahişini geri çevirmədi. Bu zaman Yoşihidenin utancaqlıq duyulan səsinə bir az da təşviş əlavə olundu:
— Onda arxa otağa keç, əgər o biri tələbələr gəlsələr, içəri, mənim yanıma buraxmazsan.
Bu, həmin zəif lampa işığından başqa heç bir şey olmayan və “cəhənnəm iztirabları” şirmasının qoyulduğu otaq idi. Şirma isə hələ tamamlanmamışdı. Tələbələr buraya gələndə Yoşihide heydən düşmüş halda qollarını başının altında dirsəkləyib yuxuya getmişdi. Heç yarım saat keçməmişdi ki, onun yanında əyləşən tələbənin qulağına çox zəif eşidilən qəribə inilti səsləri gəlməyə başladı.
İnilti səsləri getdikcə çoxaldı və qırıq-qırıq səslərlə əvəz olundu, elə bil kimsə suda boğulur və imdad istəyirdi.
— Sən nə istəyirsən? – Gəl yanıma. – Hara gəlim? – Cəhənnəmə gəl. Odlu-alovlu cəhənnəmə! – Axı sən kimsən? Mən kiminlə danışıram, kimsən sən? – Səncə kim olaram?
Tələbə qeyri-ixtiyari əlindəki işini dayandırdı və ustaya tərəf boylandı; qocanın qırışmış üzündə tər damcıları yaranmışdı, ağzı aralı qalmış və rəngi ağarmışdı. Dili ağzında yeyin-yeyin çevrilirdi. Kəsik-kəsik səslər qopub tökülürdü.
— Sən necə düşünürsən? – Hə, bu, sənsən. Mən bilirdim ki, bu, sən olarsan. Sən məni aparmağa gəlmisən? – Sənə deyirəm gəl cəhənnəmə. Cəhənnəmə gəl! Cəhənnəmə… – Cəhənnəmdə məni qızım gözləyir.
Birdən tələbəni vahimə basdı və ona elə gəldi ki, şirmadan qarabasma şəklində kölgələr sürüşüb çıxdılar. Bu anda tələbə Yoşihidedən möhkəmcə yapışıb bütün var gücüylə onu silkələməyə başladı, lakin o, yuxudan oyana bilmir və öz sayıqlamağında idi. Tələbə fırçaları yumaq üçün qoyulan suyu ustanın üzərinə əndərdi.
— O qız səni gözləyir, arabaya otur… sənə dedim əyləş və cəhənnəmə gəl...
Deyilən sözlər yenə də iniltiyə çevrildi, elə bil, onu boğazından sallaşıb boğurdular. Birdən Yoşihide sıçrayıb yerindən qalxdı, sanki, ona isti şiş batırdılar. Göz qapaqları yumulu qaldı və sonra gözlərini açıb düz qarşı tərəfə baxdı, bir müddətdən sonra kobud şəkildə tələbəyə sarı:
— Mən artıq yaxşıyam, get işinlə məşğul ol!
Ustanın xasiyyətinə yaxşı bələd olan tələbə heç bir dəqiqə eçmədən otağı tərk etdi və Yoşihide yenə də dərin yuxuya getdi.
Həmin hadisədən bir ay keçmiş Yoşihide ağzında fırçanı dişləyə-dişləyə başqa tələbəni yanına, otağa çağırdı. Tələbə otağa daxil olanda qəfildən ona tərəf çevrilərək:
— Qulaq as, səndən bir xahişim var, soyun, lüm-lüt ol!
Belə hadisələr əvvəllər də təkrarlandığı üçün tələbə özünü itirmədən, tez-tələsik təpədən-dırnağacan soyundu. Yoşihide ağız-gözünü büzüb soyuqqanlı şəkildə:
— İstəyirəm əl-qolu zəncirlənmiş adamın obrazını yaradasan, qoy bir az da səni zəhmətə salım. Mənim xahişimi yerinə yetirsən əla olardı. — dedi.
Bu oğlanın bədəni çox yaxşı formada olduğu üçün ona daha çox əldə qılınc tutmaq yaraşardı, nəinki fırça.
Sonra Yoşihidenin davranışı oğlanı bərk qorxudub. Oğlan elə bilib ki, ustanın başına hava gəlib və onu öldürmək istəyir. Tələbənin həmin ankı qətiyyətsizliyi ustanı hövsələdən çıxardıb. Əlindəki incə zənciri bura-bura, cəld hərəkətlə oğlanın üstünə tullanaraq çiyinlərindən yapışıb və yerə yıxaraq əllərini birləşdirmək istəyib ki, bağlasın. Tələbə də özünü itirərək şappıltıyla yerə yıxılıb.
Bu vəziyyətdə tələbə, sanki, yerə düşüb çiliklənmiş sake (sake- düyüdən hazırlanmış şərab — tərc.) şüşəsini xatırladırdı. Əli və qolu möhkəm burulduğu üçün təkcə başını tərpədə bilirdi. Həmçinin, zəncirlə elə sıx bağlanmışdı ki, bütün qanı donmuş, həmçinin, sinəsi və bədəni qapqara qaralmışdı. Yoşihide isə qətiyyən narahat deyildi. O, yerə düşüb çiliklənmiş şüşəni xatırladan tələbəni bütün kənarlardan müşahidə edərək onun eskizini yaradırdı. Mənə elə gəlir ki, həmin tələbə barəsində bu qədər danışmaq kifayətdir.
Xoşbəxtlikdən qəfil baş verən bir hadisə vəziyyəti dəyişdi. Otağın küncündəki dibçək yerə aşdı və içində yağa bənzər maye şırnaq açıb axmağa başladı. Əvvəlcə yapışqan kimi yavaş axan maye birdən sürətlə tələbənin üzərinə doğru hərəkət etdi. Özünü itirən oğlan: İlan, ilan! — deyə inildədi. Tələbənin danışığına əsasən, onun qorxudan qanı donubmuş. İlan az qala soyuq dilini tələbənin zəncirlənmiş bədəninə toxundurmaq istəyib.
Qəfildən çıxan maneə heç nəyə həssaslıqla yanaşmayan Yoşihideni də qorxutdu. O ilanın üstünə qaçaraq onun quyruğundan yapışdı və onu başı aşağı salladı. İlan nə qədər aşağıdan yuxarıya fırlanmağa başlasa da, onun əlinə dəyə bilmədi.
— Sənə görə şəkil də məhv oldu. — Xırıltılı və acıqlı səslə Yoşihide şikayətlənməyə başladı və əlindəki ilanı dibçəyə tərəf fırlatdı. Daha sonra tələbəni zəncirdən xilas etdi.
Hətta deyə bilərəm ki, Yoşihide ilanın tələbəni vura biləcəyinə görə deyil, şəklin məhv olmasına görə dilxorçuluq keçirdi. Sonra aydın oldu ki, Yoşihide ilanı evdə qəsdən saxlayırmış ki, şəkil çəkəndə ondan da istifadə etsin. Buna bənzər hadisələr tez-tez təkrarlanırdı. “Cəhənnəm iztirabları” rəsmi az qalsın başqa bir 13-14 yaşlarında tələbənin də ölümünə bais olacaqdı. Bu tələbənin dərisi qadın dərisi kimi ağappaq idi. Bir gün, axşamçağı Yoşihide onu da öz otağına çağırdı və heç nədən şübhələnməyən tələbə otağa daxil olanda ustanın əlində quşa bənzər varlıq gördü. Yoşihide lampa işığında çiy ətlə onu yedizdirirdi. O, təxminən pişik boyda olardı. Kənarlardan qulağa bənzər çıxıntıları və yumru, iri gözləri də pişiyi xatırladırdı.
Yoşihide adətən kiminsə onun işinə burnunu soxmasına göz yuma bilmirdi. Ona görə də ilana acıqlanmışdı. Lakin bütün bu baş verənlər barəsində bir kəlmə belə tələbələrinə danışmağı sevməzdi. Otağında, iş masasının üzərində həmişə qəribə nəsə; qurd, rəngli kürəciklər, tiyan kimi əşyalar olardı. İş bitdikdən sonra onları hara gizlədərdisə heç kimin xəbəri olmazdı.
Ona görə də tələbə düşündü ki, bu qəribə quş ustaya “cəhənnəm iztirabları”nı çəkmək üçün lazım idi və ustasından heç nə olmamış kimi soruşdu:
— Sizə nə lazımdır?
Yoşihide dişlərini yalaya-yalaya başı ilə quşu göstərdi.
— Bir bax, əsl ələöyrədilmiş quşdur.
— Nə quşudur? Ömrümdə rastlamamışam! – tələbə pişiyəbənzər quşa diqqətlə baxmağa başladı.
— Nəyə rast gəlməyibsən? – Yoşihide qımışdı. – Şəhər mühitində bəslənib, pis də elə burasıdır da… Bu quşa yapalaq deyirlər (yapalaq – zoologiyada quş növüdür — tərc.), bir neçə gün bundan qabaq ovçu dostum Kuramadan (Kurama- Yaponiyada dağ adıdır — tərc.) mənə hədiyyə gətirmişdi. Ancaq əl quşudur bu, nadir halda beləsinə rast gəlinir.
Elə bu anda quş bükülmüş caynaqlarını açaraq stolun üstündən hoppanıb tələbənin üzərinə hücum çəkdi. Tələbə əli ilə üzünü tutmasaydı, çox güman ki, quş onun sifətini cırmaqlayıb dağıdardı. O, qorxusundan qolunu yelləyirdi ki, quş əl çəksin, lakin həyasızlaşmış quş dimdiyi ilə tələbənin üzünü didməyə çalışırdı. Tələbənin bu anda usta vecinə deyildi, otağın içində gah o tərəfə, gah bu tərəfə qaçaraq yaxasını quşun caynağından qurtarmağa çalışırdı. Quş isə bütün var-gücüylə ona tərəf hücuma keçir və nə olursa olsun, onun gözünə dimdiyini batırmaq istəyirdi. Quş qanadlarını açıb pırıldatdıqca qanadlarından heç bir dağ gülünün, çiçəyinin, meyvəsinin, qurumuş yarpaqların ətirli qoxusu gəlmirdi, əksinə, ətrafa çox üfunətli bir iy yayılırdı. Tələbənin ürəyi ağzına gəlmişdi, ustanın otağı ona iblislərin mühasirəyə aldığı dərin dağ dərəsini, lampa işığı isə ayın tutqun parıltısını xatırladırdı.
Tələbəni ən çox qorxudan quşun hərəkətləri deyil, Yoşihidenin sifəti qız üzünə oxşayan tələbənin düşdüyü bu mənzərəni soyuqqanlı şəkildə izləyərək rəsm çəkməsi idi. Tələbəyə bir dəfə nəzər salmaq kifayət edərdi ki, onun baxışlarındakı xilas edilmək yalvarışını görəsiniz.
Yoşihidedən imdad diləyən tələbənin heç bir şansı yox idi. O dəqiqə sezilirdi ki, Yoşihide onu otağa elə məhz bu mənzərəni yaratmaq üçün çağırmışdı. Tələbə vəziyyəti anlayanda əli ilə başını gizlədərək daha da möhkəm qışqırmağa başladı və döşəmənin üstünə yıxılaraq qurtuluş üçün çapaladı. Yoşihide özü də qorxdu. Yerindən tərpənib quşa doğru getmək istəyəndə quş elə şığıdı ki, bu anda nəsə bir şey möhkəm yerə çırpıldı. Qollarını aşağı salıb yarıölümcül dayanan tələbə ancaq otağın qaranlıqlaşdığını və ustanın digər tələbələri yardıma çağırdığı görə bildi. Tələbələrdən biri əlində şam otağa girəndə otaq aydınlaşdı. Lampa qırılıb yerə düşmüşdü, içindəki yanacaq da yerə dağılmışdı, yapalaq isə yerdə bir qanadını tərpədərək çırpınırdı. Yoşihide karıxmış vəziyyətdə stolun altında gizlənmiş və sanki, donmuşdu. Yapalağın başından yapışan qara ilan onun bədəninə dolanmışdı. Yəqin ki, tələbə otağın içində qaçanda dibçəyi yerə salıb dağıtmışdı. Yapalaq isə bu dəfə ilanı dimdikləməyə çalışıb və həngamə elə onda qopub.
Tələbələr bu əcaib varlığı görən kimi ustaya yüngülcə təzim edib otaqdan çıxdılar. Sonra baş verənlərdən heç kimin xəbəri olmadı.
Belə əhvalatların sayı-hesabı yox idi. Yadımdan çıxmamış qeyd edim ki, “cəhənnəm iztirabları” şirmasını yaratmağı Yoşihideyə payızın əvvəlində həvalə etmişdilər və qışın sonuna qədər də ustalarının sayəsində tələbələrin başına gəlməyən hadisə qalmamışdı. Qışın axırları idi və Yoşihide çox qaşqabaqlı gəzirdi, görsənir, işində axsaqlıqlar əmələ gəlmişdi. Dörd hissəyə ayrılmış şirma elə yerindəcə sayırdı. Usta əvvəl çəkilmiş yerləri bir də rəngləməklə məşğul idi. Belə getsə, bu işin qurtaracağı yox idi. Əslində, ustanın işlərinin nə səbəbdən düzgün getmədiyini kimsə bilmirdi, doğrusu, bu, heç kimə maraqlı da deyildi. Tələbələr min cür acınacaqlı sınaqdan keçdiklərinə görə özlərini vəhşi şirlərlə və ya canavarlarla eyni qəfəsə salınmış kimi hiss edirdilər və bacardıqları qədər ustanın gözündən ilim-ilim itməyə çalışırdılar.
Bu son dövrdə danışılacaq elə bir şey baş verməmişdi, yalnız deyirlər ki, Yoşihide tək qalan anlarda gözləri yaşarırmış. Tələbələrdən biri mənə danışırdı ki, bir dəfə usta bağçadakı şəkil sərgisinin qarşısında dayanıb mavi səmanı seyr edərkən gözləri yaşla dolubmuş. Tələbə ani vəziyyətdən çaşaraq tez oradan uzaqlaşıb. Qəribə görsənən o idi ki, “həyat və ölümün dövretmə”si rəsmində yoldakı meyidləri cəsarətlə təsvir edən özündən müştəbeh usta indi niyə bu qədər aciz görsənirdi?
Yoşihide dəli adamlar kimi gecə-gündüz çalışırdı, qızı isə, sanki, depressiyaya düşmüşdü. O, əvvəllər də çox qayğılı gəzərdi, indi isə göz qapaqları göy qübbəsi qədər ağırlaşmış və gözlərinə kədər çökmüşdü. Əvvəlcə elə düşünürdük ki, qızın məyus gəzməsinə səbəb sevgi məsələləridir, daha sonra söz gəzdi ki, əlahəzrət qızı özünə tabe elətdirməyə çalışırmış və birdən, elə bil, bütün söz-söhbəti xəncərlə kəsdilər, qız hamının yadından çıxdı.
Bir dəfə gecə vaxtı mən sərginin qarşısında gəzəndə diqqət yetirdim ki, meymun Yoşihide mənim ətəyimi arxadan dartışdırmaq istəyir. Ayın zəif işiğı və albalı ağaclarının xoş ətri gecəni öz ağuşuna almışdı. Və mən gecə işiğında ürkmüş meymunun dişlərini qıcırdadaraq qışqırıq səsləri çıxartmasından diksindim. Yəqin, meymun məni boş yerə dartışdırmırdı. Onun məni dartdığı istiqamətə tərəf getdim.
Sərginin qurtaracaq küncündə əyilmiş küknar ağaclarının arxasından gölün zəif parıltısını görmək mümkün idi. Ora yaxınlaşanda yandakı otaqdan iki nəfərin xısın-xısın mübahisə etdiyini eşitdim. Ətrafda hər şey donmuşdu, heç bir ins-cins gözə dəymirdi, bircə balıqların sudakı şırıltı səsləri aydın duyulurdu. Dayanıb diqqətlə qulaq asmağa başladım, “əgər kimsə mənlə zarafatlaşmaq istəyirsə, ona göstərəcəm” deyə özüm-özümə toxtaqlıq verdim. Nəfəsimi içimə çəkib, yavaşca qapıya doğru qısındım.
Meymun mənim yubandığımı hiss edəndə tələsik ayaqlarıma dolandı və qəfildən hoppanıb çiynimə çıxdı. İstədim özümü meymunun əlindən xilas edim, çiyinlərimi dartışdırdım və o, yerə düşməsin deyə, məndən daha da möhkəm yapışdı. Qəfildən qapıya toxundum, bu anda dayanmaq anlamsız idi, qapını açıb içəriyə keçməyə tələsdim. Bir qadın qaranlıq otaqdan gərilmiş yaydan çıxan ox kimi çölə sıçradı. Amma qapının ağzında mənə ilişib yerə yıxıldı. Diz çökmüş halda tövşüyə-tövşüyə aşağıdan-yuxarı mənə baxmağa başladı. Mən anlamışdım ki, bu, Yoşihidenin qızı idi. Amma qız tamamilə özünə oxşamırdı. Gözləri bərəlmişdi və yanağındakı qatı ənliyi o dəqiqə nəzərə çarpırdı. Üst-başındakı səliqəsizlik qızın gənclik təravətinə xələl gətirmişdi. Buna rəğmən, qızın əndamı aylı gecədə əsrarəngiz görsənirdi. Mən baxışlarımı otaqdan uzaqlaşan ayaq addımlarının arxasınca yönəldərək soruşdum: Kimdir? Qız dodaqlarını çeynəyə-çeynəyə başını yellədi. Baxışlarından bərk dilxor olduğunu görmək mümkün idi. Mən bu dəfə onun qulaqlarına pıçıldadım: Kimdir? Yenə də başını yırğalayıb heç nə demədi. Uzun kirpiklərinin nəmli olduğunu da müşahidə edə bildim.
Mən uşaqlığımdan xırda, hamıya adi gələn şeylərin qarşısında həmişə aciz qalmışam. Elə ona görə də bir müddət səssiz qaldım və sanki, qızın ürək döyüntüləri eşidilirdi. Daha sonra nəsə soruşmaq da istəmədim.
Heç hiss edə bilmədim ki, nə qədər müddət keçmişdi, bircə yadımda qaldı ki, yavaş-yavaş özünə gələn qıza yumşaq səslə: “öz otağına get” dedim. Ürəyimdə bir səksəkə vardı. Ortada xoşagəlməz bir hadisənin baş verdiyi bəlli idi. Heç on addım atmamışdım ki, arxadan kimsə mənim ətəyimi dartdı. Qorxdum və geriyə çevriləndə yenə Yoşihide meymunu gördüm, əllərini aşağı salıb adam kimi mənə təzim edirdi.
Bu hadisədən iyirmi gün keçmişdi və bir dəfə, qəfildən Yoşihide əlahəzrəti görmək üçün saraya gəlmişdi. Əslində, rəssam vəzifəcə kiçik adam sayılırdı, amma əlahəzrət ona çox şeylərdə güzəştə gedirdi. Hər dəqiqə kimisə qəbul etməyi sevməyən əlahəzrət Yoşihidenin adını eşidən kimi dərhal görüşməyə razılıq verdi. Yoşihidenin əynində həmişəki kimi tünd-sarı rəngdə kariqinu və momieboşi vardı, özü də bir qədər kədərli görkəmdə idi. Əzahəzrətin qarşısında təzim edərək söhbətə keçdi:
— Mən sizə “cəhənnəm iztirabları” şirmasıyla bağlı müraciətə gəlmişəm. Siz bu işi artıq uzun müddətdir mənə həvalə etmisiz və mən də demək olar dayanmadan gecə-gündüz çalışaraq işin böyük bir qismini bitirmişəm.
— Əla, şadam.
Elə bil, əlahəzrətin səsində bir nagümanlıq, həvəssizlik müşahidə olunurdu.
— Əslində, burada əla heç nə yoxdur. Məsələ burasındadır ki, mən böyük bir hissəni sona çatdırmışam, bundan sonrası isə mənlik deyil.
— Nə olub? Bacarmırsan ki?
— Bəli, Mən görmədiyim şeyi həqiqətə necə çevirim? Yaratsam belə narazı qalacağam. Belə çıxır ki, onsuz da, bacarmayacağam.
Əlahəzrət bunu eşidəndə istehzayla gülümsündü.
— Demək sənə çəkmək üçün cəhənnəmi görmək lazımdır?
— Bəli, əlahəzrət, doğru buyurdunuz. Bir neçə il bundan qabaq dəhşətli yanğın baş verəndə onu öz gözlərimlə görmüşdüm. Oradakı ocağın şöləsi ancaq cəhənnəmdəki od-alovla müqayisə oluna bilərdi, ona görə də “Yocire-Fudo”( alovun ortasında təsvir olunmuş buddist Fudonun rəsmi nəzərdə tutulur — tərc.) rəsmini yaratmaq mənə çətin olmadı.
— Bəs günahkarları, cəhənnəm qullarını haradan tapaq ki, sən təsvir edə biləsən?
Əlahəzrət bir-birinin ardınca, durmadan suallar verirdi.
— Mən zəncirə dolanmış adamı görə bilmişəm, vəhşi quşun bir adamı didib-parçalamasına da şahid olmuşam. Ona görə də demək olmaz ki, mən bu sahədə təcrübəsizəm. İstər yuxuda, istərsə də aşkarda mən cəhənnəm qullarını görə bilmişəm, inəkbaşlı, yaxud atbaşlı adam, həmçinin, üçbaşlı, altıayaqlı və s. varlıqları da müşahidə etmişəm. Yox, məsələ mənim çəkmək istəyib, çəkə bilməməyimdə deyil.
Əlahəzrət özü də çaşıb qalmışdı. Bir müddət səs-səmirsiz Yoşihidenin üzünə baxdı. Sonra qaşlarını çataraq:
— Yaxşı, de görək nədir çəkə bilmədiyin?
— İstədiyim şey, ortada yuxarıdan karetin necə aşağıya aşmasını çəkməkdir.
Yoşihide öz sərt baxışlarıyla əlahəzrəti daha da pərişan elədi. Eşitdiyimə görə o, hər dəfə “cəhənnəm iztirabları” haqqında danışanda üzündə qorxunc cizgilər yaranırdı.
— Karetin içində isə saçları alışıb-yanan saray qadının işgəncəyə məruz qalmasını təsvir etmək… Tüstüdən boğulan bu qadın nəfəs almaq üçün başını karetdən çıxardıb və bir tərəfdən də çaxan şimşəkdən qorunmaq üçün bambuq pərdəni başının üstünə tərəf dartır. Başının üstündə onlarla iti caynaqlı vəhşi quşlar uçuşurlar. Baxın məhz karetdəki həmin qadını heç cür təsvir edə bilmirəm.
— Nə olsun ki? – özündənrazı şəkildə əlahəzrət cavab verdi.
Yoşihide qızdırmalı adamlar kimi titrəməyə başladı. Qırmızı dodaqlarını tərpədib mızıldandı:
— Elə o qadını təsvir edə bilmirəm də… – Və birdən kiməsə hücum çəkirmiş kimi qışqırdı: — Əlahəzrət, xahiş edirəm, mənim gözümün önündə bir kareti yandırın. Və bir də mümkünsə...
Əlahəzrətin üzü qaraldı və onu qəfil gülmək tutdu. Gülməkdən özünü zorla ələ alan əlahəzrət:
— Yaxşı, sənin dediklərini edəcəyəm. Gəl başqa məsələləri artıq müzakirə etməyək.
Bunları eşidəndə ürəyim yerə düşdü, dəhşətli bir qorxu büsbütün vücudumu sardı. Əlahəzrətin də ağzı köpüklənmiş və qaşları çatılmışdı. Adama elə gəlirdi ki, Yoşihidenin sərsəmliyi əlahəzrətə keçmişdi. Əlahəzrət yenə bir müddət səssiz qaldı və təzədən dəli gülmək onu tutdu:
— Kareti yandıracağam, saray qadınlarından birini orada otuzdurub həmin mənzərəni yaradacağam, özü də alovun içində özünü itirmiş və tüstüdən boğulmuş halda… Birinci dəfədir bu cür görüntünü sənin kimi canlı təsvir etmək istəyən rəssama rast gəlirəm. Halal olsun sənə. Həqiqətən, halaldır!
Yoşihidenin rəngi bir az da saraldı, dodaqları zorla tərpəndi və güclə eşidiləcək səslə:
— Bundan böyük xoşbəxtlik yoxdur!
Ola bilsin, əlahəzrət görüntünü yaratmağa razılıq verəndə Yoşihide mənzərəni gözləri önündə canlandırırmış. Bütün həyatım boyunca birinci dəfə idi ki, Yoşihideyə yazığım gəlirdi.
Bu hadisə gecə baş verdi. Əlahəzrət öz sözünə sadiq qalaraq Yoşihideyə karetin necə yandığını göstərdi. Əlbəttə, bu iş sarayda deyil, Horikava çayının sahilində baş tutdu. Kareti şəhərdənkənarda, əvvəllər əlahəzrətin bacısı yaşayan “Yukige” sarayında yandırdılar.
Sarayda çoxdan idi kimsə yaşamırdı və bağçası da boşalmağa başlamışdı. Bu yeri sahibsiz olduğuna görə seçmişdilər. Əlahəzrətin ölmüş bacısı haqda gəzən söz-söhbətlərə görə ay çıxmayan gecələrdə qadının tüldən paltarı yerə dəymədən həyətdə gəzişirmiş. Burada gündüzlər nadir hallarda günəş görsənirdi, ətraf qaranlıq içində olurdı və kiçik bağ çaylarının zəif parıltısında, bir də güclə sezilən ulduz işığında hansısa vəhşi varlıqların kölgəsi ötüşürdi.
Beləliklə, həmin gün yenə də qaranlıq, aysız gecə idi. Şam işığında əyninə hakama xalatı geyinmiş əlahəzrət kənarda ağ qumaş yastığa dirsəklənib, ayaqlarını bardaş qurub oturmuşdu. Ətrafına yaxın adamlarını yerləşdirmişdi. Onların arasında vaxtilə Miçinoku (daxili fedoal çəkişmələrindən biri nəzərdə tutulur — tərc.) müharibəsində aclıqdan adam əti yeyən pəhləvan xüsusilə nəzərə çarpırdı. Yeri gəlsə, indi də diri-diri ceyranı ayağından tutub parçalayıb yeyərdi. O, küncdə dayanmışdı, belində qalın kəməri var idi və əlindəki qılıncı aşağı sallayaraq qulpundan yapışmışdı. Külək şamların işığını o tərəf bu tərəfə əydikcə insan fiqurları gah kölgə şəklində yoxa çıxır, gah da işıqda əks olunurdu, buradakı hər şey qorxulu yuxuya bənzəyirdi. Bağdakı qızıldan düzəldilmiş bəzək əşyaları parıldayırdı və karetin qoşqusu çarxlarına kip dayanaraq bir tərəfi əyilmişdi. Yazın gəlişinə baxmayaraq, havadakı qatı dumandan və zülmətdən dolayı adamın içindən soyuq bir gizilti keçirdi.
Bambuq pərdənin göy zolaqlı kənarları aşağıya qədər uzandığından karetin içərisi görsənmirdi. Kənarlarda qulluqçular əllərində şam ağacından hazırlanmış məşəllərlə dayanıb tüstünün kənarlara yayılmamasına nəzarət edirdilər. Yoşihide özü isə bir dəqər uzaqda çömbəltmə oturmuşdu. Həmişəki geyindiyi libasında yazıq adamlara oxşayırdı və elə bil, ulduzlu səmanın bütün ağırlığı onun üzərinə çökmüşdü. Arxasında dayanan xüsusi geyimdəki cavan oğlan, deyəsən, tələbəsi idi. Hər ikisi də qaranlıq yerdə dayanmışdılar və paltarlarının rəngi belə seçilmirdi.
Gecəyarısı idi. Qaranlıqda ağacların arası ilə axan kiçik çayların səsindən başqa bir şey eşitmək çətin idi. Bir də hər dəfə xəfif külək əsəndə məşəlin tüstüsü və hisinin iyi ətrafa yayılırdı. Əlahəzrət bir müddət sakitcə bu sehirli mənzərəyə daldı və qəfildən qarşı tərəfə səsləndi:
— Yoşihide!
Rəssam yerindən mızıldandı, amma nəsə eşitmək mümkün olmadı.
— Yoşihide, bu gün sən arzuladığın kimi karetə od vurub yandıracağıq.
Əlahəzrət ona tərəf yaxınlaşanlara gözücü diqqət yetirdi. Bu anda hər kəsin simasında mənalı baxışlar və təbəssüm müşahidə olundu, ya da mənə elə gəldi. Yoşihide kirimişcə başını qaldırıb karetə baxdı və susdu.
— Diqqətlə bax, bu karet mənim əvvəllər gəzdiyim karetdir, yəqin sən onu xatırlayırsan. Mən indi onu yandıracağam və sən öz gözlərinlə cəhənnəm alovunu görəcəksən. – Əlahəzrət yenidən susdu və ətrafdakıları bir daha nəzərdən keçirdi. Birdən kobudcasına:
— İçərisində əli-qolu bağlı günahkar qadın oturmuşdur. Və bu, o deməkdir ki, karet alışıb-yananda onun sümükləri yanıb kömürə dönəcək, həm də dəhşətli əzabdan məhv olub öləcəkdir. Sənin rəsmin üçün bu, təkrarolunmaz mənzərədir, yaxşı izlə, gör onun ağ dərisi şam kimi necə əriyib töküləcək. Alovun qığılcımından yanıb külə dönəcək qara saçlarına da nəzər sal.
Əlahəzrət yenə susdu və nəyisə xatırlayıb içində qəh-qəhə çəkdi, yalnız çiyinləri tərpəndi və:
— Bu dəhşəti ömrünün sonuna qədər unuda bilməyəcəksən, mən də izləyəcəyəm. Hə, bir qaldırın pərdəni, qoy Yoşihide içəridə kimin oturduğunu görsün!
Bunu eşidən qulluqçulardan biri karetə yaxınlaşıb bir əli ilə pərdəni dartdı. Məşəlin alovu karetin içini yaxşıca aydınlaşdırdı. İçəridə zəncirlənmiş qadın oturmuşdu… necə səhv salmaq olardı ki?! Əynində basma gülləri olan ipək paltarı və qara, uzun saçları dalğalanırdı. Geyimindən kimliyini bilmək çətin olsa da, nazik, uzun boğazından, xırda bədənindən, həmçinin, qüssəli sifətindən tanımaq olurdu… Bu, Yoşihidenin öz qızı idi. Mən özümü güclə saxladım, az qalsın qışqıracaqdım. Bu anda həmin pəhləvan Yoşihideyə yaxınlaşaraq sərt baxışlarını onun üzərində saxladı. Yoşihide qızını görəndə ağlını itirmək dərəcəsinə gəldi. O, oturduğu yerdən sıçrayıb karetin üzərinə hoppanmaq istədi. Təəssüf ki, məndən uzaqda olduğu üçün üzündəki ifadəni görə bilmirdim. Yoşihidenin ağappaq olmuş bədəni tüstünü yararaq gözlərimin önündə dayandı. Əlahəzrət “yandırın!” əmrini verən kimi məşəllər karetə doğru uzandı və kareti alov bürüdü.
Karet yanmağa başladı. Küləyin təsirindən şiddətlənən alovdan karet yandıqca qadının paltarının qolu, qızıl bəzəkli əşyalar, pərdə əriyib tökülməyə başladı. Bundan qorxunc heç nə ola bilməzdi! Alovun dilləri karetin gövdəsini sarmışdı və az qalsın səmaya qalxırdı. Elə bil günəşin özü yerə düşüb parçalanmışdı. Mən əvvəlcə qışqırmaq istəyirdim, bir az da keçəndən sonra həyəcandan ürəyim ağzıma gəlmişdi. Yoşihide isə...
Yoşihidenin o andakı simasını hələ də unuda bilmirəm. O, birinci karetin üstünə qaçıb qızını xilas etmək istəsə də, tüstü onu geriyə çəkilməyə məcbur etdi. Bərəlmiş gözləri, əyilmiş ağzı, yana dartılmış yanaqları, bir sözlə, bütün dəhşət və qorxudan yaranmış üz cizgiləri alovun işığında yaxşı əks olunurdu. Yüz cinayət törətmiş günahkarın belə edam qabağı sifətində bu cür ifadəni görə bilməzdiniz. Pəhləvanın da rəngi qaçmışdı və əlahəzrətə tərəf boylanırdı.
Əlahəzrətin arada dodaqlarını dişləyir və karetdən gözünü çəkmirdi. İçindəki dəhşəti, baş verənləri isə danışmaq çətindir mənə. Tüstüdə itib-batan qadının görkəmini izləmək isə… Uzun qara saçları, bəzəkli paltarı hamının gözü önündə əriyirdi. Külək tüstünü yırğaladıqca qadının ağzına bağlanmış ipi gəmirib qoparmaq istəməsi və çapalayıb xilas olmaq niyyəti açıq görsənirdi. Mən daxil olmaqla həmin pəhləvana qədər, orada dayanan hər kəsin tükləri biz-biz dayanmışdı, budur, cəhənnəm iztirablarını öz gözlərimizlə müşahidə edirdik!
Birdən qara nəsə bir şey xəncər kimi göydən hoppanaraq karetin üstünə sancıldı. Bu, sarayda qaçmasın deyə bağlanmış meymun Yoşihide idi. O, qıza qısınaraq qışqırmağa başladı.
Heyvanı bir göz qırpımında müşahidə edə bildik, hər ikisi də burulan tüstünün içində görsənməz oldular. Karet alovdan yanan dirəyi xatırladırdı, Yoşihide isə, sanki, dirəyin qarşısında daşa dönmüşdü. O, kənardakı hər şeyi unudaraq alovun qarşısında qollarını çarpazlaşdırıb görüntünü izləyirdi. Adama elə gəlirdi ki, yanan adam onun qızı deyil, başqası idi. Alovun gözəlliyi və yanan qadının dərisindən gələn qoxu onu özündən almışdı. Bu anda Yoşihidenin simasında çox qəribə, insana xas olmayan cizgilər yaranmışdı. Hətta səmada uçan gecə quşları belə bu mənzərəni bir anlıq izləyə bildilər. Hər kəs Yoşihideyə yenicə baş qaldırmış budda kimi baxırdı. Nədənsə hamının üz ifadəsində bir şadyanalıq yaramışdı. Bircə əlahəzrətin sifəti bəyazlaşmış, güclə nəfəs alaraq ağzı köpüklənmiş və ayaqlarını qucaqlayaraq özünə qapılmışdı.
Əlahəzrətin “Yukige” sarayında kareti yandırtması barəsində söz-söhbətlər hər yerə yayılmışdı, lakin hər kəsə qəribə görsənən məhz Yoşihidenin qızının o karetdə olması idi. Deyirdilər, guya, əlahəzrətin qız tərəfindən rədd edilməsi buna səbəb olmuşdu. Əlahəzrətin niyyəti isə tamam başqa şey idi. O, istəyirdi gözü heç nəyi görməyən, öz işindən ötrü bir insanın həyatına son qoya biləcək rəssamın dərsini versin.
Həqiqətən, bu söhbəti əlahəzrətin öz ağzından eşitmişdim. Yoşihide isə bu hadisədən sonra nəinki, öz işini kənara qoydu, hətta onu sona çatdırmaq istəyi daha da şiddətləndi. Çoxları onu öz işi naminə qızının qatilinə çevrilən, insan cildində gizlənmiş vəhşi heyvana bənzədirdilər. Yokoqava ata isə belə deyirdi: — Rəssam kimi onun bacarığına sözüm yoxdur, ancaq münasibətlərdə beş müqəddəs (konfusi təliminə görə ata ilə oğul, ağa ilə qulluqçu, böyüklə kiçik, ərlə arvad, həmçinin dostlar arasındakı münasibətlər nəzərdə tutulur) qanunna əməl etmədiyi üçün yeri cəhənnəmdir.
Bir neçə aydan sonra “cəhənnəm iztirabları” şirması nəhayət ki, tamamlandı. Yoşihide şirmanı götürərək əlahəzrətin yanına yolandı. Bu vaxt Yokoqava ata da orada idi. O, şəklə nəzər salanda şirmadakı yanğının görüntüsündən dəhşətə gəldi. Əvvəllər, o, həmişə Yoşihideyə qaşqabaqla baxardı, amma bu dəfə ona sarı: “Əsrarəngizdir!” dedi. Əlahəzrətin üzündəki təbəssüm isə mənim yadımdan heç vaxt çıxmaz.
Bu hadisədən sonra sarayda bir nəfər də olsun, Yoşihide haqqında pis danışmadı. Yəqin şəklə görən hər kəs həqiqi cəhənnəm iztirabının nə demək olduğunu dərk edə bildi. Şəkli təhvil verəndən sonra evinə qayıdan Yoşihide isə özünü otağında asıb öldürmüşdü. Görsənir qızının yoxluğuna dözə bilməmişdi. Onun cəsədini öz yaşadığı evin yerində dəfn etmişdilər. İndi də oradadır. Daşın üzəri yağış və nəmdən mamırla elə sıx örtülmüşdür ki, kimsə oradakı qəbrin Yoşihideyə məxsus olduğunu bilmir.
Aprel, 1918-ci il.
Tərcümə: Günel Əhmədova

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: