“Gizli sirlər”in aşkar təqdimatı

“Gizli sirlər”in aşkar təqdimatı
Xətai Sənət Mərkəzində gənc rəssam-şairə Nigar Yunusun “ƏSRARİ” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub. Ziyarətçilərə müəllifin fərdi sərgi kataloqu və şeirlər kitabı təqdim olunub. Ekspozisiyada sənətçinin müxtəlif dövrlərdə yaratdığı qrafika əsərləri ilə yanaşı, baxımlı dizayn nümunələri də yer alıb.
Nigar Yunus yaradıcılıq hesabatı haqqında məlumat verərək, bildirdi:
– Sərgidə, ümumilikdə, 99 əsər nümayiş olunur. 7 rəngkarlıq, 92 qrafika-dizayn əsəri daxildir. Son 2 ildə albom seriyaları ilə məşğul oluram. Rəngli daşlar, kəpənəklər, dibçək bitkiləri, lələklər və s. ibarət fərqli rəsm nümunələri ərsəyə gətirirəm. Bütün bunları, həm də kolleksiya kimi yığıb saxlayıram. Qanadlı həşəratlar da toplayıram. Təqdim etdiyim kataloq isə “Albom seriyaları” adlanır. Sərgiyə 2020-ci ildə nəşr olunmuş "Şeirlər. Aforizmlər. Qəzəllər" və “Ağ və qara. Şeirli dünyam” adlı kitablarımı da təqdim etmişəm. Bu sərgimi şagirdlərimə həsr etmişəm. Sonda onu da qeyd edim ki, bu Azərbaycanda keçirilən sonuncu sərgimdir.
Qeyd edək ki, Xalq rəssamı Qəyyur Yunusun ailəsində həyata göz açan Nigar sənətşünas və ekspert kimi də fəaliyyət göstərir. O, rəngkarlıqda, əsasən, yağlı boya texnikasına üstünlük versə də, daha çox kağız üzərində qarışıq texnikada işləyir. Sənətşünas öz üslubunu “Əsrari” adlandırır. Şeirlərini də “Əsrari-nihan” (gizli sirlər) təxəllüsü ilə yazır. Özünün dediyinə görə, bu sözü Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən götürüb. Nigar Yunus 100-dən çox qəzəlin müəllifidir.
Fidan SALMANOVA
Edebiyyat.az





