Bugünkü həmsöhbətim Azərbaycan Respublikasının "Əməkdar Rəssamı", "Tərəqqi" medallı Rafael Həşimovdur.

1. Rafael müəllim, müsahibələrinizin birində qeyd edirsiniz ki, rəssamlıq sənətini seçməyinizdə atanızın rolu olub. Bu barədə bir az ətraflı danışa bilərsinizmi?
Bəli, doğrudur, rəssamlıq sənətini seçməyimdə atamın böyük rolu olub. Atam mənə İntibah dövrünün məşhur italyan rəssamı Rafael Santinin adını qoymuşdu ki, mən də rəssam olum. Bir gün atam mənə sual verdi:
— Hansı sənətə yiyələnmək fikrin var?
Mən də dedim:
— Mən cərrah olacam.
Dedi:
— Hə, demək arzum ürəyimdə qalacaq. Mən sənə Rafael adını qoymuşdum ki, sən rəssam olasan.
Məhz o söhbətdən sonra rəssam olmağa qərar verdim.
---
2. Rafael Həşimov yaradıcılığında hansı rəssamlardan bəhrələnib və ya hansı rəssamlar sizin yaradıcılığınıza təsir göstərib?
Mənim həyatımda əsas ilham mənbəyi qonşumuz Arif Mehdiyev olub. İndi Fransada yaşayır. Atam məni rəssamlıq məktəbinə aparanda sənədlərim qaydasında deyildi. O, bilmirdi hansı sənədlər tələb olunur. Məhz Arif Mehdiyev məni istiqamətləndirdi, rəssamlığın sirlərini öyrətdi. Üç ildən sonra Rəssamlıq Akademiyasına qəbul oldum. Atama dedim:
— İstəmir idin rəssam olum, amma indi qalıb oxuyacam.
Və qaldım, oxudum. İndi peşman da deyiləm.
Mənə təsir edən rəssamlardan biri Səttar Bəhlulzadədir. Çox maraqlı insan idi. Deyilənə görə, rəsim çəkəndə bir nöqtəyə o qədər baxırmış ki, siqareti yandırır, sonra ayılırmış ki, barmağını yandırıb.
Ən çox bəyəndiyim rəssamlardan biri isə Sakit Məmmədovdur. Mən fəxr edirəm ki, Papa II İohan Pavelin portretini bizim rəssam çəkib. O vaxt bütün Moskva sarsılmışdı ki, xristian dünyasının mənəvi liderinin rəsmini müsəlman rəssam çəkib. Bu, elə-belə bir şey deyil, çox möhtəşəm hadisədir.
---
3. Fransız dramaturqu Sen-Pol Ru deyirdi: "Əsl sənət həmişə zamanı qabaqlayır." Bəs Rafael Həşimovun əsərləri zamanı qabaqlaya bilibmi?
Yox, mən belə deməzdim. Amma bir avtoportretim var — çərçivənin içində öz portretim, divardan iki qızıl əl çıxır, ortasında isə mirvari var.
2016-cı ildə Meksikanın səfiri Rodriqo Labardini Mingəçevirə sərgiyə gəlmişdi və mənimlə görüşdü. Yuxumda da görməzdim ki, Meksikanın səfiri mənimlə görüşəcək.
Həmin portreti göstərib soruşdu:
— O rəsmdəki sənsən?
Dedim:
— Bəli, mənəm.
Soruşdu:
— Əllərini niyə qızıl eləmisən?
Dedim:
— Deyirlər əllərin qızıldır, mən də qızıl boyamışam.
Dedi:
— Sənin əllərin doğrudan da qızıldır.
---
4. Yaradıcı insanların əsərlərini ərsəyə gətirərkən müxtəlif ritualları olur. Məsələn, Edqar Po yazı yazarkən yemədən-içmədən kağızlara baxırdı, Vaqif Cəbrayılzadə tamamlamadığı şeirləri bitirmək üçün əks qatarların arasında dayanırdı. Bəs Rafael müəllim əsəri tamamlayanda nələr edir?
Bəzən olur ki, "bir atımlıq barıt" qalır – rəsmi çəkmişəm, amma tamamlaya bilmirəm. Tənbəllik də deyil, sadəcə bir boşluq yaranır. O vaxtlar xoşladığım rəssamların işlərinə baxıram, bir də musiqi dinləyirəm. Tələbəlik illərimin musiqiləri – həm xarici, həm də muğamat. Ürəyimə yatan bir mahnıya səhərdən axşama qədər qulaq asa bilərəm.
Ətrafdakı insanlar deyir:
— Bezmədin bu musiqidən?
Deyirəm:
— Mən bezmirəm, bu mahnılar mənim qanıma hopub.
İslam Rzayevdən, Şövkət Ələkbərovadan, Əlibaba Məmmədovdan bezmək olar? Vallah, bir daha gəlməyəcək onlardan. Gəlməyəcək.
---
5. Cəmiyyət yaradıcı insanlara həmişə bir az "dəli" kimi yanaşıb. İranlı Sadiq Hidayət intihar etdi, Van Qoq qulağını kəsdi. Sizcə yaradıcı insanlar niyə tənhalaşır?
Salvador Daliyə deyirlər ki, sənin çəkdiyin rəsmləri camaat başa düşmür, elə çək ki, camaat başa düşsün.
Dali cavab verir:
— Mən niyə camaatın səviyyəsinə düşməliyəm? Qoy camaat mənim səviyyəmə qalxsın.
Yaradıcı insanların öz dünyaları olur. Bəlkə də, zamanı qabaqladıqları üçün tənhalaşırlar. Mən əgər zamanı qabaqlaya bilsəydim, daha möhtəşəm əsərlər yarada bilərdim. Amma etiraf edim ki, zamanı qabaqlamağa zamanım da yoxdur.
Bir dəfə televiziya verilişlərinin birində kimsə dedi:
— Sizcə, bu dalğa qayaya çırpılıb niyə geri qayıdı?
Hamı susdu, cavab verə bilmədi.
Dedi:
— Bəlkə də o dalğalar qayaya aşiq olub , ona görə özlərin qayaya çırpırlar.
Səhəri gün otağıma gəlib bu fikirdən bir rəsm əsəri yaratdım.
---
6. Fotoqrafiya ilə rəssamlıq sənətinin hansı oxşar və fərqli cəhətləri var?
Bu gün elə istedadlı rəssamlar var ki, fotodakı görüntünü elə çəkirlər ki, foto özü onun yanında solğun qalır.
Məsələn, saçın tükünü elə çəkir ki, onun nazik kölgəsi belə görünür. Tükün tük kimi, kölgənin isə kölgə kimi görünməsi artıq sənətdir.
---
7. Rafael müəllim, üçüncü Rafael yetişirmi? Özünüz bir Rafael yetişdirə bilirsinizmi?
Allah bütün insanlara müxtəlif qabiliyyətlər verib. Hansını parıldadırsansa, o səni irəli aparır. Adaşım – nəvəm – o da rəsmlə maraqlanır. Bir dəfə qara və qırmızı rənglərlə Qarabağ haqqında maraqlı bir rəsm çəkmişdi.
Balaca oğlumda da istedad var idi, amma onun arxasınca getmədi. Bu sənət elə bir şeydir ki, gərək ona bağlanasan.
Bir vaxtlar məktəbdə bir uşaq var idi. Anası deyirdi ki, kitab ala bilmirik. İşığı söndürürük, görürük ki, yorğanın altında fənərlə kitab oxuyur. Sənət də belədir – əgər səni çəkirsə, burdan əlindən alırsan, yenidən oraya qayıdıb onunla məşğul olursan.
Sənətin yolunda pərvanə kimi şam üçün yanmaq lazımdır.
Söhbətləşdi : Nicat Hunalp





