Cavadova Səkinə- Azərbaycan memarlığında kaşı nümunələrinin bədii xüsusiyyətləri

Azərbaycan memarlıq abidələrində kaşı sənətinin nümunələri yalnız dekorativ funksiya daşımamış, eyni zamanda estetik, dini, fəlsəfi və ideoloji baxımdan zəngin mənalar daşıyıcısı olmuşdur. Orta əsrlərdən etibarən kaşı sənəti türbələrdə, məscidlərdə və saraylarda geniş tətbiq olunmuş, həm estetik, həm də funksional dəyəri ilə seçilmişdir.
Memarlıqda istifadə olunan kaşı ornamentləri metal, keramika, parça və xalça sənətində olduğu kimi, Azərbaycanın qədim sakinlərinin dini dünyagörüşü və həyat şəraitinin simvolik ifadəsi olmuşdur. Orta əsrlər dövründə ornament sənəti daha da zənginləşmiş, yeni bir inkişaf mərhələsinə qədəm qoyaraq memarlıq keramikasına daxil olmuşdur.
Memarlıq keramikasında kaşı bəzəklərində istifadə olunan ornamentlər əsasən həndəsi, nəbati və epiqrafik yazı formalarında tərtib olunurdu. Həndəsi ornamentlər kvadrat, üçbucaq, şüa formalı elementlərdən təşkil olunaraq romb, paralelogram və çoxbucaqlı strukturlar əmələ gətirirdi. Bu ornamentlər riyazi dəqiqliklə qurularaq, sonsuzluq anlayışını ifadə edən ritmik düzümlər yaradırdı. Mürəkkəb həndəsi ornamentlər şüaşəkilli şəbəkələr əsasında qurulurdu ki, bu da arabesk tipli girih (düyün) naxışların formalaşmasına səbəb olurdu.
Nəbati ornamentlərdə isə əsasən stilizə olunmuş gül və bitki elementləri təmsil olunurdu. Bu motivlər təbiətin və həyatın davamlılığını simvolizə edən rəmzi məna daşıyırdı. Həmçinin kaşı bəzəklərində kufi, nəsx, süls və digər yazı növlərində epiqrafik ornamentlərə də geniş yer verilirdi. Quran ayələrinin işlənməsi bu məkanlara mənəvi və ruhani atmosfer bəxş edirdi. Bu elementlər bəzən müstəqil kompozisiya şəklində sintez olunaraq abidələrin bədii tərtibatında istifadə edilirdi.
XII əsrdən etibarən memarlıqda füruzəyi rəngli kaşıların istifadəsi geniş yayılmışdır. Bu rəng səmavi enerji və mənəvi saflığın simvolu kimi çıxış edirdi. Kaşı kompozisiyalarında rənglər arasında ziddiyyət və harmoniya yaradılmaqla, həm daxili məkan, həm də abidənin ümumi vizual görüntüsü zənginləşdirilirdi. Daha sonrakı dövrlərdə kaşıların texniki və bədii xüsusiyyətləri daha da inkişaf etmişdir. Mozaika üsulu ilə müxtəlif rəngli kaşı parçalardan naxışlar yığılaraq işlənirdi. Kaşıların üzərinə çəkilmiş şüşəvari təbəqə onların parlaqlığını və davamlılığını artırırdı. Həmçinin, naxışların relyef formasında işlənməsi işıq və kölgə effektləri yaradaraq təsviri daha dinamik edirdi. Kaşılar günbəzlərdə, mehrablarda, minarələrdə, fasadlarda və giriş portallarında istifadə olunaraq abidələrin funksional strukturlarına estetik gözəllik qatırdı.
Naxçıvan memarlıq məktəbində kaşı sənəti
XII əsrdə Azərbaycanda kaşı sənətinin memarlıqda ilk istifadəsinə Naxçıvan memarlıq məktəbində rast gəlinir. Bu məktəbin banisi Memar Əcəmi olmuşdur. Onun əsərləri Şərq memarlığı üçün unikal nümunələrdir. 1186-cı ildə inşa edilmiş Möminə Xatun türbəsi bu sənətin ən görkəmli nümunələrindən biridir. Türbədə istifadə olunmuş girih tipli mürəkkəb həndəsi naxışlar, nəbati elementlər və epiqrafik yazılar bir-birini tamamlayaraq həm estetik, həm də fəlsəfi məna daşıyır. Füruzəyi kaşılar qırmızımtıl bişmiş kərpic fonunda parlaq kontrast yaradaraq vizual dərinlik effekti verir. Bu rəng mənəvi yüksəliş və ilahiliyi simvolizə edir.
Bərdə (Allah-Allah) türbəsi
1322-ci ildə inşa olunan Bərdə və ya Allah-Allah türbəsi də memarlıq və kaşı sənəti baxımından əhəmiyyətli abidələrdəndir. Silindrik gövdəyə və konusvari günbəzə malik olan bu türbənin fasadında füruzəyi kaşılar, həndəsi və nəbati ornamentlər, epiqrafik yazılar tətbiq olunmuşdur. Türbənin əsas bədii xüsusiyyətlərindən biri, kufi xətlə yazılmış “Allah” sözünün kvadrat şəbəkə formasında iki yüz dəfə təkrar olunmasıdır. Bu, həm ritmik harmoniya, həm də sonsuzluq fəlsəfəsini vizual şəkildə ifadə edir.
Qarabağlar türbəsi![]()
XIV əsrin birinci yarısına aid olan Qarabağlar türbəsi Naxçıvanın Qarabağlar kəndində yerləşir. Monumental silindrik formaya malik bu türbədə on iki yarımsilindrik çıxıntı vardır. Türbənin eksteryerində kufi xətlə yazılmış epiqrafik yazılar və nəbati ornamentlərlə işlənmiş kaşılar diqqət çəkir. Xüsusilə diaqonal düzülüşlü həndəsi ornamentlər türbənin hündürlüyünü və monumental təsirini artırmaqla bərabər, ilahi nizam və kamillik ideyasını da əks etdirir.
Səfəvi dövründə kaşı sənətinin inkişafı
XVI–XVII əsrlərdə Azərbaycanda kaşı sənəti yüksək inkişaf mərhələsinə çatmışdır. Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri bu sənətin əsas mərkəzlərinə çevrilmişdir. Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai dövründə incəsənətin bir çox sahələri, o cümlədən memarlıq və kaşı sənəti öz çiçəklənmə dövrünü yaşamışdır.
Ərdəbildə yerləşən “Şeyx Səfi” kompleksi bu dövrün ən görkəmli monumental abidələrindən hesab olunur. Kompleksə türbə, məscid, çinixana, kitabxana, giriş baştağı və digər binalar daxildir. Kompleksin erkən dövr memarlığında kərpic hörgüsü və az miqdarda kaşı mozaikası istifadə olunmuş, sonrakı mərhələdə isə çoxrəngli, mürəkkəb nəbati və epiqrafik ornamentlərlə bəzədilmiş kaşı mozaikaları üstünlük təşkil etmişdir. Füruzəyi kaşılarla kufi xətlə yazılmış “Allah” sözünün təkrarı həm estetik zövq, həm də mənəvi məna baxımından xüsusi əhəmiyyət daşıyır.
Nəticə olaraq, kaşı sənəti Azərbaycan memarlığında yalnız dekorativ element deyil, həm də dini və fəlsəfi mənaların daşıyıcısı kimi çıxış etmişdir. Bu sənət həm texniki ustalıq, həm də dərin simvolik məna ilə zəngin olub, milli memarlıq irsimizin əvəzolunmaz hissəsidir.