Nurcan Sandal - Uzaqların səsi
Şəhərlər dəyişirdi, amma bəzi insanlar
insanın içində olduğu yerdə qalırdı. Qatar vağzallarında, yad dillərin içində,
siqaret tüstüsünə qarışmış gecələrdə, hostel pəncərələrindən görünən boz küçələrdə…
Hər yerdə bir az onu axtarırdı.
Bir dəfə dəniz qırağında oturmuşdu. Soyuq idi. Dalğalar sahilə vurduqca elə bil
zaman geri çəkilirdi. Çantasından köhnə şəkli çıxardı. Şəkildə ikisi də
gülürdü. O an başa düşdü ki, insan bəzən birini itirmir — sadəcə ona çata bilməyəcəyi
bir məsafədə yaşayır.
Öz-özünə pıçıldadı:
“Man səndən sonra 12 şəhərdə oldum. 13
kilo aldım. Neçə dəfə saçımı kəsmişəm… Neçə dəfə saqqal uzatmışam, kəsmişəm və
yenidən böyütmüşəm. Çevriliş oldu. İnqilab oldu. Sülh gəlmədi. Müharibə bitmədi.
Sənin üçün darıxıram…”
Səsi küləyə qarışdı.
Bir qadın keçdi yanından. Saçları onun saçlarına bənzəyirdi. Ayağa qalxdı, bir
neçə addım atdı, sonra dayandı. Çünki insan bəzi ümidləri qovmamalıdır. Yoxsa
onlar da ölür.
Gecələr ən çox küçələr yorurdu onu. Çünki hər küçə bir xatirəyə çıxırdı. Hər
işıq dirəyinin altında onunla danışmışdı sanki. Hər kafedə bir dəfə onu gözləmişdi.
“Sığınacaq axtarmağa bir yer də tapa bilmədim,” — deyə düşündü.
“Getdiyim hər yerdə səndən bir nəfəs buraxdım.”
O, getdiyi bütün şəhərlərdə özündən çox onu yaşamışdı. Metro dayanacaqlarında,
park skamyalarında, ucuz otel otaqlarında… Bəlkə də doğrudan, bir gün o qız həmin
küçələrdən keçəcəkdi.
“Bəlkə də eyni küçədə gəzərsən. Ayaq izin mənimkinə tuş gələr. Bəlkə nəfəsim
saçına dəyər…”
İnsan bəzən geri dönmək üçün yox, darıxılmaq üçün gedirdi.
O isə çox uzaqlara getmişdi.
Bir səhər xəbər oxudu: “Yer öz oxundan 12 santimetr sürüşüb.”
Uzun müddət ekrana baxdı. Sonra acı-acı gülümsədi.
“Neçə kilometr yol getdiyimi bilmirəm. Yer öz oxundan 12 sm sürüşdü… Sinəmdən
bir qarış belə sürüşmədin.”
Və o an anladı ki, bəzi insanlar ayrıldıqdan sonra yox olmur. Sadəcə insanın
daxilində daimi bir ölkəyə çevrilirlər. Orada müharibə heç vaxt bitmir.
