Edebiyyat.az » Palitra » Xalça - Milli təfəkkür tərzimiz

Xalça - Milli təfəkkür tərzimiz

Xalça - Milli təfəkkür tərzimiz
Palitra
Necef Esgerzade
Müəllif:
21:30, 08 sentyabr 2019
2 277
0
Xalça Oğuz- türk ellərinin həyat tərzinin ayrılmaz hissəsi, tətbiqi sənət növünün zirvəsi, xalqın etik qaydalarının, estetik baxışlarının, yurda, torpağa, vətənə məhəbbət hisslərinin daşıyıcısıdır. Xalça milli kimliyimizdir. Onda xalqın, tayfanın, nəslin, ailənin tarixi, yaşam tərzi kodlaşdırılmışdır. Nəsillərdən bizə ərməğan olan bu əvəzedilməz irsi qiymətli sərvət kimi qoruyub saxlamalı, orada yazılan milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmalıyıq. Xalça eksperti Mark Dans deyir: “Hər bir Azərbaycan xalçası nadir incəsənət nümunəsidir. Sanki xalçaların üzərindəki simvollar, elementlər sənə öz hekayətlərini söyləyirlər”. 
Köçəri həyatdan oturaq həyat tərzinə keçən babalarımız, nənələrimiz tarixi ilmə-ilmə xalçalara həkk etdi, məişətini, məşğuliyyətini, tarixini xalçalarda yaşatdı. Bunu 2500 il əvvələ aid edilən qədim Hun türklərinin, Oğuz ellərinin, ulu babalarının yaşadıqları Dağlıq Altaydakı Pazırık kurqanlarının birindən buzlaşmış halda tapılan, hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində nadir sərvət kimi saxlanılan xovlu xalça əyani sübut edir. Pazırık xalçası bitkin süjetli mükəmməl sənət nümunəsidir. Həmin xalçanın üzərində 24 ağac şəkli təsvir olunmuşdur. Bu da türklərin 24 boyunu — şəcərəsini əks etdirirdi. İnsan ana təbiətin ən ağıllı, yaradıcı balasıdır. Ona görə də insan bütün həyatı boyu ana təbiətdən öyrənir.  

Eramızdan əvvəl 460-370-ci illərdə yaşamış yunan filosofu Demokritin dediyi kimi, biz toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdləriyik. Elə toxuma texnikasının ilk “etalon”u kimi əcdadlarımız hörümçək torunu əsas götürmüşdülər. Azərbaycan poeziyasının dahilərindən Səməd Vurğunun çox qiymətli fikri var: “Üzərində tarixi qeyd, nəql və təsvir olan hər bir qədim daş vaxtı ilə yaşayıb-yaradan insanın donmuş ürəyidir, o, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır. Elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq, gələcək nəsillərin simasında həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşayacağıq”. Buradakı “daş” sözü bütün mədəniyyət və incəsənət nümunələrimizə aid edilə bilər. Həmçinin xalçalara da. Əcdadlarımızın zəngin təxəyyülünün məhsulu olan xalçalar da nəsillərdən nəsillərə ötürülən ilmələrlə yazılmış mirasdır. 


“Xalçanın öz dili var. O, yazıdır, əlifbadır, tarixdir. Azərbaycan xalçasının hər naxışının kökü, yolu bizə məlumdur” (Sabir Rüstəmxanlı). 
Xalçanın dili çoxmənalı və zəngindir. Hər kəs onu dərk etdiyi kimi oxuyur. “Kim xalçanı oxuya bilsə, harada, hansı şəraitdə olursa olsun, izahları ilə, xalçanı oxumağı ilə ətrafdakıları valeh edə bilər. Xalça və onun naxışları insanın gen yaddaşıdır” (Şakir Qabıssanlı). 
Ş.Qabıssanlı əsl pedaqoq kimi məsləhət görür ki, xalçaların əlifbasını, dilini bilmək, onu oxumaq üçün mifologiyaya, folklora, muğamlara və onların mahiyyətinə, xalq mahnılarının müdriklikdən doğulan kodlarına, bayatılara, Qobustan qayaüstü rəsmlərinin fəlsəfəsinə, xalça işarələrinə, nəhayət, gen yaddaşımıza vaqif olmaq lazımdır. 
Doğrudan da, xalçanın dili varmı? O, hansı dildə danışır? Bizə nə demək istəyir? Bəli, xalçanın dili var. Bu dil ana dilimiz kimi zəngin və çox şirindir. Xalça onu anlayanla, öyüdünə və nəsihətinə əməl edənlə, onu doğması kimi əzizləyənlə, tumarlayanla şirin-şirin, mehriban-mehriban söhbət edir. Ona çox gizli mətləbləri anladır. 

Ornament xalçanın dili, ayrı-ayrı bəzək elementləri, rənglər, rəmzlər isə bu dilin hərfləri, əlifbasıdır. Böyük xalçaçı rəssam Lətif Kərimov Azərbaycan xalçalarında 1300-dən çox naxış elementinin təhlilini vermişdir. Bu naxış elementlərinin hər birinin xalça üzərində öz yeri, işlədilmə məqamı var. Ornament xalqımızın etnogenezinin qədim əsasını qoruyub saxlayan qiymətli tarixdir, milli mədəniyyətin fenomenidir. Ornamentlərin texniki üsulları, rəng çalarları, naxışların adları xalqın yaranmasının, tarixi keçmişinin, zamanın müxtəlif dövrlərindəki etnik proseslərin təsviridir.   

Xalçalardakı ornamentlərin hər birinin öz məna yükü, informasiya ötürmə üsulu var. Xalçalarımızda tez-tez rast gəlinən Günəş türk xalqlarının atasıdır. Oğuz xan (eramızdan 2800 il əvvəl yaşamış olduğu güman edilir) oğluna Günxan adı qoymuşdu, yakutlarda uşağa adı Günəş göndərirdi. Ağac tayfanın, nəslin kimliyinə işarə idi, şəcərə-nəsil ağacı mənasını daşıyırdı, müqəddəs sayılırdı. Qövs yeri, göyü, əkiz qardaşlığı bildirirdi. At göylərdən — Günəşdən yerə enmişdi, insanın dostu, sadiq köməkçisi, qəhrəmanın silahdaşı idi. Öküz dünyanın yaranışına, keçi yazın gəlişinə, qoç igidliyə, qurd dönməzliyə, əjdaha bolluğa işarə idi. Buta müqəddəs odun, alovun, həyatın, sevginin, ailə münasibətlərinin, vüsala yetmənin, xaç Günəşin, həm də yerin, göyün, insanın və o dünyanın rəmzi sayılırdı. Turan ellərinin igid oğulları türklərin 24 boyunun hər birinin öz damğası-tanınma nişanı olmuşdur ki, bu da xalçalarda öz əksini tapmışdır.


Xalçalarımızda rəng simvolikası da cox maraqlıdır. Qırmızı həyatı, göy səmanı və suyu, ağ həqiqəti və müdrikliyi, sarı kamilliyi, yaşıl cavanlığı və baharı simvolizə edir. Vurduğu ilmə ilə, toxuduğu xalça ilə qızların, gəlinlərin, nənələrin zövqünü, səliqə-sahmanını, ovqatını, xeyirxahlığını, mərhəmətini təyin etmək olardı. Xalq inanclarına görə xalçanı cırmaq, tullamaq olmazdı, o, evdə öz “əcəl”i ilə dünyasını dəyişməli idi. “Xalçam harada, yurdum orada” deyib babalarımız. Xalça torpaq, yurd kimi əziz və toxunulmaz idi.
Milli xüsusiyyətlərlə iqlim, torpaq-bitki örtüyü arasında sıx əlaqə çoxdan məlumdur. Ana təbiət həmişə xalqın mənəvi aləminin, təcrübəsinin, mentalitetinin, müqəddəratının formalaşmasında başlıca vasitə olmuşdur. Torpaq milli mənəvi ruhun daşıyıcısı və qoruyucusudur. Odlar diyarının xalçalarımız kimi rəngbərəng təbiəti əsl cənnət bağıdır — geniş düzənlikləri, zümrüd meşələri, bərəkətli çölləri, yaşıl dərələri, mavigözlü gölləri, çayları, büllur bulaqları, saf havası və xeyirxah insanları ilə. Hansısa bir müdrikin sözləri ilə desək, Azərbaycan Tanrının qüdrəti ilə yaradılmış bənzərsiz, nəfis bir xalçanı xatırladır. Lətif Kərimov xalça ornamentlərinin dili ilə Azərbaycanın xalça xəritəsini yaradan məşhur xalçaçı və müdrik insan kimi tarixə düşmüşdür. Ən azı Azərbaycan təbiəti və Azərbaycan xalçasının ömrü qədər yaşayacaqdır, xatırlanacaqdır. Xəritə deyəndə Azərbaycan nağıllarından bir örnək yadıma düşdü. S.Rüstəmxanlının çox dəyərli “Ömür kitabı”ndan oxumuşam: “Əsir düşmüş qız sevgilisinə özünü nişan vermək, şəhərin hansı tərəfinə, hansı zirzəmiyə atıldığını, burdan xilas yollarının hamısını xalçaya toxuyur. Sevgilisi də xalçanı görən kimi işin nə yerdə olduğunu başa düşür və “xalça xəritəsi” ona yol göstərir”. Xalça yol göstərəndir, himayəçidir, onu toxuyanın gizli sirlərinin kodlarını əks etdirən müdriklərin yazdığı kitabdır.

Xalça nəhəng və əzəmətli əsərdir, muğamatdır, simfoniyadır. Yeddi notun, göy qurşağının-yeddi rəngin birliyindən yaranan sənətdir. Xalça toxumaq isə nəhəng və məzmunlu simfoniyanı ifa etməkdir. Hərəkətlərin həmahəngliyi sanki nizami ordunun hərəkətlərini xatırladır. Tarzən Ramiz Quliyev deyir: “Muğamat səslərdən toxunmuş xalçadır”. Tədqiqatçı Z.Həmidov məşhur tarzənin fikrinə çox uğurlu əlavə edərək yazır ki, muğamat səslərdən toxunmuş xalça, xalçalar isə, ilmələrlə yazılmış milli təfəkkür tərzimiz və tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində milli-mənəvi dəyərlərin, mədəniyyətin, incəsənətin, eləcə də xalçaçılıq sənətinin inkişafına diqqət və qayğı günbəgün artır. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında, beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Ölkəmizin tarixini, milli mənşəyini, mədəniyyətini özündə əks etdirən xalçaçılıq sənətinin dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasına — UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi dünyanı heyrətləndirən, vətənimizi şöhrətləndirən sənət növünün yüksək dəyərləndirilməsinin bariz nümunəsidir.

Mədəniyyət qəzeti
Eyzanat Osmanova
 
Azərbaycan Xalça Muzeyinin əməkdaşı 
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)