Edebiyyat.az » Ədəbi tənqid » Tokio Universitetinin professoru Mirzə Fətəli Axundzadə haqqında

Tokio Universitetinin professoru Mirzə Fətəli Axundzadə haqqında

Tokio Universitetinin professoru Mirzə Fətəli Axundzadə haqqında
Ədəbi tənqid
nemət
Müəllif:
20:15, 03 noyabr 2019
2 511
0
Tokio Universitetinin professoru Mirzə Fətəli Axundzadə haqqında




1854-cü ildə Axundzadə "Əlifbeyi-cədid" adlı məqaləsini yazdı və ərəb qrafikasını latın qrafikası əsasında təkmilləşdirmək məsələsini irəli sürdü. O, 1865-ci ildə "Kəmalüddövlə məktubları"nı yazır və bu əsərdə cəmiyyəti və dini yaxşılaşdırmaq, inkişaf etdirmək baxımından öz baxışlarını, fəlsəfi görüşlərini izah edir. "Risaleyi-irad" ("Tənqid risaləsi") əsəri müasirləri olan tarixçilərin tarix yazmaq metodlarına qarşı yazıçının harayı, tənqidi görüşləridir. Axundzadənin "Kritika"sı misli görünməmiş, İran ədəbiyyatında əsl tənqidin əsasını qoyan və poeziyanın tənqidinə həsr olunan "Kritika" 1866-cı ildə yazılmışdır. Mirzə Fətəli Axundzadənin cəmiyyət, fəlsəfə və ədəbiyyat barədə düşüncələri, baxışları onun Tiflis arxivində saxlanan bir çox başqa məqalələrində, fars və türkcə yazılmış şeirlərində və məktublarında da öz əksini tapır.

Axundzadə 1878-ci il mart ayının 12-də Tiflisdə ürək keçməsindən vəfat etmişdir.

Axundzadə və ədəbi tənqid. Axundzadə rus ədəbiyyatında zamanın ictimai şüurunu əks etdirən realist tənqidin inkişaf etdiyi və sürətlə yayıldığı dövrdə yaşamışdır.

Odur ki, onun estetik görüşlərinə müasir rus ədəbiyyatında üstünlük təşkil edən ictimai realizm təsir etmişdir. M.Rəfilinin rəyincə rus inqilabçılarının estetik görüşlərindən Axundzadə bəhrələnmiş və onda yeni ideyalar yaranmışdır.

Bu ideyaları XIX əsr dünya estetik fikir tarixinin tənqidi zamanı nəzərə almamaq olmaz.

Əziz Şərif "Aldanmış kəvakib"in ruscaya tərcüməsinə yazdığı girişdə göstərir ki, Axundzadənin ictimai həyatda sənətin rolu barədəki görüşləri rus inqilabçı-demokratlarından Belinski, Gertsen, Çernışevski və Dobrolyubovun hələ də əhəmiyyətini itirməyən ideyaları ilə səsləşir. Xüsusən də onun "Sənət sənət üçündür" və "Sənətdə ideyasızlıq" nəzəriyyələrinə qarşı fikirləri diqqəti cəlb edir.

Estetik görüşlərində Belinski, Çernışevski və Dobrolyubov kimi, Axundzadə də sözün geniş mənasında "Gözəllik həyatdır" əqidəsinin tərəfdarı və təbliğatçısıdır.

Rus ədəbiyyat aləmində üstünlük təşkil edən realizmin təsirinin nəticəsidir ki, Axundzadə müasirləri olan şair və yazıçılara realist məktəb prinsiplərinə əsasən yazmağı tövsiyə edir.

Axundzadənin realist baxışlarına rus ədəbi mühitinin təsiri ilə bərabər, alimlər onun dünyagörüşünə təsir edən başqa bir məxəzdən də söz açırlar. Bu qənaətə görə Axundzadənin realizmi onun fəlsəfi baxışlarının təcəssümüdür (inikasıdır). Ş.Mirzəyeva bu münasibətlə yazır ki, Axundzadənin sənət və gerçəklik anlamı arasındakı qarşılıqlı əlaqə barədə fikirləri onun materialist fəlsəfi görüşlərinin ümumi məzmunu çərçivəsində başa düşülməlidir.

Axundzadəyə görə, gerçəklik maddi varlıq olub öz mövcudiyyəti üçün heç bir xarici qüvvə tələb etmir. O, gerçəkliyi obyektiv varlığın bədii inikası kimi qəbul edir. Onun fikrincə təbiət və ictimai həyat adlanan obyektiv aləm sənətdə öz həqiqi yerini tapmalıdır. Mirzəliyeva sözünə davam edərək qeyd edir ki, mübaliğəsiz demək olar ki, Axundzadənin realizmi tarixi bəsirətdir, gələcəyi görmədir.

O, gerçəkliyin sənətdə inikasını, onun gələcək dəyişmə və inkişafı baxımından tədqiq edir. Bəyan edəndə ki, "Gülüstan"ın vaxtı keçib, o heç də demək istəmir ki, bu sənət abidəsi öz gözəlliyini və estetik gücünü itirib. Yazıçı sadəcə olaraq göstərir ki, tarixi gerçəklik dəyişib.

Başqa bir Azərbaycan alimi C.Cəfərova görə, Axundzadənin sənət barədə düşüncələri onun ateistik və materialist ideyalarına əsaslanan hərtərəfli fəlsəfi görüşlərinin ayrılmaz tərkib hissəsidir. Axundzadə sənətin gerçəkliklə əlaqəsini göstərməklə sənətin başlıca məqsədini doğru dərk etmişdir. Onun fikrincə, təbiət, insan həyatı və cəmiyyət sənətin mövzularıdır. O, qəti şəkildə saf sənət və ehkam şəklində olan subyektiv tənqidi inkar edir. Axundzadəyə görə, ədəbiyyat mövzularını və onu əks etdirən məzmunu həyatdan, gerçəklikdən almalıdır. Əks təqdirdə o sənət əsərinin heç bir qiyməti olmaz.

Göründüyü kimi, bu alimlər arasında Axundzadənin realizminin onun materialist və ateist fəlsəfi bəsirətinin tərkib hissəsi olması barədə möhkəm fikir birliyi vardır.

Həmin alimlər indiki vəziyyətdən çıxış edərək Axundzadənin görüşlərini dialektik baxımdan fikir süzgəcindən keçirirlər. Başqa sözlə desək, öz fikirlərini də Axundzadənin əsərlərinə aid edirlər.

Bizim fikrimizcə, söhbət açdığımız intellektual təsirlərdən başqa demək olar ki, Axundzadənin realizmi onun formal, realist olmayan keçmişindən miras qalan, Qacar sarayında çiçəklənən ədəbi ənənələrə qarşı reaksiyası idi.

O, Nəsirəddin şahın saray şairlərindən "Rövzətüs-səfa"ya əlavə yazmış, Rzaqulu xan Hidayətin tarixinə tənqidi məqalə yazmışdır. Bu məqalədə ədib müasir tarixçi və salnaməçiləri hədsiz şişirtmələrinə, uzunçuluqlarına, sözlərdən etinasız istifadə etmələrinə və tarixi yazıları poeziya ilə qarışdırdıqlarına görə tənqid edirdi.

Bu yolla o, dövrünün tarixçilərini təmtəraqlı və qəliz dillə yazılmış uydurma hekayətlərin xatirinə tarixi gerçəklikdən uzaqlaşdıqlarına görə tənqid və məzəmmət edirdi.

Məqalənin sonunda Axundzadə ümumi şəkildə ədəbi tənqiddən də söz açır. Tənqidi müdafiə mövqeyindən çıxış edərək müəllif göstərir ki, tənqid şairləri məcbur edəcək ki, ictimai məzmunu olmayan əsər yazmaqdan əl çəkib, əsl həyatdan bəhs edən əsərlər qələmə alsınlar. Tənqid eyni zamanda, nəsr yazanları sövq edəcək ki, "Qafiə axtarmaqdan, uşaqsayağı mübaliğələrdən və gülünc müqayisələrdən tamamilə əl çəkərək" arzuolunan mövzularla məşğul olsunlar.

Şübhə yoxdur ki, "arzuolunan mövzular" adı altında Axundzadə əsl həyatı əks etdirən real mövzuları nəzərdə tutur.

Söhbət Süruşun "Qəsideyi-mədhiyyə" əsəri ilə əlaqədar Axundzadənin "Kritika" məqaləsində irəli sürdüyü tənqiddən gedir. Süruşun əsası olmayan şişirtmələri Axundzadəni qəzəbləndirmiş, onu kəskin tənqid atəşinə tutmuşdur.

Başqa bir yerdə Axundzadə dövrünün İran poeziyası ilə əlaqədar göstərirdi ki, bəzi müəlliflərin poeziyadan xəbəri yoxdur. Onlar hər cür əhəmiyyətsiz şeir toplusunu poeziya hesab edirlər. Onlar belə güman edirlər ki, çoxlu mənasız sözü misralara düzmək, qafiyə və vəzn baxımından ora-burasını düzəltmək, sevgili cananı qeyri-adi xüsusiyyətlərlə təsvir etmək, yazı və payızı təbii olmayan müqayisələrlə tərifləmək poeziyadır. Necə ki, Qaani təxəllüslü tehranlı müasir şairin Divanı bu növ cəfəngiyyatla doludur. Onlar dərk edə bilmirlər ki, poeziyada məzmun nəsrdən daha təsirli olmalıdır.

Klassik İran poeziyasında Axundzadəyə ən çox təsir edən əsərlər arasında firdovsinin "Şahnamə"si, Nizaminin "Sirlər xəzinəsi" və "Yeddi gözəl"idir. Çünki Axundzadənin inandığına görə, firdovsi və Nizamidə əsatir və nağıllar belə real həyat hadisəsinə uyğunlaşdırılır.

Hətta Simurq və Rüstəmlə bağlı əfsanələr elə bil insan həyatında baş verən, insanın başına gələn hadisələrdr. Eynilə görkəmli ingilis şairi Şekspir də insan məişətini, insan təbiətini təxəyyül məhsulu olan cinlərdə, şeytanlarda və s. təcəssüm etdirir və real həyat hadisələri ilə səsləşdirir.

Yeri gəlmişkən, Axundzadənin Şekspir haqqında sözləri Belinskinin "Şekspir poeziyanı real həyatla uyğunlaşdırır" fikrini yada salır. Nəsrə gəlincə, Axundzadə nəsrdə məzmun gözəlliyi axtarır ki, bu da poetikada realizm deməkdir. Axundzadənin sözləri ilə desək, məzmun gözəlliyi şikayət və hadisələrin mütləq həyat gerçəkliyi ilə üzvi surətdə nağıl edilməsidir. Xarici aləmlə, həyatla uzlaşmayan heç nə poeziya hesab oluna bilməz.

Nəsr və nəzmdə məzmunun reallığı məsələsindən əlavə Axundzadəni, həmçinin təsvir, estetika və onların məzmunla əlaqəsi məsələsi də narahat edirdi. Bu narahatlıq onun ədəbi tənqidə həsr olunmuş bütün əsərlərində özünü göstərir . Misal üçün, "Kritika" əsərində Axundzadə forma və məzmun arasında vəhdət labüdlüyündən danışaraq göstərir ki, poetika qarşısında iki başlıca tələb qoyulur - məzmun gözəlliyi, ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm, məsələn, Mollayi-Ruminin "Məsnəvi"si kimi məqbul nəzmdir... Amma şeriyyətdə nöqsan vardır. Qaani Tehraninin cansıxıcı şeirlərinin bəzisində ifadə gözəlliyi olduğu halda, məzmun gözəlliyindən danışmaq olmur. Bununla belə, bunlar da bir növ şeirdir, sənət nümunəsidir. Həm məzmun, həm də forma gözəlliyini özündə birləşdirən əsərlərdən söz açarkən Axundzadə qeyd edir ki, ilk olaraq göz önünə firdovsinin "Şahnamə"si, Nizaminin "Xəmsə"si, Hafizin "Divan"ı gəlir. Burada poeziya məftunedici və ruhlandırıcıdır. "Fəhresti-kitab" adlı başqa bir məqaləsində Axundzadə ifadə gözəlliyinin təsirindən, bədii mükəmməllik və buna sənətkarın məharət sayəsində nail olduğundan söz açır və göstərir ki, çox vaxt birinin başına gələn əzab-əziyyətdən, məşəqqətlərdən aydın və ifadəli, diqqəti cəlb edən bir tərzdə danışanda istənilən təsiri bağışlayır. Bəlkə də, həmin sətirləri yazarkən Axundzadə Şekspiri göz önünə gətirirdi. Şekspir istedadından bəhs edən müəllif yazırdı ki, bir neçə yüz il öncə İngiltərədə Şekspir adlı bir şair peyda oldu. O, ingilis krallarının başına gələn bəlaları poeziyanın qüdrətli dili ilə elə ifadə edib ki, daşürəkli adamlar belə onu eşidəndə göz yaşı tökməkdən özünü saxlaya bilmir.

Axundzadənin ədəbi tənqidə həsr olunmuş fikirlərini izlədikcə bu qənaətə gəlmək olur ki, Axundzadə ictimai realizmə tapınmaqla bərabər, üslub və ifadə gözəlliyinə, forma və məzmun vəhdəti məsələlərinə də maraq göstərmişdir.

Axundzadənin ədəbi tənqidi baxışlarına dair qeydlər. Axundzadənin ədəbi tənqidə dair esselərini tədqiq edərkən məlum olur ki, onun baxışları öz təfəkkürünün bəhrəsidir. O inanır ki, "millət dərin mənalı poeziyanın məzmunundan damla-damla olsa da, bəhrələnməlidir. Bununla bağlı aydın olur ki, o, poetikanın rolunu, bütövlükdə incəsənətdən ayrı təsəvvür etmir. Eləcə də etikanın funksiyasını müdriklikdən ayırmır. Onun fikrincə, poetika və incəsənət mərdlik və səxavəti yaymalı, didaktik vəzifə daşımalıdır. Bu cəhətdən Axundzadə Mirzə Ağa xan Girami və Əhməd Kəsrəvi kimi İran mütəfəkkirlərinə dərin təsir göstərmişdir.

"Kritika"nı yazarkən Axundzadə sözçülüyə yol vermiş, sözünün üstündə axıra qədər durmamışdır. O, Süruşun Nəcmi Saninin törəmələrindən olmadığını göstərmək üçün bir neçə səhifə sərf edir. Tarixi kitablardan çoxlu dəlillər toplayır ki, Süruşun bu iddiasını təkzib etsin və təsdiq etsin ki, Nəcmi zalım olub. Belə dərinliyə getmək, dəlil-sübut yığmağa ehtiyac yox idi. Özünün əvvəlki məsləhətlərinə baxmayaraq, elə bu məqalədə ənənəvi xırdaçılığa vararaq yersiz iradlarla Süruşun poemasının istilahlar və vəzn baxımından nöqsanlı olduğunu göstərir. Halbuki hər iki ittihamda Süruş günahkar deyil. Axundzadənin bəzi klassik İran şairlərinin əsərlərində gördüyü və səhv hesab etdiyi sezuradır (sözlər arasında fasilə). Sezuraya xüsusən Xorasan məktəbinin yetişdirmələrinin yaradıcılığında daha çox təsadüf edilir və bunu böyük qəbahət saymaq olmaz. Bu, anlaşılmazlığın nəticəsidir. Məsələ burasındadır ki, Axundzadənin ana dili türkcə olmuş, fars və ərəb dillərini isə məktəbdə ikinci və üçüncü dil kimi öyrənmişdir. Türk dilinin təsiri fars və Avropa sözlərində, xüsusən də fars cümlə quruluşunda özünü aydın şəkildə göstərir. Məhz bu anlaşılmazlıq ucundan Axundzadə Süruşun əsərlərini oxuyarkən əsəbiləşirmiş. Bir də Axundzadə nəhayətsiz ümmana bənzər klassik İran ədəbiyyatını biləmməzdi. Elə aşağıdakı fakt deyilənlərə dayaq olur. O, hesab edir ki, bütün İran şairlərindən yalnız beşi (Firdovsi, Nizami, Sədi, Rumi, Hafiz) diqqətə layiqdir. Axundzadə klassik İran ədəbiyyatında məşhur olan bir çox əsərləri oxumamışdır. Onun rəyincə həmin əsərlər "təbiətə və adət-ənənənin əksinə yazılmışdır". Aydındır ki, Axundzadəni Orta əsr İran ədəbiyyatına belə yanlış baxışa vadar edən XIX əsrdə üstünlük təşkil edən müasir realist meyara düzgün yanaşmamaqdır. "Kritika" kimi, yazıçının "Risaleyi-irad"ında da sözçülük və fikrinin üstündə axıra qədər durmamaq özünü büruzə verir.

Məhəmməd şah Qacarın vaxtında Heratın mühasirəsindən geniş söz açan "Rövzətüs-səfa" əsərinin müəllifini Axundzadə uzunçuluq və riyakarlıqda təqsirləndirir. Bundan başqa, ustalıqla düşünülmüş özü və müəllif arasında baş verən xəyali dialoqda müəllifin tarixi kitabında poeziyadan istifadə etməsini lağa qoymağa təşəbbüs göstərir. Bu paradoks Axundzadəni cansıxıcı uzunçuluğa gətirib çıxarır. Bunun əvəzində o, tanış olduğu tarix yazmağın müasir metodları barədə öz mühakimələrini irəli sürə bilərdi.

"Rumi və əsəri haqqında" məqaləsində mövhumatçıların onu günahlandıracaqlarından qorxaraq şairin öz ateist görüşlərini gizləməyə təşəbbüs göstərməsi və "Məsnəvi"də fikirlərini əsrarəngiz alleqoriyalarla verməsini Axundzadə öz materialist görüşlərindən çıxış edərkən yanlış yozur. "Nəzm və nəsr haqqında" məqaləsində isə Axundzadə göstərir ki, islamın başlanğıcından bu günə kimi müsəlmanların arasında heç kim poetika və şeir arasında hüdud qoymamışdır.

Bunu doğru hesab etmək olmaz. Sadəcə olaraq Axundzadə İbn Sinanın Aristotelin "Poetika" kitabından əxs etdiyi və "Əş-şəfa" kitabında söz açdığı fikirləri ilə, eləcə də Xacə Nəsirəddin Tusinin "Əsas əliqtibas" və "Meyar əl-əşar" kitablarındakı ideyalar ilə tanış deyilmiş. Bütün bu kitablarda poetika "xəyali mühakimə" kimi şərtləndirilib. Vəzn və qafiyə ona xas olan elementlər hesab edilməyib.

Axundzadənin türk poetikası barədə fikirləri də arzuolunan səviyyədə deyildir. Burada onun bu sahəni dərindən bilməməsi üzə çıxır.

Yuxarıda deyildiyi kimi, o yalnız beş klassik İran şairinin yaradıcılığını qiymətləndirir. Türk şairlərindən danışarkən füzuli kimi klassik şairi qiymətləndirməməsi, nisbətən az tanınmış Vaqif və Qasım bəy Zakir kimi orta səviyyəli müasir şairləri bol-bol tərifləməsi bu baxımdan səciyyəvidir.

Qısasını desək, Axundzadənin ədəbi tənqidə dair fikirləri bir çox hallarda yeni, orijinal və sağlam olsa da, bəzən ciddi xətalardan da xali deyildir. Bununla belə, bu xətalar Axundzadənin müasir Avropa ədəbi tənqid metodlarını İrana gətirən və təmsil edən birinci şəxs kimi xidmətlərini azaltmır.

Nəticə. Müasirlik, elmilik baxımından, Avropadakı mənada ədəbi tənqid klassik İran ədəbiyyatında tamamilə yoxdur. Tənqidi realizmin sələfi hesab edilə biləcək nə varsa, möhkəm inandırıcı meyardan məhrum olduğuna görə diqqəti cəlb etmir. Estetikadan, vəzn və qafiyədən söz açan qədim İran kitablarında poetikaya müraciət qeyri-müəyyən olduğundan elmi dəyər kəsb etmir.

İranda ədəbi tənqidin əsasını M.F.Axundzadə qoymuşdur. Nəsr və poeziyaya həsr olunmuş "Kritika" və başqa məqalələri ilə o, qəti şəkildə ənənəvi mühakimələrin məngənəsindən azad olaraq Avropa mütəfəkkirləri və rus inqilabçı demokratlarının tənqidi fikirlərinin təsiri altında xırdaçılıqlarla, boş iradlarla məşğul olan tənqidi elmi və həqiqi meyara əsaslanan tənqidlə əvəz etdi. O dövr realist mühitin təsiri altında Axundzadə ilk dəfə olaraq əsərin ictimai məzmununa lazımi diqqət yetirmiş, mövzunun ədəbi dəyərini açıqlamışdır.

Axundzadə İranda yazıçı və şairlərin ictimai məsuliyyəti məsələsini də birinci olaraq irəli sürmüşdür. Bu cəhətdən Axundzadə çox irəli gedərək ədəbiyyatı insanların mənəviyyatı və əxlaqının dəyişməsində bir alət hesab etmişdir. Axundzadə öz dövrünün adlı-sanlı müəlliflərinin və eləcə də klassik ədəbiyyat korifeylərinin əsərlərini əsaslı surətdə tənqid süzgəcindən keçirmişdir.

Onun analizi ciddi xətalardan xali olmasa da, cəsarəti sonrakı nəsil tənqidçiləri klassik ədəbi məxəzləri analiz edib qiymətləndirməyə ruhlandırmışdır.

Axundzadənin poetikanın tənqidinə dair yeni nəzəriyyələri öz əksini "Kritika" əsərində tapır. O, poetik dəyərin iki başlıca meyarı olan məzmun gözəlliyi və forma gözəlliyi məsələsini bu əsərində irəli sürür. Bu, həmin o məqalədir ki, Axundzadə hər iki meyardan çıxış edərək öz müasiri olan saray şairi Süruş İsfahaninin əsərlərində ciddi naqisliklər üzə çıxarır. "Risaleyi-irad" ("Tənqid risaləsi") əsərində isə öz müasiri olan tarixçi Rzaqulu xan Hidayətin o dövr nəsr dilinin nümunəsi olan məşhur "Rövzətüs-səfa" salnaməsini şiddətli tənqid atəşinə tutmuşdur. Məqalədə Axundzadənin belə kitab müəlliflərini qeyri-təbiiliyə, sözçülüyə, uzunçuluğa yol verdiklərinə görə məzəmmət edir. O, xüsusi olaraq sözlərin əsərdə dəqiq mənada işlənməsi üzərində təkid edirdi.

"Mollayi-Ruminin və onun təsnifinin babında" məqaləsində müəllifi haqlı olaraq sözçülük və məntiqsizlikdə təqsirləndirən Axundzadə Mövlanənin əsərində yer alan fikir və ideyaları öz materialist baxışları mövqeyindən yozmuşdur. "Nəzm və nəsr haqqında" məqaləsi ona poetikaya dair realist fikirlərini izhar etmək üçün bir daha imkan və meydan verir. Lakin necə olsa da onun Vaqif və Zakirin poeziyasını həddən artıq tərifləməsi və əksinə, füzuli yaradıcılığını lazımınca qiymətləndirməməsi ədalətdən kənardır.

Axundzadənin "Yazı metodları" əsəri zəmanəmizdə mövcud olan təmtəraqlı yazıların və mənsur şeirlərin tənqidinə həsr edilmişdir.

İslam aləmində əsasını qoyduğu dramaturgiya və teatra dair fikirləri onun "Fəhresti-kitab" və "Mirzə Ağa Təbriziyə məktub" əsərlərində öz əksini tapmışdır. Hər iki məqalədə Axundzadə dönə-dönə dramatik əsərlərin təlim və tərbiyəvi əhəmiyyətindən danışır.

Əsərlərindən çıxış edərək Axundzadə ədəbi-tənqidi görüşlərini aşağıdakı sözlərlə yekunlaşdırmaq olar: bədii əsərlərin forma və məzmununun müasir Avropa ədəbi tənqidinin meyarı baxımından qiymətləndirilməsi, bədii əsərlərdə ictimai realizmin əhəmiyyəti, bədii ədəbiyyatda forma və ifadənin estetikası və eləcə də forma və məzmun vəhdətinin labüdlüyü məsələsinə qayğı.

Nəhayət, qeyd edək ki, tədqiqat əsərinin yazıldığı vaxtdan yüz ildən artıq keçsə də, bəzi kəmkəsirlərinə baxmayaraq, bu gün də öz orijinallığını və yeniliyini saxlayıb.



İrəc Parsinejad

Tokio Universitetinin professoru

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)