Edebiyyat.az » Ədəbi tənqid » Elnarə Akimova - Obyektivlik meyarı ilə

Elnarə Akimova - Obyektivlik meyarı ilə

Elnarə Akimova - Obyektivlik meyarı ilə
Ədəbi tənqid
nemət
Müəllif:
22:26, 25 noyabr 2019
2 227
0
Elnarə Akimova - Obyektivlik meyarı ilə





  Vaxt vardı keçmiş Sovetlər İttifaqında ədəbi tənqidin ədəbiyyatda yerini və rolunu müəyyənləşdirmək, yaradıcılıq sahəsi kimi təsdiq etmək haqda xüsusi iclaslar, müşavirələr təşkil olunurdu. Əksər vaxtı qoyulan məsələ dolğun və real şərhini tapmasa da, hər halda bu yığıncaqların çağırılmasını zəruri edən ədəbi tənqidin dominant mövqeyi, aparıcı görkəmi idi, “mən varamsa, fəaliyyət göstərirəmsə, əməyimi qiymətləndir” tələbə idi. İndi bu cür iddialarla ədəbi tənqid kimsəni məşğul edə bilməz. Ona görə yox ki, artıq bu məcrada bütün suallar cavablandırılıb, tənqid əlahiddə yaradıcılıq və xarakter cizgiləri qazanıb (bu günün özündə belə tənqidi yaradıcılıq sahəsi kimi inkar edənlər var və günü sabah “tənqid lazımdırmı?” mövzusunda müşavirə təşkil olunsa onu ədəbiyyat üçün “xarici səs” hesab edib kənarlaşdırmağa hazır olanlar tapılacaq, hətta tənqidin bircə xoş sözünə nə qədər nə qədər həsrətli olsalar belə...), sadəcə olaraq ona görə ki, bu gün ədəbiyyat adamını tənqidin hazırkı durumu maraqlandırır, çağırılan iclasların, yazılan məqalələrin zəifliyindən, süstlüyündən, ən sərt halda isə yoxluğundan-ölümündən bəhs edilir. Məsələn, bir neçə il bundan əvvəl tənqidçi C.Yusifli “Tənqidin ölümü” adlandırdığı məruzəsində qeyd edirdi ki, “indi tənqid, düzdürmən bu sözü işlətmək istəməzdim, yiyəsiz ölüyə bənzəyir. Ağlayanı çox olsa da ortadan götürəni yoxdur”. Hazırdasa belə düşünmək haqsızlıq olardı. Ən azı ona görə ki, bugünkü yazılarda tənqidin problemləri çözülməyə başlanılıb və yaxşı cəhətdir ki, bu təşəbbüslərin çoxu artıq tənqidçilərin özləri tərəfindən göstərilir. Demək olmaz ki, tənqidin zəiflədiyi, gücdən düşdüyü son bir neçə onillikdə onun vəziyyəti tənqidçiləri maraqlandırmayıb, səbəblərini açıqlamağa cəhd göstərilməyib. Müxtəlif vaxtlarda etiraz nidaları eşidilib, “karvanbaşı, yolun hayanadır?” deyə həyəcan təbili çalanlar da olub. Amma bu hallar təsadüfi səciyyə daşıdığı, deyək ki, adda-budda səsləndiyi üçün ədəbiyyatın aparıcı mövzusuna çevrilməyib, ya da sadəcə “bizdə iki fikir toqquşub üçüncüyə körpü salmayıb” (T.Əlişanoğlu), vəssalam. Doğurdan da əgər tənqidin “sadə düsturu ədəbi polemikadırsa” son zamanlara qədər ədəbi prosesdə biz məhz bunu görməmişik. İstisna olaraq deyək ki, N.CəfərovT.Əlişanoğlu, Əsəd Cahangir-T.Əlişanoğlu polemikaları müəyyən vaxtlarda fikir ətalətini aradan qaldırmağa xidmət edib, eləcə də son günlər ədəbi ictimaiyyətdə böyük rezonansa səbəb olan Elçinin “Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri” adlı məqaləsi tənqidin yaşarlılığına təminat vermək baxımından təqdirə layiqdir. Amma nə üçün bu cür mübahisəli ruh, polemit ovqat aşılayan məqalələr kütləviləşmir? Elçinin məqaləsində onlarla tənqidçi adı sadalanır. Təbii ki, onlardan hər biri müəyyən vaxtlarda zəhmət çəkib, “gecəni-gündüzə qatıb” bu adı qazanıblar. Bəs niyə 90-cı illərdə, ədəbi prosesin, o cümlədən ədəbi tənqidin dramatik zamanında onların səsini eşitməmişik. Elə bu gün də, bir halda ki, bizdə hər sahədə istənilən qədər problem var, niyə bu tənqidçilər ələ qələm alıb onların həllinə girişmirlər. Niyə bu gün biz ədəbi tənqiddən danışanda yalnız bir-iki tənqidçinin adı üzərində dayanırıq, təkrar-təkrar onlara istinad edir, bütün problemin ağırlığını da bu tənqidçilərin üzərinə atırıq. Bəs digər tənqidçilər? Bu mənada bəlkə də C.Yusiflinin qənaəti daha məqsədəuyğundur ki, “ədəbi prosesə şamil edilən “yoxmu, varmı?” sualının qoyuluşu səhvdir, absurddur, bu, daha çox şəxsi planda səslənsəydi daha gerçək ifadəsini tapardı, yəni bir şair, bir nasir, dramaturq, yaxud tənqidçi kimi mən varam, yoxsa artıq mövcud deyiləm?” Vaxtilə haqsız tənqidlərə məruz qalıb uzun müddət heç nə yazmayan rus yazıçısı Zoşşenko sonralar bunun səbəbini belə izah etmişdir: “Qorxudulmuş yazıçı ixtisasın itirilməsi deməkdir”. Bəs görəsən bizim tənqidçilərin ixtisaslarını itirmələrinə hansı amil səbəb olmuşdur?... Böyük ədəbiyyatın olmamasımı, yoxsa hələdəmi “ədəbiyyatdakı qüsurların kəskin tənqidini mətbuat çap eləmirdi”. (Y.Qarayev). T.Əlişanoğlu “Azərbaycan nəşri sosrealizim çevrəsində” adlı kitabında yazır: “1930-50-ci illər ədəbiyyatı üçün inqilabi pafos, romantik, mübariz qəhrəman tipi səciyyəvi idi. Şəksiz ki, müəyyən ictimai həyat həqiqətlərini əks etdirən belə surətlər bədii əsərlərdən tənqidi yazılara keçir, tənqidin “inqilabiliyini”, “çevikliyini”, “quruculuq” missiyasını təmin edirdi. Ədəbi tənqid bu vəziyyətə o dərəcədə öyrənmişdi ki, təsəvvüründə bu qəhrəmanları həyatın atributuna, həqiqətin yeganə meyarına çevirmişdir. Doğrudur, 90-cı illərdə bəlkə elə qəhrəman tipi yaranmadı ki, tənqidi yazılara keçsin, onun qəhrəmanlarına çevrilsin, “çevikliyini” təmin etsin. Bu ola bilsin ki, ədəbiyyatın günahıdır. Amma bəs necə olur ki, öz növbəsində ədəbi tənqid “Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin nəinki yalnız ideoloji, həmçinin kənd təsərrüfatı, sənaye, sosializm yarışı və s., və i.a. haqqında qərarların ədəbiyyatdakı inikasını (!) tələb edə” bilirdi, yəni yazıçını sxematik qəhrəmanlar, şablon süjetlər yaratmağa məcbur edirdi, 90-cı illərdə isə, sənətin bütün ideoloji yasaqlardan üzülüşdüyü, ehkam və doqmaları geridə qoyduğu bir vaxtda yazıçı və şairlərdən dövrün problemlərinin, baş mövzularının əksini tələb edə bilmədi?! “Niyə çağdaş Azərbaycan nəsrində müharibə mövzusu lazımınca işıqlandırılmadı”, “niyə bu gün milli ruhun, azadlıq duyğusunun dirçəldilməsində 1918-ci illərin poeziyası rol oynayır”, “niyə hələ də müharibə haqqında ən yaxşı nümunələr 1941-45-ci illərin ədəbiyyatı sayılır” (V.Yusifli) kimi suallar, “ədəbiyyat dövrü, zamanı, cəmiyyəti, milləti qabaqlamalı olduğu halda hadisələrin ardınca sürünür. Bu da bir növ fərarilikdi-ədəbiyyatın fərariliyi!!! (T.Hüseynoğlu) kimi kəskin etirazlar bədii düşüncəni, ədəbi fikri düşündürəcək, silkəyəcək səviyyədə geniş miqyas almadı. Böyük tənqid böyük ədəbiyyat yaradır elədir. Akademik K.Talıbzadənin fikri də həqiqətdir ki, “lakin böyük ədəbi əsərlər yazılana qədər bizim münəqqidlər mürgüləməlidirlərmi? Tənqidsiz böyük ədəbiyyat yaranacaqsa, onda tənqidə heç bir ehtiyac qalmayır”. Tənqid öz varlığını daim hiss etdirməli, mütərəqqi ideyaların təbliğatçısına çevrilməlidir. O dərəcədə ki, yazıçını bəzən “tənqid də böyük ədəbiyyat yarada bilər” qənaətinə gətirə bilsin. Söz yox ki, 90-cı illər mürəkkəb, təzadlı illər idi. Amma axı ədəbiyyatımız bundan da çətin sınaq mərhələlərini adlayıb. 1937-ci illəri, ağır repressiya zamanını göz önünə gətirək. Birdən-birə ictimai fikir mücahidlərimiz, qüdrətli zəka sahiblərimiz ideoloji siyasətin, mənfur irticanın qurbanına çevrilir, ədəbiyyat şairi, yazıçısı ilə bahəm M.Quliyev, Ə.Nazim, H.Zeynallı, M.K.Ələkbərli, B.Çobanzadə, V.Xuluflu, A.Musaxanlı kimi tənqidçi simalarını da itirir. Amma hətta fəci tale ilə üzləşəndən sonra belə ədəbi tənqid səsini içinə qısmır. O illərin ədəbi tənqidinin mənzərəsini ədəbiyyatşünas Ş.Salmanov belə təsvir edir: “Repressiya, şəxsiyyətə pərəstiş tənqidi fikri öz sərt, amansız qanunlarına tabe edirdi, onu sıxır və boğurdu. Belə şəraitdə tənqiddə fəaliyyət göstərmək, axtarmaq və yaratmaq müşkül məsələ idi. Lakin buna baxmayaraq tənqid çıxılmaz vəziyyətdən yol axtarır və tapırdı. Ədəbiyyat haqqında, hansısa yeni əsər haqqında bəzən yanlış, birtərəfli rəy və fikir ifadə etsə də, yaxud buna məcbur olsa da, tənqid, ədəbiyyatşünaslıq öz daxili mahiyyətinə, vəzifəsinə xəyanət etmir, amiranə-inzibati, zəhmli bürokratik fikir şəraitində ədəbiyyatın insanşünaslıq, xalqşünaslıq qayələrinə xidmətindən qalmırdı”. Əgər 90-cı illərdə də tənqidçilərdən hər biri ədəbi tənqid adına sədaqətlə xidmət eləsəydi, ədəbi prosesdəki neqativ hallara qarşı aramsız mübarizə yolunu tutsaydı, həm tənqidin vəziyyəti bu gün belə problem yaratmaz, həm də “ədəbiyyatın axtarış və adaptasiya mərhələsi” (A.Əmrahoğlu) belə uzun və sürəkli çəkməzdi. Bir neçə kəlmə də Elçinin yuxarıda adı gedən məqaləsinin əks-sədası barədə... Bu məqalələr doğurdan da böyük əks-reaksiya doğurdu, amma çox təəssüf ki, bu reaksiyaların əksəriyyəti obyektivlikdən uzaq səsləndi. Mən sadəcə istərdim ki, şair Qəşəm Nəcəfzadənin bəzi fikirlərinə münasibət bildirim. Elçinin bir-birinə zidd fikirlər söyləməkdə günahlandıran Q.Nəcəfzadə özü də fikirlərində o qədər də müəyyənlik, aydınlıq nümayiş etdirmir. Bir tərəfdən o, Elçini “bütün varlığı, gücü ilə çağdaş ədəbiyyata, sənətə ədəbi-bədii, tənqidi təkan verən tənqidçi, “məsul vəzifədə olsa da “vaxt azlığı” çərçivəsində döyünən, çırpınan qəlbi ilə çağdaş ədəbiyyatımızın aparıcı qüvvəsi” sayır, digər tərəfdən Elçini, V.Yusifli, T.Əlişoğlu, Ə.Cahangiri öz əlinə almaqda, tənqidçiləri də Elçinin nəzərində olmaq xatirinə ondan yazmaqda qınayır. Maraqlıdır, əgər Q.Nəcəfzadə bir şair kimi Elçinin yazıçı, tənqidçi məziyyətlərini görə və qiymətləndirə bilirsə, bəs tənqidçilərin bunu görməsi, qiymətləndirilməsi niyə qəbahət sayılmalıdır. Axı bu tənqidçilərdən hər biri sırf Elçin yaradıcılığından çıxış edirlər. Lütfanə təriflər içərisində itib-batmırlar. Özü də təkcə Elçindən yox, heç bir məsul işdə çalışmayan şairdən də, yazıçıdan da ədəbiyyatın sıra nəfəri kimi yazıblar. Elə təkcə V.Yusifli adı kifayətdir deyək ki, sənətə ilk vəsiqə alan bir çox cavan şairlərin təqdimini onun imzasından tanımışıq. Hətta buna görə dəfələrlə qınanılıb da. Eləcə də T.Əlişanoğlunun “neo-60 cılar” və digər məqalələri kimlərəsə mübahisəli görünsə belə çağımızın ədəbi gəncliyinə diqqətin əlaməti deyilmi? O cümlədən də Ə.Cahangir bu gün məsul vəzifədə çalışan Elçindən ədəbiyyatın sonbeşik şairi Aqşinə qədər yazmağı vacib bilirsə onda bu cür umu-küsüyə lüzum varmı? Q.Nəcəfzadə yazır: “60-cı illər ədəbiyyatı ona görə seçilə bildi ki, R.Rza gənc ədəbiyyatı müdafiəyə qalxdı. Elçini, İ.İsmayılzadəni, Ə.Salahzadəni, V.Səmədoğlunu, V.Nəsibi, bir neçə başqalarını öz qanadları altına aldı. Bəs 60-cılardan kim 90-cı illərdə ədəbiyyata gələnləri müdafiə edir?” Bəli, R.Rza böyük fədakarlıq və cəsarət göstərərək gəncləri yaşlı nəslin hücumundan qoruyub. Görəsən 90-cıları kimin hücumundan qorumaq lazımdır. Axı onlar özləri hücuma keçiblər (ən yaxşı müdafiə hücumdur!). Və əgər bu hücumda “keçmişə atılan daşlar”ın ən böyüyü dünənin cəfakeş şairinə atılır və ona bu cür “minnətdarlıq” bildirilirsə, onda çətin ki, bundan sonra hansı şair, yaxud yazıçı xeyirxahlıq sevdasına düşə. Ümumiyyətlə, bu gün ədəbi prosesdə ən ağrılı məqam ədəbi tənqid problemi deyil, yox, daha çox ədəbi nəsil problemidir, irs-varis münasibətlərində hökm sürən nizamsızlıqdır, “keçmişə atılan daşlar”ın mənəvi ağrılarıdır. 90-cılar “yeni ədəbiyyat” yaratmaq iddiasına düşüb şair və yazıçıları onlara mane olmaqda qınayırlar. Bu qınaqdan tənqidçilərə də pay düşüb. Ədəbi tənqidin 90-cılar haqqında fikirləri onları razı salmır, birinin sözünü digəri həzm eləmir. N.Cəfərov 60-cı illərin ədəbi tənqidi haqqında yazır ki, 40-45-ci illərin ədəbi tənqidi 60-cı illərdə meydana çıxan ədəbiyyatı başa düşməkdə özünün nəzəri-estetik təsdiqini tanımaq üçün öz tənqidini formalaşdırmağa başladı (halbuki əvvəlki onillərin tənqidini daha çox ictimai varlığın özü yetirmişdi), həmin tənqid əsas məqsədi 60-cıları, bir sıra hallarda isə 70-ciləri müdafiə etmək olduğu üçün ədəbi prosesi bütünlükdə ehtiva edə bilmirdi, xüsusilə 80-cı illərdə bu daha aydın hiss edildi”. Bəlkə hələ də daha çox 60-cılardan yazan ədəbi tənqid 90-cıları başa düşməkdə çətinlik çəkir. Bəlkə də Elçin “bu yazıçı və şairlərlə eyni ədəbi nəslə mənsub olan cavan tənqidçilər də bu cavan yaradıcılıq barədə bir söz demirlər” iradında bunu nəzərdə tutur. Kim bilir, bəlkə də bu tənqid indən belə təşəkkül tapacaq... Amma bu gün söhbət nə vaxtsa təşəkkül tapacaq tənqiddən yox, bu günün tənqidindən gedir. Bu günün tənqidi sabahın sağlam atmosferli yaradıcılıq arenasını yaratmaq üçün bütün güc və bacarığını səfərbər edib əvvəlki nüfuzunu bərpa etməlidir. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)