Xədicə Həmidova-Azərbaycan rəngkarlığında “əməkçi qadın obrazı”

Azərbaycan rəngkarlığında “əməkçi qadın obrazı”
1930-cu illərdə Sovet İttifaqında keçirilən Yazıçıların I Ümumittifaq Qurultayında sosialist realizmi ədəbiyyat və təsviri sənətin yeganə üslubu kimi təsdiqləndi. Artıq başqa cərəyanlarda əsər yaratmaq yasaq idi. Bu yeni istiqamət sosializm ideologiyasını təbliğ etməli və kütlələr üçün anlaşılan olmalı idi. Qərbdə bu yanaşmaya “Stalin üslubu” da deyilirdi.
Sosialist realizmində əsas məqsəd sovet əməkçi cəmiyyətinin həyatını real və eyni zamanda idealizə olunmuş formada təqdim etmək idi. Əsərlərdə texniki reallıq qorunsa da, qəhrəmanlar heç yorulmayan, şən və əməksevər surətlərdə göstərilirdi. Əvvəllər güc simvolu olaraq yunan tanrılarına bənzər aristokrat obrazları yaradılırdısa, Sovet dövründə bu rol işçi sinfə verildi.
Bu idealizm yalnız kişi obrazına deyil, qadın obrazına da tətbiq olunurdu. Sosialist realizmində əməkçi qadın önəmli yer tuturdu: o, kolxozçu, idmançı və ya fəhlə kimi, qısa saçlı, geniş iş geyimində, əzələli bədənlə göstərilirdi. Bu qadın obrazı həm güclü, həm də müstəqil idi. Bəzən kişi işində çalışan qadın kimi təsvir olunurdu. Lakin İkinci Dünya Müharibəsindən sonra bu obraz dəyişdi: artıq qadın daha zərif, qayğıkeş ana kimi – əlində gül dəstəsi, başında yaylıqla təqdim olunmağa başladı. Bu, sakit və firavan gələcəyin simvolik ifadəsi idi.
Azərbaycanda da sosialist realizmi 1930-cu illərdən tətbiq olunmağa başladı. Əvvəlki illərdə miniatür üslubda çalışan rəssamlar tənqid olunur, çox vaxt isə təzyiqlərə məruz qalırdılar. Ələkbər Rzaquliyev bu səbəbdən repressiyaya məruz qalan sənətkarlar arasında idi. Bu dövrdə məişət mövzuları, qadın azadlığı, əmək və savadsızlığın aradan qaldırılması əsas sənət mövzularına çevrilmişdi. Əməkçi qadın obrazı Azərbaycan rəssamlarının əsərlərində mühüm yer tuturdu. Rəssamlardan milli motivlərlə yanaşı, sosializm ideyalarını əks etdirmək tələb olunurdu. Qadınlar həm milli geyimdə, həm də sosialist realizminin ideal obrazı kimi təqdim olunurdu. Bu obraz həm azad və əməksevər, həm də milli dəyərlərə sadiq idi. Belə əsərləri yaradan rəssamlar arasında Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova, Vəcihə Səmədova, Salam Salamzadə və Həsən Haqverdiyevi qeyd etmək olar.
Böyükağa Mirzəzadə rəssamlıq üslubunda rus, Avropa və Azərbaycan rəngkarlıq ənənələrinin sintezini yaratmış sənətkarlardandır. Onun “Lənkəran qadınları”, “Günorta”, “Pambıqçı qadın”, “Manqaçı portreti”, “Çəltik yığımı” kimi əsərlərində əməksevər qadın tipi ön plana çıxır. Mirzəzadənin bu obrazlarında qadınlar ağır zəhmətə baxmayaraq yorğun deyil, əksinə, sağlam, gümrah və nikbin görünürlər. Yanaqları al-qırmızı, simalarında isə təbəssüm var. Fiziki gücləri ilə seçilən bu qadınlar həm də daxili gücə malik, azad və özünəinamlı fərdlər kimi təqdim olunurlar. Bu cür təsvirlər rəssamın qadın obrazlarına fərdi yanaşmasını, onlara təkcə kollektivin bir hissəsi kimi deyil, şəxsiyyət olaraq yanaşdığını göstərir. Onun əsərlərində qadın surətləri bəzən tək, bəzən azsaylı qruplar halında verilir, bu da onları kütləvilikdən ayırır və obrazlara fərdi dərinlik qatır. Əsərlərin optimist ruhu isə izləyicidə müsbət emosiyalar doğurur.
Əmək mövzusu Mikayıl Abdullayevin də sənətinin əsas istiqamətlərindən biri olmuşdur. Monumental sənətdə qazandığı təcrübə onun dəzgah boyakarlığındakı işlərində də hiss olunur. Rəssam əməkçi qadın obrazlarını çox zaman iri ölçülü və təsirli şəkildə təqdim edir. Onlar işləyərkən tamaşaçı ilə birbaşa vizual əlaqəyə girmir, öz fəaliyyətlərinə fokuslanırlar. M.Abdullayev bu obrazlarda heç bir süni ideallaşdırmaya yol vermir, əksinə, kənd qadınlarının kobud əlləri, sərt çöhrələri və günəşdən qaralmış dəriləri olduğu kimi təsvir edilir. Bütün bu detallar obrazlara daha çox həqiqilik və monumental təsir verir.
Onun əsərlərində rəng seçimi də xüsusi diqqətə layiqdir. Məsələn, “1941-ci ilin iyunu” və “Günorta” əsərlərində istifadə olunan sakit və zərif kolorit səhnəyə dinclik və təmkinlilik bəxş edir. Bu rəng palitrası sanki əməkçi qadının səssiz mübarizəsini və təvazökar qəhrəmanlığını əks etdirir.
Mikayıl Abdullayev həmçinin Hindistana səfəri zamanı orada gördüyü kəndli qadınların həyatını da fırçasına köçürmüşdür. “Düyü daşıyan qızlar” və “Düyü yığımı” bu silsilənin parlaq nümunələrindəndir. Hind rəngkarlığının parlaq koloritinə baxmayaraq, Abdullayev burada da özünəməxsus sakit və tutqun rəng çalarlarına sadiq qalmışdır. Onun bu əsərlərində də lirizm və realizm yanaşı gedir. Realizm kənd həyatının çətinliklərini, lirizm isə insan ruhunun dərinliyini əks etdirir. “Səadət qurucuları”, “Kənd həyatı”, “Səbətdə üzüm” kimi əsərlərində isə əməkçi qadın obrazı bir qədər ideallaşdırılmış şəkildə təqdim edilir. Bu əsərlərdə sərt realizmdən çox, daha yumşaq, poetik ovqat hiss olunur. M.Abdullayevin sənətində lirizm əsas xətt kimi qalır. Onun yaratdığı qadın obrazları yalnız fiziki zəhməti deyil, həm də onların daxili dünyasını, hiss və duyğularını da əks etdirir. Bu, onun sənətinə xüsusi duyğusal dərinlik qazandırır.
Həsən Haqverdiyevin yaradıcılığında fiziki güclü qadın obrazları xüsusi diqqət çəkir. Onun əsərlərində kəndli qadınlar pastel çalarlarla işlənmiş fon üzərində, günəşdə qaralmış dəriləri və qüvvətli əlləri ilə təqdim olunur. Bu obrazlar təkcə güclü bədən quruluşları ilə deyil, daxili mətinlikləri ilə də seçilirlər. Rəssam tez-tez kənd peyzajlarını fonda yerləşdirərək qadın fiqurlarına ucalıq və əzəmət qatır. Əsərlərində Azərbaycan qadını həm təbiətin gözəlliyini, həm də daxili saf və əzmkar ruhu təmsil edir.
“Günəşli gün”, “Bahar” və “İşığa doğru” kimi əsərlərində bu motivlər xüsusilə nəzərə çarpır. Məsələn, “İşığa doğru”əsərində dağ silsiləsi qadın fiqurunun gücünü vizual olaraq tamamlayır yəni, qadın dağ kimi güclü və əzəmətli təsvir edilir. “Günəşli gün”də pambıqçılar təpəliklərin fonunda yerləşdirilərək təbiətlə obraz arasında paralellik yaradılır. “Bahar” əsərində isə rəssam geniş çəmənlikdə təsvir edilən sadə kəndli qız obrazına lirik ovqat qatmışdır. Haqverdiyev əsərlərinin kompozisiyasını və rəng palitrasını öncədən planlaşdırar, lakin yaradıcılıq prosesində lazım bildiyi dəyişiklikləri də ustalıqla yerinə yetirərdi. Onun müharibədən əvvəlki tabloları daha canlı və parlaq koloriti ilə seçilir.
Həmçinin, Salam Salamzadənin yaradıcılığı əməkçi qadınların realist və ifadəli təsvirləri ilə yadda qalır. Onun “Maniyə Kərimovanın portreti” və “Günəş altında” əsərlərində qadın obrazları güclü iradəli və məqsədyönlü şəkildə təqdim olunur. “Maniyə Kərimovanın portreti”ndə qadın obrazı sanki sadə kəndli deyil, idealizə olunmuş qəhrəman kimi təsvir edilir. Statik duruşu, kəlağayını Roma toqası kimi tutması bu obrazı klassik heykəltəraşlıqla səsləşdirir və sovet incəsənətində antik irsə olan marağı əks etdirir. Bu əsərdə Kərimova yalnız bir əməkçi deyil, həm də rəmzi nümunə, qəhrəman, simvol fiqurdur.
“Günəş altında” lövhəsi, adından da göründüyü kimi, günəş altında zəhmət çəkən kəndli qadının portretidir. Günəşdən qaralmış sifəti və qızarmış yanaqları ilə yorğun görünən qadın, sinəsinin dik duruşu və duruşundakı qətiyyətlə mənəvi gücünü qoruduğunu göstərir. O, fiziki yorğunluğa baxmayaraq, ideyaca möhkəmdir – kolxoz üçün daha çox işləməyə hazırdır.
S.Salamzadə yaradıcılığında həm mədəniyyət xadimlərini, həm də fəhlə sinfinin təmsilçilərini realist və psixoloji dərinliklə təqdim edirdi. Onun portretlərində sadəcə xarici görünüş deyil, obrazların daxili dünyası, xarakteri və emosional vəziyyəti də ifadə olunurdu. Bu xüsusiyyətlər onun sənətini həm lirizm, həm də bədii həqiqətlilik baxımından fərqləndirir.
Qadın rəssamlarımızın da yaradıcılıqlarında əmək mövzusuna, xüsusilə də sadə qadın obrazına önəm vermişlər. Xalidə Səfərovanın sənətində bu mövzu xüsusi yer tutur. Onun fırçasından çıxan “Xalça toxuyanlar” əsəri və bu silsiləyə daxil olan digər işlərdə milli irsimizin vacib elementi olan xalçaçılıq sənəti əks olunub. Əsərlərində iş prosesinin yoruculuğuna baxmayaraq, qadınlar daim gülümsəyən və ruhən güclü surətlər kimi təsvir olunur. Xalça toxuyan qızların əl işləri və kompozisiya detalları milli naxışları xatırladır. Onun “Vətənimin səhəri” tablosunda isə üzüm yığan qızlar lirik mənzərə fonunda canlandırılır. Bu əsərlərdə qadın fiqurlarının gülərüzlüyü, al yanaqları və pozitiv ovqatları rəssamın parlaq koloritə üstünlük verməsi ilə birləşərək əsərlərə bayram əhval-ruhiyyəsi gətirir. Mənzərə motivləri Xalidə Səfərovanın yaradıcılığında geniş yer tutur, əməkçi qadınlar tez-tez bu təbiət fonunda əks olunur.
Vəcihə Səmədova isə fərqli bədii yanaşması ilə seçilir. O, əsasən kolxozçu qadın obrazlarına müraciət etmiş, onları fərdi portretlər vasitəsilə təqdim etmişdir. “Pambıqçı Sürəyya Kərimova” və “Söhbət İbrahimova” portretləri realist və psixoloji dərinliklə işlənmişdir. Xalidə Səfərovadan fərqli olaraq, Səmədovanın qəhrəmanları şən deyil – onların baxışlarında yorğunluq, simalarında isə həyat təcrübəsi hiss olunur. Rəssamın daha sakit və tutqun rəng palitrası da bu əhvalı gücləndirir. O, qadını yalnız əməksevər bir fərd kimi deyil, daxili aləmi olan bir insan kimi göstərir. Vəcihə Səmədovanın yaradıcılığında portret janrı əsas yer tutur, burada psixoloji lirizm və obrazın daxili təbəqələri ön plana çıxır. O, həmçinin tələbə, mühəndis, aktrisa və ana obrazlarını da nikbinlik və qadın zərifliyi ilə təqdim etmişdir.
Elmira Şaxtaxtinskaya da öz yaradıcılığında qadın obrazlarına yer vermişdir. O, plakat sənəti ilə yanaşı dəzgah boyakarlığında da məhsuldar işləmişdir. Onun “Qurab” və “Novruz bayramı” tabloları məişət səhnələrini əks etdirir. Bu əsərlərdə qadınlar yemək hazırlayarkən göstərilir və onların ətrafında milli ornamentlər, xalça motivləri və ənənəvi yeməklər vasitəsilə milli kimlik ön plana çəkilir. Burada da tipik sovet sənətinə xas yorulmaz və şən qadın obrazı qorunur.
Nadir Əbdürrəhmanov isə yaradıcılığında həm milli, həm də beynəlxalq mövzulara müraciət etmişdir. Uşaqlıq illərini Laçında keçirən rəssam, kənd həyatının təfərrüatlarını yaxından müşahidə etmiş, bu müşahidələri daha sonra tablolarında əks etdirmişdir. Mikayıl Abdullayev kimi onun da xarici ölkələrə, xüsusən Koreya Xalq Demokratik Respublikasına etdiyi səfərlər yaradıcılığında iz buraxmışdır. “Səhər” və “Dağlarda Alatoranlıq” əsərlərində miniatür sənətinə xas rəng həlləri və sərt üslub sintez olunmuşdur. Rəssamın monumental fiqurları kənd həyatının dinamikasını və əməkçi qadınların gücünü simvollaşdırır. Koreya silsiləsinə daxil olan “Kənd təsərrüfatı kooperativində” əsərində isə koreyalı qadınların zəhmətini canlandıran səhnələrdə həm fiziki zəhmət, həm də milli etnik xüsusiyyətlər ustalıqla təqdim olunmuşdur.