ŞvartsMan (Tamerlan) - Nikahdan kənar münasibətlər (hekayə)

Məni tanıyanlar bilirlər ki, heç vaxt evlənməmişəm. Amma bununla belə iki oğlum var. Nikahdan bir az kənar doğulublar, nikah xəttinə düşə bilməyiblər. Böyüyün adı Cəmşid, balacasının adı Tofiqdir. Cəmşid babamın, Tofiq isə atamın adıdır vermişəm onlara. Uşaqlarımı çox sevirəm ata kimi...
Bir dəfə iki oğlum ağlayaraq üstümə gəldilər. Onları qucaqlayıb səbəbini soruşdum. Dedilər ki, uşaqlar bizə "bic" deyir.
Dəqiqləşdirdim:
-Piç, yoxsa Bic?
-Bic, ata.
-Ay oğlum, bic "hiyləgər" deməkdir.
- Yox e, ata... Dedilər sənin atan bilinmir.
-Kim deyir onu?! Bəs mən kiməm? Sizin vəziyyətiniz başqadır. Sizin atanınız bilinir, ananız bilinmir. Başa düşdüz?
Uşaqlar susurlar.
-Fikir verməyin, belə söhbətlərə, atmacalara. Topunuzla oynayın qardaş-qardaş. Qulaq asın, heç bir pişik böyüyəndə anasından soruşmur ki, bizim atamız hanı? Siz də ananızı soruşmayın. Əsas olan sizin hal- hazırda mövcud olmağınızdır. Və zövq alın yaşamaqdan.
***
Xasiyyətim belədir: heç nəyi başdan danışmağı sevmirəm. Ortadan və ya axırdan başlamaq mənə xoşdur. Qadınlar isə həmişə başlanğıcı sevirlər. Bu səbəbdən onlarla münasibətim problematik və bir o qədər də romantik alınıb. Yaraşıqlı olmadım. Amma daxilimdəki enerji qadınlarda mənə qarşı sevgi yaradırdı. Uğursuzluqlarım əlbəttə olub. Heç vaxt qadınlarla evlənməyi düşünmədim. Mənə görə, məhəbbətin üç düşməni var: nikah, xüsusi mülkiyyət və əxlaq. Bu üçü də bir-birinindən törəyib. Cəmiyyət bizə uşaqlıqdan həqiqət adı ilə o qədər çox yalan satıb ki...! Bunu mən deməsəm, kim deyəcəkdi ki, sizə? Nikahdan kənar münasibətləri, qeyri-əxlaqi davranışları, elmi olmayan söhbətləri sevirəm. Kişilərə nisbətən qadınlarla daha çox açıq danışıram. Açıq münasibətləri də sevdiyimi deməyimi unutmuram. Artıq insanlar aləmindən heyvanlar aləminə keçmişəm. Bir də insanlarda məni qəbilə şəklində yaşayan ibtidaililər maraqlandırır. Məsələn, Afrikada yaşayan San qəbiləsi. Maraqlı məlumatlar öyrəndim onlar haqqında... İndi deyəcəklərim nikahdan kənar münasibətlərə aiddir. Maraqlısı budur ki, San qəbiləsində fahişəlik yoxdur. Niyə? İnsanlar sərbəst münasibətdədirlər, xüsusi mülkiyyət yoxdur. Doğulacaq uşağa ana-atalıq edirlər, həm də uşaq qəbilənin də himayəsində böyüyür. Ana və ata isə valideynlik öhdəliklərini unutmadan başqaları ilə romantik münasibət qura bilirlər. Amma bizim bu yəhudi, xristian və müsəlman ölkələrində belə münasibətlər qadağandır və hələ üstəlik nikahdan qaçış kimi görünən fahişəlik də var. Kədərli olan bilirsiz nədir? Yəhudilikdən islama kimi təxminən 4 min il fahişəlik və homoseksuallığa qarşı mübarizə apar, amma kökünü kəsə bilmə. Xəbərləri yoxdur: özlərinin varlığıdır mübarizə apardıqlarının yaranmasına səbəb. Bir anlasalar dünya dəyişər. Dünya dəyişər e, amma insanlar dəyişməz. Bu yandan da NASA insanları dinlər kimi bu dünyadan uzaqlaşdırır... Yeni planet axtarışı və İlon Maskın Marsda insan koloniyası planı. Dünyanı gözəlləşdirdik, bircə qalıb Mars?!
***
Mənim, bəli, mənim iki oğlum var. Anasız böyümək çətin olsa da, böyüyürlər. İkisinin də anası başqadır. Məndən olsa dünyaya gəlməklərini istəməzdim. Pessimist danışmaq istəmirəm, başa düşürəm, hər doğulan uşaq son bir ümiddir, amma bu ümidləri biz yaşamağa qoymuruq, lap əvvəldən cəmiyyət adlı torpağa basdırırıq. Əslində niyə uşağımız olsun istəyirik? Birincisi, özümüzü kopyalamaq, özümüzə oxşar bir insan yaratmaq istəyirik. İkincisi, cəmiyyət, ailə, ətraf məcbur edir ki, nəsil artır. Hamı sənin cinsi orqanına baxır, ürəyinə yox. Onlara görə, faydalı insan nəsil artıran insandır. Fikir vermisiz, niyə cəmiyyət qoca adamların yox, balaca uşaqların ölümünə sərt reaksiya verir və həyəcanlanır? Nə fərqi var-qoca da, uşaq da - ikisi də insandır. Amma cəmiyyət burada başqa cür davranır. Qocaların ölümü kədərli deyil, çünki onlar cəmiyyətin "qırıntıları"dır, yanmış odundurlar, fayda verməzlər. Qocalara da hörmət ona görə edilir ki, nə vaxtsa nəsil artırıb cəmiyyətin yaşamasına kömək ediblər. Uşaq qatillərini və uşaqların qəza nəticəsində ölümünü isə cəmiyyət bağışlamır. Çünki uşaqlar insanlığın yaşaması üçün şansdır və onları qorumaq lazımdır. Uşaqların ölümü ilə qocaların ölümü arasından mahiyyəti ilə elə bir fərq yoxdur, bu fərqi yaradan insan cəmiyyətinin özüdür. Etiraf edilməyən cümlə budur: Cəmiyyət sevgi üzərində qurulmur, fayda üzərində qurulur.
***
Oğlanlarımı sevirəm. Qəsdən onlara belə gülməli adlar qoydum. Həyat gülməli deyil. İnsan həyatı göz yaşları içində gülmək kimidir: nə canlısan, nə cansız... Çalışıram oğlanlarımı qorxmaz və üsyankar böyüdüm. Siyasi liderlər istəməzlər ki, uşaqların qorxmaz və üsyankar olsun. Çünki bu gün valideyninə qarşı çıxan uşaq sabah müəlliminə qarşı çıxacaq. Müəlliminə qarşı çıxan polisə qarşı çıxacaq. Polisə tabe olmayan prezidentə üsyan edər. Bu səbəbdən yuxarıdakılar sənin müti və işçi olmağını istəyir. Birbaşa təhsil də bu ideologiyaya xidmət edir. Məktəblər insanların axmaq, xəstəxanalar xəstə, həbsxanalar isə qorxaq olmağını istəyərlər. Əllərindən gələni edirlər ki, sistemdən kənar heç kim qalmasın. Nikahdan kənar münasibətlər sistemdən kənara çıxmağın yumşaq formasından başqa bir şey deyil. Uşaqlarıma bunları öyrətməliyəm, qalan şeyləri özləri də öyrənə bilərlər.
***
Uşaqların anaları ilə münasibətlərim çoxdan bitib. Uşaqları üstümə atıb getdikdən sonra təəccüblənmədim. Təbiətdə də belə hallar yaşanır. Bəzi heyvanlar balalarını vəhşi təbiətə atıb gedirlər. İnsan da məməli və çoxhüceyrəli heyvandır. Ali varlıq deyil, adi varlıqdır. Həyatdan və insanlardan şikayətlənməkdənsə, onları olduğu kimi qəbul etmək yaxşıdır. Onsuz da əvvəl-axır dəyişən insanın özü olur. Həyatı çətinləşdirmək lazım deyil. Uşaqlarıma necə yaşamağı öyrətməliyəm. Öz travmalarımı onlara miras qoymamalıyam. Heyvanları sevməyi öyrətməliyəm ki, zooparka getmək istəməsinlər. Deyərəm ki, cəmiyyət bizi əxlaq adında qəfəsə salıb, biz də heyvanları dəmir qəfəsə. Yenə də onlara xatırladaram ki, hələ də az da olsa yaxşı şeylər var, onları tapmaq və görmək lazımdır.
***
Mənim də bir ata kimi məqsədim birdir: uşaqlarımı xoşbəxt görmək. İnsan kimi başqa bir məqsədim yoxdur. İstəyirəm ki, evlənsinlər, nəsil artırıb bizim "sağlam" cəmiyyətin yaşamasına öz töhfələrini versinlər. Mən də bir ata kimi baxım görüm infarktdan ya da SPİD -dən tutub ölə bilirəm.
Yenə bir dəfə iki balaca oğlum ağlayaraq üstümə gəldilər. Onları qucaqlayıb səbəbini soruşdum. Dedilər ki, uşaqlar sənin dediklərin fikirlərə görə bizə "gic" deyirlər.
Dəqiqləşdirdim:
- Bic, yoxsa Gic?
-Gic, ata, gic.
- Gic olanda nolar ki? Ağıllılar bu dünyanı nə günə qoydular, heç olmasa bu dünyanın bir gicə ehtiyacı var... Atanız kimi bir gicə.
Uşaqlarım güldülər. Mən də güldüm. Elə siz də gülün.
30.08.2025





