ZEYNƏB BAĞIROVA - KÖLGƏLƏRİN HÖKMÜ, GÜNƏŞİN VƏD ETDİYİ SABAH

Müharibə və qadın haqlarının tapdalanması... Bu iki söz bütün bəşəriyyətə tanış olan
sözlərdir. İnsan həyatında dərin və kədərli izlər buraxan müharibə və qadınların söz
haqqı olmamasına tarixin hər bir dövründə rast gəlmişik. Elə bu iki mövzunu ustalıqla
işləyən Xalid Hüseyni də “Min Möhtəşəm Günəş” romanında bundan bəhs edir.
Əsərdə iki qadın Məryəm və Leyla – iki əfqan qadını əks etdirilir. Məryəm evlilikdən
kənar bir münasibətdən dünyaya gəlmiş günahsız bir qızdır. Anası ilə birlikdə
kənddən uzaq bir təpənin üstündəki balaca daxmada yaşayırdılar. Məryəmə anası
həmişə “harami” deyir. Bu söz isə nikahdan kənar doğulmuş uşaqlara deyilən əfqan
dilindəki bir sözdür. Sözlərin nə qədər güclü olduğunu hamımız bilirik, bu söz
Məryəmi yaralayan bir silah olur. Heratın ən varlı adamlarından olan atası Cəlil bəzi
günlər Məryəmi görməyə gəlib, onunla vaxt keçirərdi. Məryəm sadəcə sevgi görmək
istəyən balaca bir qız uşağı idi.
Əsərin digər hissələrində isə Məryəm anasının yanından qaçıb, atası ilə yaşamaq
üçün Herata gəlir. Ancaq heç nə Məryəmin düşündüyü kimi olmur, atası onu evinə
qoymur. Məryəm bir gecə küçədə qalır, daha sonra isə onu anasının yanına
aparırlar. Məryəm atasının əsl üzünü görüb, anasının yanına gedəndə isə anası
intihar etmiş olur. Daha sonra Məryəm atasıyla yaşamağa başlayır. Ancaq burda bir
məqam var ki, əsərdə əsas hadisələrin yaşanmağı üçün zəmin hazırlayır. Cəlilin
həyat yoldaşları Məryəmi evdə istəmirlər və ona elçi tapırlar. Son nəticə Məryəm
Rəşidlə evlənir və başqa bir şəhərə köçürlər. Rəşid əvvəlcə özünü yaxşı biri kimi
göstərsə də,sonradan Məryəmi döyür, təhqir edir.
Bura qədər biz artıq bir neçə qadın haqlarının tapdalanması hallarını görürük.
Məryəmin anasına edilənlər, Məryəmin azyaşlı olmasına baxmayaraq evləndirilməsi
və şiddətə məruz qalmasına şahid oluruq.
Bu zaman başqa bir ailənin Leyla adlı bir qızı olur. Leylanın atası müəllimdi, ali
təhsilli biridir, anası isə azad biridir. Əfqan qadınları kimi niqab geyinmir, istədiyini
edir, buna isə ətrafdakıların münasibəti yaxşı olmur. Leylanın Tariq adlı bir dostu var
və yaş artdıqca bu dostluq sevgiyə çevrilir. Daha sonra müharibənin kölgəsi görünür
və Leylanın qardaşları müharibədə şəhid olurlar. Ailə içində problemlər artır, Leylanın
atasının diplomu ləğv olunur. Vəziyyət daha da pisləşdikcə Tariq ailəsi ilə birgə köçür.
Leyla və Tariq ayrılır, Leylanın anası da artıq burda qalmağın təhlükəli olduğunu
anlayıb getmək üçün hazırlaşırlar. Köçdükləri gün evlərinə raket düşür və Leyla
həyətdə olduğu üçün həyatda qala bilir. Onu Rəşid xilas edir, ancaq mənafeyinə görə
bu etdiyinə yaxşılıq demək olmaz, çünki Rəşid Leyla ilə evlənmək istəyir. Əvvəlcə
Tariqin öldüyü barədə yalan deyir, özünü fərqli bir insan kimi göstərir və Məryəmlə
evli olduğu halda, Leyla ilə də evlənir, iki övladları olur. Ancaq Leylanın ilk övladı,
yəni qızı Tariqin övladıdır. Rəşid isə Məryəmə etdiklərini Leylaya da edir. Beləliklə, bir
kişinin etdiyi alçaqlığın üzündən iki qadının həyatı məhv olur. Sonrakı gedişlərdə isə
Taliban rejimi qalib gəlir, müharibə bitir, ancaq qadınların hüquqsuzluğu başlayır.
Rəşidin dükanı batır, aclıq başlayır, Əzizə – Leyla və Tariqin qızı uşaq evinə verilir.
Tariq qayıdır, hər şey bilinir. Rəşid Leylanı öldürmək istəyəndə Məryəm onu öldürür.
Beləcə, o illərin əzabını, qəzəbini, haqsızlığını da bitirir. Məryəm Leylanı və uşaqları
Tariqlə Pakistana göndərir, özü isə qanunlara görə edam olunur. Leyla daha sonra
Məryəmin doğub böyüdüyü yerə gəlir, burda Məryəmin keçmişini görür.
Əfqanıstandan Talibanlar qovulur, ölkə inkişaf edir, hər şey düzəlir. Leyla da
arzusunu reallaşdırıb, təhsil alır və müəllim olur.
Əsərin məzmunundan da bizə aydın olur ki, yazıçı haqsızlığı və müharibənin
fəlakətlərini məharətlə oxucuya çatdırır. Burda bir neçə məqamlar var ki, oxucuların
diqqətini çəkir.
Birinci olaraq, qadınların hüquqsuzluğu əsas məsələlərdən biridir. Qadınlar döyülür,
alçaldılır, azadlıqlarına zəncir vurulur. Və bunu edərkən də din adı altında edilib, dini
də sui-istifadə edirlər. Qadın yoldaşı olmadan çölə belə çıxa bilmir, yoxsa cəza alır.
Xəstəxanalarla bağlı bir epizod var əsərdə: Kabil şəhərində qadınlar üçün yalnız bir
xəstəxana var və bu xəstəxana gigiyenik tələbləri belə ödəyə bilmir. Burada bir qadın
həkim qalır və xidmət edir, ancaq o da çətinliklə vəzifəsini yerinə yetirə bilir. Onun
üçün də təzyiq var. Qadınlar çadrasız heç yerə gedə bilməz, – deyə bir qanun da var
təbii ki. Leyla və Məryəm qaçmaq istəyərkən hətta bir adamdan kömək istəyirlər,
çünki iki qadın təkbaşına “qanun” olduğuna görə səyahət edə bilməzlər. Nəticə
olaraq isə o yad kişi qadınları aldadıb, əsgərə hər şeyi deyir və Məryəmlə Leyla qaça
bilmirlər. Bu cəhdlərinə görə isə cəzalandırılırlar. Əzizə uşaq evində olanda Leylanın
onu görmək üçün getməsi və əsgərlər tərəfindən küçədə döyülməsi məsələsi də var.
Romanda belə bir hissə var. Məryəmin anası Məryəmə deyir ki:
“Şimalı göstərən kompas əqrəbi kimi, kişinin şəhadət barmağı həmişə qadını
göstərir. Yadda saxla, qızım, günahkar həmişə qadın olur.”
Gördüyümüz kimi, qadınların bütün hüquqları əllərindən alınıb, evə məhkum
olunublar və bu hal günümüzdə də bəzi ölkə və yerlərdə mövcuddur.
Daha sonra təhsil məsələsi diqqəti cəlb edir. Məryəmin uşaqlığında Molla Feyzulla
adlı qoca və xeyirxah birini görürük. Molla Feyzulla həm Məryəmin, həm də anasının
müəllimi olub. Məryəmə oxumağı və yazmağı o öyrədib, dini təhsilini də Məryəm
ondan alır. Daha sonra Leylanın atası da müəllimdi və qızının təhsil almağını çox
istəyir. Hər axşam qızıyla riyaziyyatdan misallar həll etməsi, tapşırıq verməsini buna
misal verə bilərik.
Əsərdə valideyn-övlad münasibətləri də öz əksini tapıb. Məryəmin anasıyla
münasibəti, Leylanın ata və anası, Məryəmin atası, Tariq və Əzizə, Məryəmin Əzizə
ilə bağı, Leylanın uşaqları üçün hər şeyə dözməsi və s. Məryəmin anası qızını
problemlərdən qorumaq istəməsi, onu sevməsi, Leylanın Əzizəni uşaqlar evində
görmək cəhdləri, Cəlilin hələ Məryəm evlənəndə kədərlənməsi və daha sonra
Məryəmi görmək üçün gəlməsi, ölümündən sonra Leylanın məktubu tapması və s.
Qadınların bir-birinə dəstək olması,Məryəmin Leyla və uşaqları üçün etdikləri və
sonda da fədakarlığı da yaxşı insanların və sevgini göstərir.
Daha bir maraqlı fakt isə əsərin adı ilə bağlıdır. Romanın adı XVII əsrdə yaşamış və
fars kimi qələmə verilən məşhur Azərbaycan şairi olan Saib Təbrizinin poemasından
götürülüb. Həmin beyt isə budur:
“Evlərinin damlarından neçə-neçə ay parlar,
Evlərinin içindəsə şəfəq saçır min günəş.”
Bu əslində bizim ədəbiyyatımızın nə qədər zəngin olduğu və digər ədəbiyyatlarla
olan inteqrasiyasını göstərir. Romanda başqa şairlərin də əsərlərinə yer verilir.
Məsələn, Hafiz Şirazinin qəzəlindən bir parça:
“Xanaan torpağına gələr yenə, qəm yemə,
Daxmamız gülüstana dönər yenə, qəm yemə.
Daşqınlar həmlə etsə yerdəki canlılara,
Müdrik Nuh bələdçisə, nicat verər, qəm yemə...”
Yazıçı əsərdəki digər insanların da talelərindən danışır və bu bizim nəticə
çıxarmağımıza kömək edir. Romanın sonluğu xoş sonla bitir və haqq yerini tapır.
“Möhtəşəm Günəş” dünyada bir nömrəli bestseller olur və hazırda da çox sevilən bir
kitabdır. Müharibə və qadınların hüquqsuzluğunu kitabdan oxuyarkən belə bizi
təəssüfləndirən bir mövzudur. Amma unutmayaq ki, real həyatda da bu problem
davam edir.





