Edebiyyat.az » Proza » ŞvartsMan - Üçbucaq (hekayə)

ŞvartsMan - Üçbucaq (hekayə)

ŞvartsMan - Üçbucaq (hekayə)
Proza
nemət
Müəllif:
13:01, 13 dekabr 2019
3 623
0
ŞvartsMan - Üçbucaq (hekayə)


 



Dostum Murad Mirzəyevə

 

I

Kişi üçbucaqdır. Pul, Qadın və İntellektdən ibarət üçbucaq. Amma başı aşağı üçbucaq. Bu danışacaqlarım  onun başını yuxarı qaldırmaq üçündür. 

Bilmirəm necə və haradan başlayım. Heç vaxt yazmaqla aram olmayıb. Yazmaq bekar işdir, hələ üstəlik pul qazandırmırsa, qələmi harasa soxmaq lazım olacaq (əgər qələmlə yazırsızsa). Siz yazırsınız və o yazı pula çevrilmirsə, dəyəri olmur. Ha ümid edin ki, yüz ildən sonra dahi adlanacaqsız. Hər halda ölmüş olduğunuzdan iş -işdən keçmiş olacaq. 

Pul çox şeydir. Pul münasibətdir. Mən bir milyonluq adamamsa, münasibət başqadır, yüz minlik adamamsa münasibət başqa. Sizin mənə münasibətiniz dəyişir, mənim sizə yox. 

Pul gücdür. Pulsuzluq adamı zəiflədir. Çünki hər azalan pul sənin özünə inamını qırır. Pul -özünə inamla bağlıdır. Pul fahişə kimidir: bu gün sənin əlindədir, sabah başqasının.

Pul hərəkətdir. Hərəkət pul gətirir, pul hərəkət etdirir. Vaxtında çox və lazımlı hərəkətlər etməsən, oturduğun yerdən pul qazana bilməzsən. Dediyim kimi, pul insanlararası münasibətdir. Deməli, sənin tənhalıqla işin olmamalıdır. Bu filosofların işidir, sənin yox. Amma biznesin də öz filosofları var. 

Mənə dayan deyən olacaq? Özümü təqdim etməyi unutdum axı. Adım Mahir Tiyaqliyevdir. Landau, Qusman kimi Bakı yəhudilərindənəm. 1992-ci ildə Bakıda doğulmuşam. Mənim babamın babası  Gindeslə dost idi. Anamın isə ata tərəfdən nənəsinin analığı Abbasqulu bəy Şadlinskinin qızı olub. Azərbaycanlıların içərisində yəhudi kimi böyüdülmüşəm. Atam  Elçin Tiyaqliyev hüquqşünasdır. Anam Dolina Əliyev həkimdir. Valideynlərim təhsilimə çox önəm veriblər. Atam həmişə deyir, “ən yaxşı kapital insana qoyulan kapitaldır”. Mənim iqtisadiyyata, pula olan marağım bank sektoruna yönəldi. Hal-hazırda Azərbaycanda nüfuzlu bankın mərkəz filialında idarə heyətinin üzvüyəm. Sistemin elə bir yerindəyəm ki, dövlətin qan damarları mənim əlimdədir. Boş yerə Lenin demirdi ki, çevriliş etmək istəyirsənsə, iki yerə güclü zərbə endir(partlatmaq mənasında): güc mənbəyi-polis qüvvələrinə və dövlətin qan damarları olan banklara. Məqsəd dövləti zəiflətmək və hökuməti devirməkdir. Amma bizim məqsədimiz mövcudiyyəti öz istəyimizə uyğun davam etdirməkdir. Yəhudi ancaq yəhudidən borc alar və yəhudinin yəhudidən başqa dostu yoxdur.

Yəhudi olmağın bir sıra üstünlükləri var. Xüsusən Azərbaycanda. Heç kim anti-semit deyil. Yəhudi olduğun üçün səni mason və bankir hesab edirlər. Hərbi xidmətdə komandirin yazı hesab işlərini görəndə mənə elə baxırdılar. Yəhudidir, deməli, varlı və masondur. Halbuki hər yəhudi elə deyil. Sadəcə biz dünya sistemində hərəkətverici qüvvə olmuşuq. Bizim kitabımızda sələmçilik haram deyildi. Amma başqa monoteist dinlərdə faizə pul vermək qadağandır.   20-ci əsrə gələndə xristianlar və müsəlmanlar birdən ayıldı ki, bütün dünya yəhudilərin əlindədir. Bizim qəbilədən xalqa çevrilməyimizin tarixi qədimdir. Əsarətdə olduğumuz Babil və Misirdə çox şeylər öyrəndik. Babildən pulu necə qazanmağı və rəftarı, Misirdən isə elmi   öyrəndik. Keçən əsrdə isə özümüzə sıfırdan dövlət yaratdıq. 

Yəhudi heç vaxt biznesdə yalan danışmaz. Dürüst və etibarlı olduğu üçün ən yaxşı mühasibat işlərində yəhudilərdir. Atamın dürüstlüklə bağlı qızıl qaydası belədir ki, “həmişə dürüst ol! Ən birinci və ən əsası özünə qarşı. Başqasına qarşı dürüst olmasan, bir nəfər itirərsən. Özünə qarşı dürüst olmasan, bütün həyatını itirərsən”. Atamın bu sözləri həm fəlsəfi, həm də maliyyə baxımından yaşadığım hər an özünü doğruldub. Pul etibar məsələsidir.  Azərbaycanlıların pul məsələsində axsadığı məqam budur. Daimi pul axtarırlar, daimi müştəri axtarmırlar. Dürüst olub, insanların inamını qazanmaq istəmirlər deyə həmişə maxinasiya etmək məcburiyyətində qalırlar. 

Sizə bilməniz lazım olan bir şey deyim: yəhudini böyük edən onun kiçik işlərdən başlamağı olub. Tarix boyu yəhudilərə qarşı o qədər   qadağalar və genosidlər olub ki, Qədim Romadan ta 19-cu əsrə kimi. Yəhudilər sağ qalmaqları üçün bir həqiqəti yaxşı başa düşdülər: OXUMAQ. Yalnız təhsil alıb öyrənməklə yaşaya biləcəkdilər. Bunun hesabına ən yaxşı həkimlər, siyasətçilər, dərzilər, çəkməçilər, alimlər, müəllimlər, maliyyəçilər yəhudilərdən çıxdı. Və hamının onlara ehtiyacı oldu. 

Sizin probleminiz budur: özünüzü dəyişdirmədən hökuməti dəyişmək istəyirsiz. Hökuməti dəyişmək asandır, özünü dəyişmək çətindir. Azərbaycanda bir gənc özünü necə dəyişdirsin? Genetik potensialı yox,yüksək maddi təminatı yox. Birinci və əsas olan budur ki, cəmiyyət nəyə pis baxırsa, onu etsin, nəyə yaxşı baxırsa onu etməsin. Düşünürəm sözlərimi səhv başa düşməyəcək qədər ağıllısız. 

Siz yəhudiləri tanımırsız, yəqin ki, sinaqoqda da olmamısız, halbuki Qış parkının yanındakı sinaqoq azərbaycanlı yəhudi Telman İsmayılovun maliyyəsi ilə  tikilib. Xaxam danışanda sizə bilməniz lazım olan şeyləri sizə deyər. Onunla söhbətdə sizdə elə təəssürat yaranar ki, yəhudi sizdən nəsə gizlədir. Bu, dogrudan da belədir. Burda danışacaqlarımda görəcəksiz ki, mən hər şeydən danışdım, amma heç nə demədim. 

Əslində biz pulu sevmirik. Pul da, tualet kağızı da eyni materialdandır. Biz pulun bizə gətirəcəyi gücü sevirik. Teoloji yanaşsaq, pul şeytan işidir. Pul insan üçün məhək daşıdır. Yaşamaq imkanıdır. Pul ağır sınaqdır: Bugün səninlə çörəyini, yatağını bölüşən insan sabah pulunu bölüşməyə bilər. Çünki çörək və yataq o an  onun üçün o qədər də əhəmiyyətli olmaya bilər. İnsan bir tərəfli məxluq deyil, çoxtərəflidir. Bəzən insan öz qaranlıq tərəflərini özündən də  gizlədir. 

Pul məsələsində etibarlı adam çox şey də etibarlı adamdır. Məsələn, pul cəhətdən etibarlı adama arvadını da əmanət edə bilərsən. Çünki pul həyatın G nöqtəsidir. Pul istənilən münasibəti yarada və poza bilər. Belə məsəl var: kişinin qadınla sınayarlar, qadını qızılla(pulla)

Bu gün mən bankda yaxşı vəzifədə olmağıma baxmayaraq, dostlarım arasında ən kasıbı mənəm, amma hamısının da mənə borcu var. Bu qədim yəhudi metodudur: özündən varlını özünə tabe etmək. Taktika belədir ki, insanlarla özün arasında görünməz kanal açırsan və bu kanalla pullar faiz şəkilində sənə axır. Pul bir yerdə dayanmır, daim dövr edir. Sən sələmçi kimi başqasının pullarını “əlləmək” imkanı qazanırsan. Bu həyasız kapitalizmdə insanların ortaq Axilles dabanı olan pulla onları özündən asılı edib idarə edirsən. 

Bankların işləmə mexanizmi yeni metod deyil. Sizə qeyri-adi heç nə danışmaq istəmirəm. Bank nədir ki? Qədim Babil və Misirdə sələmçilərin birliyindən yaranan ittifaqdır. Bugün biz onu bank adlandırırıq. Keçmişdə sələmçilərin fərdi şəkildə fəaliyyətini indi banklar kollektiv şəkildə edirlər. Banklar pulu necə qazanır? Məsələn, bir vətəntaş banka 10 dollar pul qoyur. Bank bu pulun yüzdə onunu, yəni bir dolları mərkəz bankında saxlayır. Qalan 9 dolları deyək ki, A vətəndaşına kredit olaraq verir. A vətəndaşı bu pulla ev alır. Bunun nəticəsində bankla 9 dollarlıq müqavilə bağlayır. Bu müqavilə əsasında bank borc ödənilmədiyi təqdirdə evi əlindən ala bilər. 

Evi satan kişi aldığı 9 dolları bankda saxlayır. Bank əlinə keçən 9 dolların bir dollarını yenə mərkəz bankında saxlayaraq, qalan 8 dolları B vətəndaşına kredit olaraq verir. B vətəndaşı bu 8 dollarla maşın alır. Yenə bankla müqavilə bağlanır və borc tam ödənilənə kimi maşın bankın sərəncamında qalır. 

Maşını satan şəxs 8 dollar pulu banka qoyur. Bank yenə 8 dolların bir dollarını mərkəz bankında saxlayır. Qalan 7 dolları bank C vətəndaşına kreditə verir. C vətəndaşı bu 7 dollarla torpaq alır. Bankla müqavilə imzalanır. 7 dollarlıq borc sənədi yaranır. Torpaq satan şəxs əlindəki 7 dolları bankda saxlayır. Yenə 7 dollardan bir dollar mərkəzi banka qoyulur. Və mexanizm bu şəkildə dövr edir. Bank sektorunun qapalı sistem olduğunu, yəni A bankında alınan kreditin B bankına, B bankından alınan kreditin A bankına köçürüldüyünü unutmayaq. Burada bir adamın banka 10 dollar pul qoymasından sonra bank üç   addımda 24 dollar yaradır və qarşılığında üç şəxsi borclandırır. Bu sistemlə banklar havadan pul qazanaraq, əlində olan pulu on qatına və daha çoxuna çevirə bilirlər. Hələ faizləri demirəm. 

Banklar böyükdülər və səliqəlidirlər- Sizin sayənizdə. Bank işçiləri kifayət qədər yüksək maaş alırlar-Sizin sayənizdə. Banklarda hər kəs sizə gülümsəyir. Axı insan öz "qurban"ına gülümsəməlidir...

Pul da xoşbəxtlik kimidir: asan qazanılmır, amma asan itirilir. Pul mövzusu təzə söhbət deyil. Qədimlərdə Babilin ən varlı adamı Arkad pulu necə qazanmaq və onunla davranmağın üç qızıl qaydasını bilirdi. Birinci, büdcə yaratmaq, ikinci, o büdcəni qoruyub saxlamaq və üçüncü, o büdcəni gəlirə çevirmək. Siz maaşınızı yeni almısız və təsadüfən pul qabınızı itirirsiz. Heç kimdən borc almadan gələn aya kimi necə yaşayacaqsınız? Çoxunuz yaşaya bilməyəcəksiniz. Çünki həyat qarşısında özünüzü sığortalamamısız. Hər ay maaşınızın 10 faizini arxaya atmamısız. Nə xəsis olun, nə bədxərc. Uğura gedən orta yol bu sözdür: QƏNAƏT. Boş yerə qənaətə ekonomiya demirlər. Çünki iqtisadiyyat qənaətlə yaranır. 

Həyatın qəddar üzünü bir dəfə görmək yetər ki, siz pulun nələrə qadir olduğunu biləsiniz. Belə bir yəhudi atalar sözü var: pul allahdan yuxarı deyil, amma aşağı da deyil. Təbiətdə hər şey qəddardı. İnsan cəmiyyətində isə bütün qəddarlıqlar mədənidir. Heyvanlar cəmiyyətində hər şey üzdədir: ya öləcəksən, ya yaşayacaqsan. İnsanlar cəmiyyətində isə sistem fərqlidir: nə öləcəksən, nə yaşayacaqsan. Daim borclu ol, daim işlə və xahiş edirik icazəsiz ölmə. Həyat və Ölüm nədir ki? Üst və alt dodaqların  bir birinə toxunması deyilmi?..

Pul qazanmaq üçün biznes qurursansa, sən batacaqsan. Əsl biznes biznes üçün ediləndir. Bu sözlərim sizə inandırıcı gəlməyə bilər. Çünki siz biznes adı altında bazar alverçiləri ilə ünsiyyətdə olmusuz. Əsl biznes itiriləcək çox şeyin olmasıdır. Bu, azadlıq deyil. Azadlığın tərifi belədir: itiriləcək bir şeyin yoxdusa, azadsan. Pul məsələsində bu tərif işləmir. İtiriləcək çox şeyin varsa, çox qazanacaqsan. Buna görə milyonçuların çoxu varlı ailələrdən çıxır. Əlbəttə ki, istisnalar var.

“Əsl biznes itiriləcək çox şeyin olmasıdır”. Bu cümləni anlamaq üçün özünüzü birjada təsəvvür edin. Birja- qiymətli kağızlar bazarıdır. Burda alış və satış onlayn gedir. Qiymətlər düşür və qalxır. Birjada qiymətlər düşməyə başlayanda sizin itiriləcək çoxlu pulunuz yoxdursa, bankrot olacaqsız, çünki pulunuz o qədər azdı ki, qiymətin düşməsinə tab gətirməyib uduzdunuz. Bankrot! Qiymət indeksi ən dibə kimi enə bilər, əgər sizin sərvətiniz buna dözüb sağ çıxdısa, qiymətlər birdən ən dibdən pik nöqtəyə qalxacaq  və sizin sərvətiniz də əvvəlkindən çox olacaq. Əsas tab gətirməkdir. Birja fəlsəfəsini həyata da tətbiq etmək olar: ən dibi görməsəniz, yüksəyə qalxa bilməzsiz. Yəhudilər həm mənəvi, həm maddi cəhətdən həyatın dibini görüblər deyə bu qədər yüksəkdədirlər. 

Pul mövzusunda varlı və kasıba gəldikdə deyim ki, kasıbın nəzakətini yox, varlının nəzakətini sevirəm. Kasıb olanda hər kəs nəzakətli ola bilər, əsas varlı olanda nəzakətli ola bilməkdir. Kasıb doğulmaq sənin taleyindir, lakin kasıb ölmək sənin taleyin deyil. (Düşüncəsiz və axmaq olmağı kasıba bağışlamaq olar, varlıya yox.)

Pulu kişi pul üçün qazanmır, qadın üçün qazanır. Deməli, qadınlardan danışmağın vaxtı çatıb. 

 

II

Kişi pulla rəftarı öyrənəndən sonra qadınla rəftarı öyrənməlidir. Sanki indi ispan restoranında qadınla üzbəüzəm. Ona baxıram, o da mənə baxır. Yaxşı yerdə işləyirəm, səliqəli və fiziki cəhətdən güclüyəm. Qarşımdakı qadın düşünür ki, nəsil artırmaq üçün ideal namizədəm. Məni yola gətirmək üçün üzümə gülümsəyir. Mən bilmirəm onunla nə danışım. Özümü onunla xoşbəxt hiss edirəm, amma bu məntiqli bir şey deyil. O mənim arzuladığım qadın deyil, bəs onu mən hardan tapım? 

Qadınları tanımaq üçün bir qadınla yaşadığın acı təcrübə kifayət edir. Qadına münasibətdə üç kişi var: aşağı tip, orta tip və yüksək tip. Underman, middleman, superman. 

Underman tipli kişilər qadınları sevmir, qadın düşkünüdürlər və qadınlar haqda xüsusi bir düşüncə sahib deyillər. Bu tip kişilər qadınları sınaqdan keçirdib onunla evlənirlər. Xüsusi dərrakə sahibi deyillər və instinktlərlə hərəkət edirlər. 

Middleman tipli kişilər qadınları sevə bilənlərdi. Qadınlar onları sevməsə də, bu tip kişilər onları yenə sevərlər. Qadın düşkünü deyillər. Qadınlar üçün ideal sevgilidən çox, ideal dost ola biləcək adamlardı. Səmimi və duyğuludurlar. Qadınlara qadın baxış bucağından baxanlardır. 

Superman tipli kişilər isə qadınları həm sevirlər, həm nifrət edirlər. Onlardakı xarakter mədənilik və kobudluğun qarışığıdır. Qadına qarşı dürüstdülər. Duyğuya yox, düşüncəyə önəm verirlər. Ağılları instinktləri üzərində ağalıq edir. Qadınlarla münasibət qura bilən yaxşı, lakin uğursuz partnyordular. Demək olar, heç vaxt evlənmirlər.  Qadınlar haqqında xüsusi düşüncələrə sahibdilər. 

Hər kişi bu üç mərhələdən keçir. Sadəcə bəzi kişilər ən aşağıda qalır.Birincilər, çoxluq təşkil edir. İkincilərə gülürlər. Üçüncüləri başa düşmürlər. 

İkimiz masada pəncərə tərəfdə əyləşmişik. Yemək yeyib arada söhbət edib baxışırıq. Arada ona baxmaqdan vaxt tapıb küçədə dekabr soyuğunda tələsik evlərinə gedən insanlara baxıram. Hava bozdur, bu məni kədərləndirir. Kədərlənirəmsə, düşünməyə başlayı- ram. Mənim bu qızla nə işim var? Münasibətimiz normaldır. Bax, problem də bundadır: nə pisdir, nə yaxşıdır, məhz normal.   Kişi özündən yaşca kiçik qızlarla görüşürsə, deməli, qocalır. Nəsə ağırlıq var içimdə. Əxlaq adında ağırlıq. Kişi əxlaqlı qadına can atırsa,(onun yetişməmiş döşləri, bakirə bədəni və məsumluğu) demək, daxilən əxlaqsız adamdır. Ancaq əxlaqsız adamlar əxlaqlı şeylərə can atırlar. Necə ki, gepart antilopa can atdığı kimi. Çünki gepart ət yeyən heyvan olduğundan bitkiyə olan tələbatı antilopu yeməklə ödəyir. Buna baxmayaraq,  yaşca böyük qadınlar kişiləri cəzb edir. Kişi özündən böyük qadınla özünü daha da kişi hiss edir. 

Qarşımdakı xanım üzümün ifadəsinin dəyişdiyini dedi. Birdən xəyallardan ayrıldım. Nəsə ürəyim sıxıldı. Bu görüş necə darıxdırıcı gəldi. Mən nə edirəm? Axı bu qadınla danışacaq ortaq bir şeyim yoxdur. Necə də primitivdir. Bir az da ona baxsam iyrənəcəm. Hətta bir az da dözsəm əsəbləşib üzünə şillə vuracam ki, belə primitiv və darıxdırıcı olma, axmağa oxşayırsan! Bir qadının üzünə tüpürmək olmaz, amma indi içimi çəkib üzünə tüpürmək istəyirəm. Sanki onun simasında cəmiyyətin maymaqlığını gördüm. 

Nəysə, əsəblərimi cilovlayıb onun üzünə gülümsəyirəm. Hər şeyin yaxşı olduğunu deyirəm. O, məni başa düşmür. Bəzən biz də nə etdiyimizi bilmirik. Qadına dəhşətli dərəcədə can atırıq, deyirik, bax budur istədiyim. Sonra qadını tanıdıqca primitivləşir gözündə, göylərdən paraşütsüz yerə çırpılırsan. Həmcinslərimə məsləhətim: qadınla görüşəndə paraşüt geyinin. 

Bəzən qadından qopmaq, ayrılmaq istəyirsən edə bilmirsən. Nəticəsini düşünüb( ağlayacaq, depressiyaya düşəcək, ya da intihara cəhd) vaz keçirsən. “Məni tərk etsən, özümü öldürəcəm”. Tərk etdim, öldürmədi (ya da intihar etdi, amma sağ qaldı). Qadın isterikası. Qadınla ünsiyyətdə olanda siz də mənim kimi hiss etmisiz adamın necə enerjisini və vaxtını alırlar? İnanın, bu yataqda da belədir. Seksdə qadın güclənir, kişi zəifləyir. Da Vincinin seksual həyatı haqqında çox məlumatımız yoxdur, amma deyilənə görə, qadınlara və seksə meyili olmayıb. Məhz buna görə o dahidir. Freud haqlı idi: biz həyat və yaradıcılıq enerjimizi seksuallığımızdan alırıq. Libidonu düzgün istiqamətə yönəltsək, Da Vinci olmaq çətin deyil. 

Qadınla münasibətdə taktikalar: 

- Mükəmməl olma, özün ol. Özün nəsən day onu bilmirəm.

- Bütün qadınlarla yata bilməzsən, bütün qadınlar da səni sevə bilməz. Reallaşacaq istəklərin ardınca qaç ki, məyusluq ve vaxt itkisi olmasın.

- İntellektual əxlaqsız ol. Qadınlar nəticə etibarilə ilə sapioseksualdılar. İntellekt ve erotizm yaxşı kokteyldir.

- Qarşılığında sənə nəsə (öpüş, xoş sözlər, şokolad) verməyən qadına vaxt sərf etmə. Çünki sevgi təkcə almaq deyil, həm də verməkdir.

- Hamı kimi olma. Fərqlən. Zəli kimi yapışma. Qadın istəsə sənə tərəf gələcək. 

- Saçını həmişə yuxarı qaldır(əgər saçın varsa)- bu üsyankarlıq əlamətidir. 

- Qadın uzun cümlələr yazırsa, deməli, şansın var. 

- Əlçatmaz və qaranlıq ol. Amma özünü dartma ve qara xasiyyətli olma.

- Heç bir qadına pis baxma. Çünki qadınla münasibətdə hər şey yaxşıdır. 

- Qadına inanmasan da olar, əsas sev.

- Qadının həyatında ilk kişi olmağa çalışma, əsas və yaddaqalan insan ol. Bu daha hörmətəlayiqdir. 

Yeməyimizi yeyib restorandan çıxırıq. Yol gedə-gedə söhbət edirik. Taksi sifariş verirəm. Onunla yanaşı addımlayanda düşünürəm ki, ona inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, o məni özümə görə sevir. İçimdə sıxıntı var ki, bu qızla da çox getməyəcəm. Bəlkə də ən yaxşısı budur. Tək olmaq və arada kimisə qonaq kimi qəbul etmək. Qadın kişinin fikrini yayındırır. Kişi qadınsız olanda konsantrasiya edə bilir. 

Taksi gəldi. Taksiyə əyləşdik. O sol qolumu qucaqlayıb mənə sığındı. Mən onun mənə məsum və sevgi dolu baxan gözlərinə baxdım, sakitcə gülümsədim və pəncərədən tez-tez itən adamlara baxdım. Heydər Əliyevlə bağlı bir əhvalat yadıma düşdü. Bunu mənə xüsusi təyinatda xidmət edən bir oğlan danışmışdı, ona da başqası. Real hadisədir. Bir dəfə Heydər Əliyev şəhərdənkənar bağ evindədir. Həmişə gəzməyi, ağaclara, güllər baxmağı, budaqlardakı meyvələri əlində oynatmağı sevərmiş. Bir dəfə evi mühafizə edən 20 yaşlı cavan oğlana yaxınlaşır. Əlbəttə, deməyə ehtiyac yoxdur ki, prezidentin evini mühafizə edənləri xüsusi araşdırıb seçirlər. Prezidentin ona  yaxınlaşdığını görən oğlan həyəcanlanır. Aralarında bir metr məsafə var. Oğlan düşünür ki, mənim qarşımda prezident Heydər Əliyevdir. KQB generalı, çoxlarının öldürmək istədiyi, amma öldürə bilmədiyi adam. Bu adam qarşımdadır, belimdə də silah var. Mən onu öldürsəm tarixə düşərəm.Bir anlıq belə fikirlər keçir ağlından. Prezident ona diqqətlə baxıb soruşur:

-Necəsən, cavan oğlan?

-Yaxşıyam, cənab prezident.

-İşindən razısanmı?

-Bəli, razıyam.

-Onda rəisinə deyərsən ki, sənin maaşını artırsınlar. 

-Oldu, cənab prezident, çox sağolun. 

Bir müddət keçir, bir gün yenə Heydər Əliyev mühafizəyə təzə təyin olunmuş həmin oğlana yaxınlaşıb soruşur:

-Demişdim, maaşını artırsınlar, artırdılarmı?

-Bəli, cənab prezident, artırdılar. Çox sağolun.

-Buna görə də başını aşağını sal işlə, bir də elə axmaq şeylər fikirləşmə. 

Bu sözlərdən sonra oğlanın qorxudan ürəyi gedir, işəyib altını batırır. Güclə sürüyüb xəstəxanaya aparırlar. Oğlan sağ qaldı. Deyilənə görə, indi qocalıb, yenə də həmin mühafizə işindədir etibarlı adam kimi. 

Yəni demək istədiyim budur ki, Heydər Əliyevin həyatında qadın yox idi. Tam nəzarət özündə idi. Vaxtını qadına sərf etmirdi. Həyatında qadın olmaması, keçmişin KQB təcrübəsi və siyasi fəalliyyəti ilə o özünə və başqalarına tam nəzarət edə bilirdi. Heydər Əliyev bilirdi ki, qadın kişinin zəif yeridir. Qadın kişini zəif göstərir. Bir kişinin yanına qadın qoy zəif görünəcək. Yanında kişi partnyoru olmayan qadın necə də tənha və zəifdir. Bu tənha və zəif  qadını kişinin yanına qoy kişini də zəiflədir. Kişi tək olanda güclüdür. Bu dəqiqə yanımda qadınla mən gücsüzəm, çünki zəif yerimi yanımda gəzdirirəm. 

Aha, çatdıq. Taksidən düşüb onu evinə kimi aparıram. Bu gün onun ad günüdür. Ən xoşbəxt günü. Mən yenə susqun və kədərliyəm. Düşüncələr məndən əl çəkmir. Qadınlar bizdən nə istəyirlər axı? Bir dəfə yolum “Dalğa”plazada yerləşən “İnnova” şirkətinə düşdü. Resepşndakı gənc xanım sənədləri hazırlayırdı, mən isə gözləyirdim. Masada balaca qız şəkili diqqətimi çəkdi. 

-Qızınızdı?-soruşdum.

-Hə… Allah sizə də qismət eləsin.-dedi və güldüm.

-Nədir?-maraqlandı.

-Heç. Bir az qəribə gəldi mənə. Uşaqlar eqoist olurlar. Vaxtımı onlara sərf etmək istəmirəm. 

Sonra ailədən, evliliyin əleyhinə olmağımdan, uşaqlardan, cəmiyyətdən qısaca danışdıq. O düşünürdü ki, evləniriksə, uşağımız olmalıdır. Cəmiyyətin qaydaları var. Nəsə fikirlərimiz toqquşurdu. Mən deyirdim ki, bu cəmiyyətdə yaşadığı üçün belə düşünür. Dedi ki, qadın birinci növbədə onu qoruyacaq adam istəyir. Uşağı ona görə dünyaya gətirir. Evliliklə özünü sığortalayır.

-Bu dediklərinizdə məhəbbət hanı?

-Yoxdur. Şəxsən mənim üçün-dedi.

-Amma ən çox məhəbbətdən qadınlar danışır?

-Kimdə nə yoxdusa, ən çox ondan danışır.

-Deməli qadınlar bizi aldadır?

-Bəli, Mahir bəy, bəli.

Yolun sonuna çatdıq. Həqiqi mənada. O gülümsəyir, amma üzümdəki qəribəliyi görür. Ona qəfildən “hər şey bitdi”  dedim. Başa düşmədi. Qəribə oldu. Sonra üzü təəccübdən dondu. Gözləri mənə diqqətlə baxdı. Sonra ağlamamaq üçün gözlərini məndən qaçırdıb ora-bura baxdı. Nə qədər özünü sıxsa da, göz yaşını kirpiklərin altında gizlədə bilmədi. Gözləri mənə “niyə axı, niyə” sualını verirdi. Mən onu daha artıq belə görmək istəmirdim. Cavab verməyib tez uzaqlaşdım. Düşünürdüm ki, ondan uzaqlaşdıqca ağrım azalacaq. Hiss edirəm ki, yox. Ondan uzaqlaşdıqca daha da ağrıyıram. Başımı gedə-gedə yana çevirib baxdım ki, gedib ya ordadır. Siluetini gördüm, tərpənmədən mənə baxırdı. Qaçmaq istəyirdim, qaça bilmirdim. Addımları tezləşdirib qarşıma çıxan ilk tindən dönüb binaların arasında yoxa çıxdım. Onun kimi…

 

III

Sizin cəmiyyətin əsas problemi budur: pulu olan adamın intellekti yoxdur, intellekti olan adamın pulu. Deməli, sizin işiniz ikiqat çətindir, ikisini də özünüzdə birləşdirməlisiz. Məsələn, eşşəyin müqəddəs olduğunu cəmiyyətə necə qəbul etdirə bilərsiz? Yalnız çoxalıb təşkilatlanmaq və maddiyyatla. Bunu necə edəcəksiz? İzah: Siz təksiz və pulunuz yoxdur, hələ üstəlik eşşəyin müqəddəs olduğunu deyirsiz. Hamı sizə gülür. Deyirsiz, eşşək kəndlərdə təsərrüfat üçün önəmli heyvandır. Eşşək olmasa postlarda əsgərlər odunsuz və susuz qalardı və s. ilaxır. Heç kim inanmır. Çünki bunu tək siz deyirsiz və kasıbsız. Amma siz geri çəkilmirsiz. İnandkarsız. Ətrafınıza sizin kimi düşünən adamları yığırsız. Artıq tək deyilsiz. Sənin kimi düşünən dostların çoxalıb. Müdafiəniz zəif olsa da, var. Qərara gəlirsiz ki, facebook və instagramda qrup və səhifə yaradıb eşşəyin müqəddəs olduğunu geniş kütlələrə çatdırasınız. Yenə də gülürlər sizə, amma əvvəlki kimi çox da qarşı çıxmırlar. Siz işi ciddiləşdirirsiz. Reklam və tədbirlər keçirirsiz. İctimaiyyətin diqqətini özünüzə çəkirsiz. İmkanı olan üzvlərinizdən maddi gəlir qazanırsız. Saytlarda yeni fenomen kimi adınız çəkilir. “Eşşəkçilər”i ölkədə hamı tanımağa başlayır. Deviziniz “ eşşək müqəddəsdir, bəs sizdə müqəddəs nədir?”. İnsanlar sizin haqqınızda müxtəlif şeylər danışırlar: “ölkənin o qədər problemi var, bunlar eşşəkdən danışırlar”, “ bunlar doğrudan da eşşəkdilər”, “ölkədəki sosial və siyasi məsələlərdən insanların diqqətini yayındırmaq üçün düşünülmüş ssenaridir”, “eşşək müqəddəs heyvan olmasa da, özlüyündə hörmətli heyvandır”, “hər kəsin müqəddəs dəyərləri var, hörmət etmək lazımdır”, “eşşək də heyvandır, onun da hüquqları var və qorumaq lazımdır” və s. Belə-belə sizə az-çox qarşı çıxanlar olsa da, tərəfdarlarınız da var. İctimai fiqurlardan birinə çevrilmisiz. Sizin eşşəklər hərəkatı ilə maraqlanırlar və televiziya verilişlərinə çağırırlar. Siz öz youtube kanalından öz fəaliyyətinizi daha da genişləndirdiyinizi danışırsız və abunəçilərin sayının 70.000 -ni keçdiyini deyirsiz. Uğurlarınız çoxalır. Sizə açıq-aşkar gülənlər artıq gizlində gülürlər. Artıq sizi heç kim rəylərdə söymür. Eşşəyin müqəddəs olduğuna dair əsaslandırılmış fikirlərinizi sosial şəbəkə və kitab formatında yayırsız. Beləliklə, cəmiyyət geri çəkildi. Tək idiniz deyə əzmək istəyirdi sizi. Amma siz necə mübarizə aparacağınızı bildiyiniz üçün cəmiyyəti geri itələdiniz və sağ qaldınız. Yalnız çoxalıb təşkilatlanmaq və maddi güc əldə etməklə qalib gələ bilərsiz-bunu unutmayın. 

Bu dediklərim yoxlanılmış qədim mübarizə üsuludur. Masonların ataları hesab edilən tampliyerlər (məbəd cəngavərləri) də eyni ilə eşşəkçilər kimi ediblər. Çox kasıb dindar döyüşçülər olan  Tampliyerlər Qüds xaçlılar tərəfindən işğal olunanda yeraltı qazıntıdan nəsə tapırlar.  Sehirli, ya da qədim və müqəddəs bir şey deyil,  insanların əsrlərlə gizlətdiyi bilgiyə sahib olurlar. Bu bilgi onların həyatlarını dəyişir. 9 ildən sonra onlar bir atın üzərində iki döyüşçünün oturması qəpik təsvirdən Papanı öz tərəflərinə çəkən siyasi, hərbi və iqtisadi gücə çevrildilər. Onlar heç kimin o dövr üçün bilmədiyi pulla bağlı sirri bilirdilər. 

Hamının bildiyi, amma demək olar heç kimin etmədiyi bir fraza var: “Dünyanı dəyişmək istəyirsənsə, birinci özündən başla”. Ölkəni dəyişmək üçün siyasi gücü, cəmiyyəti dəyişmək üçün medianı ələ keçirməlisən. Masonların əvvəllər özlərini gizlətməyi, indi isə özlərini göstərmələrinin səbəbi budur ki, əvvəl yox, amma indi güc olanlardadır. Masonlar elm və yenilik tərəfdarı idi, din də bunu ən çox sıxışdıran. Masonlar anladı ki, sağ qalmaq üçün gizlincə təşkilatlanıb və maddi güc əldə etməlidirlər. Ona görə siyasiləşdilər. Onlar elm(intellekt) və gücü( pulu) birləşdirdilər. Da Vinci və Motsart kimi intellektual yaradıcı adamlarla, səyyah kimi Hindisitana göndərmək adıyla Amerikanı kəşf edən Kolumbla onlar intellekt və pul gücü əldə etməyə çalışırdılar. Onlar dünyanı şüurlu şəkildə yaxşı bir yerə çevirməyə çalışdılar. 

Üçbucağın fəlsəfəsi belədir: üçbucağı ilk dəfə Pifaqor Misirdən Yunanıstana gətirdi. Ondan sonra  Platon Misir səyahətindən qayıdandan sonra məktəb yaratdı və girişə “xoş gəlmişsiniz” əvəzinə “ geometriyanı bilməyən içəri girə bilməz” yazdırdı. Beləliklə, üçbucaq həndəsəyə daxil oldu. 180 dərəcə dəyişdim deyərkən biz, özümüzdəki tam dəyişikliyi nəzərdə tuturuq. 60 dərəcə pul, 60 dərəcə qadın və 60 dərəcə intellekt. Kişi üçbucaqdır. İntellekti üçbucağın təpə nöqtəsində olmalıdır. Amma bugünkü vəziyyəti başı aşağı üçbucaqdır. Pul və qadın onun üçün yuxarıda dayanır. Onun başını yuxarı qaldırmaq lazımdır. Başı aşağı üçbucaq qadınlığın simvoludur, qadının cinsi orqanın formasını və intellektinin aşağı olduğunu göstərir. Kişinin simvolu başı yuxarı üçbucaqdır. 

İlk masonlar (bənnalar) memarlıqda üçbucaqdan istifadə edirdilər. Çünki bilirdilər ki, istənilən materialı üçbucaq formasında düzəltsələr, ən möhkəm fiqur olur. Fikir verin, Misir piramidalarına. Piramidanın hər tərəfi üçbucaq formasındadır və bu günə kimi qalıb. Bundan əlavə Bakının metropoliten xəttlərində üç stansiyaya(içərişəhər, koroğlu və avtovağzal) baxın. Üçbucaq formasında piramidadırlar. Sxemdə onların yerləşdikləri yerləri bir düz xəttlə birləşdirin üçbucaq şəkili görünəcək. 

Təkcə bunlar deyil. Təbiətin özü də üçbucağa sadiqdir. Misal: ortada Gepart (A nöqtəsi), sağında bir az yuxarıda antilop sürüsü (D nötqəsi), solunda düz yanında Antilop (B nöqtəsi). Gepart bilir ki, antilopun dalınca qaçsa tuta bilməyəcək. Eyni zamanda onu da bilir ki, antilop təkdir, ona hücum etsə sürüyə doğru qaçacaq. Antilop da anlayır ki, sağ qalmağı üçün sürüyə getməlidir. Amma sürü geparta yaxındır, onun yanında keçsə,  gepart onu tutub yeyəcək. Buna görə sürüyə doğru qaçmaq üçün yolu uzadacaq. Gepart bu an hücum edir və antilop dərhal seçim edir. Dikinə qaçaraq A nöqtəsi ilə üzbəüzdən(C nöqtəsi) sağa dönüb sürüyə doğru gedəcək. Başqa çarəsi yoxdur. Gepart da bunu bilir. Və gepart nə etsə yaxşıdır? Gülümsədiyinizi görürəm: bəli, A nöqtəsindən C nöqtəsinə sürətlə qaçır və onu kəsə yolla tutur. A, B, C nöqtələrinin birləşməsi. ÜÇBUCAQ.

Masonlar sizin bilməniz lazım olan informasiyani sizə verirlər. Çünki siz nəsə bildiyinizi düşünəcəksiz və özünüzü ağıllı hesab edəcəksiniz. Bilən adam yeni heç nə öyrənmir. Axı o özünü bilən hesab edir. Priyom budur-primitiv məlumatlar vermək və insanların hər şeyi bilmələri təəssüratını yaratmaq. 

Motsartın mason olduğunu bilirik. Hətta masonik musiqiləri də var. Bu bizə nə verir? Heç nə. Siz Motsartın nə bildiyini bilmirsizsə, onun mason olmağını bilmək sizə heç nə qazandırmır. Həqiqəti hamı bilməməlidir. 

Fulkanelli adlı bir kimyagər vardı. Ölümsüzlüyü axtarırdı. Axırda gəldi masonların şifrəsini açdı. Əlbəttə, masonlar bildilər ki, onlardan olmayan biri onların sirrini açıb. Bir müddət sonra Fulkanelli yoxa çıxdı. Varlığı və yoxluğu bilinmədi. Bu hadisə arxasında çoxlu sual işarələrindən başqa heç nə qoymadı. 

Mark Tvenin bu aforizmini unutmaram: “Çoxluğun içində olduğunuzu hiss etdiyiniz an, dayanıb düşünməyin vaxtı çatıb demək”. Bu gün hamı eyni şeyləri edir, standart həyat qaydalarına tabe olur və özlərinin düz yolda olduğunu zənn edib haqq qazandırırlar. İnsanlar sizdən inciyir ki, onlar kimi deyilsiz, onlar kimi düşünmür və onlar kimi yaşamırsız. Siz mənə səhv deyəndə, bu mənim xətrimə dəymir. Çünki mən hansısa düşüncəni qəlibləşdirib müdafiə etmirəm. Düşüncələrim mən ölsəm belə, özlərini müdafiə edirlər. Dostum, dərin düşüncələrin müdafiəyə ehtiyacı yoxdur, onlar səni gizlicə bıçaqlayırlar. 

Nietzsche nə deyirdi? Görməyi öyrənməlisən, düşünməyi öyrənməlisən və danışmağı və yazmağı öyrənməlisənGörməyi öyrənmək-gözü sakitliyə, səbrə, özünə yaxınlaşılmasına icazə verməyə öyrəşdirməkdir. Görməyi öyrənən adam yavaş, şübhəli, qarşıçıxan olacaqdır. Düşünməyi öyrənmək rəqs etməyi öyrənmək kimidir. Hər formada rəqs etmək ayaqlarla, anlayışlarla, sözlərlə rəqs etməkdir. Yazmağı öyrənmək qələmlə rəqs etmək deyilmi? Heç vaxt inanma, az oxu və çox düşün.

Vaxt var idi, başqalarından çox bilmək və düşüncəli olmaq məni sevindirərdi. İndi isə yalnız kədərləndirir. Artıq başqalarının axmaqlığı səni sevindirmir. Əsl kədər üzdə olan deyil, içdə olandır. Artıq getmək vaxtıdır. Bu bir az kədərli səslənir. Rauf demişkən,

              "Gedim bir az ağlayım

               Elə-belə… astaca.

               Ürəyimi gizlədim

               Yastığımın altında”.

 

09.12.2019

 

 

 

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)