Vaqif Osmanov - "İlbizlər": Sürünən insanlar.
V.Q.Belinskiyə görə, bədii ədəbiyyatın digər incəsənət növlərindən üstünlüyü ondadır ki, o, azad insan sözləri ilə ifadə olunur, bu da həm səs, həm lövhə, həm də müəyyən, aydın ifadə olunmuş təsəvvürdür.
Azər Qismət hər cümləsindən qayğı, əzab, nigaranlıq yağan, Azərbaycanın şimal-qərbində “qara tale”yinə radiolokasiya stansiyası yazılmış bir kəndin “qırmızı tozlu-dumanlı” günlərindən məna və həcmcə nəhəng “İlbizlər” romanını yazıb. Əbu Turxanın təbirincə desək, Azər müəllimdə canlının da, cansızın da “dilini tapmaq” istedadı var. O, xanım taksinin də, çuğulun da, dumanın da, nəhayət ilbizlərin də xislətindən xəbərdardır.
Yazıçı bizi “respublikalar arasında iplər qırılandan sonra”kı - 200 evlik kəndin ab-havası, qayğıları və nakam arzuları qırmızı dumana bürünmüş 20 il əvvələ aparır. Camaat “keşməkeşli həyatlarını düşmənlərinə də arzulamırlar”. “Böyük qardaş”ımızın ucuz və ağrısız ölüm püskürən radiolokasiya stansiyası hər gün yeni bəlalar, löyün-löyün mərəzlər bəxş edir, kənd sakinlərini zülmə salır, onlarsa ümid edir ki, bir vaxt gələcək:
“Daha meşələrdəki qollu-budaqlı ağaclar qeyri-təbii qurumayacaq, yarpaqlar vaxtsız tökülüb xəzələ çevrilməyəcək, bar verəndən üç gün sonra cır meyvələr anlaşılmadan qoca adamın üzü kimi qırışıb-büzüşməyəcək, əkdiyi tütünlərdən lax yumurta iyi gəlməyəcək, lobya qınları qurumuş soxulcan rənginə çalmayacaq, adamların yanağı sarılıq xəstələri kimi saralmayacaq, su içməklə yatırılmayan boğaz quruluğu nəmlənməyəcək, göy üzündə ağ-qara yerinə hərdən qırmızı buludlar asılmayacaq: o buludlar ki, rəngbərəng karandaşlar kimi təbiətin yaratdığı rənglərə çalıb adamların başını gicəlləndirir, gözləri qamaşdırıb ağ bəbəkləri məzhəkə maskasına döndərirdi”.
Hamı susurdu, çünki qorxurdu: “Vətənin xarici siyasətinə xal düşər, onu üfüqdə batan günəşin gününə salardılar”.
İnsan faktorunun təbiətə zərbələri, ekoloji kataklizmlər, təkcə bu günün deyil, yüz illərin problemi olsa da, artıq əndazəni aşıb, ölüm mələyinə çevrilib canlar alır. Bu gün təbiətin ögeyləşib, qəddarlaşıb. Təbiət ömrümüzdən, sağlamlığımızdan kəsə-kəsə bizdən intiqam almaqdadır. Biz – nadanlar və nankorlar Bəxtiyar Vahabzadə yana-yana özünü və hər birimizi qınayırdı ki, anamız təbiətin sümüyünə dirənib iliyini sormaqdayıq. “Günümüzün insanı köklərindən qopmuş bir ağacdır, həm özünə yad olubdu, həm təbiətə” (Cəmil Məric). Daha “qırmızı tozun vahiməsindən kənd sakinləri bulaq suyunu hortahortla içə bilmir, üç dəfə suyu qaynadandan sonra çay dəmləyir, çörəklərin üstü yox, içi yeyilir, kişilər mağazadan qəpik-quruşa alıb hansı zəhrimardan düzəldiyi yazılmayan qırmızı çaxır içirlər, əl-ayaq dırnaqları mayasına kimi tutulur, ehtiyat üçün dillərini də sabunlayırlar”. Niyə?
“Həyatı meşə qanunları ilə idarə olunan” kəndin “Nostradamus”u tarix müəlliminin öncəgörmələri isə xalqı vahimələndirməkdədir: “Stansiya bağlanmasa, buludlar başımızın üstündən tərsinə asılacaq, yağışlar göydən aşağı yox, aşağıdan göyə yağacaq”. Hamı dünyanın axırının lap burnunun ucunda olduğuna daha şübhə etmirdi. Gözləyirdi ki, buzov, quzu, yumurtanın içindəki cücələr üç və ya beş ayaqlı doğulacaq, tayqulaq quzular daha incə səslə mələyəcək, dovşandodaq, birqulaqlı, altıbarmaqlı övladlar dünyaya gəlməyinə peşman olacaq. Klavdiya isə Həşimə “mötəbər” mənbədən – Həşimin intim şəriki rus zabitindən xəbər gətirmişdi ki, stansiya bağlanmayacaq, narahat olma.
Artıq “bu kənddə yağış nehrə yağı kimi qəhətə çəkilmişdi”. Sakinlərin yerdən xəbəri yoxuydu, gecə-gündüz göyə baxıb yaradana yalvarırdılar ki, nə olar bizə yağış göndər. Yadıma körpəlik və gənclik çağlarım düşdü. Kəndimizin sakinlərinin uşaqlı-böyüklü hamısı yayda əkin sahələrinin dodaqları susuzluqdan cadar-cadar olub Saxara səhrasının takırları kimi çatlayanda kəndi iki hissəyə bölən Qaraçayın sahilinə yığışıb “yağışyağdırma mərasimi” keçirərdi. Hamı bir-birinin üstünə vedrə-vedrə su atar, yaxud çaya itələləyib isladardı, bu inancla göylərdən yağış diləyərdilər. Mərasim nəğmələri dualara qarışardı. Buludlarsa kefi istəsəydi bir doyumsuz yay yağışı göndərərdi, ya göndərməzdi. “Kəndin havası tərəzi və əkizlər bürcündən olan adamlar kimi sabit qalmır”dı.
“Ayda yalnız bir gün “qırmızı toz dumanı” ilə nəinki insanların, həm də bütün fauna və floranın anasını ağlar qoyan, rəngini dəyişən vertalyotlar insanların sevgi hisslərinə də təcavüz edir, ölüvaylıq gətirirdi. Qorxurdular ki, həmin günün sevgisi onları robotlara bənzər, quyruqlu, ikibaşlı, üç və ya birayaqlı, böyüyəndə - ərgən vaxtında da qarğı atı yorğa çapan övladlarla “sevindirər”. Viktor Hüqonun “körpə qığıltısından təntənəli himn yoxdur” deyimini əzbər bilən gəlinlər o “himn”i eşitmək arzusu ilə alışıb-yanan, arzuları külə dönən gündən “həkimlərə yalvarıcı baxışları” da faydasız olduğunu anlayanda analıq duyğusu öləziyirdi. Bu dözülməz faciəni “Allah dünyanı yaradanda gözündən yayınıb ovcundan balıq kimi sürüşüb” kəlləmayallaq yerə düşən kəndin qız- gəlinləri hələ çox yaşayacaqdılar.
“İtlərin arasına düşmüşəm” nifrətiylə kəndi viranəyə döndərənlərdən biri - sarı saçlı rus hərbçisi isə kəndlilərin başının altına radiasiyalı toyuqların tükündən pərqu balış qoymaqdaydı:
“Müdafiə kompleksi atalarınızın, analarınızın, uşaqlarınızın, kəndinizin, ölkənizin təhlükəsizliyi üçündür. Elə bir coğrafi məkanda yerləşirsiniz ki, yüz kilometrlərdən atılan raketlərlə bir saniyədə əzəli vətəniniz, əsrlər boyu mehribanlıq şəraitində yaşayan çoxmillətli xalqlarınız, bələkdəki körpələriniz, xəstə analarınız, vüqarlı dağlarınız, durnagözlü bulaqlarınız, gənc ailə başçılarınız, tarixi abidələriniz, palçıq vulkanlarınız, “Qırmızı kitab”a düşən bitkiləriniz, heyvanlarınız, min bir əziyyətlə toxunan xalçalarınız, söz sənətiniz, görkəmli ustadlarınız, ucsuz-bucaqsız taxıl zəmiləriniz kül olar”.
240 hektarlıq, 9 rayonun yaxınlığında inşa edilən stansiyanın tikintisinə vaxtında etiraz etmədiklərinə görə “heyifsilənənlər” bilmirdilər ki: “sümüklərini yandırıcı silahlarla toza döndərib Kür çayına səpər, üstündən boğuq səsli şeypurla imperiyanın himnini səsləndirər, “Vətənin müdafiəsində qəhrəmanlıqla həlak oldular”, deyə ailələrinə içinə ağac kötüyü qoyulmuş tabutlar göndərərdilər”. Bunu Əfqanıstanda, Azərbaycanda, Qazaxıstanda, Gürcüstanda, Pribaltikada, Moldovada, Qarabağda, Ukraynada, 30-32 ildən sonra yenidən Qazaxıstanda görəndə azğın, qana susayan düşmənin xislətinin dəyişməyəcəyinə əmin olduq. Ancaq bilməliyik ki, mütilik, cəsarətsizlik, haqsızlığın qarşısında boyun əymək daha böyük müsibətlərə səbəb olur. Unutmayaq ki, “azadlığa o adamlar layiqdirlər ki, hər gün bunun uğrunda mübarizə aparırlar” (Höte). Nə qədər ki, “biz balaca ölkəyik, bizi tapdayarlar” qorxusu xroniki azar olub düşüncəmizdə xərçəng kimi kök atmaqdadır, azadlıq bizim tərəfə üzünü çevirməyəcək.
“Ölkə kanalndakı xəbərlərdə müstəqillik anlayışı ibtidai təhsil formasında tədris edildiyi” vaxtlardakı ab-havanı tam gerçəkliyi ilə təsvir edib bu acı rüzgarı onu görməyənlərin təsəvvüründə bütün çılpaqlığı ilə canlandıran əsərlər təəssüf ki, çox deyil. Vurğuladığım ədəbi və siyasi boşluğu dolduracaq əsərlər, analitik şərhlər, təhlillər keçən illərimizlə bizi və gələcək nəsilləri agah etmək, tarixə obyektiv ekskurs üçün ən yaxşı bələdçimiz olardı. Həqiqəti yazmağa qorxan qələm sahiblərinin özü və sözü qırx gün də yaşamır. Azər Qismətin özü və sözü ən azı 4-5 əsr yaşayacağına əminəm. Çünki cəsarətlidir, qəlbi dolu, təxəyyülü zəngin, qələmi itidir, mövzuya yanaşması özünəməxsusdur, tarixə müraciətin məsuliyyətini dərindən anlayır. Bilir ki, o dövrləri görənlərdən, olaylara qiymət verənlərdən hələ yaşayanlar var, yanlışlığa, yalana yer yoxdur. Axı 30-40 il tarixin bir göz qırpımıdır.
“Ölkənin deşilmiş qayıq kimi dənizin ortasında ləngərlənməsi” bir dağ kəndinin timsalında ruh düşgünlüyünə səbəb olmuşdu: “biz belə gözləmirdik”. Yeni dünya düzəninin belə düzənsizliyini hələ də eyforiyada yaşayanların anlamaları üçün zamana ehtiyac var. Azər müəllimin fikrinə qol-qanad verib desək, siyasətsiz siyasətin bir adı var: “öz hayınıza qalın”. Vaxtilə gördüklərinizi unudun, yeni dünya düzənlənir”. Bu tezliklə təsdiqləndi.
Bu kəndin problemləri də roman kimi nəhəngir, sakinləri bir çıxılmaz labirintin dolaylarında başlarını itiriblər. Tanrı bu kəndin varlığından xəbərsizdi. Qoca Şərq məmləkətinin “hökumətin qocalara verdiyi təqaüddən cavanlar da yeyib günlərini yola verən” kəndində insanlar “yalanla nəfəs almaq” məcburiyyətindədir. Onlar yalan danışmayanlara birtəhər baxırlar. Satılan Sabirabad qarpızı da, Gədəbəy kartofu da, Cərcou yemişi də “münbit” humuslu yalanlarla yetişib “dadlanıb”. Bu nemətlərin Sabirabadın qızmar istisindən, ilıq lilavar suyundan, Gədəbəyin torpaqlarından, Cərcou qumsallıqlarından xəbəri yoxdu, nə olsun ki, satanlar ağzı köpüklənə-köpüklənə, boğazı cırıla-cırıla bağırırlar. “Bakı” mehmanxanasındakı pozğun qadınlar şəhər cibgirlərinə do gələrək, kəndə pul gəlməsinə” səriştəli təbəssümləri və ağmaya əndamları ilə sədd çəkirlər. Şəhərə alverə gedən kənd kişilərinin “cibgir”ləri həqiqi cibgirlərdən daha amansızdır, yanıq məşuqlarının ciblərini tərtəmiz süpürürlər.
Dağların qoynuna sığınsa da saf dağ havasına həsrət qalan bu qədim yaşayış məskəninin “adı əlifba sırası ilə sonda olduğundan” növbə ilə keçirilən “yunqırxma bayramı” payıza düşürdü. Tanrının yadından çıxan kənd məmurların yadına ancaq belə “bayram”larda düşürdü. Məzlum camaat Tanrıdan nəsə ummağı da unutmuşdu. Qoyunlarsa döyüküb baxırdılar: “Payızın oğlan, ilin-günün xəzan çağında, görəsən, bu nə həngamədir”?
“Evlər arasında hasar tikilməyən” kənd sakinlərinin bir təlaşı da artmışdı: “qonşu kəndlərdəki oğurluqların kəndə gəlməsi”.
“Öz müstəqilliyini itirmək qorxusu ilə böyük dövlətə icarəyə verilən” stansiyanın yerləşdiyi kəndin qadınlarının “nəyisə əkib-becərməyi hərbi müdafiə kompleksinin qırmızı dumanına görə alınmır”. Ona görə də kasıb-kusublar “qarışqaların qışa hazırlığına həsəd aparırlar”. Kəndin kişiləri isə öz kefindədir – biri mal təzəyini satıb cibinə qoyur, bir başqası isə “balla qozu qarışdırıb yeyərək, həyatının 16 saatını stansiyanın dəhliz və bunkerlərində keçirən rus zabitinin “ayaqqabısının dabanı sındığından yanpörtü yeriyən”, əndamlı arvadı Klavdiya ilə şərikli yatağında ağnayır. Klavdiya hər gün Həşimin qulağını “aforizm”lərlə doldurur: “Əgər səni nə vaxtsa quduz it dişləyibsə, qəm eləmə, nə vaxtsa xeyirxah it də dişləyər”. Görəsən, xeyirxah itin dişləməsi də ağrıdırmı? “Fağır” Həşiminsə beyni belə “müdrik fikir”ləri qavramaq gücündən uzaqdır, ancaq evdə arvad-uşağın üstünə xoruzlanmağı yaxşı bacarır. “Arvadı isə Həşimi yaxalamağa tələsmir, buna həvəsi də yoxdu. Yoxsa ilbiz yığmağa mane olardı”. Qoca Şərqdə kişiliyin maddi və mənəvi yük olmaqla bərabər, müdriklik məktəbi olduğundan Həşimin xəbəri yox idi. Ona görə də Pəricahan “ağbirçək vaxtında yorğalamağa” məcburdu. “Yazıq qadın üç gün çarpayıda xəstəhal yatanda əri mətbəx dolabındakı balı yeyib qurtarmışdı”:
“Yolun tozunda sülənməkdən bağırsağı qəhvəyi rəngə çalan itin doğduğu küçüklər pərdəli gözləri ilə qadını kəndin qapısına qədər müşayiət etdilər. Bəbəkləri tam açılmadığına görə köhnə “Niva”dan düşən saqqallı oğlanın qadından nəsə soruşub maraqlanmasını görmədilər; ağızlarını dişi qancığın əmcəklərinə atıb pis qidalanmağın ucbatından qatı olmayan südünü əmib qadını unutdular; necə ki, həyat yoldaşı Həşim də üstlərinə yeriyən fəlakətli günlərdən çıxış yolu tapmaqdansa, təsərrüfatçılıq missiyasını arvadına ötürüb rahatlanmış, onun varlığını unutmuşdu”.
İnsanların qayğıları o qədər müxtəlif idi ki, fələk də çaşıb qalmışdı. Həşimin qarnının ağrısını bilirik. Ancaq “ələ keçməkdənsə quyruğunu qurban verən kərtənkələ sevinci ilə kasıblıqdan çıxacağını düşünən” Pəricahan və övladları hardan bilsin ki? “Şirinçayla pendiri kənara itələyib təmiz bal istəyən Həşimın havası “Uzundərə”di, Pəricahansa “darısqallıq ucbatından gil kərpicdən təzə otaq tikməyin vacibliyini bir ay əvvəldən deyib dururdu:
“Əri isə bu təklifə qoz sındırıb yeməklə laqeydlik göstərmiş, çayxana adı altında dar cığırla “ərinə hər gün sədaqət andı içən” Klavdiya ilə sevişməyə getmişdi; hər halda evdə təmiz bal olmasa da, qoz ləpəsi gizli görüşü daha ilğımvari, gözlə çətin görünən dərin yarğanlar təki unudulmaz anlara çevirər, bəlkə də zabit ərindən qadının canına, ruhuna, sümüyünün iliyinə, toxumalarına keçən radiasiya təmiz kənd kişisinin ruhu ilə çıxardı”.
Ucu-bucağı görünməyən uzun cümlələrdəki informasiya zənginliyi, həssas və ağrılı məqamların təsviri yorucu deyil, mətləbi daha gur işıqlandırır, bəzi Azərbaycan kişilərinin “kişiliyinin” və “xoşbəxtliyinin” bədbəxtliyini anladır. “Xeyirxah” Klavdiyalar xeyirxah itə çevriləndə faciə törəndiyini özgə çəpərində banlayan Həşimlər qananda gec olur. Hələlik “Həşim boğazının, udlağının, sinəsinin istiotlu salodan yanmasına baxmayıb sünbüldən çəkilmiş araq dolu stəkanı ağ ayılar ölkəsinin sağlığına içirdi ki, stansiya onları hətta göy adamlarından qoruyur”.
Klavdiyagilə Uraldan qohumları gələndə Həşim ilk dəfə bal yediyinə heyfisləndi. Klavdiyagilin “blokunun boyası tökülmüş divarına yumruğunu hirslə vuranda yadına düşdü ki, Pəricahanla çoxdandır kişilik borcunu yerinə yetirmir. Balın təsirindən yaranan vulkanik hisslərini arvadıyla püskürmək istədi”. Pəricahan isə Firəngizin dediyinə görə “qonşuya yorğan sırımağa”, əslində isə meşəyə ilbiz yığmağa getdiyindən Həşim hisslərini püskürə bilmədi. Həşimin heyvani şəhvani hisslərinin pik nöqtəsini üç cümləyə yerləşdirən yazıçının təhkiyəsinə heyrət etməmək mümkün deyil.
“Lopabığ yerli kişi” Həşimin Klavdiyadan “elmi üstünlüyünü”, Ural qzının bu “intellekt”dən “xoşhallanmasını” önə çəkəndə yazıçı lap “quşu gözündən” vurur: “Klavdiya deyəndə ki, atmosferin ozon təbəqəsi canlıları Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyur, ağzıayrıq Həşim qayıdırdı ki, çünki o təbəqədən yuxarıda Allah var, o, bizi qoruyur. Məhz ona əsl qadınlıq hisslərini qaytaran kənd kişisinin kütbeyinliyi idi ki, stansiya sirlərini gizlətmirdi”. Bunamı mentalitet deyirlər, Həşim bizim mentallığımızın məhsulurdursa, belə bəxşişdən imtina edəkmi? Hər gün “təmiz” dağ kişisinin (yox, erkəyinin) belinin şirəsini radiasiyalı canına çəkən canısulu Klavdiyanın gülüş və kinayə obyektinə dönən Həşimlərdən başqa xalqların da payına düşübmü?
Azər Qismətin “İlbizlər”indən seçdiyim müdrik cümlələrini – aforizmlərini seçib yazıya əlavə eləsəydim, bəlkə də bu düşüncələrim bir-iki səhifə çox alınardı. Ədəbi zövqümü və ovqatımı fəth edən cümlələrin bəzilərini seçdim:
“Bir ömrün çətinlikləri pulla dəf edilirsə, hökmran şeytandır”.
“Hikmət havadan yaranmır”.
“Taleyi puç olan adamlar bunun səbəbini yerdə yox, göydə axtarırlar”.
“İnsan nəyisə bacarmayanda başqasının da öz gününə düşməsini arzulayar”.
“Pəncərədən görünən həyətdəki ördəyin quyruğunu tərpətməsi qəfil yataq təklifi alan ismətli yapon qızının özünü tez-tez yelpikləməsinə bənzəyirdi”.
“Canavarla oturursansa, canavar kimi ulamalısan, quzu kimi mələsən, səni yeyəcəklər”.
“Günahın nə olduğunu günah işlədən yox, hansı insana günah işlədərsən, o, bilər”.
“İnsan əli hara dəyirsə, deməli gec, ya tez orda fəlakət olacaq”.
“Ümid ən böyük dərmandır”.
“Qadın danışmasa tez ölər, ona danışmağa şərait yaradan kişi dünyanın ən mükəmməlidir”.
“İçdən sınanlar dövlətdən müavinət almırlar”.
“Ehtiyac meyarı mənəvi-əxlaqi dəyərləri tapdayanda son düşünülmür”.
“Ehtiyac qadınları ən murdar kişilərin qapısına gətirər”.
“Qorxu hissi qorxudan güclüdür”.
Atalar sözləri hər bir xalqın şifahi xalq ədəbiyatının yığcam, hikmətli, məna tutumlu ədəbi nümunəsi kimi əsrlərin sınağından bu günümüzə gəlib çatmış söz inciləridir. Bu gün də atalar sözləri yaranırmı? Bəli. Azər Qismətin bu deyimləri çağdaş atalar sözləri deyilmi?: “Hər kəsilən ağac ömürdən bir il qoparar”, “Xəyanətkarların köpü qulağından qan almaqla keçməz”,“Kiçik ölkənin böyük oğlu olmaqdansa, böyük ölkənin dozanqurdu olmaq daha münasibdir” (yeni atalar sözü), “Hallogen xalqdan zərər gəlməz” (qəttəzə), “Bir çətənə ömürdən on il qoparar” (mürəkkəbi qurumamış).
Roman təkcə dialoqsuz olmağı ilə fərqlənmir, ana dilimizi şirinləşdirmək, zənginləşdirmək, unudulmuş sözlərə yeni ömür vermək cəhətdən də unikaldır. Azər müəllimin romandakı “öddətsin”, “hellavayi qapı”, “ayaqqabının lırdası”, “varan kimi sürünən qocalar”, “qəmdən dərisi dartılan qızlar, “əyili-durulu qadınlar”, “gözlərinin hər iki küncü qulağına çatan filippinli bioloq”, “əlləri hindlilərin salamlaşmasına bənzəyən dələlər”, “kirpi balasına bənzər şabalıd”, “çətənək”, “naxırçının qəlyanına bəzəyən uzaqmənzilli raket”, “it kimi şiniyən”, “xırpa oğlan”, “xəfənək”, “kürdan”, “sinəqabı”, “dabrımaq”, “qanırmaq”, “sisildəmək” və sair sözlər, söz birləşmələri yeni olmasa da, az işlənəndir, işlək etsək, dilimiz daha da zənginləşər.
“İlbizlər” romanında Azər Qismət xarakterik cizgiləri ilə seçilən obrazlar silsiləsi yaratmışdır. Tarix müəlliminin uzaqgörənliyindən, Həşimin, Klavdiyanın “məharət”lərindən artıq xəbərdarıq. Pəricahan ucqar dağ kəndində qadınlı-kişili qayğılarla baş-başa qalan, uşaqlarının tərbiyəsinə və təhsilinə önəm verən, ərinə sadiq, həm də müti Azərbaycan qadını, anadır. Məsumdu, kişi qeyrətlidi, ismətlidi, zəhmətkeşdi, ailəcanlıdı, qızlarını göz bəbəyi kimi qoruyur, ərinə ailənin başçısı kimi hörmət edir. “Evin kişisinin dəyərlər qarşısında dilinin qısalığı eşşək kimi anqırması ilə nəticələnə bilərdi, necə ki, bir dəfə söhbətin üstünə çıxması ailənin sakit həyatına qor doldurmuşdu. Meşənin yoruculuğundan sonra Pəricahana eşşək anqırtısı, at fınxırtısı, qırx gün qaranlıqda saxlanılıb günlərin birində işıq üzü görən öküz əsəbi lazım deyildi: qoy itilib çayxanasına getsin, qaşığın balını yalasın, ağ tükünü yadelli qadının sinəsinə sürtsün”. Taleyiylə barışmaqdan başqa çarəsi qalmayan Pəricahanı Həşim kişiləşdirmişdi.
Pəricahanın gənc gəlin olanda bətnindəki körpənin cinsini dəqiq öyrənmək “test”i də Azər Qismətin “tapıntı”sıdır. Həşimin acığına ilk körpəsi olacaq oğlunun ürəyini necə dayandırması, onu evin arxasında basdırması, “kartof boyda dölün hər gecə yuxusuna girməsi” həssas insanları kövrəldir, ağrıdır və həm də düşünməyə vadar edir. Pəricahan gələcək övladının “atasının bivecliyini, arvadağız qeybətcilliyini, arvadların dalınca axmasını elə gəncliyində bilmişdi”. Ona görə də atanın xasiyyətinin körpəyə keçəcəyini intuitiv anlamışdı. Hələ də qübar ürəyini deşirdi. Həyətin “kartof boyda döl basdırılan küncü” Pəricahanın günahının etiraf və ziyarət yeriydi...
İsmayıln anasının gözündə, düşüncəsində Pəricahan həm ana, həm də atadır. Onun “ayağını yuyub suyunu içməyə” hazırdı İsmayılın anası. Pəricahan ilbizyığan ortağı, gələcək qudası xəstələnəndə gecə-gündüz yanından aralanmayan mehriban, qayğıkeş rəfiqədi. Azər Qismətin qəhrəmanı o qədər mərhəmətlidir ki, İsmaylın anasının “udlağı yanmasın deyə termosdakı qaynar çayı ağzında müəyyən temperatura salıb nəlbəkiylə ona içirdir, cücənin ən dadlı yerini, ətin ən irisini yedirir”. Bilir ki, rəfiqəsinin onunla “meşəyə gedənə qədər dilinə fərli-başlı qoyun əti dəyməmişdi, çayı da kustar sexlərdə sümük tozu qatılan qəndlə içirdi, İsmayılın anası gecə yatanda yorğan altda gülər, bütün bu nemətlərə görə Pəricahanı vasitəçi edən gözə-görünməzə dualar göndərərdi. Pəricahan hərdən İsmayılın anasının monqoldan əmələ gəldiyini deyirdi ki, bir az gülsünlər, yorğunluqları çıxsın”. Bu baməzə, ərkyana zarafatı açıqlamıram ki, romanı mütaliə edənlərin ağzından şirin zarafatın dadı qaçmasın. Bir də biləcəksiniz ki, İsmayıln anası niyə dünyanın ən bədbəxt və talesiz qadınıydı? İki rəfiqənin “toxumluq kartof kimi ikiyə bölünmüş həyatlarının ucu küt, üstünə illərlə yağış yağmaqdan paslanan xəncərə dönməsi yalnız özlərinin ürəyini yarmağa yetirdi”.
Firəngiz atasına, anasına, bacısına, rəfiqələrinə, ağbirçəyə, ağsaqqala qayğı və hörmətlə yanaşan Azərbaycan qızıdır, yetkinlik yaşına çatmamış onu qaçırdığına görə qazamatda yatmalıykən azad edilib, ən azı bir ay özünü dəli kimi aparmağa, “mən dəliyəm!” hayqırmağa, kəndin içində qarğı at sürməyə, gözlərini qeyri-adi süzdürməyə məcbur olan, gecələr yüz səksən dərəcə dəyişən, ağıllanıb çirkli paltarlarını çıxarıb atan, arada kişiləşib ”Firəngiz ilbiz yığmamalıdır!” ultimatumunu verən ərköyün, tənbəl gənc İsmayılın nişanlısıdır. İsmayıl “gecələr kölgəsini görmək ümidi ilə Firəngizgilin hasarına dırmaşanda dəliliyinin nə vaxt qurtaracağını cibindən çıxardığı təqvimlə hesablayırdı. İyirmi altı gün keçmişdi; deməli, ağıllı həyatına dörd gün qalırdı”.
İsmayılın həbsxana macəraları, atasının bərkə-boşa düşəndə zayıllayan oğluna münasibəti, “verilən təlimata uyğun yüklənməsi”, həbsxana çavuşunun gətirdiyi xəbərlər, onun həbsxana “müxalifətçiliyi”, iki ailənin birliyi ilə satdıqları inəyin pulu ilə “bəraət”lə bir aylıq “dəli”liyi, pirdə qurban kəsiləndən sonra “ağıllanacağı”ayrıca bir əsərin maraqlı süjet xətti də ola bilər.
Ekologiya Nazirliyinin meşənin bütün ilbizlərini qıracağına söz verən, dərman kisələrini oğurlatdıran “pudrasifət” əməkdaşı, “arvadfason bədən quruluşlu, yanbızlarını arvadyana əsdirən, iri yançaqlı, beş-altı çuğulu vasitəsilə gücləndirilmiş iş rejimində işləyən tipik kənd sahə müvəkkili romanda cərəyan edən hadisələrin açılmasına kömək edən epizodik personajlar olsa da yaddaqalandır. Həmçinin ağacların və çöl donuzlarının düşməni – “çaxırdan gözləri danadişi gözünə bənzəyən”, həddən ziyadə arıqlığına görə “sür-sümük gəmirən it onu piy qatlı inək onurğası gözündə görən” meşəbəyinin, “panda gülüşlü, anasının südü tez quruduğundan xalasının naməlum kişidən uşaq doğması ilə südlənən döşünü əmmiş” müstəntiqin, “35 il əvvəl hamiləliyini ört-basdır etməyə çalışan və əli ilə ciftini dartıb cıran fahişənin doğduğuna bənzəyən" iki təhlükəsizlik əməkdaşının, keçmişdə inək oğrusu tanınan mollanın (bu kənddə inək oğurlamayana qız vermirlərsə, “fağır” molla neyləsin?), “sığırçınbaş qəbristanlıq gözətçisi”nin, “stansiyanın hesabına kişilənən”, arvadına kürk söz verdiyindən kəndin üzərinə hər gün qırmızı toz dumanı arzulayan balsatanın, çayın daşıb körpünü aparmasını səbirsizliklə gözləyən və buna sevinib çırtıq çalan “Niva” sürücülərinin “çörək qayğısı” xislətlərindəki neqativliyi üzə çıxarır. Yazıçı “sınıq ümidlər kəndi”nin yodsuz, dərmansız, iynəsiz, pambıqsız tibb məntəqəsində sakinlərin qəzəbindən gizlənməyə məhkum edilmiş gənc həkim qızı müsbət surət kimi tanıtdırdı. O el gözəl simasıanda ən azı utancaqlıq, xəcalət hissi gördüm... Yazıq neyləsin ki? Digər antipod ünsürlərin sifətində heç utancaqlıq, xəcalət, peşmanlıq, etiraf hisslərini tapa bilmədim.
Dərd, yaşam qayğısı, azar-bezar əlindən cana doymuş puç olmuş arzular kəndinin binəvaları “acınacaqlı, müəmmalı, hələ tunelin sonunda işıq görünməyən ömrün sonunu kübar intiharla – yuxu dərmanı içib yuxudan ayılmamaq”, və s. ucuz ölümlərlə həyatın iztirablarından qurtulmağın yollarını axtarmaqdaydılar, bu səbirlilərin öz əcəliylə ölməyə səbri qalmamışdı. Onların Rəbbə yalvarışları da ünvana çatmırdı, keçmişə qayıtmaq istəyindəydilər: “bir tikə çörəyi dişimizlə-dırnağımızla qazandığımız hala qaytar”. Rəbbin qulağına dualar gec çatanda, səbrin səbri çatmayanda bir yol qalır – aşağıya. “Kəndlilərin intihar xəyalları arxada qoyacaqları doğmalarının çar-naçar qalacaqlarına görə gerçəkləşmirdi”.
İlbizləri çörək ağacına dönən, hələlik çiçəkləri tumurcuqlamayan kəndin çoxdan kişi kimi düşünməyi yadırğamış kişilərinin “beyninə oturduldu ki, dünənə qədər pozğun, ərlərini peysər adlandırıb məclislərdə güldükləri, uşaqlarına onlarla salamlaşmağı qadağan etdikləri, hərdən toyuq-cücələrini həyətlərinə qatdıqları Pəricahan son ümid yeridir”.
“Bağça və məktəb müəllimlərinin çörək axtarışı təlim-tərbiyəni beşinci dərəcəyə salandan həyatı necə qurmaq dərsləri”nə xitam verilmişdi, həm həyatı öyrədəcək müəllim tapılmırdı, həm də həyat kitabı. Kitab olsaydı belə, kimdi onu oxuyan, kitabın kitabı bağlanmışdı. Kitabı bağlanan millətin inəklərini sağan əcnəbi sağıcılar, lap acgözləşmişdi, məmələrdə bir damcı da süd saxlamırdılar kiçiklərə (buzovlara). Ona görə də “gənc respublikanın ərzaq talonlu günlərində adamlara mədəniyyət filan girmirdi”. Əzrayıl ya təqaüdə çıxmışdı, ya da onda “çoxillik təcrübədən arxayınlıq yaranmışdı”, hətta 102 yaşlı kişini öldürməyi bacarmırdı. Bəlkə mərhəmət hissi yaranmışdı onda, bəlkə də peşəsini dəyişmişdi? Dünya kəllə-mayallaq yeriyirdi, hər şey ola bilərdi.
Sizə bir sual verim. Niyə müstəqil olan kimi çayxanalara axışdıq? Bu sualın ən dolğun cavabını müəllifdən və “İlbizlər”dən öyrənə bilərsiniz.
Mentallığın başqa bir eybəcər çaları. Bu düşüncə tərzi də inanmıram başqa xalqların yazılan və yazılmayan qanunlarına salınsın. Həm gülməli, yəni ironik, həm də ağlamalı, yəni acı gülüş obyekti kişilərin “nəzəriyyə”si: “kişi yeyə-yeyə köpüb ölməlidir”. Yəni, ölüm səbəbinin aydınlaşması üçün meyitxanada yarılanda mədələrindən tut arağı damcılamalı, hələ həzm olunmayan quyruq kabablarının qarışığı çıxmalıdır. Hətta içməyəni, çəkməyəni də öz tərəflərinə çəkib arzuolunmaz vərdişlərə yoluxduranda da qürur duyurdular: “Onu siqaretə mən öyrətdim, indi üstündən tütün iyi gəlir”. Yaxud, “şampan bokalını uzadıb aldatdım ki, üzüm suyudur. Üzünü turşudanda dedim ki, üzümü yeyən adamın suyunu içməsi günah sayılmaz”.
Görəsən, niyə başqa xalqların, səyyahların həsədlə xatırladığı milli mənəvi dəyərlərdən “milli” sözünü kəsib atdıq, qalan hissəsini də Qərbə sürüşdürdük. Axı “keçmişdə bu yurdun adamları məclisdə dairəvi, yəni dövrələmə qaydada oturarmışlar ki, məclisin başında əyləşmək müştəbehlik sayılmasın. Sonralar adamlar üzbəüz oturdular. Sonralar masanın başında mötəbər adamlar oturuldu. Sonralar pullu adamlar əyləşdirildi. Sonralar işi keçilən adamlar o masanın başına keçirildi. Hörmətli adamlar masanın başında kimisə görəndə “hörmətli qonaq sonda gələr” məsəlini düşünüb özlərinə təskinlik verdilər. Sonralar masanın başı və ayağı da dolanda, hörmətli adamlar təzə məsəl düşündülər: “Hörmətli adamın yeri hər yerdə var”. Sonralar o hörmətli adamları məclislərə xala-xətrin qalmasın çağırdılar. Sonralar məclislərə daha hörmətli adamları çağırmadılar. O adamları nəsli-nəcabəti pozğunlarla dolu baştutanlar əvəz etdi”.
On cümlədə yazıçının yeddi dəfə “sonralar” sözünü işlətməsinə ağzıgöyçəklər dodaq büzəcəklər ki, yazıçının dilimizin zənginliyindən xəbəri yoxdu. Bu cümlələrdə 1000-2500 illik tariximiz vərəqlənir, “sonralar” zərfliyi də yerinə düşür, adət-ənənələrimizin, mənəvi dəyərlərimizin uzunömürlülüyünü göstərir. Unutmayaq ki, qərblilər masa üstündə oturub yemək yeməyi, kətan köynək, şalvar, jaket geyməyi, döyüş taktikasını, ordu quruluşunu ulu əcdadlarımız Huntürklərdən öyrəniblər.
“Artıq 25 il keçəndən sonra – xalqın yad sivilizasiyaya qovuşmasının pik nöqtəsində - qadınların ərlərinə xəyanətin vərdiş halını aldığı və heç də pis qaşılanmadığı, qızların toy gərdəyinə qədər beş-altı dəfə qadınlaşıb-qızlaşdığı, doğal quruluşa, adət-ənənəyə gülməkdən qarınları cırıldığı, inkişaf etmiş ölkələrin imitasiyası oynanılan dövrdə” milli ruhumuzu zəhərləyən geyşalar, “bənövşəyi gün” nəşəsindən ləzzət alan yapon biznesmen Akayo Sudzukilər, Həşimin “xəyallarının şahzadəsi” Klavdiyalar öz kefində və işindəydilər. Ölkə “mənəvi aşınma bataqlığında” çabalaya-çabalaya boğulurdu.
Rəfiq Özdəkin “Türkün qızıl kitabı”nda ərəb səyyahı İbn Fədlanın (879-960) qeydlərindən qürur duymuşuq: “Türk qadınları yerli və yabançı kişilərdən qaçmazlar, vücudlarını gizlətməzlər, amma zinalıq deyilən bir şey də bilməzlər. Türklər belə suç işləyəni ortaya çıxarıblarsa, onu iki hissəyə bölərlər”. Bu gün isə ərinin “ipini yığa bilmədiyi, qüz səsiylə yeniyetmələrlə telefonda danışan”, sevgidən mırt vuran, mazaqlaşan milyonçu arvadlarının, təhsil almaq arzusuyla xarici ölkələrə gedib mənəviyyatını itirən, “cənnət havasına uçan qızlar”ın, beyni piy qatı ilə örtülən milyonçuların lüğətində qeyrət, namus, ismət kimi əxlaqi fəzilətlərin izahını tapmaq mümkün deyil.
Kiçik, başıdaşlı, mağmın ölkələrdə yeni və əlverişli biznes sahəsi çiçəklənməkdəydi: “səbir nümunəsi ixrac etmək”. Zombiləşmə, qloballaşma, kosmopolit nəsil, “işçi miqrantların bizim əvəzimizə nəsil artırması, ölkəni qəribə rəngli körpələrin basması, nağılvari büdcəmiz, yeni kreativlik, bizə göz dəyər: ”sinənizə qədər bitən saqqalınızı hələ qırxmayın” öyüdü müstəqilliyin töhfəsiydi. Bir də “kasıb ölkələrin bayram günləri çox olur, təqvim qırmızı rənglərdən gül açır”. Elə hey oxuyuruq: “toy olsun, bayram olsun”...
Müxalifətçidən dünyagörüşlü, bilikli, cəsarətli və fəal tarix müəlliminin “müdrik baxışları istənilən psixoloji hücumun qarşısını almağa, aşağılamağa, qarşı tərəfin özünə yedizdirməyə qadir idi”. Tarix müəlliminin müxalifətçiyə nəsihəti: “Get əsgərlərin donuzunu otar, yaxşı pul verirlər, üzünü qırx, hərdən çim, iy verirsən, gizləndiyin komadan quzu boyda siçovullar çıxıb kəndin canına daraşır, get adam ol!”.
Azər müəllim, doğrudanmı müstəqillik illərinin əvvəlində cındırından cin hürkən, kasıb, məzlum müxalifətçilər olubmuş? O dövrdə əl müxaifətçiləri də qaz vurub qazan doldururdular, biznesmen müxalifətçi deputatlar mikrofon önündə sıraya düzülürdülər, hətta bəziləri elə “canı-dildən” bağırırdılar, xalqa “yazığı” gəldiyindən ürəyi xarab olur, özündən gedib sustalırdılar. İlbizlər”in müxalifətçisi isə lap əfəl, qorxaq, ana uşağıymış.
Tarix müəlliminin Kefli İsgəndərvari monoloqunun Azərbaycan ədəbiyyatı tarixində qalacağına, oradakı mətləblərin tariximizin bir qara səhifəsi kimi elmi-tədqiqat işlərinin ədəbiyyat siyahısına düşəcəyinə şübhə yoxdur. Kefli İsgəndərin dediklərindən heç nə anlamayıb qarın ağrısı bəhanəsiylə bir-bir aradan çıxan Mirzə Cəlilin “Ölülər”inin “diri”ləri lap uzunömürlüymüş, bu gün də yaşayırlar, nəvə, nəticə, kötücələri hər gün artmaqdadır.
“İlbizlər”dəki monoloqlar Vətənin, xalqın başına gətirilən müsibətlərin, nadanlığımızın, nankorluğumuzun, manqurtluğumuzun gerçək ifadəsidir. “Heç bir faydası olmayan, kefnəqulu qırmızı həyat sürən, akvarium balığına bənzəyən kənd kişiləri” qarşısında “bədəninin enerji dəliyi meşəyə gedən gündən tıxansa” da tarix müəlliminin ikinci arabasını götürüb, atın budundakı yaranın qoxusunun uzağa yayılmasına görə canavarların hücumundan qorxduğundan özü atın funksiyasını yerinə yetirən, dürüst, rəhmdil, cəsarətli, ilbiz pullarının bölüşdürən zaman rəfiqələrinin əzablı əməyini “onların qorxu içində işlədiyindən sağlamlığına təsirini, soyuqdan əzab çəkməsini” dəqiq qiymətləndirən Pəricahanın, tarix müəlliminin qulağına acı həyat həqiqətlərini pıçıldayan poçtalyonun, eləcə də gənc ekskavatorçunun monoloqlarındakı həqiqətlər əslində çoxumuzu qəflət yuxusundan ayıltmalıydı. Ayıltdımı? “Sanki Nuh öz gəmisindəki irqlər toplusunu burada düşürüb, özü də arxaya baxmadan qaçıb”. Nuhun atıb qaçdıqlarının çoxu “ilbiz sürüşkənlikli” adamlarmış...
Stansiya rəhbərliyinin Şimala göndərdiyi hesabatı xalqımızı vassala çevirmək istəyən “böyük qardaş”ımızın bizi bizdən yaxşı tandığının əhatəli ifadəsidir.
Bir-birindən qorxub azğın, quduz canavarlar kimi ağız-ağıza yatan nəhəng “derjava”ların, ən çox da şimal ölkəsinin gözlərinə “noxud boyda görünən məmləkətin çaşması”nın nəticələrini o vaxt anlamayan az tapılardı. Bunu “noxud boyda ölkə”yə tez-tez xatırladırdılar: “müstəqillik hər gələnə kəllə atmaq anlayışı deyil və dünən yumurtadan çıxıb bu gün cükküldəmək baha başa gələ bilər”.
Azər müəllimin “ümidsiz xalqın taleyi kiçik ölkəyə dair toplanıdan asılıdır” deyimi dünya nəhənglərinin xarici siyasətinin boz mənzərəsidir, müxtəlif dövrlərdə dəfələrlə sübut olunub. İkili xarici siyasətin acı nəticələrini ölkəmiz 30 ildən çoxdur ki, dadmaqdadır. Demokratiya hay-küyçüləri – BMT-nin dörd qətnaməsini yazıb-pozanlar, üç gündən bir, beş gündən bir ATƏT-in Minsk qrupu adlı kabab tüstüsünə gəlib işğalçının və ərazisi işğal olunanın başını sığallayanlar, ağ ayının pəncəsindən qorxub Şimal ölkəsinin xətrinə dəymək istəməyənlər “liliput” ölkə ilə “ütülənən, rəndələnən demokratiya dilində danışırlar, bəzən saxta təbəssümlə riyakar sifətlərinə yalançı mərhəmət qondururlar. Əllərinə fürsət düşən kimi dişlərini qıcayıb, neştərlərini itiləyib “Xəzər sahilindəki kiçik ölkə bizə nektardır” düşüncəsiylə buraya axışanlar barsız eşşək arılarıymış. Balımızı ayı kimi yeyə-yeyə üstümüzə çəmkirirlər ki, cızığınızdan çıxmayın ha!
Hələ də “xalqın qədim əlyazmalarını hoppadan yaranan tarixsiz ölkələrə satanların, yaxşı gün-güzaranın və xoşbəxtliyin əlacını milli mənsubiyyəti dünyada lotuluq eləyənlərin milliyyətinə keçməkdə görənlərin alveri şıdırğı gedir. Ona görə də yaranışından üzü bəri ərazisi cırtdanlaşan ölkəmizin nəhəng və tamahkar milyarderlərinin sayını dəqiq bilmirik. Bəlkə də yeganə ölkəyik ki, milyarderləri sərvətlərini taladığı xalqın təkcə zəlisi yox, həm də düşmənidirlər.
Vətənimizin müstəqilliyini ayı təfəkkürü ilə anlayanlar 30 ildən çoxdur parlamentdə oturub mürgüləyə-mürgüləyə qanunlar yazır, öz aləmində böyük güclərə meydan oxuyur, özlərini seçicilərindən - “qara, kasıb vəhşi kütlədən” qorumaq üçün silah da istəyirlər, elə bilirlər ki, yam-yamlar ölkəsində yaşayırlar. Ağzı köpüklənə-köpüklənə hesabat verirlər ki, “cənab prezident, biz Şimal ayısının tapşırığını iki həftə gecikdirdik, budur müstəqillik!”. Müdrik Molla Nəsrəddinin “cəsarət”i yadıma düşdü. Mollaya cızılmış dairənin içindən çıxmamaq əmri ilə cəza veriləndən sonra evdə öyünürmüş ki, düşmənin atasını yandırdım, iki dəfə ayağımın çeçələ barmağını cızılmış dairədən kənara çıxardım, heç xəbərləri də olmadı.
“Əllə toxunulmuş xalçaları satmaq günah sayılırdı, bəzən göz yaşı, bəzən şad günlərə hesablanan belə xalçalara nəslin ruhu hopdurulardı, şifrə daşıyıcısına çevrilərdi. Bu mistik düşüncəni satmaq az qala bir-biriylə qohumluq əlaqələrinə malik ölkənin qan yaddaşının satılmasına bərabər sayılırdı”. Azər müəllim naxış, ilmə, ornament dilini bilməklə yanaşı, həm də milli ruhumuzun qoruyucusu olduğunu bu cümlələrdə sübut edir. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra işbazların, girəvə gözləyən məmurların əlinə fürsət düşdü. Qiymətli tətbiqi sənət, rəssamlıq əsərləri xarici işbazlara satıldı, muzey eksponatlarının yeri boş qaldı, “ağ şahin tutmaq, ovlamaq” üçün əcnəbilərin pişvazına getdik, “vağzal ətrafında üskükoynadanlar” sadəlövh xalqı çapdı, taladı, çörək qəhətə çıxdı, qızıldan qiymətli zəhər aldığımız “əfi ilanları düzlərə buraxdıq”. Hər həftə Kaliforniyada yaşayan erməni əsilli biznesmenlər bizim əsilsizlərdən soğan, kartof qiymətinə aldıqları 15-20 Azərbaycan, ən çox da Qarabağ xalçalarını hərraca çıxarırlar. Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanındakı Sona ananın ehtiyac ucbatından satmaq istədiyi xalçanı ingilis almaq istəyəndə “itə ataram, yada satmaram!” düşüncəsinin, qətiyyətinin həsrətindəyik. Dini, imanı maddi sərvət, pul olanların milli qüruru, Vətən, xalq təəssübkeşliyi kütləşir.
“Çuğulluq” nəzəriyyəsinin “banisi”, onu “fundamental” tədqiq edib orijinal roman şəklində təqdim edən Azər Qismət “İlbizlər” əsərində də müharibəyə getməmək üçün “dəryazla ayağını yaralayan, darvazalardan yüz metr aralıda dayanıb evləri nişan verən, ara-sıra addım səslərindən üşənib pencəyinin ətəyi ilə sifətini gizlədən” çuğul obrazı yaradıb. Çuğulu sümsük it də yaxşı tanıyırdı – “borc tapanda lovğalıqla sifariş verdiyi çığırtmanı çəngəlsiz tıxıb arada cücə budunun sümüyünü ona tolazlayan adamı” necə tanımasın? “Arxasından dəyən bir-iki təpiyi nəzərə almasa, sümüyə görə onu bağışlayardı. Cansız bədəniylə gələnin qabağına, gedənin dalına baxan” çuğulun baldırından “bir dişləm götürüb qaçmırdı”. Sümsük it nankor adamlardan fərqli olaraq yaxşılığı itirən deyildi. ”Milisin kobud əli boynundan yapışandan” fəaliyyətinə start verən dəyyus çuğul” vəzifəsini artıqlamasıyla yerinə yetirəndən sonra kənddən çıxmaq üçün polislərlə müqavilə bağlamağı düşünürdü və o zaman kəndin kənarında “qoşa əllə arxasına şappıldadıb yandıx” verəcəkdi. Sən saydığını say... Çoban Mirpaşa çuğula o həzzi yaşamağa imkan versəydi...
Sən demə, bəzi məqamlarda Azər müəllim daşürəkli, kəmfürsət milislərdən, polislərdən də əzazilmiş: “Cuğulu lüt soyundurub dalını kirpi üstə basmaqdan, çığırtısının ətrafa yayılmasının qarşısını qırtlağına mələfənin ucunu soxmaqdan savayı əlac yoxdur”. Sümsük it isə daha qəddarmış: “polislərin evdən çıxmağını səbirsizliklə gözləyən çuğulun növbəti satacağı adam çoban Mirpaşa olduğunu bilsəydi, qırtlağına soxulan mələfənin yerini bədənin başqa orqanı ilə əvəz edərdi”. Görəsən “humanist” asayiş keşikçiləri belə “tərbiyə” metodlarından xəbərdardır? Onlar belə “tərbiyə”nin daha çeşidli metodlarını bilirlər - “cinayətkar”ın boğazına itələdiyi əsgi parçasını qocaların sidiyi ilə islatmağı da...
“Çoban Mirpaşanın üç qoyununun quyruğunun qurdun ağzında getməsi mollanın pis döyülməsi ilə nəticələndi. Pis döyülmə deyəndə ki, ayağını həyətdəki söyüd ağacının yoğun budağına bağlayıb təpəsi üstə çevirdilər, üç saat susuz-çörəksiz üzünə tüpürdülər”. Kəndin sivilizasiya bir yana, mollanın fırıldağından xəbərsiz avam camaatı yüz faiz əmin idi ki, molla haradasa cüzi səhv eləyib qurdun ağzını yaxşı bağlamağı unudub, ya da qurdla işbirliyindədir, qurdların xətrinə dəymək istəməyib. Çünki mollanı pullandıran meşədəki qurdlar idi. “Üzü qoca ağacın qabığına bənzəyən” mollanın Allahın “həssaslığına görə dəniz yosunlarından düzəltdiyi adamları qoyun yerinə otarmasına, qanqal yedirtməsinə” bu kənddən münbit məkan ola bilməzdi. Bu da mükəmməl və tipik molla obrazı...
Ehtiyac insanın qəlibləşən xislətini necə dəyişdirərmiş”, həssaslaşdırarmış, həm də tibbi və bioloji biliklərini artırarmış. Gecənin qaranlığında anasını “iş”ə yola salan Firəngizin, Pəricahanın və onun “iş” həmkarının qabaqlayıcı tədbirləri yazıçının alimlik səviyyəsində “elmi kəşf”ləridir. “Erkək it qədər məsuliyyət daşımayan, sərxoşluq edən” atanı islah etmək üçün Firəngizin “təhlükəsizlik” metodları ilə tanış olun ki, simanızda bir az təbəssüm, bir az da nifrət var-gəl eləsin. Hələ Firəngizin niyə gecəyarı ilbiz yığmaga gedən anasının yeməyinə “narın hala gətirdiyi yumurta qabığının tökməsini, çantasına çuğundur şirəsi, ağ neft, kibrit qoymasını, Pəricahanın meşədə ayıların yaxın gəlməməsi üçün boyun-boğazına, sinəsinə, qoltuğunun altına un sürtməsini, çöl donuzuna rast gələrsə xilas yolunun ilanvari qaçış” olduğunu bilirdinizmi? Həmçinin ilbizlərin həyatını, çoxalma prosesini, sağlamlığa faydalılığını da. Qoca ilbizin “kövrək və nostagiyaya” bələnmiş xatirələrini yazıçı elə təsvir edir ki, sanki bir ilbizşünasın mühazirəsini dinləyirsən. Meşəyə səyahətə gələn pionerin boynunda daşımaqdan bezib xəzəllərin üstünə atıb canını qurtardığı “qırmızı qalstukun altından çıxan balaca ilbizin ikiqütblü dünyanın formalaşmasının ilk çağlarına şahidliyi siyasi tarix kitabına salınacaqdı”. İllər sonra “qırmızı qalstuk çürüyüb torpağa qarışanda” qoca ilbiz öz uşaqlığını xatırlayırdı: “illərini o parça ilə oynamaqla keçirib. Hərdən anasının danlağından qaçıb altına girmiş, hərdən həmyaşıdları ilə gizlənpaç oynayıb təəccüblərə rəğmən saatlarla tapılmamış, hərdən nəsilvermə aylarında hava anlayışını qoruyub sıcaq yer kimi buranı uğurlu məkan hesab etmişdi”. Sətiraltı mənalar, altşüura incə sığal çəkməklə ədəbi zövqümüzə estetiklik gətirən bu cümlələrdəki zəngin informasiya bolluğu, bədii dil və bədii üslub, məcazlar, təhkiyə üsulu, təxəyyül genişliyi, məzmun və formanın vəhdəti, epitet, bənzətmə, metafora, metonimiya, kinayə, mübaliğələr nəhəng romanın oxunuşunu asanlaşdırır, mütaliə həzzi yaradır.
Pəricahan “salamsız-kəlamsız içəri girən yadelli jurnalistlərin” həyəti, evin içini çəkməsinə dözsə də, müxbir qızın operatorla şit zarafatına, istehzalı baxışına dözmədi, sinəsini irəli verib qışqırdı: “Stansiya günümüzü göy əsgiyə büküb, siz də burda hırıldaşırsınız... İndi balaca ölkəyik deyə bizi tapdamalı deyilsiniz ki... bircə gün meşəyə ilbiz yığmağa aparsaq, ağlayarsınız halımıza”...
Müxbir qızın və operatorun Pəricahana və divarları çoxdan rəngə həsrət evinə “gözlərinin istehzayla baxıb qırpılmasını, neandertal adamlara baxan təki kinayəli pıçıltısı”nı, mədəni inqilabının yaşı 200-300 il olanların bizə yuxarıdan aşağı baxmasındakı imperiya təfəkkürünü Pəricahan anlasa da, bir çox rusqafalıların beyninə girməz. Çəkiliş qrupu Pəricahanın söhbətinin ardını dinləməyib başılovlu aradan çıxanda hələ də Pəricahan danışırdı:
“Əgər məhsulumuzda radiasiya oynayırsa, uşaqlarımız əsəbi böyüyürsə, gənclərimizin dişləri tökülüb başı keçəlləşirsə, bu kənddə gənc yaşda ölənlərə dördüncü qəbristanlığın salınması üçün sakinlərimiz rayon sakinlərinin qarşısında büzüşürsə, gələcəkdə bir uşağa süd əmizdirəndə körpə qanını zəhərləyəcək vahiməsi ilə bu kəndin qızlarını almağa tərəddüd edirlərsə, sevgilər ürəklərə gömülürsə, qırmızı pomidor həsrəti ilə iyrənə-iyrənə boz pomidor yeyilirsə, hansı xoş halımızı göstərəcəksiniz?”.
Kənd öz ritmiylə - zəhərli qida və su ilə, gəlinlər körpəsiz, gənc ərlər övladsız, qocalar təngnəfəs, qırmızı dumanlı hava ilə nəfəs ala-ala, çox işləklərdən bixəbər öz həyatını sürməkdəydi, bilərəkdən yaşayır yazmadım. Bu yaşamaqmı? Kəndin hind quşlarını sakinlərin özləri yemirsə, qoz ləpəsi udduraraq kökəldib başqalarına satırlarsa, həyətlərində əkdikəri göyərti kükürd qoxusu verib yeyəni qusdurursa, “doğulan mutant uşaqlar” ancaq Tibb Univesitetinin tələbələrinə təcrübə və elmi-tədqiqat işlərinə, müəllimlərə monqrafiya yazıb elmi dərəcə almağa yarayırsa, buna yaşamaq demək, ən azı riyakarlıqdır. “Qocalar boynunun dalında əlli santimetrlik qrıjası” ilə doğulmuş, üç gündən sonra ölmüş körpəni “basdırmağa qoymurdular ki, yaddelli zabitlər gəlib görsünlər nə günah ediblər”. Hərbi şəhərcikdə isə şıdırğı rəqs gecəsi öz ahəngi ilə davam edirdi, mərsiyənin səsini, “ötən ilin gəlininin ürəkdağlayan fəryadını, “uşağımı dəyişiblər” naləsini yadellilər nəinki anlamaq, heç eşitmək belə istəmirdilər. “Klavdiyanın qatır ağırlığındakı əri qollarını arvadının belinə dolayıb Latın Amerikası rəqsini sifariş edəndə qışqırmışdı ki, musiqinin səsini artırsınlar”.
“Hərbi şəhərciyin uca küknar ağacını milad bayramına hazırlayanda oyuncaqların əlvanlığından tazılar da atılıb düşürdü”. Şəhərciyin yadelli “xozeyin”lərinin – “tərcüməçinin yerlilərin zəif yerlərini – bu xalq zülmə tabedir, üstlərinə qışqırandan qorxub siçan deşiyi axtarır, öz yerlilərindən çox əcnəbilərə inanıb ürəklərinin yağını əritməyə mahirdirlər kimi sirlərini polkovnikə açandan sonra dili uzanan yadellilərin bu bədbəxt kəndin sakinlərinin bayram əhvalından xəbəri vardısa da, onlar üçün maraqlı deyildi. Polkovnikin mental məsləhəti təmsil etdiyi xalqın xislətindən xəbər verirdi: “radiasiyadan qurtulmağın bir yolu var: çoxlu araq için”.
“Qara bulud” tarix müəllimi evindəki televizoru əl arabasında kəndin ortasına gətirib sakinləri xəbərləri dinləməyə məcbur edəndə xarici xəbərlər blokunda stansiyanın adını eşidib “heç kim danışmasın!” əmrini verdi: “Danışıqlarda bir böyük ölkə digər böyük ölkəyə təklif edirdi ki, Şərqi Avropada raketdən müdafiə sisteminin inşasına ehtiyac yoxdur, dağlar qoynundakı radiolokasiya stansiyasından müştərək istifadə etmək olar”. Bu xəbəri eşidənlərin, Aşıq Ələsgər demişkən, “sındı qol-qanadı yanına düşdü”. “Gecə Həşim Klavdiyaya bunu deyəndə o, “siz yaxşılıq qanan deyilsiz” söyləyib canı sulu kişiyə sarılmışdı”.
Hərbi şəhərciyə yürüş edən sakinlərin şlaqbaumu qırmaq cəhdini görən əsgərlərin “ana-bacı söyüşü, əsgərlikdə zülm-billahla, az-maz rus dilini öyrənən tarix müəlliminin söyüşləri tərcümə etməməsi ki, araya qan düşər, əsgərlərin hər şeyə hazır baxışları, çoban Mirpaşanın gücünün onların üzünə tüpürməyə yetməsi, Həşimin Klavdiyanın ərini görüb geri çəkilməsı, siaretini söndürməsi ki, zabit gecə arvadıyla yatanda arvadından gələn tüstü qoxusu ona tanış gələr” qorxusu maraqlı bir film üçün ssenari olardı.
Stansiyaya hücum edən kənd sakinlərinin ümidlərini, sinəyə tuşlanan avtomat lülələrinin vahiməsini, Əfqanıstanda bərkiyən, “açıq səmalı gözləri, inək qarnı, at quyruqlu bığı ilə muzeylərdə qorunan portretlərə oxşayan” alay komandirinin geriçəkilmə əmrindən sonra sakinlərin suyu süzülə-süzülə geri qayıtmasını və digər xalqı aşağılayan anları açıqlamıram ki, “İlbizlər” romanını fil dözümüylə oxusanız vaxtınıza heyfiniz gəlməyəcək, hövsələnizə təşəkkür edəcəksiniz. Biz ki, səbirliyik, dözümlüyük. Onu da vurğulayım ki, əsəri sonacan mütaliə etsəniz, səmimiyyətimə inanın, Azər müəllimin dünyadan köçənlərinə ürəkdən rəhmət oxuyacaqsınız, bəlkə elə mənim dünyasını dəyişənlərimə də...
“Adamların əsəbinin monqol oxu kimi dartıldığını” görən, Pəricahanın “sökülsün!” notasının dağlarda əks-səda verib yuxarılara çatacağından qorxub üyüdən şişman məmur və ətrafındakı “qara kostyumlular” qulaqlarını barmaqlarıyla tıxayıb aradan çıxdılar.
Yadelli hərbçilərin milad bayramı ovqatı ilə qışın gəlməsini dərd edən ilbizyığan qadınların təşvişi tərs mütənasib idi: “ilbizlər azalırdı, birdən torpağa girərlər”.
Klavdiyanın “dəniz tısbağasına bənzəyən, stansiyada məsul tapşırıq bölməsinnin rəisi işləyən əri məsumiyyət çarpayısında spirtin gücü 40 dərəcədən 96 dərəcəyə qalxanda hərbi sirri açdığından arvadının çaldığı hər havaya oynayırdı. Ural qızı özünü yaxşı aparmayacağı təqdirdə aləmə car çəkəcəyini söyləyib o gündən ərinin boynuna xalta salıb ardınca sürüyürdü”.
Azər müəllim hətta romanın ikinci dərəcəli, epizodik obrazlarının xarakterik cəhətlərini ana dilimizin zənginliyi ilə elə yaratmışdır ki, hətta əsas obrazlar qədər yadda qalır. “Bataqlıq gülünə bənzəyib günü-gündən pardaqlanan” Klavdiyanın, onun “məsum” ərinin, “pudrasifət” ekoloqun, “arvadfason sahə müvəkkilinin, arıqlıqdan qarğıdalı çöpünə dönən, keçirdiyi sarsıntıdan sifəti paslı boruya oxşayan” meşəbəyinin, “vəzifəli şəxslərə pulu necə vermək üzrə ixtisaslaşan, kolxozun vəsaitini yeyib üstündən su içənlərlə həbsxanaya salınan” köhnə mühasibin, sevimli və mərhəmətli Firəngizin, “qarğı at minməkdən qasığı qaşınan, ayaqalarını gen atan bir aylıq “dəli” İsmayılın, onun anasının, Həşimin, uzunömürlü yaşamaq üçün ilbiz seliyi yeyən milyonçunun, ilk baxışdan adamı tilsimləyən, xüsusi kosmetik vasitələrdən ustalıqla istifadə edən, kişilər üçün arzuların təcəssümü, sirdaşı, çay evlərində qonaqlar, xüsusilə biznesmenlər qarşısında üçsimli alətdə çalan, rəqs edən, şeir deyən, yeməyən, içki içməsə də qonaqlara sake təklif edən , yapon “incəsənət adamı” geyşanın (sən demə, yapon bəyazsifətlisi də dələduz, girəvəçi imiş. Doğrudan da bizə rast gələn özümüzə oxşayarmış. “Milyonçu qızının təxəyyülünün fışqırmasından atasının ona görə xəbəri yox idi ki, geyşa o ideyaları dovşan qığının tüstüsündə axmaq tələbənin qulağına pıçıldayır, əcaib samurayların ruhlarını görüb, yeddinci yuxuya gedən gicbəsərin əl çantasından pulları çırpışdırır, özü də uyub yanında uzanır, səhərə əsrarəngiz planlar düşünüb doğulduğu Kyuşi adasında otel tikəcəyinə inanırdı”. Başqa çarəsi də qalmamışdı. “Cavanlar kimi cinsəl ünsiyyətin təzə tələblərini bacarmayan, yaş artımının astagəlliyi xoruz sürətli kişiləri qəzəbləndirən, ona görə də zəhmət haqqı azalan köhnə geyşa” çıxış yolunu sərsəm milyonçu qızının əlindən möhkəm yapışmaqda görürdü), milyonçunun geyşanın gözündə “forel”ə bənzəyən, onun torunda çırpınan başıboş qızının və digər personajların spesifik xarakterlərinin, bədən cizgilərinin təsviri çox orijinal və maraqlıdır.
İngilis yazıçı Uilyam Somerset Moem hekayələrinin birində yazır: “Yazıçılar yaratdıqları xarakterlərə birdəfəlik ya müsbət, ya da mənfi çalar verdiyinə görə yazdıqları əsərlər çox vaxt həyatla səsləşmir. Onlar başqa cür də edə bilməzlər, əks halda xarakter ziddiyyətli alınar”. Azər müəllim müsbət və mənfi obrazlarının daxili aləmini elə qələmə alır ki, müsbətə rəğbət, mənfiyə nifrətdən savayı “qızıl orta”ya yer olmur, yazıçı həyatın içinə səyahət edir, yaşını yaxşı, pisi pis göstərir, mənfi və müsbət xarakterlər bütövdür, həyatla, hadisələrin cərəyan etdiyi mühitlə səsləşir.
Bir haşiyə çıxmadan ötüşə bilmədim. İxtisasım və peşəm təbiət elmləri ilə əlaqəli olduğundan, qırx il ekologiya və hidrometeorologiya sahəsində külüng vurduğumdan, təbiət mövzusunda saysız-hesabsız elmi və bədii əsərlərlə tanışlığımdan belə qərara gəldim ki, “İlbizlər” kimi təbiətin dərdlərini mükəmməl təsvir edən əsər mütaliə etməmişdim. Azər Qismət Vətənimizin dilbər guşələrindən birinin təbiətini, kənd təsərrüfatını, ekoloji bəlalarını, bitki və heyvanlar aləmini (bilir ki, molyuskosidlerdenlə, metadehiddenlə, natrium-pentaxlorfenolatla molyuskaları qırırlar) insanların psixologiyasını, məişətini, adət-ənənələrini, xalq meteorologiyasını, kənd kosmetologiyasını (“xırda bığlarını çay qaşığı ilə yolan kənd arvadları, düyü unu ilə suyu qarışdırıb krem halına salaraq üzünə yaxan yapon nənə ölü hüceyrələri sifətindən rədd edirdi”) fundamental öyrənmiş, mübaliğəsiz desək, romanı həm mükəmməl bədii, həm də elmi tədqiqat əsəri səviyyəsinə qaldırmışdır. Azər müəllim həm də “həkim”dir: “Hər gün azacıq acı badam yeyib bədəninizi sionidə öyrəşdirin ki, yeni modifikasiyalı məhsullar içinizdə bardaş qurmasın”.
Azər müəllimin teylerioz xəstəliyinə yoluxan inəklərin hirsindən qulaqlarını tez-tez çırpmasını bilməsi də məni təəccübləndirmədi. Çünki o, bir vaxtlar televiziyaların birində kənd həyatı və təsərrüfatından bəhs edən verilişin aparıcısı olub. Hər işinə məsuliyyətlə yanaşan, incəlikləri dərindən öyrənən Azər müəllim inanıram ki, aqronomdan, zootexnikdən (yazıçı dovşanın zooloji xüsusiyyətlərini də əla bilir), baytardan az bilmir. Onu maksimalist kimi tanıyıram, məhz buna görə də sözlə elmin birliyi uğurlu nəticələrə aparıb çıxarır.
“Özünü sahilə çatdıra bilməyən dalğalı” kəndin sakinlərinin güzaran qayğıları ilə milyonçunun qayğıları arasındakı təzadlar deyəsən bəşər övladı zühur edən kimi başlayıb – kimsə qəbilə başçısı seçiləndən. Yun zavodunun direktoru “xadimənin pulunu kəsdiyi üçün” mərtəbə-mərtəbə qarğış qazanır. Qarğışlardan qurtulub uzunömürlü olmaq üçün” bir yol qalıb - ilbizin seliyini yemək. Milyonçu “ilbiz seliyinin qocalmanı ləngitməsini, kişiliyi artırmasını falçının yanından çıxanda dərhal filippinli bioloq dostuna zəng edəndə öyrənmişdi” Milyonçu vaxt itirmədən “qara gödəkçəsi bədəninə kip yapışan saqqalı gədə”ni – nümayəndəsini kəndə göndərir. Pəricahanın “taleyi” gülür, çünki saqqllı gədə təsadüfən onun qarşısına çıxır.
Bəs ərindən xəbərsiz bu işə necə razı olsun Pəricahan? Axı hər gün ərinin kürəyini kisələməlidir Bu işi bakirə qızına necə tapşırsın? Nəhayət bunun da çəmini tapır. Firəngizə tapşırır ki, “gözlərini yumub əlini hellavayi qapının arasından uzadıb arvadını əvəz etsin, çalışsın ki, bakirə qızın əli atasının çılpaq bədəninə az toxunsun, yoxsa ev başlarına uçar, göydən daş yağar. Onsuz da axşamlar çimir, o vaxtacan gəlib çıxaram. Qızına tapşırır ki, atasına çoxlu gic-gic suallar verib tez yatırtsın, bütün bunların ailənin xoş günləri üçün edildiyini dördüncü dəfə xatırlatdı”. İki qadının arasında bağlanan “memerandum”la İsmayıl Firəngizi qaçırandan sonra aradakı soyuqluğu Ekologiya Nazirliyinin ilbizləri kütləvi məhv etmək planı isitdi, “küsülülük ortadan götürüldü, dərd onları barışdırdı”. Saqqallı gədənin tapşırığı isə ciddiydi: “çoxlu ilbiz yığmaq!”. “Dərdin barışdırdığı əkiz bacılar” işə daha həvəslə girişmişdilər. Onlar kəndin mərkəzindəki zurna-balaban səsindən qaçıb “çörəksiz qalmamaq” üçün meşənin dərinliklərindəki ilbizləri axtarırdılar. İlbizlərsə qəhətə çəkilmişdi. “Bu andıra qalmış həyat onları namussuzluqdan savayı hər şeyə əl atmağa vadar edir, daha da həyasızlaşdırırdı”.
Hər bir insan ağrı-acı, doğmalarından sayğısızlıq, yaşamın zillətini duysa və görsə də həyata ümidlə baxır, özü özünə təsəlli verir. Həyatın buz kimi soyuq sifətini hər gün görən ilbizyığan qadınların təsəllisi bu idi ki, bəziləri kimi “tumanında narkotika (həm də seçki bülleteni – V.O.) keçirmirlər, kişilərin qucağında oturub portağal şirəsi ilə müştərini aldatma hiyləgərliyini bacarmırlar, xırda-xırda qızları Ərəbistana aparıb qırmızısifətlilərə satmır, sütüllərini verib faiz götürmürlər, ərlərinin cibindən pul əkişdirmirlər”.
Deyirlər aşıq gördüyünü çağırar. İki gələcək qudanın dincliyini ilbizlər pozurdular. “Çörək ağacı”nın bu qədər əlçatmazlığı onların arzularına, “kərtənkələr və kirpilər isə çörəyinə bais ola bilməzdi. Göyə baxmaqla yağış yağacağını bilən, yorulub əldən düşüb sərələn ilbizyığan qadınlardan birinin balaca qızının oxuduğu dərs yenə də andıra qalmış ilbizlərdən idi. Anışdıra bilmirdi ki, bu qız bunu qəsdən edir, ya müəllimə ilbizin belindən gəlib”.
“Milyonçunun ona ömür və kişilik gətirən ilbizyığan qadınları görmək” həvəsinin olmamasının bir səbəbi vardı: “xeyriyyəçilik təsəvvürləri iflasa uğrayar” O, Yaponiyadakı geyşanın məsləhəti ilə üz-gözünü ilbiz seliyi ilə parlaqlaşdıran qızını və iki məşuqəsini incik salmamalıydı. Yun zavodu da onlar üçün işləyirdi. Milyonçu müayinədən sonra bədəninin hansısa nahiyəsində “bədxassəli şiş çıxacağından qorxub həkimə getmirdi, dərdə dözə bilməz və “özəlləşdirdiyi yun zavodunu böyük ümidlə təhsil dalınca göndərdiyi qızının adına keçirməmiş ölərdi”. Bu əcaib qayğıların, dərdlərin, narahatlıqların onun düşüncəsində bir dərmanı vardı: “çoxlu ilbiz yeməliyəm!”.
Milyonçu da qızı kimi geyşanın əlində alət olmuşdu, hələ üzünü görmədiyi geyşadan zəhləsi gedirdi. Çünki bizdə müştərək iş, xüsusiə biznes heç vaxt nəticə vermir, nə vaxtsa şəriklərdən biri oğruya, tezliklə qatı düşmənə, qatilə çevrilir. Milyonçunun imkanı olsaydı geyşanı yağışın yağması üçün kəsilən 150 qoyunun 151-cisi edib üzünü qiblənin əks tərəfinə tutub kəsərdi. Milyonçunu kubalı siqara mühəndisinin ona 4 milyon manat atması, Sinqapurdakı daşınmaz əmlakının düşmənləri tərəfindən yandırılması yandırmırdı, onun canını, çopur sifətini odlayan qızının gicliyi, arvadının gündə bir cavan məşuqla kef-damaqda olmasıydı: “Az qala min adamı satın ala biləcəyim pulu bu gicbəsərlərin gələcəyinə yığıram?”. Milyon dərdi vardı milyonçunun, ailəsi, evi, ətrafı nəhəng bədbəxtliklər sarayıydı.
Həşimin Klavdiya və stansiyanın dayandırılması narahatlığı, ilbizyığan iki rəfiqənin ilbizlərin azalması vahiməsi, meşəbəyinin qırılan ağaclar, ovlanan çöl donuzları qorxusu milyonçunun dərdləri qarşısında liliputa bənzəyirdi. Milyonçunun maşın hədiyyə etdikləri məşuqələri, onların qızları, onu tərifləyib dağ başına qaldıran gözəlçələr yol polisinin caynağına keçəndə gənc məşuqlarının qucağından ona zəng edirdilər, sevgilərini bəyan edirdilər. Milyonçunun ləzzət aldığı ən şirin əyləncə “cavan gəlinləri ərinə xəyanətə” sürükləmək idi. Azər Qismət romandakı əsas surətlərdən birini - milyonçunu o qədər quduz və qeyri - insani (insan bu qədər yırtıcı ola bilərmiş) yarada bilib ki, nifrətimin çoxaltma dərəcəsinin hansı şkalanı göstərdiyini anladınız yəqin. Sürüşkən arvdına, zırrama qızına nəsə deməyə cürəti çatmayan neandertal düşüncəli bu cılız məxluq bədbəxtliyinin qisasını yan-yörəsindəki məzlum və mütilərdən alır, hətta “hər pozğun qadının gəlişindən sonra kabinetindəki divanın kətan parçasındakı şirin südə bənzəyən ləkələri yuyucu tozla təmizləyib kasıbyana fenlə qurudan ağbirçək xidmətçidən”.
“Lüğətindən ləyaqət sözü silinən milyonçü”, onun ayağı sürüşkən arvadı, quşbeyin qızı, baş və əllər tutan geyşa, Klavdiyanın “sevgi”sinin və əndamının ortaqları, ilbizyığan iki şərik “mehriban dostluq, və “səmimi anlaşma” şəraitində yaşayır və işləyir, nəyinsə xatirinə heç kim heç kimin bostanına daş atmırdı, ictimai maraqlar müxtəlif olsa da mənafelər toqquşmurdu. Kiminsə “sevgi”, kiminsə pul, kiminsə də ilbiz dərdi başlarını elə qatmışdı ki, sülh şəraitini pozmaq heç kimin yadına düşmürdü. Əslində hamı hərəkətindən arxayın idi, bunun da səbəbi vardı: Klavdiya yataqda sərxoş vəziyyətdə dövlət sirlərini “vəfalı” arvadına pıçıldayan ərindən, milyonçu sərvətindən, milyonçunun arvadı cavan məşuqlarından, qızı geyşadan və atasının səxavətindən, geyşa “ilbizli gözəllik salonu, bülbül nəcisli xidmət” açıb hər ikisini varlandıracaq başıboş gözəlçədən, Həşim Klavdiyanın tumarından, Klavdiyanın “tısbağa” əri sevimli işindən razı idi. Bu kiçik “ictimai qrup”larda hamı bir-birinə kəf gəlməyin yeni variasiyalarını axtarırdı. Təkcə ilbizyığan rəfiqələrin halal, tamahdan uzaq “siyasət”inin mayası saf idi. “Sevimli şeytanlarının yerişi onların yorğunluğunu azaldırdı”.
Azər Qismətin “İlbizlər”dəki obrazlarının çoxunu real həyatda gördüyümüzdən, “içləri arvadlaşanların” atmacaları, ağzınlarındakı bağırsaq iyi bizə adi görünsə də, əslində mənəviyyatın deqredasiyasının fəsadları qorxunc və dağıdıcı təbiət hadisələrindən daha təhlükəlidir.
Milyonçunun bambılı qızının “bənövşə günü” məraimini təsvir etməyə cürətim çatmadı. Bu mərasim yekunlaşan kimi “indicə qadınlaşan qızın atasının “xəbəri” oldu, “sinəsindən qopan ağrıdan ufuldadı”, ancaq qözının naləsini eşitmədi. Görəsən, yeniyetmə sevgililərinin siyahısını günü-gündən artıran, “sədaqət andını yalnız Səadət sarayının pilləkəninə qədər daşımağa səbri çatan” qız anasının da ürəyi ağrıdımı? İnanmıram. Çünki onun geniş ürəyi ağrı hissini çoxdan itirmişdi. Ömrü boyu ilbiz körpələrinin gələcəyindən nigaran ana ilbiz, sümük atana vəfalı sümsük it “milyonçunun ipini yığa bilmədiyi” arvadından müsbət xislətlidir.
Yazıçı romanında o qədər həssas və incə məqamlara toxunur ki, hətta ötəri bir hadisənin, anın yanından laqeyd keçə bilmirsən. Mütaliə davam etdikcə anladım ki, şərhlərim, təhlillərim, əsərdən sitat və istinadlarım ən azı əsərin onda biri qədər ola bilər. Ədəbiyyatsevərlərə sayğım və hörmətim öz yerində, böyük çıxmasın, bir məsləhətim var: “İlbizlər”i oxuyun. Mən bilərəkdən bir çox nüanslara toxunmadım ki, oxucular da mənim kimi mütaliə, bəzi məqamlarda heyrət, heyranlıq həzzi yaşasınlar. Romanda hər sahənin mütəxəssisi üçün yararlanmalı o qədər bilgilər var ki...
“İlbizlər” təkcə bu günün yox, həm də gələcəyin romanıdır. Neçə-neçə yüzilliklər sonra tarixçilər arxivlərdə, kitabxanalarda əlinə keçən bu əsərdəki tarixi faktları oxuyub tapanda heyrətlənəcəklər. “İri dövlətlərin maraqlarının toqquşduğu mürəkkəb coğrafi mövqedə” yerləşən dövlət haqqında siyasi, tarixi, etnoqrafik informasiyalar, insan xarakterlərinin cürbəcürlüyü onlara yenilik axtarışında hava və su kimi lazım olduğundan sevinəcəklər, məəttəl qalacaqlar ki, dünyada özü özünün düşməni xalq da varmış...
Vətənimizin və bu günümüzün azman söz adamlarından biri Zahid Sarıtorpağın bir deyimi məni düşündürür: “Adam öz içini ələməyə heç vaxt meyl eləmir, ya da bunu etməyə cəsarəti çatmır, çünki “kəpəyi” çox olur və bundan qorxur hamı”. Azər Qismətin romanındakı hadisələrin cərəyan etdiyi “noxud boyda” ölkənin, “boz kəndin” sakinlərinin də “kəpəyi”ni yaradan bərəkətli “un”undan qat-qat bol eləmişdi. Mənəvi aləminə arxayın olunası varlıqlar tapmaq qızılaxtaran əzabından, Sizif əməyindən çətin idi. Desək ki, bu yerləri Tanrı lənətləyib, inanmayın. Çünki “rəngarəng xislətli xalqa lənətin gücü çatmaz, lənət konkret insana oxunur” inancına söykənən Azər müəllim “asanlıqla assimilyasiya plastilininə dönən” insanların taleyinin Tanrılıq olmadığına bizi dəlil və sübutlarla inandırır. Hətta bizim halımızdan, arzu və istəklərimizdən, “torpaqlarımızın işğalına yol açan ifrat multikultural dəyərlərimizdən, xislətimizi nağıllara, atalar sözlərinə köçürmək bacarığımızdan, hər tranformasiya zamanı yuyulan beyinlərimizdən” ən istedadlı cadugər də baş aça bilməyib “bizim qarşımızdakı gücsüzlüyünə təəccüblənə-təəccüblənə dünyadan gözü bərəlmiş halda köçüb: “İlahi, bu necə rəngli saçlı, müxtəlif sifətli məkandır. Ən güclü lənətim də sinələrinə dəyib üstümə qayıdır”.
Yaradanmı, yaxud talemi bu talesizlər ölkəsinə, bu ölkənin “xəstə təəssüratı yaradan” kəndinə “çöldə-bayırda sifətini kişiyana quruluşda şəkilləndirən, dünyanın nizamının pozulduğu bu illərdə qorxusu böyrəyinə vuran, atasının belindən tərsinə gələn, qızının hər gün yuxu dərmanı içirdiyinə görə sevişmə prosesində əsnədiyindən məşuqəsini hirsləndirən, Klavdiyanın gözünə heyvərə” kimi görünən Həşimlər, nazik qız səsiylə danışan”, sütul yeniyetmələri tələsinə keçirib milyonçu ərindən acığını çıxan Sevalar, Sevoçkalar, beyninin qırışları anadangəlmə hamar doğulan milyonçu qızları, tərbiyəsiz milyonçu köməkçisi, “meyit hələ soyumamış yas məclislərində qıçı boyda gənclərin pozğun lətifələrinə qəhqəhə çəkən mollalar, kənddəki toy və yas sahiblərindən pul qopartmaqdan ötrü pişiyə kilkə yedizdirən, lazım olanda asanlıqla boynundan yarışıb qapağı açıq transformatorun içindəki yüksəkvoltlu naqillərə tolazlayıb qısaqapanma yaradan, “xeyir işlərdə qapısına dəvətnamə göndərilməyən, “soxulcan” mantyorlar, “şər Tanrıçasına çevrilən” ekoloqlar, Təhlükəsizlik nazirliyindən kəndə “müalicə”yə gələn, “quyruq ələ verməyən “qondarma xəstə” əməkdaşlar, əlbəyaxa qaydasız döyüşə, bir-birinə atdığı təpikləri boşa çıxan millət vəkilləri, “yaxınları ilə çoban kimi davranan Mirpaşalar, “axtalamağı yaxşı öyrənsən ömürlük çörəyin olacaq” məsləhətini verən atalar, “ayaqlarını yumaq işini arvadına, qızına gördürən, divanda sərələnib televizora baxmağı, qonşunu çağırıb kölgəlikdə, artırmada nərd atmağı, tez-tez “çay” deyib evdəkilərə səslənməyi, arvadının qurutduğu təzəyi satıb pulunu cibinə qoymağı mental dəyərlər siyahısına salan kişilər, can verən balığa bənzəyən qocalar”, qapılar pusmaqdan qulaqları fil qulağına bənzəyən çuğullar, “ərəb pişiyi kimi nazla yeriyən, yarıçılpaq, qısa ətəkli, təzə əsgərlərə göz və yançaq atıb yandıq verən zabit arvadları”na ehtrasla marıtlayıb baxan gənclər, “nişanlısının kölgəsini görmək ümidi ilə Firəngizgilin hasarına dırmaşanda “dəli”liyinin nə vaxt qurtaracağını cibindən çıxardığı təqvimlə hesablayan, ağıllı həyatına dörd gün qaldığına” əmin olan, müharibə başlayanda qorxub yenidən “dəli”liyi tutan, meşədə gizlənib “meşə adamına çevrilən” İsmayıllar, “qəddi günü-gündən əyilən kənd kişiləri”, stansiyanın “qırmızı toz dumanı böyük qaşıntı, qurdağızlı, dovşandodaqlı, quyruqlu” körpələr, “vağzalı” havasıyla xoşbəxtliyinə qovuşmağa doğru gedən körpə həsrətli qız-gəlinlər, “ata” sözünə tamarzı oğullar, “inam ağaclarından təzə paltar asan” qadınlar, “inflyasiya sizin apardığınız siyasətin nəticəsidir, “bazar iqtisadiyyatı” terminini suya batırıb içərsiniz” atmacaları, ironiyaları ilə məmurları qınayan camaat” əta etmişdi.
Azər Qismətin mükəmməl təxəyyülünün, təcrübəli qələminin altşüurumuza göndərdiyi ismarışlar da bu günün acı reallıqlarıdır, həyatımıza işıq salmaq məramı daşıyır, Tanrı isə bizə işıqdan qorxanların çox olduğu məmləkət bəxş edib. Əbu Turxan əmindir ki, hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. Azər müəllim gülümsər simasının, yanar qəlbinin işığını “İlbizlər”in üzərinə səpərək dünyanı daha da işıqlandıra bilibmi? Bu sualı həqiqət yoluna çıxanlar, işıqsevənlər cavablandırsınlar.
Ölkə televiziyalarının birində qızğın diskussiya gedir. Regionun ən uca yolkasının qurulmasını müzakirə edən prezident aparatının və meriyanın iki nümayəndəsi “qırğın”a çıxıblar. “Meriyanın nümayəndəsi təklif edirdi ki, ağacı betona zəncirləmək müstəqilliyin ilk fəxri hadisəsini korlaya bilər, asfalt üç metr qazılmalı, ağacı salıb betonlamaq lazımdır. Prezident Aparatının nümayəndəsi heç cür razılaşmırdı, gövdə 3 metr betonda qalsa, bu, Mərkəzi Asiya ölkələrindəki yolkadan 4, cənub-şərqi Asiyadakından 2, Cənubi Qafqazdakından 1 metr çox olacaq, kifayət qədər azdır, rekord alınmayacaq... Aparıcının tez-tez öskürməsi aparatın ingilis dilini Sabirabad ləhcəsi ilə danışan, milli kadrları işə götürmək kampaniyasına təsadüfən düşən nümayəndəsini ayıltmadı ki, elə indicə mərmər binanın daxilində cızılan planları açıb tökür, veriliş yarımçıq saxlanıldı”. Yadıma min adamın yeyəcəyi tort, ucu-bucağı görünməyən salat, toyuqların sayı-hesabı bilinməyən ləvəngi, hündürlüyü ilə ölkənin başını ucaldan halva düşdü. “Müstəqilliyi kövrək kiçik ölkənin” məmurlarının başı bizi özümüzə və xaricilərə belə məharətimizlə tanıtmağa qarışmışdı, Dövlətçilik “iş”inin mahir ustaları – icra başçıları üçün bu cür rekordlar uğur və vəzifə trampliniydi...
Məşuqəsinin “pülədiyi” zurna-balaban havasıyla Klavdiya ilə birlikdə gələcək xoşbəxliyinə qaçmaq istəyən Həşimin tutulub qaytarılmasının, beş əsgərin onu “yerli xalqın adətləri ilə cəzalanırmasının” detalları da ibrətamizdir. “Zabitin yataqdan tapdığı ağlı-qaralı, qıvrım tüklərin bədəli beşillik planın qalibi olan arvadına verilən təzə kremplin donunu sandıqdan çıxarıb Klavdiyaya aparan, zabit ərinin odekalonunu qartmaqlı qasığına püskürdən kişidən çıxılacaqdı”. Necə, nə cür? Anaş sarı toyuqların qucağında küllənən, özgəsinin yatağında ağnayan, anqıran, yad çəpərdə banlamaq arzulu xoruzların taleyi belə də olmalıydı...
Orta məktəbdə “Azərbaycan dili və ədəbiyyatı” müəllimlərimiz bizə inşa yazdırardı. İnşanın planının sonuncu bəndi “əsərin tərbiyəvi əhəmiyyəti” olmalıydı. Müəllim mənə qəti tapşırardı ki, mütləq sərbəst mövzu yazmalısan. Sərbəst mövzunu yazmaq üçün kitab, “şparqalka” tapmaq mümkün deyil, cümlələr təxəyyülün məhsulu olmalıdır. Hər dəfə əlimə qalan alanda o vicdanlı, öyrətmək həvəsli müəllimlərimi xatırlayıram. Dünyasını dəyişənlərin ruhu şad olsun, yaşayanların canı sağ olsun. Deyəsən mətləbdən uzaqlaşdım. Azər Qismətin romanının adı “İlbizlər” olsa da, mənim üçün “Həyat kitabı”dır.
Şərh və təəssüratlarımı diqqətlə oxuyanlar anlayarlar ki, esiklopedik bilik və infomasiyalarla zəngin bu romandan iki nəhəng dərdimizi – mənəviyyat məsələlərini və ekoloji problemləri önə çəkib daha qabarıq göstərmək istədim.
Əsərin qəhrəmanı Pəricahan ərinin bütün zillətlərinə dözən, ərindən kişilik, mərhəmət görməyən sədaqətli ömür-gün yoldaşı, iki qızının xoşbəxtliyi, gələcəyi üçün yorulmadan, qorxmadan çarpışan fədakar anadır. Tarix müəllimi obrazı da ədəbiyyatımızın ən az müraciət olunan ziyalısı kimi yaddaqalandır. Pəricahan da, tarix müəllimi də xalqın mənəviyyat örnəyidir...
Və... 20 il sonra... “Şəkər xəstəliyinə tutulan, xəstə ərinə baxıb köks ötürən, barmaqlarının ucunda qonaq otağına adlayıb gözünü vaxtilə iki qızının yatdığı çarpayıya zilləyən, bu gün qızı və yeznəsinin, iki nəvəsinin gələcəyinə sevinən, digər qızının Çexiyadan zəng edəcəyini dəqiq bilən, neçə il əvvəl kəndi aclıqdan qurtardığına görə onu sevən qonşularının da üzündən öpəcəyindən” qürurlanan qadının ad günüdür.
“Taqqıldayan pəncərəni açdı. Tarix müəlliminin oğlunun işığına gülümsədi: “Pəricahan xala, atam ölməzdən əvvəl mənə demişdi ki, bu xəbəri birinci siz bilməlisiz... bilirsiz, nə olub... stansiya bağlandı... onu bağlatdırdıq”...
Anamız təbiət qədər bizim zərbələrimizin ağrılarına dözən, hələ də intiqam almaq fikrinə düşməyən varlıq tanımıram. Və manqurt kimdir? Nəslini, soy-kökünü, hətta anasını tanımayan şüuru beynindən çıxarılan məxluq - mənəviyyatın eroziyasının pik həddi. Bu an artıq insanlıq, bəşəriyyət yox olur. Biz ömür payımıza düşən zaman kəsiyində mənəviyyatın böhranınamı deyim, tənəzzülünəmi, bilmirəm, bu yolun bəlkə də yarısındayıq. “İlbizlər” bizə bunu anladır, həyəcan siqnalı göndərir, həyəcan təbili çalır, qəflət yuxusunda şirin-şirin uyuyan bizləri oyandırmaq istəyir. Gəlin oyanaq. Gəlin düşünək...
Müdrik Sokratdan soruşdular ki, sən nə üçün yeniyetmələrlə həmsöhbət olursan? Dedi: “çünki nazik budaqları düzəltmək asandır, quruyub bərkimiş ağacları düzətmək çətin”. Yuxarıda sadaladığım çeşid-çeşid, rəngarəng mənfi xislətli adamlar qrupu artıq çoxdan quruyub və bərkiyib. Ona görəmi bizdə Sokratlar, mənəviyyatlı hökmdar Avrelilər, qul-filosof Epiktetlər yetişmir? Bizim nazik budaqlarımız yoxmu? Nə yaxşı ki, xalqın, Vətənin durumuna laqeyd qalmayan yazarlarımız, Vətən daşlarımız var. Şair, tərcüməçi Qismət Rüstəmov yazır: “yazmaq nabələd adama bələdçilik etmək kimidir”. Bələdçilik etmək insanı zülmətdən uzaqlaşdırmaqdır, işığa doğru aparmaqdır.
Bizim həqiqətləri yazan qələm sahibinə, ilahi sözə, duyan ürəyə, əsrlərlə yaşayacaq kitablara bizim daha çox ehtiyacımız var. Azər Qismət də bizi işığa doğru aparan yazarlardandır, “İlbizlər “ də zülmətdən uzaqlaşdıran əsərlərdəndir...
yanvar-fevral 2022.