Nəcəf Əsgərzadə -"Ağ İşıqlı Şəhər"dən əvvəlki şəhər
Səhər yatağından qalxdım və düşündüm ki, bu gün bir yazı yazım. Amma yazıya necə başlayacağamı bilmirdim.
Səhər saat on idi və mən divanda oturmuş yazacağım yazımın birinci cümlələrini fikirləşirdim. Həmişə çətinlik çəkirəm ilk sözləri tapmağa. Yazıya başlamaq bu qədər çətin olmalıdırmı?
Onu deyim ki, hələ də ilk sözləri tapmadığım üçün yazıya başlaya bilməmişəm.
Hava tamamilə qaralıb. Saat artıq doqquza beş dəqiqə işləyib. Qarşımda Ağ İşıqlı Şəhər romanı (əsərin müəllifi Asim) var. Onu vərəqləyirəm. Təsadüfən açdığım səhifədə yazılan cümlələri oxumağa başlayıram.
Bilirəm soruşmaq istəyirsiniz bu kitab nədən bəhs edir? Öyrənmək istəyirsiniz doğrudan?
Məlumdur bəziləriniz artıq bu nöqtədən sonra yazıya davam etməyəcəklər. Çünki onların daha vacib işləri var. Kim boşsa, mənimlə qalıb kitab haqqında danışacaqlarımın ardını dinləyə bilər. Amma onu da xatırladım ki, bu işdə heç bir məcburiyyət yoxdur. Kim istəsə əvvəldə, ortada yazıdan çıxa bilər. Seçimi sizə buraxıram.
Hə onu deyim ki, yazını oxumaq istəyənlərin yanlarında mütləq eynək olmalıdır. Səhv başa düşməyin, mən bunu sizə "gözünüz zəifdir" anlamında demək istəmədim. Burada məram başqadır. İndi sizə açıqlayacam.
Sizə təklif olunan eynəklər "bəsirət eynəkləri" adlanır. Bu eynəkləri mən əsərin müəllifindən götürmüşəm. Özü mənə və sizə bunu hədiyyə göndərib.
Bəs bəsirət eynəkləri hansı funksiyanı yerinə yetirir?
Bu eynəklər ilə mən və siz bu vaxta görə bilmədiyimiz şeylərin əsl üzünə şahid olacağıq. Deyəsən biraz həyəcanlandınız. Təlaşa heç bir səbəb yoxdur. Ürək döyüntüləriniz artdısa, iki dənə valerian atın biraz sakitləşin.
Hər kəsdən rica edirəm. Sizə göndərdiyim bəsirət eynəklərini taxın və bu maraqlı, ecazkar səyahətə başlayaq.
1, 2, 3, başladıq.
İndi isə ekrana diqqətlə baxın. Danışacağım hadisələrin canlandırılmış variantını ardıcıl şəkildə ekranda görəcəksiniz.
Elə sanmayın ki, biz gələcəyə doğru yol alacağıq, heç də elə deyil. Bu səyahət keçmişə doğru, biz yaşadığımız dövrdən xeyli əvvələ təsadüf edir.
Ərəbistan. Geniş, ucu-bucağı görünməyən səhralar. Dəvə karvanları.
Günəş zenitdə parlamaqdadır. Hava yaman istidir. Özünüzü gün vurmaqdan qoruyun. Yoxsa vəziyyətiniz heç də yaxşı olmaz.
“Ağ İşıqlı Şəhər”dən əvvəlki şəhər
Məkkə şəhəri. Bütpərəstlik dönəmi. Gildən düzəldilmiş heykəlciklər. Bu heykəlciklərin adları Sənəm adlanır. İnsanlar bu heykəlciklər üçün nəzir verib, qurban kəsirlər. Məkkəni idarə edənlər isə bu yolla qarınlarını doyururlar.
Yeni bir adam. Yeni bir din. Yeni bir yol.
İslam dini yavaş-yavaş cücərməyə başlayır. Bunu hiss edən Məkkənin "bütpərəst" başçıları - əsas da Əbu Süfyan - bu cücərtinin qarşını hər vəchlə almağa çalışırlar.
Fəqət ortaya çıxan dinin qolları yavaş-yavaş insanları öz qoynuna alıb sıx-sıx qucaqlamağa başlayır.
Əbu Sirxab bu yeni dinin ilk daşıyıcılarından biri olur. Əvvəllər bütpərəst olan Əbu Sirxab arvadı Bint İmranın doğduğu qız uşaqlarını diri-diri torpağa basdırırdı. Gəlin, bu əməli onun təkcə bütpərəst olmasına yozmayaq. Bəsirət eynəklərimizdən istifadə edərək hadisənin görünməyən tərəfinə nəzər yetirək.
Ərəblər qısqanc millətdir. Onlar öz arvadlarına oxşayan qızlarını başqa kişilərə qısqanırlar. Ona görə də uşaq əgər anasına oxşayırsa bu onun ölümündə əsas aparıcı rol oynayır.
Biz əsər boyu Əbu Sirxabın qızı Leyliyə sevgisinin ilahiliyinə şahid oluruq. O, qızının nə istəyi varsa, mütləq yerinə yetirməyə çalışır. Atası Leylinin göz yaşlarına heç cürə dözə bilmir. Leyli atasının zəif nöqtəsidir.
Əbu Sirxab islamı qəbul etsə də, əsər boyu onun tutduğu inancında sapmalar, dönmələr hiss olunur. O, bu inancından tezliklə mənfəət əldə etməyə çalışır. Buna sübut kimi Məhəmməd peyğəmbərin evinin qabağında bişirilib paylanan dəvə ətinin Əbu Sirxab tərəfindən ac-gözlüklə yeyilməsini göstərmək olar. Bu zaman onun yanında olan Əbu Yusif ağasının bu hərəkətinə təəccüb etmiş, hətta onun əti belə gəmirməsindən ürəyi bulanmışdı.
Əbu Yusif kimdir? O, Əbu Sirxabın hesabdarıdır. Əbu Yusif islam dinini qəbul etməyib hələki.(Oda sonradan gec də olsa islam dinini qəbul edəcək) O, ağasının paxıllığını çəkir. Çünki, Əbu Sirxab Yəməndəndir, Məkkəli deyil. Buda onu iki dərəcəli mövqeyə itələyir. Çünki bizə müəllif Əbu Sirxabın Yəmənli olmasını bir neçə yerdə qəsdən xatırladır.
Əbu Sirxab ilə Əbu Yusifin dostluğunun altında qazanc və işlərin yoluna qoyulması kimi məsələləri yatır. Buna baxmayaraq, uşaqlarının bir-birinə münasibəti onların münasibətini bizə unutdurur.
Leyli və Qeys bir-birini sevir. Onlar arasında zaman keçdikcə sevgi bir qram da olsa sönmür. Əksinə tədricən güclənərək gəncləri bir-birinə sıx bağlayır. Onlar sevgilərindən ötrü çətin və məşəqqətli yollardan keçmək məcburiyyətində qalırlar. Qeys dini inancına görə həbsə düşür, həbsdən çıxır, sonradan Leyli ilə birgə səhraya üz tuturlar. Ac və susuzluğundan ölməyə məhkum olduqları zaman Cin tayfası onların köməyinə çatır.
Qəribədir hə? Bu Cin tayfası da hardan çıxdı?
Bu Cinlərin adı Qurani-kərimdə çəkilir. Cin sürəsi onlardan bəhs edir. Yenidən bəsirət eynəklərimizlə məsələyə baxmamız gərək.
Cinlər yüz illər boyunca böyük imperiyanı idarə ediblər. Sonradan imperiya dağılıb və cinlərin sayı get-gedə azalıb. Geriyə qalan cinlər isə tayfa şəkildə səhrada məskunlaşmağa başlayıb. Onlar öz gəlirlərini isə karvanlara edilən basqınlar hesabına sağlaya bilirlər. Cinlər ərəblərdən öncə islam dinini qəbul ediblər. Məhəmməd peyğəmbərə də ərəblərdən fərqli olaraq böyük hörmət və ehtiram bəsləyiblər. Bu səbəbdən Qurani-kərim kitabında onlara dair surə yer almaqdadır.
Deyəsən dediklərimi bir çoxunuz qəbul etmək istəmir. Məni kafir adlandırıb yazını da tərk edənlərin sayı heç az deyil. Olsun, problem deyil. Biz qalanlarla davam edək yola.
Əsəri oxuduqca biz ərəblərin islam dininə qədər necə yaşadığını şahid oluruq. Müəllif ərəbləri yerdən-yerə vuraraq, onların bütün çirkin əməllərini ortaya çıxarır. Məhəmməd peyğəmbərə qədər ərəblərin bir xalq olaraq qara qəpiyə dəymədiyini adi gözlə də görmək olur.
Ölmüş "hami" dəvənin ətinin bişirilib yeyilməsi səhnələri bizim ürəyimizi bulandırır. Xəstəliyin yayılma mənbəyi olan bu əti ərəblər elə bəh-bəh yeyirlər ki, əlimiz üzümüzdə qalır. Bundan başqa ərəblərin tualet mədəniyyətinin sıfır olması bizi iyrəndirməyə bəs edir. Onlar heyvanlar kimi harda boş torpaq sahəsi gördülərsə, şalvarlarını aşağı çəkib işlərini görürlər. Bu iki detal ərəb xalqı haqqında oxucu da tam fikrin formalaşmasına əməllicə təsir edir.
Əbu Sirxaba dönərsək, bir şeyi xüsusilə qeyd lazımdır. Əbu Sirxab əsərin əsas mərkəzində dayanan fiqurdur. Bizim gözümüz daima onun üzərinə fokuslanır. Amma Əbu Sirxab əsərin ortalarında əsərdən çıxır. (Eynən yalquzaq kimi. Onu qeyd edim ki, Əbu Sirxab adının ərəbcə mənası yalquzaq deməkdir) O ölür. Bu zaman bizim eynəyimizdə çat əmələ gəlir. Tarazlığımız pozulur. Hadisələrinin axınını itiririk. Bunu yazıçının istifadə etdiyi ədəbi priyom kimi dəyərləndirə bilərik. Əsas sayılacaq obraz əsərin ortasında əsərdən çıxır. Oxucu bunu heç cürə qəbul edə bilmir.
Bəs bundan sonra hadisələrin axını hansı yönə istiqamət götürür?
Məhəmməd peyğəmbərə və onun yaymaq istədiyi dinə qarşı qadağalar güclənməyə başlayır. Ona qarşı Məkkə başçıları anti-təbliğat aparmağa girişirlər. "Kim onlarla ünsiyyətdə olarsa həmin adamlara heç bir şey satılmayacaq. Onlar bundan sonra heç bir şey ala bilməyəcəklər" deyə şüarlar Məkkənin küçələrinə yayılmağa başlayır. Xalq da təbii olaraq edilən xəbərdarlığı qulaq ardına vura bilməyib, Məhəmməd və onun ailəsindən uzaq gəzməyə başlayır.
Bunun məntiqi nəticəsi olaraq, Məhəmməd peyğəmbər və onun sadiq tərəfdaşları şəhərdən kənarda çadırlarda yaşamlarını davam etməyə qərar verirlər.
İllər ötür. Məhəmməd peyğəmbərin ailəsindən ölüm bir-bir yaxın adamları aparır. Məkkə başçıları bu xəbərləri eşidikcə bayram edirlər. Amma mübarizə hələ sona çatmamışdı.
Leyli və Qeys uzun illərdən sonra Məkkə şəhərinə dönməyə müvəffəq olurlar. Məkkə artıq əvvəlki füsunkar gözəlliyini itirib. Qeys və Leylinin gəzdiyi "zibilliyin" yerində yeni evlər tikilib. Onların ailə üzvlərindən xəstələnən, hətta vəfat edənlər də var. Buna rəğmən,həyat davam etməkdir. Sevgi hər şeyə qalib gəlmək gücündədir. Bu fikri ona görə xüsusi olaraq qeyd edirəm ki, əsərdə Əbu Sirxab obrazı mərkəzdən çıxandan sonra, oxucu həmin boşluğu Qeys və Leyliylə doldurmağa çalışır. Hadisələr artıq onların ətrafında cərəyan edir.
Hətta biz Leyli ilə Qeysə o qədər fokuslanırıq ki, Əbu Sirxabın arvadı Bint İmranı, ikinci arvadı Adsızı, qulluqçu Rəqqasəni, Əbu Yusifi və onun arvadı Zübeydəni tamamilə unuduruq.
Bilirəm artıq darıxmağa başladınız, yerinizdə qurcanalasınız, hətta mürgüləyənlər də var. Yordum sizi bağışlayın.
Fikrimi tamamlamağıma az qalıb. Biraz səbr edək.
(Birdən işıqlar sönür. Ekran qaralır. Tamaşaçılar arasına bir anlıq çaxnaşma düşür. Hamı yerindən qalxıb salonu tərk etməyə hazırlaşır.)
Dayanın. Bir dəqiqə. Sizə sözüm var.
(Tamaşaçıların bəziləri dayanır, bir çoxu artıq salonu tərk edir)
Ağ İşıqlı Şəhər. O, artıq qarşıdadır. Məhəmməd peyğəmbər və tərəfdaşları getdikcə Məkkə şəhərindən uzaqlaşırlar.
Qaranlıqdan qorxmaq lazım deyil. Qaranlığı yarmaq lazımdır. İnsanın içində işıq var. Həmin işığı sönməyə qoymaq olmaz. Biz öz içində yanan işıq ilə sadəcə qaranlığa qərq olan bir otağı deyil, bir şəhəri, bir ölkəni işıqlandıra bilərik. Necə ki, bunu Məhəmməd peyğəmbər bacardı. O qaranlığa bürünən Məkkə şəhərini illər sonra "İşıqlı" şəhərə çevirdi.
Və mənim sözüm burda bitir. İndi gedə bilərsiniz. Təşəkkürlər məni dinlədiyiniz üçün.
(Salonda qalan az saylı tamaşaçılar asta-asta çıxışa irələyirdi. Və birdən işıqlar yandı. Onlar arxaya çevrilib baxdılar. Amma artıq o yerində deyildi. Belə tezliklə, qaranlıqda o hara qeyb oldu? - deyə düşünə-düşünə tamaşaçıların sonuncusu da salondan çıxdı)