Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə- Məryəm surəsini "Yad dildə" oxuyanlar

Nəcəf Əsgərzadə- Məryəm surəsini "Yad dildə" oxuyanlar

Nəcəf Əsgərzadə- Məryəm surəsini "Yad dildə" oxuyanlar
Proza
Necef Esgerzade
Müəllif:
20:12, 13 oktyabr 2019
2 117
0

 Gecə saat iki idi. Divanda uzanmışdım. Televizor açıqdı. Hansısa filmə baxırdım, yadımda deyil.
 Birdən otağın kənarında bir işıq yandı sanki. Telefonum yanımdaydı. Öncə işığın gözümə göründüyünü zənn etdim və diqqətimi filmə verməyə çalışdım.
 İkinci dəfə yenə həmin yerdə işıq yanıb-söndü. Divanda qalxıb oturdum. Gözümü işıq gələn səmtə dikdim. Doğrudan da işıqdı, yanıb-sönürdü. Ayağa qalxıb həmin küncə getdim. Gözlərimə inanmadım. Yanıb-sönən bir kitabın üz qabığıydı. Hansı kitab olduğunu tam aydın seçə bilmirdim. İşıq gözümü deşirdi. Əlimi uzadıb kitabı götürdüm. Otağa gur işıq yayıldı.
 Gərək heç kitaba əl vurmayaydım. Elə birinci səhifəni açmışdım ki, gözlərim qaraldı.
 Özümə gələndə nə olduğunu anlamadım. Evdə deyildim. Evdəydim əslində, sadəcə öz evimdə deyildim. Bura çox soyuq idi. Əynim nazik olduğundan üşüyürdüm.
 Birdən kimsə qolumdan tutub məni dartdı.
 - Sən kimsəm?
 Dedim, adım N.-dir
 - Burda neynirsən? Bizi tutdurmağa gəlmisən?
 - Yox e, inanmazsan, mən də bilmirəm bura necə gəlib çıxmışam.
 - Yalan demə, evə gizlicə girib, bizi öldürəcəkdin hə?
 - Sən nə danışırsan? Kimsən sən? Mən hardayam?
 - Mənim İsmiyəm.
 - İsmi? Nə İsmi?
 - İsmi. Mənə vaxtilə İnqilabın İsmi deyərdilər.
 - Ay da! İndi mən neyləcəm. Batdım mən. Geri necə qayıdacam?
 - Hara geri qayıdırsan? Səni heç qoyaram geri getməyə? Kimə işləyirsən, tez ol de? Yoxsa səni burdaca öldürərəm, heç kimim xəbəri olmaz.
 Səsə bir xanım gəlir:
 - İsmi, kimdir o?
 - Heç, kimisə bizi öldürmək üçün göndəriblər. Əlimə keçdi yaramaz.
 - A, sən Umaysan?
 - Hə, sən kimsən?
 - Mən N. Siz məni tanımazsız.
 - Heç səni tanımaq da istəmirik.
 - Amma mən sizi yaxşı tanıyıram.
 Umay təəccüblənir:
 - Hardan tanıyırsan ki bizi?
 - “Məryəm surəsi” romanından.
 - Sən nə danışırsan. Başına hava gəlib?
 - Yox, əlini boğazından çəksən, hər şeyi sizə izah edəcəm.
 İsmi boğazından əlini çəkir. Çay verirlər mənə. Mən də onlara başıma gələnləri danışıram. Təbii ki, inanmırlar. Heç mən də bu başıma gələn olaylara heç cürə inana bilmirəm.
 Umay deyir:
 - Düşünək ki, sənin danışdıqlarına inandıq. Bəs geri necə dönəcəksən?
 - Mən də bunu bilmirəm.
 İsmi söhbətə qarışır:
 - Bunun dediklərinə necə inanırsan? Bu bizi dolayır. Sən də buna imkan yaradırsan ki, bizi aldadıb toruna salsın.
 - Mən heç kimə inanmıram. Sən də həmişə məni günahlandır. Düş üstümə.
 Sakit olun. Mənə görə vuruşmayın. Bilirəm, danışdıqlarım sizə qeyri-real gəlir, amma həqiqət budur. İndi gərək, geriyə dönməyin bir yolunu tapım.
 Onlar bu vəziyyətdən başlarını tamamilə itirmişdilər. Öz aralarında xosunlaşırdılar.
 Artıq əsərin kontrolu sıradan çıxmaq üzrəydi. Birdən qulağıma tanış bir səs gəldi. Deyirdi:
 
"N. Qoy işimizi görək də. Sən niyə mənim romanımı pozmağa çalışırsan. Belə olmaz axı. Keçən söhbətimiz zamanı sənə kitabı ikinci dəfə oxu dedim, ta demədim ki, özünü romanın içinə sal. Bu hərəkəti səndən heç gözləməzdim, heç…"

 Aydındır. Səsin sahibi Pərviz Cəbrayıl idi. Yaman hirslənmişdi. Az qala səsindən qulağım batacaqdı. Amma Pərviz bəyin səsini eşitcək ümidim artdı. Fürsətdən istifadə edib ürəyimdə Pərviz Cəbrayıla səsləndim:
 
"Pərviz bəy, salam. Bilirəm, hirslisiniz. Bir şey demək istəyirəm. Mən bilərəkdən romanın içinə düşməmişəm. Necə olub, özüm də bilmirəm. İndi isə geriyə dönəmmirəm. Mənə bir yol göstərin. Nolar…"

 - Sizə bir çay da gətirim? - deyə Umay mənə yaxınlaşdı. Mən isə “yox” cavabı verdim. Əlavə etdim ki, işinizdə olun. Söhbətinizi edin. Əgər söhbətə davam etməsəniz, roman dayanar, irəli getməz. O isə dediklərimi deyəsən anlamadı. Eləcə könülsüzcə İsminin yanında qayıtdı.
 Pərviz bəydən cavab gözləyirdim. Susqunluq idi yaman.
 Bir az da keçdi. Və Pərviz bəydən cavab gəldi:

 "Bilmirəm səni ordan necə çıxaracam. Polkovniklə danışdım. Deyir, narahat olma. Həll edərik. İndi də onunla danışıram".
 
Bu polkovnik də kim idi?
 
Və yeni səs gəldi:
 
"N. narahat olma. Polkovnik ilə danışdım. Yoldadır, gəlir. Səni ordan çıxaracıq. Amma onun dediklərini hərfi-hərfinə yerinə yetirməlisən. Unutma. Salamat qal".
 
Bir az keçdi. Yuxu məni apardı. Gözlərimi açanda Polkovniki qarşımda gördüm. Qorxdum.
 
(Pərviz bəyin mənə danışdıqlarından: Onlar xüsusi agentlərlə gəlib ora çıxanda sənin ürəyinin getdiyini görüblər. İmmunitetin aşağı düşməsi, ürəyin zəif vurması sənin ölümünü tezləşdirə bilərmiş. Polkovnikin göstərişiylə təcili səni maşına qoyub yola düşüblər. “Yad dildə” romanının keçid məntəqəsini keçib Bayırşəhərin ətrafından xüsusi yolla gəlib binaya çatıblar. İçəri girəndə sən ayılmış kimi olmusan. Həkim gətizdiriblər. Həkim deyib ki, buranın havası ona düşməyib. İki roman arasında qaldığından nəfəsi daralıb. Bir azdan düzələcək. Mənimlə əlaqə saxladılar. Yaxşı ki, dərman-zad göndərdim. Yoxsa çətin özünə gələrdin).

 - Məndən qorxmaq lazım deyil, mən bura Pərviz bəyin tapşırığıyla gəlmişəm. Məni çox güman tanıdın? - Polkovnik dilləndi.
 - Sən “Yad dildə” əsərindəki Polkovniksən, hə? - deyə bağırdım.
 - Bəli, oyam. İndi mənim dediklərimə diqqətlə qulaq as.
 - Sən məni aldadırsan. Nə qədər gəncin başını yedin əsər boyu. İnanmıram sənə.
 - O, sadəcə əsər idi. Mən də sadəcə bir obraz. İndi sənə kömək etməyə çalışıram. Qulaq as mənə.
 - Yox, sənə inanmıram.
 - Özün bilərsən. Onda sən geri göndərirəm. Yenə İsmi ilə Umayın yanına.
 - Elə şey etmə. Yalvarıram sənə. İsminin məndən heç gözü su içmədi. Onların yanına göndərsən, məni öldürəcək İsmi.
 - Onda dediklərimə qulaq ver.
 Polkovnikin dediklərini diqqətlə dinlədim. Və razılaşdım.
 Burdan qurtulmağın bir yolu vardı. “Məryəm surəsi” haqda bir resenziya yazmaq. Özü də P. Məryəm surəsi romanını bitirənəcən. Razılaşmaqdan baş çarəm qalmadı.
 
Sözarası: Bu hadisədən bir neçə gün əvvəl kömpüteri yandırıb, yazdığım yazıların yer aldığı bölümə keçid etdim. Bir yazımı axtarırdım. Axtardığımı tapdım. Bir az oxudum, zəif bir yazı olduğuna qərar verib, silmək istəyirdim ki, son anda qəbul etdiyim qərarımdan geri addım atdım.
 Bizim "Yad" dilimiz. Yazdığım məqalənin adı belə adlanırdı.
 Bildiniz də nəyi deyirəm? (Aydın Canıyevə hörmətlə…)
 Mənə bir dəftər, bir qələm verdilər. Otaqda oturub fikirləşməyə başladım. Birdən yanımda özümə oxşayan bir nəfəri gördüm. O, eynən məndi. Təəccübləndim.
 - Mən sənin eqonam.
 - Hə, nə gözəl. Fikrimi dağıtma da, yazımı yazım.
 - Dayan, sənə kömək edim.
 - Necə kömək edəcəksən ki?
 - Bir dəqiqə gözlə.
 Yanındakı eqom özüylə gətirdiyi dəftərə nələrsə yazıb-pozdu. Sonda dəftərdən vərəği cırıb mənə uzatdı. Vərəğə baxdım. Orada anlaşılmaz dildə nələrsə yazılmışdı.
 - Bu nədir yazmısan? Heç nə başa düşmürəm.
 - Bir az beynini işlət, anlayacaqsan.
 - Olar ki, yazını sən yazasan? Burdan tez çıxaq. Əvəzini mən sənə artıqlamasıyla verəcəm.
 - Yox, belə bir şey edə bilmərəm. Bağışla.
 - Ay da, işə düşmədik. Gəl, belə edək.
 - Heç cürə alınmır. Sağ ol. Mən gedirəm.
 - Hara?
 Birdən yanında özümə oxşayan məxluq get-gedə balacalaşaraq gəlib burun pərələrimdən içimə daxil oldu. Mən isə şok olmuşdum.
 Bir az keçdi.
 Yenə otaqda tərk qaldım. Əlimdə bir vərəq.
 Başımı tamam itirmişdim. Az qala ağlayacaqdım.
 P. isə oxumağa başlamışdı artıq. Vaxt gedirdi. Ekranda onun neçənci səhifədə olduğu göstərilirdi.
 Oturdum və düşündüm. Mənə verilən vərəqdəki sözlərə baxdım.
 Bu resenziyanı mütləq yazmalıyam. Mütləq. Mən bunu bacaracam.
 Və əlimə qələmi götürüb, ilk sözləri yazdım.
 
Məryəm surəsini "Yad dildə" oxuyanlar.
 

Kiçik haşiyə: Roman haqda fikirlərim tam qarışıq vəziyyətdədir. Oxuduqlarımı tamamilə anlayıb-anlamadığımı belə dəqiq bilmədiyimə rəğmən, mənim qarşıma qoyulan təklifə, təklifə yox, şərtə əsasən indi bu balaca otaqda oturub, oxuduğum əsəri beynimdə təhlil süzgəcindən keçirib, qarşımdakı 100 vərəqli dəftərə nələrsə yazmaq məcburiyyətində qalmışam. Heyif ki, kitab yanımda deyil. Kitabda işarə etdiyim hissələri yenidən gözdən keçirərdim. Bəzi məsələləri özüm üçün saf-çürük edərdim. Əfsus ki, belə şansım yoxdur. Mənim güvənəcəyim ən güclü silah yaddaşımdır bu dəqiqə. Gərək ki, yaddaşım məni yolda qoymaz deyə düşünürəm.
 
Birinci hissə
 
Umud pisliklərin ən fənasıdır, çünki işgəncəni uzadır...

 Fridirix Nitsşe
 
Zəruri giriş: Romanın birinci hissəsi insanı müəyyən qədər intizarda saxlayır. Bir hadisə bitir, digər hadisə başlayır. Dörd-beş hadisə iç-içə, bir-biriylə dolayı yollarla bağlantı içindədir, bu isə bizə əməllicə zorluq yaradır. Gərək romanı oxuduğum müddətcə sakitliyə riayət olunsun. Əks təqdirdə bir anlıq fikir yaygınlığı əsasında romandan qopmamız an məsələsidir. Ona görə kitabın arxasında xüsusilə bildirir ki, bu roman hazırlıqlı oxucular üçün nəzərdə tutulub. Bunu gözardı etməyin xahiş edirəm sizdən.
 
Keçək romana
 
Kiçik haşiyə: Birinci Urşandan danışmaq gərək. Hamı onu allah kimi tanıyırdı kənddə. Bir gün Urşan əlində qoşalülə tüfənglə çölə çıxdı. Allahı öldürəcəyi ilə hədələdi. Doğrudan silah təsadüfən yerə düşdü, atəş açıldı üzü göyə. Allah o ölən öldü. Birdəfəlik. Urşan özünü öldürür əslində (insan tanrıdır).

 Mənimsə yadıma “Əllidən bir kəm” (Müəllif Azad Qaradərəli) romanından bir hissəni xatırladım. Orada da göyə açılan atəş nəticəsində Allah öldürülmüşdü.
 Həmin roman haqda yazdığım məqalədən bir hissə indicə yadıma düşdü:
 Allahı Nitsşe deyil, göyə açılmış üç güllə öldürdü.
 Allahı Nitsşe deyil, "Polit oddel" ləqəbli Axmed Axmedov öldürdü.
 Bildiniz də nəyi deyirəm?)

 Hər şey də bundan başlayır.
 Hər şeyin adı ya dəyişdirilir, ya da təhrif olunur.
 Belə bir şeyin baş verməsiylə biz gözümüzün qabağında olanı görməməyə, bilməməyə başlayırıq.
 Yadlaşırıq gerçəklərə. Həqiqətlər artıq "Yad" dildə yazılır lövhələrə.
 Təhrifə məruz qalır ümidlər. Ümidlər dəyişir adını, umudlar olur.
 Uzaqdan səs eşidilir. Umu, ay Umu...
 Bu nə səsdir belə?
 Bu Atanın səsidir belə.
 Yox bu Atanın səsinə heç oxşamır.
 Səsi sadəcə Umay eşidir. Sadəcə Umay.
 Umayın həyata gəlməsi də müəmmadır əslində.
 Umay dünyaya gəlməsiylə anasını ölümə göndərir.
 Umayın anası Leyli. Leyli çevrilib olur Lilit. Adı yadlaşır Leylinin.
 Lilit Adəmin yanına göndərilən ilk qadın olaraq bilinir.
 Lilit Həvvadan fərqlənirdi. Lilit Həvva kimi əri Adəmə tabe olmaq istəmirdi. Lilit Adəmin üstündə mütləq hakimiyyət qurmağa çabalayırdı.
 Buna görə Allah Həvvanı yaratdı. Adəmə tabe olan Həvvanı.
 Lilit Adəmi tərk etdi. Gedib Şeytana qoşuldu. Lilit o gedən getdi.
 Həvva isə Adəmin yanına gəldi. Biz onu başıaşağı kimi tanıdıq. Əmma bu heç də belə deyildi. O Lilit kimi deyildi. İşini altdan-altdan görürdü. Bunun nəticəsi olaraq Həvva Adəmə almanı daddırdı və onlar cənnətdən qovurdu.
 İndi Leylini Lilit adlandırırdılar. Amma Leyli Lilit kimi üsyankar deyildi. Onun ruhunda tabe olmaq vardı.
 
Ata Liliti (Leylini) kənddən (cənnətdən) gələrək şəhərdə (cəhənnəmdə) tapdı. Onu ordan oğurlayaraq vaxtı ilə qaçdığı yerə təzədən gətirib çıxardı. Onu özünə arvad etdi.
 
 Hə həm də Lilit erməni adı idi. Yenə bir yad ad. Şüuraltı mesaj.
 (P. artıq qırx beşinci səhifə idi.)
 Ata Umayla Leyli arasında seçim edir. Təəccüblüdür niyə o, Umayı seçir? Umay ki onun qızı deyil.
 Bəlkə onun qızıdır?
 Umaya kənddəki Umay ana öz adını verir. Onu öz qızı kimi sevir.
 Umay ananın təndiri, təndirin yanında qollu-budaqlı çinar ağacı var.
 O çinar nələr görüb bir bilsən!
 Umay nə deməkdir? Gəlin, bir düşünək.
 Umay türk mifologiyasında ev, heyvandarlıq tanrıçasıdır.
 Umay həm də yaxşılıq tanrıçasıdır. O, insanlara bərəkət paylayır. Uşaqları çox sevir. Uşaqların tərbiyəsiylə məşğul olur.
 Göydə yaşayır.
 Digər bir məsələ. Ağacla bağlıdır.
 Türk mifologiyasında ağac bəşəriyyətin yaradıcısı kimi qəbul olunmuşdu. O bizim hamimız kimi təsvir edilmişdi. Ona görə Umay ilə ağac burada qoşa yad edilməlidir. Necə ki edilir.

 İki Umay və onların yanında uca çinar ağacı
 Başlanğıc burdadır. Sirr bu ağacda gizlənib. Hər şey burdan başlayır əslində. Umud da, İsa da, Tanrı da, Asilər də başlanğıcı burdan götürür.
 
 Umay qızımız get-gedə böyüyür. Sanki Atanın ona gözü düşüb. Ata öz "atalığı"nı unutmamalıdır.
 Umay öz keçmişini danışır. Bütün gecə evinə sığındığı İsmiyə.
 İsmi qəlbən Umayı sevir. Bunu Umaya açıqlayacaq üzü yoxdur.
 Umay deyəsən bilir bu həqiqəti. Onlar iki yad kimi söhbətə başlayıb, iki dost kimi söhbəti bitirmək istəyirlər.
 Əslində İsmi və Umay bir-birinə yad deyil. Onların inqilabı keçmişinin kökləri yavaş-yavaş çürüməyə başlayır. O keçmişdən sadəcə geriyə tək-tük şəxslər qalıb.
 Sözarası: Pərviz Cəbrayılın yaradıcılığında ağac mövzusunu xüsusiylə vurğulamaq lazımdır. Onun "Ağacların ayaqları" şeiri yazının bu hissəsiylə tamamilə uyğun gəlir. Heyf şeir əzbərimdə yoxdur. Siz istəsəniz həmin şeiri tapım oxuyun. Əla şeirdir.
 Bildiniz də nəyi dedim?)

 
 İnqilabın İsmi. Umay İsmini belə adlandırır.
 Bəs İnqilabın İsmi nə idi?
 (P. artıq yüz iyirmi beşinci səhifə idi.)
 İnqilabın İsmi yox idi əslində. Bunu Umayın dilindən eşidirik. Umay deyir ki, əvvəl azad olmaq üçün mübarizə aparırdıq, indi azad ölkəmiz var, biz nədən və kimdən azad olmaq üçün mübarizə aparmalıyıq?..
 Dilsuz müəllim. Yenə də təhrif olunmuş bir ad.
 Dilsuz müəllim Umayın və Umay kimi asi gəncliyin yol göstəricisi idi. Dilsuz müəllim bir kompas funksiyasını yerinə yetirirdi.
 Amma bu vəzifəsinə sonacan sadiq qala bilmədi. Yuxarıdan gələn təklifə yox deyə bilməyib, gəncliyi başlı-başına buraxdı.
 Buna görə gənclik onu heç vaxt bağışlaya bilmədi. Hətta həmin vəzifədən istefa versə belə, gəncliyin arasında onun yeri çoxdan silinmişdi.
 Təkcə Umay onu anlayırdı. Dilsuz müəllimi qəlbən başa büşürdü.
 Dilsuz müəllim isə getdikcə daha çox dilsizləşirdi. Susqunlaşırdı.
 Ona bir zərbəni də həyat yoldaşı vurdu əslində. Onu bu mübarizədə gücsüz vəziyyətdə qoyub meydanı tərk etdi.
 Umayın kəndində isə İsa adında bir oğlan peyda olmuşdu. Ona ilk rast gələn isə Janna adlı erməni qadın İsanın özünü təqdim etməsindən sonra şoka düşmüşdü.
 Janna - bu sizə Janna Darkı xatırlatmadımı?
 Mənə nədənsə onu xatırladı.

 Bildiniz də nəyi deyirəm?)
 İsa bütün kəndi dolaşdı. Janna arvada, məscidin xuddamı Ağ Qaraya, Əslinin atası Mirheydərə rast gəldi.
 Son olaraq isə İsa Atagil tərəfdə görünmüşdü.
 Heç kim onun niyə bu kəndə gəlməsini anlam verə bilməmişdi.

 İsa = Umud
 
 İsa Umud idi. Sadəcə adın dəyişmişdi. Heç kim Umudun bu qədər yaxın olub da, onu görmədiyini qəbul edə bilmirdi.
 Sadəcə, Umay anadan başqa.
 O, Umudu çoxdan gözləyirdi.
 Qız Umay öz bətnindəki sehrli körpəni gözlədiyi kimi.
 (P. artıq yüz doxsan yeddinci səhifə idi.)
 Umay ana Umudu sürgünə yola salıb, yolunu gözləyə-gözləyə qocalmışdı.
 Umay ana Vətənin keçmişdəki şəkli
 Qız Umay isə Vətənin indiki şəkli.
 Bəs Umud?
 Umud isə iki Vətən arasında sıxışıb qalan aralıq ümidin gələcək şəkli.

 Umud Qız Umayın bətnindən çıxandan sonra Umay ananın yatağına girir. Umay ana Umuduna sığınaraq son nəfəsini verir.
 Bir əsr sona çatır. Keçmiş keçmişdə qalır. Doğrularıyla, yanlışlarıyla.
 Gələcək isə irəlidədir. Umud irəliyədir.
 Qız Umay Umudu İsa şəklində doğur, sonradan İsa “Asi”yə çevrilir. Asi isə Seks klubuna

 İsa-Asi-Seks

 Ümid yenə təhrif olunur, hətta murdarlanır.
 Bunlar hamısı Umayın gözünüz qabağında baş verir. O, nə qədər çalışsa da, qurduğu yolun çirkaba bulaşmasına mane ola bilmir.
 Asi qrupuna qatılan gənclərin başı yeyilir. Azadlıq adıyla bəkarətləri pozulur gənclərin. Sonda isə gerçəklər su üzünə çıxdıqca Umayın öncəgörmələri həqiqətə çevrilir.
 Umudun qol-qanadı qırılır. Umud yad bir formaya dönüşür. Qeyb olmağa çalışır.
 “Yad dildə” əsərində olduğu kimi Asilər yenidən məğlubiyyətin dadına varırlar.
 Əsər boyu cəzaçəkmə müəssisəsində və əsir düşərgəsində kiminsə acı çəkdiyini, min cür əziyyətlərə məruz qaldığına şahid oluruq.
 Onların adı açıqlığa qovuşmur. Bəlkə də qovuşur. Bir az diqqətli olmaq gərək.
 Kimdir əziyyət görənlər?
 Bizim gənclik. Gənclik nədir?
 Gənclik gələcəkdir. Gələcək nədir?
 Gələcək ümiddir. Ümid nədir?
 Ümid Umudun təmiz şəkli.
 Hə deməli hər şey aydındır.
 Bildiniz də nəyi deyirəm?)

 Dedik ki, Umudun qol-qanadı sındı. Bu, hələ Umudun başına gələn son hadisə deyildi.
 (P. artıq iki yüz qırxıncı səhifədə idi. Yaman sürətli oxuyur. Deyəsən çatdıra bilməyəcəm)
 Umud İsa şəklində Umaygilə sığındı. Hətta kənddə ona olan münasibəti görüncə hətta Umayı, onu doğan insanı qətlə yetirməyə cəhd etdi. Buna isə Ata icazə vermədi.
 
Ata və İsa.
 
 İsa Atasına qovuşdu. Atası onu görmək istəmirdi. Gecə vaxtı onlara gəldi. Ata isə onunla söhbət etmək istəmədi.
 Səhər olunca İsanı tutdular. Ata isə buna qarşı heç bir adil sayıla biləcək hərəkətdə bulunmadı. Ata İsanı satmışdı!
 Umay şoka düşdü. Özündən getdi.
 Burda bir tərk söz çatışmırdı: Məni niyə tərk etdin, Ata (Tanrım)?
 Bundan sonra kənddə böyük bir xəstəlik yayıldı. İnsanlar uzun müddət yuxuya daldılar, sonra bir-bir ölməyə başladılar. Kənddə-kəsəkdə adam insan qalmadı.
 Ölüm artıq təxirə salınmır. Əksinə təxirə saldığı insanları tək-tək o dünyaya aparır.
 Umuda edilmiş xəyanət bir kəndin yer üzündən silinməsinə gətirib çıxaracaqdı.
 Yaxşı ki, Umay vardı. Ona xatir ölüm bir gün kənddən əlini-ayağı yığıb çıxıb getdi.
 Umud başa düşdü ki, insanların onu görməyə gözü yoxdur.
 Sözarası: “Yad dildə” romanını yada salın. İçərişəhər duman içində. Şəhərə gələn Allahı (Umudu) heç kim görmür. Çünki gözlər qapalıdır. Ürəklər bağlıdır. Allah gəldiyi kimi çıxıb gedir.
 Allah Umud şəklində buranı tərk etməyə hazırlaşırdı, əmma...
 Dilsuz müəllimin ölümü hər şeyi alt-üst etdi.
 Dilsuz müəllimlə xalqın dili bəlkə də əbədiyyən torpağın altına gömüldü.
 Dilsuz müəllimin ölümüylə Umay da öldü.
 Umay öldü, Məryəm doğuldu. Hə, indi aydındır. Atanın Umaya baxışları altındakı mənalar.
 
Ata və Məryəm = Tanrı və Məryəm
 
 Nəsimi müəllimlə çatlaşan kim idi deyə soruşsanız, deyərəm Umuddur.
 Xatırlayırsınızsa, “Yad dildə” romanın da belə bir səhnə var. Çe ilə qız çatlaşırdı.
 (P. artıq üç yüzə çatdı.)
 Burda isə Çenin yerini Nəsimi alır. Bəlkə Füzuli deməliyəm. Ya da ki, Şair.
 Adlar yenə dəyişilir.
 Nəsimi kim idi? Ənəlhəqq. O, tanrının onun içində olduğunu deyirdi.
 Bəs Füzuli kim idi? O dilin üstünə çıxmış dahi idi. Onun hər sözünün altında mənalar bir neçə yerə haçalanırdı.
 Dilsuz müəllimin ölümüylə Şairin Füzuli tərəfi öldü. Nəsimi tərəfi zərbə aldı.
 Bundan sonra o, ölkəni tərk etdi.
 Nəsimi öz cildini soyunub dəyişdi.
 
İkinci hissə
 
Səni, görüm, lənətə gələsən, Allah!
 
Usta və Marqarita. Bulqakov
 
Zəruri giriş: Birinci hissədəki iç-içə keçən hadisələrin ritmik tempi ikinci hissədə yerini birxətli hadisələr cərəyanına ötürür. İkinci hissə müəyyən qədər sakit, yavaş gedir. Hadisələr arasında tez-tez pozulma baş vermir. Amma bir yerə qədər.
 Əvvəldə baş verənləri unudub, sadəcə ikinci hissəyə fokuslanırıq (bir iki məqamı çıxsaq). Umayı unudub, Məryəmə fikrimizi cəmləyirik. Elə bil ki, ikinci hissədə hadisələr müstəqil şəkildə baş verir. İkinci hissə ayrıca bir analiz, təhlil tələb edir oxucuda.
 Burada məni əsəbləşdirən məqamlar oldu. Ermənilərin əsasən də Vano və rahib Hrantın humanist, yardımsevər görünmələri məni qıcıqlandırmağa yetdi. Ermənilərin dilindən çıxan, ötürülən mesajlar və dedikləri fikirlər bizimlə onlar arasındakı fərqi büsbütün ortaya qoyur. Müəllif onların dediklərinə heç bir başqa element qatmayaraq, hər şeyi necə varsa, elə göstərməyə çalışır.
 Azərbaycanlıların kimliklərini unudaraq, öz ölkələrini düşmən ölkəyə peşkər etməsi mənim tüklərimi biz-biz etdi. İnsanlarınız, vətəndaşlarımız bu qədərmi alçala biliblər, heç cür yaranan bu vəziyyətə haqq qazandırmaq olmur. Qazandırmaq da lazım deyil.
 Bir azdan yazacağım romandakı hadisələrin fonunda millətimizin bu kəslərinin başına gələnləri aydın, təmiz görmək olar.

 
Hə onu deyim ki, ikinci hissədə tanrı və insan arasındakı münasibətlərə çözüm gətirmək üçün maraqlı fikirlər mövcüddur.
 Umay Məryəm adına bürünür. Erməni kimliyi ilə İstanbula, ordan da üçüncü dünya ölkəsinə getmək istəyir.
 Umudu orda axtarmağa çalışır. Amma aldanır. İstanbuldan kənara çıxa bilmir.
 İstanbulda rast gəldiyi Vano adlı erməniylə yaşamağa başlayır. Və bir də Həjar adlı millətçi gənc var. Qanı qarışıqdır. Türk, erməni, kürd.
 Vano köhnə nəsildəndir. Onun gəncliyi Bakıda, Sovetskidə keçib. Özü də bilirsiniz kiminlə? Dilsuz müəllimlə.
 Müharibə onları ayrı salıb. Vanonun oğlunu erməni komandir müharibəyə getməmək üstündə vurur öldürür. Bundan sonra Vanonun həyatı alt-üst olur. Cəbhəyə yollanır aşbaz kimi.
 Qızğın müharibə dönəmlərində orda olur.
 Biz bunları Vanonun Dilsuza yazdığı məktub sayəsində öyrənmişdik birinci hissədə.
 Vano müharibəyə qarşıdır. O sərhədsiz Qafqaz ideyasıyla yaşayır.
 Mən buna nədənsə inanmadım. Erməni olasan torpaq iddiasında olmayasan. Çətin məsələdir.
 Məryəm İstanbulda Şairlə dolaşmağa başlayır. Şair artıq şairliyini buraxıb, yazıçılığa keçid etməkdədir.
 Burada Məryəmin dilindən biz şeirin Şərqə, nəsrin isə Qərbə aid olduğunu eşidirik.
 Artıq Umud Avropadadırsa, yazacağımız şeylərin forması dəyişməlidir.
 Özümüz dəyişdiyimiz kimi, yazdıqlarımız da dəyişməlidir.
 Şair şairliyini unudur. Başlayır roman yazmağa. “Günəşə sarı qərbə”.
 Yazdıqlarıyla içindəki tanrını oyatmağa çalışır. İnsanın insan olmadığını, bir növ tanrının işığını ürəyində daşıdığını sübuta yetirməyə girişir. Tanrıya qarşı müharibə etmək istəyir. O, tanrı olmaq istəmir. İnsan olmaq istəyir ilk növbədə.
 Bakıdan əlmiş bir qadın var. Vano Məryəmi onunla tanış edir. Faina adında qadın. O da erməni əsilli qadındır. Vanonun neçə illik dostudur.
 Həmin qadın Məryəmi görcək özünü itirir.
 Niyə itirir?
 Hələ ki bunu bilmirik.
 Qadının bir qızı var. Başı bağlıdır. Maraqlıdır, erməni ailəsi və başı bağlı bir qız. Adı da Kozetta.
 Sonradan yazıçı fikirləri açıqlayır baş örtüyü barədə. Yadınızdadırmı, “Yad dildə” romanında müəllif qadının özünü bağlaması barədə upuzun fikirlər yazmışdı. Hətta mən həmin fikirləri əvvəldən axıracan xətləmişdim.
 Get-gedə hadisələrin məcrası dəyişir. Ortaya çıxır həqiqətlər. Hər kəs başın itirir. Kimin-kim olması bilinmir artıq.
 Həjar əsərin bir yerində deyir ki, mən millətçiyəm, amma bilmirəm hansı xalqın tərəfindəyəm. Türkəmmi, kürddəmmi, yoxsa erməni. Əslində kiməm mən?
 Ağır sualdır.
 Və elə hamının kimliyini ortaya çıxaran Həjarın özü olur. Bir-bir maskalar düşür. Əlimiz üzümüzdə qalır. Olanlara inana bilmirik heç cürə.
 Erməni kimliyinə bürünüb öz ölkəsini düşmənə satan insanların satqınçılığını yazıçı bizə güzgü kimi göstərir.
 Bundan sonra heç nə əvvəlki kimi olmur. Ola bilməz. Artıq tarazlıq itir. Oxucu nəyin düz, nəyin səhv olduğunu anlamaqda zorluq çəkir.
 Məryəm hər şeyi və hər kəsi unutmaq istəyir. Özünü pulsuz-parasız İstanbulun küçələrində gəzərkən tapır. Harda gecələyəcəyini, harda qalacağını bilmir, boş-boşuna gəzib-dolaşır.
 (P. artıq üç yüz altıncı səhifədədir.)
 Sonda skamyada oturub fikrə dalır. Yaxınlıqda erməni kilsənin zənginə fikrindən ayılır. Oturduğu yerdən qalxıb üz tutur kilsəyə.
 Bir neçə axşam kilsədə, elə skamyadaca yuxuya gedir. Gündüzlər boş-boş gəzən Məryəm, gecələr yorğun ayaqlarıyla kilsəyə tərəf yol alır. Umud artıq onun üçün kilsədədir.
 Bir neçə gündən sonra Məryəmin kilsədə gecələməsi ortaya çıxır. Və erməni rahib Hrant onun köməyinə çatır.
 Rahib Məryəm üçün xüsusi otaq ayırır. Onun üçün yemək gətirir. Və gözləyir ki, Məryəm ona nələrsə açıqlayacaq.
 Hə. Günlər keçir. Onların arasından su keçmir. Artıq rahib Hrant Məryəmə inanmağa başlayır.
 Məryəm tanrı haqda suallarını rahibə ünvanlayır. Hətta bir az çızığından çıxır söhbət zamanı.
 Onlar arasında söhbətin əsas məğzi insan ilə tanrı arasında əlaqədən gedir. Məryəm deyir ki, insan insanı öldürə bilməz. Bəs necə olur ki, tanrı dediklərinin əksinə insanı öldürür.
 Hrant Məryəmin ona ünvanladığı suallar qarşısında ilk öncə duruxur. Yan-yörəsinə nəzər salır. Onları dinləyən bir kimsə varmı deyə. Sonradan özünü toxtadaraq ona verilmiş suala cavab verir.
 İnsan dünyaya gələndən sınaq meydanına atılır. Hər bir insanın içində tanrı mövcuddur. İnsan tanrı olmaq istəyir. Ona görə daima sınaqlara məruz qalır. İnsan ölür. Əslində hər insan öldükcə tanrı da onlarla bərabər ölür. Tanrı ölümü beləliklə sınaqdan keçirir.
 Burada deyilən doğrudur, mənim nöqteyi-nəzərimdən. İnsan tanrının zərrələrini özündə birləşdirir. Bu fikri Mahatma Qandi da deyir.
 Hansısa amillər insanın tanrı pilləsinə gəlib yetişməsinə mane olur. Bəlkə də belə olmalıdır. Bir tanrı yetərlidir dünya üçün. Əgər hər birimiz həmin tanrı zirvəsində yetişsə idik, bu, dünyanın axırını vaxtından əvvəl gətirmiş olardı.

 Maraqlısı onda ki, niyə bu fikirləri müəllif erməni rahib dilindən bizə, oxucuya deyir. Düşünürəm bu barədə. Bəlkə də burada yad dil məsələsi öncəlik təşkil edir.
 (P. artıq dörd yüz onuncu səhifədədir.)
 Biz kəndə ayaq basan, bizimlə öz dilimizdə danışan İsa şəkilli Umudun nələrə məruz qaldığını gördük. Öz dilimizdə bizimlə ünsiyyətə girmək istəyən, özünü bizə göstərməyə çalışan Umud məğlubiyyətə düçar oldu.
 Söylənəcək fikirləri yad dildə, hətta bizim düşmənimizin dilindən eşitmək fikirləşirəm ki, müəllif tərəfindən beynimizə ötürülən şüuraltı mesajdır.
 Sadəcə bu yolla bizdə qıcıq yarana bilər. İrəliyə doğru addımlaya bilərik. Umud yolunda yeni uğurlar əldə edə bilərik.
 Yanıla da bilərəm. Burada başqa mətləblər yer ala bilər. Bu yozum sadəcə mənə məxsusdur.
 Qayıdaq Məryəmə. Məryəmin kimliyi bir müddət sonra rahib üçün faş olur. Hrant buna rəğmən Məryəmi kilsədən qovmur. Məryəm isə hər şeyi anlamağa başlayır. Kilsəni tərk etməyə hazırlaşır.
 Məryəm üstündə xaç gəzdirsə də, başını örtür, səcdəyə qapılır. Artıq onun dini inancında şaxələnmə baş verir. Özünü heç bir inancda görə bilmir. Umudu itirməyə başlayır yenidən. Onu iki dində də tapa bilmir.
 Və bir gün xaçı ortadan qeyb olur. Xaçını necə və harda itirdiyini yadına sala bilməyən Məryəm kilsəni tərk edərək küçələri gəzir.
 Başa düşür, artıq son günləridir. İstanbulda. Umud isə birdəfəlik onu başsız qoyaraq çıxıb gedib. Bəs nə olacaq?
 Son dəfə Məryəmi körpünün yanında görürük. O, ölümün bir addımlığında dayanıb. Kimsə ona yaxınlaşır. Xaçın göstərir. Məryəmin çantasından sallanan xaçı.
 Ona tərəf gələn kim idi? Şair idi? Yoxsa Umud idi? Umud yenidənmi qayıdır?
 Məryəm hələ də körpüdə dayanmışdı. Suya atılmağa hazırlaşırdı.
 Birdən suya atılır. Əlcəyi əlindən çıxır, onu tutmaq istəyən Umudunmu deyək, sıravı bir nəfərmi deyək, onun əlində qalır. Və biz əsərin sonuna yaxın yerində əvvələ qayıdırıq. Əsərin ilk cümlələrini sonda yenidən oxuyuruq. Və bizə aydın olur gerçək. Başa düşürük əslində ölən yoxdur. Sadəcə əbədi tsikl var. Ölümdən doğuma, doğumdan ölümə. Ədəbi döngü.
 Sözarası: Pərviz Cəbrayılın yaradıcılığında su amilinin xüsusi önəmi var. Yadınızda gəlirsə,” Yad dildə” romanında Polkovnik evlərinə gələn su kanalından danışır. Və ya Bayırşəhərdən İçərişəhərə suyun verilməsi dayanır və s.
 Kiçik bir haşiyə: Suya düşmək, özünü suda görmək. Doğuma işarətdir.
 Sondakı hadisələrin bir ucu gəlib bu anlama söykənir.
 Unutmaq lazım deyil. Bunların hamısını Umay (Məryəm) İsmiyə danışır.
 Həyat mənə görə başımıza gələn və gəlməyən hadisələri kimlərəsə nəql etməyimizdən ibarətdir.
 Umay da hadisə nəql etməklə məşğuldur. İsmiyə. Ada fikir verək. İsmi. Kimin İsmi?
  İsmi kimdir əslində?
 İsmi bizik. Bizim ismimiz bu. Kitabı oxuyanlardır. Mənəm, sənsən, odur. Hərəmizin bir adı var. İsmi isə bu adların bir yerə cəmləşmiş şəklidir.
 Bildiniz nəyi deyirəm?)

 Sadəcə, əsər boyu hər şey bizə yad gəlir. Adlar belə bizim qulağımıza yaddır. Əslində buradakı bir çox adlar türk mənşəlidir.
 Biz öz soykökümüzdən uzaq düşdüyümüz üçün yad olan adlar bizə yad kimi yox, yad olmayan adlar isə bizə yad kimi gəlir.
 Yadlaşmışıq yaman. Tanrıya da, Umuda da.
 Müəllif əsərin adını bizə yad olan ad seçərək diqqəti bu nöqtəyə fokuslamağa cəhd edib.
 Məryəm surəsini "Yad dildə" oxuyan üçün bu əsərdə heç də yad olmayan məsələlər oxucunun beynini məşğul edir.
 (P. artıq dörd yüz altıncı üçüncü səhifədədir.)
 Umud iztirabı uzadır. Amma Umudsuz da yaşamaq çətindir.
 Gəlin Umudla yaşamayaq, Umudumuzu özümüz yaradaq.
 Razısınızmı?

 Bu son sözləri yazıb qələmi kənara qoydum. Demək olar, dəftərin yarısı yazıb-pozduğum cümlələr ilə dolu idi.
 Bitirdim yazını. Bitirdim axır ki. P.-i qabaqlaya bildim. Ura!
 Bu anda qapı açıldı. Polkovnik içəri girdi. Hal-əhvalımı soruşdu. Gözlərimin qızardığını gördü. Dəftəri əlimdən aldı. Məni isə işçilərin birinə qoşaraq yeməkxanaya göndərdi.
 Yemək yeyib, çay içdim. Sonradan uzanıb dincəlməyim üçün başqa otağı mənim ixtiyarıma verdilər. Bir saata yaxın yatdım.
 Bir az keçdi. Gəlib məni yenidən Polkovnikin yanına apardılar.
 Polkovnik söhbətə başladı:
 - Gözəl. Yazını mən bəyəndim. Pərviz bəyə yazının bir nüsxəsini göndərdim. O da bəyənib deyəsən. Hələ tam fikrini deməyib. İndi sənin buradan çıxış məsələni həll edək.
 - Necə çıxacam burdan?
 - İndi belə edəcəyik. Səni tüneldən keçib göndərəcəyik geriyə, amma evinə birbaşa gedə bilməyəcəksən. Başqa yerə gedib düşəcəksən, ordan da evinə gedərsən. Mənim əlimdən bu gəlir.
 - Ay da, öz evimə getmək niyə alınmır?
 - Çünki səni “Məryəm sürəsi”dən çıxarıb “Yad dildə” əsərinə gətirmişik. Axtarış etdik, gördük ki, “Yad dildə” kitabı sənin kitabxananda yoxdur.
 - Hə. Kitabı dostuma vermişəm. Məni ora göndərə bilməzsiniz?
 - Belə bir ixtiyarımız yoxdur. Bizə də məhdudiyyət qoyublar. Qarşımızda mənim seçdiyim ərazilər var. Onlardan birini birgə seçəcəyik.
 - Hansı ərazilər var?
 - “Əcəmi”, Masazır, “Xalqlar dostluğu”, “Azadlıq”.
 - “Xalqlar dostluğu”na yollayarsınız məni, dostuma deyərəm, gəlib götürər ordan.
 - Əla.
 - Bir ricam olacaq sizdən. Mən ora çatanda mənim adından dostumun telefonuna mesaj yazın ki, gəlib məni götürsün. Olar?
 - Olar. Narahat olma.
 Polkovniklə öz dünyama qayıdacağım otağa gəlib çıxdım. Getməyə hazırlaşdığım an bir şey yadıma düşdü:
 - Olarmı, yazdığım yazını sizdən götürüm?
 - Yox, o biz də qalacaq.
 - Elə niyə?
 - Qayda belədir.
 - O qədər əziyyət çəkmişəm, amma yazımı mənə vermrisiniz.
 - Bunu romanın içinə düşməmiş fikirləşməli idin.
 - Yaxşı, qoy bu dəfə belə olsun.
 - Gedəcəksən, yoxsa yox? Get. Pərviz bəylə danışarsan, dəftəri götürərsən ondan. Əgər versə. Dəftəri ona verəcəm görüşəndə.
 - Oldu. Çox sağ olun.
 Otağı yenidən gur işıq götürdü. Gözümü açanda yerə sərələnmiş vəziyyətdə idim. Ayağa qalxdım. Yad bir evdəydim. Evdən xorultu səsi gəlirdi. Ayaq ucunda yeriyərək qapıya çatdım. Birdən kimsə arxadan qışqırdı. Qapını açıb qaçmağa başladım. Yaxşı ki, arxamca gəlmədi. Pay-piyada dostungilin evinə götürüldüm. Onların həyətlərinə çatanda artıq dostum həyətdə məni gözləyirdi:
 - Nə olub? Nə gündəsən sən? Hardan gəlirsən belə?
 Danışmağa heyim qalmamışdı. Dedim, nə sən soruş, nə də mən danışım. Sadəcə mənə saatın neçə olduğunu de. Saatı eşidəndə dəli oldum. Beş idi. Gör neçə saat orda qalmışam. Öz-özümə dedim.
 Dostumun sayəsində bir-iki saatı yola verib evə yollandım. Evdə bir qırğın düşdü ki, o haqda danışmağa heç dəyməz.
 İndi isə yaxşıyam. Hər şey də qaydasındadır. O gecə olanları heç cürə unuda bilmirəm. Doğrudanmı belə bir hadisə baş vermişdi? Yoxsa bunların hamısı mənim uydurmalarından ibarət idi?
 Bir neçə gün keçdi. Pərviz bəyə yazdım. Hal-əhval üçün. Yenidən şoka düşdüm. Dəftərimin onda olduğunu, haçan istəsəm, görüşüb ondan götürə biləcəyini deyirdi.
 Görüşdük, dəftəri götürdüm. Bir az atüstü söhbət etdik. Bəzi şeyləri mənə danışdı.
 Evə gəlib dəftəri gözdən keçirdim. “Məryəm surəsi” romanı haqda yazdığım yazını təzədən oxudum. Dəhşətə gəldim.
 Bu haqda düşüncələrimi, başıma gələnləri sizə danışmağa bu gün qərar verdim. İndi siz deyin mənə inanırsınız, yoxsa yox?
 “Məryəm surəsi” əsəri yenə olduğu yerdə qalıb. Kitabı yerindən tərpətməyə qorxuram. Amma bilirəm, bu da keçib gedəcək. Özümə gələcəyəm.
 “Məryəm surəsi”ni romanını ikinci dəfə bir də oxuyacam haçansa.
 Yazını burda sonladırıram. Sağ və salamat qalın.
 Qəfildən qapı döyülməyə başladı. O, qapıya sarı gedib gözlükdən baxdı. Özündən asılı olmadan qapını açdı.
 Kaf, Ha, Ya, Eyn, Sad! Bir şey başa düşdünmü, N?
 - Yox. Sən kimsən ki?
 - Umay.
 - Ay da bu nədir? Mən hardayam, yenə romanın içindəyəm? Bu kabusdur?
 - Mən də.
 - Nə. Nəyi deyirsən?
 - Onda getdik...
 - Hara? Getmirəm mən. Yox, yox.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)