AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
anadan
danışsaq, gözə
ananın üzü görünür
o üz yaddaşın işığı,
onsuz yaddaşın sönür...
R.M.Rilke
ÖN SÖZ KİMİ
Mən atası ola-ola atasız böyüyənlərdənəm.
Bir var atan ölə, yaxud Rusetə-zada “sezona” gedə, gəlməyə, sən də onun üz-gözünə yadırğayasan. Hərdən şəkilini görəndə ürəyinin başı sanca. Vəssalam...
Bir də var mənim kimi: hər gün dərsdə, kəndin aralığında görəsən atanı və ömründə şəstlə ata demədiyin bu adama... Eeee... Cümləni bitirə bilmədim belə... Nə deyim axı!? Sözümün canı o ki, mənim atam da, anam da, dayım da, əmim də, bibim də, xalam... Yox xalam vardı... Hə, hamısı anam idi. Ona da ömrümdə ana demədim...
Anama çox güvənirdim. Onu çox, eeee, çooox güclü sanırdım. Belə div kimi, fil kimi, aslan kimi... Yox, divdi, fildi, bunlar boş şeydir. Amma aslan hə! Anam aslana çox oxşayırdı. İllah da hirslənəndə qarşısındakını parçalayardı...
Bir dəfə üçmü, dördmü yaşım olan vaxtda yastı dağdağanımızın dibində dümələnirəm. Bir də gördüm ki, çəpərdə bir gürzə cücəmizi tutub udmaq istəyir. Nə qanıram gürzə-mürzə olduğunu? Əl atıb quyruğundan tutub çəkirəm, başı cücəyə qarışan ilan məni vura bilməsə də fısıltısı-tısıltısı aləmi başına götürüb. Anam hardansa bunu görüb əlində ketmən özünü yetirdi. Mənim ilanı quyruqladığımı görüb cikkildədi:
-Qaqa, burax onu! Burax, çalar səni!!!
-Bacı, bax, bax, cücəmizi yeyiy...
İlanı buraxdım və anam bir göz qırpımında onu ketmənlə budayıb öldürdü, sonra da başını əzib gandallığa tulladı. Və mənə su içirdib qorxa-qorxa ora-buramı yoxladı:
-Dişləmədi ki, səni?!.. Bacın qurban, ilan zəhərlidir, səni çalar, ölərsən, bəs mənim qardaşım kim olar?! – Sonra anam gerçəkdən ağlamağa başladı. Və mən başa düşdüm ki, bu balaca sürünən anamdan da güclüymüş...
Məktəbdə oxuyanda uşaqlarla dalaşanda da, özümdən iki yaş böyük Tapdığı döyəndə də, Ördəklidəki 8-illik məktəbdə oxuyanda yerli uşaqlarla daşlaşanda da, Qüdrətin dəli atını minib çapanda da, Bakıda əlimi-qolumu sallayıb şəstlə gəzəndə də, imtahanlara ürəklə cavab verəndə də, sevdiyim qıza ürəyimi açanda da dünyanın ən güclü adamı sandığım anamı gözümün önünə gətirmişəm. Hər çətinə düşəndə arxamdan bir səs “qorxma!” deyib. O səsi anamınkı bilmişəm.
İndi anam yoxdur, eləmi? Yəni ölüb başqa ölənlər kimi. Bu, sizə belə gəlir. Mənə görə o həmişə sağdır. Yanımdadır. İlk yazılarımı ona oxuyuram ürəyimdə. İlk düzəlişi də o edir. Xoşuna gəlməyəndə üstümə həttənir. “Bizi biyabır eləmə” deyir. “O nədi yazmısan? Poz, poz onu!.. Saa demişəm, bir pisliklərdən, bir də şərəşur işlərdən uzağ ol... Yaxşı şeylər yaz ki, pislər də baxıb özünü yığışdırsın...”
Sizə bir sirr açım: bütün cəsarətli yazıları anamdan güc alıb yazmışam. Heç “qorx” demədi mənə. “Özünü qoru” dedi, amma qorxaqlığa çağırmadı. Başını dik tut dedi. Sözünü şax de dedi. Haqsız səni qaralayanda üstünə get dedi – haqsızdırsa həsdiyəcək, dalmınacaq, dalına baxmadan qaçacaq...
Dünyanın ən qorxunc, ən son imtahanı var ha, ölümü deyirəm, bax ondan da qorxmuram! Bilirsiniz niyə? Onda da anam yanımda olacaq. Daha doğrusu, anamın yanına gedəcəyəm... Daha niyə qorxmalıyam ki?!
6 mart 2018
Quymaq qoxusu
1954-cü iln martın 5-i. (Sonralar bilinəcək ki, bu tarix, əslində 1955-ci ilmiş.)
Yüngül yağış çiləyir. Alaqaranlığa ağ boya kimi düşən bu ağ yağış hansısa müjdəyə yüklənib sanki.
Sübh çağı ağırayaqlı gənc gəlin yatağından sancı ilə qalxır. Baxır ki, ayaqlarının arasından su açılıb. Nə baş verdiyini anlamır. Sancı da kəsmək bilmir. Tərs kimi, anası da dünəndən Mincivan bazarına gedib və qabağı qaranlığa düşdüyündən Baharlıda əmisi oğlugildə gecələməli olub.
Atasından utandığından səsini içinə çəkir bir müddət. Amma sancı onun əhədini kəsir. İçəridəki elə bil dik ayağa durub, iri qarnı bir az da iriləşib. Hiss edir ki, bədəni genəlir. Sinəsi, döşləri, aşağı ətrafları şişir elə bil. Yavaş-yavaş anlayır ki, bu, doğuş sancısıdır. Özündən kiçik bacısını çağırır. Amma o elə yatıb ki, durana oxşamır. Məcbur olub qızı çimdikləyir. Bacısı hirslə gözünü açıb ona bozarır:
-Nağayrırsan? Yanımı qopartdın ki?!
-Dur, Məşuqə, dur... Bacın qurban, sancım tutub... Ölürəm...
-Nə?! Doğursan?! Nə yaxşı! Uşax olacax...
-Yavaş, ay qız. Dədəm eşidər. Ayıpdı...
On beş yaşlarında olan Məşuqə qalxıb key-key ağrıdan kündə kimi bükülən bacısına baxıb ağlamaq istəyir. Gənc qadın güclə deyir:
-Get Zərif xala gilə... Denən bacımın sancısıdı... Tez ol... Ay allah, öldümmmmm!..
***
İnsafən qonşu Həsənalı kişinin arvadı Zərif tez gəldi. Axşamdan isti qalan sobaya odun atıb üstünə bir vedrə su qoydu və gəlinə üz tutdu:
-Qorxma, bala, qorxma... Mən onnan üçün doğmuşam... Güc ver! Güc ver!.. Hə, qorxma! Ya allah, ya Həzrətabbas! Güc ver!..
Gənc qadın daha güc verə bilmirdi. Elə bil nəfəsi kəsilirdi. Düşündü ki, daha gücü qalmayıb... Özü də, körpəsi də öləcək... Elə bu vaxt uşaq çığırtısı gəldi və bu çığırtı ona təzə güc verdi. Var qüvvəsini toplayıb güc verdi və elə bil içərisindən bir köklü ağac qopdu. Bu dəfə onun içindən tamam çıxan körpə daha bərkdən bağırdı...
Dünyaya təzə insan gəldi...
Zərif arvad üzünü qapıda həyəcanla demi çəkən Məmmədqulu kişiyə tutub dedi:
-Məmi, muştuluğumu ver, oğul nəvən oldu!
Ömrü boyu oğula həsrət olan üç qız atası Məmmədqulu kişinin üzü işıqlandı. Cibini eşələyib bir üçlük tapdı və Zərif arvada uzatdı:
-Əlin var olsun, ay Zərif bacı! Bu mənim payım, İzafa da gələr, yaxşılığınnan üçqat çıxar inşallah!
Bu vaxt dan sökülhasüküldəydi. Baharlı dayanacağından qatarlar uzun-uzadı fit verdilər. Kənddə oyanmayanlar da bu vahiməli səsdən oyanıb qorxa-qorxa səs gələn səmtə boylandılar. Köhnə dəyirman yerindən qalxan yolla evinə gələn İzafə arvad nigaranlıqla qatarın hələ də kəsilməyən fitini müzakirə edən arvadlara baxıb dedi:
-Az qorxmuyun, böyünnəri Sitalinin ölən günüymüş... Ona görə poyuz həylə matəm səsi çıxardır...
Zərif arvad qonşusu İzafənin səsini eşidib muştuluqladı onu:
-Az, harada batmısan? Qızı darda qoyduğun bəs dəyil, hələ Sitalinnən danışırsan... Gücnən qulaxlıyıb çıxartmışam. Oğul nəvən olub, gözün aydın!
İzafə arvad kürəyindəki şələni yerə qoydu. Axtarıb içindən bir təzə şal tapdı, Zərifin başına atıb dedi:
-Əllərin dərd görməsin, ay Zərif! Qonşuluxdan əskiy olmuyasan!
İzafə arvad özünü yaralav içəri atdı.
Az sonra zahılarçün bişirilən quymağın dadlı qoxusu açılmaqda olan səhərə qarışıb kəndin üzərinə yayıldı.
***
Məmmədqulu kişi arvadıyla nə barədəsə xısın-xısın danışıb gülünsündü:
-Yaxşı, böyünnəri yerli sovetlərə seşkidi, siz qalın, mən gedim Çöpədəriyə... Səs verim, qayıdım... Bax ha, uşağın dədəsi-filanı gəlib eləsə, səsin çıxmasın...
Gələn olmadı.
Yalnız günortaya yaxın sovetlikdən zahı ananın səs verməsi üçün qutu gətirdilər.
Axşam tərəfi isə Qaçaq Fərzalının oğlu Rəhim Pakizənin oğlu olduğunu eşidib əlidolu gözaydınlığına gəldi...
Ayaqlarını yuyan qayıqlar
Yuxuda anamı görmüşəm. Dedi, hardaydın bu vaxtacan? Dedim Bakıdaydım.
Anam içini çəkdi:
-Tək getmişdin? (Yuxuda uşaqdım)
-Hə. Dənizə baxırdım...
-Nə gördün?
-Qayıqlar vardı. Eləcənə suda dayanıb ayaqlarını yuyurdular...
-Bıyyy... Qayığın ayağı olur ki?
-Bilmirəm. Ayağı yoxsa bəs suda necə gedir? Bir də bilirsən nə gördüm? Bir az aralıda qumluqda iki qayığı sudan çıxardıb tərsinə çevirmişdilər. Elə bil Xansıvarın oğlu Nadir islanmış çarıqlarını üzü qatda qoymuşdu ki, günə verib qurutsun...
-Boy, çarığı harda görmüsən sən?
-Çoban Xansıvar Nadirə qırçınlı qızqaytaran çarıq tikəndə ağlamışdım e, yadından çıxıb?
-Bıy, hə, anan ölüsün... Yadıma düşdü... Dənizə-zada girmə. Qayıq-zad hardan düşüb başıa? Uşaxasan, get uşaq işinə. Dərslərinə fikir ver... Bir də qəbrimin sol tərəfində bir çəngə çayır bitib, kök atmamış onu çıxardarsan...
Diksinib ayıldım. Gecənin tən yarısıydı. Kimsə gecənin ağırlığından incəlmiş səslə sözsüz ninni oxuyurdu. Ya bəlkə çöl pişiklərinin səsi idi?
Yastı dəmir
Yaşım olardı ya 4, ya 5. Dəqiq deyə bilməyəcəyəm, ondan ki, heç mənim indiki yaşım da dəqiq deyil. Yəni, atam deyirdi 54-ün martın 16-sı doğulmusan, anam deyirdi xeyir, 55-in martın 5-i. Anamın versiyasına inansam da (necə olsa da əziyyəti o çəkib və ömründə bircə dəfə uşaq dünyaya gətirib, onu da yadında səhv saxlamaz ki!), sənəddə atamın versiyası yazıldığından bunu qəbul edəsi olduq. Nəysə, mətləbdən uzaq düşdük.
Qulağım bir həftə sərasər ağrıdı və özü də elə ağrıdı ki, ağlayıb qışqırmağım qonşuları da zinhara gətirdi. Duz qovurub qoydular, öz sidiyimdən saldılar, xeyri olmadı. Axırda yazıq anam məni şalla dalına şəlləyib apardı Mincivan qəsəbəsindəki xəstəxanaya...
***
... Axşamtərəfi anamla kəndimizə qayıdırdıq.
Təxminən 13-14 kilomert yolu ayaqla getmişdik, amma necə getməyimiz yadımda deyil, nədən ki, qulağımın ağrısından elə ağlayırdım, Arazın o tayındakı Ozan kəndindəkilər də təəccüblə dönüb bizə baxırdılar. Sərhədçi rus soldatları da bir-birinə məni göstərib gülüşürdülər.
Getməyimizdən yadımda qalanlar bunlardı.
Qayıtmaq isə... Beləydi ki, qulağıma dərman salmışdılar və nənəm demişkən, ağrının qulağı xırp batmışdı, olmuşdum anadangəlmə. İndi hərdən anamın kürəyindən aşırılıb düşür, özüm yerimək istəyirdim. Təxminən yüz-iki yüz addım getdikdən sonra dayanır, özümü sındırmasam da, anamın kürəyinə baxırdım, yəni o isti, o güclü kürəyin məni özü ilə aparmasını istəyirdim. Yazıq anam... Qolumdan tutub atırdı kürəyinə, düşürdü yolun ağına və ozalana-ozalana yolu dəstələyib alırdı əlinə... (Anamla atam mənim bir yaşım olanda ayrılmışdılar və anamın sözsüz ozalanmalarını mən sonradan başa düşdüm.)
Xaraba Tərəkəmə kəndinin altındakı maşın yoluna çatanda yolun qırağında uzun, yastı bir dəmir parçasını gözüm aldı. Mən bu dəmiri hardasa görmüşdüm deyin, dartınıb anamın kürəyindən düşdüm və yıxıla-dura yüyürüb o dəmir parçasını qucaqladım.
Anam həttəndi mənə:
- At yerə! Əlini hisə-pasa bulama...
Ağlamsındım və dedim ki, bu mənim dəmirimdir, aparacam evimizə. Anam çox dedi, mən az eşitdim. Özümü sürtdüm yerə və ağlaya-ağlaya dedim:
- Bilirəm niyə qoymursan aparam dəmirimi. Elə bilirsən ki, kürəyinə minəcəm? Yoox, özüm aparacam! Özüm gedəcəm...
Yazıq anam... Dəmirin bir başından o tutdu, o biri başından mən, dəmiri də sürüyürdü, məni də... Sonra daha gedə bilmədim və anam məni atdı kürəyinə - dəmirim də əlimdə... Sonra Baba bağındakı çinarın kölgəsində oturduq ki, bir az dincələk...
... Elə o kölgədəcə məni yuxu tutar...
… - A nənən ölsün, bu nə dəmir-dümürdü şəllənmisən?! Gədəni dalında apardığın bəs dəyildı?
- Neynim, ay nənə? Nə illah elədim, özün sürtdü yerə ki, özüm aparacam... –Anamın üzündə gülümsünməyə oxşar bir şəkil donmuşdu. Uzun zaman o şəkil gözümün önündən getmədi. O gülümsünməyə ağlamaq da qarışmışdı deyin, ayırd eləmək olmurdu.
Güclə gözlərimi açdım və anamın kürəyindəcə bərk-bərk qucaqladığım dəmiri nənəmə uzatdım:
- Nənə, vallah özüm gətirmişəm, inanmırsan bax, bude, qucağımdadı...
Nənəmlə anam soyuq-soyuq gülüşdülər. İndi o gülüşü yadıma salanda xəcalətimdən az qalıram yerə girəm.
***
Bir gün kəndimizə gələn bir dəmirçi çəpərimizin dibinə düşüb qalmış o məşhur dəmiri görmüş və demişdi ki, bu maşın risorunnan yaxşı dəhrə çəkmək olar. Xalis poladdı...
Anam da dəmirin üstündə pul da verib şəsti bir dəhrə çəkdirmişdi. Uzun illər əlimizdən tutdu o dəhrə. Odun yığdıq, tikan qırdıq, həyət-bacanın kol-kosunu təmizlədik onunla.
Son vaxtlar (rayonumuzun işğal günlərində) mən evdə olmayanda anam o dəhrəni başının altına qoyub yatarmış ki, birdən ermənilər kəndə girər, düşmən qabağına əliboş çıxmasın...
2017
Oğlum və mən
Üç yaşım olardı, bəlkə də dörd. Anam məni dirliyimizdə kürəyindən yerə qoyub beli aldı, başladı yer belləməyə. Sonra vedrədə gətirdiyi pomidor şitillərini açdığı civələrə düzüb su buraxdı. Təxminən ona yaxın belə civədə pomidor əkib suladı, sonra fərəhlə dedi:
-Allah qoysa, yaya doğru çoxlu pomidorumuz olacax...
Sonra anam beli götürüb bir qədər aralıda lobya yerini belləməyə getdi. Mən pomidor şitillərinə baxa-baxa düşündüm ki, anam nəyisə düz eləməyib. Şitilləri çıxardıb yarpaqlarını yoldum, tərsinə bitirdim. Üst-başım da palçığa batdı. Bir az sonra o gəlib mənim elədiklərimi və üst-başımın bu halda olmağını görüb istədi məni vura, əli qalxmadı. Oturub zulum-zulum ağladı... Sonra elə ağlaya-ağlaya güldü və o saçları yolunmuş pomidor şitillərini çar-naçar yenidən civələrə düzdü...
O ili pomidorumuz bol oldu. Elə bil allah uşaq əllərinin səhvini öz şəfalı əli ilə düzəltməyə çalışmışdı...
...Üstündən otuz iləcən vaxt keçib. Anam kürt toyuq balalarının altındakı yumurtaları yoxlayır, təzə çıxmış cücələri sayır, dəlilmiş yumurtaları qulağına tutub yerinə qoyur. Balaca oğlum da onunla ora-bura fırlanır. Sonra anam həyətə düşür.
Az sonra kürt toyuğun çığırtısı eşidilir. Gəlib nə görsək yaxşıdır: oğlum toyuğun altından dəlilmiş yumurtaları götürüb əli ilə soyub, yarımcan cücələri üst-üstə yığıb. Əlimi qaldırıb uşağı vurmaq istəyirəm, əlim qalxmır. Can verən cücələrə baxıb ağlamaqdan özümü güclə saxlayıram. Hirslənmiş anam üzümə baxıb gülümsünür.
...Oğlum İstanbuldan zəng vurmuşdu. “Nənəm yuxuma girib” deyir. Deyəsən, eyni vaxtda girib yuxumuza.
Məlikməmmədin yeni nağılı
Axşamlar yuxum gəlmirdi. Anamdan nağıl danışmasını istəyirdim. O da yorğun olduğundan yeni nağıl fikirləşə bilmir, eləcə hər axşam danışdığı “Məlikməmmədin nağılı”nı təkrar danışırdı. Hər gecə Məlikməmməd quyuya düşürdü, qardaşları kəndiri kəsirdi. Quyu da həm dərin, həm də isti... Çox istəyirdim ki, bir dəfə bıçaq kəndiri kəsməsin, ya da Məlikməmməd elə etsin ki, quyuya düşməsin. Düzdür e, axırda Məlikməmməd qalib gəlirdi, qardaşlarını da quyuya salırdı, amma... Hardan axı? Bu gədələr o qədər güclü, o qədər əzazil idilər ki... Bu “əzazil” sözünü də nağıldan çırpışdırmışam... Təzə-təzə sözlər öyrənirəm...
Bur axşam nağıla yeni rənglər əlavə olundu. “Məlikməmməd ağıllı, tərbiyəli idi. Anasını heç incitmirdi. Dərslərini yaxşı oxuyurdu. Pis uşaqlara qoşulmurdu. Anasına söz vermişdi ki, oxuyub instituta girəcək, böyük adam olacaq...” Hə, bu Məlikməmməd mənəm. Nədən ki, düz on gün sonra sentyabrın biri olacaq. Mən də 1-ci sinfə gedəcəm...
Nənəm kilim parasından bir “camtay” tikdi. (Bizdə çantaya belə deyirlər.) Onu çiynimə salıb belədən-belə gəzdim. Hazır Məlikməmməd idim.
Lampa işığında
İlk dərsimi lampa işığında oxuyası oldum. Onda hələ bizim kəndə elektrik işığı gəlməmişdi. Amma çox keçmədi işıqçəkənlər kəndimizə gəldilər və uzun-uzun işıq dirəklərini yerə bitirməyə başladılar. Çox sevinirdik. Nəhayət ki, bizm də özüyanan lampalarımız olacaqdı. (Mən bu möcüzəli işığı Mincivan qəsəbəsində görmüşdüm. Çox ləzzətli şey idi. Neft-filan tökmədən göydən asılan lampalarda işıqlar yanırdı. Özü də gur!)
O işıqçıların içində bir cavan oğlan vardı Məmmədcəfər adında. Mən onunla dostlaşmışdım. Məmmədcəfər iş yoldaşları ilə haça işıq dirəyini həyətimizdən bir az aralıda yerə basdırıb üzünü biz uşaqlara tutdu:
-Kim deyər, bu nəyə oxşayır?
Biri “haça”, o birisi “haça-paça” dedi. Məmmədcəfər mənə baxd:
-Ə, xalasıgöyçək, sən nə deyirsən?
Mən hirslə dedim:
-Xalasıgöçək özünsən! O böyük “A” hərfinə oxşayır...
Hamı gülüşdü. Məmmcdcəfər isə başımı tumarladı:
-Düzdür! Bu istolbanı yadında saxla. Elə Məmmədcəfəri də...
Bu vaxt işıqçılara çay gətirən anama sarı döndü:
-Bacı, çox sağ ol, zəhmət çəkmisən... Bu uşaxdan muğayat ol, gözüm tutdu onu... İnşallah gələcəyi yaxşı olar...
Anam çaydanı və stəkan-nəlbəki düzdüyü padnosu çəmənliyə qoyub aşkar fəxrlə məni süzdü sonra sağ əli ilə (dəqiqi sağ əli idi, çünkü sol əli ilə ağzının yaşmağını tutmuşdu) başıma sığal çəkib getdi. O əl, o sığal yadıma düşəndə idi də ürəyim əsir.
Ağaclı bölmə
Yaxşı oxuyuram məktəbdə. Bir çatışmayanım var ki, xəttim bərbaddır. Səliqəsiz və pinti yazıram. Bir də çətinliyim ağaclı bölmədir. Bu “ağaclı bölmə” sözünü anamla mən kəşf eləmişik. Hə, bizim məktəbdəki bəzi dərslərə, mövzulara öz münasibətimiz var. Bölmənin sağa, sola, aşağı budaqlanan forması var ki, buna “ağaşdı bölmə” deyirdik. Bu zəhrimar başıma girmirdi ki, girmirdi. Tərs kimi anam da bunu bilmir. (Burda ağaclı bölmənin şəklini vermək)
Bir gün müəllimimiz (təzə bilmişəm ki, bu adam mənim atamdır) məni düz bir saat qabaqda – lövhədə saxladı. Qəsdi bu zəhrimar ağaclı bölməni mənə öyrətmək idi. Misalı gah özü yazdı, gah mənə yazdırdı. Axırda hirslənib sillələdi məni. Olmadı. Qulaqlarımdan yapışıb göyə qaldırdı. Bir qulağımın dərisi soyuldu. Müəllimin əli qana batdı. Sonra dəsmalını çıxardıb qulağımın qanını sildi. Və misalı təzədən yazdırdı. Mən misalı o dəqiqə həll etdim. Sonra başqa misal yazdırdı. Onu da həll etdim. Mən ağaclı bölməni öyrənmişdim! O da fərəhləndi, mən də. Amma qulağım bərk ağrıyırdı...
Axşam anam kolxoz işindən gələndə qulağıma baxıb həyəcanla soruşdu:
-Nolub qulağıa?!
-Məllim dartanda...
-Çıxıb söyəcəm! Mənimlə uşaq saxlayıb?!.
Babam həttəndi:
-Kəs, a bala! Bizi biyabır eləmə... Onun da oğludu...
-Onun oğlu dəyil! O tək mənim balamdır!
Babam qəzetə bükdüyü bükülüsünü alışdıra-alışdıra dedi:
-Onda birin də qayır görüm qayıra bilirsənmi?..
Ortaya sükut çəkdü. Mən qorxa-qorxa “Hesab” kitabını açıb anama dedim:
-Bacı, mən ağaşdı bölməni axır ki öyrəndim!..
(Mən hələ ərə getməmiş xalam Məşuqənin dilincən anama “bacı” deyirdim. Bu müraciət anamın ömrünün sonunacan belə davam etdi.)
Anam biruzə verməsə də gizli bir fərəhlə “nə yaxşı” dedi.
Xiyar qabıqları
Xiyar yeyincə bir stəkan su içərəm, gövşəməyim də özümə qalar.
Bartaz ata sözü
Beş-altı yaşım olardı. Hələ məktəbə getmirdim. Həyət-bacada doyunca küllənir, qonşu Hüseynqulu kişinin qızları ilə ora-bura qaçışır, beşdaş, küləquylama, bayraq-bayraq oynayırdım. Nənəm günorta yeməyinə israrla çağırmasa, acdığımı belə unudardım.
Bir gün yenə köhnə ev yerimizdə oynayırdıq. /Kəndin aralığının üst tərəfində, Həsənalı daylgilin damının sağında bizim köhnə ev yerimiz idi. Ona görə ev demirəm ki, artıq o köhnə evin daş-divarını söküb təzə tikdiyimiz ev üçün işlətmişdilər./ Bir də gördüm, Həsənalı kişi evlərinin qabağında əlində uzun, yaşıl bir şeyi bışaqla soyur, qabıqlarını yerə tökür. Maraqla onun əlinə baxırdım. Nəhayət, kişi əlindəkini soyub bitirdi, qabıqlarını yerə tökdü, sonra üç hissəyə bölüb, birini oğlu Qurbana, birini Sabirə verdi, bir parçanı isə özü ağzına qoydu.
-Mən bilirəm o nədi? Xiyardı... Dədəm də əkib təzə bağımızda... – Validə dilləndi. –Mən gözlədim. Onlar evlərinə girəndə qaçıb o qabıqları qucağıma ylğdım və köhnə ev yerimizə qaçdım.
-Ə, qoymuyun, ə! Apardı, apardı! – Sabir idi. Ardımca haylayır, o biri qardaş-bacılarsa gülüşürdülər. Mən pərt halda xiyar qabıqlarını yerə töküb ağladım...
Axşam bacım işdən gələndə dik üzümə baxdı və təlaşla dedi:
-Bacın qurban! Nolub saa?! Niyə kefin yoxdu?! Xəstələnmisən?!
Bir az çəm-xəm eləsəm də, olanları danışdım. O da eynən mənim kimi oldu. Nənəmin də qanı qaraldı. Ta dədəm evə gələnəcən.
Kişi məsələni bilən kimi əlini əlinə vurub güldü:
-O xiyar bizlərdə əkilməzdi, - dedi. Təzəlikcən gəlib çıxıb toxumu bıralara... Mən də təzə bağımızda əkmişəm... Hələ bir dur gedək baxaq, bəlkə xiyar töküb?
Şəvinik çalsa da, hələ tam qaranlıqlaşmamışdı. Arxımızı adlayıb dədəm, bacım və mən bağımıza endik. Dədəm xiyar tağlarını o yan-bu yan edib beş-altı gülburnu xiyar tapdı və əlini əlinə vurub “pəh!” dedi. Birini əli ilə silib mənə uzatdı:
-Tərədir, elə qabıqlı ye, - dedi.
Mən başımı silkələdim:
-Həsənalı dayı onu pıçaxla soydu... Sən də soy...
Bacımla dədəm gülüşdülər. Və baxıb gördüm ki, bacım gülsə də gözlərindən yaş tökülür.
And olsun o tərə xiyara ki, mən uzun zaman o dar vaxtı anamın ağlaya-ağlaya necə güldüyünü unuda bilmədim...
...Böyüyüb əlim iş tutanda bağ-bağçamda çoxlu xiyar da əkdim, sonralar şəhərdə yaşayanda bazardan ürəyim istəyən qədər xiyar da aldım (bazara girəndə nə sirdisə gözüm birinci xiyar axtarır), amma o şəvinik çalan axşamı, o dar vaxtı babamın tağların arasından tapıb gətirdiyi o gülburnu xiyarlar qədər dadlı xiyar görmədim. Və o axşam bir şey də ağlıma gəldi: xiyardan su qoxusu gəlirmiş, xiyar bartazlıların sözü olmasın, suyun xiyar şəkli imiş. (Bartaz bizim rayonun Qabrovasıdır.)
İstanbul, Pendik, 15.11.2018
Sandıq-kitabla ilk tanışlıq
Nənəm İzafa bağ-bağatımızın məhsulunu yığıb-yığışdırar, babam da o məhsulları səbətlərə, xaşalara yığıb eşşəyimizə yükləyər, nənəmi sübh tezdən Mincivan bazarına yola salardı. Mincivan bazarında nənəm lobyanı, qarğıdalını, çay maşını, üzümü, armudu, narı satar, Mincivan çörəyi, düyü, qənd, çay alıb geri dönərdi. Nənəmin cibi həmişə pulla dolu olardı. Bir gün o geri qayıdanda bir naxışlı sandıq gətirdi və mən o sandığın eşqilə iki-üç gün kef elədim. Mənə elə gəlirdi ki, bu sehrli qutunun içində nəsə gizli bir şey var və o gizli şey bir gün fışş eləyib çıxacaq, mənə rəngbərəng nömrələr göstərəcək.
...Və axşam anam kolxoz işindən qayıdanda o bərbəzəkli qutunun ağzını açdı və açmağıyla “bıyyy, gör burda nə var!” deyib qışqırdı. Mən başımı əyib bu dərin sandığın içinə boylananda gördüyümdən çox məyus oldum: bu, üz qabığı olmayan bir kitab idi. Mənim artıq öz kitablarım vardı və o kitablarda yazılanları çoxdan oxuyub bitirmişdim. Və bu sandıqdan çıxan üzsüz kitabı görəndə heç təəccüblənmədim. Anam isə elə axşam tərəfi o kitabdan mənə bir nağıl oxudu. Nağılda div vardı, Məlikməmməd vardı və bir də hər gecə yuxuma girib mənə əzab verən gözəl bir qız vardı.
Elə səhəri günü mən o kitabı oxumağa başladım. Cəmi üç sinif oxuduğum üçün hələ sürətlə oxuya bilməsəm də, mən o kitabı bir aya-filana oxuyub bitirdim. O kitab mənim ilk bədii kitabım oldu. O kitab məni ilk yazıçılığa itələyən kitab oldu. O kitab mənim sandıqdan çıxacaq ən gözəl sehrim oldu. Və o kitab mənim ilk məhəbbətimin də bətni oldu – divin oğurladığı o gözəl qızın eşqi ilə mən uzun illər dadlı-dadlı yuxular gördüm. Və ilk birtərəfli məhəbbəti də o kitabın vasitəsi ilə tanıdım...
Ah o kitab...
Anama elçi gəlib
Evimizin qabağında üstü çadırlı bir maşın dayanmışdı. Dedilər ki, VİLLİS imiş.
Qonşumuzun oğlu qulağıma pıçıldadı:
-Anana elçi gəliblər!
“Nə?! Axı o mənə demişdi ki, heç vaxt səni qoyub ayrı yerə getmərəm?!”
-Bu ölsün hə! Kolxoz sədridir e! Pullu adamdı!..
Çantamı yerə atıb evə gedirəm. İki kişi, iki qadındır. Babamla, nənəmlə astadan nə barədə isə danışırlar. Qulaq versəm də bir şey başa düşmürəm. Anam görünmür. Eyvanımıza boylanıram. Samovarımızı qaynadır. “Hə, demək belə? Məni aldatmısan? Yaxşı! Görərsən!”
-A bala, bəs camtayın hanı? – babamdır, eşməsini eşə-eşə məndən soruşur. Ona cavab da verməyib çölə çıxıram. Anama yanqılıcı baxıb evin dalına yüyürürəm. Qoyun-qoltuğuma iyirmiyəcən daş yığıb Salahın cəvizinə çıxıram. Özümə rahat bir yer düzəldirəm – elə edirəm ki, burdan məni görə bilməsinlər. Sonra qoynumdan daşları çıxardıb atıram: tarak! Maşının qabaq şüşəsi cağğ elədi. İkincini atıram: şarakk! Bu dəfə daş şüşəyə deyil, maşının kabinəsinə dəyir. Üçüncü qabaq padpresi sındırsa da, çat-çat olur, tökülmür. (Burdan hər şeyi rahat görürəm axı. Dördüncü o biri şüşəni aparır! Beşinci maşının qabaq farasını, altıncı o biri faranı... maşını şil-küt elədim...
Qonaqlar bizdən çıxırlar. Hiss olunur ki, çox pərtdilər. Elə bilirəm ki, maşına görədir. Bu vaxt onların içindəki qadın qışqırır:
-Vayyyyy! Maşınımızı gör nə günə salıblar! Əliniz qurusun!
Kolxoz sədri (onu tanımışdım) acıqla o yan-bu yana baxıb qışqırır. Və hirslə maşınlarını minib gedirlər. Amma anamı aparmadılar. Nə olduğunu bilmək üçün ağacdan düşüb evimizə gəlirəm. Babam üstümə yeriyir:
-Niyə baxmadın qonaqların maşınına? Hansı çər dəymiş elədi onu? Biyabır oldux sədrin yanında.
Anam isə mənə baxıb gülürdü. Bu dəfə yüz faiz inandım: o məni qoyub heç vaxt ərə getməz. Bir də axı mənim pis-yaxşı atam var, nolsun ayrılıblar?
Babam və nənəm(in sevişmələri)
Yaş dəyişdikcə mənim əzablarım artırdı. “Bu niyə belədir?”, “Nə üçün?”, “Bu niyə bunun üstündədir?” kimi suallar zəhləmi tökürdü.Təxminən 10 yaşımdan sonra fərqli şeylər hiss etməyə başlamışam. İki qurbağanın bir-birinin üstünə çıxmasını, iki itin bir-birinin belinə minməsini heç kim, hətta babam da mənə izah edə bilmirdi. Və bir gün hiss elədim ki...
Anam işdə idi. (Kolxozda işləyirdi) Mən də məktəbdən evə gələndə gördüm qapımız bağlıdır. Mənə nə var? Aşağı tərəfdən tullanıb eyvana çıxdım və içəri otaqdan səslər eşitdim. Nənəmlə babam idi. 70-75 yaşlı bu adamlar ayrı cür danışırdılar. Heç vaxt eşitmədiyim səslə bir-birinə sözlər deyirdilər.
-Ə, əti tökülsün, bəsdi dana. Qocalmısan e, yoxdu, day yoxdu...
-Aaaz, saa kim dedi mənim qocalmağımı, hıyyyy?
Və pəncərənin yanından baxdım ki...
Və bu sözləri eşitdim nənəmin dilindən:
-Ədə, ay kafır oğlu, kafır, bir də qız evdə olanda maa tərəf yaxınlaşsan, mənəm, sənsən... Ə, a köpəyn oğlu, qız gör neçə ildi ərinnən çıxıb, istiyənnərə də getmədi... Heç olmasa onnan utan e...
-Hə, ay arvad... Lap kitilimi kəsdin bu sözünnən... Həylədi... Qızımızın taleyi bəd gəldi... Dünya tamından umsux qaldı... Kül olsun belə devranı...
Daha geyinirdiləR. Mən yavaşca gəldiyim yerdən sivişib düşdüm ki, onları utandırmayım.
Əsas oydu ki, mən bu gün bir neçə sualıma birdən cavab tapmışdım.
Tarlada yemiş söhbəti
7-8 yaşım olan çağlardır. Hərdən necə olurdusa, anam məni də özüynən kolxoz işinə aparırdı. (Yəqin bu yay günləri idi, məktəb tətili vaxtı. )Yenə o günlərdən biridir. Yazı düzündə - Qarayazıda (bizdə iki yazı düzü vardı: Qara yazı və Ağ oyuq ) üzüm alağı edir kolxozçular. Mən də anamın yanında dümələnir, hansısa qonşumuzun uşağıyla oynayıram. Bu vaxt bizdən bir yüz-yüz əlli metr aralıda bir maşın dayandı və kolxozçular maşının başına yığışdılar. Mən də maşına doğru qaçmaq istəyəndə anam sərt səslə arxadan məni çağırdı. Uşaq inadım “get” desə də, başqa bir səs “qayıt” dedi. Və mən ikinci səsi daha doğma bilib qayıtdım.
Az sonra qəribə bir qoxu Qarayazıya yayıldı. Allah-allah! Nə tanış qoxuydu bu?! Amma nə? Niyə mənə belə toxunurdu axı bu qoxu?
Bu vaxt mənimlə oynayan qızcığaz əlində bir dilim qıra yeyə-yeyə mənə yaxınlaşdı. Həəə, anladım. Yemiş qoxusu! Maşında yemiş satırmışlar. Yenə maşına tərəf qaçmaq istəyirəm. Amma bu dəfə anam üzünü ayrı səmtə tutub. Heç mənə baxmır da. Bulirəm, belə olanda o ağlayır. Amma mən ha çalışsam da onun göz yaşlarını görə bilmirəm.
Gəlib anamın ətəyindən tutub sallaşıram. Anam inadla üzünü məndən gizlədir. Və qəfildən qalın kişi səsi ilə deyirəm:
-Bacı, sən ağlama. Mən böyüyəndə...
Anamı gülmək tutur və ağlaya-ağlaya məni qucaqlayır, o üzümdən, bu üzümdən öpür. Və mənim son sözüm onun kefini açır.
-Evimizə gedəndə babama deyərik, narlıparadakı bostanımızdan qıra gətirər, kəsib yeyərik. Hımı?
Şaqqa çəkib gülür. Mən də ona qoşuluram. O ki var gülürük...
Anamın əlləri
Anamən əlləri bərk idi – kişi əli kimi.
Niyə axı? O qadın idi axı. Bəs əlləri niyə bərk idi?
Bu suala çox cavab axtardım uşaqkən, amma tapa bilmədim.
Amma o əllər bərk olsa da, başımı sığallayanda, kürəyimə söykənəndə, bir də qolumdan qapanda xoşbəxt olurdum. Hə, xoşbəxt. Lap cücəli toyuğumuzun cücələri analarının yanında qorxusuz-ürküsüz gəzdikləri kimi, sarı dimdiklərini özlərindən üç dəfə iri beçələrin, fəriklərin dimdiyinə çırpıb xoruzlandıqları kimi...
Anam bir əlimi daim tutsa da, o biri boşda qalıb üşüyərdi. Yazıq anam bu üşüməni sümüyünəcən hiss edib, “o biri əlini cibinə qoy” deyərdi. Hərdən də cibimdəki əlimin cibimdə belə üşüdüyünü hiss edib, yerimizi dəyişdirər, bu dəfə cibimdə üşüyən əlimi tutardı. Bu dəf də o əlim üşüyərdi...
Belə-belə həmişə bir əlim ayazda böyüdüm.
...On, ya on bir yaşım olardı. Mayın ortalarında kəndimizin qabağından axan daşqın çaya toxuyub o taya – xalamgilə gedəcəkdik. Çayın ortasında sel suyu ayağımı yerdən üzdü, az qala anamın əlindən alıb aparacaqdı məni. Bir andaca qadınbelimdən yapışıb qoltuğuna vurdu və gülə-gülə dedi:
-Bunu yadında saxlı! Səni qoltuğumda çaydan keçirdim...
Sonra güldü. Lap kişi səsi ilə güldü. İstədim soruşam ki, ana, sənin əlin niyə bərkdir? Ana sən niyə kişi səsilə gülürsən?
Soruşa bilmədim. Ürəyim gəlmədi.
Bir dəfə anamla xalam xısın-xısın danışırdılar. Mən də bayırda əskidən düzəltdiyim topumla oynayırdım. Birdən anam şaqqa çəkb güldü. İlahi, anam qadın kimi də gülə bilirmiş! Anam gözəl idi və bu gözəl qadına elə bu cür gülmək yaraşırdı...
...
Şır-şır
Adamın gərək hamıdan bezəndə getməyə yeri olsun.
Anamla mənim ortaq sirlərimiz vardı.
İndi sizə danışacağım da ikimizin sirrimizdir.
***
Ağlımın təzə-təzə kəsən vaxtlarıydı. Deyəsən, dörddə oxuyurdum. Bir dəfə anam kolxoz işindən çox kefsiz gəlmişdi. (Min dəfə demişəm, bu da olsun min birinci: anamı az-az gülən gördüm. O həmişə bu gen dünyanı özünə dar bildi. Ölən günəcən.) Eşşəyimizi palanladı, məni üstünə mindirdi, dəhrəni koftasının altından tuman bağına taxıb “sür” dedi. Gəlhagəl, gəlhagəl, gəlib çıxdıq Qara incirlikdəki Şır-şıra. Bu Şır-şır dediyimiz kəndimizin qabağındakı Qaraquzeyin sağında, Çeşməli pirinin solundaydı. Elə Çeşməli pirindəki bulağın suyu axıb gəlir, dağın təpəsindən aşağı tökülür, Şır-şır belə yaranır...
Anam eşşəyimizi hörüklədi. Mənə tapşırdı ki, get oyna. Amma uzaqlaşma, itərsən.
Özü isə belindən dəhrəni çıxardıb buradakı kiçik pöhrəlikdən qaramux, qarı qaratikan, turş nar kollarından odun doğramağa başladı. Mən də yastanda bitən dovşangülü, solmazgülü yığa-yığa gəlib Şır-şırın lap başına çıxdım. Anamın dəhrəsinin səsi gəlmirdi. Ya Şır-şırın səsi qoymurdu eşidilməyə. Amma yox, anam odunu yığıb yan-yana çığ vurmuş, dəhrəni də yerə atıb hara isə getmişdi. Qorxa-qorxa ora-bura vurnuxur, ağlamaq istəyirdim. Qəhərli-qəhərli bir iki ağız çağırdım da:
-Bacı, heyyy!
(Sizə demişəmmi? Mən ona “bacı” deyirdim – bu cavan xalamın dilindən aldığım sözdü.)
Səsimə hey vermədi. Nə düşündümsə, qayalardan tuta-tuta Şır-şırın dibinə - şəlalənin töküldüyü yerə enməyə başladım. Üstü xınalı qayalardan pilləkən kimi istifadə edir, qayalara pərçimlənmiş kollardan tuturdum ki, yıxılmayım. Təxminən on beş, iyirmi metrəcən aşağı enəndən sonra Şır-şırın lap dibində anamı gördüm. Arxası mənə tərəf oturub əllərini göyə açmış, nələrsə deyirdi. (Təbii, mən onun dediklərini Şır-şırın səsindən eşidə bilmirdim. Amma yanpörtü də olsa üzünü görə bilirdim - əlləri hərəkət etdikcə dodaqları da nələrsə söyləyirdi. Gözlərindən isə yaş Şır-şırdan tökülən su kimi axırdı...)
Geri qayıtmaq istəsəm də, gözüm yemədi. Qayalar ağzıyuxarı daha sərt idilər. Özümü toplayıb birtəhər aşağı endim və qulağıma dəyən ilk kəlmə bu oldu:
...-sənin heçmi insafın yoxdu... bir adama belə çox dərdi yükləmək hardan ağlına gəldi... bəs deyirlər sən adilsən... ay sənin...
Birdən məni görüb susdu. Göz yaşlarını gizlətmək üçün üzünü Şır-şırın altına tutdu. Buz kmi soyuq su onun saçlarına, sifətinə, çiyninə, bədəninə çırpıldı. Gülümsünüb suyun altından çıxdı. Məni özünə sıxıb öpdü. Üzündəki su damcıları (soyuq olmalıykən imisti idi nədənsə) sifətimə, boyunuma, sinəmə sıçradı. Anam bir göz qırpımında məni qoltuğuna vurub əlik kimi qayadan-qayaya sıçradı və bir də gördüm eşşəyimizin yanındayıq...
...Evə qayıdanda yol boyu heç danışmadıq. Təkcə evə çatmağa azalanda üzünü günahkarcasına mənə tutub dedi:
-Mənim Şır-şırda elədiklərimi heç kimə demərsən, hımı?
-Hı... – Elədim. Yəni yaxşı. Amma dilim açılmışdı deyəsən. Əlimlə eşşəyin əyilmək üzrə olan yükünə dayaq verərək düzəltdim və üzümü arxadan gələn anama tərəf döndərdim:
-Bacı, sən orda kiminlə danışırdın?
-Allahla...-Elə inamla dedi ki, elə bil doğrudan da onu görmüş, dərdləşmişdi.
Sonralar biz daha bir neçə dəfə ora getdik. Amma anam Şır-şıra düşüb Allahla dərdləşəndə mən daha onun yanına enmirdim...
Bizim “o”yumuz
10-11 yaşlarındayam. İndi vəziyyət bir az fərqlidir. Böyümüşəm axı!
Amma ikimizin başa düşdüyümüz qarğadilimiz var. İndi burdan beləsini o dildə yazacam.
-Neçə almısan? Genə “dörd”ün var? Niyə axı dörd alırsan? Bəs “O” buna nə deyir?
-“O” deyir ki, üzünnən köçürə bilmirsən... Kitabdakıları düz yazmırsan...
-Sən də düz köçürt dayna! Mən sənin “dörd” almana dözmürəm e, dözmürəm! “O”na nə var? Sənnən sıvay 4 oğlu var...
Birdən gözünü üzümə dikib qışqırır:
-Üzüun burasına nə olub? Kimnən davalaşmısan?! Döyüblər səni?!
-Yox, e yox... Güləşmişəm...
-Kimnən?! Yıxdı səni?!
-Yıxmağına yıdı e... Amma...
-Nə amma?! Kim yıxdı səni?! Sən axı maa söz vermisən ki, heş kimə yıxılmıyassan?! Niyə yıxıldın?!
-Güləşəndə İsanın dədəsi maa dabalaşka verdi, yıxıldım, İsa da mindi üstümə... Mən qalxıb ona bir boks vurdum, burnu qanadı. İsa da əl atıb üzümü diddi...
-“O” da ordaydı? Heş nə demədi İsanın dədəsinə?!
-“O” da ordaydı. Hələ mən yıxılanda güldü də...
Anam yenə üzünü o yana çevirir. Bilirəm ki, ağlayır. Əl atıb yaxasından tuturam.
-Bacı. Ay bacı! Dayan e, ağlama, nolar... Mən İsanın burnuna elə vurmuşam ki, boksnan, qan bürüyüb e onu... Mən böyüyəndə İsanın dədəsini də boksnan vuracam... İstəsən “O”nu da vuraram.
O birdən şaqq çəkib gülür. Və birdən ciddiləşir:
-Yox, “O”nu vurmaq olmaz... “O” sənin atandır...
“O” məni döyüb!
Məktəbimiz ibtidai məktəbdir, yəni 1-dən 4-cən burda oxuyacağıq. Bu il mən 4-cünü bitirirəm. Amma müəllimimiz – “O” mənimlə heç yola getmir. Deyir, üzündən düz köçürmürsən.
Neynim, e! Köçürə bilmirəm də! Elə başlığı kitabdan yazıram. Qalanını özümnən uydururam. Bu da “O”nun xoşuna getmir. Bu boyda uşağı buraxıb, düşüb mənim üstümə. Hərdən hirslənir, sillə də vurur mənə.
İndi də başlayıb ki, sən riyaziyyatı yaxşı bilmirsən. Vurmanı su kimi əzbərlədib – tərsinə, düzünə; üstəgəli, çıxı da yaxşı bilirəm. Amma bu bölmə var ha!.. İllah da ağaclı bölmə! Qardaş, öldür, beynimə girmir ki, girmir... Neynim axı mən? Bu “O” da əl çəkmir ki, səhər Ördəkliyə (qonşu kənddir) gedəcəksən yuxarı sinifdə oxumağa. Məni biyabır edəcəksən...
Səni niyə e? Mən özüm bilərəm. Pah!
-Şart! – Sifətimə vurur şilləylə. –Köpək oğlunun küçüyü! Tez 80-i 4-ə böl görüm!
Ağaclı bölməylə bölürəm lövhədə, amma yenə çaşıram. “O” qulağımı burur, əli qana batır.
Cibindən dəsmal çıxardıb qulağımın qanını silir. Və yenə başlayırıq bölmə əməliyyatına.
Qəribədir ki, mən həmin gün ağaclı bölməni öyrənə bildim. Evdə isə...
-“O” səni genə döyüb?
-Yoox... Zaddı... Mən ağaşdı bölməni axır ki, öyrəndim...
-Bıy, əlin qurusun, kişi! Gədənin qulağı gör nə gündədir!.. Bıy...bıy...
Anam özünü ora-bura çırpır. “Gedib söyəcəm!” deyir.
Babam hayxırır:
-Ə bala, ə bala! O təhcə sənin uşağın dəyil ha! “O”nun da uşağıdı e... Məllimdi, döyür ki, öyrənsin...
Sonra biz anamla ağaclı bölməni başlayırıq yazmağa. (Anam özü də bunu əməlli bilmir.) Və mən ağaclı bölməni anama da öyrədirəm.
“O” məni yaxşıca öyrədibmiş...
Qazaxıstandan gələn mamoğlu
Beşdəmi, altıdamı oxuyurdum, orasını dəqiqi xatırlamıram. Bir gün bizə 35-37 yaşlarında bir gənc adam gəldi. Uzun boylu, dar alınlı, daim gülən, amma gülən gözlərinin ağı ilə qarasının birləşən yerində bir kədər dalğası gördüyüm bu adam bir az da arsız idi. (Əlbəttə, bu mənim sözüm deyil. Bunu babamdan eşitmişdim. Sonralar bildim ki, adı Məhəmməd olan bu gənc adam babamın mərhum bacısı Bənövşənin oğluymuş. Əsgərlikdən sonra, babam demiş Oralarda – Qazaxıstanda ilişib qalmış, indi qursağı daralanda biz tərəfə üz tutmuşdu.)
Məhəmməd kəndimizin cavanlarına qəti oxşamırdı. Rəngli paltarlar, o vaxtlar bizim idman dərslərinə geydiyimiz keta kimi ayaqqabılar geyinərdi. Gündən qorunmaq üçün iri, cəvərədən hörülmüş vedrəyə oxşar papağı vardı.Yuxudan gec durardı. Duranda da nazik idman paltarında harasa qaçar, sonra gəlib arxımızda yuyunardı. İlk dəfə diş fırçalamağı da onda gördüm.
Məhəmməd özü ilə balıq tutmaq üçün qarmaqlar gətirmişdi. Məni də özü ilə götürər, gedib çaydan balıq tutardıq.
Babamla nənəmin sevmədiyi bu adam mənim xoşuma gəlirdi.
Anam isə onunla kılmə kəsməz, kəsəndə də ironiya ilə danışardı. “Ə, Məhəmməd, nə qəşəy şalvarın var?! Gülləri adamın gözünə girir...”
Məhəmməd də başını bulayardı:”Neynim e, ay dayıqıqzı, mən də beləyəm də... Papam yox, mamam yox, yetim gədə... Deyirəm heç olmasa şalvarım qızarsın...”
“Hə, üzü qızarmayanın şalvarı qızarar dana...” – anam bunu deyib evdən çıxardı. Yəni, bu o deməkdi ki, ay Məhəmməd, səni görməyə gözüm yoxdu...
Bir gün anamla Məhəmmədin ikisinin söhbətinə qulaq günahkarı oldum. Aşağı bağımızdakı armud ağaclarının dibində oturub dərdləşirdilər. Mən də arxın qırağındakı heyvalıqda idim.
“Dayıqızı, bilirsən mən niyə gəlmişəm?”
“Yox, bilmirəm... Heç...”
“Dayıqızı, qurbanın olum... Nolar, məni dakansa dinlə, sonra nə eliyirsən elə. Lap söy məni, döy. Qov... De ki, ay Mamed, anuka rədd ol, uxadi otsuda, get gəldiyin yerə!”
“Yaxşı, de görüm, nə deyəssən...”
“Dayıqızı, mənə bir dostum yazdı ki, dayın qızını qucağında bir uşaq boşayıblar... Vallah, mən də adamam da... Arıma getdi. Çestimə toxundu. Dedim, dayımın oğlu yoxdu, mənim də kimim-kimsənəm... Gedirəm, dayıma oğul olam. O tifilə də ata olacam... Düşmənnərin...”
Anamın gözləti dolmuşdu. Başını qaldırıb bəlkə də ilk dəfə Məhəmmədin üzünə baxdı və acı-acı gülümsündü.
“Məhəmməd, mən bu kəndin birinci savad görmüş adamına, müəlliminə ərə getmişəm. İstəsəydim, qalıb arvad olardım pisə-pislə olsa da... Amma mən onun və ayləsinin bəzi hərəkətlərini götürə bilmədim... İndi... Sən incimə, ay mamoğlu, bizdə bir söz var, mən atdan düşüb, lətifəsi sənnən qırağ, eşşəyə minə bilmərəm...Mən göz yaşımnan köynək geymişəm, kipriyimlə od götürmüşəm, telimin birin ağ, birin qara hörmüşəm, o boyda oğul böyütmüşəm... Bınnan sohra, mən day sənə ərə gedə bilmərəm. Mən sahat altıda dururam, sən onda durursan. Mən gedib bir şələ odun gətirib ocağa qalayıram, sən ala şalvar geyib kəndin aralığında belədən-belə dazıyırsan... Sən...Mamoğlu, incimə, sən mənim adamım deyilsən... Sən, yaxşı olar, dinməz-söyləməz qayıdasan gəldiyin yerə... Sənnən Məhəmməd çıxmaz, sən Mamedsən...”
Məhəmməd qulağının dibinəcən qızarmışdı. Barmaqlarının arasında tutduğu siqaretin ucunda uzun kül yığılmışdı. Yaxında olsaydım çırtmayla vurub salardım onu.
Handan-hana Məhəmməd yarıkönül dilləndi:
“Dayıqızı, bir variant da var... Panimayeş... Biz səninlə evlənirik, oğlumuzu da götürüb gedirik Qazaxstana. Mən zavodda işləyirəm, sən də...”
Anam qabağına düşən sapsarı armudu götürüb sildi və dişinə çəkdi.
“Yox, ay Məhəmməd, mən bax bu armud kimi buraların meyvəsiyəm. Burda yetişə bilərəm. Oğlumu da burda yetişdirəcəm. Ona savad verəcəm, oxudacam. Dədə-nənəmə baxacam, qocalıblar... Get, ay mamoğlu, məni də, özünü də avara qoyma. Elə günü sabah get, yaxşımı?”
Bu vaxt mənim ayağımın altından daş surçdu və şappıltıyla aşıb arxın içinə düşdüm. Anam mənim suya düşməyimi sezsə də görməməzliyə vurdu. Ketməni də yerdən qapıb lobya vərlərinin arasının alağını ketmənləməyə getdi. Deyəsən, o mənim onların söhbətini eşitməyimdən utanmışdı. Başını heç yerdən qaldırmırdı.
Səhər Məhəmməd olub-olmazını kiçicik əl çantaslna yığdı, mənim üzümdən öpdü, babamı qucaqlayıb ağladı və o gedən getdi.
Gecədən xeyli keçmiş anamın yorğanın altında xısın-xısın ağladığını duyub onu qucaqladım. O da mənə sarıldı.
Qaloş
Yeddidəmi, ya səkkiuzdəmi oxuyurdum, dəqiq xatırlamıram. Bir onu bilirəm ki, bütün fənləri yaxşı oxuyurdum. Təkcə riyaziyyatdan axsayırdım. Səbəb mənim sözlə rəqəmin sərhəddini müəyyən edə bilməməyimdəydi. Mən söz görəndə içimdə alov püskürürdü, elə bil məni paraşütə qoyub göyə atırdılar. Hara düşəcəyimin qəti qorxusun çəkmirdim. Söz məni qoruyacaqdı – buna əmindim. Bu rəqəmi də eyni bilmişdim... Deyilmiş.
Rəqəmi bir-birinə vurmaq, bölmək varmış, toplamaq, çıxama varmış. İllah da rəqəm rəqəmin üstünə çıxanda kəsir, qabağına keçəndə onluq kəsir olmağı varmış. Qardaş, bu rəqəmlərin yüz hoqqadan çıxmağı sözə yaxın idi. Amma beşi hər dəfə beşə vuranda iyirmi beş eləməsi mənə çatmırdı. Necə yəni, dünən də iyirmi beş, bu gün də?!
Beləymiş nə yazıqlar ki...
Və riyaziyyat müəllimimiz məni riyaziyyatdan rayona fənnolimpiadasına göndərəndə çaşıb qaldım. İstədim deyəm ki, ay kişi, məni tarixdən, ədəbiyyatdan göndərin. Gedim sizi yarıdım, axı bu riyaziyyatı mən bilmirəm!
Direktor dedi ki, müəlliminiz də orada olacaq, daha keçib. İkinz birləşib bir şey eləyərsiniz...
Gecədən başlayan qar kəsmək bilmirdi. Nənəm dedi ki, qar hörüb. Uşağı buraxma. Qurda-quşa yem olar. Babam da dedi ki, sapoğunu geysin, düşsün yola, nolasıdı?
Mən sapoğa qəti etiraz elədim. Ayaqqabım da nazikdi. Anamın qaloşunu geydirdilər yun corabın üstündən. Bu üzü şumal, içi isti qaloşla bir az gedən kimi qar doldu içinə. Amma riyaziyyat müəllimimiz Aslan müəllim dedi ki, mən çəkməliyəm. Qabaqda sənə yol açacam, qorxma. Nə bilim, iki saata-filana çatdıq rayon mərkəzinə. Olimpiada çoxdan başlamışdı. Uzaqdan gəldiyimizə görə bizi içəri buraxdılar. Və Aslan müəllim qulağıma dedi ki, mən yazıb ötürəcəm sənə, tez-tez köçürərsən...
Nə oldu, nə olmadı, müəllimlərimizi çölə saldılar. Öyrəndik ki, Bakıdan komissiya gəlib. Komissiyanın qadın üzvü sıraları gəzdi, gəzdi, gəlib mənim yanımda dayandı. Və birdən qaloşumun altından döşəməyə axan suyu görüb dedi:
-Qaloşunu çıxart görüm...
Mən utana-utana şaxtadan gizildəyən, indi də odun sobasının istisi dəydiyində gicişmə tutub qızaran ayağımı qaloşdan bayıra çıxartdım. Qadın ayaqlarıma baxıb dedi:
-Bu uşağın ayağının qızartısı bizim üz qaramızdır! Niyə axı bunlara maşın ayrılmayıb? Yəqin neçə kilometr yolu piyada gəliblər, eləmi?
Bəstəboy, qalstukunun ortasında qıraqları sünbüllü ulduz olan kişi gülümsündü:
-Yox, yoldaş Rəcəbova, nə danışırsınız? Bunları səhər tezdən avtobus kəndlərindən gətirb. Eləmi, oğlum?
Ha ora-bura baxsam da Aslan müəllim gözümə dəymədi ki, görüm onun fikri nədir. Ona görə bir az fikirləşib qaşınan ayağımı əlimlə qaşıyıb dedim:
-Avtobusu bilmirəm, amma Aslan müəllim yolu çəkməsiynən açırdı ki,
qaloşuma qar dolmasın...
...İki gün sonra bütün məktəb şokdaydı. Direktorumuzu işdən azad etmişdilər. Aslan müəllimi isə mənim qaloşuma yol açdığına görə direktor təyin eləmişdilər...
Qəribəsi o idi ki, Aslan müəllimin ilk işi mənə riyaziyyat olimpiadasında “uğurlu iştirakıma görə” üstündə “Tərifnamə” yazılan rəngli bir kağızı gurultulu alqışlarla verməsi oldu.
Ən qəribəsi isə anamın o rəngli kağızı görəndə hönkür-hönkür ağlaması idi...
Valideyn iclasından sonra
Anam neçə gün idi qaşqabaqlı idi. (Heç qaşqabaqlı olmadığı gün oldumu ki?”) Mincivandakı məktəbin valideyn iclasından qayıdandan sonra belə olmuşdu. Ha fikirləşsəm də, səbəbini tapa bilmirdim.
Artıq bu qəsəbədəki məktəbə gedəndən sonra əlavə kitablar oxuyur, xüsusilə məktəbin kitabxanasından bədii əsərlər götürüb mütaliə edirdim. Bir dəfə yenə hansısa romanı oxuyurdum. Babam, nənəm, anam yatsa da, mən eyvanımızda yerimdə uzanıb oxumaqda idim. Bu vaxt nənəm oyandı, məni kitab oxuyan görüb hirslə dedi:
-Ədə, bala, başın qaçar. Az o kitaba gözüu zillə... Zehnin qaraldı... Müəllimin də deyirmiş ki... O bir müəllimin var e. Adı nətəridi... Hə o deyirmiş ki...
Anam səsə oyanıb tez yerindən qalxdı, nənəmin sözünü tamamlamasına imkan vermədi:
-Hə, qağa, ədəbiyyat müəllimin deyirdi ki, oğlun çox biliklidi... O nədi, belə zehni itidi... belə, o söz nətəridi, hə. Hə, istedadlıdı... Səni o ki var təriflədi... – Sonra nənəmə tərəf döndü. – Ay arvad, sən də gəl bı yana, uşağa dəymə. Qoy dərsin oxusun...
Nənəm daha heç nə demədi. Elə sözlü-sözlü qayıdıb yerinə girdi...
Nənəmin ağzında qalan o sözünü düz 17 il sonra bir təsadüf nəticəsində öyrənə bildim...
...1987-ci il idi. İlk kitabım çıxmışdı. Evimizdə balaca bir şənlik stolu açmışdıq. Böyük əmim, kənddən olan bir-iki dostum da məclisdə idi. Özümüzün çəkdiyimiz tut arağından qoymuşduq süfrəyə. Əmim danışır:
- Maa dedilər ki, qardaşın oğlunun kitabı çıxıb. Sevinə-sevinə kitabxanaya getdim. (Kitab mağazasına demək istəyirdi.) Ömrümdə birinci dəfə pul verib kitab aldım...
Sonra anamı məclisə çağırdılar. Əmim anamın xətrini çox istəyirdi. Onun sağlığına badə qaldırdılar. Sonra nələr dedik, mən nələr danışdım...
Və gecə mən yenə nə isə yazmağa başlamışdım. Makinamın səsi uşaqlarımın yuxusuna mane olmasın deyə, kallayı otağın qapısını kip bağlamışdım. Anam gecədən xeyli keçmiş otağıma gəlib gülə-gülə dedi:
-Bayaq, qonaqların yanında bu söz ağzıma gəldi, qaytardım... Hesablamışam, düz on yeddi il keçib üstünnən... Sən onda qəsəbədə 10-cuda oxuyurdun. Valideyn iclasına getmişdim. Müəllimlər səni təriflədi... İclasdan sonra ədəbiyyat müəlliminiz məni qırağa çəkib dedi:”Bunların dediyinə baxma. Sənin gədənin başı xarabdı. İnşa verirəm, götürüb gic-gic şeylər yazır. Dərsi danışanda bircə dəfə kitabdakı kimi danışmır. Ağlına gələni guppuldadır... Ağıl ətaratı yoxdu... Bir başın həkimə göstərin. Nervpatoloqa baxdırın. Sonra gec olar.” Mən də qorxuya düşmüşdüm. Amma bunları sənnən gizlətdim. Allaha pənah dedim... Amma allah səni yazıçı eləyəcəkmiş...
Anamın üzünə baxdım. Çox xoşbəxt idi. Onu qucaqladım. İkimiz də qəhərləndik. Yadıma bir əhvalat düşdü. Onu anama da danışdım.
“Edison bir gün evə gəlir və anasına ağzıbağlı bir zərf uzadaraq "bu kağızı müəllimim yalnız sənə verməmi istədi" deyir. Ana kağızı açır, göz yaşıarı içində ucadan oxumağa başlayır: "Oğlunuz dahidir. Lakin məktəbimiz onun üçün çox kiçikdir və ona kifayət qədər təhsil verə biləcək müəllimimiz yoxdur. Xahiş edirik, onu başqa məktəbə aparın."
Aradan uzun illər keçir. Edisonun anası vəfat etmiş, o isə artıq əsrin ən böyük alimlərindən biri olmuşdu. Bir gün köhnə ailə əşyalarını qarışdırırkən, siyirmənin küncündə qatlanmış bir kağız tapır. Kağızı açır, oxumağa başlayır: "Oğlunuz "qəribə"(ağıl xəstəsi) uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə verə bilmərik.”
Edison oturub ağladıqdan sonra gündəliyinə bu sətirləri yazır.
"Tomas Alva Edison qəhrəman bir ana tərəfindən, yüz ilin dahisinə çevrilmiş "qəribə"(ağıl xəstəsi) bir uşaqdı...”
Anamla təzədən qucaqlaşdıq. Onun göz yaşları boynumu islatdı. Mənə fəxrlə baxıb dedi:
-Qəsəbəyə yolun düşəndə bu kitabından birini alıb o müəlliminə verərsən...
Babamın güzgüsü
Babam mənim dədəm idi.
(Bizdə “dədə” “ata”ya, “nənə” “ana”ya deyərdilər.)
Mən babamın oğluyam. Yəni, kəndimizdə tay-tuşlarımın hamısının “dədə” dediyi adamların uzağı 40-45 yaşı olardı, mənim “dədə” dediyim kişinin – babamın isə yaşı 80-90 idi bəlkə. Amma mən babamın belə qoca olmağından heç əndişə etməzdim. Niyə? Ondan ki, babam çox hörmətli adam idi. Kənd-kəsəkdə hamı ona “məmi” deyərdi. (Babamın adı Məmmədqulu idi, bu “Məmi” də elə deyəsən, o uzun adın qısaldılmış, əzizlənmiş formasıydı.)
Babam arvadı İzafə ilə birlikdə mənim nazımı çəkər, atasızlığı hiss etdirməzdilər. Kənddə ən təzə ayaqqabını, ən təzə paltarı mənə alardılar. Anam kolxoz işində olanda onlar məni qoruyar, qayğıma qalar, əzizləyərdilər.
Babam siqaret çəkmək istəyəndə kibriti hökmən mən yayndıradım. Eşşəyə minib harasa gedəndə ya tərkinə, ya da qucağına minər, kişiyə göz açmağa imkan verməzdim. Hətta su başına çıxanda belə onun dalına düşərdim...
Babamın bir neçə əşyası vardı ki, onlara yalnız mən toxuna bilərdim. Biri çaxmaq idi - bıçağı, dəhrəni, orağı itiləyərdi. Həm də deyilənə görə, kibrit olmayanda onunla ocaq qalamaq olurmuş. (Çaxmağı qaranlıqda daşa çaxardım. Od parlayardı və mən bunu çox möcüzəvi iş sanardım. Hətta bir dəfə babamdan xəlvət çaxmağı cibindən götürüb dərsə aparmış, partanın altında yarıqaranlıq yer düzəldib onu balaca ağ daşa çaxmışdım. Daşdan alov çıxanda iki il bir sinifdə qalan Tapdıq “vay dədə vay” deyib qışqırmış, müəllim ikimizi də küncə qoymuşdu.)
Biri müştük idi ki, babam ona siqaret taxar, mən də kibritlə alışdırardım. Biri də təsbeh idi. Babam onu boş vaxtlarında oynadardı. Canım sizə desin, orta barmaqdan uzun darağı da vardı, amma başını dibdən qırxdıran adamın darağa nə ehtiyacı ola bilər ki? Sonradan başa düşdüm - onunla bığını darayırmış... Və bir də bapbalaca güzgüsü...
Nənəmin deməsinə görə, onu 45-ci ildə davaya gedəndə Ovçaladan* alıb gətirmişdi.
(Bu dava məsələsini də mənə bir şurnan danışardı, gülməkdən gözüm yaşarardı. Deyir, Qutayisdə bir arvad doxtur məni lüt soyundurdu, ora-buramı əlləşdirdi, rus dilində soruşdu ki, neçə uşağın var? Dedim yeddi. Dedi, axı burda üç yazılıb? Dedim, hə üçdü üç olmağına, amma məni evə buraxsanız, gedib dördünü də qazanacam. Arvad uğunub getdi. Elə gülə-gülə dedi, niyə? Mən də dedim ki, mən qocayam, döyüşə bilmərəm. Amma dörd oğul qazanacam, gəlib Hitleri gəbərdəcəklər... Tərcüməçi bu axırıncı cümləni tərcümə eliyəndə bütün həkimlər qırıldı getdi gülməkdən. Arvad dedi səni qaytarıram evinə. Amma uşaq qazanmağı yadından çıxartma haaa!.. )
Həmişə pencəyinin döş cibində olan bu qırağı haşiyəli güzgüyə baxar, qayçı ilə bığlarının ucunu vurardı. Üç gündən bir isə yenə o güzgüyə baxıb üzünü qırxar, sonra saxladığı nazik xəttini urvata salardı.
Babam mənə acıqlanmazdı. Mən pis bir iş tutanda üzünü yana çevirib kiminsə qarasına deyinməyi nəzərə almasaq, heç üzünü də turşutmazdı. Məni çox istəyirdi. “Dədə” deyəndə “can” deyər, başımı sığallayar, üzümdən öpərdi.
Amma bir dəfə babam mənə acıqlandı. O kiçik güzgüsünü əlimdən daşın üstünə saldım, ortadan çatladı. Kişinin həmişə qıpqırmızı olan yanaqları bozardı, dodaqları əsdi, əlini əninə vurub dedi:
-Pəh! Sənin peydahın yanmasın! Nağayrdın?!
Vəssalam. Çatlamış güzgünü silib cibinə qoydu. Və neçə gün kişi fikirli gəzdi...
***
Məktəbdə əlaçı idim. Müəllimlər anama,babama məni tərifləyir, belə övlad böyütdükləri üçün “sağ ol” deyirdilər. Babam onda çox fərəhlənər, mənə artıq xərclik verərdi.
Birinci il ali məktəbə qəbul ola bilmədim. Anamın razılığı ilə Bakıda zavodda işə düzəldim ki, orada həm işləyim, həm də hazırlaşım. İnsafən, işləyə-işləyə yaxşı hazırlaşdım. O ili istədiyim fakültəyə - filologiyaya qəbul olundum.
Yazın lap əvvəlləri idi. Bir bazar günü yataqxanada kitabları qabağıma töküb oxuyurdum. Komendant xəbər göndərdi ki, telefona çağırırlar. Təəccüblə aşağı düşdüm. Axı məni kim çağıra bilər? Mən buranın telefonunu kimsəyə vermədim ki?
-Qaqa, qorxma ha... Belə dədən xəstədi... Səni görməy istiyir... Gələ bilsən...
Anam hönkürüb ağladı. Və xəttin o başından nəsə boğuq səs gəldi və əlaqə kəsildi.
Fakültənin dekanının adına bir ərizə yazıb otaq yoldaşıma verdim və axşam qatarı ilə rayona yola düşdüm. On saatlıq yolu bəlkə yüz saata yürüdü qatar. Gözümə çimir getmədi. Səhər işıq-işığa Mincivanda qatardan düşdüm. Qarşıma çıxan ilk maşına minib kəndə sürdürdüm...
***
Mən içəri girəndə anamla xalam hönkürdülər. Mən özümü nə qədər saxlamağa çalışsam da, olmadı, hıçqırıb ağladım. Nənəm həttəndi mənə:”Yetim kimi ağlama, ə! Ağlıyırsan, kişi kimi ağla...” Sonra da ağı dedi: “Ay Məmmədqulu, gör kim gəlib, ay kişi! Oğlun gəlib e, oğlun!”
(Babamın oğlu olmamışdı. Ona görə məni oğul gözündə görürdü.)
Xalam özünü yerə vurdu. Anam üzünü diddi. Mən də bərkdən hönkürdüm.
Babamın gözləri açıq olsa da, elə bil görmürdü. Eləcə bir nöqtəyə dikilib qalmışdı. Nənəmin sözlərindən sonra kişi elə bil qırcıxdı. Gözünü çevirib hətta mənə baxdı da. Və bu bir an çəkdi. Uçunub silkələndi və yerində qaldı.
Anam cəld qırağı haşiyəli, ortası çatlaq kiçik güzgünü babamın ağzına yaxınlaşdırdı. Sonra nə oldusa, anam bir anlıq donub qaldı. Və babamın üstünə əyildi. Barmaqları ilə gözlərini basdı.
-Getdin, ay dədə, bəs məni kimə tapşırıb getdin?! – Saçını yolub babamın sinəsinə tökdü. Nənəm ifallıca güzgünü anamın əlindən alıb tərsinə çevirdi, babamın ürəyinin başına qoydu. Sonra ayağa durub divardan asılan qədimi güzgümüzün üstünə qara bir parça saldı.
Həyətdə kimsə hönkürürdü. Məni də hıçqırıq boğdu...
15.02.2018
Əziz oxucular!
Bildiyiniz kimi, xeyli vaxtdır yazıçı Azad Qaradərəli orijinal yazılarını ilk dəfə bizim saytda yayımlayır. 2019-cu ilin son günlərində o, artıq bitirmiş olduğu “Dünyanın ən böyük adamı” adlı kitabından bir hissəni redaksiyamıza təqdim edib. Yeni ildə çap olunacaq kitabdan həmin parçanı oxucularımıza təqdim edirik.