Edebiyyat.az » Proza » Nemət Mətin - Renessans həsrətli "Azad" yazıçı

Nemət Mətin - Renessans həsrətli "Azad" yazıçı

Nemət Mətin - Renessans həsrətli  "Azad" yazıçı
Proza
Necef Esgerzade
Müəllif:
23:10, 02 oktyabr 2019
2 284
0
  Bu günümüzün və gələcəyimizin böyük yazıçısı Azad Qaradərəli haqda bir neçə söz yazmaq istərdim. Ədəbiyyat tarixi onun qiymətini sonralar biləcək. Haçan ki, AYB dağılacaq, dağılmasa belə bütün heyəti dəyişəcək, o zaman yeni nəsil, məsələn, ikiminiyirmincilər araşdırıb oxuduqca, bu ləl-cəvahirdən agah olacaqlar. Bax, onda ədalət gec də olsa, bərqərar olacaq. İndi, nəfəs aldığımız zamanda Azad Qaradərəlini tanımaq böyük şərəfdir. Həm insan kimi, həm də yazıçı kimi böyükdür. Ona görə yanında bir kəlmə danışmıram. Çıxışlarında insana, xüsusən gənclərə motivasiya verir. Onun çıxışı Hitlerin, Martin Lüter Kinqin çıxışları kimi insanı lərzəyə gətirir. Bir oxucusuna saatlarla inadkarcasına həvəs verə bilən gücə malikdir. Bu vulkanı söndürmək mümkün deyil. Özü sussa belə, əsərləri danışacaq. Necə ki, danışır da...
 Azad Qaradərəlini ilk dəfə "Süd gölü" adlı hekayə ilə tanımışam. Hekayə o qədər sadə və təsirli idi ki, onun təsirindən bir neçə gün çıxa bilmədim. Bir hekayə ilə bir və daha çox insanı dəyişmək olarmış. Hətta dostlara bu hekayə haqqında danışanda "filmini çəkmək olar" demişdim. Elə də oldu. Lakin yenə də biz yox, polşalılar hekayənin ssenarisi əsasında film çəkdilər. Onun qədrini türklər də bildi. Kitabları qonşu ölkədə çap olundu. Yenə biz susduq. Görməzdən gəldik. Ağır dərddir. Azad Qaradərəli əyilməz ruhu, təmiz vicdanı ilə hər zaman gənclərin yanında olub. Onun gənc ürəyi var. Təkcə quru məsləhətlərlə deyil, əməllərlə, hərəkətlərlə bizə dəstək olub və olur. O elə bir insandır ki, yolda səni görüb bütün romanı danışa bilər. Ayrı aləmi, başqa düşüncələri var.  
 Azad Qaradərəli ədəbiyyatın, incəsənətin və digər yaradıcı sahələrin ən çətin yerlərinə baş vurub çıxmış, torpaq itirmiş, vətən itirmiş, çətinliklər, aclıqlar, xəyanətlər görmüş, həyatın amansız caynaqlarından xilas olmağı bacarmış şəxsiyyətdir. Onun hər ili bir roman mövzusudur. "Əllidən bir kəm" əsərindən tutmuş, hələ çap olunmamış "Morq çiçəkləri" əsərinə kimi Azad Qaradərəli özüdür. Yəni yazıçı obrazı yaratmır. Fərqli, yeni, sanballı fikirləri ilə oxucunu düşündürməyi bacarır.  
"Demokratiya ağıları" kitabında demokratiya və müstəqilliyi bizə tanıdan iki şəxsiyyət haqqında geniş məlumatlar vermişdir. Hər bir azərbaycanlı bu kitabı oxumalıdır. Ümumiyyətlə yazıçı necədirsə, kitabı da elədir. İnsan böyük ürəyə malikdirsə, əsərinin baş qəhrəmanı da elə olur. Azad Qaradərəli daima öz üzərində çalışan yazıçıdır. Çoxşaxəli yazıçıdır. Həm tarixi oçerklər, həm bədii əsərlər, həm bədii məqalələr, həm də xatirələri yazır. Hələ yenə yazır. Son nəfəsinə kimi (Allah eləməmiş) bizi təəccübləndirəcək.
Yazmağa həvəs olmayanda qəfildən Azad Qaradərəlinin yeni nəsə yazdığını görüb, oxuyub həvəsə gəlirəm. "Yazı" jurnalında xeyli yeni istedadlar kəşf etmişəm. Baş redaktoru olduğu jurnalda Azad Qaradərəli bir çox gəncə ümid vermişdir. Azad Qaradərəli Azərbaycan üçün bir nemətdir. O, Amerikada və ya hansısa Avropa ölkəsində doğulsaydı, artıq çoxdan dünyaya tanıdılmışdı.  
 Yazıçı nəyi necə yazırsa, elə də oxucu yetişdirir. Azad Qaradərəlinin yetişdirdiyi oxucu inadkar, əyilməz, mübariz, xarakteri olan bir insandır. Və onu aldatmaq, diz çökdürmək, ucuz satmaq mümkün deyil. Azad Qradərəlinin dil üslubu, cümlə qurmağı, hadisələrin axıcılığı, mövzuların dərinliyi bir məktəbdir. Hətta vaxt, maddiyyat və can sağlığı imkan versəydi Azad Qaradərəlinin ədəbiyyat kursunu açmaq olardı. Təbii ki, öz razılığı ilə. Gənc yazarlar öyrənərdilər. Kor-koranə dünya ədəbiyyatına baş vurub dərin sularda batmış oxucu yazıçıya çevrilə bilmir. Yerli ədəbiyyatı və dünya ədəbiyyatını, həmçinin tarixi, fəlsəfəni gözəl bilən Azad müəllim bir dəryadır. Ümid edirəm biz, bu dəryada qayıq olub düzgün istiqamətdə üzə biləcəyik.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)