ELVİN RİZVANGİL - REKLAMIN YARANMASI VƏ İNKİŞAFI (1476–2026)
Reklam.
Bu gün gündəlik həyatımızın, biznesimizin və informasiya dünyamızın ayrılmaz hissəsinə çevrilən bu sahə əslində necə yaranıb?
İlk dəfə kimin ağlına gəlib ki, hazırladığı məhsulu insanlara tanıtmaq, onun haqqında məlumat vermək və satışını artırmaq üçün xüsusi bir təqdimat hazırlasın?
Reklamın tarixini araşdırarkən bizi XV əsrə aparan maraqlı bir hadisə ilə qarşılaşırıq.
1476–1477-ci illərdə İngiltərəyə çap texnologiyasını gətirən William Caxton özünün Sarum Ordinal əsərinin satışını artırmaq məqsədilə onun haqqında reklam xarakterli mətn çap etmişdi.
Bu, reklamın tarixində mühüm başlanğıclardan biri hesab olunur.
Lakin çap olunmuş reklamdan sonra texnologiya inkişaf etdikcə reklam da dəyişməyə başladı.
Artıq məhsulu sadəcə yazı ilə tanıtmaq kifayət etmirdi.
İnsanlar onu görmək istəyirdilər.
Beləliklə, reklam kino ilə də birləşməyə başladı.
Guinness-in qeydlərinə görə, ilk reklam filmlərindən biri 1897-ci ilin iyulunda nümayiş olunan “Admiral Cigarette” reklamı idi.
Edison Manufacturing Company-nin sifarişi ilə hazırlanan reklamda müxtəlif sosial təbəqələrdən olan insanların əyləşdiyi bir səhnə göstərilir.
Kadrın bir tərəfində üzərində “Admiral Cigarette” yazılmış böyük siqaret qutusu görünür.
Qutunun içindən gözəl bir qadın çıxır və ətrafındakı insanlara siqaret paylayır.
Reklamın sonunda isə ekranda bir cümlə peyda olur:
“WE ALL SMOKE.”
Yəni:
“Biz hamımız siqaret çəkirik.”
Cəmi bir neçə saniyə davam edən bu görüntü gələcəkdə milyardlarla dollarlıq sənayeyə çevriləcək reklam filmlərinin ilk nümunələrindən biri idi.
Cəmi bir il sonra isə reklam və kino tarixində başqa bir addım atıldı.
1898-ci ildə Lümyer qardaşları özlərinin istehsal etdiyi “Sunlight” sabununun reklamını hazırladılar.
Qısa film gündəlik həyat səhnəsi üzərində qurulmuşdu: qadın paltar yuyur və yuyulma prosesində Sunlight sabunundan istifadə edir.
Beləliklə, reklam daha bir mərhələyə qədəm qoydu.
Artıq məhsulu sadəcə göstərmək yox, onu gündəlik həyatın bir hissəsi kimi təqdim etmək mümkün idi.
Lakin reklamın ən böyük dönüş nöqtələrindən biri televiziya oldu.
1 iyul 1941-ci ildə ABŞ-da ilk ödənişli televiziya reklamlarından biri yayımlandı.
Cəmi səkkiz saniyə davam edən bu reklamın yayımlanması üçün 9 dollar ödənilmişdi.
Beləliklə, reklam artıq insanların evlərinə, televizor ekranlarına daxil olmuşdu.
Televiziya reklamı geniş yayıldıqca reklam filmi tədricən kino sənayesinin özünəməxsus qollarından birinə çevrildi.
Korporasiyalar arasında biznes rəqabəti ilə yanaşı, reklam rəqabəti də başladı.
1940–1950-ci illərdə reklamların böyük hissəsi sadə məntiq üzərində qurulurdu.
Aktyor və ya aktrisa məhsulu əlinə alır, onu təqdim edir və digər məhsullardan daha yaxşı olduğunu söyləyirdi.
Lakin 1960-cı illərdə televiziya yayımının rənglənməsi reklam dünyasına da yeni nəfəs gətirdi.
Artıq məqsəd yalnız məhsulu göstərmək deyildi.
Məhsulun ətrafında hekayə qurmaq lazım idi.
Reklamlar komediya, dram, romantika və sentimental süjetlərdən istifadə etməyə başladılar.
İnsanları sadəcə məlumatlandırmaq yox, onların hisslərinə və duyğularına toxunmaq əsas məqsədlərdən birinə çevrildi.
Çünki reklamçılar bir şeyi artıq yaxşı başa düşürdülər:
İnsan bəzən məhsulu məntiqlə deyil, hisslərlə seçir.
Lakin 1970-ci illərdə televiziya reklamlarının sayı o qədər artdı ki, tamaşaçılar reklam fasilələrindən yorulmağa başladılar.
Reklam başlayanda insanlar televizorun qarşısından qalxır, mətbəxə gedir, çay və ya kofe hazırlayır, yaxud şəxsi ehtiyaclarını ödəmək üçün fasilədən istifadə edirdilər.
Bu isə reklamçılar qarşısında yeni bir problem yaratdı:
İnsan reklamı izləmirsə, məhsulu ona necə göstərmək olar?
Cavab isə televiziya proqramlarının və filmlərin özündə idi.
1970-ci illərdən etibarən məhsulların birbaşa film və televiziya proqramlarının daxilində göstərilməsi — yəni product placement geniş yayılmağa başladı.
Artıq aktyor məhsulu reklam fasiləsində deyil, filmin öz süjetinin içində istifadə edirdi.
Qəhrəman müəyyən bir içki içir, müəyyən avtomobil idarə edir, müəyyən saat taxır və ya müəyyən markanın məhsulundan istifadə edirdi.
Beləliklə, reklam tamaşaçının qarşısına “reklam” kimi deyil, hekayənin bir hissəsi kimi çıxırdı.
Bu dövrdə şüuraltı təsirə dair müxtəlif reklam üsulları və müzakirələr də geniş yayılmağa başladı.
1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində isə televiziya reklamında yeni dəyişiklik baş verdi.
Artıq reklam yalnız ayrıca fasilələrdə yayımlanmırdı.
Ekranın aşağı hissəsində müxtəlif məhsulların reklam yazıları və qrafikləri görünməyə başladı.
Televiziya kanalları proqramı tam dayandırmadan da reklam vermək imkanına sahib oldular.
1990-cı illər isə reklam sənayesinin böyük sıçrayış dövrlərindən birinə çevrildi.
Bir neçə saniyəlik reklam filmlərinə belə böyük büdcələr ayrılmağa başladı.
Kino aktyorları, müğənnilər, məşhur simalar və idmançılar böyük korporasiyaların reklam üzü olurdu.
Məşhur bir insanın bir məhsulu istifadə etməsi həmin məhsula milyonlarla insanın diqqətini yönəldə bilirdi.
Beləliklə, reklam artıq yalnız məhsulun tanıdılması deyil, brend imicinin yaradılması vasitəsinə çevrilirdi.
2000-ci illərdə isə reklam daha da mürəkkəbləşdi.
Böyük korporasiyalar kino şirkətləri və media qurumları ilə əməkdaşlıq etməyə başladılar.
Məhsullar filmlərin və serialların süjetinə yerləşdirilir, baş qəhrəmanların gündəlik həyatının bir hissəsinə çevrilirdi.
Məsələn, tamaşaçı filmdə sevdiyi qəhrəmanın müəyyən bir içkidən istifadə etdiyini və ya müəyyən avtomobili idarə etdiyini görürdü.
Bu zaman tamaşaçı həmin məhsula sadəcə reklam kimi deyil, sevdiyi obrazla əlaqəli bir məhsul kimi baxmağa başlayırdı.
Xüsusilə avtomobil reklamlarında bu üsul geniş istifadə olunurdu.
Bəzən filmlərdə reklam olunan avtomobil qəza zamanı daha təhlükəsiz göstərilir, digər markalı avtomobillərlə müqayisədə üstünlüyü vurğulanırdı.
Bu cür yanaşmalar sonralar müxtəlif şirkətlər arasında mübahisələrə və hüquqi çəkişmələrə də səbəb oldu.
Lakin reklamın növbəti böyük inqilabı televiziya ekranında yox, internetdə baş verdi.
2010-cu illərdən etibarən sosial şəbəkələrin sürətlə yayılması reklamı tamamilə yeni mərhələyə keçirdi.
Artıq reklam vermək üçün milyonlarla dollarlıq televiziya büdcəsinə sahib olmaq vacib deyildi.
Kiçik biznes sahibi də, böyük korporasiya da öz məhsulunu sosial şəbəkələr vasitəsilə milyonlarla insana göstərə bilərdi.
Facebook, Instagram, YouTube və digər platformalar reklamın formasını dəyişdirdi.
Bu dəyişiklik isə yeni bir peşənin — SMM-in, yəni sosial media marketinqinin geniş yayılmasına səbəb oldu.
2020-ci illərdən etibarən isə daha bir texnologiya reklam dünyasına daxil oldu:
Süni intellekt.
TikTok kimi platformaların sürətli inkişafı, süni intellekt alətlərinin əlçatanlaşması və video yaratma texnologiyalarının sadələşməsi reklam hazırlamağı əvvəlkindən daha asan etdi.
Artıq reklam hazırlamaq üçün böyük çəkiliş komandası, bahalı kamera avadanlığı və böyük studiya həmişə lazım deyil.
Bir ideya, bir mətn və süni intellekt alətləri kifayət edə bilər.
Və biz artıq reklam tarixinin yeni bir mərhələsinin başlanğıcındayıq.
2026-cı ildə süni intellekt vasitəsilə əvvəllər böyük büdcələr tələb edən reklamları çox daha aşağı xərclərlə hazırlamaq mümkündür.
Bir vaxtlar reklam üçün çap maşını lazım idi.
Sonra kamera gəldi.
Daha sonra televiziya.
Ardınca internet.
Sosial şəbəkələr.
İndi isə süni intellekt.
Amma bütün bu dəyişikliklərin arxasında bir fikir dəyişməyib:
İnsanlara bir məhsulu göstərmək və onları inandırmaq.
1476-cı ildə bir neçə sətirlik çap reklamı ilə başlayan bu yol bu gün saniyələr ərzində yaradılan süni intellekt reklamlarına qədər gəlib çıxıb
