Edebiyyat.az » Proza » Şahin Əsədli - Gözəgörünməz

Şahin Əsədli - Gözəgörünməz

Şahin Əsədli - Gözəgörünməz
Proza
admin
Müəllif:
12:08, 27 dekabr 2020
1 529
0
Şahin Əsədli - Gözəgörünməz




I
Sevinc 4 saat yatdığı yuxudan sonra xəstəxananın yolunu tutmuşdu. Doğum 
günü üçün xəyalında tutduğu qırmızı donu əldə edə bilməsə də, istəmədən də olsa, 
qırmızı bir cüt göz, tarım bir əsəb, stres və qorxu əldə etmişdi. 8-12 saat davamlı
qoruyucu maska taxdığından burnunun və yanaqlarının üzərində yara izləri əmələ
gəlmişdi. Bu izlər onu tam bir döyüşçüyə oxşadırdı. 3 həftədən çox müddətdir ki, 
dövlətin təşəbbüsü ilə oteldə qalan Sevinc və digər həmkarları nə ailələrini, nə
doğmalarını görə bilir, nə də evlərinə gedə bilirdilər. Onlarla yalnız internet vasitəsi ilə
əlaqə saxlayırdılar. Sevinc bu yolla hər şeydən xəbər də tuta bilirdi. Qonşuluqda qalan 
Nəzrinin anasının belə bu xəstəlikdən əziyyət çəkdiyini öyrənmişdi. Artıq öz qaldığı evin
ətrafında yayılmış xəstəlik onu ailəsi sarıdan nigaran qoyurdu. O, yoldaşı Səlim və oğlu 
Hikmət üçün çox darıxmışdı. Bu zindan kimi ağır fikirlər hələ də ağlındaykən 
xəstəxanaya daxil oldu. Hadisələr qarşısında mətinliyi, göstərdiyi səbri və şux 
qamətindən heç kimə mənfi enerji yaymayan bu qadın yeni bir günə yeni bir canı 
xilasetmə gümanı ilə başlayırdı. Lakin karantində yatan 128 nəfərin bir çoxunun 
vəziyyəti onun ümidlərini tarıma çəkirdi. Artıq onlardan biri tənəffüs aparatına 
qoşulmuşdu.
Qoruyucu skafandrı geyib, maska, qoruyucu eynək və əlcəklərini taxdıqdan 
sonra xəstələrini yoxlamağa başladı. İlk xəstə xaricdən gələn və bilmədən də öz ailəsinə
xəstəlik yoluxdurmuş yaşlı bir şəxs idi. Bunun verdiyi vicdan əzabı və xəstəliyin 
ağrılarının təsirindən həm mənəvi, həm də cismani cəhətdən yorğun bu şəxs gözlərini 
tavana zilləmişdi. Sevinc ilə birlikdə otağa başqa həkimlər də daxil oldular. Xəstə,
Sevinci görcək şən bir gülümsəmə ilə ona doğru baxdı. Sevinc onu görmədiyini bilsə də,
ona gülümsəmə ilə qarşılıq verdi. Maska və qoruyucu eynəyin altından onun gülüşü 
buludların arxasındakı günəşə bənzəyirdi. Görünməsə də, orada olduğunu hiss edərdin.
- Salam, Rövşən əmi. Bu gün necəsiz?
- Salam qızım, yaxşıyam. Səni gördüm lap yaxşı oldum.
- Çox sağ olun. Gecə rahat yata bilmisiz?
Sevinc rəfdən içində məhlul olan kiçik yeni bir balon götürərək xəstəyə qoşulmuş 
sistemə yaxınlaşdı.
- Öskürək bir az narahat edib, ancaq günü-gündən özümü daha yaxşı hiss 
edirəm. Sadəcə narahatam. Özüm üçün yox, o da, a qızım, ailəm üçün. Necə vaxtında 
bilmədim, ona yanıram.
Sevinc sistemdən az qalmış məhlul balonunu yenisi ilə əvəz etməyə başladı. 
- Narahat olmayın, əmi, onların da qeydinə qalırıq. Hər şey müsbət yöndə
irəliləyir. Təki siz dözüm göstərin, inanın. Biz də əlimizdən gələn köməkliyi edirik.
Sevinc balonu bağladıqdan sonra yenidən yerinə qayıtdı.
- Təki qızım, təki hər şey yaxşı olsun.
- İnanıram ki, elə də olacaq, əmi. Məndən başqa istəyiniz yoxdur ki ?
- Yox qızım. Özünü qoru. Sən ki, bizə belə yaxşı davranırsan, həyat da sənə belə
yaxşı davransın.
Sevinc utancaq bir səs ilə dedi:
- Çox sağ olun, əmi – deyərək digər xəstəsinin yanına getmək üçün otaqdan 
çıxdı. 
Günlük ayrılmış yemək və dərmanlardan başqa Sevinc onları bol-bol sağalmağa 
inam və ümidlə bəsləyirdi. Bu məsələyə o, iş kimi yox, bir məqsəd kimi baxırdı. Bəzən 
bu işin çətinlikləri qarşısında yorulduğunu hiss etsə də, bunu heç kimə biruzə vermirdi. 
Dəhlizdə baş həkim Sərdar ilə qarşılaşdı.
- Sabahınız xeyir, Sevinc xanım, necəsiz ?
- Çox sağ olun, Sərdar həkim, yaxşıyam. Siz necəsiz ?
- Bir az yuxuluyam, amma yaxşıyam. Xəstələrin vəziyyəti nə yerdədir ?
- Yaxşılaşmağa doğru gedirlər. Əgər bir problem olmasa, həftəsonuna artıq 12 
nəfəri tam sağalmış vəziyyətdə evə yollayacağıq.
- Əla. Zəhmət olmasa, adlarını günün sonuna qədər mənə təqdim edərsiz. Mən 
sizi tutmayım.
- Oldu, Sərdar həkim.
Sevinc digər bir otağa daxil oldu. Otaqda tənəffüs aparatına qoşulmuş Rəşidə
adlı xəstə yatırdı. Ağciyərinin bir hissəsi öz funksiyasını itirsə də, Rəşidə həyata 
möhkəm bağlarla bağlanmışdı, çünki onun 2 ay sonra yeni bir nəvəsi dünyaya 
gələcəkdi. Onu görmədən heç bir yerə getməyə niyyəti yox idi. Sevinc ona yaxınlaşdı.
- Salam, Rəşidə xala, necəsiz ?
Danışmaqda çətinlik çəkən Rəşidə ona mimika və jestlər ilə cavab verirdi. O, 
başını “bəli” deyərcəsinə yellədi və onu quru öskürək tutdu. Sevinc tez ona yanındakı 
sudan süzərək içirtdi və başının altını düzəltdi.
- Narahat olmayın, keçəcək.
Rəşidə ona inamlı gözlərlə baxdı. 
Artıq günorta idi. Sərdar xəstələrə baxan Sevinci otağın girişindən çağırdı.
- Bəli, Sərdar həkim.
- Düş aşağı mərtəbəyə, girişə. Səninlə bir nəfərin işi var, ancaq tez qayıt.
- Nə olub ki, Sərdar həkim ?
- Bilmirəm. Düş, özün görəcəksən
- Bir azdan analizlər götürməliyəm axı.
- Get, gələndə götürərsən
- Oldu.
Sevinc aşağı mərtəbəyə düşdü və giriş qapısının yanındakı pəncərəyə
yaxınlaşdı. Onlara iş saatı ərzində çölə çıxmaq həm özlərinin, həm də digərlərinin 
təhlükəsizliyi üçün qadağan olunmuşdu. Birdən giriş tərəfdən əlində tort şamları 
yandıra-yandıra gələn həyat yoldaşı Səlimi gördü. Bu gün onun doğum günü idi və o, 
bunu tamamilə unutmuşdu. Çətin günlərin ağırlığı insana bir çox şeyi unutdura bilər, 
lakin yanınızda sevdikləriniz varsa, bu günlər quş lələyi ağırlığında olur. Sevincin 
gördüyü mənzərə qarşısında xoşbəxtliyinin həddi-hüdudu yox idi. Səlim pəncərəyə
yaxınlaşıb tortun şamlarını yandırmağa başladı. Onlar bir-biriləri ilə danışmırdılar, çünki 
aralarındakı əlaqə kəlmələrlə ifadə oluna bilməzdi. Səlim tortun şamlarını yandırıb 
qutardıqdan sonra tortu pəncərəyə doğru uzatdı. Sevinc onun əlindəki torta diqqət 
yetirdikdə formasının biraz qeyri-adi olduğunu gördü. Tortu Səlim özü bişirmişdi. Bu 
günlərdə ona dəstək olan yoldaşı onun üçün tort bişirməyi belə öyrənmişdi. Səlim ona 
üfləməsi üçün işarə etdi. Sevinc üfləyirmiş kimi etdi və Səlim də onunla birgə tortu 
üflədi. Tortun şamları söndükdə Sevinc qeyri-ixtiyari olaraq əl çaldı. Səlim qışqıraraq 
pəncərənin arxasından dedi:
- Sürprizimi bəyəndin ?
Sevinc başı ilə təsdiq etdi.
Səlim sakitcə ona baxdı.
- Kaş evdə olardın, birlikdə yeyərdik, hamımız sənin üçün darıxmışıq.
Sevinc kədərli şəkildə başını yan çevirdi.
Səlim onu incitmək istəmirdi, ona görə də mövzunu dəyişdi:
- Öz əllərimlə bişirmişəm e tortu.
Sevinc gülümsəyərək “əla” işarəsi etdi.
- Yaxşı, qalx yuxarı mən səni tutmayım. Səni sevirəm.
Sevinc əli ilə ürək işarəsi etdi. Uzaqdan da olsa, bir-biriləri ilə sağollaşdıqdan 
sonra Sevinc yuxarı qalxdı.
Sevinc axşamçağı təxris olacaq xəstələrin adlarını analizləri ilə birgə arxivə
aparmaq üçün pilləkənlərlə yuxarı qalxdıqda işlədiyi mərtəbənin dəhlizində səs-küy var 
idi. Birdən dayandı və mərtəbəyə qayıtdı. Bütün otaqların qapıları bağlanmışdı və ortalıq 
həkim qaynayırdı. Asta, lakin şiddətli bir öskürək səsi gəlirdi. Sevincə yaxınlaşan 
həkimlərdən biri ona dedi:
- Rəşidə xanımın halı pisləşib. Qapıları özümüz bağlamışıq ki, digərləri narahat 
olmasınlar, lakin öskürəyin səsi bura qədər gəlir. Onunla birgə olan otaqdakılar da 
qorxub. Həkimlər müdaxilə edir, ancaq səni çağırdığını dedilər.
Sevinc sənədləri həkimə verdi.
- Sən bunları arxivə apar, mənim göndərdiyimi de.
- Oldu.
Sevinc dərhal otağa keçdi. Rəşidənin şiddətli öskürəyinin qarşısını heç kim ala 
bilmirdi. Vəziyyət kritik idi. Sevinc ona yaxınlaşdı. Baş həkimin də aralarında olduğu 
həkimlər çarəsiz vəziyyətdə dayanmışdılar. Tənəffüs aparatı və sistem artıq yardım 
etmirdi. Rəşidə Sevinci gördükdə udqundu və özündə güc topladı. Barmağındakı qədimi 
üzüyü çıxararaq ona uzatdı və asta, bir az da xırıltılı səslə dedi:
- 2 ay sonra nəvəm olacaq. Bu üzüyü ona çatdır – şiddətli öskürək danışığını 
yarıda kəsdi. 
Bu sözləri dedikdən sonra Rəşidə həyata gözlərini yumdu. Sevinc onun əlini bərk 
sıxmışdı və tərpənmirdi. Sevinc hadisəni hələ də dərk edə bilmirdi. Çünki xəstəlik 
başlayandan ölən ikinci adam onun xəstəsi idi və əllərində can vermişdi. Baş həkim 
Sevincə yaxınlaşaraq əlini Rəşidənin əlindən ayırdıqda Sevinc heç bir reaksiya vermədi. 
Həkim yoldaşları ona yardım edərək otaqdan çıxardıb dincəlmə otağına apardılar. Sanki 
Rəşidə xala ilə birlikdə Sevincin də ruhu bədənindən çıxmışdı. Onu stulda əyləşdirdilər. 
Gözləri bir nöqtəyə zillənib qalmışdı. Əlindəki üzüyü buraxmırdı. Həkim yoldaşı ona 
yaxınlaşaraq:
- Sevinc, yaxşısan ?
Səs sanki uzaqdan və əks-səda ilə gəlirdi. İkinci dəfə çağırdıqda Sevinc özünə
gəldi. Üzüyü cibinə qoydu və yaxşı olduğunu bildirdi. Baş həkim otağa daxil oldu.
- Sevinc, necə oldun ?
- Daha yaxşıyam, Sərdar həkim, narahat olmayın. Sənədləri...
Sərdar onun sözünü kəsdi:
- Narahat olma. Bu gün icazə verirəm bir az tez get, dincəl.
Sevinc başı ilə təşəkkür etdi. Sərdar otaqdan çıxdı. Sevinc qoruyucu geyimləri 
təhvil verdikdən sonra əlini cibinə ataraq üzüyü çıxardı. Öz-özünə “yumaq lazımdır” 
deyə düşündü. Ayaqyoluna gedərək kranı açdı. Sabunu üzüyün üzərinə tökərək 
bərkdən ovmağa başladı. Sevinc dayanmadan üzüyü ovurdu. Sanki bayaqkı 
yaşanmışları silmək istərmişcəsinə ovurdu. Lakin o an gözünün önündən getmirdi. 
Üzüyü quruladıqdan sonra yenidən ona baxdı. Üzüyün üstü yaş idi. Yenidən 
quruladıqda yenə yaş olduğunu gördü. Ağlayırdı, lakin bunun fərqinə indi varmışdı. 
Xəstəxanadan çıxdıqda açıq havada dərindən bir nəfəs aldı. Otel otağında onu təklik və
hadisənin özünü təkrar edəcək üzüntüsü gözləyirdi.
II
Artıq iki həftədən çox idi ki, yeni bölgəyə təyin olunan polis məmuru Asimin 
ayaqları saatlarla dayanmaqdan yara olmuşdu. Belə olsa da, Asim ona fikir vermirdi, 
ayağı axsasa da, işinə axsamadan davam edirdi. Hal-hazırki vəziyyətdə işinə daha ciddi 
yanaşan Asimin bir tərəfdən də digər düşüncəsi ailəsi ilə daha çox vaxt keçirmək idi. 
Ətrafında ailəsinə bağlı olan adam kimi tanınan Asimin əsas xoşbəxtlik mənbəyi isə 3 
yaşlı qızı Sənubər idi. Asim evə getdikdə Sənubərin qarşısına həmişə əli dolu gedərdi. 
Son zamanlar yayılan virus ucbatından oyuncaq ala bilməsə də, marketdən aldıqları da təhlükəsizliyə görə ürəyinə yatmasa da, o, bu adətini tərgitməmişdi. Bir atanın qızına 
olan sevgisini nəinki pandemiya, hətta “Andromeda” ştammı gəlsə belə, qarşısını ala 
bilməz.
Küçəyə çıxma icazə ilə olduqdan sonra onun günlük işinə əsasən maşınların və
insanların gediş-gəliş icazələrinin olub-olmamasını yoxlamaq, insanları öz 
sağlamlıqlarının qeydinə qalmaları məqsədi ilə maska və əlcək kimi qoruyucu 
vasitələrdən istifadə etməyə sövq etmək idi. Özlərindən çox digər insanları düşünən bu 
insanların virus daşıyıcısı ilə birbaşa təmas riski də işin əsas çətinliklərindən biri idi. 
Virusun simptomlarının 14-24 gündən sonra özünü biruzə verməsi onu gözəgörünməz 
təhlükə halına salırdı. Gözəgörünməz ilə döyüşmək isə ölümə bərabər idi.
Günorta idi və saat ikiyə yaxınlaşırdı. Asim digər polis həmkarı Cəlal ilə birlikdə
dayanmışdı. Cəlal saatına baxıb dedi:
- Əsgərlər niyə belə gec qaldılar ? Gəlsəydilə, gedib biz də yemək yeyərdik.
- Harada olsa, gələrlər.
Asim uzaqdan bir maşının gəldiyini gördü.
- Maşın gəlir, onlar gələnə qədər maşını yoxlayaq.
Asim maşını saxladı. Sürücü maşında telefonla danışır və Asimə məhəl 
qoymurdu. Asim səbirlə gözləyirdi. Sürücü telefonu söndürüb pəncərəni aşağı salaraq, 
Asimə özündən razı bir baxış atdı.
- Polis kapitanı İsgəndərov Asim. Zəhmət olmasa, sənədlərinizi və icazə
kağızınız ya da mesajınızı təqdim edin.
Sürücü ləng şəkildə sənədləri götürərək Asimə uzatdı.
- Küçəyə çıxmağa icazəniz var ?
Sürücü çox halsız görsənirdi, lakin yenə də lovğa bir halda cavab verdi:
- Mənim nəsə etmək üçün icazəyə ehtiyacım yoxdu. Məndən icazə alırlar.
- Sizə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla 
ondan istifadə etməsinə görə cərimə yazılır. Bu, birinci məsələ. İkinci məsələ isə
öncədən icazəsiz çölə çıxdığınız üçün cərimə yazılır. Özünüzü və ən əsası da 
sevdiklərinizi nə üçün təhlükə altına atırsız ? Heç mi xəbər izləmirsiz ? Min nəfərə yaxın 
yoluxan var.
- Mənə məsləhət vermək lazım deyil, cərimələrimi ya...
Şiddətli öskürək onun sözünü kəsmişdi. Asim cəld özünü arxaya atdı. Cəlal 
olanları görüb Asimə yaxınlaşdı. Sürücünün öskürək krizi bitdikdən sonra Asim ona 
yaxınlaşdı.
- Zəhmət olmasa, gözləyin.
O daha da halsızlaşmışdı.
- İşim-gücüm var. Cərimələrimi yaz, çıxım gedim.
Bu an əsgərlər də gəlib onlara yaxınlaşdılar. Asim əsgərlərə dedi:
- Maşının qarşısını kəsin.
Əsgərlər dərhal maşının qarşısında dayandılar.
- Zəhmət olmasa, gözləyin.
Sürücü sıxılmış halda gözləyirdi.
- Cəlal, təcili tibbi yardıma xəbər et, gəlib test etsinlər. Həm halsızdır, həm də
şiddətli öskürək var.
- Oldu, Asim.
Cəlal təcili tibbi yardıma xəbər etmək üçün uzaqlaşdı. Bu zaman Asim olanları 
düşünürdü. Həmişə ətrafını düşünən biri olmuş Asim belə insanların nə üçün hər kəsi 
təhlükəyə atdığını başa düşə bilmirdi. Xəstəliyin get-gedə yayılması isə ona heç xoş 
gəlmirdi. İki həftədən çox müddətdə belə bir hadisə ilə qarşılaşmamışdı, ancaq kiminsə
də xəstəlik daşıyıcısı olduğunu bilmək ən azından simptomsuz qeyri-mümkün idi. Cəlal 
ona yaxınlaşdı.
- Xəbər verdim. Dedilər, hələ gec gələcəklər.
- Problem deyil. Uşaqlar dayanıb, keçək maşına yemək yeyək, tez qayıdarıq.
Asim ilə Cəlal maşına əyləşdilər. Hər kəs öz evindən gətirdiyi yeməkləri yeyirdi. 
Bir qədər yedikdən sonra Asimi öskürək tutdu. Lakin qısa bir öskürək idi. Cəlal ona biraz 
narahat baxaraq dedi:
- Yaxşısan ?
- Hə, narahat olma. Yemək bir az acı olub, ondandı. Boğazım yandı.
Cəlal başı ilə təsdiq etdi və yeməklərinə davam etdilər.
Artıq axşam idi. Saatlar saatları qovalayırdı, amma tibbi yardım hələ də
gəlməmişdi. Asim bu barədə fikirləşmirdi, çünki düşünəcək başqa bir şey var idi. Yemək 
yeyərkən baş vermiş hadisə onda özünə qarşı şübhə oyatmışdı. Getdikcə halı dəyişir və
nəfəs almaqda çətinlik çəkirdi. “Bunlar xəstəliyin ilk simptomlarıdır” deyə düşündü. Buna 
görə də maşından düşüb uzaqlaşmış və telefonla danışırmış kimi edirdi. Bəzən qısa, 
lakin şiddətsiz öskürək krizlərini gizlətmək üçün daha da uzağa gedirdi. Ya xəstə idisə? 
Ya bilmədən də olsa, ailəsinə də xəstəlik yoluxdurmuşdusa ? Qızı və həyat yoldaşı 
ağlından çıxmırdı. Şübhə və narahatçılıq ağlını bir parazit kimi gəmirirdi. Uzaqdan təcili 
tibbi yardım maşınının yaxınlaşdığını gördükdə Cəlala yaxınlaşdı.
Cəlal Asimin yaxınlaşdığını görcək dedi:
- Yaxşıdır hər şey ? Bayaqdan heç yaxınlaşmırsan.
- Hə, narahat olma. Elə təcili yardımı gözləyirdim.
Təcili yardım maşını saxladı və içindən düşən həkimlər onlara yaxınlaşdı.
- Salam. Kim yoxlanılacaq ?
Asim qərar verməli idi. Özü də yoxlanılmalı idi yoxsa boş verməli idi ? Asim 
şübhənin caynaqları altında çabalayırdı. İşi şansa buraxmaq üçün doğru zaman deyildi. 
Asim cəld dedi:
- Birinci maşındakı, sonra isə mən. 
Cəlal və əsgərlər kiçik bir şok keçirmiş kimi olaraq ona baxdılar.
- Asim, nə danışırsan ?
- Bayaqdan halsızam və quru öskürək var. Məni də yoxlayın.
- Əgər test pozitivdirsə, 6 saat ərzində xəbər edilir. Yox, əgər neqativdirsə, heç 
bir zəng edilməyəcək – tibb əməkdaşı dedi.
- Problem deyil, hər ikimizi yoxlayın.
Həkimlər işə başladılar. Həkimlər Asim və sürücüdən test üçün nümunələr 
götürüb getdilər. Geriyə isə cavabları gözləmək qalırdı. Asimin hazırki düşüncəsi gecəni 
harada keçirəcəyi idi. 6 saat və uzun müddət ərzində evə getmək istəmirdi. Ona görə də
ağlına bir fikir gəldi.
- Cəlal, bizim uşaqlardan axşam kim növbətçi olacaq ?
- Niyə ki ?
- Deyirdim, bir nəfər ilə yerimi dəyişim. Belə evə gedə bilmərəm.
- Elə olanda da başqasını riskə atacaqsan. Lazım deyil. Zəng edərsən evə,
deyərsən, Cəlalgildə qalacam.
- Sən guya onda risk altında olmursan ?
- Ailənin risk altında olmasından ki, yaxşıdır. Onsuz da tək oturmuşam da evdə. 
Əlavə otağım da var, rahat olarsan. Heç nə olan deyil.
- Çox sağ ol, Cəlal. 
- Xoşdur, narahat olma.
İşlərinin bitməyinə az qalmışdı. Asim yoldaşına zəng vuraraq bu gecə gələ
bilməyəcəyini və təcili olaraq növbəyə çağırıldığını dedi. İstəmədən də olsa, yalan 
danışmışdı, ancaq əlindən bir şey gəlmirdi. Bu gün qızının qarşısına nəinki əli dolu, 
hətta özü belə gedib çıxa bilməmişdi. 
Artıq Cəlalın evində idi. Cəlal ona evinin qapılarını açmış, ayrıca otaq vermiş və
bu çətin günündə çox böyük bir yardım əlini uzatmışdı. Asim gah otağın içində gəzişir, 
gah da pəncərənin qarşısında dayanıb küçəni izləyirdi. Ağlında ailəsinin xəstə olduğu görüntülər gedib-gəlirdi. Xəyalında canlandırdığı gerçəklikdə vicdan əzabı çəkirdi. Ara-
sıra gələn kiçik öskürək krizləri artıq şiddətlənmişdi. Hərarətinin də olduğunu hiss edirdi. 
Yorğun düşmüş Asim özünü yatağa atdı. Testin üstündən artıq 4 saat keçmişdi. Geriyə
2 saat qalırdı. “1 saat da gecikmə müddətini əlavə etsəm, 3 saat qalıb” deyə düşündü. 
Xəstəliyi ailəsinə necə açıqlayacaqdı və ən əsası da ailəsi sağlam idimi ? Fikirlərini 
götür-qoy edirdi və bu an telefonuna zəng gəldi.
III
“Çəkmələr və virus” deyə düşündü. Artıq təxrisinə iki ay qalmış Şamili iki şey 
narahat edirdi. Fiziki cəhətdən çəkmələri və mənəvi cəhətdən bu virus. On ay xidmət 
dövründə onu heç bir şey belə narahat etməmişdir ki, bu iki şey edirdi. Təxrisinə də iki 
ay qalmışdı. “Bu ikilər məndən nə istəyir ?”- deyə sual verdi özünə. Bəzən özü ilə bəzən 
də əsgər yoldaşı ilə söhbətləşən Şamil, son iki həftə idi ki, ona təyin edilmiş bölgədə
polis əməkdaşlarla birgə insanların gücləndirilmiş karantin rejiminə əməl etməsini 
nəzarətdə saxlayırdı. Çəkmələr barəsində onu narahat edən məsələ gün boyu saatlarla 
ayaqüstə dayandığından ayağında əmələ gəlmiş yara idi. Bu yara onun hərəkətini 
qismən məhdudlaşdırır və narahat edirdi. Xidmət dövrü boyunca bu yöndə heç bir 
narahatlığı olmayan Şamil, bu vəziyyətə də dözməyi sevirdi, çünki bilirdi ki, insanların 
sağlamlığı və əmin-amanlığı üçün çalışır. Bu düşüncə onu ayaqda saxlayırdı. Onu digər 
yandan narahat edən məsələ isə yayılmış bu virus idi. Düşüncə cəhətdən həyəcan 
yaratmayan və dəmir iradəyə sahib olan Şamil özü üçün yox ondan uzaqda olan ailəsi 
üçün narahat idi. “Göz ilə görünən bir şey olsa, nə var ki, gözəgörünməz olması onu 
təhlükəli edir”,-deyə düşündü. Gündə 1 dəfə ailəsi ilə danışma icazəsi olan Şamil 
həmişə onların necə olduqlarını soruşur və özlərini mütləq qorumalı olduqlarını qəti 
şəkildə tapşırırdı. Vəziyyətinin necə olduğunu ondan soruşduqda isə hər şeyin yaxşı 
olduğunu deyir, ailəsini narahat etmirdi. Şəhərdə vəziyyət ürəkaçan deyildi və xəstəlik 
çox sürətlə yayılırdı. Gücləndirilmiş karantin vəziyyəti elan olunduqdan sonra testdən 
pozitiv çıxanların sayı getdikcə azalırdı, ancaq gözəgörünməzə qarşı daha da sıx 
mübarizə aparmaq lazım idi.
Şamil əsgər yoldaşı Kənan ilə birlikdə atom nüvəsinin ətrafında fırlanan 
hissəciklər kimi təyin olunduqları bölgədə gəzişirdilər. Şamil Kənana dedi:
- Görəsən, bu işlərin axırı nə olacaq ? 
- Axıra qalan bilər.
- Təxrisimizə iki ay qalıb, ancaq hələ də bir xəbər yoxdur. Bizdən əvvəlki 
buraxılışların indidən təxris söhbətləri gəzirdi.
- Gəzsə də, guya harada eşidəcəksən ki ? Bütün günü buradayıq. 
- O da düzdür. Bu virus haqqında nə fikirləşirsən ?
- Təzə-təzə bu məsələlər başlayanda çox da inanmırdım. Deyirdim, yəqin, nəsə
oyundu. Sonra bu yaxınlarda bir polis dostum danışdı, iş yoldaşı tutubmuş. Heç nədən 
durduq yerə halı dəyişib edib. 
- Sonra ?
- Dostum buna deyib ki, “evə getmə, gəl qal bizdə, dəqiqləşsin, sonra gedərsən”. 
Gedib dostumgildə qalıb. Gecə zəng ediblər ki, bəs “test pozitivdir”. Elə gecəynən də
gəlib aparıblar karantinə.
- İndi vəziyyəti necədir ?
- Xəbərim yoxdur hələ ki.
- Allah şəfa versin. Çətin məsələdir.
Kənan Şamilə bunun özlərininki kimi iş vaxtı baş vermiş hadisə olduğunu narahat 
etməməkdən ötrü bilərəkdən qeyd etməmişdi. Şamilin bu məsələnin sonu barədə
düşüncələri müsbət yöndə idi. Bəlkə də, təxrisinə az müddət qaldığı üçün belə
düşünürdü.
Şamil gəzişən zaman uzaqdan qoca bir xanımın yaxınlaşdığını gördü. Şamil, 
yalnızca qoruyucu maska taxmış bu xanım yaxınlaşdıqda onun ağbircək olduğunu 
gördü. “Yaşlıların çölə çıxması qadağan olunduğu halda niyə çöldə gəzir ?”-deyə
düşündü. Polislərlə birgə ona yaxınlaşdı. Polis əməkdaşı ağbirçəyə dedi:
- Nənəcan, bilmirsiz çölə çıxmaq qadağandır? Bunu sizin sağlamlığınız üçün hər 
gün elan edirlər. Nə üçün çıxırsız axı?
- Oğlum, nəvəm qadağadan əvvəl hər şeyi alıb qoymuşdu evə. Dünən ərzağım 
bitib, bu gün də zəng edib ki, ancaq sabah gələ biləcəm, mən də bu ümidlə çıxdım ki, 
sizdən xahiş edim, köməklik göstərəsiz.
- Əlbəttə, nənəcan. Siz nə lazımdı, deyin, biz yardımçı olaq.
Şamil polis əməkdaşına yaxınlaşdı.
- Mən gedərəm, rəis.
- Siz əsgərə nə almaq lazımdırsa, deyin, özünüz də gəlin əyləşin, bizim maşında.
Şamil polis əməkdaşı ağbirçəklə danışan zaman birdən xəyala daldı. Onun 
yadına əsgərlikdən öncə yaşadığı bir hadisə gəldi. Metroda olan zaman yaşlı bir 
ağsaqqal onun diqqətini cəlb etmişdi. Ağsaqqal geyimindən çox kasıb və imkansiz birinə
bənzəyirdi. Gözündə lupaya bənzər bir eynək, əlində isə köhnə bir əsa var idi. Əyləşmiş 
olan bu ağsaqqal yanında dayananlardan qatar hər dayandıqda hansı stansiyada 
olduğunu soruşurdu. Öz stansiyasına az qalmış əsaya tutunaraq ayağa qalxdı. Çox 
yavaş və diqqətli bir şəkildə hərəkət etməyə başladı. Hərəkətlərindən qarşısını eynəklə
belə olsa, çətinliklə gördüyü anlaşılırdı. Ağsaqqal Şamilin və digər gənclərin də köməyi 
ilə qatardan düşdü və stansiya boyunca yeriməyə başladı. Şamilin diqqəti hələ də onun 
üzərində idi. Birdən ağsaqqalın qeyri-ixtiyari olaraq relslərə doğru hərəkət etdiyini görən 
Şamil dərhal ona yaxınlaşaraq qoluna girdi.
- Baba, hara gedirsizsə, deyin, sizi aparım.
Ağsaqqal ona hara getmək istədiyini başa saldı. Ağsaqqal çox yavaş hərəkət 
etsə də, Şamil səbirlə, yolda ona yardımlar edərək gedəcəyi yerə doğru aparırdı. 
Ağsaqqal bütün yol boyu Şamilə təşəkkürlər edir, onu yolundan etdiyi və vaxtını aldığı 
üçün xəcalət çəkdiyini deyirdi. Şamil isə onun təşəkkürlərini qarşılıqsız qoymur və bu 
işin heç bir xəcaləti olmadığını deyirdi.
- Baba, soruşmaq ayıb olmasın, bu yaşınızda belə haradan gəlirsiz ?
- Bir oğlum var, xəstəxanada yatır, onun yanından gəlirəm.
- Allah şəfa versin, baba.
- Çox sağ ol, oğul.
Şamil ağsaqqalın cavabından sonra məsələni daha da uzadıb onu narahat etmək 
istəmirdi. Cavabın özü də Şamil üçün nisbətən ağır olmuşdu. Bəzən küçədə gəzən o 
yaşlıları gördükdə özünə onların nəyə görə gəzdiklərini sual verərdi. O, öz sualına 
cavab almış və bu cavab ilə bərabər bir çox sualına da cavab tapmışdı.
Bunları düşünən zaman dilimində o bütün işləri həll etmişdi. Ağbirçəkdən siyahını 
almış, alış-verişi etmiş və təhvil vermişdi. Polis əməkdaşları ağbirçəyi evinə qədər
aparmışdılar. Bu gün də öz əqidəsinə uyğun hərəkət etmiş Şamil indi də iki aydan 
sonrakı təxrisini xəyal edərək növbəsinə davam edəcəkdi.
IV
Ailədə kiçik övlad olan Nəzrin böyük marketlərin birində kassir vəzifəsində
çalışırdı. Özündən böyük qardaşı aptekdə satıcı işləyən Nəzrin, onunla birlikdə
insanlara xidmət edərək gözəgörünməzlə mübarizə aparırdılar. Karantin elan 
olunmazdan öncə bütün günlər hamısı eyni cür keçirdi. Mal alanlar yaxınlaşır, lazerli 
qiymət oxuyucu ilə qiymətlər yazılır, pul alınır, qalıq qaytarılırdı. Hər şey bu qədər sadə
idi.Karantin vəziyyəti elan olunan günün axşamı marketdə tam bir qarışıqlıq var idi. 
7 ay idi ki, bu vəzifədə çalışan Nəzrin belə bir vəziyyət ilə qarşılaşmamışdı. Sanki 
insanlara sosial olaraq məsuliyyətli davranmağı deyil, apokaliptik iradə ilə davranmağı 
tapşırmışdılar. Fövqəladə vəziyyət elan olunmamasına baxmayaraq, insanlar makaron, 
düyü, qarabaşaq və digər bu kimi gec sıradan çıxan ərzaqları, evdə işlədilən ehtiyac 
məhsullarını digərlərini düşünmədən səbət dolusu daşıyırdılar. Nəzrin belə bir 
mənzərənin şahidi olmaq istəməzdi. Vəzifəsinin mühümlüyü onda bu istəyi üstələmişdi. 
O, həmişə öz insanının düşüncəli davranmasını istəmiş, oxuduğu kitablardakı, izlədiyi 
filmlərdəki insanlardan fərqlənməməsini istəmişdir. Belə bir şey üçün ya ümidi kəsib 
ataraq “böyümək” lazım idi, ya da dəyişimə yardım etmək lazım idi. O, dəyişimə yardım 
edirdi. Bəzi iş yoldaşları kimi karantinin sonrakı günü işdən çıxmamış, qalıb həm 
insanlara, həm də əməkdaşlarına yardım etmişdir. 
Həmin gündən bir neçə gün sonra markətdə iki metrdən bir dayanma nöqtələri 
təyin olunmuşdu. İnsanların sıx olan vaxtı Nəzrin kassa arxasında həmişəkindən daha 
cəld və səbirlə çalışırdı. Eyni işi təkrarlamaqdan bəzi həmkarları artıq trans vəziyyətinə
keçmiş olsa da, Nəzrin ətrafında baş verən hadisələrə diqqətlə fikir verirdi. Hal-hazırda 
kassada olan şəxsdən 2 metr aralıda bir nəfər şəxs özünə lazım olacaq bütün ərzaq və
ehtiyac məhsullarını aşırı olmayacaq şəkildə alıb öz sırasının gəlməyini gözləyirdi. Bu 
an başqa bir şəxs gələrək onun önünə keçdi. Bu hərəkətlə o, həm gözləyən şəxsin 
sırasına girmiş, həm də qoyulan sosial məsafə qaydasını pozmuşdu. Nəzrin diqqətini 
baş vermiş hadisəyə verdi.
- Qardaş, niyə sıranı pozursuz ?
- Nə pozmaq e. Elə aralı dayanmısan, elə bir nə olub. Tələsirəm, səni gözləyəsi 
deyiləm ki!
Onun bu davranışı həm Nəzrinin, həm də sırasını pozduğu şəxsin xoşuna 
gəlməmişdi. Nəzrin istəmədən də olsa, müştərilərlə empatiya qururdu.
- Kefimdən aralı dayanmamışam ki, bir az düşüncəli olaq, gəlin yerinizə keçin. 
İnsanların və mənim sıramı pozmayın.
Sıranı pozan şəxs vecsiz şəkildə:
- Get işinlə məşğul ol,– dedi.
Bu söz sırası pozulan şəxsi özündən çıxartsa da, bir şey etmədi. Nəzrin “kaş 
düşüncəli insanlar da, belə laqeyd insanlar qədər cəsur olsaydılar”,-deyə düşündü və
hətta düşünməklə belə qalmadı. Nəzrin müştəridən gözləməsini xahiş edərək, 
yaxınlıqda olan idarəçi şəxsə yaxınlaşıb, bu məsələni ona bildirdi. İdarəçi mühafizə
əməkdaşı ilə birgə kassaya gəlib, sıranı pozan şəxsə yaxınlaşdı.
- Salam, zəhmət olmasa, sıranı pozmayın və öz yerinizə qayıdın.
Qıraqdan insanlar hadisəni izləyirdilər.
- Qardaş, yəqin səhv başa düşdüz, mən tələsir...
İdarəçi onun sözünü kəsdi:
- Sizi başa düşürəm, burada hər kəs tələsir, lakin bu kiməsə sıranı pozmaq və
kiminsə haqqına girmək hüququ vermir. Bu çətin günlərdə bir-birimizə qarşı daha 
anlayışlı olmalıyıq, başqalarına yardım etməliyik. Sosial məsafənin qorunması sizi və
ailənizi təhlükədən qoruyur. Ona görə də zəhmət olmasa, yerinizə keçin. 
Sıranı pozmuş şəxs heç bir şey demədən yerinə keçmişdi. Nəzrin özünü daha 
yaxşı hiss edirdi. Qurduğu empatiya sayəsində özünü digərlərinə yardım etmiş kimi hiss 
etdi. Əslində hadisəyə dayaz yanaşmadıqda elə olduğu aşkar idi. 
İşdən çıxdıqda hava artıq qaralmışdı. Həmişə günün sonunda anası ilə birgə evə
qayıdan Nəzrin bu gün tək qayıtmaq məcburiyyətində idi. Hətta bu gün yox son 10 
gündür ki, o, bu məcburiyyət qarşısında qalmışdı. Çünki anası 10 gün öncə virus 
diaqnozu ilə karantinaya alınmışdı. Gözəgörünməz onun ailəsini də ziyarət etmişdi. Özü 
gözəgörünməz olsa da, Nəzrinin ağlında qalan görüntülər işdən çıxıb özü ilə baş-başa 
qaldığı zaman gözlərinin önünə gəlirdi. İşdən evə qayıdarkən evlərinin önündə dayanmış ambulansı gördükdə qaçaraq maşına yaxınlaşmış və halı dəyişən anasının 
xərəkdəki görüntüsü onu çox qorxutmuşdu. Halsızlıq və nəfəs darlığı onu danışmağa 
qoymurdu. O, yalnızca yardım istəyir və boğulurdu. Həmin an özündən və qardaşından 
şübhələnən Nəzrin xəstəliyin haradan valideyninə yoluxduğunu təsəvvür edə bilmirdi. 
Üstündən müəyyən müddət keçsə də, bu məsələ hələ də müəmma olaraq qalır. Bu 
səhnələr həmişə tək qaldıqda onu öz cənginə alırdı. İlk günlərin çətin və ağır keçdiyini 
bilən Nəzrin işindən bərk yapışaraq az da olsa, mənfi düşüncələrə yol verməməyə
çalışırdı. 7-ci gündən sonra anasının vəziyyəti yaxşılaşmağa doğru gedirdi. Bu isə
Nəzrinin tək təsəlli yeri idi. Qonşuluğunda qalan və 3 həftədir, evə gəlməyən Sevinc 
həkim də bəzən onu düşündürürdü. Anasının onunla arası yaxşı idi və hərdən anasına 
qulluq edənin elə Sevincin özü olmasını istəyirdi. Nəzrin anasının sağalıb evə gələcəyi 
günün xəyalı ilə avtobusa minərək evə yollandı.
V
Nadir motosikletində əyləşmiş kitab oxuyurdu. Uşaq vaxtından motosikletlərə və
kitablara həvəsi olan Nadir sonunda motosikleti ailəsinin yardımı, kitabı isə öz hesabına 
ala bilmişdi. Bakıda yalnız yaşayan Nadir bu motosikleti ilə öz işindən başqa 
həftəsonları kuryer işləyib, əlavə qazanc yeri tapmışdı. Karantin başladıqda iş yeri 
müddətsiz olaraq bağlandığından o, ən sevdiyi işi hər gün etmək qərarına gəlmişdi. O, 
bu işi gördükdə sevimli motosikletindən də uzaq qalmırdı. Beləcə karantin, evdə qısılıb 
qalmadığı müddətcə ona xoş idi.
Kitabının maraqlı bir yerində arxadan səs gəldi.
- Hey, Nadir, – deyə içəridən işçi Nadirə səsləndi. Nadir kitabını motosikletindəki 
yerliyə qoyaraq restorana daxil oldu. 
- Sifariş var ? – deyə Nadir soruşdu. 
- Sifariş yox, sifarişlər. Yeməklər indi hazır olacaq. 
Nadirin telefonuna bildiriş səsi gəldi. 
- Ünvanları telefonla proqrama yolladım. Həmin ünvanlara getmək lazımdır.
Nadir telefonu çıxararaq ünvanlara baxdı. Üzündə bir gülümsəmə yarandı.
- Deyəsən, bunlar evlərində yemək bişirmirlər. Hər gün bu vaxt yemək sifariş 
edirlər.
- Sənə nə dəxli var, nə edib, nə etmirlər ? – deyə Nadir onu danladı.
- Niyə əsəbləşirsən daha, nə dedim ki ? O kitabları oxuyub bizim üstümüzə
düşmə.
Nadir gülüb zarafatca onun qarnına toxundu.
- Əsəbləşmirəm. Sadəcə bir az fikrim başqa yerdə idi. Xətrinə dəymədim ki ?
İş yoldaşı gülərək:
- Bu dəqiqə səni müdirə şikayət edəcəm,– dedi.
Restorandan “dinq” deyə cingiltili bir səs eşidildi.
- Az danış. Yeməklər hazırdı, get gətir.
İş yoldaşı gülümsəyərək gedib yeməyi gətirdi. Yeməkləri Nadirə verdi.
Nadir restorandan çıxdıqdan sonra yeməkləri motosikletinin yük yerinə
yerləşdirdi. Motosikletə əyləşib açarı burdu. Motosikletin işə düşmə hissini çox sevirdi. 
Bir neçə ildir, eyni motosikleti sürən Nadirin həvəsində yeni və daha müasir birini almaq 
idi. Artıq pul yığmağa başlamışdı belə. Bir az maaşından yığıb, bir az da həmişəki kimi-
ailəsindən yardım istəyərək xəyalını qurduğu motosikleti almaq istəyirdi. Kuryerlikdən 
qazandığı pulu da ayırmaq istəyirdi, lakin o pulun yığılma səbəbi başqa idi. 
Nadirin ünvanı gördükdə üzündə əmələ gələn gülüşün də bir səbəbi var idi. O, 
sevgilisini görəcəkdi. Sevgilisi olan Banunun işi bağlı olduğundan çölə çıxa bilmir, 
yalnızca video zənglərlə Nadiri görə bilirdi. Öz sevgilərini texnologiyadan asılı hala 
salmaq istəməyən cütlük gerçəkliyin qısa da olsa, zövqünü yaşayırdılar. Nadirin əl atdığı üsul isə belə idi ki, hər gün eyni saatda, sifarişin az olduğu bir vaxtda sevgilisi hər 
hansısa bir yeməyi sifariş edirdi. Nadir də həmin yeməyi ünvana aparıb çatdırırdı. Bu
minval ilə qısa da olsa, bir-birilərini görür və ayrı qalmağın verdiyi ağrını qısa müddətlik 
də olsa, azaldırdılar. Günün ilk sifarişi olmasa da, sifarişlər arasında ilk Banununkun 
çatdırıb sonrakı sifarişləri aparırdı. Nadir şəhərlə irəliləyirdi. Parkların yanından 
keçərkən səssizlik və insansızlıq canını sıxmışdı. Normalda təbii insan səsləri ilə dolu 
olan parklar süni maşınların və Nadirin motosikletinin səsi ilə dolurdu. Nadir çatdıqda 
motosikletdən düşərək Banuya mesajla ünvanda olduğunu xəbər etdi və cəld bloka 
girərək pilləkənləri iki-iki, üç-üç qalxmağa başladı. Lazım olan mərtəbəyə çatdıqda 
dayanıb onu gözləməyə başladı. Banu qapını açaraq bloka çıxdı. Bir-birilərinə nə
yaxınlaşa bilir, nə də qucaqlaşa bilirdilər. Bunun əvəzində kiçik bir gülümsəmə ilə
kifayətlənirdilər. 
- Həmişəki kimi tez gəldin.
- Gündə 1 dəfə görəndə elə olur da. Ata bu gün işdədi, deyəsən, rahat çıxmısan.
- Hə, bu gün evdə deyil. Rahat danışa bilərik.
- Onun da məni görəsi gözü yoxdur. Arada evdə olanda sifariş etmə, şübhələnməsin.
Nadir gülməyə başladı. Banu ilə biraz gülüşdükdən sonra baxışdılar. Baxışlarında 
bir neçə həftənin əl tutuşma və qucaqlaşması var idi. Nadir paketi Banuya uzatdı. Banu 
paketi götürdükdən sonra Nadir dedi:
- Proqramda 5 ulduz ver ha.
- 2 ulduz verib yazacam ki, kuryeriniz müştərini manipulyasiya edir.
- Yaz, sonra da motosikletlə gəzəndə əvəzin çıxaram, yaz.
Banu ilə gülüşdülər. 
- Mən gedim artıq. Vaxtdır.
- Özünə yaxşı bax. Diqqətli ol yolda.
- Narahat olma. Görüşəcəyik.
- Görüşəcəyik. 
Nadir Banuya işarə dili ilə “səni sevirəm” dedi. Banu da ona qarşılıq verdi. Banu 
anadan gəlmə eşitmə və danışma məhdudiyyətli biri idi və Nadir onun üçün işarə dilini 
öyrənmişdi. Nadirin ağlına işarə dilini öyrənməyin çətin olacağı heç vaxt gəlməmiş və
bunu rahatlıqla öyrənərək öz sevdiyi ilə əlaqə qurmağa başlamışdı. Nadir onu çox sevir 
və qeydinə qalaraq həmişə öz dəyərini ona hiss etdirirdi.
Nadir onların blokundan çıxdıqdan sonra dərindən nəfəs aldı. Karantində onun 
canını sıxan əsas məsələlərdən biri də sevdiklərini görə bilməməsi idi. Rayondakı ailəsi 
və yaxınlıqda olan sevgilisi ilə görüşə bilməməsi onu artıq təngə gətirmişdi. Artıq ay 
yarım idi ki, vəziyyət belə idi. O, karantinin məqsədinin insanları qorumaq olduğunu dərk 
edirdi, lakin insan özünü xəstəlikdən qorusa da, darıxmaqdan qoruya bilmirdi. 
Nadir Banudan sonra gün ərzində bütün sifarişləri yerinə yetirərək artıq günün 
sonuna çatmışdı. Motosikletin yemək qoymaq üçün əlavə baqaj yerini restorana təhvil 
verib işçilərlər sağollaşdıqdan sonra evə yollandı. Yolda Bakının sərin küləyi üzünü 
sığallayırdı. Evlərinin önünə çatdıqdan sonra motosikletini qonşusunun qarajında 
saxladı. Həmişəki kimi ilk iş olaraq özündən bir alt mərtəbədə qalan qonşusuna qaraj 
üçün təşəkkür etdi. Öz evinin qapısını açıb içəri daxil olduqdan sonra gödəkçəni asdı və
əllərini yudu. Yorğun olan Nadir paltarını dəyişdikdən sonra divana uzanaraq bir az 
düşündü və durub özünə yemək qızdırmaq qərarına gəldi. Soyuducuda dünəndən 
hazırladığı yeməyin yarısı qalmışdı. Yeməyi qızdırmağa başladıqda qapı döyüldü. Qazı 
söndürdü və qapıya doğru getdi. Kimin gəldiyini yaxşı bilidiyindən soruşmadan qapını 
açdı. 
- Salam, Fariz, necəsən ?
- Çox sağ ol, Nadir, yaxşıyam, sən necəsən ?
- Yaxşıyam, mən də, çox sağol. Gözlə, gətirirəm.
- Oldu.
Nadir digər otağa keçərək cibindən bu gün qazandığı pulu çıxarıb əlində saxladı 
və bir az gözlədi. Yenidən qapının önünə qayıdaraq pulu Farizə uzadıb dedi:
- Buyur. Nəyəsə yenə ehtiyacın olsa, mütləq bildir. Çəkinmə.
- Çox sağ ol, Nadir, sənin borcundan necə çıxacam, heç bilmirəm,– deyə Fariz 
xəcalətli şəkildə danışırdı.
- Sən oralarını düşünmə, təki vəziyyət hər kəs üçün yaxşı olsun.
- Minnətdaram, Nadir. Gecən xəyrə qalsın.
- Xeyrə qarşı, qonşu. 
Nadir qapını bağladıqdan sonra yeməyini qızdırmağa qayıtdı. Yeməyini 
qızdırarkən Fariz haqqında düşünürdü. Qonşusu olan Farizin karantin başladıqdan 
sonra işi dayanmışdı. Bunun nəticəsində də gəlir yeri bağlanan Fariz yığdığı pul ilə bir 
neçə gün həyat yoldaşı və iki azyaşlı uşağının qeydinə qala bilmişdi. Dövlətin təyin 
etdiyi sosial yardım da ona çox kömək olmuşdu, lakin uşaqların və evin xərci durmadan 
artırdı. Nadirlə əvvəldən arası yaxşı olmuş Fariz əlacı ondan kömək istəməkdə tapdı. 
Nadir də sevərək yardım etməyi qəbul etdikdən sonra kuryerlikdən qazandığı pulu hər 
axşam günün sonunda ona verirdi. Fariz hər dəfə bunun borc olduğunu desə də, Nadir 
bunu belə düşünmürdü. Pulu günün sonunda verməyinin səbəbi isə Nadirin evə o vaxt 
gəlməyi yox, Farizin işdən o vaxt evə gəlirmişcəsinə davranması idi. Fariz uşaqları 
üzülməsin deyə həyat yoldaşı ilə belə bir kiçik oyun qurmuşdu. Nadir bu çətin günlərdə
həm insanlara, həm də qonşusuna belə yardım etməyi çox sevirdi. 
Yeməyini yedikdən sonra görüntülü olaraq ailəsi və sevdiyi ilə danışdı. Gecə
idmanını etdikdən sonra isə yatmağa hazırlaşanda sabah üçün zəngli saatını qurdu və
gözəgörünməzin ortadan tezliklə qalxacağı günü xəyal edərək yuxuya getdi. 
VI
Həmin gün gəlib çatmışdı. Sevinc ilə Nəzrinin anası mətbəxdə yeməkləri masaya 
daşıyırdılar. Sevinc dedi:
- Nəzrin nə vaxt gələcək ?
- Bu gün qısa iş günüdü onlarda. Harda olsalar, qardaşı ilə birazdan gələrlər. Sən 
salatları nə vaxt hazır edəcəksən ?
Sevinc diksinərək dedi:
- Salatlar yadımdan çıxıb !
- Nə edəcəksən bəs ?
- Sifariş edərəm, gətirərlər. Narahat olma.
Sevinc yeməkləri masaya qoydu və telefona yaxınlaşaraq zəng etdi. O telefonla 
danışdığı zaman qapı döyüldü. Nəzrinin anası qapını açdı. Gələnlər Nəzrin və qardaşı 
idi. Mehriban şəkildə anaları ilə görüşdükdən sonra içəri keçdilər. Sevinc telefonu yerinə
qoyub onları qarşıladı.
- Gəlin uşaqlar, xoş gəlmisiz.
Sevinc onlarla görüşdü.
- Əyləşin, mən də indi gəlirəm. 
Uşaqlar əyləşdikdən sonra Sevinc mətbəxə getdi. Bir az sonra qapı yenidən 
döyüldükdə qapını Sevinc açdı. Gələnlər Səlim ilə Hikmət idi.
- Harada qalmısız ? Bayaqdan sizi gözləyirəm.
- Marketdə sıra var idi. Götür.
Səlim paketləri Sevincə verdi və içəri keçmək istədikdə Sevinc onları saxladı.
- Hara keçirsiz ? Əllərinizi yuyun sonra.
- Yaxşı, yaxşı.
Səlim və Hikmət əllərini yumağa getdilər. Sevinc mətbəxə keçərək paketdəki 
meyvə şirələrini çıxarıb üstlərini spirtlə təmizlədi. Onları götürərək əsas otağa keçdi. 
Arxası ilə də Səlim və Hikmət otağa daxil oldular.
Səlim dedi: 
- Salam, xoş gəlmisiz. Başlayardız da, niyə gözləmisiz ?
- Xoş gördük, Səlim qardaş. Narahat olmayın, əyləşin, birlikdə başlayaq,- deyə
Nəzrinin anası dedi.
Səlim və Hikmət masa arxasına əyləşdilər. Sevinc əyləşmək istədikdə yenidən 
qapı döyüldü. Sevinc dedi:
- Bu gün mən, deyəsən, ancaq ayaqüstə olacam.
Masadakılar gülüşdülər. Sevinc qapını açdı. Gələn kuryer idi.
- Salam. Salatlar bu ünvana sifariş edilmişdi ?
- Bəli. Bir dəqiqə.
Sevinc ödənişi etdi.
- Çox sağ olun,– kuryer dedi.
- Buyurun. 
Sevinc qapını bağlayaraq otağa keçdi və masa başında əyləşdi. Hər kəs sağ-
salamat masada idi. Sevinc onların hər birinə göz atdı.
- Buyurun, nuş olsun,– dedi.
Beləcə hər kəs yeməyə başladı.
Həmin gün gəlib çatmışdı. Nadir sevgilisi ilə görüşə tələsərkən son bir sifariş 
gəlmişdi. Normalda bu gün evdə olmalı olan Nadirin keçən həftə kuryer bir dostu 
qəzaya düşdüyü üçün bir neçə gün idi ki, onu Nadir əvəz edirdi. Sifarişləri götürmüşdü. 
Ünvana doğru gedərkən parkların yanından keçdikdə insanları görürdü. Uşaqlar, 
yaşlılar və cütlüklər gəzişir, əylənir və söhbət edirdilər. Artıq parkları maşın səsləri yox, 
şən insan səsləri doldururdu. “Həyat özünə gəlir”,- deyə düşündü Nadir. Fikri parkda 
olduğu üçün yanlışlıqla qırmızıda keçdi və birdən arxasında peyda olan polis maşınını 
gördü. Polis maşınından “saxla” əmri verildi. Nadir motosikleti saxlayaraq qoruyucu 
kaskanı çıxardı. Polis əməkdaşı Nadirə yaxınlaşdı. Cəriməni yazdıqdan sonra Nadir 
yenidən yoluna davam etdi. Ünvana çatdı. Bloka daxil olub sifarişin verildiyi qapını 
döydü. Qapı açıldı:
- Salam. Salatlar bu ünvana sifariş edilmişdi ?
- Bəli. Bir dəqiqə.
Xanım ödənişi etdi.
- Çox sağ olun – Nadir dedi.
- Buyurun.
Nadir yenidən aşağı düşərək motosikletinə əyləşib sevgilisinin görüşünə tələsdi. 
Həmin gün gəlib çatmışdı. Asim son iş günündə evə getməyə səbirsizlənirdi. 
Karantindən çıxdıqdan sonra bir müddət evdə qalmışdı, ancaq ailəsindən doymayan 
Asim yenidən məzuniyyət götürmüşdü. Cəlal ilə maşında əyləşib günün sonunu 
gözləyirdilər. Cəlal dedi:
- Bu həftə kinoteatra maraqlı film gəlib. Gedib izləyək, bəlkə, ailəlikcə ?
- Əla olar. Onsuz da neçə vaxtdır heç yerə də çıxammırıq – Asim dedi.
- Demə daha. Mən əsas kinoteatrların açılmağını gözləyirdim. 
Bu an maşının bort kompyuterinə bildiriş gəldi. Bir motosiklet qırmızıda keçmişdi. 
Cəmil maşını işə salaraq arxası ilə düşdü. “Saxla” əmrindən sonra motosiklet 
tərəddüdsüz saxlamışdı. Asim maşından düşüb motosikletə yaxınlaşdı.
- Polis kapitanı İsgəndərov Asim. Zəhmət olmasa, sənədlərinizi təqdim edin.
Sürücü sənədlərini təqdim etdi. 
- Nəyə görə qırmızıda keçib yol qaydalarını pozursuz ?
- Fikrim başqa yerə qarışmışdı. Bir az da tələsirəm.
- 60 manat və 3 bal cərimə olunursuz. Zəhmət olmasa, ən yaxın zamanda 
cəriməni ödəyin.
- Oldu, cənab kapitan.
Asim cəriməni yazdıqdan sonra motosikletçi oradan uzaqlaşdı. “Hər kəs bir yerə
tələsir”,-deyə düşündü. Asim yenidən maşına əyləşdi. Arxa oturacaqdakı qızına aldığı 
hədiyyəyə baxdı. Cəlal ilə növbəsinə davam edərkən günün sonunu gözləməyə başladı.
Həmin gün gəlib çatmışdı. Şamil artıq təxris olunaraq evinə yollanırdı. Son 2 ay 
müddətində karantin zamanı şəhərin küçələrində etdiyi xidmətlə bərabər çox şey görüb,
öyrənmişdi. “İnsanın hər hadisədən öyrənəcəyi bir şeylər var”,-deyə düşündü. Onu 
narahat edən çəkmələrlə addımlayırdı, ancaq bu dəfə istiqaməti evə doğru idi. Boş 
qalmış küçələri gördükdən sonra parkın içi ilə getməyi qərara almışdı. Balaca, böyük-
hər kəs parkda əylənirdi. Yolu keçdikdə bir polisin motosikletçini saxladığını gördü. İşi 
birbaşa küçə ilə bağlı olan hər kəs də küçədə idi. İnsanların belə rahat və qorxusuz 
şəkildə həyatlarına davam etməsi möhtəşəm bir şey idi. Evinə çatdıqda ayaq saxladı. 
Son dəfə geriyə baxdıqdan sonra evinı daxil oldu.
Həmin gün hər kəs üçün gəlib çatacaqdı. Pandemiya dövründə bütün əziyyət 
çəkmiş insanlar bir gün ev dediyi yerə qayıdacaq. Bu ev kimin üçünsə fiziki, kimin üçün 
isə mənəvi bir yerdir. Hər kəs qayıdacaq və biz həmin zaman bu sualı verəcəyik: 
Neçənci ildir?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)