Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİNİN HEKAYƏLƏRİ POLŞADA YAYIMLANIB

AZAD QARADƏRƏLİNİN HEKAYƏLƏRİ POLŞADA YAYIMLANIB

AZAD QARADƏRƏLİNİN HEKAYƏLƏRİ POLŞADA YAYIMLANIB
Təqdimat
Nicat Heşimzade
Müəllif:
13:10, 05 avqust 2019
1 839
0
Son illərdə yazıçı Azad Qaradərəlinin hekayələri müxtəlif dillərə tərcümə olunaraq nəşr olunub. Bu günlərdə onun iki hekayəsi – “Süd gölü” (xəbər verdiyimiz kimi bu hekayənin motivləri əsasında Praqada film çəkilir) və “Sonuncu kibrit çöpü” hekayələri Polşanın “Kultura i sztuka” saytında yayımlanıb. "Mleczne Rzeki" adı ilə yayımlanan “Süd gölü” və ( http://kulturaisztuka.pl/pl/p/azad_garadereli_____mleczne_rzeki____._opowiesc.,19310.html?fbclid=IwAR2E0J7zgHUzFYmmPenwBV3HKlm1iZ7-N2ysa_Rwnc1iNUcDjRDEMwpcB7g ) "Ostatnia Zapałka" kimi çevrilərək polyak oxuculara çatdırılan “Sonuncu kibrit çöpü” hekayəsini ( http://kulturaisztuka.pl/pl/p/azad_garadereli_____ostatnia_zapalka____._opowiesc,19312.html?fbclid=IwAR0it-6GpTFQurU0AsFNGUsN_iE1zEGGQj5tcDcClCacyrqSeU9hTbgfqq0 ) rus dilindən polyakcaya Hicran Əliyeva çevirmiş, korrektə işini


Son illərdə yazıçı Azad Qaradərəlinin hekayələri müxtəlif dillərə tərcümə olunaraq nəşr olunub. Bu günlərdə onun iki hekayəsi – “Süd gölü” (xəbər verdiyimiz kimi bu hekayənin motivləri əsasında Praqada film çəkilir) və “Sonuncu kibrit çöpü” hekayələri Polşanın “Kultura i sztuka” saytında yayımlanıb. "Mleczne Rzeki" adı ilə yayımlanan “Süd gölü” və (http://kulturaisztuka.pl/pl/p/azad_garadereli_____mleczne_rzeki____._opowiesc.,19310.html?fbclid=IwAR2E0J7zgHUzFYmmPenwBV3HKlm1iZ7-N2ysa_Rwnc1iNUcDjRDEMwpcB7g)   "Ostatnia Zapałka" kimi çevrilərək polyak oxuculara çatdırılan “Sonuncu kibrit çöpü” hekayəsini  (http://kulturaisztuka.pl/pl/p/azad_garadereli_____ostatnia_zapalka____._opowiesc,19312.html?fbclid=IwAR0it-6GpTFQurU0AsFNGUsN_iE1zEGGQj5tcDcClCacyrqSeU9hTbgfqq0 ) rus dilindən polyakcaya Hicran Əliyeva çevirmiş, korrektə işini isə Marek Kurek etmişdir.

            Xatırladaq ki, müəllifin “Sonuncu kibrit çöpü” hekayəsi Polşa səfirliyinin digər təşkilatlarla birgə Bakıda Şeslav Miloş ili münasibəti ilə keçirdiyi Polşa haqqında ən yaxşı ədəbi iş müsabiqəsində xüsusi diplomla təltif olumnuşdu.

           “Sonuncu kibrit çöpü” hekayəsini oxuculara təqdim edirik.






                                                                   SONUNCU  KİBRİT   ÇÖPÜ





                                                                                                                                                                                                                                                                               

Bu hekayəni bitirəndən iyirmi gün  sonra Polşa

 prezidenti Lex Kaçinski faciəli surətdə həlak oldu.

 Və mən bu yazını  o azadlıqsevər insanın                                                                                   \ xatirəsinə  həsr  etmək  qərarına gəldim. 

Təsadüfə bax ki, şəhid prezidentin anasının da adı                                                                                                                   Yadviq imiş. Ancaq bu sətirləri   oxuyanlardan xahiş

 edirəm ki, “xatirəsinə” sözünü ürəklərində oxusunlar – axı pani  

 Yadviq oğlunun öldüyünü bilmir.

                                                                                      Müəllif.

                                                                                                                                                                                                                                                                                                                                                                                                    


         Zil qaranlıqda otağa girdi. Elə girəcəkdə nəyəsə ilişib yıxıldı. Ağzına gələn söyüşü geri qaytarıb kibrit çıxartmaq üçün əlini cibinə apardı. Yarıyıxlı vəziyyətdə kibriti cibindən çıxardıb ehtiyatla ağzını açdı, sonra bir çöp çıxardıb qaraya çəkdi, ev işıqlandı. İlk gözünə sataşan ayağına ilişib onu yıxan şey oldu: onun həmişə yükün dalında gizlətdiyi qəhvəyi rəngli dəri çantası idi. Təəccüb və heyrətdən gözü kəlləsinə çıxdı. “Əgər uşaqlar bunun içində nə olduğunu bilirdilərsə,  niyə aparmayıblar? Bilmirdilərsə... Mən  axı nə   çərənliyirəm!? Görüm… İşıq kəsənin işığı kəsilsin!” Kibrit  çöpü son  şöləsini saçıb kişinin barmaqlarını yandıraraq söndü. Yeni kibrit çöpü çıxartmaq üçün əlini cibinə apara-apara fikirləşməyində idi: “Sən axı elə qarşındakı  sumkaya görə özünü  riskə ataraq bu boyda yolu gəlmisən dayna. Yoxsa elə işdən çıxıb biryolluq Araz qırağına -   balalarının yanına gedərdin  o biri dəmiryolçular kimi… Day nə gözdüyürsən ki? Aç də bu zibili… Aparıblarsa,  aparıblar, aparmayıblarsa da…” 

        Bu çanta otuz beş il əvvəlin çantası idi. Bakıda neft buruğunda işləyəndə almışdı onu. Sonra da kəndə qayıdanda oldu onun kassası. Dəmir yolunda işləyə-işləyə hər ayın ortasında və başında “avans”, “palıçka” (dəmiryolçular belə deyirdilər) alanda evin bazarlıq pulundan, özünün cib xərcliyindən əlavə, nə qalardısa onu atardı bu çantaya - yamangünlük üçün. Pul dəyişən çağları nəzərə almasaq, içindəkilərə əl vurmamışdı. Son illər bir-iki dəfə istəmişdi oturub saysın, amma ürək eləməmişdi. Kibriti yandırmazdan öncə əlini aparıb çantanın ağzını tapdı və qıfıl yerini yoxladı. Sevinən təhər oldu - qıfıl salamat idi. Tez kibrit çəkib yandırdı və cibini qurdalayıb yerini əzbər bildiyi açarı tapdı, çıxardıb saldı çantanın açar yerinə, açdı. Elə bu dəm kibrit yenə söndü. Qaranlıqdaca əlini çantanın içinə saldı. Əli çin-çin yığılmış pullara toxunanda ürəyi yerinə gəldi.

             Çantanı götürüb çıxmaq istədi. Bir an duruxdu. Gəlib elə qaranlıqdaca evin ortasında dayandı. Yenə kibrit yandırıb soyuducuya tərəf  döndü. Adamla danışırmış  kimi   dedi:

            -Hə qardaş, sən gərək məni bağışdıyasan, gör neçə ildi səni bezpiririvni işlədirəm. Amma öz aramızdı ha, kişi kimi dayanmadan işlədin. Hələ səni alanda nə çətinlik çəkdim! Tükançı Rəşid vermirdi, dedi sənə palojnı deyil, sən dəmir yolunda az işləmisən, veteranlara verməliyəm. Çıxardıb üstündə bir qırmızı onluq verəndən sonar səsini kəsdi. Hə, səni bilirsən niyə çox istiyirəm? Axı sən bizim evdə ilk milli xaladelniksən! Hə də, “Bakı”   xolodelniki. Eh, kopoyoğlunun dünyası!

            Bayaqdan sönmüş kibrit çöpünü atıb təzəsini yandırdı və gözünə sataşan ikinci şey televizor olsa da, evin ortasındakı uşaq beşiyinə tərəf yeridi, əlini beşiyin şirmayı qollarına, şəbəkəli başlıqlarına çəkdi.

            -Hə, səni alanda elə bilirdim ki, day dünya mənimdi. Üç qızın üstündə oğlum olmuşdu, o da belə oldu. Neyləyə bilərdim ki?.. Amma sən də mənə gücün çatan qədər xoş dəyqələr verdin…. Tak şto, səndən də bir narazılığım yoxdu. Sağ ol.      

             Döndü televizor səmtə ki , ona da dilinin altındakıları desin, bu vaxt kibrit çöpünün son şöləsi barmaqlarını sızlatdı. Yeni kibriti çəksə də, alışmadı. İkinci də elə çıxdı. Üçüncü cəhddə yandıra bildi. Gəlib televizorun yanında dayandı.

            -Yadındadı, səni Meğridən aldım. Nəçənnik stansı Jora tapşırmışdı dükançı Anuşa. Anuş da bir anuş idi haa! Bir gecə məni paçasının arasında necə sıxmışdısa, dedim elə ürəyim dayanacaq. Vay evin yıxılsın, arvad yiyəsi! Mən axmaq bir müddət qazandığımın yarısın ona yedirtdim. (Çantaya tərəf döndü.) O illərdə sənin də ağzını açmadım. Payını Anuş yemişdi axı. (Televizora tərəf baxdı.) Hə, qağa, sən bizim evə gələnnən oldun evin bir adamı. Səhəri sənnən açdıq, axşamı sənnən qapadıq. Təkdə-tükdə xarab olmağını nəzərə almasaq, sən də kişi çıxdın. Bizə yaxşı xidmət elədin. Həzi sənin dediklərini eşitməsə də, şəkillərinə baxmaqdan ötrü ürəyi gedirdi. Gəl halallaşaq. 

            Üzünü televizorun ekranına sürtdü. Əlhavasına (kibrit çoxdan sönmüşdü) axtarıb qədimi şifoneri tapdı. Yanında dayandı, kibriti çəkib yandırdı və artıq bomboş olan (uşaqları ondan qabaq içini boşaldıb aparmışdılar) bu köhnə əşyanı qadın kimi qucaqladı və hönkürdü. Bu dəfə səsi çıxmadığından elə ürəyindəcə onunla dərdləşdi. “Səni Güllü arvad qızına, mənim Yadviqama cehiz vermişdi… Güllü arvad savadsız olsa da çox zirək idi. Pambığı onun kimi sürətlə yığan olmazdı. Amma bəxti yoxdu yazığın. Əri  Qanvoy müharibədən gələndən sonra bir uşaqları olmuşdu, adını da Yadviqa qoymuşdular. Mənim Yadviqam! Kişidən soruşmuşdular ki, ay Qanvoy, bu nə addı, demişdi ki, bu Polşa kralının arvadının adıymış, çox yaxşı qadın olub, həmi gözəl, həmi insanpərvər… Ondan başqa …  Məni Polşada faşistlər yəhudilərə qatıb yandıracaqdılar, əgər Yadviqa adlı polyak qızı olmasaydı. Mən elə sizin kimi o qızdan soruşmuşdum ki, Yadviqa nə deməkdi? Bax sizə dediyim o kral arvadının adı məsələsini o mənə danışmışdı… Elə o söz quş olub Qanvoy kişinin ağzından çıxandan  sonra uçub gedib “kekebe”nin binasından içəri girmişdi, yazıq kişini göndərmişdilər Sibirə. Güllü arvad da qalmışdı Yadviqa ilə dörd divarın arasında. Yana-yana deyirdi ki, camhatın ərləri  Germaniyadan sabun gətirdi, sabunun içində qızıl gətirdi, saldat şineli gətirdi,  mənum ərim də bir göy öysürək gətirdi, (kişi öskürəkli imiş) bir də başımıza bəla Yadviqa adını gətirdi… Hə, şfoner bacı, bax sənin içinə Yadviqaya aldığım güllü-güllü paltarları yığardıq. İlk illərimizdə necə də xoşbəxt idik! Hələ mən ona  şeyr də yazmışdım. (hönkürür) Dodağı baldı Yadviqa, Yanağı aldı Yadviqa, Buxağı  xaldı Yadviqa,  Bəs harda qaldı Yadviqa?.. Doğrudan harda qaldı Yadviqa? Oy-oy-oy… Ehe-ehe-ehe… (daha bərk  hönkürür) Mən,  eşşək oğlu eşşək, uydum Anuşun tut arağına, bir də o iri paçasına, Yadviqamı vərəmlətdim. Ayda-ildə bir kərəm gələrdim, o da tülkü tələyə dəyən kimi dəyib qayıdardım Meğriyə. Belə-belə yazıq Yadviqa düz üç qız doğdu, bir də Həzini. Həzi mənə allahın göz dağı idi. Vay, yandı ürəyim! Dayan, axı bu şfonerin dalında mənim bir balon tut arağım olmalıydı.” 

            Əlhavasına axtarıb tapdı. Rezin qapağı çıxardıb balonu başına çəkdi. Bir xeyli içib  “puff” elədi və çökdü yerə. Neçə müddət belə qalandan sonar ayağa qalxdı, arağın təsirindən  ləngər vura-vura gəlib dayandı pəncərədəki güzgünün qabağında. Əlləri əsə-əsə kibrit çəkib yandırdı, əyilib qıraqları naxışlı bədənnüma trimo-güzgünü qucaqladı. Yeddi köpəyin  əlindən güclə qurtarmış qancıq zingiltisinə, oğlu ölmüş, qışqırmaqdan səsi batmış  dul arvad iniltisinə oxşayan, yalnız özünün başa düşəcəyi  dildə başladı ozalanmağa.

         “Sən də mənim hədər getmiş ömrümün xoş yadigarlarındansan. Yadındamı, Yadviqa sənin qarşında necə şahanə oturardı? Mən Bakıdan onunçün “Krasnı Moskva” duxusu gətirmişdim. Kənddə təkcə mənim kraliçamda vardı o duxudan. Onu üstünə, boyun-boğazına səpib çölə çıxanda, toya-nişana gedəndə kəndin arvadları dəli olurdular. Mən bircə dəfə də onunla yan-yana durmazdım çöldə. Axı o məndən bir qarış uzun idi. Hələ onun uzunluğunu özümə dərd eləmişdim. Bunu başa düşən Yadviqa bir dəfə də olsun ona aldığım dikdaban ayaqqabılarını geyinmədi. Yazıq anasından da zəhləsi gedirdi ki, niyə onu uzunboylu doğub. (Anası kəndin ən uzunboylu qadını idi) Heç yadımdan çıxmaz. Bir dəfə bir toyda nə təhər içmişəmsə, ömrümdə birinci dəfə zakaz verib hava çaldırmışam,Yadviqanı oyuna çağırmışam. Yazıq qız bilirdi ki, əgər oyuna mənimlə birgə çıxsa, mütləq ayılanda döyəcəm onu, əgər  oynamasa da indi döyəcəm, camaatın toyuna qanqaraçılığı salacam. Əlacı kəsildiyindən başlayır  mənimlə oynamağa. Mənim havam da ki, “Kinto”du də, bunu kənddə hamı bilir. Hələm, hələm adam oynayammaz ki “Kinto”nu. Bir yazıq Rustam oynayardı, bir də Ismixan. Nəysə,  oynaya-oynaya başlamışam məşhur meyxanamı oxumağa:

                  Alasan rus qızıını, üst-başını çist eləyə,

                  Alasan erməni qızı özünü saa dost eləyə,

                  Alasan azəri qızı şirin canına qəsd eləyə…

            Qəsdi sən eləmədin ki, Yadviqa, mən elədim. Sənin o şirin ömrünü mən puç elədim. Allah da əvəzində mənə qəsd elədi. O manqal uşağı, bədbaxt Həzini verdi mənə. (Hönkürdü) Yadviqa, ay Yadviqa! Səndən sonra günüm itin günü oldu. 

Neynim axı, ay qız, mənim də yiyəm olmadı. Anam olmadı, atam olmadı. Axı anam, atam olseydi, heç mən Bakıdan bu xaraba kəndə gəlməzdim ki. Elə o Neft texinkomunda oxusaydım axıra qədər, indi beş kişidən biriydim. Hələ bəlkə, inistuta da girərdim… Onu da sən elədin! Mənum bu xarabada nə işim vardı yoxsa? Gündüzüm buruqda işdə, axşamım  texnikomda, altı-bazar da  kitabxanalarda, bir də o şəhərin diskotekalarında keçirdi. Bir gün mən qıçı sınmış şəhərdən kəndimizə gəldim və Aşağı bulağın başında səni gördüm. Sən,   bir sən olmuşdun ki! Qalın dodaqların, qulac-qulac hörüklərin, upuzun boyun. Hələ gözlərin! Dədəmin evini o gözlərin yıxmadımı? Yoxsa nə çoxdu Bakıda sənin kimi uzun boylu qızlar? Elə bizim yataqxanayla üzbəüz qızlar yataqxanasında itinə tök idi belələri. Amma sənin gözündən olmazdı. Yoxudu, heç olmayacaq da! Min il də keçə olmaz beləsi. Içində nə vardısa, adamın ürəyinə işləyirdi, ay Yadviqa! Svarka dəmiri kəsən kimi kəsirdi adamı. Svarkaya baxmaq olmadığı kimi kimsə baxammazdı sənin gözlərinə. Amma mən axıracan baxdım, dözdüm. Və o gözlərin sehrinə düşdüm. Hələ sənin bu adın! Axı mən çox kitablar oxumuşdum. Oxuduqlarımdan birində (indi kitabı da,  yazıçını daunutmuşam) deyilirdi ki, pani Yadviqa kəndliləri çox sevərdi, əri Polşa kralından xahiş edərdi ki, kəndlilərlə yaxşı davransın. O da allah tərəfi gözəl arvadının xahişini yerə salmazdı. Bax, elə səni o bulaq başında görəndə bildim ki, sən mənim olmalısan. Kənddə hamı bilirdi xasiyyətimi. Bilirdilər ki, mənim,  bu yetim gədənin üzü üzlər görsə də, prinsipialam, dediyimi eləyənəm, istədiyimi ələ keçirməyi bacaranam. Bu uzun hekayətdi əslində. Qısaca onu deyim ki, direktorumuz Sərhəd müəllim dərsdə qızını öpdüyümə görə mənə yeddiillik şəhadətnamə vermirdi. Axırda götürüb raykoma yazdım, özü də elə beləcə yazdım ki, mən bu kişinin qızını qanmamışam öpmüşəm, (amma vallah birinci o öpmüşdü) qələt eləmişəm, bir də öpmərəm. Xahiş eləyirəm ki, bu kişini başa salın, mənim yeddiillik şəhadətnaməmi versin. Gəldilər, yoxladılar, məni təzədən imtahan elədilər. Qiymətimi yazıb şəhadətnaməmi verdilər. Amma Sərhəd müəllimi də işdən çıxartdılar. Mən də elə o gedən getdim kənddən. Kaş qayıtmayaydım. Onda qayıtdım ki, elə bil səni o Aşağı bulaqda görməyə, sonra da ilişib bu xarabada qalmağa gəlmişdim.”

            Əlini yerə sürtə-sürtə axtarıb içi araqla dolu balonu tapdı, sonra qaldırıb bir qurtum da içdi. Qəribədir ki, bu dəfə sərxoşluğu çəkilib getdi elə bil. Yerə düşmüş qapağı tapmaq üçün kibrit çıxarıb yandırmaq istədi. Bir anlıq dayanıb “sən ağıllısan axı, bilirsən ki, spirt alışandır” deyib, kibriti cibinə qoydu. Əlini yerə sürtüb qapağı tapdı və balonun ağzına qoydu. Sonra üzünü güzgüyə sürtə-sürtə dedi:

            -Mənim kraliçam, Yadışım, Yadviqam! Gözlə məni, sənin yanına dönəcəm, axı mənim bu evdə bir dərdləşməli yerim də var…

            Yenə əlhavasına gəlib kitab rəfinin qabağında dayandı. Bir kibrit çəkib yandırdı, əl atıb təsadüfən əlinə keçən ilk kitabı götürdü,    ortadan açıb vərəqi qatlanmış yerdən elə kibrit işığında oxumağa başladı:

            

          Mənim hər bir sözümü yadında saxla sən də,

            Ömrü ölüm adlanan mənzilə qədər olan

            Canlılara nəsihət olar bunu deyəndə.

            Sən öz hekayətini təsvir eyləyən zaman,

            Burda necə bir ağac tapdığını yaz hökmən,

            Yaz onun iki dəfə qarət olunmasından…

            

           Kibritin işığı öləziyib söndü. Kitabı şappıltı ilə örtüb “İlahi komediya” dedi və rəflərin qabağında diz çökdü.

            -Yadış, bizim ulduzlarımızın tez birləşib tez də sönməsinin bir səbəbi də bilirsən nə idi? Bax bu irəf, bu kitablar. Sən bu kitablara düşmən kimi baxırdın. Əlimə kitab alan kimi başlayırdın, nə başlayırdın! “Nə tapmısan o mirətdərdə? Təzədən oxuyub alimmi olassan? Ondansa dur,  bax o çəpərə bir vələ tikan kəs qoy, çəpişlər lobya yerinə girməsinlər. Get bir eşşək  yükü odun gətir, nə arxanı 

vermisən yerə?” Əvvəl-əvvəl zarafata salardım, elə bilərdim ki, məni kitablara qısqanırsan. Səni özümə tərəf çəkəndə çəmkirirdin üstümə.” Axşam elədin dana, dur bir iş yəəsi ol. Camaatın kişiləri gör nə eliyir, sən də ondan elə.” Mən camaatın kişiləri kimi olmaq istəmirdim. Dəmir yolundakı ağır işdən sonra oturub dincəlmək, gözəl arvadımla sevişmək, sonra da əyləşib sevimli kitablarımı oxumaq istəyirdim. Sən isə məni başa düşmürdün. Elə bircə şey bilirdin: “dur evə iş gör”. Axı, mən yaxşı maaş alırdım. Nəyimə lazım idi yer əkmək? İki inəyimiz vardı, bəsdi. Qalan şeyləri pulnan almaq olardı. Amma sən bunları başa düşmək istəmirdin ki, istəmirdin. Bir dəfə “Səfillər”in ikinci cildini  axtaranda gördüm ki, qoymusan nehrənin altına, yırğalayırsan. Kitab da ortadan şaqqalanıb. Onda ilk dəfə sənə əl qaldırdım. Və evləndiyimizdən bu yana sənə ilk dəfə xəyanəti də o vaxt elədim. (Evlənməyimizdən qabaq Bakıda çox qələtlər eləmişdim, bununla işim yox)   Mığrıda işdən sonra Anuşun yanına getdim,  kitab almaq bəhanəsiylə. Qəhbə rus dilində kitablar oxuyardı. Özü də onun oxuduğu kitabların çoxu bizim dilimizə çevrilməmişdi. Çingiz Aytmatovun son romanlarını rus dilində ondan alıb oxumuşdum. Nodar Dumbadzenin “Zakon veçnosti”sini də Anuş verminşdi mənə. Və həmən gün Anuş mənə özünü də verdi. Özü də səhərəcən sevişə-sevişə oxuduğumuz kitablardan bir-birimizə misallar gətirir, təzədən pastelə cumur, bir-birimizdən ayrıla bilmirdik. Sən bax, belə sevişə bilmirdin, Yadış! Sən, kitab oxumaq cəhənnəmə, mənim kitablarımı görməyə gözün yox idi, Yadış!”

            Başı fırlanırdı. Ürəyi bulanır, ödü ağzına gəlirdi. Yıxılmamaq üçün rəfdən bərk-bərk tutdu. Qayıdıb əlhavasına araq balonunu tapdı, bir qurtum içib yenə gəldi rəflərin yanına. Bir çöp də çəkib yandırdı. Kibritin alovuyla bərabər,  yaşıl bir alov da alışıb söndü. Başa düşdü ki, ağzından çıxan sprit havada alışıb. Gəlib yenə rəfin qabagında dayandı. Əli ilə rəflərdəki kitabları tumarladı.

            -Siz,  mənə bu dünyada hədsiz sevinc verdiniz. Əzabla bərabər. Sevinc o qədər çox idi ki, mən sevincin bolluğundan məhv oldum. Biz görmüşük ki, adamın sevinci də olar, kədəri də. Amma sizlər mənim yetimliyimi, texnikomu yarımçıq buraxıb bu kəndə qayıtmağımı, dünyalar qədər sevdiyim Yadviqamdan yediyim zərbələri mənə unutdurdunuz, əvəzində  dolu-dolu sevinc verdiniz. Elə sevinc ki, min mənim kimi kişiyə çatardı. Bax,  mən sizin  sayənizdə Rabinzon Kruzonu tanıdım, Quliveri tanıdım, Xudayar bəyi tanıdım, Məmmədhəsən kişini tanıdım. 

Hələ Yadviqanın adaşlarının vətənində doğulan şair Adam Miskeviçi tanıdım, onun gözəl şerlərini oxudum. (əli ilə kitabları döyəclədi) Siz Yadviqanı məndən  uzaqlaşdırdınız,   siz mənim kraliçamı vərəmlətdiniz, siz mənim həyatımı məhv etdiniz… Siz…Siz…

             Hönkürdü. Balonu tapıb son dəfə başına çəkdi. Sonra nə düşündüsə, balondakı arağın qalanını rəflərə, şifonerə çiləyib cibindəki kibrit qutusunu çıxartdı, açıb barmağını içinə salanda quruyub qaldı. Bircə dənə kibrit çöpü qalmışdı. “ Birdən bu zəhrimar da alışmasa mən neyniyərəm? Yoox, yanmasa, başıma hava gələr.Ya allah!” Bircə anda kibrit alışdı və ağzındakı nəfəsi ilə bərabər alov böyüyüb evə yayıld. Sevincək əl atıb qəhvəyi dəri çantasını götürüb özünü çölə atmaq istəyəndə alovun içindən səs eşitdi:

            -Ə-bə! Bə-bə-bə!

            Həzi idi. Otaqda bir küncə qısılıb qalmışdı. Nə vaxt gəlmişdisə, xəbəri olmamışdı. Yəqin Araz qırağında dəmiryolçular xəbər veriblər   atasının işdən çıxıb kəndə qayıtmağını, bu bədbəxt də durub gəlib dalınca.

            -Həzi! - deyib oğlana tərəf atıldı.

            Ata-bala qarsalanmış halda qapıdan bayıra atıldılar. Həzi atasının əlindən odun içinə düşmüş qəhvəyi çantanı da son anda qapa   bilmişdi.

            

                                     ***


            İkisi də  Mirzə Həşim qəbiristanlığına çatanda gurhagurla yanan evdə nə isə güllə kimi partapart açılırdı. “Uşaqların bağladığı pomidor-xiyar balonları partlayır” deyib soyuq noyabr küləyindən qorunmaq üçün pencəyin üstündən   geyindiyi qalın dəmiryolçu kitelinin düymələrini bağladı. Təzə əhəngləndiyindən  qaranlıqda belə ağaran bir qəbirin yanında ayaq saxladılar. Kişi arvadı ilə halallaşmaq istəyirdi ki, Həzi atasının qolundan dartıb  yalnız ikisinin başa düşə biləcəyi tərzdə əllərini oynatdı, sonra yanan evlərini göstərib sual verircəsinə əl-qol hərəkətləri ilə öz “ə-bə-bə”sini eləyib dayandı. Ata həm çox içmişdi, həm də qaranlıqda oğlunun işarələrini yaxşı başa düşmürdü. Amma diqqətini toplayıb nə demək istədiyini bir təhər anladı. Həzi təxminən soruşurdu: “Kişilər dedi ki, bir-iki günə qayıdırıq kəndə, ordumuz hücuma keçib erməniləri qovacaq. Sən evimizi niyə yandırdın bəs?”

           Kişi acı-acı gülüb əli ilə oğlunu qandırdı, sonra da sanki qəbirdəki ölülərə, illah da Yadviqaya eşitdirirmiş kimi bərkdən dedi:

          -Qələt eləyirlər! İndiyəcən hanki verdiyimiz yeri geri almışıq ki!? Dul arvad kimi şələmiz dalımızda olub həmişə...

            

          Bir qədər sonra erməni-rus tankları yanan kəndə tərəf istiqamət götürmüşdülər. 


                                                                      Mart, 2010.

            


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)