Edebiyyat.az » Aytən Əliyeva - Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi

Aytən Əliyeva - Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi

Aytən Əliyeva - Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi
---
admin
Müəllif:
14:22, 29 dekabr 2025
68
0
Aytən Əliyeva - Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi

 


  Stefan Sveyqin “Şahmat” əsəri 1941-ci ildə yazılmış psixoloji novelladır. Əsərin hadisələri Nyu-Yorkdan Buenos-Ayresə gedən bir gəmidə baş verir. Burada iki fərqli insan qarşılaşır: dünya şahmat çempionu Mirko Çentoviç və avstriyalı hüquqşünas Doktor B.

  Çentoviç kobud, cahil, ancaq instinktiv olaraq güclü bir şahmatçıdır. Doktor isə faşistlər tərəfindən həbs olunmuş, uzun müddət tək kamerada saxlanılmış ziyalıdır. O, təsadüfən bir şahmat kitabı tapır və zehni sağlamlığını qorumaq üçün bu kitab üzərində düşünməyə başlayır. Lakin təkliyin və davamlı düşünmənin təsiri ilə o, öz daxilində bölünərək özü özünə qarşı oynamağa başlayır və bu, onu ruhi sarsıntıya gətirir. Gəmidə Çentoviçlə qarşılaşdıqda Doktor onunla şahmat oynamalı olur. İlk partiyada onu udur, lakin ikinci oyunda keçmişdə yaşadığı ruhi travma yenidən canlanır və o, dərin sarsıntı keçirir. Əsər Doktorun şahmatı tərk etməsi ilə bitir.

 “Şahmat” insan ruhunun sarsılması, təcrid, azadlıq və düşüncə azadlığı kimi dərin mövzular üzərində qurulub. Stefan Sveyq göstərir ki, insanın bədəni əsir edilə bilər, amma düşüncəsi və ruhu azad qalır. Həbsxanada tək qalan Doktor üçün şahmat həm xilas, həm də məhv vasitəsinə çevrilir. Bu oyun bir tərəfdən onun düşüncəsini qoruyur, digər tərəfdən isə onu öz ağlının içində boğur. Ən əsas mövzu isə “mədəniyyət hövzəsi” məsələsidir. Belə ki, coğrafi mühit sözü gedən insanların həyatında da mühüm rol oynayır. Bu baxımdan Doktor yüksək mədəniyyət hövzəsinin nümayəndəsidir. O, Avstriyanın ziyalı təbəqəsinə mənsub, hüquq təhsilli, kitablarla, tarixlə, sənətlə, düşüncə ilə yaşayan bir insandır. Onun dünyası mənəviyyat, bilik və düşüncə üzərində qurulub. Faşistlər tərəfindən həbs olunduqdan sonra belə o, mədəni yaddaşını, intellektual çevrəsini qoruyur. Həbsxanada təsadüfən tapdığı şahmat kitabını təkcə bir oyun kimi deyil, bir mədəni fəaliyyət, yəni düşüncənin, zəkanın, insan ağlının sığınacağı kimi qəbul edir. Şahmat onun üçün intellektual mühitin davamıdır, o, orada öz mədəni kimliyini qoruyur. Deməli, Doktor Avropa humanizminin, klassik təfəkkürün və mənəvi dəyərlərin daşıyıcısı olan bir mədəniyyət hövzəsinə məxsusdur.

  Əsərdə Çentoviçlə və Doktor iki zidd qütbü təmsil edir: biri mexaniki zəkadır, digəri ruhun və mənəvi dərinliyin daşıyıcısıdır. Çentoviçlə bəsit və cahil olsa da, instinktiv olaraq oyunda güclüdür. Doktor isə mədəni, bilikli, lakin ruhi cəhətdən yaralı bir insandır. Bu qarşıdurma ağıl və ruh, bədən və düşüncə mübarizəsini əks etdirir. 

  Çentoviç isə bunun əksinə olaraq mədəniyyətin kənarında qalmış, bəsit bir sosial-mədəni mühitin yetirməsidir. O, kəndli ailəsindən çıxıb, təsadüf nəticəsində şahmatda istedadını göstərmiş, lakin mədəni və mənəvi cəhətdən kasad qalmış bir insandır. Onun təfəkkürü mexanikidir. O, oyunu hisslərlə və vərdişlə oynayır, amma düşüncə və dərinlik yoxdur. O, kitab oxumur, danışmağı, təhlil etməyi bacarmır, yalnız udmaq istəyir. Yəni Çentoviç mədəniyyət hövzəsindən kənar bir varlıqdır - onun üçün şahmat sənət və düşüncə deyil, sadəcə instinkt və qazanmaq vasitəsidir.

 Beləcə, əsərdə iki mədəniyyət hövzəsi toqquşur. Bir tərəfdə düşüncə, bilik, mənəvi zənginlik, digər tərəfdə isə ibtidai, maddi və instinktiv yaşam tərzi dayanır. Doktor zehni və mənəvi mədəniyyətin, Çentoviç isə təbiət və instinkt səviyyəsində qalmış “antimədəniyyətin” simvoludur. Bu qarşıdurma Stefan Sveyqin əsərin dərin ideyalarından birinə çevrilir: mədəniyyət insanı formalaşdırır, təcrid və cəhalət isə onu məhv edir. Doktor mədəniyyətin işığında insanın nə qədər ucaldığını, Çentoviç isə ondan uzaq düşəndə necə “boş qabığa” çevrildiyini göstərir. Yəni “Şahmat” əsərində mədəniyyət hövzəsi anlayışı yalnız fərdlərin fərqini deyil, həm də insanlığın iki səviyyəsini - mənəvi və maddi aləmin toqquşmasını əks etdirir.

  Əsərdə şahmat lövhəsi həyatın rəmzidir. Qara və ağ fiqurlar yaxşılıqla şərin, azadlıqla əsarətin, ağıl ilə instinktin qarşıdurmasını göstərir. Sveyqin dili sakit, lakin gərgin emosional yüklə doludur. O, insan şüurunun dərinliklərinə enərək təcridin, qorxunun və ağılın incə sərhədlərini təsvir edir.

  Əsərin ideyası budur ki, insanın ruhunu məhv etmək üçün bədənini zəncirləmək kifayət deyil; onu təcrid edib düşüncələrinə qapadanda insan öz ağlı ilə dəli olmağa başlayır. Lakin yazıçı eyni zamanda bildirir ki, düşüncə azadlığı sarsılmazdır. İnsan bəzən ağlının içində məhbus olsa da, onun düşünmək qabiliyyəti azadlığın son qalasıdır. 

  “Şahmat” əsəri təkcə bir oyun haqqında deyil, insanın mənəvi varlığı, zəkasının hüdudları və azadlığın mənası haqqında dərin fəlsəfi bir hekayədir. Bu əsər XX əsr Avropa ədəbiyyatında psixoloji realizmin ən parlaq nümunələrindən biridir.

                                                          

  Naxçıvan Dövlət Universitetini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası III kurs tələbəsi 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)