Türkan Nağıyeva - Şaxta babadan son hədiyyə
Yeni ili çox sevirəm. Bu bayrama məxsus filmlər, bayram əhvalının şəhəri bürüməsi hər zaman məndə doğma, xoş ovqat oyadır. Hansı mağazaya, hansı
restorana girsəm, Yeni ilə aid dekorasiyaları gördüyümdə sevinirəm və özümdən asılı olmadan beynimdə bayram mahnıları çalınır. Yeni il – ümidlər, gözləntilər, keçmiş ilin yorğunluğunu geridə qoymaq üçün fürsətdir; ailəmizlə, dostlarımızla bir araya gəlmək, xoş xatirələr yaratmaq üçün imkandır. Soyuq qış gününün bu istiliyini heç nəyə dəyişmərəm!
Yeni il xristian ölkələrində, eləcə də Rusiyada bir başqa ab-havada qeyd edilir, bilirsiniz. Bayram günü hər məhlədə Küknar ağacı bəzədilər, gecə isə onun ətrafında şənliklər təşkil olunar. Böyüklü-kiçikli hamı qar topu oynamağa, şənliyə baxmağa, bir-birilərini təbrik etməyə çıxar.
Bu bayram məndə daim nostalji hisslər oyadır – uşaqlıqda yaşadığım bayram sevincləri hər il təzələnir. Hər ailə fərqli adətlərlə, müxtəlif əyləncələrlə bu bayramı daha da gözəlləşdirir.
Bir çox ailələrdə olduğu kimi, mənim ailəmdə də Yeni ilə məxsus bir ənənə var idi: Hər Yeni il gecəsi bizə Şaxta baba hədiyyə gətirərdi. Mən sizə danışıram 2008-сi ilə qədər olan çağdan. O Zamanlar Rusiyada yaşayırdıq. Hələ lap uşaqlığımızdan “Gözəgörünməz Şaxta baba” qardaşım və mənim üçün bayram günü hədiyyə gətirib, qapının ağzına qoyub qapını döyər və qaçardı. Biz də sevincək gedib hədiyyələrimizi götürərdik. Adəti üzrə, hər il bu sevinci yaşamışıq.
Məktəbə gedəndə də sinif yoldaşlarımıza, dostlarımıza Şaxta babanın sevimli nəvələri olmağımızdan danışardıq. Onlar isə bizə inanmırdılar, məsxərəyə qoyurdular. Elə hey deyirdilər ki, Şaxta baba yoxmuş, valideynlərimiz bizi aldadırmış, hədiyyə gətirən onlar imiş. Cəfəngiyyata bax! Necə yəni Şaxta baba yoxdur?! Bəs bayram axşamları qapını döyüb ora hədiyyə qoyan kimdir? Hər il kimə məktub yazırıq biz? Anam telefonda kiminlə danışıb demişdi ki, Nailə təzə maşın, Türkana danışan “kukla” gətirərsən?! Əlbəttə ki, mən uşaqların bu “cahil” düşüncələrinə inanmadım. Amma qardaşım deyəsən inanmışdı:
—Şaxta baba var! Sizə hədiyyə gətirmirsə, deməli siz özünüzü yaxşı aparmırsınız. Var, amma özünü bizə göstərmir.
—Kefsən e. Bu yaşda Şaxta babaya inanarlar heç?! Körpəsən elə bil. 10 yaşın var e sənin. Bəs, yaxşı, Şaxta baba varsa, sən onu niyə görmürsən? Səni aldadırlar da, ay körpə, ha ha ha.
Artıq qardaşım da uşaqların sözünə uymuş, valideynlərimizin bizi bu illər boyunca aldatdığını düşünmüşdü. Məni də inandırmağa çalışırdı. Qardaşım hələ anama da çatdırmışdı uşaqaların ona dediklərini. Guya, Şaxta baba yoxmuş, sizmişsiniz hədiyyəni gətirən. Anam isə istrarla uşaqların dediyi fikirlərin uydurma olduğunu, sabah gecə Şaxta babadan yenə hədiyyə alacağımızı dedi.
— Türkan, gəl plan quraq. Sabah gecəyə qədər güdək. Görək, qapını döyən kimdir? Şaxta baba gəlirsə, bizdən niyə qaçır. Əgər varsa, görəcəyik bu səfər. Yadındadı, keçən il də mən şübhələnmişdim.
—Hardan şübhələnmişdin?
—Multfilmdən. İzma Kronka deyir ki (“İmperatorun Macəraları” cizgi filminin personajları), o hədiyyələri valideynlər düzəldirmiş uşaqlara.
—Mən elə bildim, zarafat eləyirdi o?! (həm heyrətli, həm kədərli tonla dedim)
Plan bundan ibarət idi ki, valideynlərimizi bayram gecəsi gözdən qoymayacağıq. Hər addımlarını izləyəcək, ikisindən biri qapıya yaxınlaşan kimi “ahaa, deməli sən imişsən o hədiyyəni qapıya qoyan!” deyib bu oyuna etiraz edəcəkdik.
Bayram süfrəsi qurulmuşdu. Bəzən söhbətlərə, bəzən oyunlara, bəzən televizorda verilən Yeni il proqramlarına başımız qarışar, planımızı qısa müddətdə unudardıq. Amma hər vəchlə nəzarəti əldən verməməyə çalışırdıq. Əlbəttə ki, atam da, anam da bizim şübhələrimizdən hale olmuşdular. Onlar da bizim iştihabımızı “zərərsizləşdirmək” üçün öz planlarını qurdular. Evdə iki cəbhə yaradıb bir-birimizə “ gizli savaş” açmışdıq.
Çıxıb bir siqaret çəkib gəlirəm. – atam eyvana çıxdı, o anda biz süfrə arxasında əyləşmişdik. Atam içəri gəlib süfrə arxasına keçdi. Anam da əlindəki zibil torbasını bayıra çıxardı, gəldi bizimlə birgə əyləşdi. Qardaşımla süfrədən kimsə yenə qalxacaqmı deyə nəzərimizi çəkmədik. Bir az keçmişdi ki, qapı döyüldü. Səksənərək yerimizdən qalxdıq. Qaçdıq qapıya. Təəccüblə qardaşım mənə, mən ona, sonra dönüb atamla anama baxdıq. O anda şübhələrimizin yerini inam aldı. Biz dünyanın ən möcüzəvi hadisəsinin şahidi kimi heyrət içidə idik.
—Aaa, Şaxta baba?! Hədiyyə! Hədiyyələrini gətirib qoyub yenəəə!
—Amma yenə görə bilmədik onu, eh!
Heyrət və sevinc içində binanın pilləkənlərində, bir az da koridorda gəzindik ki, bəlkə görə bildik özünü də. Hədiyyələrimizi əlimizə alıb valideynlərimizin yanına qaçdıq. Onlar da qəhqəhə çəkdilər bizim təəccüblü ifadəmizdən. Hədiyyələri açdıq, sevdiyimiz şirniyyatları, istədiyimiz oyuncaqları orada görüb yenə sevindik.
Qardaşımla şübhələrimizdən bir azca pərt olmuşduq, amma anam bu barədə söhbət belə açmadı. İndi biz tətildən sonra “Gözəgörünməz Şaxta baba” haqqında dostlarımıza əhvalatı danışacaq, gətirilən hədiyyələri aparıb onlara göstərəcəkdik. Təqribən 20 dəqiqə sonra yenə qapı döyüldü. Hamımız təəccüblə bir-birimizin üzünə baxdıq ki, bu vaxt kim olar bizə gələn? Bu, atamın dostu Valid əmi idi.
—Oo, Valid, xoş gəlmisən. Nə yaxşı elədin, gəldin!
Xoş gördük, xoş gördük, hamımızın bayramımız mübarək olsun. Dedim, nə var e, tək oturum bayramın günü. Gəldim sizinlə keçirəm. – Valid əmi bizi təbrik edib üzümüzdən öpdü, sonra bizimlə bir masaya əyləşdi. Atamla söhbətə başları qarışdı.
Yedik-içdik, Yeni ili qarşıladıq, saat 12-dən sonra bayram şənliyinə çıxdıq. Hamı sevinir, bayramlaşır, şənliyi yüksək əhval-ruhiyyədə izləyirdi. Ən çox sevinən isə mən idim. Yeni ilin sehrinə yenidən inanmışdım.
Şənlik bitdi və evimizə qayıtdıq. Anam artıq dostlarımız arasında inanclarımız istehza ilə qarşılanmasın deyə səhəri gün bizə Şaxta babanın sirrini açdı. Bu məqamda qardaşımla eyni anda sual qopdu dilimizdən:
—Bəs qapını döyən kim idi?
Bu sirri biləndə uşaqlığımın ən böyük və gözəl “yalan”ı məni tərk elədi. Şaxta baba tamam uzaqlara getdi, mənim heç vaxt görməyəcəyim, əlimin yetməyəcəyi yerə... Amma o hələ də var, uzaq xatirələrimdə hələ də yaşayır, uşaqlara hədiyyələr gətirir. Ən gözəl hədiyyə xatirələrdir. Onu gözləyən, ona məktublar yazan körpələr var və bu “yalan”a inanan körpələrin yaddaşında o, həmişə yaşayacaq. Mən isə Yeni ilin sehrinə bizi inandıran və belə gözəl “hədiyyələr” bəxş edən “Gözəgörünməz Şaxta baba”lara təşəkkür edirəm.
