Edebiyyat.az » Söhbət » YAZIÇI AZAD QARADƏRƏLİ İLƏ SÖHBƏT

YAZIÇI AZAD QARADƏRƏLİ İLƏ SÖHBƏT

YAZIÇI AZAD QARADƏRƏLİ İLƏ SÖHBƏT
Söhbət
nemət
Müəllif:
21:51, 07 mart 2020
1 785
0
YAZIÇI AZAD QARADƏRƏLİ İLƏ EDEBİYYAT.AZ SAYTININ QURUCUSU NEMƏT MƏTİNİN SÖHBƏTİ


  





 (Müsahibə ilk dəfə Türkiyədə çıxan “Şehir” ədəbiyyat dərgisinin 

mart sayında baş redaktor İbrahim Tığın çevirməsində yayımlanıb)

 

1.Azad müəllim, təbrik edirik. Bu yaxınlarda Türkiyədə romanınız çapdan çıxdı. Sizcə, Türkiyədə yaşayan oxucular əsəri necə qarşılayacaqlar?

Cavab: Deyim ki, türkiyəli oxucular artıq mənim yaradıcılığımla müəyyən qədər tanışdırlar. Türkiyənin bir neçə saytında, ən çox da “Gercekedebiyyat.com”da, o cümlədən “Sincan istasyonu”, “Bahar”,   “İnsancıl”, “Turnalar” dərgilərində hekayələrim ardıcıl oraq yayımlanıb. Eyni zamanda 2017-ci ildə Kaynak Yayınevi Boyalıkuşda “Süt gölü” hekayələr kitabım çap olunub. “Aydınlıq” qəzetinin kitab əlavəsində Celal İlhan və Cazim Cürbiz adlı müəlliflərin “Süt gölü” kitabım haqqında məqalələri çap olunub. Yəni romana qədər bir xeyli məsafə qət edilmişdir. Hesab edirəm ki, “Petrol tarlaları” iri həcmli roman kimi diqqət çəkəcəkdir. O səbəbdən ki, indiyə qədər Türkiyədə yalnız klassiklərin, bir də dövlətin, daha doğrusu  Azərbaycan Yazıçılar Birliyinin  himayəsi ilə xüsusi imtiyaz sahiblərinin kitabları çap olunub. Elə bilirəm ki, son vaxtlar mənim və daha bir neçə müstəqil yazarın əsərlərinin Türkiyə bazarına yol tapması oxucuların da marağına səbəb olacaq.

2.Romanlarınız, hekayələriniz əksər hallarda olmuş hadisələrə əsaslanır. Dünya oxucuları üçün hər halda maraqlı ola bilər. Sizcə, yazıçı oxucunu daim maraqda saxlamağı düşünməlidir, yoxsa necə istəyirsə elə yazmalıdır?

Cavab: Açığı, yazıçı kimi mən yazanda oxucuları düşünmürəm. Bunu kimlərin oxuyacağını fikirləşsəm, istər-istəməz özünüsenzura işə düşəcək. Mən isə ilk qələm təcrübələrimi yazdığım gündən bu vaxtacan heç bir təşkilata mənsub olmadığımdan həmişə azad yazar olmuşam. O ki qaldı yazdıqlarımda olmuş əhvalatlara, bu həqiqətən belədir – mən olmuşları yazan yazıçıyam. Amma o olmuşları olduğu kimi deyil, öz yazıçı prizmamdan keçirib yazıram. Hətta elə şəkildə ki, o əhvalatları bilənlər özləri də çaş-baş qala bilərlər. Məsələn, bir hekayəm var, Qarabağ qazisinin özünü yandırması əhvalatına həsr olunub... Qazinin özünü yandırması səhnəsindən sonra məktəbdə müəllimlə şagird arasında belə mükalimə olur:

“-Təsadüfi deyil ki, Vətənimizə odlar yurdu deyirlər. Alimlər sübut ediblər ki, hələ qədimlərdə Xəzər sahillərində   alov dilləri ucalarmış. Hətta Xəzərdə də su yanarmış. İndi bizim adamlar da odlu-alovludur. Sadəcə alışqanı yaxınlaşdırmaq kifayətdir ki, Odlar Yurdunun adamları alova bürünsünlər. 

-Hə, məllimə, mən bunu televizorda gördüm... Bir adam özünü yandırmışdı... Söndürə bilmirdilər.

Uşaq bunu deyib çantasından çıxardığı alışqanın çaxmağını çəkdi və... müəllimə o dəqiqə alışan uşağı güclə söndürdü.”

Təbii, bu situasiya yazıçı təxəyyülünün məhsuludur. Amma oxumuşdum ki, Rusiyanın hansısa vilayətində bir kəndin adamları öz-özünə alovlanıb yanırmışlar. Yəni, hansısa təxəyyülün kökündə də bir həqiqət meyarı olmalıdır... Yoxsa, yazdığın cəfəngiyata bənzəyər. 

Başqa bir misal: “Petrol tarlaları”nda Xosrov Cavanşirov obrazı var. Moskvada oxuyub, sonra repressiya olunub, gəlib öz ucqar kəndində poçt müdiri işləyir. Dünya fəlsəfi fikir tarixinə, dünya ədəbiyyatına, siyasi gəlişmələrə belə bələd birisidir. Həkimanə danışığı, həkimin görə bilmədiyi görücülüyü var. Görücülük sözünü elə-belə demədim, həqiqətən görücüdür. Keçmişi əla bildiyi kimi, gələcəyi də gözəl görür və anlayır. Bu, bir mistikadır, təbii, amma eyni zamanda olmuş əhvalatdır. Nə edəsən ki, adamlar onu anlamır, başa düşmürlər. Amma həmişə ona möhtacdırlar. Xəstələnəndə, dara düşəndə, borc istəmək lazım gələndə ona tapınırlar. Axırda bir sərsərinin – bu sərsəri həm də vətən torpaqlarını qoruyan bir könüllüdür - əli ilə həyatını itirir.

 3.”Süd gölü” adlı hekayəniz ekranlaşdırılma prosesindədir. Bəs, romanlarınızın hansına film çəkmək olar?

Cavab: Düzü, “Süd gölü”nə Çexiyada film çəkilməsi mənim də marağıma səbəb oldu. Amma bir qədər tərəddüdlə razılaşmışdım bu təklifə. “Görəsən necə alınacaq?”, “hekayə zədələnməz ki?” kimi suallar məni narahat edirdi. Üstəlik də uzaq Praqada çəkiliş aparılacaqdı... Nəhayət. Razılaşdım, film çəkildi. Ancaq mən onu hələ görə bilməmişəm. Mənə məlumat verdilər ki, film müsabiqələrə təqdim olunub... O ki qaldı hansı romanıma film çəkilməsi məsələsinə, “Morq çiçəkləri”nə, yaxud “Əllidən bir kəm”ə çəkilməsini istəyərdim. Amma bu şərtlə ki, ssenarini mənimlə razılaşdırsınlar. 

4.Azərbaycan ədəbiyyatı bildiyimiz kimi söz və fikirlərlə zəngindir. Dünyaya çıxmaq üçün gənc yazarlara hansı tövsiyələri verə bilərsiniz?

Cavab: Bizim ölkəmiz gənc ölkədir. Müstəqilliyimizin bərpasından 29 il keçib. Ona görə də hələ ki, nə dövlət strukturlarında, nə AYB-da, nə də Tərcümə mərkəzində oturuşmuş sistem yoxdur. Bizim ədəbiyyatın dünyaya çıxışına yardım edəcək heç bir orqan mövcud deyil ölkədə. Olanlar da zəif əsərləri çıxardırlar ki, bu da getdiyi yerdəcə batıb qalır. Burda yadıma bir lətifəvari əhvalat düşür. Sovet vaxtı biz tərəflərdə bir katib varmış. Raykoma rayonun həm əqli cəhətdən, həm də fiziki cəhətdən qüsurları olan adamlarını işə götürürmüş. Mərkəzi Komitədən rayona gələnlərə bir gözü şikəst, dili pəltək, axsaq, üstəlik savadsız işçilərini göstərib deyərmiş: “Mən nə edə bilərəm? Bu rayonun qaymaqları bunlardır...” İndi bizdə də buna bənzər vəziyyətdir. Baş nazirin müavini işləyən yazıçı özünün və atasının əsərlərini xaricdə çap etdirirdi. AYB sədri özünün və ata-anasının, hətta yazıçılığa az dəxli olan qızının əıərlərini xaricə çıxardır. O birilər də onlara baxıb ancaq dostlarının əsərlərini xaricdə yayımlayırlar. Soruşanda da o katib kimi deyirlər: olanımız budur...

Bəs çıxış yolu varmı? Var, əlbətdə. Əzablıdır, amma mütləq gediləsi yol budur. Ən çox gənclərədir sözüm: layiq bildiyiniz yazılarıınızı xarici dillərə çevirtdirin, onları dünyanın gəlişmiş ölkələrində - Türkiyədə, Avropada və Amerikada yayımlatmağa çalışın. Əsərlərinizi xarici ölkələrin ədəbiyyat müsabiqələrinə göndərin. Bu yol çətindir, amma getməyə məhkumuq. 

Gənclərə daha bir sözüm: xarici ölkələrə gedib oralarda yaşayın, hətta mümkün olsa əsərlərinizi mənimsədiyiniz dillərdə - ingiliscə, almanca, fransızca yazmağa çalışın. Təəsüf ki, bizim bu sarıdan təcrübəmiz zəngin deyil. Amma yox da deyil. Ən şah əsərimiz “Əli və Nino” almanca yazılmadımı? Hətta o dildə yazılmasaydı, bəlkə heç bizə gəlib çatmayacaqdı...

5.Türkiyədə hər yerdə kitab fuarları var. Kitablar ucuz qiymətədir. Bölgələrdə kitab mağazaları çoxdur. Kitab çap olunarkən tirajı yüksək olur. Bəs, bizdə bu proses nə üçün ləng və zəif gedir?

Cavab: Yuxarıda bu suala qismən cavab verdim: Türkiyə min illik oturuşmuş sistemə malik bir dövlətdir. Bizdə isə hələ ki, kitabsızların hegemonluğu sürməkdədir. Heç bir nazirin əlində kitab gördünüzmü? Bir məmurun kitabxanaya, kitab mağazasına girdiyini eşitdinizmi? Olmayıb belə fakt. Bizdə hələ ki, hər şey özfəaliyyət səviyyəsindədir. Bir də fədəkar yazıçılar və onların əsərlərini çətinliklə də olsa çap edən zəif imkanlı yayın evləri. Bu sualın cavabı fərdlərdən çox, dövlətdən asılıdır. Ona görə çox dərinə getməyə lüzum görmürəm.

6.İnformasiyanın işıq sürətilə yayıldığı bir dövrdə müasir insan nə üçün kitab oxumalıdır? 

Cavab: Mənim “Əllidən bir kəm” romanım bu sətirlərlə başlayır: 

“2-ci minillik bitmiş, üçüncüsü başlamışdı. Ölkələr bir-birinə dəymiş, SSRİ boyda imperiya dağılmış, o biri respublikalar kimi Azərbaycan da müstəqil olmuşdu. Amma hər əsrin başında və sonunda olduğu kimi, bu dəfə də torpaq itirmişdik... 

 Minilliyin sona varmasına - üç sıfırın birdən yan-yana düzülməsinə, bir az   sonra 3-cü minilliyin başlamasına    kompyüterlər dözməmiş, sıradan çıxmış, itkilər olmuşdu... Ən böyük itki isə insan itkisi idi. Köhnə minilliyin sonlarında  başlamış müharibə insanları udmuş, erməni-azərbaycanlı münaqişəsi  sonu görünməyən savaşa çevrilmişdi. Ancaq insanları təkcə müharibə udmurdu...”

Bax, bu hissləri hamımız yaşamışıq: 2000-ci ildə qorxurduq ki, komputerlərimiz sıradan çıxacaq və yazılarımız məhv olacaq. Allah göstərməsin, bir yanlış həmlə bütün elektron sistemi çökdürə bilər... O zaman nə itəcək, nə qalacaq, bunu bir allah bilir. Kağız isə əbədidir. “Əlyazmaları yanmır” deyiminin hikməti, məncə burdadır. Ona görə kitabdan üz çevirmək, fəlakətə səbəb olar. Həm elektron kitab, həm kağız kitab insanı ayaqda saxlayan ən böyük nemətdir.

 

7. Türkiyədə yaşayan gənclər tez-tez sual verirlər: dünya oxucularına yerli müəlliflərdən kimləri oxumağı tövsiyə edərsiniz?

Cavab: Bizim millət Qafqazın göbəyində, ən verimli torpaqlarda yaşadığı üçün bura həm qədimdə, həm də sonralar sənət üçün də münbit yerə çevrilib. Şairin, memarın, musiqiçinin varlı torpaqlara, şah qəsrlərinə meyl eləməsi başa düşüləndir: yazdığı əsərlərin qonorarı yalnız belə bir yerdə qiymətləndirilə bilər və əsərləri saraylarda əsrlərin qovğasından salamat çıxa bilərdi. Dünyanın ən qüdrətli şairi gəncəli Nizami   özü saraylara nifrət etsə də, beş poemasını beş padşaha elə-belə ithaf etməmişdi axı. (Nə yazıqlar ki, bu gün dünyanın ən varlı ölkələrindən olan Azərbaycanda yazıçı yazdığının müqabilində heç nə ala bilmir. İndi ədəbiyyatı və sənəti dərk etməyən, yalnız sərvət ovçusuna çevrilən bir zümrə vardır ki, onlarçün sənət heç nə ifadə etmir. Ona görə illərdir kitab üzərindən ƏDV-nin götürülməsi kimi sadə bir tələbimizi rədd edirlər. Kitabı alıb oxuyası zümrəni çörəklə imtahana çəkirlər və buna görə də kitablarımız istənilən kimi satılmır, qazancımız da sıfır həddindədir. Yazıçıların bir çoxu buna dözmür, hakimiyyətin əlinə baxır, ona görə də müstəqil ola bilmir, cəsarətli fikir söyləməkdən məhrum olur.)

Sonralar Azərbaycan türkləri 1918-ci ildə Şərqdə ilk demokratik respublika quranda da, dövlət dilini türk dili elan edəndə də, ilk teatrı, ilk operanı yaradanda da Azərbaycan ədəbiyyatının gücünə arxalanıb. Böyük öndərimiz M.Ə.Rəsulzadə qurduğu müstəqil dövlət ruslar tərəfindən istila ediləndə Türkiyəyə üz tutdu və apardığı mücadilənin ən gərgin anında eşitdi ki, Sovet Azərbaycanında böyük Nizami haqqında “fars şairi” və digər dedi-qodular gəzmədədir, hətta Maretta Şaginyan adlı bir erməni yazar Nizaminin qəhrəmanı Şirini erməni çıxartmışdı.

Onda böyük Rəsulzadə bir an belə düşünmədən qələmə sarıldı və yaxşı bildiyi fars dilinin imkanlarından yararlanaraq Nizamini qorumaq amacıyla “Böyük Azərbaycan şairi Nizami” adlı fundamental bir monoqrafiya yazaraq bu mövzuya nöqtə qoydu. Hətta qeyri-rəsmi məlumata görə Mir Cəfər Bağırov o əsəri gətirdərək gizlin şəkildə oxutdurmuş, yalnız bundan sonra M.Şaginyanın Azərbaycana səfərlərinə qadağa qoymuşdu. Yeri gəlmişkən, bu mövzuda mənim “Brend” adlı bir hekayəm də var.

Sovet höküməti kimi mühafizəkar bir imperiya kürəyini ədəbiyyata söykəmişdi, hətta o dərəcədə ki, bir ölkənin xalqını yalançı ədəbiyyatla ovuda bilmişdi – bu ədəbiyyat əslində narkomaniya kimi bir şey idi: Canbul Cabayev adlı bir qazax xalq ozanını o qədər püfləyib şişirtmişdilər ki, axırda onun yaradıcılığının buna uyğun olmadığını görüb, tanınmış şairləri onun əvəzindən şeirlər yazmağa vadar etdilər – təbii, yaxşı qonorar müqabilində. Bu barədə böyük bəstəkar Dimitri Şostokoviçin məşhur fikirləri var: Hər şey isə uydurma idi. Cambul Cambayev özü əlbəttə ki, mövcud idi. Tərcümələr də. Orijinal isə yox idi. Çünki, Cambul bəlkə də yaxşı adam idi. Ancaq şair deyildi. Nə bilim, bəlkə də şair idi. Amma bu heç kimi maraqlandırmırdı. Çünki, Cambulun guya rus dilinə tərcümə olunmuş mövcud olmayan şeirləri elə rus şairləri tərəfindən yazılırdı.“

  Nə yazıqlar ki, Azərbaycanda bu tip həqiqətləri qələmə alan kimsə olmayıb. Halbuki bu günün özündə belə bizdə saxta yazıçılar mövcuddur. Sizə adı yuxarı dairələrdə hallanan beş-altı yazar misal gətirərəm ki, onların əvəzindən yazan mirzələr var. Bunlar isə deputatdırlar, katibdirlər, hökümət üzvüdürlər və bu mirzələrə yaxşı qonorar verdirə bilirlər. Yəni bizdə ədəbiyyat üç tipdədir: mirzələrə yazdırılan saxta ədəbiyyat, bütün dünyada olan boz ədəbiyyat və bir də həqiqi ədəbiyyat.

Mən sizə bütöv 20-ci əsrin və 21-ci əsrin əvvəlinin həqiqi Azərbaycan yazıçılarının bir qrupunun adını çəkə bilərəm, amma bu sadalamada tamlıq olmayacaq təbii ki.  

Nasirlərdən Y.V.Çəmənzəminli, Sabir Əhmədli, Əkrəm Əylisli, İsa Muğanna, İsi Məlikzadə - bunlar ustadlardır. Mənim Anarın şəxsiyyətinə simpatiyam yoxdur, amma bu o demək deyil ki, onu o siyahıya salmamalıyam: ...və Anar. Sonrakı nəsildən Mövlud Süleymanlı, Seyran Səxavət, Afaq Məsud, Rafiq Tağı, Seymur Baycan,  Şərif Ağayar, Mübariz Örən...

Poeziyada Əli Kərim, Eldar Baxış, Ələkbər Salahzadə, Məmməd İsmayıl, Vaqif Bayatlı, Rasim Qaraca, Aqşin Yenisey, Qismət...

8. Sizə “Biz-klub” adından təşəkkürümü bildirirəm. Yeni-yeni uğurlar arzzulayırıq. Sonda nə demək istərdiniz?

Cavab: Sağ olun. Sizin “Biz-klub”u hələ ki, yaxşı tanımıram, amma edebiyyat.az saytını uğurlu layihə hesab edirəm.

Deyəcəyim odur ki, ədəbiyyat bu gün cəfakeşlərin sənətidir. Bu sənətdən pul qazanmayan, amma onun sükanını buraxmayanların başqa adı yoxdur. Bu günün Azərbaycan yazıçısını mən həm də gələcəyə yatrım yatırdan birisinə bənzədərdim. Ölkəmizin indiki halı elədir ki, nə kino çəkilir, nə mədəniyyətimiz fərli-başlı inkişaf edir, nə elmimiz bir yana çıxa bilir. Hamısının əvəzindən bu gün yazıçılar vuruşurlar. Ədəbiyyat bütün sahələrə nisbətən fədəkar yazıçıların hesabına ayaqdadır. Bizlər, hətta ağır Qarabağ müharibəsi zamanı belə qələmi buraxmadıq. Üzmü gənclərə tuturam: siz də bu müqəddəs missiyanı davam etdirin. Bu gün də olmasa, gələcəkdə yazdıqlarınız öz dəyərini alacaq. Siz həyatda olmasanız belə, əsərləriniz sizi yaşadacaq. Ona görə ruhdan düşməyin. Yazı taledir, alın yazısıdır, tanrının sizə bəxş etdiyi lütfdür. Yazıblar qalıb, yazın ki, qalsın. 

                                   (“Şehir” edebiyyat dergisi, Türkiyə)


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)