Edebiyyat.az » Proza » ŞvartsMan - Sukaşnik (hekayə)

ŞvartsMan - Sukaşnik (hekayə)

ŞvartsMan - Sukaşnik (hekayə)
Proza
nemət
Müəllif:
22:26, 23 may 2019
3 505
0
ŞvartsMan - Sukaşnik (hekayə)



Heç kimin ağlına gəlməzdi ki, Kamran Quliyev əsgər yoldaşını satacaq. Belələrinə türmədə olduğu kimi hərbidə də "suka"(zarafatsız) və ya " sukaşnik" (zarafatla) deyirlər. " Sukaşnik" isimi təhkim olunmuş silaha görə, məsələn, kalaşnik, RPK-şnik, PK-şnik kimi əsgəri silahı ilə adlandırmaqdan yaranıb. Qısaca üç sual yaranır: mənim əsgər yoldaşım niyə bilə- bilə bu cür hərəkət etdi? Necə mənim yaddaşımda öz xarakteri və düşüncəsi ilə dərin iz buraxdı? Və mən niyə bu hekayəni yazdım? Bu hekayə bu üç sualın cavabıdır ki, indi siz oxuyursuz. 

Hərbi kamazdan düşəndə ilk gördüyüm dalının qanlı dərisi çıxmış eşşək idi. Soruşanda dedilər ki, canavar dişləyib. Onda özümə dedim: buyur, cəhənnəmə xoş gəlmisən! Axı mənim Tovuzun bu dağlıq yerində  nə işim var? Briqadada 3-cü tabora gedəəsgərlərə yazıq -yazıq baxmaqlarından hiss etməliydim ki, su problemi olacaq, Tovuzda ilk qar bura yağacaq, canavar-çaqqallar ərazi girmək istəyəndə taborun itləri hürəcək və yaxınlarımızı xatırlamaq üçün uzaqlara baxanda gördüyümüz mənzərələr dağlar, meşəliklər və gecələr canlı işıq kimi parlayan ulduzlar olacaq. Bu psixoloji olmayan təsvirləri Zəlimxan Yaqubsayağı uzatmaq istəməzdim, çünki roman yazmaq fikrim yoxdur. Bəzən qısa bir   hekayə bir romanın mövzusu ola bilir.

Kamran Quliyevlə tam necə tanış olmağım yadımda deyil. Yəni mənim diqqətimi çəkəcək xüsusi bir şeyi yox idi, ta ki onun mövcud yazılmamış qaydalara zidd hərəkəti etməyinə kimi. Yəqin ki, insanı daha yaxından tanımaq üçün nəsə bir hadisə baş verməlidir. Mən sizə sakit, hamıdan uzaq, çox ciddi adam haqqında danışıb onun necə də ağıllı və fərqli olduğundan danışmaq istəmirəm. Onu üstün edən yalnız düşüncələridir. Onunla şəxsi tanışlığım Vəliyev Kənanı bölük komandiri Hacıyevə məruzə etməyi ilə başlanan qalmaqaldan sonra oldu. Hərbi elə qapalı rejimli kişi mühitidir ki, orda nəyinsə gizli qalması müşkül məsələdir. Xüsusilə məsələ "suka"damğası  yapışa biləcək hərəkətdən gedirsə

Həşeyi əvvəldən sıra ilə danışım. Hər gün olduğu kimi otağın səliqə və təmizliyinə cavabdeh əsgərlərdən 4-5 nəfər uborşik çıxmışdı. Kamran da onların içində idi. Nahardan sonra kazarmaya qayıdanda köhnə əsgərlərdən Vəliyev və başqaları uborşik çıxan əsgərlərə düzülməyi tapşırdı. Məsələ belə idi ki, Vəliyevin yastığının altında gizlətdiyi nokia telefonu yoxa çıxıb və bu oğurluğu uborşik olan əsgərlərdən biri edib. 

-Deməli, telefon itib və aranızdan kimsə götürüb telefonu. Ya kim götürübsə qaytarıb versin , ya da  telefonun əvəzinə aylıq maaşlarınızı verəcəksiz.

Bu cinayət məsuliyyətli hərəkət idi. Hərbidə əsgərə nəinki telefon işlətmək qadağandır, hətta qadağan olunmuş bir şeyə görə pul yığmaq ikiqat cinayət idi. Vəliyev bunu etdi. Uborşik əsgərlər bu sözlərdən sonra   bir-birlərinə təəccüblə baxdılar. Axı bu necə ola bilərdi? Kim telefonu götürə bilərdi? Kamran isə əsgər yoldaşlarından əmin idi ki, kimsə telefon tapmayıb. 

Yanvarda köhnə əsgərlərdən Alıyev və Dünyamalıyev tərxis olunandan sonra bölükdə atmosfer yüngülləşdi. "Atmosfer yüngülləşdi" deyərkən bölüyü kontrol və idarə etmək zəiflədi. Vəliyev isə tibb məntəqəsindən qayıdanda köhnə haqq-hesabı unutmadı, çünki maaşlar verilmişdi bölüyə.Qayıtmamışdan əvvəl zənglə dostu Məmmədzadə vasitəsilə tapşırdı ki, telefonun pulu versinlər. Əsgərlər "özü gəlsin verərik" deyərək vaxt qazandılar. Vəliyev gələn kimi sıxışdırmalar başladı. Sırf fiziki güc tətbiqi hədəsi ilə demək olar hamısından pulları aldılar. Otaq əsgəri Zakirdən və piser Kamrandan başqa. Otaq əsgəri çox vaxt otaqda olduğundan açıq hədəf Kamran idi. 

-Güliyev, mən onların pulu verəndə necə nifrətlə üzlərini büzdüklərini görürdüm-Kamran kazarmada tək olanda mənə danışır:- Biri etiraz eləmir. Qorxurlar. Köhnə əsgərlərlə bacara bilməzlər. Əslində köhnə əsgər və təzə əsgər söhbəti ancaq sözdədir. Güclü və gücsüz əsgər var. Əgər mən fiziki cəhətdən hamıdan güclüyəmsə yeni əsgər olmağımın heç bir əhəmiyyəti yoxdur. 

Səhəri gün biz heç gözləmədiyimiz anda Kamran Quliyevin əsgər yoldaşı Vəliyevi komandirə məruzə etdiyini eşitdik. Kamran Vəliyevin əsgər yoldaşlarından telefon məsələsinə görə qanunsuz pul yığdığını demişdi. Tabora bu xəbər yayıldı.

-Necə satdım deyim də sənə. -Kamran normal, adi bir şey kimi danışmağa başladı.-Məsələ belədir ki, mən cibimdə 20 manat pul olduğumu hamı bildi. Xüsusilə də onlar. Aldıqlarından almışdılar, təkcə mən qalmışdım. Zakirlə danışdılar, o vermədi necəsə, həm də otaq əsgəri olduğuna görə poxu çıxar deyə çox dirəşmədilər. Axırda məndə dayandılar. Silah təmizləyəndə bölük yanımda oturdular. Dedilər ki, "sənin axı bizə borcun var, niyə vermirsən?" Dedim ki, "verə bilmərəm,evə göndərəcəm pulu". "Axı demişdin ki, verəcəksən". "İndi isə verə bilmirəm, zorla alacaqsız?" "Zorla alsaq,neynəyərsən?"-qolunu çiynimə qoydu. "Zorla alın, görün nolacaq..." Bu dialoq Əlifzadə ilə aramızda oldu. O idi hardasa starşı. Mən onlarla bacarmazdım. Fiziki cəhətdən məndən güclü idilər. Əgər mən güclü olsaydım, onlar mənə heç yaxınlaşmazdılar da. Axırda dedim ki, onlara çox belə dirəşsəz, komandirə deyəcəm. Əslində demək fikrim yox idi. İstəyirdim məndəəl çəksinlər. 4 nəfərlə bacarmazdım. Onlara komandir söhbətini deyəndə qorxdular. Azca sakitləşdilər. Amma tərslikdən mən gün növbətçiliyini onlardan ikisinə təhvil verirdim. Onlar acığa təhvil almırdılar. Bəhanə gətirirdilər:yer təmiz deyil, pəncərənim şüşəsi pas atıb. Əlifzadənin isə mənə kinli baxaraq barmaqlarını büküb açmağı ilə bu sözləri deməsi yadımdan çıxmaz:

-Əmcəylədəcəm sənə buraları!

Mən isə özümdən razı hirsimi boğaraq sakit şəkildə yanımdakına dedim: 

-Nə deyirlər elə. SABAH HƏŞEY DƏYİŞƏCƏK!

Sabah doğrudan da həşey dəyişdi. Günorta tabor bildi ki, Kamran Vəliyevi bölük komandirinə məruzə edib. Yəni satıb. Kamran Quliyev və Kənan Vəliyev. Onların xarakteristikalarından danışmadım. Bir az onlar haqqında danışım, sonra sizə Kamranla etdiyimiz söhbəti danışacam ki, o, necə məruzə etdi və

bu hadisədən sonra nələr baş verdi. 

Belə ki, Kamran Quliyev   qarayanız oğlandı. Həmyaşıdıq. Xarakter baxımından üsyankar olsa da, naturası nə ağadır, nə kölə. Diqqətli baxışları var. Ağıllı düşünür. Ama onda saf nəsə var. Elə adamlar var ki, qoz kimidir, qabığı sərt, amma içi yumşaqdı, yeməlidir. Karman da o tip adam idi. Gülən idi çox ciddi deyildi. Amma kimsə də onunla zarafat etmirdi. Onunla danışmasan haqqında demək olar heç nə deyə bilməzsən. Amma onda diqqəti cəlb edən nəsə var. Onda susmaq, baxmaq və nəyəsə qarşı çıxmaq instinkti var. Əlbəttə ki, bu fikirlərə onunla söhbətlərimizin də təsiri var. Onun haqqında çox danışmaq istəmirəm. Özü daha yaxşı danışır. Kənan Vəliyev də vəziyyət başqadır. Onunla dost deyildim. Hündürboy, yaraşıqlı, möhkəm oğlandı. Hərbinin yazılmamış qaydalarına tabe onlardandır. Xüsusi düşüncə qabiliyyəti yoxdur. Hamı kimi. Əgər gücün varsa, çox vaxt ağıl lazım olmur. Çünki nəyi daha çox istifadə edirsənsə, o daha çox inkişaf edir. Quliyevlə Vəliyev heç vaxt dost olmazlar. Quliyev hegemonluq etməyi bacarmayan, ancaq eyni zamanda tabe olmağı sevməyən adam idi. Vəliyev isə özündən güclüyə tabe olub, o olmayanda hökmranlıq etməyi bacaran idi. Vəliyev Quliyevdən fiziki cəhətdən güclü idi. Bunu Quliyevə deyəndə o belə cavab vermişdi:

-Sən "The Edge" filminə baxmısan? Orda qoca milyonçu Kri qəbiləsinin simvolu olan   Qara bəbir və tənbəki çəkən dovşandan danışır. Dovşan bəbirin şikarıdır. Bəs niyə  dovşan bəbirdən qorxmur, sakit dayanıb tənbəki çəkir? Çünki ondan ağıllıdır.

Kamran məndə həmişə qapalı və qaranlıq adam təəssüratı yaratdı. Səmimi və ağıllı gülüşü vardı. Adam çox gec-gec güləndə onun gülüşü də gözəl olur. Hərbi isə səmimi bir gülüşü anlamayacaq qapalı bir rejimdir. Hərbidə insan yox, əsgər var.

Kamran Vəliyevi və əlbir olduğu yoldaşlarını satandan sonra axşam yeməyinə gedəndə bir az qəribə həyəcanı vardı. Yeməkxanaya girəndə hamı ona baxdı. Boş yer ancaq satdığı yoldaşlarının yanında idi. Keçib eyni masada qarşılarında əyləşdi. Mənsə arxa masadan onlara hamı kimi diqqətlə baxırdım. Məmmədzadə və Hüseynquliyev qarşısında oturublar, Vəliyev isə yeməxana növbətçisi idi, dayanıb ona qəribə, daxildə kinlə baxırdı. Məmmədzadə xolerik temperamentli olub coşdu:

- Öz əsgər yoldaşlarını satdıqdan sonra necə başı yuxarı gəzəcəksən?!

Kamran konservdə olan yeməyini dəmir qabına boşaldıb ona baxdı:

Əgər siz öz əsgər yoldaşlarınızın dövlət tərəfindən verilən haqqı olan pullarını zorla əllərindən aldığınıza görə nə vaxt başı aşağı gəzsəz, mən də onda başı aşağı gəzərəm! Anaları-ataları əziyyət çəkib işləyib uşaqlarına pul göndərirlər, siz də əllərindən pulu alırsız onların pulu ilə paçka siqaret alıb özlərinə bir dənə siqaret verirsiz. Budur, əsgər yoldaşı, budur kişilik?!

Bu cavabdan sonra mübahisə yarandı bir az. Məmmədzadə yoldaşını "lazım deyil, poxa düşərik"tərzində sakitləşdirdi.

Kamram yeməyini yeyib yeməkxanadan çıxdı. Qapının çölündə dərindən nəfəs alıb ətrafa baxdı. Yeməkxananın pəncərəsindən ona baxdığımı görüb göz vurdu. 

Birlikdə postda olanda Kamran məndən nə düşündüyümü soruşdu. Mən də:

-Sənin bu hərəkətin haqqında.-onunla zaman keçdikcə qəribə yaxınlığımız yaranırdı.

- Bilirsən, Əgər Bir şeyi hamı deyirsə, sehvdir, yalandır. Çünki həqiqəti hamı bilə bilməz və hamı deyə bilməz. Məsələn,  Evlən-yalan, Evlənmə-həqiqətdir. Hamı mənə üzdə olmasa da, içlərində suka kimi baxır, arxamca deyirlər. Filmlərdə nə görmüşük? Görmüşük ki, sukaları döyürlər, zorlayırlar, "toxunulmazlar" deyib özlərindən uzaqlaşdırırlar. Onları şərəfsiz və qorxaq kimi göstəriblər. SəfəƏbiyevin vaxtında olsaydıçox güman məni döyərdilər, sonra başıma işəyərdilər. Rəftarları ilə elə  həddə çatdırardılar ki, özümü öldürüm. Zakir Həsənov müdafiə naziri olanda artıq o dedovşina şəraiti olmadı. Məşəraitə uyğun hərəkət etdim. Qarşımda üç yol vardı: ya içimə soxub baş verənləri qəbul etməliydim, ya öldürməliydim onu, ya da satmalıydım. Mən ikimiz üçün də təhlükəsiz yolu seçdim. Hər kəs etdiyi hərəkətə görə cavab verməlidir. Həyat Ceniffer Lopez kimi öz götünü sığortalamaqdan ibarətdir. Mən komandirə baş verənləri deyib özümü sığortaladım, komandir də raport yazaraq özünü. Dalı soyuqda qalan Vəliyev oldu.

-Səni başa düşdüm. Dava olarsa prokuraturaya düşməmək üçün etdin. Bəs komandir niyə yola vermədi, ört-basdır etmədi?

-Niyə etsin axı? Güliyev, bu adi məsələ deyil. Bölükdə ciddi qanunsuzluq baş verib və bir əsgər bunu komandirinə danışır. Komandir dünənki uşaq deyil. Yaxşı bilir ki, əsgər belə şeyi gəlib ciddi ciddi ona danışırsa, komandir vecinə almasa müdafiə nazirliyindən yoxlama gələndə anonim sorğuda yaza bilər. Hacıyev raport yazan adam deyil, sadəcə onun ailəsi var, bacısının ailəsinə də baxır, bölüyündə qanunsuzluğa görə raport yazmaqla özünü sığortaladıƏsgər özünü öldürsə, paqonunda ulduz azalar. Onsuz da Mina məsələsinə görə 5 sutka həbs cəzası aldı və hələ də məhkəməsi gedir. Ona əlavə problem lazım deyil.

Kamran 2015-ci ilin oktyabrında taborumuzda baş verən mina partlayışından danışır ki, tv-lərdə xəbər kimi yayımlanmışdı. Tabor komandiri, qərargah rəisi, köhnə əsgər Hüseynov Hüseyn ayaqlarını itirmişdilər, gənc əsgəƏliyev və bir MAXE qəlpə yarası almışdı. Səbəb isə bizim bölük komandirin onları itburnu yığmağa göndərməsi və onların da minalı ərazini keçmələridir. 

Bir dəfə bölüyə düzülüş veriləndə Kamranla mən botinkalarımızı geyinə-geyinə söhbətləşdik.

-Söz deyirəm, Kamran, Vəliyevi satdığına...məruzə etdiyinə görə peşman deyilsən?

-Dostum, satılacaq və satılmayacaq insanlar var. Vəliyev satılacaq adam idi. Heç öldürüləcək adam da deyildi, məhz satılacaq. Öldürülməkdə hörmət adında nəsə var, amma satılmaq...bu həmin adamı alçaltmaqdı. Halbuki hamı satan adama-yəni mənə pis baxır. 

Quliyev siqaret çəkəndə ərazidə söhbət edirik:

-Quliyev, onlar sənə nifrət eləyirlər, heç bu hərəkəti gözləmirdilər səndən. Heç səni başa düşərlər onlar?! 

-Axı mən onları başa salmaq da istəmirəm. Onlar öz aləmlərində məni sındırmağçalışdılar, mən də cavabsız qoymadım. "Üzünə şillə vururlarsa, o biri üzünü çevir" fəlsəfəsi ilə yaşasan səni çarmıxa çəkərlər. Belə adamlara qarşı sərt olmaq lazımdır. Lenin kimi Bethoveni dinləməmək. 

Deməli, Kamranın Vəliyevi məruzə etmə məsələsindən sonra bir sıra maraqlı hadisələr baş verdi. Zəif olduğüçün köhnə əsgərlər tərəfindən haqsız işlədilən və incidilən Nəbiyev  Kamrandan kömək istədi ki, komandirə yaxın adam kimi desin problemi var. Kamran Nəbiyevi komandirlə görüşdürdü. Komandir də Nəbiyevi öz otağında onu incidənlərlə görüşdürdü. Nəbiyev həşeyi olduğu kimi danışdı və komandir köhnə əsgərlərdəƏlifzadəyə qulaqburması verdi. Kamran üçün isə bu komediya idi. Ona görə içində gülürdü ki, Vəliyev məsələsindən sonra Kamrana əsgərlər yoldaşlarından heç kim çırtma da vurmadı, hamı ondan uzaq durdu, az danışdırdı, demək olar bir aydan çox uborşik çıxmadı. Nəbiyev də bundan cəsarətə gəldi. Kamran heç kimdən asılı deyildi və yerini yaxşıca möhkəmlətmişdi. Kamran mənə deyirdi ki," birdən gedib sukalayaram deyə çoxları məndən danışmırdı, mübahisə etmirdi, "sənin növbəndir,niyə uborşik çıxmırsan" demirdi. Halbuki döysəydilər, komandirə deməzdim. Çünki bu kişilikdən deyil, uşaq kimi gedim komandirin qucağında ağlayım. 

Sadəcə dava etmək istəmirdim. Döyülə də bilərəm, döyə də bilərəm. Bunun prokuratura üçün fərqi yoxdur. Heç qoymaram ki, ailəmi hansısa cındıra görə xərcə salıb, mənə görə kiməsə ağız açsınlar. Birinci mən, sonra başqaları".

Qısaca bölükdə Kamranın reputasiyası gücləndi. Bölük onun əleyhinə olsa da bəziləri içlərində düşünürdülər ki, Kamran komandirə deməkdə düz hərəkət etməyib, amma haqsız yerə pul yığılmağa qarşı çıxmaqda düz edib. Üzdə etiraf etməsək də bu belədir. Kamran bölükdə az da olsa cəsarət yaratmışdı. Bu oğlan  əsgər yoldaşını satır və bölükdə əzmirlər onu. Amma işin unudulan tərəfi də var ki, əsgərlərin içində komandirə yaxın olan əsgər elə komandirin casusu da ola bilər. Bu haqda isə hekayəmizin sonlarına yaxın Kamran özü bizə danışacaq.

Bir dəfə kazarmanın  bir tərəfindəVəliyev, MəmmədzadəƏlifzadə və başqaları, digər tərəfində Kamran oturublar. Mən ortadayam.

Əlifzadəgil Vəliyevin məsələsini Dünyamalıyevə danışır. Kamran da onları dinləyir. Birdən telefonu Vəliyev Əlizadəyə verdi ki, Quliyevə versin, Dünyamalıyevin ona sözü var. Kamran telefonu götürdü. Danışmağa başladılar. Mən dialoqu Kamranın cavablarına əsasən qururam.

-Eşitdim, uşaqları cırığa qoymusan?

-Hə..bir az elə oldu -Kamran ironik, amma ciddi cavab verdi.

-Pulu niyə vermək istəmirsən?

-Telefonu mən götürməmişəm ki.

-O vaxtı bizim yanımızda dedin verəcəm.

-İndi verə bilmirəm.

-Uşaqlarını pulunu hardan tapırsan tapıb verəcəksən!-Dünyamalıyev əsəbləşdi. 

Bilirsən,  dedovşinanın kitabı bağlanıb. Artıq sənin sözün burda keçmir. -deyib dəstəyin o biri tərəfində əsəbi əsəbi nəsə danışan Dünyamalıyevə məhəl qoymayıb saymazyana telefonu Əlizadəyə verib dedi ki, al səncanı, götür telefonu danışmaq istəmirəm.

Vəliyev və Kamran məsələsi uzandıqca uzandı. Hərbi prokurorluq gəldi tezliklə. Vəliyev, Kamran və bu işdə adı hallananlar sorğu sual olundular. Hətta Vəliyev az qala həbs olunacaq xəbəri yayılmışdı. Prokuratura Vəliyevə dedi ki, istəyirsən həşey yaxşı olsun, həbs olunmayasan oğurlanmış telefonu gətir. Vəliyev hardansa tapdı ya həmin telefon idi, gətirdi verdi prokuraturaya. Sonradan anladıq ki, köhnə əsgərlər təzə əsgərlərdən pul yığmaq üçün plan qurublar ki, guya gizlətdikləri telefon oğurlanıb. Vəliyev də qorxusundan telefonu üzə çıxardı. Sadəcə onlar düşünmədilər ki, kimsə onların bu hərəkətinə görə satar. Bu məsələdən sonra Kamranın vəziyyəti yaxşılaşdıqca Vəliyevinki pisləşdi. 

Və biz nəhayət tərxis olunuruq. Vəliyevgil də, Kamrangil də. Hərbidən getməyimizə sayılı günlər qalmış Kamran da, mən də postu təhvil verib gecə səmimi və həyati söhbət etdik.

-Hə, Güliyev. Tərxis olunuruq və mən yorulmuşam.

-Mən də...

-Bezmişəm artıq qapalı və insanların çox olduğu yerdən. Həşeydən qaçmaq istəyirəm. Vəliyev məsələsini danışmaq istəmirəm düzü, amma bilmədiyin şeylər var.İndi heç kim yada salmaq istəmir bu hadisəni. Vəliyevgil fırıldaq elədi, mən də lazım olanı etdim. Mən həm komandirlərə, həəsgərlərə yaxın adamam. Həm sukayam, həm piserəm. Bir adam yox, çox adam olmaq lazımdır. Onda həşeyi daha düzgün qiymətləndirə bilirsən. Ümumi yazılmamış qanunlar mənim əleyhimədir. Yəni yazılmayıb, mövcud deyil, kimlərinsə beyinlərindədir və düşünmədən icra edirlər.

Mən satqınam hərbiyə türmə qanunlarını gətirənlərə görə. Mənim öz normalarım var. Başqalarınınkını mənafeyimə xidmət etdiyi təqdirdə istifadə edirəm. Vəliyevi satdığımı biləndə zabitlər necə mənə maraq qarışıq diqqətlə baxırdılar. MTT zabiti mənə dedi ki, kişi adamsan. Bilirsən niyə belə dedi? Çünki bir dəfə əsgəŞıxməmmədova şillə vurmuşdu, o da onu satmışdı. Mən indi əsgər yoldaşımı satmaqla hardasa şüuraltı onun qisasını almış sayıldım. Artıq zabitlər mənim kimi adamın tərəfindəydi, mən də özümün. Fikir vermisən heç, səni söyən, döyən, səndən oğurluq edən öz əsgər yoldaşındır, amma onu satmağa pis baxırsan. Amma zabit səni nadir hallarda söyər, döyər və heç oğurluq etməz, sən onu satmağa yaxşı baxırsan. Paradoksallığı görürsən? Deməli burda siçan pişik düşmənçiliyi var. Özündən yuxarıda olana (zabitə) və özündən aşağıda olana (əsgərə) pis baxmaq. Mənə pis baxanlardan biri də maxe Hüseynov idi. Xəbərin olmaz sənin. Sırada düzülmüşük. Vəliyev məsələsi hələ isti idi, Hüseynovun hərəkətləri, baxışları mənə qarşı dəyişmişdi. Bölüklə söhbət edir, söhbəti mənə vurub deyir ki, bir əsgəri haqlı yerə vurmuşdum, raport yazmadım, gedib komandirə demişdi. Prokurorluğa 5000 pulum çıxdı. Ondan sonra bir də qələt edərəm kiməsə vuraram-ancaq məruzə! -hərbidən getməyimizə sayılı günlər qalıb deyə sonuncu dəfə hərbidən və insan təbiətindən gecə 4-ə işləmiş söhbət edirdik. Gecə qaranlıq və səssiz olanda edilən söhbətlər də təsirli olur. - Və o vaxtdan Hüseynov türklər demiş, kafayı bana takdı. Gecə posta bir dəfə çağırdı, halbuki dəfələrlə edə bilərdi. Nədənsə məni o gecə ağır yuxu tutmuşdu. Posta qalxa bilmədim.Getdi məni qərargah rəisi mayora (minada kombat ayaqlarını itirdiyinə görə müvəqqəti olaraq yenisi göndərilənə kimi o icra edirdi vəzifəni) məruzə elədi. Mən Vəliyevi satmışdım, o da məni satdı ki, həmin ağrını hiss edim. Özü də üzümə acıq çıxan adamların axmaq təbəssümü ilə baxıb elə satdı. Mən özümü satılan adam kimi hiss etmədim. Mayor mənə dedi: bilirsən, bu nə deməkdir, Quliyev? Dedim, bilirəm. İkinci dəfə bir də olmasın, haa.. -mayor dedi. Dedim ki, oldu, cənab mayor, bir də təkrarlanmayacaq. Otaqdan çıxanda onun qisas almış təbəssümünə baxdım. O da vaxtilə onu satan əsgərin qisasını belə aldı öz aləmindəİnsan psixologiyası deyək. 

Axı Hüseynovla indi aran yaxşıdır...

-Hə, indi yaxşıdır. O, Vəliyevin tərəfini saxladı, Vəliyev və dostları bir dəfə onun ailəsini söydülər,dolayı yolla. O da dava eləmədi, onsuz dava etsəydi bacarmazdı tək. Gedib bölük komandirinə məruzə elədi ki, ailəmi təhqir edirlər. Komandir də nə qədər nizamnaməni bilən adam olsa da, dedovşina düşüncəli adamdı. Hacıyev ürəyində deyib ki, çurbandı ee ailəsini söyürlər gəlib mənə deyir. Amma üzdə özünü komandir kimi apardı və guya bölükdə intizam -rəftar qaydaları pozulub. Yanında çağırıb 15 dəqiqə söhbət etdi. Əlbəttə onlara xeyri olmasa da, mübahisə həll olundu. Ondan sonra Hüseynov onlardan üz çevirdi, bəlkə də məndən aldığı qisasa görə peşman oldu. Amma sonra gün növbətçiliyi olanda yazı işlərinə öz mənafeyimə uyğun olaraq köməkliyim dəydi, onunla aram düzəldi. Taborda hamı bildi ki, öz əsgər yoldaşımı satsam da, mən elə də pis insan deyiləm və anladılar ki, kimdənsə qanunsuz yerə pul yığmaq olmaz. Ümumiyyətlə, danışılacaq çox şeylər var, Güliyev. 

-Mən istəyirəm, bilirsən nədən danışasan. Vəliyevin məsələsindən sonra zabitlərin sənə onlara işləyən casus kimi baxmırdılar?

-Hə, bax bundan danışım. Birbaşa mənə demirdilər ki, bölükdə kim telefon işlədir, kimlər nə danışıçatdır bizə. Bunu dolayı yolla edirdilər. Hamı hamamda olanda T-nin tabordan qaçması yadındadır da?

-Hə, yadımda. Amma öyrənə bilmədim niyə qaçıb.

-Vəliyev adi məsələyə görə ona şillə vurdu. T.   də əsəbləşdi, dava edə bilmədi, qorxdu prokuraturaya düşə. Çünki bir dəfə düşüb. Amma Vəliyevə də gücü çatmazdı. T. "pox maşınısız" deyib qışqırıb çıxdı kazarmadan. Ondan sonra eşitdim ki, tabordan qaçıbmışÇox az adam bildi nəyə görə qaçıb. Halbuki T. və Vəliyev can-ciyər idilər və ikisinin də məndən zəhlələri gedirdi. İndi isə bir-birlərini qırırlar. T. qaçmasından taborun xəbəri oldu və briqadaya gedibmiş. Yenə prokuratura-niyə qaçdın zad, niyə özbaşına xidmət yerini tərk etdin, az qala araşdırsınlar ki, bəlkə vətən xaini çıxdı. Nəysə.. Baş gizir otaq əsgəri Zakir çölə çıx deyib, məndən soruşdu ki, T. niyə qaçıb? Bilirdim niyə qaçıb, amma demək istəmədim. Bu artıq mənim məsələm deyildi. İstəyirlər lap bir-birlərini öldürsünlər, heç nə bilmirəm. Cavab verdim ki, bilmirəm. Mən hamamda olmuşam. Yəni bu cür soruşurdular. Lakin mən söz çatdıran deyiləm. Əsgəri də, zabiti də yaxşı tanıyıram. İkisinə də inanmıram. Sadəcə istəmədən olsa da zabitin yanında olmaq hər bir cəhətdən sərf edir. Etibarlı adamam. Onlar inanırlar mənə. Mən nə piser olmaq istədim, nə Vəliyevi satmaq. Hadisələr belə cərəyan etdi, Güliyev. Mən sadəcə şəraitə uyğun davrandım. Necə ki, SəfəƏbiyevin vaxtından qalan köhnə zabitlər elə edirlər. Əvvəlləəsgərləri döyənlər, bugün nizamnaməçi olublar. Çünki qorxurlar. Hacıyev şəxsən özü mənə danışırdı ki, postda olanda çeçenlər kimi saqqal saxlayırdılar. Yoxlama yox, bir şey yox. Əsgəri kalaşnikovun qundağı ilə sifətini vurub al-qan etməyindən bəh-bəhlə danışıb mənə sözü atırdı ki, gedib yəni sənin kimi satmırdılar. Hələ lazım olanda komandirlərini bazlığa da aparırdılar. Yəni indi Zakir Həsənovdan sonra hamı quzu balası olub, əsgərə çırtma vurmurlar. 

Hərbidi də. Hacıyev bir dəfə mənə maraqlı bir şey dedi. Dedi ki, fikir vermisən, hərbidə ancaq yarpağı tökülən ağaclar əkirlər. Bilirsən niyəƏsgəri işlətməyə həmişə bəhanə olsun. Əsgər boş dayananda qudurur. İş yoxdur? Tökülən yarpaqları təmizləsin. -biz “nc,nc”edib gülürük. -Yəni qısacası, çox şeylər danışa bilərəm, Güliyev. Sadəcə yorulmuşam. Sən yazıçısan. Hərbidə yazı yaz adın piser, mülkidə yazıçı. Hərbidə şikayət elə sukasan, mülkidə şikayətçi. Fərq böyükdür. Onsuz da gedirəm buralardan. Hərbiyə aid heç nə danışmaq, heç nə eşitmək istəmirəm. Burdakı hadisələri yazmaq istədiyini deyirsən. Bəlkə səninlə bu gecə, bu kazarmada etdiyimiz söhbətlər 50 ildən sonra heç kimə lazım olmadı.

-Bəlkə də.. Amma bir hekayə yazmağa dəyər. Biz ölüb gedəcəyik, ancaq bu hekayəni kimsə oxuyacaq. Nələrinsə yaxşıya doğru dəyişəcəyinə inanmaq istəyirəm.

-Yazıçı olmaq necə hissdir?

-Əslində bu peşə deyil, sənətdir. Peşəni öyrənirlər, sənəti isə yaradırlar. Tənhalıq kimi bir hissdir. Qəribə deyilmi, insan niyə yazıçı olsun ki? Dərdimi, fikrimi bölüşəcək dostlarım olsaydı, yazıçı olmazdım. Danışılacaq kimsə olmayanda yazı yazmağa başlayırsan. Vaxt keçdikcə bu səni xoşbəxt edir, reallıqla təxəyyül arasındakı sərhəd pozulur və sən canlı insanlara personaj kimi baxmağa başlayırsan.Hətta bunu sənət səviyyəsinə qaldıranda Nobel də verə bilərlər sənə.

-Bilirsən, niyə bunları danışdım sənə? Çünki bilirəm ki, Güliyev məni başa düşər.

-Sağol, dostum-yüngülcə gülümsədim və əlimi uzatdım. Əlimi sıxdı. Səmimiyyəti kiməsə satmaq, ya da "Bravo"dan almaq olmur. Kamran bu hekayədə göstərdi ki, başqaları nə qədər pis baxsa da, çətin də olsa insan yaxşı və doğru bildiyi şeyləri etməlidir. Başqaları üçün yaşayırsansa, öz həyatını kim yaşayacaq?..

Kamranı bir də görmədim. Qərara gəldik ki, mülkidə görüşmək üçün telefon nömrəsi götürməyək. Bir-birimizin yaddaşında yaxşı qalaq. Bakı balaca şəhərdi. Bəlkə nə vaxtsa qarşılaşdıq.

Son olaraq demək istəyirəm ki,bu hekayənin pis tərəfi odur ki, Vəliyevə danışmaq haqqı verilməyib(hər halda bu hekayədir, məhkəmə deyil). Çünki ona heç cür yaxın adam deyildim. Həyatda elə insanlar var ki, Biləcəridən o tərəfə keçməyən kimi salamdan da o tərəfə keçmirsən.Yaxşı hekayəçi olmaq üçün gərək obyektiv olasan. Amma əslində hər hekayə subyektivdir. İcazə verin bu hekayədə çatışmayan cəhət bu olsun.

22.05.2019 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)