Edebiyyat.az » Proza » Nemət Mətin – Qısa həyat tarixçəsi

Nemət Mətin – Qısa həyat tarixçəsi

Nemət Mətin – Qısa həyat tarixçəsi
Proza
admin
Müəllif:
09:29, 20 avqust 2022
1 688
0
Nemət Mətin – Qısa həyat tarixçəsi

                           

 

Saleh yeddi aylıq doğulmuşdu. Yaşayacağına dair ümid olmasa da, anası onu gözünün işığı kimi qoruyub cana gətirmişdi. Yenə də cılız idi. Yaşıdlarından azı iki dəfə balaca olsa da onlarla ayaqlaşmağa çalışırdı. Qaçırdı, yıxılırdı, ağaca dırmaşırdı... 

Zaman keçdikcə Saleh də böyüyürdü, inkişaf edirdi. Boksa getdi, aldığı zərbədən burnu qırıldı. Güləşdə üç gün keçməmiş qulaqları əzildi. Karatedə sol ayağı zədələndi. Sonunda əsgərliyə apardılar. Komandirin sevimli əsgəri idi. Əmrə müntəzir, sadiq əsgər oldu. Hara buyurulurdusa canla-başla yüyürdü. Tərxis olunanda ürəkdən sevinmişdi. Onsuz hər işə saf ürəklə yanaşırdı. Mülki həyata gec öyrəşdi. Bir qız gördü, bir könüldən min könülə o qıza vuruldu. Ürəyi quş olub uçdu. Onu görəndə otuz iki dişinin otuz ikisi birdən görünürdü. Belə sevirdi Saleh o qızı, lap ürəkdən. İşlə məşğul olmurdu, bir işin qulpundan yapışmırdı, heç düşünməyə də macalı olmurdu. Qızın qardaşları onu döyəndən sonra da ağıllanmadı. Ağzı açıq qızın kölgəsində süründü. 

         Özünü qıza göstərmək üçün maşın almalıydı. Heç bu fikir də öz ağlına gəlməmişdi. Məhəllədəki başından qız əskik olmayan oğlanın elədiklərini yamsılayacaqdı. Əmisinin köməyi ilə zavodda işə düzəldi. Fikri-zikri ancaq pul yığıb maşın almaq idi. İşdə tər-su dabanından  axsa da xəyallara dalırdı. Xalidə onun qara maşınına baxıb sevinəcəkdi. Uzun saçlarını naz ilə yelləyib Salehə göz süzəcəkdi... 

Vaxt-vədə yetişdi. On üç min manat pul yığan kimi özünə maşın aldı. Min manata da sürücülük vəsiqəsini qırx günün içində düz-qoş elədi. Artıq onun da maşını vardı, lap elə istədiyi kimi. Düzdü maşını ona alverçilər sırımışdı, dörd min də xərci vardı maşının. Amma Saleh bütün bunları görməzdən gələrək qızın qaldığı məhəlləyə doğru şütüdü. Qızı görcək əli ayağına dolandı, əyləci səhv saldı. Sükanı əlindən çıxan maşın, qabaqdakı maşına necə çırpıldısa, ələ gəlmədi. Alnı partlamışdı, amma yenə də gülümsəyirdi. Dünya-aləm onun üçün təkcə o qızdan ibarət idi. Yuxuda belə adını sayıqlayırdı, Xalidə... Xalidə... Xalidə...

Hələ uşaqlıqdan bizim kimi deyildi Saleh. Onu siqaret dalınca kim göndərsəydi etiraz etməzdi. Sevinə-sevinə qaçardı. Otuz yaşı var, nə olsun, yenə də elədir. Saf ürəyi tozlu ağlına hakimdir. Keçən həftə futbol oynamağa getmişdik. Salehin bizi görcək elə bil gözlərinə işıq gəldi. 

—Hara gedirsiz?

—Futbola. Gəlirsən?

—Bəs nə. 

—Ay səni, canavar. Gəl!

—Nə götürüm?

Bu sualı eşidən məhəllə ağsaqqalı dedi:

—Saleh, bint, yod və dərmanları apar. Birdən kimsə yıxılar. Kömək edərsən.

Saleh gözdən itdi. Onu gözləmədən futbola yollandıq. Saleh oyun başlanandan on dəqiqə sonra təngnəfəs stadiona çatdı. Əlində bir sellofan dərman, bint və yod vardı. Bunu görəndə Qarnımızı tuta-tuta gülməkdən uğunduq, qıpqırmızı qızardıq.

  Salehin on yaşı olanda faciə yaşamışdı. Bacısı qış günlərinin birində soba kənarında yatıb qalır. Hörüyü alışıb yanan qızı xilas etmək olmur. O gündən Salehin ürəyi yaradır. Qızlara qarşı həssasdır. 

Yeniyetmə olanda yaşıdlarının biriylə sözü çəp gəlmişdi. Qarşısındakı oğlan ondan olduqca zəif idi. Söhbət davaya çevriləndə Saleh onu döymədi. Sadəcə yaxasından tutub dayandı. Oğlan nə qədər əl qol atsa da, ona dəymədi. Əksinə oğlanın köynəyi cırıq-cırıq oldu. Davadan sonra ondan soruşdum:

—Saleh, nə üçün onu vurmadın?

—Özümdən zəifləri vurmuram — dedi və gözləri sulandı...

Saleh harada adam görürsə, yaxınlaşır. “Əmi, salam. Bibi, necəsiz? Dayı, verin mən aparım. Qonşu, nə var, nə yox?”

 Hər səhər arabayla zibil atmağa gedir. Həmişə düşünürdüm ki, hər gün bir ailə bu qədər zibili necə yığır? Sən demə Saleh özü arabayla gedirdi. Qonum-qonşuda nə zibil vardısa atmalıydı.

 Hər söhbətə girişərək mənasız fikirlərini deməsəydi ürəyi partlayardı. Onu acılayanlara belə gülümsəyirdi. Ürəyini istəsən çıxarıb verərdi. Heç kimi incitməyən, heç kimin toyuğuna kış deməyən Salehi dünən bıçaqladılar. Narkoman qonşusu ondan borca pul istəyəndə sözləri çəp gəlmişdi. Narkomanın da gözlərinə qan gəldisə, damarı qaşındısa, nəyə desən əl atar. Dünyanın ən saf adamını da bıçaqlayar. 

Həmin gündən saflıq məhəlləmizdən birdəfəlik itdi. Hətta Salehin aşiq olduğu qız da daha ürəkdən gülümsəmir...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)