Edebiyyat.az » Ədəbi tənqid » Elmir Həsən - “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti

Elmir Həsən - “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti

Elmir Həsən - “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti
Ədəbi tənqid
admin
Müəllif:
23:19, 23 iyun 2023
1 017
0
Elmir Həsən - “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti





 Lap qədimdən bu günün özünə qədər çox düşündürücü mətləblər insanların nəzərlərində yaranıb, yaranaraq da ya öz həllini tapmış, ya da sirli məna daşıyaraq günümüzə qədər gəlib çatmışdır. Həyatla hər bir insanın “son mənzili” adlandıra biləcəyimiz qeyri-manual məkan daim düşündürücü məqamları ilə ədəbiyyatda, fəlsəfədə xüsusi yer tutub. Ölüm mövzusu, əslində, yaradıcı şəxslərin, sənətkarların bir növ arınacaq olduqları dini və əbədi məkandır. 


Tanınmış Yunan filosofu Epikür hesab edirdi ki, ölüm qorxumuz həyatda qarşılaşdığımız ən pis qorxudur, çünki o, biz sağ ikən düşüncələrimizi əhatə edir. Epikürə görə ölüm qorxumuz bizə yaşamağa mane olur. Düzgün və xoşbəxt yaşamaq üçün ölüm qorxusundan özümüzü xilas etməliyik. Bəs bunu necə edək?


Epikürün ölüm fəlsəfəsi haqqında bildiklərimizin çoxu onun tələbələrindən birinə, Menoekeyə sağ qalmış məktubundan gəlir:

“Ölümün bizim üçün heç bir şey olmadığına inanmağa vərdiş et, çünki yaxşı və şər hissləri nəzərdə tutur, ölüm isə bütün hisslərdən məhrumdur;  buna görə də ölümün bizim üçün heç bir şey olmadığını düzgün başa düşmək, həyata qeyri-məhdud vaxt əlavə etməklə deyil, ölümsüzlük həsrətini aradan qaldırmaqla həyatın faniliyini zövqlü edir. Çünki həyatın dayandırılmasında onun üçün heç bir qorxu olmadığını dərindən dərk edən üçün həyatın heç bir qorxusu yoxdur. Buna görə də ölümdən qorxduğunu deyən adam axmaqdır, çünki ölüm gələndə ağrıyır, amma ümid bəsləyir. Mövcud olduğu zaman heç bir qıcıq yaratmayan, gözləntidə yalnız əsassız ağrıya səbəb olur. Deməli, pisliklərin ən dəhşətlisi ölüm bizim üçün heç bir şey deyildir, çünki biz olanda ölüm gəlmir, ölüm gələndə isə biz deyilik. Deməli, nə dirilər, nə də ölülər üçün heç bir şey deyil, çünki diri ilə birlikdə o, yoxdur və ölülər artıq mövcud deyil.”

Tanınmış ədəbiyyatşünas, tərcüməçi Vaqif Sultanlının “Ölüm yuxusu” romanı və İngilis yazıçısı Con Sommerfildin “Ölmək asan deyil” hekayəsində yanaşdıqları problem mahiyyət olaraq eynilik təşkil edir. İlk əvvəl C.Sommerfildin “Ölmək asan deyil” hekayəsinin adından başlayaq. Yazıçı əsərin adı ilə mövzusu arasında əzəmətli körpü salaraq, bu mənada sərt bağlılıq yaratmağa nail olub. Yazıçı təyyarə qəzasından sonrakı anın təsvirini indiki zaman çərçivəsində verir. Oxucu ilk yazıçı düşüncələrindən özünü hadisənin canlı olaraq şərikçisi rolunda hiss edir: “...təyyarə yerə çırpılanda, göyə millənmiş toz dumanı da indi-indi sovuşurdu.” Bu cür yazıçı təsviri oxucunu hadisələrin gedişatını izləməsi ilə bərabər, həm də fikrini tozu-dumanı ərşə qalxan təyyarənin yanına sürükləyir. Bu da oxucunu yalnız oxucu olaraq deyil, eyni zamanda tamaşaçı roluna salır. Bunlar, əlbəttə ki, yazıçı təsvirinin canlı təqdimatından irəli gəlir. 

“Təyyarəçi də hələ ölməmişdi. O, bir az kənara düşmüşdü. Ayağının biri sınıb, altında qalmış, sınmış çənəsi də qəribə formada sallanmış, açıq qalmış bəbəkləri qana bələnmiş, dişləri xıncım – xıncım olmuş, qan sifətini örtmüş, paltarlarını qaraltmışdı. Təkcə gözləri yaşayır, xəfifcə hərəkət edirdi.”

Daxilində ərşə qalxan ölümqabağı xatirələrin ardından soyuq ölüm qorxusu canını bürüdü:  “- Mən hələ ölməmişəm! – qışqırdı, ancaq özü də kəsik-kəsik çıxan, insandan çox heyvan səsinə bənzəyən səsini eşitmədi.”

Yazıçının qəhrəmanını narahat edən ölüm qorxusu deyil, ölümün vaxtsız gəlməsidir. O anlayır ki, ölüm hər bir kəs üçün var, bu həyatın qeyri-adi olmayan qanunauyğunluğudur. Üstəlik ölümün son saatlarında belə tək başına ölmək, həyatını erkən, havayı yerə ölüb getmək qorxusu onun üçün bir qədər də ağırdır. Yazıçının rəğbət bəslədiyi qəhrəmanı həm də məqsədlidir, ömrünü məna dolu yaşamaq istəyənlər ölümün də məqsədlisini axtarır, səbəbsiz ölüm onlar üçün, sadəcə faciədir. Xoşbəxt, həyatı sevinc dolu günləri hələ çox qarşıdadır. 

Amerikalı filosof, idrak, siyasət və etika fəlsəfəsinin tədqiqatçısı Tomas Nagel “Ölümlə bağlı suallar” kitabında “Ölüm” adlı fəsildə qeyd edir ki, “İnanıram ki, hamımız doğulduğumuz üçün xoşbəxtik.” 

Nagel qeyd edir ki, əgər ölməyin pis olduğu fikrini başa düşmək istəyiriksə, həyat yaxşı, ölümün isə bu yaxşılığın məhrumiyyəti və ya itkisi olduğuna əsaslanmalıyıq”.

Təbii ki, bu fikir bərabərtərəfli məqsəd ifadə etmir. C. Sommerfild isə əsərində həyatın əsas formasını müəyyən edir, belə ki, məqsədlərin formalaşdırılıb idarə olunmasını həyat ərzinə, nəticəsini isə ölümün vəzifəsinə aid edir.

Nagel, Epikürdan fərqli olaraq, ölümün bizə zərər verdiyini düşünür, çünki “ölümündən sonrakı vaxt onun ölümünün onu məhrum etdiyi vaxtdır”. Başqa sözlə, Nagel düşünür ki, ölüm bizi daha çox həyatdan məhrum edir. Məhz bu səbəbdən qarşıdan gələn nəqliyyatdan uzaqlaşırıq və buna görə də bir gəncin ölümünə yaşlı adamdan daha çox ağlayırıq.

Bu məsələyə bu cür yanaşmaq olar ki, insan əvvəli ilə sonu arasında qəti fikir bildirmək üçün çətinlik çəkir və ehtimala söykənən nəticələrlə qarşı-qarşıya gəlir. 

Ədəbiyyatşünas Vaqif Sultanlının “Ölüm yuxusu” bu mənada öz oxşar və fərqli məqamları ilə xüsusilə diqqəti çəkir. Əsərin yazılma tarixi 1982-ci ildir. Əsərin təsvir obyekti kimi seçilən yolun çəkilişi əsnasında məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında sərt narahatlıq, təlaş kimi təsvir edilir. Yazıçının təsvir etdiyi mənzərə mənəvi çöküntülərin sahəsidir. İndi sökülən, uçurdulan hər bir qəbrin, başdaşının öz yaşayış tarixçəsi ətrafa yayılır.

“Buldozerin səs-küylə gəlib qəbiristanlığın yanında dayanmağı ümidlərini büsbütün qırmışdı. Birdəncə əl-həya düşmüşdülər. Ağlaşa-ağlaşa, təntiyə-təntiyə, söylənə-söylənə qazırdılar.”


Əvvəlcə niyə qəbiristanlıq, yazıçının bu məkanı seçməkdə məqsədi haralara gedib çıxır? Bu sualın cavabına yetişmək üçün, gərək ki, bir az saflaşaq, bundan ötrü də ta uşaq çağına qayıtmalıyıq. 

Uşaq vaxtı qorxduğumuz bəzi şeylər var idi ki, onların çoxusu indi də var. Uşaq vaxtı, ağlımız kəsməyən vaxtlarda ölüm haqqında heç bir təsəvvürümüz yox idi, bircə bildiyimiz bu idi ki, ölüb, amma bizim üçün keçərli olmayan ölüm, axı o yaşda bizim ölməyəcəyimiz bizə daha aydın idi, ümidlər indikindən daha çox idi. O zaman gəldi ki, biz öyrəndik ki, biz də əbədi deyilik və faniyik məhz bu həqiqət bizi böyütdü, hardasa anladıq ki, etdiyimiz əməllərin haqq-hesabı aparılır. Uşaq vaxtı qəbiristanlıq fobiyası ruhumuza hakim idi, hansı ki, bu gün də hakimdir. Amma bir qədər fərqli, belə ki, uşaq yaşında Qorxurduq ki, ölülərin ruhu gözlərimizə görünə bilər, bizi öldürər, kəsər və s. Amma bu gün ora daxil olanda bütün vicdanımız bizi sorğu-sual edir. Yəni daha dərindən qarşısıalınmaz həqiqətlə üzləşirik. 

“Bütün ömrü ona yuxu kimi gəlirdi, elə bil yaşamamışdı, ömür sürməmişdi, nə isə özünün də dərk eləmədiyi sirli, anlaşılmaz bir yuxu görmüşdü.

Abış kişi yaşayıb yorulmuşdu. Çoxdannan bəriydi ki, dünyaynan halallaşmışdı. Başdaşını yondurub üstünə ad-fa-miliyasını, doğum gününü yazdırmışdı, təkcə ölüm tarixi qalırdı, ancaq nə sirdisə, bu çağacan öləmmirdi, ölüm ondan qaçırdı. İndi birdən-birə qoca ölməyə başladığını, ölümün içərisinə yayıldığını hiss eləyirdi. Ölüm vücuduna yayıldıqca yavaş-yavaş yüngülləşirdi.

Bayaqdan bəri düzü-dünyanı yandırıb-yaxan günəş indi canını qızdırmırdı. Qoca üşüyürdü. İçərisinə yayılan soyuqdan bədəni uçunurdu. Və soyuq bərinə-bədəninə yayıldıqca tabı-taqəti çəkilib gedirdi. Bir belə adamın içərisində hamıdan xəbərsiz çıxıb getmək istəmirdi. Gözlərilə kimisə axtarırdı, ancaq kimi axtardığını özü də bilmirdi. Heç kəs bu səssiz-səmirsiz dünyadan çıxıb gedən qocaya məhəl qoymurdu.”

Həyatda ikən ölümlə barışan və başdaşının üzərinə adını, doğum tarixçəsini yazan Abış kişi artıq ömrünün sonunda daha gözəl anlayırdı ki, bu günə qədər yaşadıqları sadəcə yuxudan ibarət imiş və bircə ölüm tariçəsinin yazılması qalırdı ki, bunu yazmaq Abış kişinin ixtiyarında deyildi. Quranda ölüm haqqında bir çox surədə yetəri qədər danışılır. Amma ölümün iki formada olduğu da, həmçinin vurğulanır:

Yuxu – “Allah(əcəli çatan kimsələrin)canlarını öldüyü zaman, ölməyənlərin(hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar”. (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42).

Həqiqi ölüm – “Yer üzündə olan hər kəs fanidir(ölümə məhkumdur)”. (ər-Rahmən 26).

Başının üstündə göy üzü dəniz kimi dalğalanırdı. Səmanı belə təmiz, aydın, dalğalı gördüyü yadına gəlmirdi. Dünyanın belə sonsuz-intəhasız olduğunu da indiyəcən aydın dərk eləməmişdi. İndi ölüm qabağı bu nəydi belə? İnsan son gününəcən kor olurmuşmu, ilahi? Yulğun topalarına kimi ona tanış, doğma olan bu torpağamı qarışacaq?

Ən böyük gerçəklik bu həyatda əbədi olandır. Və gerçək olan fani insanların uyuduğu qəbiristanlıqdır. Orada uyuyanların yaxşısı da, pisi də ömrün ən sonunda torpağın bağrına pənah gətirib. Dünyada insan üçün qutsallıq ifadə edən mənəvi ucalıq məqamları az deyil. Qəbiristanlıq da bu cəhətdən həyatdakı insanların ölülərinin ilahi, müqəddəs məkanıdır. Qəbir altında uyuyanlar həyatdakı doğmalarına dəstə-dəstə xatirələr buraxıblar. Amma gah bir üzü bumbuz soyuq, gah da bir üzü adam yandıran məzarlıq həyatdakı kimsəsizlərin də pənah yeridir. 

Yazıçı əsərdə buldozerçinin monoloqunda səsləndirilən ritorik suallarla oxucunu deduktiv düşüncə həddinə gətirir. Bununla da müqəddəm görüşlərini qarşı tərəfə ötürür:

«Niyə insan tuşlandığı yolun səmtinin qəbiristanlıq olmağıyla barışammır, ayağı yer tutan gündən məzara sarı getdiyini unudur?

Əsərdə hadisələr yalnız bir məkanda, qəbiristanlıqda cərəyan edir. Müəllif davamlı olaraq ölülərlə, dirilərin təzadlı mövqeyini yaradır. 

“Ölmək asan deyil” əsəri ilə “Ölüm yuxusu”ndakı qəhrəmanların mövqeyi fərqlənsə də, ancaq hər iki əsərin məxrəcindəki ölüm mövzusu əsas detaldır. “Ölmək asan deyil” hekayəsində qəhrəmanın ölümə tələsmədiyini təsvir edən yazıçı həm də boş-boşuna ölməyin də heç də asan olmadığını oxucuya çatdırmaq istəyir. “Ölüm yuxusu”nda isə yazıçı qarşı tərəfi ölümün bir addımlığına – əlini həyatdan üzənə qədər gətirir və göstərir ki, bu fani ömrün haqq-hesabı bitməyən bir də bu günə qədər heç kimə görünməyən uzaq sahili var. Ümumi məğzin qovşağı insanların adi skeletdən ibarət olmaları və hər halları ilə gizləndikləri mənaların altında eyni olmalarıdır. Abış, Cəvahir, Umuxanım və s. Obrazların məxsusi yaşamı onların mənəvi-əxlaqi, mənəvi-psixoloji xarakterlərinin fonunda açılır.

Bu məsələlərə uzaqdan baxsaq görərik ki, Yer günəş ətrafında fırlanır, dəyişən bir şey yoxdur. Hər gün eyni şey, günəş doğur, batır, ağaclar çiçəkləyir, saralır və solub torpağa qarışır, insan doğulur, sonda ölür, yenə torpağa qarışır, heyvanlar da bu qaydayla, bircə həcm etibarilə artan torpaqdır. Ki, yalnız torpaq özündə arındırır hər cür murdalıqları, bizim sirlərimizi torpaq örtür. Sirr də məhz buna görə var, o biri dünya bu dünyada yığılıb-qalmış sirlərin qəbiristanlığıdır. İnsan üçün iki önəmli nemətdir: su və torpaq. Hər ikisi yuyunma vasitəsidir, hər iki yaratma vasitəsidir. Ölümdən sonrakı həyat haqqında müxtəlif dinlərdə bir-birinə təzadlı fikirlər mövcuddur, amma hər iki əsərin müəllifini narahat edən problem başqadır. Ölümə fərqli baxışlarla yanaşmaq olar, bu mənada “Ölmək asan deyil” hekayəsi insanın ölməyin heç də asan olmadığını göstərir, amma bu ölmək qorxudan deyil. “Ölüm yuxusu” şərti-metaforik minimalist romanında buldozerçinin yol tikintisi zamanı qəbiristanlığı buldozerin qarşısına verib uçurması isə ölümün prizmasında insan üçün önəmli olan mənəvi dəyərlərinə qarşı özgə münasibətin insanı əvvəl-axır məhvə düçar etdiyini təsvir edir. Hər iki əsərin dili(“Ölmək asan deyil” tərcümədir) öz janrının xüsusiyyətlərinə cavab verir, axıcı, tonallıq  əsərə məxsusi kolorit bəxş edir. Bədii təsvir vasitəsi, cümlələr arasında məntiqi əlaqələr əsərlərin strukturuna əlvan rəng qatır.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)