Edebiyyat.az » Poeziya » Federiko Qarsia Lorka (İspaniya) - ТAMARİT DİVANI

Federiko Qarsia Lorka (İspaniya) - ТAMARİT DİVANI

Federiko Qarsia Lorka (İspaniya) - ТAMARİT DİVANI
Poeziya
admin
Müəllif:
21:02, 08 avqust 2024
399
0
Federiko Qarsia Lorka (İspaniya) - ТAMARİT DİVANI



    

    Tamarit – İspaniyada tez-tez rast gəlinən mavritan toponimidir. Qranadanın ucqarında, Lorkanın ata mülkünün qonşuluğunda yerləşən Tamarit bağı (Uerta del Tamarit) şairin dayısı Qarsia Rodrigesə məxsus idi

    Sevgi və tənhalıq mövzusunda yazdığı “Тamarit Divanı” (“Dıvan del Tamarıt”) şeirlər toplusunu Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib. 

    Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.  

    12 qəzəldən və 9 qəsidədən ibarət kitab 1934-cü ildə Qranada universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin ön sözüylə çap olunmalıydı. Lakin iş xeyli yubandığından həmin nəşr alınmadı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi və “Tamarit Divanı” ilk dəfə şairin faciəli ölümündən dörd il sonra, 1940-cı ildə Nyu-Yorkda “Revista İspanika Moderna” dərgisində işıq üzü gördü. 

    







I. SUDA YARALANMIŞ ÇOCUĞA QƏSİDƏ 


Kaş quyu dibinə enə biləydim, 

kaş Qranadanın 

hündür divarına çıxa biləydim, 

qaranlıq suların şiş uclarıyla

deşilmiş ürəyə baxa biləydim.    


İnləyirdi, zarıyırdı 

canıyla əlləşən yaralı uşaq –

bir çələng də vardı başında onun

qandan, qırovdan.  

Qaldırırdı qılıncını

küləkdə quyular, çeşmələr, ovlar. 


Ah, bu qara sevda, 

bu iti xəncər!

Yox, soruşma məndən bu necə oldu –

bu nə qara gecə, 

nə ağ ölümdü?!

Dan yeri sökülən bu çöl nə çöldü –

bu səhra nə səhra,

bu qum nə qumdu?!


Boğazında qalan 

yatmış şəhərlə

tək-tənha uzanıb zarıyır tifil; 

yuxuda gördüyü fəvvarələrlə

acgöz yosunlardan qorunur tifil. 


Sanki bir-birinə sarılıb qalan

bir cüt yaşıl yağışdı 

can verən uşaqla 

can alan əcəl –

uşaq yerə uzanıb,

əcəl də əyilib onun üstünə. 


Quyunun dibinə 

enə bilsəydim, 

hasarın başına çıxa bilsəydim, 

yosunla doldurub ürəyimi mən

qaranlıq suların yaraladığı 

tifilin qəlbinə baxa bilsəydim.    



II. AĞI HAQQINDA QƏSİDƏ 


Xeyri yoxdu 

pəncərəni bağlamağın –

boz divarın arxasından 

eşidilən yalnız ağı.


Başqa heç nə eşidilməz –

nə cənnətdə mələklərin gülüşməsi,

nə həyətdə köpəklərin hürüşməsi;

tək bir ovcuma yerləşər 

bəlkə, min-min kaman səsi. 


Amma ağı – 

qosqoca bir mələkdir,

harda gəldi sülənən

qartımış bir köpəkdir;

ən birinci kamanıdır dünyanın,

göz yaşında boğulan bir küləkdir.


Və ətrafda 

heç nə yoxdur –

başqa heç nə, yalnız ağı.


III. BUDAQLARA QƏSİDƏ


Tamaritin göz oxşayan bağları

və bir sürü köpəyi var, iti var –

güdürlər ki, bu yaşıl budaqları

pis havalar nə vaxt qırar, sındırar.


Tamaritin alma budaqlarından 

salxım-salxım göz yaşları asılıb;

yer-göy yanır bülbülün ahlarından,

qırqovul da külü yığıb basdırır. 


Budaqlardı təkcə bizə oxşayan –

nə dərd cəkər, nə ağlayıb saç yolar;

elə rahat yatırlar ki, yağışda

bəs deyərsən hərəsi bir bağçadır.  


Bir cüt vadi suya batıb dizəcən 

gözləyirdi payız quraqlığını; 

ağır-ağır sürünürdü toranlıq,

sürüyürdü arxasınca budağı. 


Tamaritdə 

uşaqlar var bir topa, 

kəsdiriblər ağacların altını –

gözləyirlər ümidlə ki, yel qopar, 

qırıb-çatar sütül budaqlarımı. 


IV. ÇILPAQ UZANMIŞ QADINA QƏSİDƏ


Bu ağ, bu çılpaq bədən 

at nalları dəyməyən,  

bircə ot da bitməyən hamar torpaqdı, torpaq. 


Bu ağ, bu çılpaq bədən 

gümüşlə sərhədlənən, 

zamanın qapandığı yer üzündən bir soraq.  


Ah, bu bədənə baxmaq 

sütül gövdədən yana   

göz yaşları axıdan leysanı anlamaqdır; 


Bir ulduz işığına

həsrət qalan dənizin

qırışıq üzündəki xiffətə ağlamaqdır. 


Yataq otaqlarında 

nəğmə kimi qəfildən kükrəyən qanın səsi

və qılıncın şimşəktək parlayan sərt tiyəsi 

parçalayar bir anda sükutun yaxasını;


Sənsə bilməzsən onda,

anlamazsan heç zaman –

qurbağa ürəyinin harda saxlandığını, 

harda gizləndiyini bənövşə yuxusunun.


Ayaqların –

dartılıb gərilən köklər kimi, 

dodaqların sərhədsiz dan yerinə bənzəyir.


Yatağında – 

o islaq, o yaş güllərin altda 

çığırışan ölülər növbəsini gözləyir. 


V. AÇIQ HAVADAKI YUXUYA QƏSİDƏ


Jasmin çiçəyi.  

Bir də öldürülmüş bir buğa.

Səhər. Uzun daş səki. Salon. Arfa. Xəritə. 

Bir buğa zənn eləyir o jasmini qızcığaz,

buğanı da – toranda qan ağlayan böyürtü. 


Göy üzü bənzəsəydi balaca bir oğlana,

qapqara görünərdi jasminlər həmin gecə

və buğa da tapardı çoxdan arzuladığı 

o mavi arenanı bir sütun dibindəcə.


Amma neyləyəsən ki, göy üzü bir nəhəng fil,

o jasmin də eləcə qanı çəkilmiş sudur. 

Qızcığazsa gecənin yuxusunda elə bil

daş səkiyə atılmış bir çiçək dəstəsidir.


Jasmin çiçəyi.  

Bir də öldürülmüş bir buğa. 

Fil qarmağı və yatmış adamlar var arada. 

Jasminin ürəyində fillər, bir də buludlar

və qızın skeleti öldürülmüş buğada.



VI. HEÇ VAXT OLMAYACAQ ƏL HAQQINDA QƏSİDƏ 


Kaş bir əlim olsun, yaralı bir əl –

başqa istəyim yox, umacağım yox. 

Kaş bir əlim olsun, yaralı bir əl –

nə yataq gərəkdir mənə, nə yuxu. 


Qonaydı sinəmə göyərçin kimi, 

ya da lap sapsarı zanbaq olaydı;  

can verdiyim gecə gözətçim kimi

Ayı otağıma buraxmayaydı. 


Mənim istədiyim yalnız o əldir –

yanımı kəsdirib dursun hər zaman.

Mənim istədiyim yalnız o əldir –

tutsun ölümümün bir qanadından.


O əldən savayı

qalan hər nə varsa keçib gedəndi.

O əldən savayı

qalan hər şey yalan, hər şey hədərdi.  


Hər şey solub gedir günün birində –

adsız işıq olsun, ya parlaq ulduz. 

Xəzan yarpaqları uçub gedəndə

ardınca ağlayan küləkdi yalnız.


VII. QIZILGÜLƏ QƏSİDƏ


Yerdən üzülüncə

qızılgül vaz keçdi sübh şəfəqindən;

günəşdən, işıqdan heç nə ummadı –

özgə bir şey aradı.  


Nə bürkü istədi,

nə də həsrətini çəkdi kölgənin;

nə yuxunu seçdi, nə də gerçəyi –

özgə bir şey aradı. 


Ay işığındaca

donmuşdu, qalmışdı eləcə səssiz. 

Yox, gül aramadı göydə qızılgül –

özgə bir şey aradı. 


VIII. ALTUN QIZA QƏSİDƏ


Göy sular axşamüstü

qızararkən büsbütün

çayda bir qız çimirdi, 

bədəni buz kimiydi. 


Budaqlar və yosunlar

ağ qıza dağ çəkirdi; 

Bülbül də qorxusundan

gizlicə ah çəkirdi.


Yetişdi Aylı gecə,    

gümüşə döndü ürək;

yalın dağlar boyunca

əsdi qaranlıq külək.


Qızsa suyun içində

eləcə ağarırdı –

odundan, atəşindən 

çayı alov sarırdı. 


İşıqlanan üfüqdən  

keçdi getdi inəklər. 

Altun qız ağ kəfəndə,

başında buz çələnglər. 


Od içində çimən qız

gözündən yaş tökürdü;

qanadları alışmış  

bülbül də hönkürürdü. 


Ağappaq vağ quşuna 

dönmüşdü altun bədən, 

qızıl suyun üzündə 

qızarırdı get-gedə.



IX. QƏRİBƏ QUMRULAR HAQQINDA QƏSİDƏ


Bir cüt kədərli qumruydu –

dəfnə budağında oturmuşdular.

Biri Günəş, biri Aydı –

mənə qəmli-qəmli yas tutmuşdular.


Aydan soruşdum: “Ay bacı,

de görüm, məzarım mənim hardadı?”

“Köksümdədir”, – söylədi Ay,   

Günəş də tez açdı qanadlarını. 


Qurşağacan batıb yerə 

beləcə gedərkən gördüm uzaqda –

İki qar qartalı uçdu göylərə,

bir də bir çılpaq qız gəzir qıraqda. 


Qartalların biri o birisiydi,

çılpaq qızsa heç biri. 


Üz tutdum qoşa qartala:

“Bacılar, məzarım mənim hardadı?”

“Köksümdədir”, – biri dedi;   

o biri tez yığdı qanadlarını. 


Və mən qartal kölgəsində

iki qumru gördüm – oturmuşdular. 

Və mən dəfnə budağında 

iki qumru gördüm – yas tutmuşdular.


Biri Günəş, biri Aydı –

biri o biriydi, heç biri yoxdu. 

Yox idilər ayrı-ayrı –

hər ikisi birdi, heç biri yoxdu. 


Fərqi yox, 

gerçəkdi, yoxsa yuxuydu,  

ölüydü, diriydi – heç biri yoxdu.



Çevirəni Mahir N. Qarayev

(ispancadan sətri tərcümə əsasında) 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)