Edebiyyat.az » Poeziya » Alov İnanna - Zəngəzura gedən yolum (şeirlər)

Alov İnanna - Zəngəzura gedən yolum (şeirlər)

Alov İnanna - Zəngəzura gedən yolum (şeirlər)
Poeziya
admin
Müəllif:
22:35, 03 noyabr 2024
270
0
Alov İnanna - Zəngəzura gedən yolum (şeirlər)



Balta sapı

 

Dinlə məni Balta Sapı,

bir vaxt sən də Budaq idin.

Doğmaların yaxınında

Özgələrə uzaq idin.

 

Bir gövdədən su içərdik,

O suları qurutdunmu?

Bizi göylərə yönəldən

arzuları unutdunmu­?

 

Oduna dönəndən bəri

Ağac yanını danırsan.

Dəmiri güclümü gördün?

Özünü Balta sanırsan?!

 

Bülövlərə yalaqlanıb

Mişarlara qoşulmusan.

Bizə qalxan pis əllərə,

Dönüb tutalğac olmusan.

 

Nə kökümüz kəsiləcək,

Nə gücünüz çatar bizə.

Min budaq olub artmağa

Bir zoğumuz yetər bizə.

 

 

 

 

Zəngəzura gedən yolum

 

Yolum,

ilan kimi

qıvrılan yolum,

dağların başına

dolanan yolum,

sıldırım sal qayalara

söykənən yolum,

dərin dərələrlə

ürküdən yolum.

 

Böyrü bəzən bulaqlı,

bəzən çaylı-çaylaqlı,

bəzən daşlı-çıngıllı,

bəzən otlu-alaqlı –

Zəngəzura gedən yolum.

 

Üşənim tufanında,

islanım leysanında.

Qarışım buluduna

kor olum dumanında,

Zəngəzura gedən yolum.

 

Pozulmayan izli ol,

palçıqlı, ya tozlu ol,

tez olsun, ya gec olsun,

təki təkcə bizli ol,

Zəngəzura gedən yolum.

 

Qayaları yalçın yolum,

sim-sim deyim, açıl, yolum,

yenə sənin yolçun olum,

apar məni Zəngəzura.

 



Yenə balaca qız olum,

öz boyum boyda göz olum,

baxım, baxım doymaz olum,

apar məni Zəngəzura.

 

Anamın gəldiyi yerə,

gülünü dərdiyi yerə,

dərdindən öldüyü yerə –

apar məni Zəngəzura.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)