Edebiyyat.az » Proza » Afaq Qəmbərova - Lift

Afaq Qəmbərova - Lift

Afaq Qəmbərova - Lift
Proza
admin
Müəllif:
20:10, 21 sentyabr 2020
1 650
0
Afaq Qəmbərova - Lift

                                                       



      Liftin boğanaq, cırıltılı, taq-taraqıyla əsəblərə toxunan tükürpədici səsi yenə eşidildi. Kaş bu lift işləməyəydi, birdəfəlik xarab olaydı. Hər gün eyni yeknəsək səsə nə qədər dözmək olar?! Aşağı düşür, yuxarı qalxır, köhnə binanın sakinlərini daşıyır, onunla kiminsə evinə sevinc, şadlıq girir, kiminin evinə bir parça çörək, birinin ailəsinə dava-dalaş... Kiminsə də gözü yolda qalır – “görən odur, o deyil, kaş o olaydı, ya da o olmayaydı, noleydi gecikəydi, eh, bir dəfə də tez gələydi”... Hərənin yadına öz müşkülünü, dərd-sərini salır bu lift...

     Elə köhnə binanın yeni sakini olan gündən  lift onun da həyatına “daxil olmuşdu”.  Hər tərpənişi fikirlərini qarışdırır,  nə illah edirdisə, səsinə biganə qala bilmirdi. İndi – yayın belə isti axşamında,   evin içində,  dörd divarıın arasında tək-tənha oturduğu bir vaxtda qısa fasilələrlə eşidilən səs birdən xoş duyğular oyatdı onda: “Görəsən gəlir?! Kaş O olaydı. Gələydi, deyəydi ki, hər şey yaxşı olacaq, darıxma!”

     Dodağına təbəssüm qondu.  Fikirdən üzü işıqlandı: “Hə, nə olardı axı, “hər şey yaxşı olacaq” – tək bu cümlə nələri dəyişməzdi?! Bəlkə belə çətin günlərində bütün həyatını verərdi bu sözləri eşitmək üçün. Dünyanı bəzəyərdi o dörd kəlmə...

     Liftin qapısı açıldı, araya sükut çökdü, saniyələr keçirdi... Və bağlandı. Səs-səmir yoxdu, yox, deyəsən, o deyildi gələn. Üzündəki işıq yox oldu, gözlərinə kədər çökdü – “yenə gəlmədi, axı nə qədər olar, belə olmaz axı, axı bu haqsızlıqdır, axı, axı... Yox, əzizim, barışmalısan, dözməlisən, daha nə bilim nələr”...

     Gözləri qaranlıq otağı arabir artan-azalan işığı ilə işıqlandıran televizorun ekranına zilləndi. Film göstərirdilər – dava, ölüm-itim, qan. Süstləşdi, canı sıxıldı, canını qoymağa yer tapmadı. 

     Elə bu an o səs – həm ümidverici, həm də üzücü səs eşidildi. Liftin səsi idi, dəvətsiz-filansız doldu otağa.  “Görəsən odur, o deyil” ?! – Düşündü. “Bəlkə də Odur, hə, gəlir, daha gecdir, bundan o yana qalmaz. Lap ağ oldu, belə də iş olar, adam adama bu qədər zülm verər?! Əcəbdir, günahın varsa da, yoxsa da, səhvsənsə də, düzsənsə də, fərqi yoxdur, elə səhvsən ki, səhvsən. Əcəb düsturdur, həyatda ən əzazil düsturdur - əzbərləyib tətbiq etməlisən ömrünə-gününə. Hə, əziyyət çəkəcəksən, bəlkə hələ ömründən də gedəcək, kimə nə?! Hm, qiyamətdir, ən adi həqiqətləri deyə bilmirsən, daha doğrusu, deyirsən eee, amma eşitmək istəyən yoxdur”.

     “Of”, ürəyi sıxıldı. Nəfəsi daraldı. Televizorun kanalını dəyişdi, həzin musiqi səsi otağa doldu. Dinləməyə başladı: Ömür boyu sürəcək bir sevgi istəyirəm”. Güldü, “arzuya bax, qəribədir, yəqin bu yazıq hələ sevginin acısını dadmayıb. Yox, bəlkə də dadıb. Yəqin ağrı-acısını çəkib ki, indi qırdı-qaçdı deyil, ömür boyu davam edən sevgi istəyir”.

     Lift, yenə lift... Ayrıldı o həzin musiqidən də, bayaqdan dinləyib-dərdləşdiyi müğənnidən də. Liftin səsi bütün vücuduna hakim kəsilmişdi. İndi həmin o boğanaq, zəhlətökən səs ondan ötrü gözəl simfoniya kimi səslənirdi. “Gəlir, Odur! Gələcək, yəqin ki, hər şeyi yoluna qoyacaq”.

     Birdən donub qaldı, ağlına gələn fikirdən əli-qolu boşaldı: “Bəlkə heç gəlmədi?! Onsuz da bütün baş verənlərdə səni günahlandırır, yüz il əvvəlkiləri də... Elə yaxşı, haqq-nahaq bir-bir üzünə sayır, elə qaşıyıb tökür bitmişləri ki, elə bil qəhvədanın ərpini təmizləyir. Təmizləsin də, təmizləməyi yaxşıdır. Düzdür, bir-iki gün su bulanar, amma sonra durular. Qoy, boşaltsın ürəyini”. 

     Sevindi, elə bil istinad yeri tapdı.  Of, yenə lift! Gəlir, yox, deyəsən gəlmir, aşağı düşür. Düşündü: “ Bəlkə də Odur, düyməni basıb gözləyir. Sən də şey tapdın sevinməyə, səfeh! Nə qəhvədanbazlıqdır?! Bu ağılla axırın nolacaq axı?! Eh, əvvəl, axır varki?! Adamların uydurmasıdır – gün, ay, il, daha nələr... Nə gün var, nə ay, nə də il. Həyat var, o da yuxu kimi, gəlir, gedir, bir də ayılıb görürsən ki, hər şey boş, ölümün özü də görüntü”...

     Liftin səsi kəsildi. Yaxşı eşitmədi, ya bir mərtəbə aşağıda dayandı, ya da öz mərtəbələrində. O isə sakit oturmuş, fikirlərinin içində itib-batmışdı: “Qəhvədan, qəhvədan aaa... Ona nə var ki, adi dəmirdir də, döyüb salıblar onu qəhvədan şəklinə. Hələ şükür eləsin ki, qəhvədandır, balta deyil. Balta olsaydı, bilmərrə o qədər günaha batıracaqdılar ki, onu. Günahsız qəhvədan... İnsan deyil yaxşı ki, adamın xıltını heç təmizləmək olmur”.

     Gecə yavaş-yavaş keçirdi, səs-səmir yox idi. Çoxdan oxuduğu bir şeiri xatırladı:

                                  “Yürü, ey bivəfa, hərcayi, gözəl,

                                  Könlüm bu sevdadan vaz gəldi, keçdi.

                                  Damənində buldum dastani-eşqi”...

Sonrakı misraları xatırlamağa çalışdı:

                                 “Busələrlə aldım bustani-eşqi, 

                                   Demə bir həvəsdir, tez gəldi keçdi

                                   Sonbahara  girdik, yaz gəldi, keçdi”...

     Özündən bir musiqi qoşub zümzümə elədi. “Daha nə edim, nəylə qatım başımı”?! Kövrəldi, qəhər onu boğdu. Gözləri doldu. Ağlamaq, hönkür-hönkür ağlamaq istədi. Alınmadı, çünki lift gəlirdi. Diqqət kəsildi, hə, lift gəlirdi, amma onun göz qapaqlarından daş asılmışdı sanki. Beyni duman içində düşünürdü: “Həyat da lift kimidir, gah aşağı düşür, gah yuxarı qalxır, gah da arada dayanır. Ya yükü ağır olur, ya da yüngül. Arabir hansısa mərdimazarın əli dinc durmur, düyməsinə toxunur, yükünü çəkə biləcəyindən çox qoyur, o da dözmür, xarab olur. Ya gəlib təmir edirlər, ya da birdəfəlik nəyisə sıradan çıxır, dəyişirlər. Ehh, bəzən bir liftin ömrü bir insan ömründən uzun olur”...

     Gözləri yumulurdu. Yuxu ruhunu sakitləşdirirdi. İndi olmasa da, gələn dəfələrin birində lift Onu da gətirəcək... Sonra?! Sonrasını nə bilmək olar?! -  Hələ baxarıq. Sonrası gözləsin! Onsuz da hamı gözləyir, hərə bir şey gözləyir. Düzdür ki, o lifti gözləyir, amma lift də gözləyir. O da kimisə gözləyir...

 


 

    

        

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)