ETİBAR KƏRİMLİ - DAĞ(Hekayə)
Bacıoğlum Mehdi Fərzullazadə və bacım Elvira Fərzullazadənin timsalında bütün şəhidlərə və şəhid analarına...
Xeyli müddət keçmişdi... Göz yaşları yağış misalı tökülmüş, yas məclisləri çalınmış umac halvalarının boğazları yandıran şirinliyi ilə yola verilmiş, şəhid medalları da gəlib evin xüsusi yaradılmış guşəsində, hərbi formalı fotoların yanında özünə yer tutmuşdu. Şükür ki, bu vaxta qədər heç bir əyər-əskik olmamışdı. İlk vaxtlar nəinki bütün qohum-əqraba, yaxınlıqda yaşayan tanış-biliş, hətta tanımadıqları adamlar da, sağ olsunlar, tez-tez gəlib-gedir, bir dəqiqə belə tək qalmasına imkan vermirdilər. Hər işinə yardımçı olur, sözü ağzından sonacan çıxmamış yerinə yetirirdilər.
Artıq elə deyildi. Həyat davam etməliydi... Yenə hər kəs öz qınına çəkilib iş-gücünə, dolanığışığına qayıtmışdı. Onun da başı yavaş-yavaş evə, təsərrüfat qayğılarına qarışırdı. Zarafat deyildi, evdə iki balası böyüyürdü, bundan sonra onlara əvvəlkindən də çox diqqət göstərməliydi...
Stolun üstündə bir topa pal-paltar vardı. Başını aşağı salıb dinməz-söyləməz ütüləyirdi. İndi işləyəndə elə bil ki, keçən zamaların gülərzülü, həyatdolu bacım geri gəlmişdi. Sanki, o qara xəbər heç bu evin kandarından içəri keçməmiş, bir an içində hər şeyin altını üstünə çevirməmişdi...
Çox darıxmışdım bacımın bir zamanlar simasından əskik olmayan təbəssümü üçün...
Ütülədiyi növbəti paltarın o biri üzünü çevirəndə təsadüfən qolunda qıpqırmızı yanıq izi göründü.
-Bu nədi, harda olub? – baxışlarım qoluna sancılmışdı.
-Heç... ütü dəyib... – işini dayandırmadan, heç mənə tərəf baxmadan dedi, tamamilə əhəmiyyətsiz bir şeyə diqqətini yönəltmək istəmirdi elə bil.
-Gör necə dağlanıb-e... - əlimi qızartıya tərəf uzatsam da, toxunmağa ürək eləmədim, yaman pis yanmışdı...
İşini dayandırdı. Ağrıyıb-ağrımadığını soruşmaq üçün gözlərinə baxmaq istəyirdim, amma görə bilmirdim. Başı aşağı halda durmuşdu. Xeyli müddət beləcə qaldı. Gözləri yol çəkirdi... sonra əvvəlcə oğlunun dağ başında, çiynində snayper tüfəngi tutmuş halda kameraya gülümsəyən fotosuna, ardınca da mənə baxdı.
-O qoldakı dağ boş şeydi, fikir vermə, – deyib, keçən günlərdəki kimi gülümsəməyə çalışdı...
Dodaqları səyirdi, alınmadı...
Həməncə baxışlarımı çəkdim... həmişə sevə-sevə baxdığım üzünə baxmaq gücündə deyildim...