Edebiyyat.az » Proza » Coşqun Xəliloğlu - Yulğun çiçəkləri

Coşqun Xəliloğlu - Yulğun çiçəkləri

Coşqun Xəliloğlu - Yulğun çiçəkləri
Proza
admin
Müəllif:
20:47, 25 aprel 2024
1 378
0
Coşqun Xəliloğlu - Yulğun çiçəkləri


      


    Adətim üzrə boş vaxtlarımda yaşadığım Sahil qəsəbəsinin dəniz kənarındakı parkında gəzməyi çox sevirəm. Parkda əsasən dekorativ bəzək ağacları əkilib. Lakin burada təbii şəkildə bitən yulğuna da rast gəlinir. Yulğun kolları saysız-hesabsız ağaclar arasında itib-bataraq diqqəti o qədər də çəkmir.

     Aran zonasında doğulanlara yulğun yaxşı tanışdır. Bir zaman yulğun hər şeydən əvvəl evlərin istisi idi, ağız dadımız olan çörəyin bişirildiyi təndirdə ən çox yandırılan oduncaq idi. Yulğun mal-qaranın, qoyun-quzunun qardan, yağışdan, istidən-küləkdən daldalanacağıdır, onların qidasının tərkib hissəsidir. Bir sözlə, aran kəndlisinin həyatının ayrlmaz hissəsidir yulğun... Kürəyimi, çiynimi yağır edə-edə nə qədər yulğun şələsini daşımışam... Yulğunun saysız -hesabsız  növü var. Bunlardan bir çoxu artıq Qırmızı kitaba düşüb və bu çox yaxşı haldır.

    May ayının əvvəlləri idi. Dəniz kənarında gəzdiyim zaman təxminən 50-55 yaşlı  tanış bir kişinin yulğun kolunun təzəcə açılmış, bir az ağımtıla çalan qonur-qırmızı çiçəklərini necə böyük sevgi ilə, məhəbbətlə  qoxuladığının, az qala onun başına fırlandığının şahidi oldum. Ona yaxınlaşdım və salam verərək hal-əhval tutdum:

    - Deyəsən, yulğun üçün darıxmısan. Yəqin təndir odununuz qurtarıb? – zarafatla soruşdum.

    Kişi salamımı alıb, yulğundan bir az aralanaraq mənə yaxınlaşdı. Onunla üzbəsurət gələndə nəmli baxışları diqqətimdən yayınmadı. Düşündüm ki, yəqin, ya ailəsində, ya da yaxınlarında nəsə xoşagəlməz bir hadisə baş verib. O, cib yaylığını çıxararıb gözlərini sildi və danışmağa başladı:

     - Söz vaxtına çəkər. Onda da bahar idi. Hər tərəf yaşıllığa bürünmüşdü. Kür çayı burula-burula axır, çayın sahilində mal-qara, qoyun-quzu otlayırdı. Quşların civiltisi, cırcıramaların vızıltısi bir-birinə qarışaraq insanın qəlbində xoş duyğular oyadırdı. Tuğay meşəsi sanki nazlı bir gəlin kimi bəzənmişdi. Biz uşaqlar qayğısız-qayğısız oynayır, dünyanın dərdindən-sərindən xəbərsiz halda xoşbəxt günlərimizi yaşayırdıq. Birdən uşaqlardan biri qışqırdı:

    - İkarus, ikarus.

    Hamı, o vaxtlar bəlkə də çoxumuzun  birinci dəfə gördüyü avtobusa baxdı. İkarus sürətini azaldaraq bizdən 10-15 metr aralıda dayandı. Avtobusdan təxminən qırxa yaxın sərnişin düşdü. İndiyə kimi kəndimizə turistlərin gəldiyini görən olmasa da,  geyimlərindən, əl çantalarından, üz cizgilərindən onların xaricdən gələn qonaqlar olduqlarını başa düşdük. Gülümsər çöhrəli insanlar bizə yaxınlaşıb azərbaycanca salam verdilər. Əvvəlcə rus dilində, sonra da  öz dillərində nəsə dedilər. Rusca sözlərin bəzisini başa düşsək də heç birimiz bu dildə danışa bilmirdik. Birdən ağlıma gəldi ki, atamı çağırım, gəlsin qonaqlarla söhbət eləsin. O, əsgərlikdə Moskvada olmuşdu, rus dilini yaxşı bilirdi. İstirahət günü olduğundan atam evdə idi. Evimiz Kür çayının lap yaxınlığında yerləşirdi. On-on beş dəqiqə keçməmiş atam bizim yanımızda idi və qonaqlarla söhbətə başlamışdı. Əcnəbilər atama suallar verir, atam da gah Kür çayına, gah kəndimizə, gah da Tuğay meşəsinə baxaraq onların suallarına cavab verirdi. Birdən turist qadınlardan biri yaxınlıqdakı yulğun topasına yaxınlaşaraq onun budağını aşağı əyib çiçəklərini qoxulamağa başladı. Üzünə qonan sevinc hissini gizlətməyərək rəfiqəsini çağırdı. Rəfiqəsi tez gəlib həmin yulğun çiçəklərini qoxulamağa başladı. Onlar atamdan yenə də nəsə soruşdular. Atam gülümsünüb cavab verdi.  Qonaqlar dəfinə tapmış kimi sevinərək yulğun çiçəklərindən üç-dörd böyük  dəstə bağladılar. Necə də gözəl görünürdü... Sonra əllərini Kür çayında yudular, çaya xeyli vaxt tamaşa etdilər. Baxışlarından çox məmmnun olduqları duyulurdu. Gülə-gülə atama təşəkkür və bizə əl edərək maşına mindilər. 

    Adətən Aranda yerləşən bizim kəndimizə turistlərin, o da ola  başqa ölkədən olan turistlərin, gəlməsi, bu bəlkə də nadir hadisə idi və indi də mənə həmin hadisə yuxu kimi gəlir. Amma mən həmin gündən əvvəllər heç bir əhəmiyyət vermədiyim yulğunu həm də çiçəklərinə görə sevdim. İndi də yulğun çiçəklərini qoxulamaqla kəndimizin ətrini duyur, Kürün səsini eşidir, anamı,  atamı, uşaqlıq dostlarımı və həmin günü xatırlayıram.

     Kişi sözlərini qurtardı. Xudahafizləşib ayrıldıq. Az qala bir neçə dəqiqə onun söhbətinin təsirindən çıxa bilmədim. İlk dəfə görürəmmiş kimi  yulğun kollarına, onun çiçəklərinə diqqətlə baxdım. Doğrudan da yulğun kolu, onun çiçəkləri necə də gözəldir...


25.05.2012

     

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)