Əbdülrəzzak Qurna - Yazmaq(Nobel nitqi)
Təqdimat
Əbdülrəzzak Qurna - Yazmaq (Nobel nitqi)
Yazmaq mənə həmişə zövq verib. Hətta məktəbdə oxuyanda, hekayə, yaxud müəllimlərimizin bizə maraqlı olacağını düşündüyü istənilən şey barədə yazmağa ayrılan dərsi cədvəldəki digər dərslərdən daha çox gözləyirdim. Bu zaman hamı sakitcə başını aşağı salıb yaddaşının, təxəyyülünün dərinliklərindən yazmağa dəyər bir şey çıxarmağa çalışırdı. Biz nə xüsusi bir şey söyləmək, nə əlamətdar bir hadisəni yada salmaq, nə qəti fikir, nə də narazılıq bildirmək üçün səy göstərirdik. Bu səylərimiz bizim mülahizə bacarıqlarımızı inkişaf etdirmək üçün tapşırıq verən müəllimdən başqa oxucuya da ehtiyac duymurdu. Mən yazırdım, çünki mənə belə tapşırırdılar və bu tapşırıqdan inanılmaz zövq alırdım.
İllər sonra özüm də məktəb müəllimi olanda bu təcrübənin əksini yaşamalı oldum, yəni artıq mən sakit sinif otağında əyləşərək başını əyib işini görən şagirdləri izləyirdim. Bu, mənə D.H.Lourensin bir şeirini xatırlatdı, elə indi bu şeirdən bir neçə sətir sitat gətirəcəyəm:
“Məktəbin ən yaxşısı”ndan sətirlər
Sinfin kənarında tənha oturarkən,
Yay köynəklərini geyinmiş oğlanlara baxıram
Onlar isə başlarını aşağı salıb yazırlar
Və bir-bir başlarını qaldırırlar
Onları üzü mənə baxır,
Sakitcə düşünmək,
görmədiklərini görmək üçün.
Sonra yenidən çevrilir başları bir balaca sevinərək
İşinin həyəcanı ilə yenidən üzünü çevirir,
İstədiyini tapıb, əldə etməli olduğunu əldə edib.
Haqqında danışdığım və bu şeiri xatırladan yazı dərsi, sonradan da göründüyü kimi yazı dərsi deyildi. Onu idarə etmir, istiqamətləndirmir, üzərində işləmir və təkrar-təkrar təşkil etmirdilər. Həmin gənclik cəhdlərimdə mən birbaşa, necə dəyərlər, tərəddüd və ya düzəliş etmədən, elə məsumluqla yazırdım ki. Eyni zamanda, mən necə gəldi, heç bir istiqamət götürmədən oxuyur və hələ o vaxt bu iki fəaliyyətin necə sıx bağlı olduğunu bilmirdim. Səhəri gün tezdən məktəbə getməyəcəyim vaxtlarda elə gec saatlara qədər oxuyurdum ki, özü də bir növ yuxusuzluqdan əziyyət çəkən atam məcbur otağıma gəlib işığı söndürməyi əmr edirdi. Amma cəsarətin çatsa belə, ataya “özün hələ oyaqsan, məni niyə qoymursan” deyə bilməzdin, çünki ata ilə belə danışmaq olmazdı. İstənilən halda o öz yuxusuzluğunu qaranlıqda keçirirdi, anamı narahat etməmək üçün işığı söndürürdü, odur ki, nə olur-olsun işığı söndürmək təlimatı dəyişməyəcəkdi.
Daha sonra gələn yazı və mütaliə vərdişi gəncliyin təsadüfi təcrübəsindən daha intizamlı idi, amma hələ də mənə eyni dərəcədə zövq verirdi, demək olar ki, heç vaxt çətinliyə çevrilmirdi. Lakin tədricən bu başqa cür zövq verməyə başlamışdı. Mən isə İngiltərəyə köçənə qədər bunu tam dərk edə bilməmişdim. Məhz orada evdən darıxdığım və qəribçilik əzabı çəkdiyim günlərdə, o vaxtadək heç vaxt düşünmədiyim şeylər barədə düşünməyə başlamışdım. Sırf o dövrdən, o uzun yoxsulluq və yadlaşma dövründən sonra başqa cür yazmağa başlamışdım. Artıq mən yaxşı başa düşürdüm ki, deməli olduğum şeylər, görməli olduğum işlər, ortaya çıxarmağı və haqqında düşünməli olduğum peşmanlıqlar, giley-güzarlar var.
İlk növbədə tələm-tələsik evimdən qaçarkən arxada qoyduqlarım barədə fikirləşdim. Düzləri və səhvləri, 1964-cü il inqilabının gətirdiyi dəyişiklikləri müşayiət edən qəddarlıqlarla – həbslər, edamlar, sürgünlər və sonsuz sayda irili-xırdalı təhqirlər və təzyiqlər – kölgələnən 1960-cı illərin ortalarında həyatlarımıza dərin xaos çökdü. Bu hadisələrin düz ortasında, üstəlik də yeniyetmə ağlı ilə baş verənlərin tarixi və gələcək təsirləri barədə aydın düşünmək qeyri-mümkün idi.
Yalnız İngiltərədə yaşadığım ilk illərdə bu məsələlər barədə düşünə bildim, bir-birimizə etdiyim şeylərin iyrəncliyi ilə üzləşdim, özümüzə təsəlli verdiyimiz yalanları və illüziyaları yenidən nəzərdən keçirə bildim. Bizim tariximiz natamam idi, bir çox qəddarlıqlar barədə susurdu. Bizim siyasətimiz irqiləşdirilmişdi və inqilabdan sonra birbaşa təqiblərlə nəticələnmişdi, ataları uşaqlarının gözü önündə öldürür, qızları analarının gözü önündə zorlayırdılar. İngiltərədə yaşayarkən bu hadisələrdən uzaqda olsam da, onlar hələ də fikrimi məşğul edirdi. Bəlkə də hələ də bu hadisələrin nəticələrindən əziyyət çəkən insanların arasında olsaydım, xatirələrin gücünə daha çox müavimət göstərə bilərdim. Amma mənə həm də bu hadisələrlə əlaqəsi olmayan digər xatirələr də əziyyət verirdi: valideynlərinin öz övladlarına qarşı qəddarlığı, sosial və ya gender doqmalarına görə insanların özünü tam ifadə edə bilməməsi, yoxsulluğu və asılılığı tolerə edən bərabərsizliklər. Bunlar bütün insanların həyatında olan şeylərdir, tək bizə aid deyil, lakin şərtlər insanı bunları görməyə vadar etmədən çox vaxt ağıla belə gəlmir. Deyəsən travmadan qaçan və özləri üçün arxada qoyduqlarından uzaqda təhlükəsiz həyat şəraiti quran insanların daşıdığı ağır yüklərdən biri də budur. Nəticədə mən bu fikirlərin bəzilərini qələmə almağa başladım, amma hələ ki, nizamlı, yaxud mütəşəkkil qaydada yazmırdım, sadəcə beynimdəki bəzi qarışıqlıqları və qeyri-müəyyənlikləri bir qədər aydınlaşdırıb rahatlıq tapmaq üçün yazırdım.
Lakin vaxt keçdikcə anladım ki, dərindən narahatlıq verən bir şey baş verir. Yeni, daha sadə tarix yaranırdı, baş verənləri dəyişdirir və hətta silirdi, onu anın həqiqətlərinə uyğunlaşacaq şəkildə yenidən strukturlaşdırırdı. Bu yeni və sadə tarix təkcə təhkiyəni öz seçimlərinə görə quran qaliblərin öhdəsinə düşən qarşısıalınmaz iş deyildi, o həm də bizə həqiqi maraq göstərməyən və ya bizə sadəcə öz dünya görüşlərinə uyğun gələn çərçivədən baxan, irqi emansipasiya və tərəqqi barədə özlərinə tanış gələn təhkiyə tələb edən şərhçilərin, alimlərin və hətta yazıçıların da işinə yarayırdı.
Bu zaman əvvəlki dövrlərə şahidlik edən maddi obyektləri, tikililəri, nailiyyətləri və həyatı mümkün qılan incəlikləri görməzdən gələn bu cür tarixdən imtina etmək zərurəti yarandı. İllər sonra böyüdüyüm şəhərin küçələrini gəzəndə əşyaların da, keçmişin xatirələrini itirməkdən qorxan ağ saçlı, dişsiz insanların da deqradasiyaya məruz qaldığını gördüm. Həmin yaddaşı qorumaq, orada baş verənlər barədə yazmaq, insanların yaşadığı və özlərini dərk etdiyi anları və tarixləri geri qaytarmaq labüd idi. Rəhbərlərimizin özlərinə yağdırdıqları təriflər vasitəsilə yaddaşlarımızdan silməyə çalışdığı sürgünlər və qəddarlıqlar barədə yazmaq labüd idi. Həmçinin, İngiltərədə, mənbəyinə daha yaxın yaşayarkən mənə başqa tarix anlayışına diqqət ayırmalı olduğumu daha aydın görə bilmişdim, özü də bunu Zənzibardakı müstəmləkə təhsili aldığım dövrlərdən daha yaxşı başa düşürdüm. Biz, bizim nəslimiz valideynlərimizdən daha fərqli müstəmləkə uşaqları idik, heç bizdən sonra gələnlər də bizim kimi deyildilər. Bununla əsla demək istəmirəm ki, biz valideynlərimizin dəyər verdiyi şeylərə yadlaşmışdıq, ya da bizdən sonra gələnlər müstəmləkə təsirindən azad olmuşdular. Sadəcə demək istəyirəm ki, biz imperiyaya yüksək inam dövründə böyüyüb boya-başa çatmışdıq. Ən azından bizim dünyamızda bu beləydi, hakimiyyət gerçək üzünü effemizmlərlə gizlədirdi və biz bu fəndlərlə razı olurduq. Mən bölgədə dekolonizasiya kampaniyalarının başlamadığı və diqqətimizi müstəmləkə idarəçiliyinin təxribatlarına yönəltmədiyi dövrü nəzərdə tuturam. Bizdən sonra gələnlərin öz post-kolonial məyusluqları və təsəlli üçün öz illüziyaları vardı, bəlkə də onlar müstəmləkələrin bizim həyatımızı necə dəyişdirdiyini, hətta korrupsiyanın və idarəçilikdəki çatışmazlıqların belə bu müstəmləkə dövrünün mirası olduğunu aydın və ya kifayət qədər dərindən başa düşmürdülər.
Bu məsələlərdən bəzilərini İngiltərədə daha yaxşı anladım. Yox, bunu mənə söhbət və ya dərs zamanı heç kim izah etmirdi. Sadəcə mənim kimilərin öz əhvalatlarında özləri kimi necə rol aldığını daha yaxşı anlayırdım, onlar həm yazılarında, bunu həm onların yazılarında, həm adi mülahizələrində, həm TV-dəki və digər yerlərdəki irqçi zarafatları müşayiət edən xoş əhval-ruhiyyədə, hər gün mağazalarda, ofislərdə, avtobusda qarşılaşdığım könüllü düşmənlikdə görə bilirdim. Mən bu münasibətlə bağlı heç nə edə bilməzdim, lakin daha çox anlayaraq oxumağı öyrəndikcə, bizi alçaldan və aşağılayan insanların özündənəmin xülasələrindən imtina edərək yazmaq istəyi də artırdı.
Ancaq bu nə qədər gümrahlıq və təsəlli versə də, yazmaq təkcə mübarizə və polemikalardan ibarət ola bilməz. Yazmaq təkcə bir məsələ ilə bağlı deyil, bu və ya o hadisə haqqında və ya bu, yaxud o narahatlıq haqqında deyil; bu və ya digər şəkildə insan həyatını əhatə etdiyi üçün gec-tez qəddarlıq, sevgi və zəiflik onun mövzusuna çevrilir. İnanıram ki, yazı həm də hər şeyin başqa cür ola biləcəyini, hökmran baxış bucağının görə bilmədiyi şeyləri, kiçikboylu insanlara belə başqalarının aşağılamalarına fikir vermədən özlərini inamlı hiss etdirən şeyi göstərməlidir. Ona görə də mən bu barədə yazmağı, özü də dürüst şəkildə yazmağı lazım bildim, elə yazdım ki, həm eybəcərlik, həm fəzilət görünsün və bəsitliyin, stereotipin içindən insan ortaya çıxsın. Bu işə yarayanda bundan da bir növ gözəllik doğulur.
Və bu baxış bucağı həm kövrəkliyə, həm də zəifliyə, həm qəddarlıq içində zərifliyə, həm də gözlənilməz mənbələrdən gələn qayğıkeşlik qabiliyyətinə yer açır. Məhz buna görə yazmaq həyatımın dəyərli və maraqlı bir hissəsinə çevrilib. Əlbəttə, digər məsələlər də var, amma hazırda əsas mövzumuz onlar deyil. Əvvəldə yada saldığım kiçik möcüzəli, gənclik həvəsi on illər keçsə də, hələ də mənimlədir. Sonda məni və işlərimi bu böyük şərəfə layiq gördükləri üçün İsveç Akademiyasına dərin minnətdarlığımı bildirmək istərdim. Təşəkkür edirəm.
Tərcümə edən: İlahə Əkbər
Mənbə:Sim-sim.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Viktoriya Tokarevadan povest
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Lətif Şüküroğlu - Atamın hekayəti.