Şamil Həsən - Bumeranq (esse)
1-ci hissə
Proloqsayağı
Mən ədəbiyyatın təkcə yazılanlardan deyil, arxa planda olan və görünməyən, yazılmayanlardan da
ibarət olduğunu düşünürəm, lakin bu hissəni heç bir oxucu oxuya bilmir, daha doğrusu, bu arxa planı xeyli mütəxəssisləşmiş, elmi kitabları, tənqidi məqalələri həmin bədii mətnlərlə paralel oxumağı bacaran oxucu oxuya bilir. Mövzu təqdim edən yazıçı təsvir edilən kimi heç vaxt mövcud olmayan ədəbi materialdan mətn yarada bilir, yəni baş vermiş faktiki hadisə yazıçının qələmində deformasiyaya uğrayır. Yazıçı müəyyən mövzunu dəyişdirib yazmır, onu yenidən emal edir və bu emal prosesi zamanı müəllifin yazmadıqları və ya yazmaq fürsəti olmadığı hadisələr aşkara çıxır.
Bir az qəliz çıxdı, azca sadələşdirib bədii dilə çevirim.
Bumeranqın atılması
Mən müntəzəm adətim üzrə səhər yuxudan oyanan kimi eyvandan düz uzaq Kür çayını, lap yaxında olan şəhərin ən iri zavodlarından birinin binasını, onun saralmış həyətini, lap yaxında – şəhərə yad olmayan – “sosializm meşələrini” seyr edirdim. (Zavod özü çox cüzi şey istehsal etsə də, şəhərin ən çox oksigen istehsalını onun həyəti edirdi, mən də buranı ağciyər və ya ən romantik şəkildə sosializm meşələri adlandırmışam. Burda yaşayan yalnız zəhmətkeşlərin əmək xatirələridir). Bazar günü olduğundan, magistral yol digər günlərə nisbətən boşdu, şütüyən maşınlar azdı, asfalt uğuldamır, ağaclar karbonu az emal edir və sair. Günəş də dekabr ayını fürsət bilərək istirahətə çıxıb, hava soyuqdu.
Yolda qəfil bir arvad peydə oldu, o, magistral yolun kənar düz xəttiylə asta-asta irəliləyir, hərdən sola meyllənirdi. Sanki maşınların ona siqnal verməsi üçün bunu edirdi, hələ üstəlik salam da verirdi. Arxasınca gələn ala-bula bir küçə iti onun addımlarını təkrarlayırdı. Arvadın əlində torba vardı. Uzaqdan geyimi pis görünmürdü, bizim gündəlik geyindiyimiz paltarla müqayisə olunacaq təzəlikdə idi, hətta bəzilərinin paltarından lap yeni görünərdi. O ala-bulanı tanıyırdım, siftə vaxtları bura azdırılanda mənə hürərdi, dişlərini qıcayar, quyruğunu bulayar, məni həm qurxutmağa, həm də inandırmağa çalışardı ki, mən səni qorxuduram, amma özüm də qorxuram; lakin mən arvadı tanımadım, hey ağlımın ən dərin yerini eşələsəm də, ona dair bir şey tapmadım. Deməli, o, buralara yabancıdır.
Bəh. Bu halətdə mənim beynimdə yeni ədəbiyyat canlanırdı. Mən estetik olsa da, olmasa da, bunu yazmalı idim. Maraqlı şeylər yazacaqdım. İndi deyirəm nə yazacaqdım, ancaq ondan qabaq onu söyləyim ki, məni ekstaza gətirən başqa şey vardı. Bu, yuxumu yaxşıca almağım, bədənimə ciyərdolusu təmiz hava çəkməyim, qan damarlarımın oksigenlə islanması kimi şeylər idi. Bu o deməkdi ki, mən günümü məhsuldar keçirəcəm, qəşəng-qəşəng əsərlər ərsəyə gətirəcəm. Məni yüngülvari sürpriz gözləyirdi, mən nə bilim…
Gələk mətləbi-inşaya. Açığı, mən elə həmən andan beynimi videoqeydiyyatçı vəziyyətinə gətirib olanları yadda saxlamalı, sonra zövqlə yazmalı idim. Desəniz ki, nə var burda, hər şeydən yazmaq da təzə dəbdir, mən etiraz etməyə macal tapmamış, sadəcə, susub qımışacağam.
Mən təsəvvür edirdim ki, birinci bunu yazaram: o, xoşbəxt dünyanın xoşbəxt canlısı kimi yaşayır, məmnun vəziyyətdə bütün ehtiyaclarını yerinə yetirir, sonra insan kimi yaşayır. Bu bir az standart cümlələr oldu, bilirəm. Mənim daxilimdən onu nədənsə çox-çox xoşbəxt insan kimi təsvir eləmək gəlir. Mən yazmaq istəyirdim ki, o, hər gün işə gedib-gələn insanlar kimi, hər gün işdən çıxıb teatra, muzeylərə səyahət edir, sonra nəvələri varsa onlarla, yoxdusa, öz əri, övladları ilə əl-ələ istirahətə gedir, onlar da yoxdusa, heç olmasa, özü öz yaşıdları ilə dincəlir, yəni yaşayır, sadəcə yaşayır. Mən yazmağa davam edərdim. O, özü işdən yorğun çıxsa da, marketə girəndə yorğun, saatlarla ayaq üstə qalıb səndələyən, gözləri az qalsın yumulan kassir görmədi, fəhləsi təpəgöz kimi belində nəhəng yeşiklər daşımadı, sonra evə gedəndə qaldırımda oturaraq əllərini uzadıb həm çarəsizlikdən, həm də sırtıqlıqdan əl-ayağa dolaşan dilənçiləri danlamadı, o, həmin axşam işdən qayıdanda bankları görəndə kreditini fikirləşmədi və sair və ilaxır.
Buna baxmayaraq, heç nə yazmadım, yazmaq üçün özümdə cəsarət də axtarmadım… Mən yeni bir mövzu tapmalı idim, hamı tərəfindən qəbul olunmaq üçün özümdən nəsə uydurmalı, təbiətin gözəlliyini, həyatın möhtəşəmliyini, fikirlərin azadlığını, insanların xoşməramlılığını mədh etməli idim.
Az sonra o qadın getdiyi istiqamətdə bumeranq kimi geri qayıtdı. Sonra cəhənnəmin qapısına yazılmış söz yadıma düşdü: ey buraya daxil olanlar, bütün ümidlərinizdən əl çəkin. Bu həm də mənim bumeranqım idi, indicə kimsə onu qeyri-müəyyən istiqamətə tolazladı.
Mən yenə yaza bilmirdim. Ümumiyyətlə, mən həmin an qələmi, ədəbiyyatı onun xoşbəxtliyinə dəyişərdim. Ədəbiyyatın hüdudları və ya hüdudsuzluğu bu zaman keçərsiz idi. Qoy ədəbiyyatın hüdudsuzluğu burdaca “pass” deyib keçsin, yazıçılar nəsə tapıb yazacaq, təki o qadın insan kimi yaşasın.
Onsuz da yazmağa mövzu qalmayıb, olanı da süni intellekt əlimizdən alıb aparır. Dünəndən 15-dən çox mövzu fikirləşmişəm, hamısına “pass”, “pass” dedim.
–Bir dəqiqə. O torbalı qadın dilənçi idi?
Beləcə mən heç nə yaza bilmədim…
(Ardı var)
