Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Vaxt və ürək çatışmazlığı

Kənan Hacı - Vaxt və ürək çatışmazlığı

Kənan Hacı - Vaxt və ürək çatışmazlığı
Ədəbi tənqid
nemət
Müəllif:
21:30, 29 fevral 2020
1 454
0
Kənan Hacı - Vaxt və ürək çatışmazlığı


 

Çaparaq esse 

 

İnsan həyatında vaxt çatışmazlığı ürək çatışmazlığı kimi həyati təhlükə halına gəlib. Adamlar gün boyu harasa tələsirlər, nəfəs dərməyə belə macal yoxdur. Avtobusda, qatarda belə insanların üzündə gecikmə təlaşı görürsən, əsəbi halda tunelə boylanan səbirsiz insanlar qatarın gecikməsinə belə təhəmmül edə bilmirlər. Sonu görünməyən tıxaclar həyatımızın axarını ləngidir. 

Sürət əsrinin insanı indi şişman romanlar oxumaq iqtidarında deyil. Təsəvvür edin, romanda belə bir cümlə oxuyursan: 

Sanki qəlb girişi-çıxışı bəlli olmayan ucuz qiymətli bir oteldir, gözlər isə o faili məchul günahların işləndiyi otelin kənardan gözəl görünən pəncərələridir. 

Sürəkli harasa yetişmək təlaşında olan, zamansızlıqdan əziyyət çəkən günümüzün insanı üçün bu cür bər-bəzəkli cümlələr sürüşkən xarakter daşıyır, yəni heç bir məna ifadə etmir. Adamlar bu gün fləş-fikşn (iki-üç cümləlik hekayələr) mətnlər oxumaqla vaxtdan səmərəli istifadə etməyə çalışırlar, həyat tərzini onlayn sistemə uyğunlaşdırırlar, internet üzərindən çalışmalar edirlər, uzun-uzadı eşq hekayətləri adamları reallıq hissindən uzaqlaşdırır. Sürəkli informasiya axını qarşısında insanların ruhi müvazinəti pozulur, kütləvi psixoz yaranır. Xüsusi proqramlar var ki, hətta insanın öləcəyi tarixi belə göstərir. İnsan çox şeyi bildikcə fobiyalar, qarabasma onun psixoloji durumunu sarsıdır, rahat həyat düzənini pozur. Hahari yazır ki, məlumatlara kim sahibdirsə, gələcək də onundur. Gələcəyə fokuslanan insan isə bu günündən məhrum olur. İnsanlar o dərəcədə sosial şəbəkə əsirinə çevrilib ki, onu bu şəbəkədən ayırsan, yaşamaq qabiliyyətini belə itirə bilər. Biz sanki internetin müştərisi deyil, birbaşa onun məhsuluyuq. 

Günümüzdə mobil telefonlar vasitəsilə məktub-romanlar yazılır, aşıqlər arasında mesajlaşmalar romana çevrilir. Azərbaycan ədəbiyyatında da belə bir romanı yazıçı Murad Köhnəqala yazıb. “Şəklini mənə göndər” adlanan əsərin janrını facebook-roman kimi müəyyənləşdirib. Gənc qələm dostum Həmid Piriyevin “Şanapipik haqqında nəğmə” romanı miniatür romandır. Əsəri bir-iki saat ərzində oxuyub bitirmək mümkündür. Göründüyü kimi çağımızda minimalist mətnlər daha çox oxunur. Sürət əsrinin çaparaq romanları oxucunu qısa, kəsə yolla mənzil başına çatdırır. Fast-food yeməklər kimi oxucuya fast-food mətnlər təqdim olunur. Mark Zukerberq bəşəriyyəti internet ətrafında birləşdirib və yazıçılar da bu virtual birlikdən öz nəsibini almaqdadırlar. İnsanlar bu gün evdə oturmaqla kommunal xərcləri ödəyə, hansısa şirkətlə, mağaza ilə bank kartları vasitəsilə alış-veriş edə bilir. Son dəqiqə xəbərləri, teleseriallar, sosial şəbəkələr insanlar arasında keçilməz bir divar hörməkdədir. 

Dostlarla söhbətlərimiz əsnasında məlum olur ki, onların evdə danışdığı nağılların heç birinə artıq uşaqları inanmır. “Daha nağıllara inanmıram mən” deyirdi şair. Bu gün uşaqlar nağılları inkar edir. O nağılları ki, uşaqların mənəvi dünyasının formalaşmasında başlıca rol oynayır. Onların beşdaş, gizlənqaç, bənövşə, bəndə düşə oyunlarından xəbəri yoxdur, telefon “iqra”ları onların zehnini zəbt etməkdədir. İnternet erası uşaqları nağılsız qoydu. Qoca valideynlər hansısa əlamətdar günlərdə, bayram və ya ad günlərində uzaqda yaşayan övladları ilə telefon vasitəsilə görüntülü danışırlar və sonra öz yalnızlıqlarına çəkilirlər. Arada pəncərədən nisgilli baxışlarla çölü seyr edirlər, gözləri yollarda qalır. İnsan daim özləyən, qucaqlaşmaq, sarılmaq, öpmək, toxunmaq istəyən, ətə-sümüyə bürünmüş bədənin içində ruh daşıyan bir varlıqdır. Canlı ünsiyyət xaricində bütün metodlar insanın məcazıyla ziddiyyət təşkil edir. Xalq yazıçısı Anarın hələ ötən əsrin 60-cı illərdə qələmə aldığı “Keçən ilin son gecəsi” hekayəsi valideyn-övlad münasibətlərinin bu həssas məqamlarını əks etdirirdi. Aradan yarım əsr keçib və çox şey dəyişib. Həyat virtual dünyada yaşanılır. Gənclər internet üzərindən özlərinə sevgili tapıb ailə qururlar. Sanki mediatik yaşamın əsirinə çevrilmişik. 

Bu qədər sürətlə irəliləyərkən ruhumuzun geridə qaldığını heç düşünmədikmi? Ruhsuz çıxdığımız yolun bizə bir faydası olarmı? Sürətlə gedən adam üstündən nəyinsə düşdüyünü fərq etməz, itirə-itirə gedər və yolun sonunda əlində-ovcunda bir şey qalmaz. Biz modern dövrün tepminə uyğunlaşmağa çalışırıq, bu yolda salıb itirdiklərimizi yenidən qazana biləcəyikmi?! Ramiz Rövşənin misralarını xatırladım:

Qızıl ola, çata bilməz,

tapdığım itirdiyimə.

Zamanın bizdən aldıqları azmış kimi özümüz də zamanın içində sanki “offlayn” olmaqdayıq. Hazırda müxtəlif hadisələri və prosesləri modelləşdirmək dəbdədir. Dil, mədəniyyət və ümumiyyətlə, insan münasibətlərinin müəyyən məziyyətləri modelləşdirilir. Hansısa hadisəni və ya prosesi dərk etmək müəyyən nəzəriyyəyə əsaslanmalıdır. Təbii, həyatın qanunları ilə ayaqlaşmaq lazım gəlir, amma ənənələri  istənilən halda qorumalıyıq. Futuroloqlar gələcəklə bağlı müxtəlif proqnozlar verirlər. Amerika futuroloqu Olvin Toffler “Gələcəklə toqquşma” kitabında yazır ki, səneyenin inkişafı, texniki tərəqqi o həddə çatacaq ki, insanlar müxtəlif qaçılmaz xəstəliklərlə üz-üzə qalacaqlar. Bunu gələcəklə toqquşma şoku adlandırmaq olar. Koronovirus təlaşı məhz gələcəklə toqquşma nöqtələrindən yalnız biridir. O. Toffler yazır ki, “gələcəklə toqquşmadan yaranan şok – vaxtından qabaq gələn gələcəyin meydana gətirdiyi çaşbaşlığın, istiqamət çaşqınlığının yaratdığı sarsıntılı vəziyyətdir”. 

Qeyri-müəyyən gələcək qarşısında biz yalnız milli genetikamızla, mənəvi energetikamızla duruş gətirə bilərik. Dünyanın içində əriməklə yox, dünyada varlığımızı qorumaq və isbat etməklə! Odur ki, vaxt çatışmazlığından gileylənməyək, özümüzdən qaçmayaq, özümüzə zaman ayıraq. Zaman keçir, məmləkət isə öz yerində, öz ucalığında qalır!     

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)