Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Vətən dərsindən beş alanlar

Kənan Hacı - Vətən dərsindən beş alanlar

Kənan Hacı  - Vətən dərsindən beş alanlar
Ədəbi tənqid
admin
Müəllif:
23:49, 09 dekabr 2020
1 400
0
Kənan Hacı - Vətən dərsindən beş alanlar



Xatirələrə dalmaq balıqqulağını qulağına tutub dənizin uğultusunu eşitmək kimidir; dalğanı tutmağa çalışırsan. Bizim xatirələrimizdən barıt qoxusu gəlir, mərmilərin səsi hələ də qulaqlarımızda uğuldayır. Mənim sinif yoldaşlarım, əsgər dostlarım birinci Qarabağ savaşında şəhid oldular. On il bir parta arxasında oturduğum sinif yoldaşım Cümşüd başından yaralanmışdı. Möcüzə nəticəsində sağ qaldı. “Fironun dəftəri” romanımda onun obrazı var. Samir Qaçayev şəhid oldu. Bir sinifdə oxumuşduq. İndi Buzovnada Texniki Peşə Məktəbi onun adını daşıyır. Musiqi Məktəbində mənimlə birlikdə təhsil alan Kamranı xatırlayıram. Arıq, uzun oğlan idi, Zuğulba tərəfdə yaşayırdı. Qısa müddətdə bir-birimizə isnişmişdik. Son dərəcə vətənpərvər oğlan idi. Onun ölümü mənim uşaqlıq xatirələrimi darmadağın etdi. O sarsıntının izləri hələ də mənim ürəyimdədir… 
Natiq Məmmədov. Səkkiz il bir sinifdə oxumuşuq. Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O da yaralanmışdı, sağalan kimi yenidən cəbhəyə qayıtdı və uzun müddət xidmət etdi. İndi hüquq-mühafizə orqanlarında çalışır. Ara-sıra görüşürük. Müharibənin izlərini hələ də canında daşıyır. 
Hatəm İsgəndərovu xatırlayıram. Əjdər əminin oğlu… Qardaşı Hüseynlə bir sinifdə oxumuşuq. Hatəm bizdən iki sinif yuxarıda oxuyurdu. Snayper gülləsi başından dəymişdi. Füzuli rayonunun Aşağı Veysəlli uğrunda gedən döyüşlərdə şəhid oldu. Sonralar Hatəm haqqında yazı da yazdım. 
Sentyabr ayının əvvəlləri idi. Onun cənazəsi kəndə gələndə kənddə toy vardı. Toyu yarımçıq saxladılar. Bütün kənd camaatı məscidin qarşısına yığıldı. Azərbaycan bayrağına bükülmüş tabut məscidin qarşısındakı meydanda qoyulmuşdu. Mənim on yeddi yaşım vardı. Orta məktəbi təzəcə bitirmişdim. Həmin günün səhəri evdən xəbərsiz cəbhəyə yollandım, məni Ağdamdan geri qaytardılar ki, sənin yaşın düşmür, geri qayıt. Ağdamda ilk və son dəfə onda olmuşdum. 1992-ci il idi.
Bizim məktəbə onun adını verdilər. Hatəm İsgəndərov adına 206 saylı orta məktəb birinci Qarabağ savaşında çox şəhid verdi. İndi onlar Buzovnadakı Şəhidlər məzarlığında uyuyurlar. Hər dəfə valideynlərimin məzarlarını ziyarətə gedəndə onların ruhuyla həmsöhbət olurdum. “Mütləq qisasınız alınacaq! Qarabağ düşməndən azad olunacaq! Mütləq azad olunacaq!” – deyirdim. Bütün varlığımla buna inanırdım.    
Onlar orta məktəbdə çox zəif oxuyurdular, amma hər biri Vətən dərsindən beş aldılar. 
Sonra özüm də hərbi xidmətə yollandım. Atəşkəs dövrü idi, yağı düşmən mütəmadi olaraq atəşkəsi pozurdu. Əsgər yoldaşlarımdan da bir neçəsi şəhid oldu. Mən evin yeganə övladı idim. Əsgər gedəndə artıq atam dünyasını dəyişmişdi, anamı tək qoyub getdim. Ondan ötrü çox narahat idim, səhhəti qaydasında deyildi. Amma anam məni yola salanda: “Mən səni Vətən üçün böyütdüm, məndən qəti nigaran qalma, sağ get, salamat qayıt!” – dedi. Anamın mənə yazdığı məktublarda da bu sözlər dönə-dönə keçir. Həmin məktubların hamısını saxlamışam, nə zamansa onları bütöv halda çap etdirmək fikrindəyəm. 
Bu illər ərzində o inam zərrə qədər azalmadı. Hamımız inanırdıq ki, biz mütləq  əzəli-əbədi torpaqlarımıza qayıdacağıq. Lələtəpə döyüşləri bu inamı bir az da möhkəmləndirdi. Bu illər ərzində Azərbaycan əsgəri çox qəhrəmanlığa imza atdı. Mübariz İbrahimovun qəhrəmanlığı Qarabağa gedən yolu bir az da yaxınlaşdırdı. Murov qartalı Raquf Orucovun, aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından olan Sənan Axundovun, general Polad Həşimovun şəhadəti bizi son və qəti qələbəyə səsləyirdi. 
Gün gəldi! Ali Baş Komandan xalqın çoxdan gözlədiyi “İrəli” əmrini verdi! Müzəffər Azərbaycan Ordusu 44 günlük müharibədə Qarabağı işğaldan azad etdi. Otuz illik həsrətə son qoyuldu. Bu savaşda on milyonluq xalq yumruq kimi birləşdi. Qarabağ Azərbaycandır! Bu sözlər dillərdə, ürəklərdə müqəddəs anda çevrildi. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinə misli-bərabəri görünməyən bir döyüş kimi yazıldı. Cəngavər Azərbaycan oğulları  alpinistlərin belə çıxa bilmədiyi sıldırım qayalardan keçib düşməni pərən-pərən saldı, düşmən ordusunu diz çökdürdü. 
Sevincdən uşaq kimi ağlayırdım. Həyatım boyu bu qədər böyük sevinc yaşamamışdım. Sevincin böyüklüyü belə olurmuş! Heç nəylə müqayisəyə gəlməyən möhtəşəm bir hiss idi. Sosial şəbəkədə belə bir status yazdım: Bu gün həyatımın ən xoşbəxt günüdür. Şuşa işğaldan azad edildi!!! 
Laçın işğaldan azad olunan gün həyat yoldaşımla və “Qalibiyyət: Aprel şəhidləri” kitabının müəllifi, jurnalist Aida Eyvazlı ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdik. Aida xanım şəhid məzarlarının önündən keçərək onlara ana kimi layla oxuyurdu. Mən ömrümdə belə layla eşitməmişdim. Bu həzin, ağrılı səs ilikləriməcən işlədi… 
Vətən müharibəsində 2783 şəhid verdik. Onlar bizə torpağı əmanət etdi. Biz onları Vətənin zərrəsi kimi ürəyimizdə yaşadacağıq. 
Birinci Qarabağ savaşında canını vermiş igidləri də unutmadıq. Unutmağa haqqımız yoxdur. İndi onların ruhu əbədi dinclik tapdı. 
Xatirələrin uğultusu mənə Qarabağ döyüşlərində şəhadətə yetişmiş həmyaşıdlarımı xatırladır. Samiri, Kamranı, Hatəmi… Rahat yatın, sinif yoldaşlarım, əsgər dostlarım! Savaş bitdi, uğrunda döyüşdüyünüz,  hər qarışına qanınız çilənmiş Qarabağ azadlığına qovuşdu! 
8 noyabr Azərbaycan tarixinə Zəfər günü kimi yazıldı. Bu möhtəşəm qələbənin qazanlımasında payı olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)