Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Gəlir gətirməyən sənət və yazıçı taleyi

Kənan Hacı - Gəlir gətirməyən sənət və yazıçı taleyi

Kənan Hacı - Gəlir gətirməyən sənət və yazıçı taleyi
Ədəbi tənqid
admin
Müəllif:
13:28, 04 aprel 2021
1 329
0
Kənan Hacı - Gəlir gətirməyən sənət və yazıçı taleyi



 

 Hiss edirəm ki, qəmin didib-dağıtdığı beynim parçalanır. Sayıq olmaq, zəifliyin ən kiçik işarəsinə, qəm-kədərin arxasında gizlənən dəyərsiz həyəcanları dəf etmək üçün mübarizə aparmalıyam. Qarabasmaların yaranmasının səbəbini bilmirəm. Bu, ağlın namərdliyi yoxsa şüurun acı aydınlığıdırmı?!

Terri Koen

“Bunu sənin üçün edəcəyəm” əsərindən

 

Mən gün ərzində yersiz qorxularıma, həyəcanlarıma keşik çəkməklə məşğulam. Qəbul etdiyim dərmanlar sayəsində bədənimi çənbər kimi sıxan əsəb gərginliyi tədricən zəifləyir. Həkimə vəziyyətimi izah edirəm: qəfil boğulmalar baş verir, nəfəs alma çətinləşir. İllərlə yığılan əsəb, stress öz işini görüb. Ruhi sağlamlığım təhlükə altındadır. Buna deyirlər kardiospazm. Kitab oxumaq, yazı yazmaq, internetdən istifadə qəti qadağandır!  

Bəs nə etməli? Axı bunlar mənim gündəlik məşğul olduğum işlərdir. Ədəbiyyatın indiki rəzil durumunda fanatikcəsinə yazı masasına qapılıb durmadan yazmaq ağılsızlıq deyilmi?! Heç bir gəliri olmayan sənətlə məşğul olmaq dəlilik deyilmi?! Deyə bilərsiniz ki, yazıçı mənəvi ehtiyacdan yazır. Sizinlə razıyam, amma biz indi başqa bir sistemdə, başqa bir quruluşda yaşayırıq. Yazıçının yazdığı əsər əmtəədir və o müəllifinə para gətirməlidir. Bunsuz ədəbiyyat inkişaf edə bilməz. Halbuki indi qonorar sistemi ümumiyyətlə, ləğv olunub. Heç bir qəzet, portal (bir-iki qəzet istisna olmaqla) yazara qonorar vermək fikrində deyil. 

Türkiyədə yaşayan dostlarım var, danışırlar ki, orada onlarla ədəbi dərgi nəşr olunur, saysız-hesabsız ədəbiyyat portalları fəaliyyət göstərir. Yazıçıya hansısa internet televiziyasında on beş dəqiqəlik çıxışına görə yaxşı qonorar ödəyirlər. Yazarlar köşə yazarlığı ilə ailə saxlayır, bütün maddi ehtiyaclarını ödəyə bilirlər. Bəs bizdə nə zaman belə bir sistem qurulacaq?! 

Heç vaxt bu qədər ümidsiz olmamışdım. Ədəbiyyata gələn gənc və istedadlı nəsil məhrumiyyətlərlə üz-üzə qalıb. Çoxunun heç notbuku yoxdur, nə yazırlarsa, mobil telefonda yazırlar. Onların fədakarlığı məndə qəribə hislər oyadır. Ürəyimdən keçir ki, onları “bədbəxtliyə” aparan bu yoldan çəkindirim, deyim ki, gəncliyinizi məhv etməyin, gedin özünüzə gün-güzəran qurun. Məhv olacaqsınız. Amma demirəm, onların içindəki ədəbiyyat sevgisinə qıymıram. Fikrət Sadığın bir şerini xatırlayıram:

Çox kitab oxudun iti ağılnan,

Amma tanımadın dünyanı, oğlan!

Həyat bir başqadır, kitab bir başqa,

Səni aldatdılar şirin nağılnan.

Mən özüm də uzun müddət yazılarımı elektrik qatarında, avtobusda, metroda dizimin üstündə yazırdım və kənardan mənə dəli kimi baxırdılar. Evdə yazmağa heç bir şəraitim yox idi. İlk kompyuterimi otuz dörd yaşım olanda aldım. İmkansızlıq ucbatından uzun illər kitab nəşr etdirə bilmədim. İlk kitabım da otuz dörd yaşımda çıxdı. Sonrakı məhrumiyyətləri yazmıram, bilənlər bilir. Bütün bunlar məndə psixoloji travmalar və bir neçə xəstəliyin yaranmasına səbəb oldu. İndi, yaşımın bu çağında həkim mənə yazmağı qadağan edir! Bilirəm ki, heç vaxt həkimin məsləhətinə əməl edə bilməyəcəyəm. Ovuc-ovuc dərmanlar içə-içə barmaqlarım klaviaturanı döyəcləyir və təngnəfəslik bir müddət səngiyir. 

Yaradıcılıq mənəvi iztirabların doğurduğu hadisədir. İnsanı yazıçıya çevirən məhz əzablardır. Amma yazıçı mazoxist deyil, o, heç bir halda bu iztirablardan zövq ala bilməz. Yazıçı xalqın milli sərvətidir və heç bir halda ehtiyac içində yaşamamalıdır. Yazıçının ehtiyac içində yaşaması heç bir xalqa başucalığı gətirmir. Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, Əliağa Vahidin, Əli Kərimin, Şaiq Vəlinin, Adil Mirseyidin acı taleyi ədəbiyyatın bağrında sağalmaz bir yara kimi bu gün də qövr edir. Amma buna görə ədəbi çinovniklərin vicdanı zərrə qədər də olsun, sızlamayıb.

Bir müddət bundan əvvəl Altay Məmmədovun “Tanıdığım Əli Kərim” kitabını oxudum və mənəvi sarsıntı keçirdim. Hamıya məsləhət görürəm, o kitabı mütləq tapıb  oxuyun. Görəcəksiniz ki, Azərbaycan poeziyasında yeni mərhələ yaratmış Əli Kərim kimi bir şairə nə boyda mənəvi işgəncələr yaşadıblar. Oxuduqca dəhşətə gəlirsən. İstedadı ilə hamıdan önə çıxmış bir şairə qarşı sadəcə, mənəvi terror həyata keçirilib. Əli Kərim özünə qədərki bütün poetik qəlibləri dağıtmış novator şair idi və onun gəlişi ilə poeziyanın damarlarına sanki yeni qan gəldi, poeziya özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Onun ardıcılları yetişdi: Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə və sair. Bu barədə kifayət qədər yazılıb, sözü uzatmaq fikrində deyiləm. Sadəcə, Əli Kərimə mənəvi sarsıntılar yaşatmaqla ömrünü qısaldan ədəbiyyat çinovniklərini indi heç kim xatırlamır. Amma Əli Kərimin şeirləri bu gün də dillər əzbəridir. Bu, istedadın qələbəsidir. 

Həkimin qadağasını pozub yenə yazdım. Çünki yazmaq mənəvi ehtiyacdan doğur. Yazmayanda daha dəhşətli fəsadlar verə bilər. Həm də insan ən çox nəyi sevirsə, onun da qurbanı olur... 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)