Edebiyyat.az » Ədəbi tənqid » Nizami Bayramlı - Yarasaları rahat yatızdırmaq istəyən şair.

Nizami Bayramlı - Yarasaları rahat yatızdırmaq istəyən şair.

Nizami Bayramlı - Yarasaları rahat yatızdırmaq istəyən şair.
Ədəbi tənqid
admin
Müəllif:
23:21, 08 iyul 2022
873
0
Nizami Bayramlı - Yarasaları rahat yatızdırmaq istəyən şair.




  

 Qədim misirlilər gözəllik anlayışını Tanrı ilə bağlayıb belə bir əsas gətirirdilər ki, gözəllik Tanrının çöhrəsindən yer kürəsinə düşən zərrədir. Əslində mif olaraq bu, yetərincə öz təsdiqini tapır. Nəinki Misirdə, hətta qədim albanların yaşadığı dövrdə də bunu inanc kimi qəbul edənlərin sayı az olmayıb. Alimlərdən biri bunu mistika ilə də bağlayır. Yəni gözəllik anlayışının kökündə dayanan aspekt mistik düşüncədir. Maraqlı bir məqamı da xatırladım ki, indi göstərdiyim misralarda da qədim albanların yaşadığı dövrdəki kimi adət halını almış mistikaya bənzərlilik var:

 

 

Sonra göydən süd tökülər -

 

gəlin paltarında su...

 

Sonra bulud həmin suyla yuyar göyün saçını,

 

Sonra yeddi rəngli lentlə hörər saçın ucunu.

 

Elromanın bu şeirindəki ağ paltarın üstünə yağışın yağmasının südə bənzətməsi özü belə müəllifin bilmədiyi mistik təsəvvürdür. Yəni Yunqun dediyi kimi, "şəxsi şüursuzluq"dur. Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və birləşən təəssüratlar... Başqa sözlə, kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.

 

 

Qədim albanlar yağışın altına ağ parça qoyurdular. İnanca görə, parça çürüyüb tamamilə istifadədən çıxardısa, il ərzində süd bol olacaqdı. Sonra insanlar İlahinin onlara qayğısının əlaməti kimi o parçanın qırıqlarından götürürdülər. E.ə. I əsrdə alban çarı Zober bu adəti yığışdırıb belə inancların tarixdən silinməsini əmr etmişdi. V əsrdə Albaniya çarı Vaçenin dövrünə qədər bu bir inanc kimi xalq arasında gizli şəkildə davam etsə də, sonralar tamamilə yoxa çıxdı. Müəllifin sonrakı iki misrasında olan uğursuz yanaşma yağışın yağıb göy üzünün buludlardan xilas olması, daha sonra göy qurşağının yaranması 

 

kimi təbiət hadisəsi ilə bağladığı məqamlar, öncə verdiyi misrasını tamamlamır. Amma bir məsələyə də toxunmaq lazımdır ki, həmin göyqurşağı ilə saç hörülməsi bənzətməsi yetərincə qənaətbəxşdir.

 

 

Ümumi olaraq şeirdə təbiət hadisələrinin insan üzərinə köçürülməsini yaxşı metafora kimi qiymətləndirmək olar. Hamımızın sözlərini demək olar ki, əzbərdən bildiyimiz "Sarı gəlin" xalq mahnısında olan "saçın ucun hörməzlər" ifadəsi isə sonuncu misradakı fikirlə rəngli bir ziddiyyət yaradır. Buna gəncliyin iddialı və nihilist olması ilə bağlılıq deyərdim ki, şeirin müəllifi mahnının mətnindəki köhnə düşüncəliliyi tamamilə rədd edir.

 

 

Ən qədim dövrlərdə insanların yaşamasını, ilkinliyini bu gün də tarixin sinəsində qoruyub saxlayan abidələrimiz, yaşayış məskənlərimiz var ki, onlardan biri də mağaradır. Qədimliyi 1,5 milyon il əvvələ gedib çıxan yaşayış məskəninin 

 

bu gün şeirdə yeni aura yaratması, görünüşünün insan üzərinə köçürülməsi özü də təqdir olunası haldır. Aşağıda Elromanın "Mağara" şeirindən gətirdiyim nümunə onun öncə göstərdiyim mətnindəki kimi metaforalarla işləmə bacarığından xəbər verir:

 

 

Mağara?!

 

Görəsən, nəyin nəsidi?

 

Mağara – dağların əsnəməsidi.

 

Tərsinə asılmış quş qəfəsidi

 

Belə eşitmişəm yarasalardan...

 

 

Yuxarıda qeyd etdiyimiz şeirdən fərqli olaraq burada məkanın insan üzərinə köçürülməsi, təbiət hadisəsinin insan üzərinə köçürülməsindən daha effektli alındığı nəzərəçarpandır.

 

 

 

Bir haşiyə çıxaq. Tədqiqatçıların ortaq fikrinə görə mağaranın giriş hissəsi onun "ağzı" adlanır. Qədim dövrlərdə yaşayan insanlar "mağaranın ağzı"nda bir-birlərini gözləyirdilər. Beləliklə, şeirdəki "mağara - dağların əsnəməsidi" fikri öz təsdiqini tapa bilir. İndi oxucunun ağlında belə bir əks arqument yarana bilər: "Axı insanın əsnəməsi bir neçə saniyə çəkir, mağaranın ağzı isə daimi açıq qalır." Doğrudur, insanın ağzı ilə mağaranın ağzı gözəl metaforadır, amma təşbehi haradasa uğursuz saymaq olar.

 

 

Məsələnin əsas tərəfi isə odur ki, Elromanın bu bənzətməsi "bədii ifadə vasitələri"nə biganəlik yox, poetik yenilikdir. Şübhəsiz ki, şeirdə bütün misralar heç də orjinallığını qorumağa məcbur deyil, amma təhlil və ya tənqid olunarkən bu kimi məsələlərin əsas götürülməsi vacibdir.

 

 

Bənddəki ən gözəl təsvir isə "tərsinə asılmış quş 

 

qəfəsidir" misrasıdır. "Belə eşitmişəm yarasalardan" misrası fikrin gözəl bir sonluqla tamamlanmasına kifayət qədər şərait yaradıb.

 

 

Bir nüansı da bildirim ki, yarasalar ta qədimdən mağara heyvanları adlandırılıblar. Dünyada ən böyük yarasa mağarası Texas ştatında yerləşir. Braken yarasa mağarasında 20 mindən çox yarasa yaşayır. Yarasalar bu mağaradan çıxan zaman dəhşətli görüntü yaranır. Bu dəhşətli görüntünün əsas səbəbi isə onların yatarkən yuxu problemləri ilə qarşılaşmasıdır. Misrada göstərilən əsas faktor da ondan ibarətdir ki, yarasalar başıaşağı şəkildə yatırlar. Müəllif qəfəsi tərsinə çevirib, bir növ yarasaların rahat yuxu rejiminə keçməsinə köməklik göstərib. Mən belə ad verərdim: "Müəllifin mənəvi narahatlığı".

 

 

Elroman imzası gənc həmkarları arasında seçilən imzalardandır. İnanıram ki, qarşıda onun özünün də xəbəri olmadan tarixi faktlara əsaslandığı misraları yazılacaq və bu bir ənənə 

 

halına çevrilib, müasir poeziyanı bir az da rəngli edəcək.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)