Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - İki yazıçının söhbəti

Kənan Hacı - İki yazıçının söhbəti

Kənan Hacı - İki yazıçının söhbəti
Ədəbi tənqid
admin
Müəllif:
21:41, 01 dekabr 2023
654
0
Kənan Hacı - İ ki yazıçının söhbəti




 Azərbaycan ədəbiyyatının böyük yazıçılarından biri hesab etdiyim sözümüzün “Köhnə kişi”si Əlabbasla bu günlərdə bir tədbirdə rastlaşdıq. Ondan bir gün əvvəl sosial şəbəkədə mesajlaşmışdıq, danışmışdıq ki, yaxın günlərin birində görüşək, həsb-hal edək. Təsadüf elə gətirdi ki, ertəsi gün qarşılaşdıq, ikimiz də sevindik. Tədbirdən sonra Sahil bağında gəzişdik, dərdləşdik. Bu dərdləşmənin ağrı-acı kimi içimizə çökəcəyini heç birimiz bilmirdik. Dərdimiz təzələndi, qayğılar dilimizdə çözələnə-çözələnə getdi. 

Əlabbasın adının qarşısında böyük yazıçı ifadəsini ürəklə işlətmək olar. Söz sənətinə “Qiyamçı”, “Mərənd ölüsü”, “Gümüşü gecələr”, “Güdaz”, “Dağların duman çağı” bənzərsiz əsərlər qazandıran Ustad yazıçının giley-güzarı məni iliklərimə qədər sarsıtdı. Çox təəssüflər olsun ki, bizim gəncliyimiz Əlabbas kimi nəhəng yazıçının əsərlərindən xəbərsizdir. O yazıçının ki, hekayələrində, povest və romanlarında xalqımızın mənəvi dünyasını parlaq boyalarla təsvir edib. Onun əsərlərini oxuyanda dilimizin zənginliyi qarşısında heyrət hissi keçirirsən, sözün havası səni bihuş edir, sözü nəfəs kimi içinə çəkirsən, için durulur. Əlabbasın kitablarını oxuyanda bu Vətəni, onun hər daşını, qayasını, gülünü, çiçəyini sevirsən. Öz xalqına yenidən aşiq olursan! Təhkiyənin dadı-duzu uzun müddət damağından getmir. Hadisələr zehnində qövsi-qüzeh kimi iz buraxır. O, sözün əsl mənasında Xalqın Yazıçısıdır. Bir hekayəsini oxuyun, cazibəsindən çıxa bilməyəcəksiniz. “Köhnə kişi”ni dönə-dönə oxuyursan, hər dəfə sənə təzə-tər görünür, hər dəfə həyəcanlı hislər varlığını bürüyür. Böyük Ədəbiyyat budur, əfəndilər! 

Sözümün canı nədir? Bu cür böyük yazıçılarımız yetərincə təbliğ olunmur. Onların oxucularla, tələbələrlə görüşləri keçirilməlidir, televiziyalarımız üzünü onların üzünə taybatay açmalıdır. Tamaşaçı efirdə Yazıçı sözü eşitməlidir. Tamaşaçı Ziyalı sözünə həsrət qalıb. Sanki bütün mənəvi dəyərlər reytinq deyilən səfeh, amorf bir nəsnənin qurbanına çevrilir. Bu proses insanları uçuruma aparır, gənclər, yeniyetmələr psixoloji travmalarla böyüyür. Nevroz, idarəolunmaz bir kütlə əmələ gəlib ki, sel kimi yaxşı nə varsa, hər şeyi qabağına alıb aparır. Ədəbiyyat nüfuzdan düşəndə, toplum kitabsız qalanda nəticə belə olur. Əlabbas və onun kimi müqtədir yazıçılarımız sözün meydanında təklənmiş kimi görünür. 

Əlabbas haqqında bir neçə yazı yazmışam. O yazılardan birində belə bir fikir keçir: “Əlabbasın da mənsub olduğu ədəbi nəsil ona görə “itirildi” ki, bu nəslin tənqidçisi olmadı. Himayədən məhrum olan istedadlı gənclər uzun illər boyu ədəbi bürokratizmin amansız pəncəsində sıxıldı, əzildi. Amma nə yaxşı ki, məhv olmadı. Nə yaxşı ki, bu nəsil diri qaldı və həmin nəslin bir sıra nümayəndələri bu gün də yazıb-yaradırlar. Əlabbas həmin ədəbi nəslin ən istedadlı yazıçılarındandı”. (“Onu yaşamağa qoymadılar”, 9 dekabr, 2013. Kulis.az) 

Əlavə şərhə ehtiyac görmürəm. Zaman hər şeyi tənzimləyir, tarix heç nəyi unutmur. Əlabbas Azərbaycan ədəbiyyatının üzünü ağardan yazıçılardandır. Uzun müddət “görünməzlər” sırasında olsa da, həmişə ədəbiyyatımızın ön səfindədir. Şəxsiyyət kmi də böyükdür. Yazdıqlarının haqqını vermiş yazıçıdır. Qələm dostu üçün fədakarlıq etməyi bacaran kişidir. Görüşdüyümüz gün bunun bir daha şahidi oldum! Əlabbas həm də mənə buna görə doğmadır. Təkliyi ilə belə böyükdür! 

Onu da xatırlayıram ki, xəstəliklə çarpışdığım dövrlərdə Əlabbas bir an belə olsun, məni unutmadı. Məsləhətləri, tövsiyyələri ilə mənə böyük ümidlər verdi. Qısa zamanda onun məsləhətlərinin faydasını da gördüm. Bu əvəzsiz xeyixahlığı heç zaman unutmaram. 

Bu gün zaman yenə yazıçıları sınağa çəkir. Çox təəssüflər olsun ki, ədəbiyyat yazıçılara maddi qazanc gətirmir və bu da maddi və mənəvi böhranlara səbəb olur. Yazıçılıq isə hobbi deyil, əlavə məşğuliyyət deyil. Yazıçının başlıca vəzifəsi yazmaqdan ibarətdir. Yalnız bu zaman ədəbiyyat inkişaf yoluna çıxa bilər. Qonorar sistemi çöküb, kitab sənayesi bərbad vəziyyətdədir, təbliğat və reklam işi sıfır səviyyəsindədir. Bu və digər problemlər Əlabbas kimi ciddi yazıçılarımızı həyatın ağır sınaqları ilə üz-üzə qoyur. Əksər yazıçılarımız maddi problemlərlə boğuşa-boğuşa yaşayır. Maddiyyat adlı əjdaha yazıçını udur. Absurd bir mənzərə yaranıb: nəşriyyatlar yazıçının kitablarından pul qazandığı halda yazıçıya bir qəpik qonorar ödəmirlər. Heç bir yazıçının kitabı (iki-üç detektiv yazan yazıçı istisna olmaqla) müqavilə əsasında çap olunmur. Dünyanın heç bir yerində belə bir sistemsizlik yoxdur, ola bilməz. 

Belə bir durumda sizcə iki yazıçı görüşüb nə haqqında danışa bilər?!   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)