Edebiyyat.az » Musiqi » Saksafonda caz ifa etdiyi üçün 27 yaşında güllələnən əfsanəvi cazmen – Pərviz Rüstəmbəyov

Saksafonda caz ifa etdiyi üçün 27 yaşında güllələnən əfsanəvi cazmen – Pərviz Rüstəmbəyov

Saksafonda caz ifa etdiyi üçün 27 yaşında güllələnən əfsanəvi cazmen – Pərviz Rüstəmbəyov
Musiqi
Necef Esgerzade
Müəllif:
16:42, 07 may 2019
3 325
0
Saksafonda caz ifa etdiyi üçün 27 yaşında güllələnən, əfsanəvi azərbaycanlı cazmen Parviz Rüstəmbəyovu indi yəqin ki, çox az adam xatırlayır, amma o, təkcə Azərbaycanın deyil, mübaliğəsiz, dünya cazının fəxri idi.

Vaxtilə zəngin bakılı ailəsində dünyaya gəlib, musiqi ilə uşaqlıqdan məşğul olmağa başlayan Pərviz, Pionerlər Evində klarnetdə ifa edirdi. Fikrində isə caz və saksafon var idi. Bəs nə üçün klarnet seçilmişdi? Çünki klarnet “layiqli” sovet aləti idi, saksafon isə “korlanmış Qərbin zərərli təsiri” hesab olunurdu.

Ancaq onun qəlbi saksafon üçün atırdı və boş vaxtlarında saksafonda ifa etməsinə icazə versin deyə müəllimini dilə tuturdu. Musiqiçinin taleyində önəmli rolu olan Üzeyir Hacıbəyov, hansısa möcüzəvi yolla onun üçün saksafon tapır və Pərviz dayanmadan günlərlə sevimli alətində ifa edir.

Gələcəyin istedadlı musiqiçisi olacaq Pərviz artıq diqqətləri özünə çəkməyi bacarmışdı. 1940-cı ildə hələ 18 yaşı olarkən Tofiq Quliyev onu “Sənətkarlıq” (“Nizami”) kinoteatrında çıxış edən orkestrinə dəvət edir. Gənc nəslin nümayəndələri yəqin ki, bunu bilməzlər, əvvəllər film nümayişindən qabaq bütün kinoteatrlarda kiçik orkestr və ya ansambllar çıxış edir, solistlər ifa edir, caz da daxil olmaqla bir çox fərqli repertuarda çıxış edilirdi.

Onun çıxışları getdikcə caz aləminə açılan “pəncərə” rolunu oynayır

Müasir zamanımızdakı kimi bu, asan yolla qazanc əldə etmək üçün, başdansovma edilən ifalardan deyil, əksinə, tam sanballı çıxışlar idi və musiqiçilər üçün paytaxt kinoteatrlarında çıxış etmək şərəf hesab olunurdu. Daha çox bu cür çıxışlar qərb musiqisinə və getdikcə Bakıda daha da populyarlaşan caz aləminə açılan “pəncərə” rolunu oynayırdı.

Pərviz tezliklə Bakı gənclərinin kumirinə çevrilir. Böyük Vətən Müharibəsinin ağır illərində də Pərviz musiqini atmır, qələbədən sonra isə onun repertuarı məşhur filmlərdə istifadə olunan sehrli caz musiqisi ilə zənginləşir. Onun amerikalı caz bəstəkarlardan – Dyuk Ellinqtonun (Duke Ellington)  “Karvan” və xeyli uğur qazanmış “Günəşli vadinin serenadası” filmindən Qlen Millerin (Glen Miller) musiqi parçalarına virtuoz improvizasiyalarını bakılılar heyranlıqla dinləyirdilər.

Parlaq musiqiçi caz musiqisini “swing” tərzində improvizasiya etməklə xüsusi ustalığa çatmışdı. Mütəxəssislər onun məşhur amerikalı caz kralı Benni Qoldmandan (Benny Goodman) heç də geri qalmadığını irəli sürürdülər.

Eddi Rosner Pərvizi orkestrinə dəvət edir 

1944-cü ildə Eddi Rosnerin (Eddie Rosner) rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlir. Pərviz dünya şöhrətli musiqiçidə elə böyük heyranlıq yaradır ki, Rosner dərhal ona orkestrdə birinci saksafonçu və klarnetçi kimi ifa etməyi təklif edir. Bu təklif sensasiyaya səbəb olur. Hamı bilirdi ki, Rosner orkestrinə yalnız görkəmli musiqiçiləri dəvət edir. Şübhəsiz ki, Pərviz dərhal təklifi qəbul edir və Rosnerin orkestrində ifa etməyə başlayır.

Konsertlər bütün SSRİ-də keçirilirdi və istedadlı Pərviz hər yerdə heyranlıq yaradırdı. Sonralar bəstəkar Y.Saulskiy onu belə xatırlayırdı:
“Piro (Pərvizi Moskvada belə adlandırırdılar) Rüstəmbəyov onu dinləyənləri valeh edirdi. O, yüksək səviyyəli musiqiçi idi, təbiət etibarilə o, əsl improvizator idi. Onun ifası saflıq və yeniliklə zəngin idi. O, bizim hamımızı qeyri-adi improvizasiya duyğusu ilə heyrətə salırdı. Onun solo ifası həmişə dəqiq inkişafa əsaslanırdı, hər şeydə aydın bir forma olurdu. Musiqidə məna yaşayırdı. Rüstəmbəyovla birlikdə ifa etmək böyük zövq idi”.

Məşhur ansamblda iki illik fəaliyyətindən sonra artıq bütün ölkədə tanınan Pərviz Bakıya qayıdır. O, öz orkestrini yaratmaq qərarına gəlir. Əvvəlcə “Qırmızı Şərq” (“Azərbaycan”), sonra isə “Sənətkar” kinoteatrında çıxış etməyə başlayır .

“Bu gün o, caz ifa edir, sabah isə vətəni satacaq”

Bir dəfə “Qırmızı Şərq”də çıxışından sonra Pərvizin saksafonunu oğurlayırlar. Bu onun üçün çox dəyərli saksafon idi, yalnız ona görə yox ki, onun klapanları gümüşdən idi, saksafon Pərvizin varlığının mənası idi. Saksafonun oğurlanması onun üçün əsl faciəyə çevrilir. Bir neçə gün sonra saksafon geri qaytarılır; məlum olur ki, oğru aləti heç kimə sata bilməyib, şəhərdəki bütün musiqiçilər saksafonun kimə məxsus olduğunu bilib və oğrunu qınayıblar ki, aparıb onu qaytarsın. O, Pərvizi izləyir və çıxışdan sonra saksafonu geri qaytarır.

Filmdən çox Pərvizi izləməyə gələn çoxlu sayda dinləyici toplayan çıxışlar 1949-cu ilin yanvar ayına qədər davam edir. O vaxtlar ölkədə sovet ideoloqu Jdanov tərəfindən bir az cəsur olan və daha geniş düşünən “əsilsiz kosmopolitlər”ə qarşı mahiyyətcə absurd olan, qızğın və dəhşətli kampaniya başladılmışdı. Caza qarşı isə xüsusi amansızlıq göstərilirdi.
Məhz onda məhşur “Bu gün o, caz ifa edir, sabah isə vətəni satacaq” ifadəsi yaranmışdı. Caz “Qərbin zərərli təsiri “,”sovet insanına yad olan burjua musiqisi” hesab olunurdu. Pərviz “Qərbə sitayiş edir” bəhanəsiylə işdən qovulur.

Bu hər şeyin məhv olması demək idi; ümidlərin, planların, elə həyatının da. Pərviz özünü cazsız düşünə bilmirdi. Onu işə götürmürdülər, “burjua vərdişlərindən” əl çəkməyi tövsiyə edirdilər. Pərviz vağzal yaxınlığında kiçik bir restoranda işə düzələ bilir. Eddie Rosnerin orkestrində solo ifa edən musiqiçi və vağzal restoranı…

“Rüstəmbəyov anti-sovet və amerikayönümlü şəxsiyyətdir”

İndi artıq dünyasını dəyişmiş, yaşlı jurnalist Azad Şərifin xatirələrinə görə tələbələr Pərvizə qulaq asmaq üçün restoranın pəncərəsi altına toplaşırdılar, onların restoranda sifariş vermək üçün pulları olmurdu. Dörd aydan sonra, mayın 20-də Pərviz AzSSR Daxili İşlər Nazirliyinin hərbi prokuroru, ədliyyə mayoru Ayriyanın göstərişi ilə həbs olunur. Qərarda bildirilirdi ki, “Rüstəmbəyov anti-sovet və amerikayönümlü şəxsiyyətdir”.

Bir sözlə, Pərvizi az qalsın casus kimi qələmə verirdilər. Bəs bu ittihamların kökü haradan qaynaqlanırdı? Hələ Moskvada olarkən Parviz görünməmiş uğurlar qazanırdı. Hətta Leonid Utesov onu dəfələrlə öz kollektivinə dəvət etmişdi. Bir axşam Pərviz dostları ilə birlikdə “Metropol” restoranında şam edirdi, burada caz orkestri çıxış edirdi. Onu tanıyan musiqiçi həmkarları Pərvizi salamlayır. Dostları ondan nəsə ifa etməsini istəyir və Pərviz səhnəyə çıxır. Onun ifa etdiyi hər bir parça – Pərviz əsasən Amerika klassikləri ifa edirdi – gurultulu alqışlarla qarşılanırdı.

Zalda həmçinin amerikalılar da var idi. Pərviz masaya qayıtdıqda, onu əhatəyə alıb, çıxışına və onların musiqisini mükəmməl tanıdığına görə təşəkkür edirlər. İngiliscə danışan Pərviz məmnuniyyətlə onlarla söhbət edir. Amerikalılardan biri ona cazın vətəninə gəlib, orada caz orkestrlərin birində təcrübə qazanmağı təklif edir. Təklif Pərvizin xoşuna gəlsə də, buna tərəddüdlə yanaşır, axı bu, elə də asan deyildi, əvvəlcə ABŞ-dan dəvət gəlməli, sonra isə Sovet hökümətinin razılığını almaq lazım idi.

Amerikalıların cavabını təxmin etmək çətin deyildi: “Problem yoxdur! Bizim səfirliyə gəlin, təcrübə keçmək istəyi haqqında ərizə yazın və sizə mütləq kömək edəcəklər”.

Cazın vətənində təcrübə qazanmağı isə casusluq işlərinə qarışdırmaq…

Bir neçə gün sonra Pərviz səfirliyə gedir. O zaman bundan daha ağılsız bir hərəkət düşünmək olmazdı, ancaq sadəlövh və təmiz bir adamın caz ifa etmək istəyini siyasətə, cazın vətənində təcrübə qazanmağı isə casusluq işlərinə qarışdırmaq ağlına da gəlməzdi.
Pərviz mədəniyyət attaşesi ilə görüşmək istəyir, amma onu yerində tapmır və evə qayıdır. Lakin səfirlikdən bir tin belə uzaqlaşmağa macal tapmamış, sivil geyimli iki komitə üzvü ona yaxınlaşır və Amerika səfirliyində nə etdiyini soruşurlar. Pərviz dürüst və açıq şəkildə nə üçün getdiyini söyləyir.

Buna cavab olaraq, ondan birmənalı şəkildə Moskvadan uzaqlaşmağı istənilir. Növbəti günlərdə Pərviz davamlı olaraq izlədiyini hiss edir. Əsəbləri gərilən və qorxuya düşən Pərviz məsləhət üçün o vaxt Moskvada olan Tofiq Quliyevin yanına gedir. Quliyev Pərvizin xoşagəlməz hadisə ilə rastlaşdığını söyləyir və bütün pulunu ona verir ki, təcili vağzala gedib, bilet alsın.

Beləliklə, 1946-cı ildə Pərviz Bakıya qayıdır. Və kosmopolitanizmlə mübarizə histeriyası gəlib Bakıya çatanda, bütün SSRİ-də heç nəylə və heç kimlə hesablaşmadan ziyalıları üyüdən dəyirmana Pərviz də düşür. Eddie Rosner-in orkestri onda artıq dağılmışdı, pərəstişkarlarının “ağ Armstrong” adlandırdığı Rosner isə 1946-cı ildən Kolıma on illik sürgünə göndərilmişdi.

Əfsanənin ittiham olunması və ölümü…

Pərvizə qarşı anlaşılmaz ittihamlar irəli sürülmüşdü: “Rüstəmbəyov anti-sovet və amerikayönümlü şəxsiyyətdir, o, Amerika həyat tərzini və incəsənətini tərifləyir, sovet həqiqətlərini qaralayır, əcnəbilərlə əlaqə saxlayır. Qeyri-qanuni olaraq xaricə qaçmaq niyyətindədir … “.

Sonuncu maddə, Pərviz Salyana qohumlarının yanına getdikdən sonra yaranır. Ona hər şeyi bir-bir xatırladırlar: “Metropol”da “amerikalılar üçün” ifasını, ABŞ səfirliyinə getməyini, Rosnerin orkestri ilə Vilnüsdə qastrol səfərində olarkən bir qaradərili ilə çəkilmiş təsadüfi fotoşəkli, Sovet hökumətinin caza qarşı olan münasibətindən narazılığını – Pərviz yaxın dostlarının əhatəsində həqiqətən də hökuməti anlamadığını söyləmişdi – axı necə ola bilər ki, cazı sevməyəsən və onu kiminsə zərərli təsiri adlandırasan?

Pərvizin caz ifasının qadağasıyla bağlı narazılığını çuğullayanlardan biri də başqasının istedadına hədsiz paxıllıq edən, bacarıqsız saksafonçu Danik Kaqner idi. İndi tamamilə azad bir dövrdə kiminsə caz ifa etdiyi üçün həbs olunmasını təsəvvür etmək çətindir. Daha da çətini buna görə insanın işgəncələrə məruz qala biləcəyidir.

Buna görə öldürüləcəyini düşünmək isə qətiyyən mümkün deyil, üstəlik bu, hansısa fanatik tərəfindən deyil, hökümət orqanları vasitəsilə çox şübhəli şəraitdə həyata keçirilir. Rəsmi şəkildə güllələnmə icra edilməyib, arxivlərdə saxlanılmış cinayət işində yalnız hökmün verildiyi yazılıb.

Müəllif: Olqa Bulanova
Tərcümə: Abzas.org
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)